24-cü fəsil
1-9
YALTAQ
ÇIXIŞ VƏ YALAN İTTİHAM (Həvarilərin işləri 24:1-9)
Vəkil Tertul çıxışına iyrənc yaltaqlıqla başladı. O da, Feliks də hər
sözün yalan olduğunu bilirdi. O, yəhudilərin Paulu həbs etdiyini iddia
edərək yalan danışmağa davam edirdi. Məbədin həyətində baş verənlər
həbsdən çox məhkəməsiz cəzalandırmaya oxşayırdı. Onun Paula qarşı irəli
sürdüyü ittiham bir qədər təhrif olunmuşdu və üç hissədən ibarət
idi:
1) Paul cəmiyyət üçün bəla və üsyanın təhrikçisi idi. Yəni yəhudilər
Paulu əhalidə daim üsyan alovu yandıracaq üsyançılardan biri hesab
edirdilər. Tertul yaxşı bilirdi ki, səbirli romalılar heç vaxt xalq
iğtişaşlarına dözməzlər. Çünki istənilən qığılcımdan alov yaranardı.
Tertul bu ittihamın nəinki yalan olduğunu, həm də təsirli olduğunu
bilirdi.
2) Paul Nəziri bidətinin rəhbəri idi. Bununla onu məsihçi hərəkatı
ilə eyniləşdirirdilər. Romalılar isə yalançı məsihlərin hansı
iğtişaşlara səbəb ola biləcəyini yaxşı başa düşürdülər. Belə iğtişaşlar
yalnız qanlı döyüşlərlə yatırılırdı. Roma belə bir ittihama laqeyd
yanaşa bilməzdi. Tertul bunun da yalan olduğunu bilirdi. Onu da bilirdi
ki, bu, ciddi ittihamdır.
3) Paul Məbədi murdarladı. Kahinlər həmişə fatehlərlə əməkdaşlıq
etməyə can atan sadukeylər idi. Məbədi murdarlamaq — kahinlərin hüquq və
qanunlarını pozmaq demək idi. Tertul ümid edirdi ki, romalılar Roma
partiyasının tərəfini tutacaqlar. Tertulun irəli sürdüyü ittiham yarı
həqiqətlə təhrif olunmuş faktların təhlükəli qarışığı idi.
10-21
PAULUN MÜDAFİƏSİ
(Həvarilərin işləri 24:10-21)
«Asiya vilayətindən bəzi Yəhudilər orada idi…» ifadəsində Paulun
cümlələrinin qrammatik quruluşu bir qədər pozulur. O, bir şey haqqında
danışmağa başlayır, sonra cümlənin ortasında başqa fikrə keçir. Cümlənin
bu uyğunsuzluğu Paulun həyəcanından və vəziyyətinin gərginliyindən xəbər
verir. Paul özünü vicdanı təmiz olan bir insan kimi müdafiə edir: o,
sadəcə olaraq, faktları bəyan edir. Burada faciəli olan odur ki, Paul
başqa imanlı cəmiyyətlərdən sıxıntı çəkən Yerusəlim cəmiyyətində ianələr
gətirdiyi və yəhudi qanununun qaydalarını hərtərəfli yerinə yetirdiyi
bir vaxtda həbs edilmişdi. Paulun böyüklüyü ondan ibarətdir ki, onun
müdafiə nitqində güc, bəzən də qəzəb hiss olunur. Lakin o, heç vaxt
özünə qarşı mərhəmət və ya acıma hissi ummurdu. Halbuki saf niyyəti
təhrif olunmuş bir insan üçün bu hisslər təbiidir.
22-27
LƏYAQƏTSİZ
HÖKMDARLA SƏMİMİ SÖHBƏT (Həvarilərin işləri 24:22-27)
Feliks Paul ilə bir qədər yumşaq davranırdı, lakin Paulun bəzi
nəsihətləri onu dəhşətə gətirirdi: onun arvadı Drusilla Birinci Hirod
Aqrippanın qızı idi. O, əvvəllər Emesalı padşahı Azizin arvadı idi.
Lakin Feliks Atom adlı sehrbazın köməyi ilə onu yoldan çıxardı və
Azizdən ayrılıb onunla evlənməsinə razı saldı. Bu səbəbdən Paulun onu
Allahın yüksək standartları ilə tanış edəndə onun qorxması təəccüblü
deyildi.
Paul iki il həbsdə qaldı. Bu müddət ərzində Feliks həddini çox
aşdığından onu geri çağırdılar. Qeysəriyyənin yəhudi və ya yunan şəhəri
olması ilə bağlı uzun müddət davam edən mübahisə var idi. Buna görə
yəhudilər və yunanlar daim toqquşurdular. Kütləvi zorakılıq
partlayışlarından birində yəhudilər qalib gəldi, lakin Feliks yunanlara
kömək etmək üçün qoşunlarını göndərdi. Bu zaman minlərlə yəhudi
öldürüldü, qoşunlar Feliksin razılığı və təşviqi ilə varlı yəhudilərin
evlərini qarət etdilər.
Yəhudilər də öz hüquqlarından istifadə edərək Feliksdən Roma
hökumətinə şikayət etdilər. Məhz buna görə Feliks vəzifəsini itirməmək
üçün Paulu həbsdə saxladı, baxmayaraq ki, o, Paulun azad edilməli
olduğuna əmin idi. Bununla o, yəhudiləri bir növ razı salmaq istəyirdi.
Amma heç bir faydası olmadı. O, hökmdar vəzifəsindən uzaqlaşdırıldı və
yalnız qardaşı Pallusun müdafiəsi onu edamdan xilas etdi.