25-ci fəsil
1-12
QEYSƏRİN
MƏHKƏMƏSİNİ TƏLƏB EDİRƏM (Həvarilərin işləri 25:1-12)
Fest Feliksdən tamamilə fərqli insan idi: biz onun haqqında çox az
məlumata malikik. Lakin onu bilirik ki, o, ədalətli və düzgün insan idi.
Cəmi iki il hökmdarlıq edəndən sonra öldü, amma pis əməlləri ilə adını
ləkələmədi. Yəhudilər ondan öz məqsədləri üçün istifadə etməyə
çalışırdılar. Onlar istəyirdilər ki, Fest Paulu Yerusəlimə çağırsın.
Çünki yenə də Paulu yolda öldürmək niyyətinə düşmüşdülər. Lakin Fest
romalı idi. O, bütün romalılar kimi ədalətli idi. O, yəhudiləri
Qeysəriyyəyə gəlməyə və orada öz ittihamlarını söyləməyə dəvət etdi.
Paulun cavablarından yəhudilərin ona qarşı necə pis ittihamlar irəli
sürdüyünü görə bilərik. Onlar Paulu bidətdə, Məbədi təhqir etməkdə və
üsyan qaldırmaqda ittiham edirdilər. Düzdür, onlara görə, bidət ittihamı
haqlı idi. Lakin Roma qaydalarına görə bidətin heç bir hüquqi qüvvəsi
yox idi. Ancaq küfr və üsyan ittihamları yalan idi.
Fest hakimiyyətinin ilk günlərindən yəhudiləri özünə qarşı qaldırmaq
niyyətində deyildi və güzəştə getməyi təklif etdi. Fest Pauldan soruşdu
ki, ədalətə zəmanət verildiyi halda, mühakimə olunmaq üçün o, Yerusəlimə
getməyə hazırdırmı? Amma Paul bilirdi ki, Yerusəlimdə ədalətli mühakimə
olunmayacaq. Buna görə çox vacib bir qərar verdi. Roma vətəndaşı əyalət
məhkəməsində ədalətə nail olmayacağını görərdisə, birbaşa imperatora
müraciət edə bilərdi. Yalnız cinayət başında yaxalanan qatillər, dəniz
quldurları və cinayətkarlar bu hüquqdan məhrum idilər. Digər hallarda
isə məhkəmə qapalı keçirilirdi və iddiaçı imperatorun şəxsi qərarı üçün
Romaya göndərilirdi. Paul «Mən qeysərin məhkəməsinə müraciət etmək
istəyirəm» cümləsini söyləyəndə, Festin başqa seçimi qalmadı. Beləcə
Paul təsəvvür etdiyindən tamamilə fərqli şəraitdə Romaya ilk addımını
atdı.
13-21
FEST VƏ AQRİPPA
(Həvarilərin işləri 25:13-21)
Aqrippa hələ də İsrailin çox kiçik bir hissəsinin — Qalileyanın və
Pereanın hökmdarı idi. O, bu az şeyə yalnız romalıların lütfü ilə sahib
olduğunu yaxşı bilirdi. Ona vəzifə verən romalılar idi. Romalılar da onu
vəzifəsindən azad edə bilərdilər. Buna görə də Roma valisi vəzifəsinə
başlayanda, o, hörmət əlaməti olaraq ona baş çəkərdi. Berniki Feliksin
arvadı Drusillanın və Aqrippanın bacısı idi. Fest bilirdi ki, Aqrippa
yəhudi inancının və adət-ənənələrinin bütün incəliklərinə yaxşı
bələddir. Buna görə də Paulun işini onunla müzakirə etməyi təklif etdi.
O, heç bir qərəzə yol vermədən məsələ barədə Aqrippanı məlumatlandırdı.
Beləcə Paul hökmdarın önündə onun barəsində irəli sürülən ittihamlara
qarşı özünü müdafiə etmək imkanı qazandı.
«…siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız»
(Matta 10:18). Xəbərdaredici peyğəmbərlik yerinə yetdi. Lakin
vəd edilmiş kömək də (Matta 10:19) bol-bol verildi.
22-27
FEST
ƏTRAFLI MƏLUMAT ƏLDƏ ETMƏYƏ ÇALIŞIR (Həvarilərin işləri 25:22-27)
Fest çətin vəziyyətə düşdü. Roma qanunlarına görə, bir şəxs Qeysərin
məhkəməsini tələb edirdisə, ona qarşı irəli sürülən ittihamlar haqqında
yazılı hesabat Romaya göndərilməli idi. Çətinlik o idi ki, Festin
fikrincə, onun Paula qarşı Romaya göndərə biləcəyi heç bir ciddi ittiham
yox idi. Ona görə də o, bu görüşü təşkil etdi.
Bütün Əhdi-Cədiddə bundan dramatik vəziyyət yoxdur. Aqrippa və
Berniki təntənəli ziyafət geyimində idilər. Çox güman, onlar bənövşəyi
padşah paltarları geyinmişdilər və alınlarında qızıldan tac var idi.
Şübhəsiz ki, Fest də dövlət işlərini görərkən hökmdara yaraşan tərzdə
qırmızı paltarını geyinmişdi. Yəqin ki, hökmdar Aqrippanın əyanları da
onun yanında idilər. Çox güman, orada yəhudilərin nüfuzlu nümayəndələri
də iştirak edirdilər. Festin yanında Qeysəriyyədə yerləşən beş
koqortanın sərkərdələri dayanmışdı. Hamısının arxasında fəxri qarovul
kimi hündürboylu Roma döyüşçülərindən ibarət sanballı bir falanqa dayanmışdı.
Budur, belə bir səhnəyə qısa boylu, çadır ustası olan yəhudi — Paul
əlləri qandallı vəziyyətdə daxil olur. Lakin danışmağa başladığı andan
Paul diqqət mərkəzinə düşür. Bəzi insanlar ətrafa böyük təsir göstərə
bilir. Qəlbində Məsih, sağında isə Allah olan insan səlahiyyətin sirrinə
sahibdir. Belə birisi kimdən qorxmalıdır?