26-cı fəsil
1-11
İMANLININ
MÜDAFİƏSİ (Həvarilərin işləri 26:1-11)
Əhdi-Cədidin qeyri-adi cəhəti ondan ibarətdir ki, ilk məsihçi
cəmiyyətinin böyük liderləri bir vaxtlar kim olduqları barədə
danışmaqdan çəkinmirdilər. Burada, valinin hüzurunda Paul etiraf edir
ki, vaxtilə bütün dünyada məsihçilərin kökünü kəsməyə çalışıb.
Məşhur müjdəçi Braunlou Nort gəncliyində məsihçi idealından çox uzaq
bir həyat sürürdü. Günlərin bir günü təbliğ etmək üçün kafedraya çıxanda
bir məktub aldı. Məktubun müəllifi yazırdı ki, Braunlounun məsihçi
olmamışdan öncə etdiyi biabırçı hərəkətlərə dair onda sübutlar var.
Müəllif daha sonra Braunlounu onun xidmətini pozmaq və bütün imanlılara
onun etdiyi günahlar barədə məlumat verməklə hədələyirdi. Braunlou
məktubu açıb kafedradan camaata oxumağa başladı. O, törətdiyi günah
haqqında danışdı, sonda əlavə etdi ki, Məsih onu yenidən doğuzdurub
təzələməklə onu başqa bir insan etdi. Məsih hər bir insanı dəyişə bilər.
Braunlou öz rüsvayçılığını Məsihin izzətinin sübutuna çevirdi.
Denni qeyd edirdi ki, məsihçiliyin əsas vəzifəsi pis adamları
xeyirxah adamlara çevirməkdir. Həqiqi məsihçilər özlərini Məsihin
gücünün canlı nümunəsi kimi göstərməkdən heç vaxt çəkinməyiblər. Düzdür,
insan heç vaxt özünü dəyişə bilməz. Lakin bu da həqiqətdir ki,
insanın bacarmadığı şeyi İsa Məsih edəcək.
Bu hissədə Paul vurğulayır ki, onun təbliğinin mərkəzində ölülərdən
dirilmə dayanır. O, yaşayan və ölən bir insan haqqında deyil, izzətdə
yaşayan və əbədi Olan bir İnsan haqqında şəhadət edir. Paul üçün Pasxa
bayramının hər günü Məsihin dirilməsi günüdür.
12-18
İTAƏTLİ QUL (Həvarilərin
işləri 26:12-18)
Bu, çox maraqlı hissədir.
1) Yunanca apostolos sözü hamıdan qabağa
göndərilən adam deməkdir. Məsələn, səfir apostolos və ya
həvaridir. Maraqlıdır ki, Ali Şuranın elçisi də Ali Şuranın
həvarisi adlanırdı. Bu o deməkdir ki, Paul səfərinə Ali Şuranın
həvarisi kimi başlayıb, onu Məsihin həvarisi kimi başa vurdu.
2) Paul tələsirdi və günorta saatlarında yoluna davam etdi. Adətən,
tələsməyən səyahətçi dincəlmək üçün dayanıb günorta istisinin keçməsini
gözləyərdi. Buradan görürük ki, Paul məsihçiləri təqib etməkdən ötrü çox
tələsirdi. Çox güman, o, ürəyində oyanan şübhələri zorakılıqla boğmağa
çalışırdı.
3) Dirilmiş Məsih Paula dedi ki, bizin ucuna təpik vurmaq ona zərər
verər. Cavan öküzü birinci dəfə boyunduruğa salanda, o, boyunduruqdan
qurtulmağa çalışır. Əgər öküz təkəlli şuma bağlanırdısa, şumçu o biri
əli ilə ucu iti olan çubuğu buğanın arxa ayaqlarının yanında tuturdu.
Hər dəfə öküz arxa ayaqları ilə təpikləyəndə, ayağı iti çubuğa batırdı.
Əgər öküz arabaya bağlanırdısa, onda arabanın qarşısına tikanlı taxta
bağlanırdı. Öküz təpikləşəndə, iti taxta onu yaralayırdı. Beləcə cavan
öküzü əhliləşdirirdilər. Paul da itaət etməyi belə öyrənməli oldu.
17 və 18-ci ayələr Məsihin insanlar üçün
etdiklərinin nəticələrini göstərir:
a) İsa onların gözlərini açır. İnsan Məsihə üz tutanda,
əvvəllər görmədiyi şeyləri görməyə başlayır.
b) İsa onları zülmətdən nura gətirir. İnsan Məsihlə
görüşməyənə qədər, sanki yanlış yolda gəzir. Məsihlə görüşəndə isə Onun
nuru insanı bürüyür və insan işıqlı yol ilə addımlayır.
c) Məsih onları şeytanın hakimiyyətindən Allaha tərəf
döndərir. Bundan əvvəl insan şərin təsiri altında yaşayırdı. İndi
isə Allahın hər şeyə qalib gələn qüdrəti ona xeyirxahlıqda yaşamaq
imkanı verir.
d) Onlar Məsihə iman etməklə günahlarının bağışlanmasına və
təqdis olunanlar arasında irsə nail olurlar. Keçmiş günahlara görə
artıq cəza yoxdur; gələcək həyat təmizlənib dəyişilmişdir.
19-23
MİSSİYA QƏBUL
EDİLDİ (Həvarilərin işləri 26:19-23)
Burada Paul öz vəzinin mahiyyətini gözəl şəkildə xülasə edir:
1) O, insanları tövbəyə çağırdı. Müqəddəs Kitabda tövbə
etmək kimi tərcümə olunan yunan sözü, hərfi mənada niyyətlərini
dəyişmək deməkdir. Tövbə etmək — yanlış həyat tərzi keçirdiyimizi
dərk etmək və tamamilə yeni dəyər sistemini qəbul etmək deməkdir. Tövbə
iki addımdan ibarətdir: əvvəlki həyatımıza görə peşman olmaq və
Allahın lütfü ilə dəyişmək niyyəti.
2) O, insanları Allaha tərəf dönməyə çağırdı. Çox vaxt biz
Allahdan üz döndəririk: bəzən bu, qeyri-ciddilikdən, bəzən də qəlbimizin
qaranlıq künclərinə varanda bilərəkdən baş verir. Ancaq hər bir halda,
Paul bizi həyatımızda heç bir məna kəsb etməyən Allahı həyatımızın
əsasına çevirməyə çağırır.
3) O, insanları tövbəyə layiq işlər görməyə çağırır. Həqiqi
tövbənin sübutu insanın həyat tərzidir. Amma tövbəyə layiq səmərə təkcə
insan həyatının yeni qanunlarla tənzimlənməsinin nəticəsi deyil,
yeni sevginin nəticəsidir. İsa Məsihdə Allahın məhəbbətini dərk
edən insan bilir ki, günah etməklə nəinki Allahın qanunlarını pozur, həm
də Onun ürəyini yaralayır.
24-32
VALİNİN
TƏSİRLƏNMƏSİ (Həvarilərin işləri 26:24-32)
Bu hissədə deyilənlərdən daha təsiredici bu sözlərin arxasında hiss
olunan ab-havadır. Paul məhbus idi, həmin anda, özünün dediyi kimi,
əl-qolu qandallanmışdı. Bununla belə, bu sözlər Paulun onların arasında
əsas fiqur olması ilə bağlı aydın təəssürat yaradır. Fest onunla
cinayətkar kimi danışmır. Şübhəsiz ki, o, Paulun tərcümeyi-halından onun
savadlı bir ravvin olduğunu bilirdi. Təbii ki, o, Paulun ilk məsihçi
kitabları — papirus tumarları və perqamentdəki əlyazmalarla dolu otağını
görmüşdü. Mühakimə olunan daha çox Paula qulaq asan Aqrippa idi, nəinki
Paul. Sonda hətta qəzəbli əyanlar Paulu Romaya və ya başqa yerə mühakimə
olunmağa göndərmək üçün heç bir səbəb görmür. Paulda onun başını
başqalarından uca edən qüdrət var idi. Allahın qüdrəti yunan dilində
«dinamit» mənasını verən dunamis sözü ilə ifadə olunur.
Ölülərdən dirilmiş Məsihin yanında olan insan heç kimdən qorxmur.