27-ci fəsil
1-8
SON SƏYAHƏTİN
BAŞLANĞICI (Həvarilərin işləri 27:1-8)
Paul son səyahətinə çıxdı. İki vəziyyət onun ürəyini sevindirməli
idi: birincisi, bir qəribin Paula qarşı mehriban, xeyirxah münasibəti.
Çünki bütün səyahət zamanı Roma yüzbaşısı Yuli ona qarşı təkcə nəzakətlə
deyil, həm də səmimiyyətlə və diqqətlə davranırdı. O, zabitləri
imperatorla əyalətlər arasında əlaqə rolunu oynayan, xüsusi bir dəstədən
— Avqust alayından idi. Belə olan halda, Yuli böyük təcrübəyə və əla
xarakteristikaya malik olmalı idi. Çox güman, Paul və Yuli bir-birini
cəsur insan kimi tanıdılar. İkincisi, Aristarxın sədaqəti Paulu
ruhlandırırdı. Güman edilir ki, Aristarx Paulu yalnız onun qulu kimi
müşayiət edə bilərdi. Görünür, Aristarx Pauldan ayrılmaqdansa, onu qulu
kimi müşayiət etməyi üstün tutmuşdu. Onun sədaqəti sonsuzdur.
İlk liman Sidon idi. Daha sonra gəmi Likiyadakı Mira limanına getməli
idi. Amma səyahət şəraiti əlverişli deyildi. İlin bu vaxtında qərb
küləkləri çox əsirdi. Onlar yalnız Kipr adasını dövrə vuraraq sahil
boyunca dolambac yolla Miraya çata bildilər. Likiyanın Mira limanında
Romaya gedən İsgəndəriyyə gəmisi tapdılar. Çox güman, həmin gəmi taxıl
daşıyırdı. Çünki Misir İtaliyanın taxıl anbarı kimi xidmət edirdi.
Xəritəyə baxsaq, görərik ki, gəmi necə böyük bir dövrə vurmalı olub.
Çünki güclü qərb küləkləri ona qısa marşrutla getməyə imkan vermirdi.
Uzun günlər davam edən küləklə mübarizədən sonra gəmi Kritin külək
tutmayan tərəfinə və Gözəl Limanlar adlanan körfəzə girdi.
9-20
DƏNİZDƏ
TƏHLÜKƏLİ ANLAR (Həvarilərin işləri 27:9-20)
Şübhəsiz ki, gəmidə olan ən təcrübəli səyyah Paul idi. Burada qeyd
olunan oruc — yəhudilərin Kəffarə Günüdür və həmin il oktyabrın birinci
yarısına düşmüşdü. O dövrün təcrübəsinə əsasən, oktyabrda gəmi səyahəti
riskli, noyabrda isə tamamilə qeyri-mümkün sayılırdı. Unutmayaq ki,
qədim gəmilərdə naviqasiya alətləri — nə sekstant, nə
də kompas var idi. Qaranlıq və buludlu havada gəminin olduğu yeri və
istiqaməti müəyyən etmək mümkün deyildi. Paul tövsiyə etdi ki, qışı
Gözəl Limanlar körfəzində keçirsinlər. Amma artıq bildiyimiz kimi, gəmi
İsgəndəriyyədən Romaya taxıl yükü ilə gedirdi. Gəminin sahibi, yəni onun
podratçısı taxıl daşımaqla məşğul idi. Son söz gəmidəki yüzbaşının idi.
Maraqlıdır ki, həbsdə olan Paul şurada öz fikrini bildirə bilirdi. Lakin
Gözəl Limanlar yaxşı liman deyildi və yaxınlıqda gəmi heyətinin qışı
keçirə biləcəyi böyük şəhər yox idi. Buna görə də yüzbaşı Paulun
məsləhətini rədd etdi və gəmi sahibinin Finiksə qədər sahil boyu üzmək
təklifini qəbul etdi. Çünki Finiks daha əlverişli liman idi və şəhərə
yaxın yerləşirdi. Gözlənilmədən əsən cənub küləyi onun fikirlərini
dəstəklədi. Lakin çox keçmədi ki, şimal-şərqdən fırtına qopdu. Onlar
gəmini idarə edə bilməsələr, digər gəmilərin aqibətini yaşaya
bilərdilər: külək və güclü dalğalar onları aparıb Şimali Afrika
sahillərindəki qumluğa atacaqdı. Bu vaxt onlar yedək kimi daşıdıqları
qayığı gəminin içərisinə saldılar ki, qayıq su ilə dolmasın və ya
gəminin kənarına çırpılmasın. Sonda bütün ehtiyat tədarüklərini dənizə
atdılar. Buludlar günəşin və ulduzların üzünü örtmüşdü. Buna görə də
onlar harada olduqlarını bilmirdilər və xilas ümidlərini
itirmişdilər.
21-26
RUHLANIN! (Həvarilərin
işləri 27:21-26)
Gəmi çıxılmaz vəziyyətə düşdü. Adətən, taxıl daşıyan gəmilərin
ölçüləri kifayət qədər böyük olurdu. Onların uzunluğu qırx metrə, eni on
bir metrə, suya oturma dərəcəsi isə on metrə qədər idi. Lakin onların
fırtınalı havada çox böyük çatışmazlıqları var idi: onların burnu və dal
tərəfi, demək olar ki, eyni idi. Yeganə fərq arxa tərəfin qaz boynu
şəklində yüksəlməsi idi. Onların müasir dövrdəki kimi sükanı yox idi.
Lakin arxa tərəfdə sağ və sol olmaqla iki böyük avarla idarə olunurdu.
Buna görə də gəmini idarə etmək çox çətin idi. Bundan əlavə, onların
yalnız bir dirəyi, papirusdan və ya tikişli dərilərdən hazırlanmış böyük
kvadrat yelkənləri var idi. Belə yelkənlə, təbii ki, küləyə qarşı üzə
bilməzdilər. Amma ən pisi o idi ki, iri yelkənli bu tək dirək güclü
külək zamanı gəminin taxta arakəsmələrində böyük gərginlik yaratdı,
bunun nəticəsində onlar bir-birindən ayrılıb gəmini batırmağa başladı.
Bunun qarşısını almaq üçün gəmi heyəti gəmini kəndirlərlə bağladı. Bu o
deməkdir ki, trosları gəminin dibinin altından keçirib, gəmini bağlama
kimi bağlayaraq bucurqadlarla göyərtədə möhkəm bərkitdilər. Onların necə
bir təhlükə ilə üz-üzə qaldığını təsəvvür etmək çətin deyil. Burada
heyrətamiz bir şey baş verdi: Paul gəmiyə komandanlıq etdi — məhbus
kapitan oldu, çünki yalnız o, cəsarətini qoruya bilmişdi.
Deyirlər ki, ingilis tədqiqatçısı Hemfi Cilbertin səyahətlərindən
birində gəminin heyətini qorxu bürümüşdü. Onlar qorxurdular ki, dumana
və tufana qərq olub onlara yaxın olan dünyadan uzaq düşəcəklər. Buna
görə də Cilbertdən geri qayıtmasını istədilər. Cilbert isə onlara belə
cavab verdi: «Mən quruda olduğu kimi dənizdə də Allaha yaxınam».
Başqalarının ürəyi qorxuya düşsə də, Allah adamı cəsarətini heç vaxt
itirmir.
27-38
ÇƏTİNLİKLƏRDƏ
QƏTİYYƏT (Həvarilərin işləri 27:27-38)
Bu vaxt onlar gəmiyə nəzarəti itirmişdilər: gəmi Adriatik dənizinin
dalğalarına qərq olmuşdu. Gəminin harada olduğunu heç kim bilmirdi.
Birdən qaranlıqda uzaqdan sahilə çırpılan dalğaların səsini eşitdilər.
Gəminin sürüşməsini yavaşlatmaq və qaranlıqda görünməyən qayalara
çırpılmamaq üçün arxa tərəfdən lövbərlər atdılar. Bu zaman Paul yenidən
kapitanlığı üzərinə götürdü. Dənizçilər gəmidə təkbaşına qayıqla üzməyə
çalışdılar. Təbii ki, qayığa iki yüz yetmiş altı nəfəri yerləşdirmək
mümkün deyildi. Paul onları dayandırdı. Dənizçilər ya hamı ilə birlikdə
ölməli, ya da hamı ilə birlikdə xilas olmalı idi. Sonra isə olduqca
maraqlı bir səhnə baş verdi. Paul hər kəsə yemək yeməyi təklif etdi. O,
Allahdan görüntülər alsa da, eyni zamanda çox praktik insan idi. Buna
görə də Paul Allahın Özündən asılı olanı yerinə yetirəcəyinə şübhə
etmirdi. O, həm də insanlardan özlərindən asılı olan hər şeyi etməyi
tələb edirdi. Paul «fikirləri Allaha qarışdığından yer üzündəkiləri
unudanlar»dan deyildi. O, ac insanların zəif olduğunu bildiyi üçün
hamını bir yerə yığıb onlara yemək təklif etdi.
Hadisələri oxuyanda adamda elə təəssürat yaranır ki, insanlar sanki
fırtınanın ortasında qəribə şəkildə sakit dayanmışdılar. Allah adamı
ümidini itirən insanları ruhlandırdı ki, onların taleyi Allahın
əlindədir.
Bəşəriyyət üçün ən böyük faydanı çətin şəraitdə sakitliyini qoruyan
və bununla da başqalarında əminlik yaradan insanlar verir. Paul məhz
belə bir adam idi. Hər bir məsihçi digər insanlar ümidsizliyə qapılanda
mətanətli və güclü olmalıdır.
39-44
UÇURUMDAN
QURTULUŞ (Həvarilərin işləri 27:39-44)
Bu hissə bir daha Roma zabitinin nəcibliyini və iradəli xarakterini
göstərir. Mühafizəçilər bütün məhbusları öldürmək istəyirdilər ki,
onlara sahilə üzmək imkanı veriləndə heç kim qaça bilməsin. Bu
niyyətlərinə görə mühafizəçiləri qınamaq olmazdı. Çünki Roma qanunlarına
görə məhbus qaçanda onun cəzasını mühafizəçi çəkməli olurdu. Lakin
Paulun həyatını xilas etmək istəyən zabit bu qərarı ləğv etdi, bununla
da bütün məhbusların həyatını xilas etdi. Beləliklə, bu gərgin hekayə
rahat nəfəs almaqla bitir. Gəmidəki hər kəs Paulun sayəsində xilas
olur.