28-ci fəsil
1-6
ADADA SƏMİMİ
QARŞILANMA (Həvarilərin işləri 28:1-6)
Fırtına Paulu və gəmidəki hər kəsi Malta adasına atdı. Malta xalqı
Müqəddəs Kitabda əcnəbilər adlandırılır. Yunan mətinin orijinalında
onlara barbaroi deyilir. Onlar barbarlar deyildi. Yunanlar
barbaroiləri onların gözəl yunan dilində deyil, anlaşılmaz
xarici dildə danışanları adlandırırdılar. Amma yaxşı olardı ki, bu söz
yerli kimi tərcümə olunsun.
Bu hissə Paulun xarakterinin gözəl tərəfini əks etdirir. Bir tərəfdən
Paulu boş otura bilməyən bir adam kimi göstərir. O, ocaq sönməsin deyə
çör-çöp yığır. Bir daha görürük ki, Paul nəinki uzaqgörən müqəddəs
adamdır, həm də son dərəcə praktik insandır, üstəlik, o, adi, faydalı iş
görməkdən utanmır. Deyilənə görə, Buker Vaşinqton gənc olanda
qaradərililəri qəbul edən universitetlərdən birinə getmək üçün yüzlərlə
kilometr yolu piyada qət etmişdir. Nəhayət, oraya çatanda ona demişdilər
ki, boş yer yoxdur. Ona çarpayıları yığışdırmağı və döşəmələri süpürməyi
təklif etmişdilər. O, bu təklifi qəbul etdi və işini o qədər yaxşı gördü
ki, tezliklə ona universitetdə oxumağı təklif etdilər. O oxumağa
başladı, nəticədə ən böyük zənci alimi və lideri oldu. Yalnız xarakteri
zəif olan insan əhəmiyyətsiz işləri yerinə yetirməkdən imtina edir.
Digər tərəfdən, biz Paulu təmkinli və özünə hakim bir insan kimi
görürük. Çırpı dəstələrinin birində ilan var idi. Alovun istisindən
oyanan ilan Paulun qoluna dolandı. Bunun möcüzə olub-olmadığını söyləmək
çətindir. Hazırkı dövrdə Maltada zəhərli ilanlar yoxdur. Paulun dövründə
Maltada gürzəyə çox bənzəyən ilanlar var idi, lakin onlar tamamilə
zərərsiz idi. Bundan başqa, çox güman, ilan Paulun əlini sancmamış o,
ilanı ocağa atdı. İstənilən halda, Paul elə davranırdı ki, baş
verənlərin heç bir əhəmiyyəti yoxdur. Malta sakinlərinə bu, möcüzə kimi
görünsə də, Paul qətiyyən təlaşa düşmədi.
7-10
KÖMƏK VƏ ŞƏFA
(Həvarilərin işləri 28:7-10)
Maltadakı adanın baş məmuru Publi, görünür, Roma hakimiyyətinin
adadakı valisi idi. Onun atası xəstə idi. Paul insanlara şəfa vermək
ənamından istifadə edərək, onun atasına şəfa verdi. Amma 9-cu
ayədə çox maraqlı fikir var. Bu ayədə deyilir ki, «...adadakı qalan
xəstələr də gəlib şəfa tapdılar». Luka burada tibbi
yardım mənasını verən sözdən istifadə edir. Bəzi araşdırmaçılar
ehtimal edirlər ki, adamlar təkcə Paulun yanına deyil, həm də Lukanın
yanına gəlirdilər. Beləcə Luka öz həkim təcrübəsindən istifadə edirdi.
Əgər bu belədirsə, onda bu hissədə biz ilk dəfə missioner-həkim
haqqında eşidirik. Bu ayə bizə həm də acı həqiqəti açıqlayır. Paul
başqalarına şəfa verdiyi halda, özü ömrü boyu bədənindəki neştərdən
əziyyət çəkirdi. Çox insan olub ki, özünün məhrum olduğunu başqalarına
hədiyyə edir. Məsələn, Bethoven insanlara ölməz musiqi əsərləri bəxş
edib. Amma özü onları heç vaxt eşitməyib, çünki karlıqdan əziyyət
çəkirdi. Burada Allahın lütfünün möcüzəsi əksini tapır. Belə insanlar
dünyadan küsmürdülər, əksinə, Allahın aləti olmaqla kifayətlənirdilər.
Bu alətlər özləri həzz ala bilməsə də, insanlara xoşbəxtlik bəxş
edirlər.
11-15
ROMAYA GƏLİŞ
(Həvarilərin işləri 28:11-15)
Üç aydan sonra Paul və onun yoldaşları Romaya taxıl daşıyan və
Maltada qışlayan başqa bir İsgəndəriyyə gəmisi ilə İtaliyaya çata
bildilər. Gəmi dənizçilərin sitayiş etdiyi əkiz tanrılar — Kastor və
Polluksun şərəfinə Dioskuri adlanırdı. Qeyd etmək lazımdır ki, gəminin
burnu və arxa tərəfi, adətən, ağacdan oyulmuş heykəllər şəklində
hazırlanırdı. Paulu Maltadan İtaliyaya gətirən gəminin burnu və arxa
tərəfi Kastor və Polluksun heykəlləri ilə bəzədilmişdi. Səfərin ilk
yarısı faciəli olduğu qədər ikinci yarısı da uğurlu oldu.
Puteoli Roma limanı idi. Yəqin ki, burada Paulun ürəyi çırpınırdı,
çünki o, dünya paytaxtının astanasında dayanmışdı. Kiçik çadır ustası
uzaq Yəhudeyadan dünyanın ən böyük paytaxtına gələndə özünü başqa cür
necə hiss edə bilərdi? Puteolinin şimalında Roma donanmasının əsası olan
Messina limanı yerləşirdi. Uzaqdan döyüş gəmilərini görən Paul, yəqin
ki, Romanın qüdrəti haqqında düşünürdü. Puteoli yaxınlığında Roma
zadəganlarının dəbli kurortu və çimərliyi olan Bayya yerləşirdi.
Çimərliklər insanlarla, dəniz isə zəngin romalıların qayıqlarının rəngli
yelkənləri ilə dolu idi. Puteoli gəmiqayırma tərsanələri və çoxsaylı
anbarları ilə qədim dünyanın əsas ticarət limanı idi.
Yəqin ki, Paulun həyəcandan nəfəsi kəsilirdi: axı o, bu böyük Roma
şəhərinə tək girməli idi. Ancaq sonra möcüzə baş verdi. Appi Bazarı
Romadan təxminən yetmiş kilometr məsafədə, Üç Mehmanxana isə ondan əlli
kilometr uzaqlıqda yerləşirdi. Onlar Roma ilə sahilləri birləşdirən Appi
yolunda idilər. Burada Paulu Romadan gələn məsihçilərdən ibarət
nümayəndə heyəti qarşıladı. Orijinal yunan mətnində nümayəndə
heyəti sözü hərbi lider, padşah və ya fatehi qarşılayan adamları
ifadə etmək üçün istifadə edilir. Bu insanlar Romadan Paulun simasında
dünyanın ən böyük adamlarından birini qarşılamağa gəlmişdilər. Paul
Allaha şükür edib ruhlandı. Onu ruhlandıran nə idi? Şübhəsiz ki, tək
olmadığını bilmək hissi.
Məsihçi heç vaxt tək deyil:
1) O, böyük şahidlər buludu ilə əhatə olunduğunu dərk edir.
2) O, ümumdünya qardaşlığına mənsub olduğunu bilir.
3) O bilir ki, hara getsə, Allah oradadır.
4) O əmindir ki, ölülərdən dirilən Rəbbi həmişə onun yanındadır.
16-29
DAŞÜRƏKLİ
YƏHUDİLƏR (Həvarilərin işləri 28:16-29)
Ömrünün sonuna qədər Paulun hara getməsindən asılı olmayaraq, ilk
növbədə yəhudilərlə danışması, həqiqətən, heyrətamizdir. Artıq otuz il
idi ki, yəhudilər ona mane olmaq, xidmətini məhv etmək, hətta onu
öldürmək üçün əllərindən gələni edirdilər. Lakin bütün bunlara
baxmayaraq, Paul ilk olaraq Müjdəni onlara çatdırırdı. Paul Romada da
Allahın Padşahlığı haqqında əvvəlcə yəhudilərə təbliğ etdi. Paulda olan
sarsılmaz ümid və yenilməz məhəbbət kimi başqa bir nümunə varmı? Paul
vəzini Yeşaya peyğəmbərin kitabından bir sitat gətirməklə bitirir. Axı
bu kədərli fakt də Allahın işidir — yəhudilərin Məsihi qəbul etməkdən
imtina etməsi bütpərəstlərin üzünə xilas qapısı açdı. Hər şey Allahın
məqsədyönlü əli ilə idarə olunur. Yəhudilərin bağladığı qapı başqa
millətlərin üzünə açıldı. Buna baxmayaraq, bu, son rədd deyil. Çünki bir
gün, zamanın axırında yalnız bir sürü və bir Çoban olacaq.
30-31
HEÇ BİR MANEƏ
OLMADAN (Həvarilərin işləri 28:30-31)
Paul ömrünün sonuna qədər olduğu kimi qalır. İki il ərzində o
özü-özünü dolandırır, yəni yeməyini, ehtiyaclarını qarşılamaq üçün
işləyir. Hətta həbsxanada belə, öz ehtiyaclarını əlinin zəhməti ilə
qarşılayırdı. Boş vaxtında da bekar qalmazdı. Məhz burada, həbsxanada o,
Efeslilərə, Kolosselilərə və Filimona məktublarını yazdı. O, burada da
tək deyildi. Luka və Aristarx onunla birlikdə Romaya gəlmişdi. Luka sona
qədər onunla qaldı (2Timoteyə 4:10). Timotey tez-tez ona baş
çəkirdi (Filipililərə 1:1; Kolosselilərə 1:1; Filimona 1).
Bəzən Tixik yanına gəlirdi (Efeslilərə 6:21). Bir müddət
Epafrodit də onunla qaldı (Filipililərə 4:18). Bəzən isə Mark
onun yanında olurdu (Kolosselilərə 4:10). Həbsdə keçirilən iki
il vaxt itkisi deyildi. Paul Filipililərə məktubunda yazır ki, başına
gələnlər «Müjdə yaymağı daha da irəli» aparmağa kömək etdi
(Filipililərə 1:12). Bütün saray mühafizəçiləri daxil olmaqla
hamıya məlum oldu ki, Paul Məsihdə olduğuna görə həbs olunub
(Filipililərə 1:13). Bu da Müjdənin yayılmasına şərait yaratdı.
Ona tək yaşaması üçün icazə verilmişdi, lakin onu qoruyan əsgərin
gecə-gündüz nəzarəti altında idi (Həvarilərin işləri 28:16).
Həmin əsgərlər əsas komandanlığın seçilmiş imperator ordusundan,
Pretoriya Qvardiyasından idi. Ola bilsin, iki il ərzində çox əsgər Paul
ilə birlikdə uzun gecələr və günlər keçirmişdi. Çox güman, onlardan bir
çoxu ürəyində İsa Məsihlə birlikdə postunu tərk etmişdi.
Həvarilərin İşləri kitabı sanki qələbə nidası ilə başa
çatır.
Orijinal yunan dilində «heç bir maneə olmadan tam bir
cəsarətlə» ifadəsi bir kəlmə ilə ifadə edilir. Bu söz qələbə nidası
kimi səslənir və Lukanın hekayələrinin apofeozudur.
Lukanın Paulun sonrakı taleyi haqqında heç nə deməməsi qəribə görünə
bilər. Paul, edam edildi, yoxsa azad edildi? Amma Luka qarşısına belə
bir məqsəd qoymamışdı. Luka hekayəsinin əvvəlində İsanın Yerusəlimdə,
bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarında Onun şahidləri
olmaq əmrini şagirdlərinə çatdırdığını qeyd etməklə, Həvarilərin
işləri kitabının sxemini bizim üçün açıqlayır (Həvarilərin
işləri 1:8). Budur, hekayə tamamlandı. Otuz il əvvəl Yerusəlimdə
başlayan hekayə Romada sona çatdı. Bu, Allahın göstərdiyi açıq-aşkar bir
möcüzədir. Həvarilərin İşləri kitabının əvvəlində cəmi on adamdan ibarət
olan İmanlı Cəmiyyəti indi on minlərlə insanı əhatə edirdi. Çarmıxa
çəkilmiş Nazaretli Məsih barədə Müjdə bütün dünyaya zəfərlə yayıldı.
İndi isə heç bir maneə olmadan dünyanın paytaxtı Romada yayıla bilər.
Xoş Xəbər o dövrün dünyasının tam mərkəzinədək çatdırıldı və bütün
insanlara sərbəst şəkildə təbliğ edildi. Buna görə də Luka tapşırığının
tamamlandığını hesab edir.