3-cü fəsil
1-10
DİQQƏTƏLAYİQ ƏMƏL
(Həvarilərin işləri 3:1-10)
Yəhudilərdə gün səhər saat altıda başlayıb, axşam altıda bitirdi.
Dindar yəhudi gündə üç dəfə dua edirdi: səhər saat doqquzda, on ikidə və
günorta üçdə. Onlar duanın hər yerdə təsirli olduğunu zənn edirdilər.
Bununla yanaşı Məbəddə onun ikiqat gücə malik olduğuna inanırdılar.
Maraqlıdır ki, həvarilər köhnə adətlərə riayət etməyə davam edirdilər.
Dua vaxtı idi. Peter və Yəhya dua etmək üçün Məbədə getdilər. Onlar yeni
imanla dolsalar da, ənənələrdən kənara çıxmırdılar. Onlar başa
düşürdülər ki, yeni iman və köhnə intizama sədaqət bir-birini təşviq edə
bilər.
Şərqdə dilənçilər, adətən, Məbədin girişində və ya ziyarətgahın
ibadət yerində otururdular. Həmin yer hər cəhətdən ən yaxşı yer hesab
olunurdu, çünki dua etməyə gedən insanlar öz qardaşlarına qarşı
səxavətli olurdular. Səfil şair V.H.Deyvisin dostlarından biri ona deyir
ki, yeni bir şəhərə gələndə, ilk növbədə çarmıxlı kilsəni axtarır və
dilənmək üçün oraya gedir. Allaha olan məhəbbətlə insanlığa olan
məhəbbət həmişə yan-yana getməlidir.
Bu hissədə biz həvari dövrünün möcüzələri ilə qarşılaşırıq. Onlarla
bağlı bir neçə konkret qeydi vurğulamaq lazımdır.
1) Belə möcüzələr həqiqətən baş verirdi. Həvarilərin
işləri 4:16-da biz oxuyuruq ki, Ali Şura baş vermiş möcüzəni qəbul
etmək məcburiyyətində idi. Məsihçiliyin düşmənləri bacarsaydılar, belə
bir faktı təkzib edən ilk adamlar olardılar. Amma onlar buna heç cəhd də
etmədilər.
2) Bəs nə üçün möcüzələr indi baş vermir? Bu barədə bir neçə fərziyyə
var:
a) O elə bir dövr idi ki, möcüzələrə ehtiyac var idi. Möcüzələr
müjdənin ilk yayıldığı vaxtda onun həqiqiliyinin və qüdrətinin sübutu
idi.
b) O vaxt iki xüsusi hal üst-üstə düşürdü: birincisi, İsa Məsihlə
yaxın ünsiyyət quran həvarilər hələ də sağ idilər. İkincisi, bütün
bunlar möcüzələrin həsrətlə gözlənildiyi mühitdə, dünyada iman
dalğasının xüsusilə hiss edildiyi zaman baş verirdi. Bu iki halın
birləşməsi güclü təsir yaradırdı.
3) «Nə üçün möcüzələr baş vermir?» yox, «Möcüzələrin baş verməsi
dayandımı?» sualını vermək daha düzgün olardı. Hər kəs anlayır ki,
həvarilərin dövründə möcüzə sayılanları indi müasir cərrahlar edirlər.
Allah insanlara yeni həqiqətlər və yeni biliklər açır. İnsanlar Allahın
bu biliklərindən istifadə edərək möcüzələr göstərməkdə davam edirlər.
Məşhur həkimlərdən birinin dediyi kimi: «Mən yaralara sarğı qoyuram,
Allah isə onları sağaldır». Məsihçi hər yerdə möcüzələr görə bilər, əgər
onun bunları görəcək gözləri varsa.
11-16
ÇARMIXA
ÇƏKİLMƏ CİNAYƏTİ (Həvarilərin işləri 3:11-16)
Bu hissə erkən məsihçi təbliğinin üç əsas elementini əks etdirir.
1) Erkən məsihçi təbliğçiləri həmişə vurğulayırdılar ki, Məsihin
Çarmıxa çəkilməsi bəşər tarixinin ən böyük cinayətidir. Hər dəfə onlar
bu barədə danışanda səsləri sarsıntıdan titrəyir. Onlar insanların
beynində Məsihin Çarmıxa çəkilməsinin dəhşətli cinayət olduğu fikrini
oyatmağa çalışırdılar. Onlar sanki deyirdilər: «Görün, günah nəyə
qadirdir».
2) Erkən məsihçi təbliğçiləri həmişə İsa Məsihin dirilməsinin
vacibliyini vurğulayırdılar. Məsihin dirilməsi olmasaydı, Məsihçi
Cəmiyyəti heç vaxt mövcud ola bilməzdi. Məsihin dirilməsi faktı təsdiq
etdi ki, O, sarsılmazdır və həqiqətən də, həyat və ölümün Ağasıdır. Bu
fakt Allahın Onun arxasında olduğuna dair son təkzibedilməz sübut idi.
Buna görə heç bir qüvvə onu dayandıra bilməzdi.
3) İlk məsihçi təbliğçiləri həmişə dirilmiş Rəbbin qüdrətini
vurğulayırdılar. Onlar özlərini heç vaxt mənbə hesab etmirdilər, yalnız
Onun vasitəçiləri hesab edirdilər. Onlar məhdud olduqlarını dərk
edirdilər. Lakin şəxsi təcrübələrindən bilirdilər ki, dirilmiş Məsihin
onların vasitəsilə edə biləcəklərinə heç bir məhdudiyyət yoxdur. Məsihçi
həyatının sirri elə bundadır. Nə qədər ki, məsihçi nə edə biləcəyini
düşünür, uğursuzluq, məyusluq və qorxu onu narahat edəcək. Amma «Mən
yox, məndəki Məsih edir» desə, Allahın sülhü və qüdrəti onun üzərində
olacaq.
17-26
TƏBLİĞİN TƏMƏLİ
(Həvarilərin işləri 3: 17-26)
Bu hissədə biz erkən məsihçi təbliğinin, demək olar ki, bütün
əlamətlərinə rast gəlirik.
1) Bu hissə bağışlanma və xəbərdarlıq anlayışlarının uyğunluğu ilə
başlayır. Yəhudilər öz cahillikləri səbəbindən dəhşətli cinayət
törətdilər; lakin indi bu cəhalətə bəraət yoxdur. Buna görə də İsa
Məsihi inkar etmək bağışlanılmır. Bu məsuliyyət bütün Əhdi-Cədiddə
əks-səda verir. «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi
«görürük» dediyiniz üçün günahınız üstünüzdə qalır» (Yəhya
9:41). «Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma
indi günahları üçün bəhanələri yoxdur» (Yəhya 15:22). «Deməli,
kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir»
(Yaqub 4:17). İlahi vəhyin parlaq işığını görmək ən böyük
imtiyaz olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.
2) Bu bilik tövbə etmək və dəyişmək məcburiyyətini qoyur. Bu iki
anlayış bir-biri ilə sıx bağlıdır. Tövbə düşüncə tərzinizi dəyişmək
deməkdir, düşüncə tərzinizi dəyişmək isə həyat tərzini dəyişməkdən daha
asandır. Ancaq həyat tərzindəki bu dəyişiklik köhnə həyatdan imtina
edib, yeni həyata qədəm qoymaqdır.
3) Tövbənin bir neçə nəticəsi var. Tövbə keçmişə müəyyən təsir
göstərəcək: bütün günahlar kəffarə olunacaq. Bu, güclü sözdür.
Qədim dövrlərdə papirus üzərində mürəkkəblə yazırdılar. Həmin mürəkkəbin
tərkibində turşu olmurdu. Ona görə də mürəkkəb müasir mürəkkəb kimi
papirusun içinə hopmurdu. Sadəcə olaraq, hərflər papirusun üzərində
qalırdı. Yazılanları silmək üçün mürəkkəbi nəm süngərlə təmizləmək bəs
edirdi. Allah da bağışladığı şagirdin günahını belə silir. Tövbə insanın
gələcəyinə böyük təsir göstərir. Xatirələr oyanacaq. Zəiflikdə
güc, yorğunluqda rahatlıq verən yeni impulslar yaranacaq.
4) Sonra Peter Məsihin İkinci gəlişi haqqında danışır. Bu təlim onu
bildirir ki, tarix müəyyən məqsədə doğru irəliləyir.
5) Peter deyir ki, baş verən hər şey peyğəmbərlər tərəfindən
əvvəlcədən xəbər verilmişdir. Yəhudilər Allahın Seçilmişinin əzab
çəkməli olduğu fikrini qəbul edə bilmirdilər. Lakin Peter israr edirdi
ki, əgər onlar Müqəddəs Yazıları yaxşı öyrənsələr, bütün bunları özləri
görəcəklər.
6) Peter onlara milli imtiyazlarını xatırladır. Axı onlar Allahın
seçilmiş xalqı idi.
7) Sonda o, təkzibolunmaz bir həqiqəti vurğulayır ki, xüsusi imtiyazı
olanların xüsusi öhdəlikləri də var. Bu imtiyaz xüsusi şərəf demək
deyil, xüsusi xidmət tələb edir.