4-cü fəsil
1-4
HƏBS OLUNMAQ (Həvarilərin
işləri 4:1-4)
Şikəst adamın sağalması Məbədin həmişə izdihamlı olan hissələrindən
birində baş verdi. Təbii ki, hamı bundan xəbər tutdu və bu barədə
danışmağa başladı.
Gözəl adlı darvaza bütpərəstlərin həyətindən qadınların həyətinə
açılırdı. Bütpərəstlərin həyəti Məbədin ən böyük və eyni zamanda ən
izdihamlı həyəti idi. Çünki istənilən millətdən olan hər kəs ədəb
normalarına riayət etməklə oraya daxil ola bilərdi. Sərrafların və
göyərçin satanların masaları məhz orada yerləşirdi. Allahın Məbədi çöl
tərəfdən bütpərəstlərin həyətində düz bucaq altında birləşən iki sıra
böyük sütunlarla əhatə olunmuşdu. Onlardan biri Padşah eyvanı, digəri
isə Süleymanın eyvanı adlanırdı. Həmin eyvanlar da Allaha dua etmək,
təlim almaq və ya sadəcə görməli yerləri görmək üçün gələn insanlarla
dolu idi. Görünür, orada baş verən hər şey camaat içində tez
yayılırdı.
Budur, həmin izdihamın içinə kahinlər, Məbəd gözətçilərinin başçıları
və sadukeylər gəldi. Məbədin mühafizəsinin başçısı —
saqan — baş kahinin sağ əli idi. Onun əsas vəzifəsi asayişi
qorumaq idi. Böyük izdiham toplananda o, Məbədin mühafizəçiləri ilə
birlikdə oraya gəldi. Onların yanında varlı, aristokrat təbəqənin
nümayəndələri olan sadukeylər də var idi. Onların sayı çox deyildi,
lakin onlar zəngin və nüfuzlu adamlar idilər. Baş verənlər onları iki
səbəbə görə çox qıcıqlandırırdı: birincisi, onlar ölülərdən dirilməyə
inanmırdılar; həvarilərin bəyan etdikləri həqiqət də məhz bu idi.
İkincisi, sadukeylər varlı olduqlarına görə nizam-intizam
mühafizəçilərini dəstəkləməyə hazır idilər. Onlar sərvətlərini,
rahatlıqlarını, nüfuzlarını və qüdrətlərini qorumaq üçün romalılarla
dostluq münasibətləri saxlamağa çalışırdılar. Roma hökuməti bir çox şeyə
göz yumsa da, sosial iğtişaşları amansızcasına yatırırdı. Sadukeylər
belə hesab edirdilər ki, əgər həvarilərə fəaliyyətlərini davam etdirməyə
icazə verilsə, bu, üsyana və iğtişaşlara gətirib çıxaracaq. Bundan
başqa, onlar üçün fəlakətli nəticələr yaradacaq. Buna görə onlar bu
hərəkatı pöhrələnməmiş boğmaq qərarına gəldilər. Peter və Yəhya elə buna
görə bu qədər tez həbs edildi. Qarşımızda bir qrup insanın öz xeyirləri
naminə nəinki həqiqəti dinləməməsi, hətta başqalarının da onu
dinləməsinə imkan verməməsinin nümunəsi durur.
5-12
ALİ ŞURANIN
QARŞISINDA (Həvarilərin işləri 4:5-12)
Peter və Yəhya yəhudilərin ali məhkəməsi olan Ali Şuranın qarşısına
çıxdılar. Hətta Roma hakimiyyəti dövründə də Ali Şuranın insanları həbs
etmək hüququ var idi. Bununla belə, onun ölüm hökmü çıxarmaq hüququ yox
idi. Amma bir istisna var idi: əgər bütpərəst Məbədin daxili həyətini
xarici həyətindən ayıran hasarı pozardısa, ona ölüm hökmü çıxara
bilərdi. Ali Şura yetmiş bir üzvdən ibarət idi. Baş kahin Ali Şuranın
sədri idi. Ali Şura, demək olar ki, hamısı sadukey olan kahinlərdən
ibarət idi. Onların yeganə istəyi vəzifələrini qoruyub saxlamaq idi ki,
gəlirləri azalmasın. Ali Şuraya qanunşünaslar — ənənəvi hüquq
mütəxəssisləri də daxil idi. Orada Qanunun fanatik tərəfdarları olan
fariseylər, eləcə də cəmiyyətin hörmətli ağsaqqalları da var idi. Bundan
başqa, Ali Şurada «baş kahinin nəslindən olanlar» da var idi. Onları da
iki qrupa bölmək olar. Birincisi, onlar keçmiş baş kahinlər idi.
İsrailin çiçəklənən dövründə baş kahinlik irsi və ömürlük idi. Lakin
Roma hökmranlığı dövründə kahin vəzifəsi intriqa və rüşvət obyektinə
çevrilmişdi. Beləcə hakimiyyətə gələn baş kahinlər devrilirdilər.
37-67-ci illər arasında 28 baş kahin dəyişdi. Lakin rütbələrini itirən
baş kahinlər çox vaxt böyük nüfuzlarını qoruyub saxlayırdılar. İkincisi,
baş kahinliyin daha irsi olmamasına baxmayaraq, yenə də yalnız bir neçə
ailənin səlahiyyətində idi. Adıçəkilən 28 baş kahindən altısı istisna
olmaqla, hamısı dörd ailənin üzvləri idi. Bu ailələrin üzvləri xüsusi
hüquqlara malik idilər, məhz onlar baş kahinlər kimi tanınırdılar.
Peterin nitqini oxuyarkən onun kimə ünvanlandığına diqqət yetirmək
lazımdır. Çünki Peter nümunəvi cəsarət göstərirdi. O, ölkənin ən zəngin,
ən savadlı və qüdrətli adamlarının qarşısında danışırdı. Buna
baxmayaraq, qalileyalı balıqçı olan Peter onların qurbanından daha çox
hakimi kimi görünürdü. Onu da xatırlayaq ki, İsanı ölümə məhkum edən
məhz həmin məhkəmə idi. Peter həyatını riskə atdığını yaxşı bilirdi.
Cəsarət müxtəlif formalarda olur. Elə güclü cəsarət var ki, insan onu
təhdid edən təhlükəni tam dərk etmir. Elə nəcib, soyuqqanlı cəsarət də
var ki, insan onu təhdid edən təhlükəni dərk edir, amma yenə də qorxuya
qalib gəlir. Peterin Ali Şura qarşısında çıxış edərək göstərdiyi məhz
belə cəsarət idi. Qədim yunanların böyük döyüşçüsü Axillesə döyüş meydanına gedəcəyi halda
mütləq öləcəyini deyəndə, o, tarixdə əbədi qalan bu sözləri söylədi:
«Ancaq yenə də gedəcəyəm». Peter təhlükənin miqyasının fərqində idi.
Amma yenə də şəhadət etməyə hazır idi.
13-22
TƏK ALLAHA SƏDAQƏT
(Həvarilərin işləri 4:13-22)
Burada düşmənin hücumları və məsihçilərin müdafiəsi aydın şəkildə
göstərilir. Düşmənin hücumları iki məqamla səciyyələnir: birincisi,
nifrətlə. Ali Şura Peter və Yəhyanı savadsız və sadə insanlar hesab
edirdi. Müqəddəs Kitabda savadsız kimi tərcümə olunan söz orijinal yunan
dilində Peter və Yəhyanın heç bir rəsmi təhsil almadıqları anlamına
gəlir, xüsusilə də mürəkkəb hüquqi məsələlərdə. Sadə kimi tərcümə olunan
söz orijinal mətndə onların naşı və heç bir peşəkar ixtisası olmayan
həvəskar olduqlarını bildirir. Beləliklə, Ali Şura onları təhsilsiz və
peşəkar titulları olmayan insanlar hesab edirdi. Akademik və ya peşəkar
məsələlərin öhdəsindən gəlmək adi insan üçün çətindir. Amma ürəyində
Məsih olan şəxs nə akademik təhsilin, nə də peşəkar statusun ona verə
biləcəyi bir ləyaqətə malikdir. İkincisi, Ali Şura təhdid edirdi. Ancaq
məsihçi yaxşı bilir ki, insanların ona edə biləcəyi hər şey keçicidir,
Rəbbin işləri isə əbədidir.
Ali Şuranın hücumları qarşısında Peter və Yəhya tamamilə müdafiəsiz
deyildilər. Birincisi, onların müdafiəsində duran möcüzəvi şəfanın
təkzibedilməz faktı idi. Heç kim bunu inkar edə bilməzdi.
Məsihçiliyi müdafiə edən ən təkzibedilməz dəlil məsihçinin özüdür.
İkincisi, onların müdafiəsində duran həvarilərin Allaha tam
sədaqətli olmaları idi. Əgər Ali Şuranın və ya Allahın iradəsini
yerinə yetirmək arasında seçim etmək lazım gəlsə idi, Peter və Yəhya
tərəddüd etmədən sonuncunu seçərdilər. Herbert Vellsin dediyi kimi, «Bir
çox insanların problemi ondadır ki, onlar qonşularının səsini Allahın
səsindən daha tez eşidirlər». Məsihçi şahidliyinin sirri Con Noksu
xarakterizə edən bu ifadədədir: «O, Rəbdən qorxduğuna görə, heç vaxt heç
kimdən qorxmurdu». Lakin Peter və Yəhyanın müdafiəsində duran daha böyük
amil var idi: bu da onların İsa Məsihlə şəxsi ünsiyyəti idi.
Onların müjdələdiyi Xoş Xəbər qədim dövrün rəvayəti deyildi. Onlar
danışdıqlarının şahidi idilər və bütün bunların doğru olduğunu
bilirdilər; onlar buna o qədər əmin idilər ki, həyatlarını təhlükəyə
atmağa hazır idilər.
23-31
ZƏFƏRLƏ QAYIDIŞ
(Həvarilərin işləri 4:23-31)
Bu hissə təhlükə anlarında İmanlı Cəmiyyətinin reaksiyasını göstərir.
Çox güman, Peter və Yəhyanın danışdıqlarından sonra məsihçilər onları
gözləyən təqib və xoşagəlməzlikləri hiss edib çaşqınlıq içində oldular.
Buna baxmayaraq, Ali Şuranın Məsih haqqında danışmamaq əmrinə tabe olmaq
onların ağlına belə gəlmirdi. Əksinə, onlarda dərin əminlik yarandı,
həyatları isə böyük qüdrətlə doldu.
1) Onlar Allahın qüdrətinə əmin idilər. Göydə, yerdə və
dənizdə olan hər şeyi yaradan Uca Tanrı onlarla idi. Günlərin bir günü
papanın elçisi Martin Lüteri hədələyərək xəbərdarlıq etdi ki, əgər o öz
təlimində israr etməyə davam edərsə, bütün tərəfdarları sonda onu tərk
edəcək.
— Bəs onda harada olacaqsan? — deyə elçi soruşdu.
Lüter cavab verdi:
Məsihçinin gözündə onun tərəfində olanlar ona qarşı olanlardan daha
çoxdur.
2) Onlar insani mübarizənin əbəs olduğuna əmin idilər.
Müqəddəs Kitabda «hirslənir» kimi tərcümə olunan yunan sözü «özündən
çıxmış atların kişnəməsi» mənasını verir. Atlar başlarını yelləyib,
ayaqlarını yerə vuraraq təpik ata bilər, amma sonda yenə də cilova tabe
olur. İnsanlar da açıq-aşkar Allaha itaətsizlik edə bilərlər, lakin
sonda Allah qalib gələcək.
3) Onlar öz yaddaşlarında İsanın surətini canlandırdılar.
Onlar İsanın necə əzab çəkdiyini və necə qalib gəldiyini xatırladılar.
Bu onların imanını gücləndirdi. Çünki şagirdlər üçün Rəbb ilə əlaqədə
olmaları kifayət idi.
4) Onlar cəsarətli olmaları üçün dua etdilər. Onlar
bilirdilər ki, təkbaşına bütün təqiblərə tab gətirə bilməzlər. Buna görə
də hamıdan güclü olan Qüdrət Sahibinə üz tutdular.
5) Onlar Müqəddəs Ruhla doldular. Allah Öz vədini yerinə
yetirdi. Onlara təsəlli verildi. Beləliklə, onlar cəsarətlə şəhadət
etmək üçün lazım olan qüdrətlə doldular, baxmayaraq ki, onların şəhadəti
həyatları bahasına başa gələ bilərdi.
32-37
ONLARIN
HAMISI CANBİR QƏLBDƏ İDİ (Həvarilərin işləri 4:32-37)
Bu hissədə hekayənin mövzusu və tonu kökündən dəyişir. Məsihçilik
üçün bu xarakterikdir.
Bundan əvvəl hekayədə ali şeylərdən danışılırdı. Söhbət Allah,
Müqəddəs Ruh haqqında düşüncələrdən və dualardan gedirdi; Əhdi-Ətiqdən
ruhlandırıcı sitatlar gətirilirdi. Qəflətən, heç bir keçid olmadan,
hekayədə maddi şeylərdən danışılmağa başlayır. Hətta erkən məsihçilər
özlərini ruhən yüksəlmiş hiss etsələr də, insanların zəruri maddi
şeylərə ehtiyac duyacağını və hamının bir-birinə kömək etməli olduğunu
unutmurdular. Dua çox vacibdir, şəhadət son dərəcə vacibdir, amma onlar
hər şeydən əvvəl qardaşlıq sevgisinə dəyər verirdilər.
Onlarla bağlı iki cəhəti qeyd etmək lazımdır: birincisi, onların
bir-birilərinə qarşı böyük məsuliyyət hissi var idi. İkincisi,
həmin məsuliyyət hissi onlarda malik olduqları hər şeyi bir-biri ilə
bölüşmək istəyi yaradırdı. Biz ilk növbədə yadda
saxlamalıyıq ki, hamı ilə bölüşmək istəyi cəmiyyətdə qoyulan qaydadan
qaynaqlanmırdı. Bu istək kortəbii olaraq yaranmışdı. Həqiqi məsihçi
icmasında insanlar qanunun tələbinə görə deyil, ürəyin istəyinə görə
bir-biri ilə bölüşürlər.