5-ci fəsil
1-11
İMANLI
CƏMİYYƏTİNDƏ QARIŞIQLIQ (Həvarilərin işləri 5: 1-11)
Qarşımızda Həvarilərin İşləri Kitabının ən maraqlı hissəsi durur.
Möcüzə kimi təsvir olunanları xarakterizə etməyə ehtiyac yoxdur. Ancaq
bu mətndən o dövrdə İmanlı Cəmiyyətində hökm sürən atmosferi görmək
olar. Tarixi salnaməyə əsasən bir dəfə kral I Edvard öz əyanlarından
birinə elə qəzəbləndi ki, sonuncunun dəhşətdən ürəyi partladı. Yuxarıda
verilən hissədən biz ilk məsihçi cəmiyyətindəki bacı-qardaşların
əhval-ruhiyyəsi və həvarilərə bəslənən hədsiz hörmət haqqında öyrənirik.
Yalnız belə bir mühitdə Peterin məzəmməti insanlara bu cür təsir edə
bilərdi.
Bu, Müqəddəs Kitabın dürüstlüyünü göstərən hissələrdən biridir. Axı
bu hekayəni burada yazmamaq da olardı. Çünki hekayədə göstərilir ki,
hətta erkən İmanlı Cəmiyyətində də ləyaqətsiz məsihçilər var idi. Lakin
Müqəddəs Kitab hadisələri ideal şəkildə təsvir etməkdən imtina edir.
Bir dəfə saray rəssamı Oliver Kromvelin portretini çəkmişdi.
Kromvelin üzündə çoxlu eybəcər ziyillər var idi. Kromveli razı salmaq
istəyən rəssam onları portretdə təsvir etməmişdi. Şəkili görən Kromvel
rəssama belə dedi: «Portreti özünlə apar və bütün ziyillərimi çəkib
gətirərsən». Müqəddəs Kitabın ən böyük üstünlüklərindən biri odur ki, o,
qəhrəmanları bizə ziyillərlə birlikdə, bəzək-düzəksiz göstərir. Ancaq
eyni zamanda, bu hissədə biz bir qədər təsəlli tapırıq: çünki hətta o
vaxtlar da İmanlı Cəmiyyətində təkcə möminlər deyil, pis insanlar da var
idi.
Peter vurğulayır ki, bütün günahlar — Allaha qarşı edilən günahdır.
Yaxşı olardı ki, biz bunu həmişə xatırlayaq. Xüsusən də aşağıdakı
hallarda:
1) Kifayət qədər səy göstərməmək — Allaha qarşı günahdır. İnsan öz
sağlamlığı, xoşbəxtliyi və rifahı üçün hər nə edirsə, hamısını Allah
üçün edir. Fərqi yoxdur, az ya çox edir. Böyük skripka ustası Antonio
Stradivari bir dəfə belə demişdir: «Əgər mən boş otursam, Allahı qarət
etmiş olaram». Gəlin bu sözləri özümüzə şüar seçək.
2) İstedadını düzgün istifadə etməmək — Allah qarşısında günahdır.
Allah bizə istedad verib. Biz onları Allahın ixtiyarına verməliyik.
Onları necə idarə etdiyimizə, necə istifadə etdiyimizə görə Onun
qarşısında cavabdehlik daşıyırıq.
3) Davranışda qeyri-səmimilik — Allaha qarşı günahdır. Yalana yol
verməklə biz ürəklərimizi idarə edən Müqəddəs Ruha qarşı günah etmiş
oluruq.
12-16
MƏSİHÇİLİYİN
CAZİBƏSİ (Həvarilərin işləri 5:12-16)
Qarşımızda erkən Məsihçi Cəmiyyətinin möhtəşəm mənzərəsi
canlanır:
1) Biz İmanlı Cəmiyyətinin Məbədi əhatə edən iki böyük eyvanın
birində — Süleymanın eyvanında toplaşdığını görürük. İlk məsihçilər
Allahı daha yaxşı tanımağa və ömür boyu Ondan güc almağa can atır,
müntəzəm olaraq Rəbbin Evini ziyarət edirdilər.
2) Biz ilk məsihçilərin hamının onları görə biləcəyi yerdə
toplaşdığını öyrənirik. Onlar həvarilərin başına gələnləri yaxşı
bilirdilər. Onların da başına eyni şeylərin gələ biləcəyini bilirdilər.
Bununla belə, hamıya kim olduqlarını və Kimə inandıqlarını göstərmək
istəyirdilər.
3) Biz ilk Məsihçi Cəmiyyətinin heyrətamiz dərəcədə təsirli olduğunu
öyrənirik. Fövqəltəbii əlamətlər və möcüzələr baş verirdi. İmanlı
Cəmiyyətinin əsas fəaliyyətinin təbliğdə və xəstələrin fiziki şəfasında
özünü göstərdiyi günlər geridə qaldı. Halbuki həmin günlər yenidən gələ
bilər. Lakin İmanlı Cəmiyyəti hələ də mövcuddur. Onun əsas məqsədi —
cəmiyyəti həmişə dolduran günahkar insanları sağaltmaq və onlara yeni
həyat qazandırmaqdır.
Bu hissə natəmiz ruhlardan və xəstəliklərdən əzab çəkən insanların
şəfa tapması ilə bitir. Məsələn, misirlilər inanırdılar ki, bədəni
hissələrə bölmək olar və hər bir hissədə natəmiz ruh yaşaya bilər. Onlar
inanırdılar ki, həmin natəmiz ruhlar bu həyatdan köçmüş, lakin cinayət
əməllərini davam etdirən pis insanlara aiddir.
17-32
YENƏ HƏBS,
YENƏ MƏHKƏMƏ (Həvarilərin işləri 5:17-32)
Həvarilərin bu ikinci həbsi qaçılmaz idi. Axı Ali Şura onlara İsanın
adını bəyan etməyi, bu adla hər hansı bir təlim öyrətməyi qəti şəkildə
qadağan etmişdi. Onlar isə bu qadağanı açıq şəkildə pozmuşdular. Ali
Şura üçün bu fakt ikiqat vacib idi. Ali Şuranın gözündə həvarilər təkcə
bidətçi deyildilər, həm də sülh və asayişi pozan adamlar idilər.
İsraildə xalqın üsyan etməsi an məsələsi idi. Əgər həmin üsyan bələkdəcə
boğulmasa, bu, böyük bir xalq üsyanına səbəb ola bilərdi. Kahinlər və
sadukeyləri ən çox qorxudan da elə bu idi. Çünki romalıların üsyana
müdaxiləsi qaçılmaz olardı.
Peter və Yəhyanın azad edilməsini heç də möcüzə saymaq lazım deyil.
Yunanca aggelos sözünün iki mənası var. Birincisi, bu,
mələk deməkdir; lakin eyni zamanda elçi kimi də
istifadə olunurdu. Həvariləri azad edən insan belə olsaydı, onları azad
edən yenə də Allahın elçisi olacaqdı. Həvarilər həbsdən çıxandan sonra
baş verən hadisələrə nəzər salanda, biz bu Allah adamlarının
xarakterinin heyrətamiz xüsusiyyətlərini görürük:
1) Onlar cəsarətli idilər. Həbsdən çıxıb birbaşa Məbədə getmək və
təbliğ etmək ağıllı insan üçün dəlilik kimi görünür. Belə davranış son
dərəcə cəsarətli addım idi. Onlar yenə də getdilər.
2) Onlar prinsipial insanlar idi. Onların əsas prinsipi bu idi ki,
Allaha itaət istənilən şəraitdə insanlara itaətdən yüksəkdir. Onlar heç
vaxt özlərinə «Bunu etmək təhlükəlidirmi?» sualını vermirdilər. Onlar
özlərinə yalnız «Allahın məndən istədiyi budurmu?» sualını
verirdilər.
3) Onlar öz missiyalarını yaxşı dərk edirdilər.
Onlar bilirdilər ki, Məsihin şahidləridirlər. Şahid — gördüklərini
danışan şəxsdir. O, şəxsi təcrübəsindən bilir ki, dedikləri həqiqətdir;
belə insanı dayandırmaq mümkün deyil, çünki həqiqəti susdurmaq
olmaz.
33-42
GÖZLƏNİLMƏZ
MÜTTƏFİQ (Həvarilərin işləri 5:33-42)
Həvarilər ikinci dəfə Ali Şuranın qarşısına çıxarılanda, orada
qəflətən bir köməkçi — Qamliel ilə qarşılaşdılar. O, farisey idi.
Sadukeylər öz imtiyazlarını qorumaqdan ötrü hər zaman hər kəslə
əməkdaşlığa hazır olan zəngin təbəqəni təmsil edirdilər. Fariseylərin
isə heç bir siyasi təmənnaları yox idi. Farisey adı hərfi mənada
«ayrılmış» deməkdir. Onlar özlərini Qanuna və onun xırda təfərrüatlarına
riayət etməyə həsr etmək üçün dünyadan özlərini ayırırdılar. Onların
sayı heç vaxt altı mini keçmirdi. Lakin sadə və ciddi həyat tərzləri ilə
xalq arasında böyük hörmət qazanmışdılar.
Qamlielə isə nəinki hörmət edirdilər, onu sevirdilər. O, dindar bir
adam idi, yoldaşlarına nisbətən çox səbirli idi. Məsələn, o, yunan
mədəniyyətini özlüyündə günah hesab etməyən azsaylı fariseylərdən biri
idi. O, «Rabban» fəxri adı verilən azsaylı adamlardan biri idi. İnsanlar
onu «Qanunun yaraşığı» adlandırırdılar. O öləndə adamlar belə dedilər:
«Rabban Qamliel öləndən sonra artıq Qanuna hörmət qalmayıb: iffət də,
itaət də onunla birlikdə ölüb». Ali Şura həvarilərə qarşı zorakılıq
tətbiq etməyə hazırlaşanda, Qamliel müdaxilə etdi. Fariseylərin əqidəsi
taleyin və iradə azadlığının birləşməsindən ibarət idi. Onlar
inanırdılar ki, hər şey Allahın əlindədir, lakin insan yenə də öz
əməllərinə görə cavabdehlik daşıyır. Onlar deyirdilər: «Hər şey
qismətdən asılıdır, amma eyni zamanda hər kəsə seçim azadlığı verilir».
Beləcə Qamliel Ali Şuranı xəbərdar etdi ki, onlar öz azadlıqlarını Rəbbə
qarşı istifadə etmək qərarına gəlsələr, ehtiyatlı olsunlar. O, iddia
edirdi ki, əgər bu əqidə Allahdan deyilsə, məhv olub gedəcək. O, iki
misal çəkdi:
Əvvəlcə Tevdanın adını çəkdi. O dövrdə İsraildə tez-tez özünü ölkənin
xilaskarı adlandıran, bəzən də Məsih olduğunu iddia edən rəhbərlər peyda
olur, sonra da yoxa çıxırdılar. Biz bu Tevdanın kim olduğunu bilmirik.
Biz başqa Tevda haqqında eşitmişik. O, araşdırdığımız dövrdən bir neçə
il sonra meydana çıxıb. O, adamları İordan çayına apararaq çayın
sularını iki yerə böləcəyini və onları quru yolla aparacağını vəd
etmişdi. Amma çox keçmədi ki, onun ulduzu söndü. Tevda adı o dövrdə
geniş yayılmışdı. Ola bilsin, Qamlielin misal çəkdiyi Tevda özünü
xilaskar elan edənlərdən biri idi.
İkincisi, Qalileyalı Yəhuda idi. Eramızın 6-cı ilində başçı Kvirini
onu vergi toplamaq üçün təyin etdi, o isə siyahıyaalma zamanı üsyan
etdi. Yəhuda bəyan etdi ki, İsrailin padşahı Allahdır və yalnız Ona
xərac verilməlidir. O, bütün digər vergiləri küfr hesab edərək onları
murdar sayırdı. O, geniş üsyan qaldırmağa, çevriliş etməyə cəhd etsə də,
buna nail ola bilmədi. Ali Şura Qamlielin sözlərinə qulaq asdı və
həvariləri bir daha təhdid edərək azad etdi.
Həvarilər isə İsa Məsih uğrunda təhqirə layiq görüldükləri üçün
sevinərək getdilər. Onların sevinci aşağıdakı səbəblərlə izah
olunur:
1) Həvarilərin təhqir olunması onlara Məsihə sədaqətlərini sübut
etməyə imkan verdi. Rusiyadakı inqilabdan sonra əllərində qandal izləri,
kürəyində qamçı çapıqları olan insan ədalət uğrunda əzab çəkdiyi üçün
qəhrəman sayılırdı. O, «üzərimdə damğa və çapıqlar var» deyə
öyünürdü.
2) Həvarilərin təhqir olunması Məsih haqqında şəhadət etməyə fürsət
verdi. Çarmıxı daşıyanlar tacla şərəfləndiriləcəklər.