6-cı fəsil
1-7
İLK KÖMƏKÇİLƏR
(Həvarilərin işləri 6:1-7)
İmanlı Cəmiyyəti böyüdükcə təşkilati problemlər yaranmağa başladı.
Yəhudilər, heç bir xalqda olmadığı kimi, əziyyət çəkən vətəndaşlarının
taleyinə görə məsuliyyət hiss edirdilər.
Sinaqoqlarda belə bir adət var idi: hər cümə günü səhər tezdən yardım
yığan iki adam bazarı və evləri gəzir, ehtiyacı olanlara kömək etmək
üçün pul, yemək və əşya toplayırdı. Bütün bunlar elə həmin gün ehtiyacı
olanlara paylanırdı. Müvəqqəti ehtiyacı yarananlar dolanmaq üçün kifayət
qədər yardım alırdılar; daim ehtiyac içində olanlar isə gündə iki dəfə,
həftədə on dörd dəfə yeməyə kifayət edəcək qədər, yəni növbəti həftəyə
çatacaq qədər yardım alırdılar. Həmin yardım fondu kupna və ya
səbət adlanırdı. Bundan əlavə, olduqca yoxsul olan soydaşların
ehtiyaclarını ödəmək üçün hər gün evbəev gəzib yardımlar yığılırdı. Bu
fond isə xırdavat qutusu adlanırdı.
Ayındır ki, İmanlı Cəmiyyəti bu adəti davam etdirirdi. Lakin
yəhudilər arasında parçalanma baş verdi. Bunlar bir tərəfdən Yerusəlimdə
və İsrailin digər bölgələrində yaşayan, əcdadlarının dilində aramicə
danışan, qanlarında heç bir yad qatışığın olmaması ilə fəxr edən
yəhudilər idi. Ancaq başqa ölkələrdə yaşayan və Əllinci gün bayramında
Yerusəlimə gəlib Məsihi qəbul edən yəhudilər də var idi. Onların
əksəriyyəti artıq bir neçə nəsil İsraildən kənarda yaşamışdı; onlar ana
dilini unudub, ancaq yunanca danışırdılar. Təbii ki, arami dilində
təkəbbürlü yəhudilər İsraildən kənarda yaşayan yəhudilərə yuxarıdan
aşağı baxırdılar. Bu nifrət sədəqələrin paylanmasında müəyyən iz
buraxırdı və yunandilli yəhudilərin dul qadınlarına göstərilən
etinasızlıqdan haqlı olaraq şikayət yaradırdı. Həvarilər belə bir işə
qarışmamağı daha düzgün hesab edirdilər. Buna görə də vəziyyəti
düzəltmək üçün yeddi köməkçi seçdilər. Maraqlıdır ki, İmanlı
Cəmiyyətinin ilk idarəçiləri — köməkçilər danışmaq və fikir yürütmək
üçün deyil, praktiki tapşırıq yerinə yetirmək üçün seçilmişdilər.
8-15
AZADLIQ TƏRƏFDARI
(Həvarilərin işləri 6:8-15)
Həmin yeddi köməkçinin təyin edilməsi İmanlı Cəmiyyəti üçün ağır
nəticələr verdi. Əslində, inadkar mübarizə başladı. Yəhudilər həmişə
özlərinə Allahın seçilmiş xalqı kimi baxırdılar. Lakin onlar
seçilmiş sözünü səhv şərh edirdilər. Onlar hesab edirdilər ki,
yalnız yəhudilər seçilmiş və xüsusi imtiyazlara malikdir, Allahın başqa
xalqlar üçün heç bir məqsədi yoxdur. Bəzən hətta o həddə çatıb
deyirdilər ki, Allah bütpərəstləri yalnız cəhənnəm odunu alovlandırmaq
üçün yaradıb. Yəhudilər xəyal edirdilər ki, gözəl günlərin birində bütün
bütpərəstlər onların xidmətçisi olacaqlar. Yəhudilər heç vaxt ağıllarına
belə gətirmirdilər ki, onlar Allah tərəfindən müəyyən bir vəzifəni
yerinə yetirmək — bütün insanları özləri kimi Allahla eyni münasibətə
gətirmək üçün seçiliblər.
Başlanğıcda məhz bu məqsəd olmalı idi. Burada bütpərəstləri
Rəbbin hüzuruna gətirməkdən hələ söhbət getmirdi. Söhbət ancaq yunanca
danışan yəhudilərdən gedirdi. Lakin seçilmiş yeddi köməkçinin heç
birinin yəhudi adı yox idi. Onlardan biri Nikola yəhudi inancını qəbul
etmiş bütpərəst idi. Stefan isə bütün dünyanın Məsihə məxsus olduğunu
hesab edirdi. Yəhudilər hər şeydən çox Yerusəlimdəki Məbədi yüksək
tuturdular. Yalnız orada onlar Allaha qurbanlar gətirə və Ona həqiqi
ibadət edə bilirdilər. Onlar heç vaxt dəyişdirilə bilməyən Qanuna dəyər
verirdilər. Stefan bir gün Məbədin dağılacağını, Qanunun Müjdə yolunda
yalnız bir vasitə olduğunu və məsihçiliyin bütün dünyaya yayılacağını
söylədi. Heç kim onun arqumentlərinə qarşı çıxa bilmədi. Buna görə də
yəhudilər güc tətbiq etmək qərarına gəlib, Stefanı həbs etdilər. Onun
xidməti qısa olsa da, o, məsihçiliyin yəhudilərlə məhdudlaşmamalı,
Allahın bütün dünyaya ənamı olduğunu ilk dərk edən xidmətçi idi.
Stefanın apologetikası (imanın
müdafiəsi)
Oliver Kromvel oğlu Riçardın təhsili haqqında düşünəndə belə demişdi:
«Düşünürəm ki, o, tarixi öyrənməlidir». Stefan da yəhudilərə tarixin
gedişini göstərdi. Ən yaxşı müdafiənin hücum olduğunu dərk edən Stefan
İsrailin tarixini geniş şəkildə təsvir etdi və İsrailin mühakimə
olunacağını təsdiqləyən bir neçə fakt göstərdi.
1) O dərk edirdi ki, İsrailin tarixində, həqiqətən, mühüm rolu
Allahın sözünü dinləyən, «Öz torpağından… çıx, sənə göstərəcəyim torpağa
get» əmrinə əməl etməkdən qorxmayan insanlar oynayır. Stefan dolayı
yolla həmin insanların Allaha güvənini onların dövründə hökm sürən
ruhani mühitlə müqayisə etdi: yəni israillilər hər şeydən əvvəl mövcud
vəziyyətin qorunub saxlanmasına can atırdılar və İsada, Onun
davamçılarında yalnız təhlükəli yenilikçilər görürdülər.
2) Stefan sübut etdi ki, insanlar Məbədin tikilməsindən çox əvvəl
Allaha ibadət edirdilər. Yəhudilər üçün Məbəd ən müqəddəs yer idi.
Stefanın Allahın insan əli ilə yaradılmış heç bir məbəddə yaşamaması
barədə dedikləri onların xoşuna gəlmirdi.
3) Stefan iddia edirdi ki, İsanı Çarmıxa çəkməklə yəhudilər yalnız
köhnə siyasətini davam etdirirdilər: onlar əsrlər boyu öz
peyğəmbərlərini təqib edib, Allahın təyin etdiyi rəhbərlərdən üz
çevirirdilər.
Bu özünü seçilmiş xalq hesab edən insanlar üçün acı həqiqət idi.
Onların Stefana qəzəblənməsi təəccüblü deyildi. Stefanın müdafiəsini
öyrənərək, o vaxtdan bəri tez-tez təkrarlanan müddəalara diqqət
yetirək.