7-ci fəsil
1-7
ÖZ
TORPAĞINDAN ÇIXAN ADAM (Həvarilərin işləri 7:1-7)
Artıq gördüyümüz kimi, özünü müdafiə etmək və fikirlərini
əsaslandırmaq üçün Stefan İsrail tarixinə müraciət edir. Lakin Stefan
təkcə tarixi hadisələrin təsvirini vermirdi, onun üçün hər bir tarixi
şəxsiyyət və hadisə xüsusi məna kəsb edirdi. O, nitqinə İbrahim
peyğəmbərin hekayəsindən başladı, çünki yəhudilərin əksəriyyəti üçün
tarix ondan başlayırdı.
Stefan İbrahim peyğəmbər haqqında üç xüsusiyyəti qeyd edir.
1) İbrahim peyğəmbər Allaha itaət etdi. İbranilərə məktubun
müəllifinin dediyi kimi, «O hara getdiyini bilməyərək yola çıxdı»
(İbranilərə 11:8). İbrahim peyğəmbər təşəbbüskar və cəsarətli
bir insan idi. Bir dəfə Hindistanın cənubunda xidmət edən Şotland kahini
Lesli Nyubiqin deyirdi ki, imanlı cəmiyyətlərinin birliyi ilə bağlı
danışıqlar, az qala uğursuzluqla başa çatsın. Çünki bəzi iştirakçılar
müəyyən bir addımın nəticələrini əvvəlcədən bilmək istəyirdilər. Sonda
bir nəfər uzağı görməyə çalışan insanlara belə dedi: «Məsihçinin həmişə
hara getdiyini bilmək haqqı yoxdur».
Stefana görə Allah adamı o şəxs idi ki, Allahın əmrinə, hətta onun
nəticələrini təsəvvür edə bilməsə belə itaət edir.
2) İbrahim peyğəmbər iman adamı idi. O, hara getdiyini bilmirdi. Amma
inanırdı ki, onu Allah istiqamətləndirirsə, deməli, qarşıda onu
yaxşılıqlar gözləyir. Hətta övladı olmayanda, heç vaxt olmayacağını
biləndə belə, o inanırdı ki, bir gün nəsli Allahın vəd etdiyi torpağı
miras alacaq.
3) İbrahim peyğəmbər ümid edən bir insan idi. Hətta ömrünün sonunda
o, Allahın vədlərinin tam yerinə yetirildiyini görməsə də, onların
yerinə yetiriləcəyinə şübhə etmədi. Stefan yəhudilərə cəsarətli, həmişə
Rəbbin çağırışına cavab verməyə hazır olan bir insan nümunəsi göstərdi.
Onlar isə var-gücü ilə köhnədən yapışmağa çalışırdılar.
8-16
MİSİRƏ KÖÇ (Həvarilərin
işləri 7:8-16)
İbrahim peyğəmbərin hekayəsindən sonra Stefan Yusifin əhvalatını
danışır. Biz Yusifin həyatının məqsədini onun sözlərindən başa düşürük
(Yaradılış 50:20). Yaqubun ölümündən sonra Yusifin qardaşları
qorxurdular ki, ona etdikləri pisliyə görə Yusif onlardan qisas alacaq.
Yusif buna belə cavab verdi: «Baxın siz mənə qarşı pis fikrə düşdünüz,
lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu
adamın həyatını qorusun». Bədbəxtlik kimi görünən hadisələr Yusifi
şöhrətə apardı. Misirə qul kimi satılsa da, haqsız yerə həbs edilsə də,
kömək etdiyi insanlar tərəfindən unudulsa da, bir gün o, Misirin baş
naziri oldu. Stefan Yusifin bütün həyatını iki sözlə ifadə edir —
lütf və hikmət.
1) Lütf, həqiqətən, gözəl sözdür. Bu sözün sadə mənası və gözəlliyi
fiziki anlamda başa düşülür; daha sonra bütün insanların xoşuna gələn
gözəl xarakter mənasını verməyə başladı. Azərbaycan dilində
lütf sözünə ən yaxın olan söz cazibədir. Həqiqətən də,
Yusifin cazibəsi var idi. Ruhani insanları fərqləndirən məhz bu
xüsusiyyətdir. Axı Yusifin qəzəblənməyə haqqı çatırdı. Lakin o, bütün
vəzifələrini vicdanla yerinə yetirdi: həm qul kimi, həm də Misirin
hökmdarı kimi eyni dərəcədə səylə xidmət etdi.
2) Hikmət qədər tərifi çətin olan söz, demək olar ki,
yoxdur. Bu söz sağlam düşüncə və zəkadan daha böyük məna ifadə edir.
Yusifin həyatı bizə bu sözü başa düşmək üçün açar verir. Hikmət — həyatı
və hər şeyi Allahın gördüyü kimi görmək bacarığıdır.
Yenə də Stefan müqayisə edir. Yəhudilər öz keçmişləri və Qanunun
incəlikləri haqqında düşüncələrə dalırdılar. Yusif isə uğursuzluğa düçar
olsa belə, istənilən tapşırığı yerinə yetirirdi və həyata Allahın gözü
ilə baxırdı.
17-36
HƏMYERLİLƏRİNİ
UNUTMAYAN ADAM (Həvarilərin işləri 7:17-36)
Daha sonra Stefan Musa peyğəmbərdən danışır. Yəhudilərə görə Musa
peyğəmbər, ilk növbədə, Rəbbin əhdinə əməl etmək üçün öz torpağını tərk
edən adam idi. O, sözün əsl mənasında, Allahın əhdini yerinə yetirmək və
xalqının rəhbəri olmaq üçün taxtından imtina edən insan idi. Müqəddəs
Kitabda Musa peyğəmbərin gəncliyi haqqında çox az danışılır, lakin
yəhudi tarixçiləri onun haqqında daha çox bilirdilər. Tarixçi İosif
Flavinin əlyazmalarına görə, Musa peyğəmbər o qədər gözəl uşaq idi ki,
dayəsi onu küçədə aparanda adamlar ayaq saxlayıb ona baxırdılar. Musa o
qədər ağıllı oğlan idi ki, dərslərində hamını üstələyirdi. Günlərin bir
gün fironun qızı Musanı atasının yanına aparıb onu Misir taxtının varisi
təyin etməsini xahiş etdi. Firon razılaşdı. Rəvayətdə deyilir ki, firon
tacını götürüb zarafatla Musanın başına taxır, lakin uşaq onu başından
yerə atır. Orada iştirak edən Misir müdriklərindən biri deyir ki, əgər
bu uşaq dərhal öldürülməsə, gələcəkdə Misir tacına böyük zərər verəcək.
Amma fironun qızı Musanı qucağına alıb, fironu bu xəbərdarlığa əməl
etməməyə inandırdı. Musa böyüyəndə Misirin ən böyük sərkərdəsi oldu. O,
uzaq Efiopiyadakı müharibəyə rəhbərlik edərək qələbə çaldı və Efiopiya
şahzadəsi ilə evləndi. İndi Musa peyğəmbərin nədən imtina etdiyi aydın
görünür. O, Allahın möhtəşəm planını həyata keçirmək naminə xalqını
səhraya aparmaq üçün taxtından imtina etdi. Stefan bir daha qeyd edir
ki, dahi insan yəhudilər kimi öz keçmişinə aludə olub, öz imtiyazlarını
var-gücü ilə qoruyan kəs deyil. O kəsdir ki, Rəbbin çağırışına cavab
verir və buna görə rahatlığından vaz keçməyə hazırdır.
37-53
İTAƏTSİZ XALQ
(Həvarilərin işləri 7:37-53)
Stefan hekayəsinin sürətini artırır. Bu ana qədər o, yəhudiləri açıq
şəkildə qınamamışdı, sadəcə keçmişin qəhrəmanları ilə müqayisə etmişdi.
Lakin müdafiəsinin son hissəsində Stefan fərqli şəkildə ifadə edərək
yəhudiləri açıq şəkildə qınayır.
1) O, iddia edir ki, xalq həmişə Allaha müqavimət göstərib. Musa
peyğəmbərin dövründə xalq qızıl dana düzəltməklə onun göstərişlərinə
qarşı çıxıb. Amos peyğəmbərin dövründə xalq ürəyini Molek bütünə və səma
cisimlərinə verdi. Stefan peyğəmbərlər kitabından danışarkən Amos
5:26-27-dən sitat gətirərək, Kiçik Peyğəmbərləri nəzərdə tutur.
Lakin o, ibrani mətninə yox, yunan mətninə istinad edir.
2) Stefan iddia edir ki, xalq böyük imtiyazlara malik idi. Xalqın
çoxlu peyğəmbərləri, Şəhadət çadırı var idi. Həmin yerdə Qanunun
yazıldığı lövhələr qorunub saxlandığı üçün belə adlanırdı. Bu Qanun
mələklər tərəfindən verilmişdir.
Daimi itaətsizliklə daimi imtiyazları bir-birindən ayırmaq olmaz.
Çünki insana nə qədər çox imtiyazlar verilirsə, o, səhv yolu seçəndə,
bir o qədər çox mühakimə olunacaq. Stefan israrla qeyd edir ki, İsrailə
hər şeyi bilmək imkanı verildiyi halda, onlar daim Allaha itaətsizlik
etdilər və buna görə də mühakiməyə uğradılar.
3) Stefan iddia edir ki, yəhudilər ədalətsiz şəkildə Allahı
məhdudlaşdırıblar. Onlar üçün böyük xeyir-dua olacaq Məbəd, əslində,
onların ən böyük lənətinə çevrildi. Onlar Allaha yox, Məbədə ibadət
etməyə başladılar. Onlar bütün kainatda Var Olan Allaha deyil,
Yerusəlimdə yaşayan yəhudilərin Tanrısına ibadət etməyə başladılar.
4) Stefan iddia edir ki, onlar həmişə öz peyğəmbərlərini təqib
ediblər; ən əsası da Allahın Oğlunu öldürüblər. Stefan Peterdən fərqli
olaraq, onların bunu bilmədən etdiklərini qeyd etmir. Xeyr, yəhudiləri
bu cinayətə sövq edən cəhalətləri deyil, hədsiz itaətsizlikləri idi.
Stefanın son sözlərində həm qəzəb, həm də təəssüf hiss olunur. Onun
qəzəbi bu insanların ən dəhşətli cinayəti törətmələrindən, təəssüf hissi
isə Allahın bu insanlar üçün nəzərdə tutduğu sevinc payını rədd
etmələrindən qaynaqlanır.
54-60
İLK ŞƏHİD (Həvarilərin
işləri 7:54 — 8:1a)
Belə çıxışın yalnız bir sonu ola bilərdi: Stefan özünü ölümə məruz
qoydu. Ölüm də gəldi. Lakin Stefan onların qəzəbdən eybəcərləşmiş
üzlərini görmürdü. Onun baxışları əbədiyyətə dikilmişdi, o, İsanın
Allahın sağında dayandığını gördü. O, gördüklərini deyəndə, onlar bunu
böyük küfr hesab etdilər. Küfr üçünsə yalnız bir cəza var idi — daşqalaq
(Qanunun təkrarı13:6 və s.). Qeyd etmək yerinə düşər ki, burada
məhkəmə prosesi olmayıb. Bu, yerindəcə özbaşına cəzalandırma idi. Çünki
Ali Şuranın ölüm cəzası tətbiq etmək hüququ yox idi. Daşqalaq belə
edilirdi: cinayətkar təpəyə aparılır və şahidlər tərəfindən aşağı
atılırdı. Əgər cinayətkar yerə yıxılıb ölürdüsə, deməli, hər şey bitmiş
sayılırdı; sağ qalırdısa, ölənə qədər üzərinə iri daşlar atılırdı.
Bu hadisədə biz Stefanın bəzi gözəl keyfiyyətlərini görürük:
1) Biz onun cəsarətini haradan aldığını görürük. O, insanların ona
etdiyi pislikdən daha çox Rəbbin onu gözlədiyini görürdü.
2) Biz Stefanın Rəbbindən nümunə götürdüyünü görürük. O, İsa kimi onu
edam edənlərin bağışlanması üçün dua edirdi (Luka 23:34). Corc
Vishart edam olunanda, cəllad tərəddüd etdi. Onda Vishart cəlladın
yanına gəlib onu öpdü: «Bu səni bağışladığımın sübutudur». Tarixi
hadisələr deyir ki, Məsihin davamçısı qeyri-mümkün kimi görünənləri
yerinə yetirmək üçün həmişə güc tapacaq.
3) Böyük həyəcan qəribə bir barışıqla bitdi. Stefanın ürəyini sülh
bürüdü, çünki o, həyatı bahasına olsa da, düzgün hərəkət etmişdi.
Həvarilərin işləri 8:1-in birinci yarısına buradakı kontekstdən
baxmaq lazımdır.
Şaul meydana çıxdı. Bütpərəstlərə həvari olacaq adam Stefanın
öldürülməsinə razılıq vermişdi. Amma Avqustin bir dəfə belə dedi:
«İmanlı Cəmiyyəti həvari Paulu Stefanın duasına görə tapıb». Paul nə
qədər çalışsa da, Stefanın ölümünü heç vaxt unuda bilmirdi. Artıq o
günlərdə şəhidlərin qanı İmanlı Cəmiyyətinin toxumuna çevrilmişdi.
İmanlı Cəmiyyətinin Yəhudeyadan kənara
çıxması
8-ci fəsil İmanlı Cəmiyyətinin tarixində xüsusi əhəmiyyət
daşıyır. Əvvəlcə İmanlı Cəmiyyəti yalnız yəhudilərdən ibarət idi.
Həvarilərin işləri 6-ci fəsildə bütpərəstlərin İmanlı
Cəmiyyətinə qəbulu ilə bağlı mübahisənin ilk əks-sədaları eşidilir.
Stefanın görüntüsü ölkənin hüdudlarından çox-çox kənara çıxırdı. Budur,
8-ci fəsildə biz İmanlı Cəmiyyətinin Yəhudeya sərhədlərindən
kənara çıxdığını görürük. Orada onu təqib gözləyirdi, lakin buna
baxmayaraq, o, yoluna davam etdi və Müjdəni özü ilə apardı.
Daha sonra Stefan kimi seçilmiş yeddi köməkçidən biri olan Filipdən
danışılır. O, on iki həvaridən biri olan həmin Filip deyildi. Köməkçi
Filip samariyalılara təbliğ edirdi. Samariyalılar yəhudilərlə
bütpərəstlər arasında təbii körpü rolunu oynayırdı. Çünki samariyalılar
mənşəcə yarı yəhudi, yarı qeyri-yəhudi idi. Sonra Efiopiyalı bir xədimin
iman gətirməsi baş verir. Bunun nəticəsində Allahın Müjdəsi bir addım
daha irəli gedir. Bu vaxta qədər İmanlı Cəmiyyəti dünya üçün missiya
konsepsiyasını hələ inkişaf etdirməmişdi. Lakin bu fəsli baş verəcək
hadisələrin fonunda oxusaq, görərik ki, İmanlı Cəmiyyəti instinktiv və
davamlı olaraq öz missiyasına və tapşırığına doğru irəliləyirdi.