8-ci fəsil
1-3
İMANLI
CƏMİYYƏTİNİN SƏPƏLƏNMƏSİ (Həvarilərin işləri 8:1-3)
Stefanın ölümü təqiblərin çoxalmasına işarə edirdi. Bundan sonra
məsihçilər səpələnməyə və uzaq yerlərə sığınmağa məcbur oldular. Bu
hissədə iki məqamı xüsusi vurğulamaq lazımdır:
1) Həvarilər möhkəm qaldılar. Başqaları səpələnməli olsalar belə,
onlar iki səbəbə görə bütün təhlükələrə tab gətirməyə hazır idilər:
a) Həvarilər mərd insanlar idilər. Yazıçı Cozef Konrad deyir ki, o,
gənc dənizçi olanda və yelkənli gəmini idarə etməyi öyrənəndə, bir gün
qəflətən tufan qopdu. Onu öyrədən yaşca böyük yoldaşı yalnız bir
məsləhət verdi: «Qayığın yayını həmişə dalğaya və küləyə qarşı tut».
Həvarilər onları təhdid edən istənilən təhlükə ilə üzləşməyə hazır
idilər.
b) Həvarilər ruhani insanlar idilər. Onlar təkcə məsihçi deyildilər;
insanlarda onlara qarşı hörmət oyadan nəsə var idi. Deyilənə görə, bir
gün Platona qarşı təhqiramiz bir ittiham irəli sürülür. Platon buna belə
cavab verir: «Mən elə yaşayacağam ki, hamı bu ittihamın yalan olduğunu
görsün». Həvarilərin xeyirxahlığı və gücü insanlara elə təsir etmişdir
ki, hətta təqib günlərində də hakimiyyət onları ələ keçirməyə cəsarət
etmirdi.
2) Müqəddəs Kitabda deyilir ki, Şaul «imanlılar cəmiyyətini
dağıdırdı». Yunan mətnində istifadə olunan söz amansız qəddarlığı
bildirir. Həmin söz üzüm bağında coşan ayını və ya bədəni parçalayan
heyvanı təsvir etmək üçün istifadə olunur. Əvvəlcə İmanlı Cəmiyyətinə
əzab verən, sonra isə özünü tamamilə Məsihin xidmətinə həsr edən adamda
baş verən dəyişikliyi, həqiqətən, dramatik adlandırmaq olar.
4-13
SAMARİYADA (Həvarilərin
işləri 8:4-13)
Məsihçilər pərən-pərən düşəndə, seçilmiş yeddi köməkçidən biri olan
Filip Samariyaya gəldi və orada təbliğ etməyə başladı.
Yuxarıda təsvir edilən hadisə, doğrudan da, diqqəti cəlb edir. Çünki
«yəhudilər samariyalılarla ünsiyyət etmir» (Yəhya 4:9) sözü
məsələ çevrilmişdir. Yəhudilər və samariyalılar arasındakı düşmənçiliyin
çoxəsrlik tarixi var idi. Eramızdan əvvəl 8-ci əsrdə assuriyalılar
paytaxtı Samariya şəhəri olan Şimal Padşahlığını fəth etdilər. O dövrün
fatehlərinin etdiyi kimi, əhalinin çox hissəsi oradan köçürülüb, yerinə
başqa xalqlar yerləşdirildi. Eramızdan əvvəl 6-cı əsrdə babillilər
paytaxt Yerusəlimlə birlikdə Cənub Padşahlığını fəth etdilər, əhali isə
Babilə əsir götürüldü. Lakin yəhudilər öz milli dəyərlərini qoruyub
saxladılar və başqa millətlərə qarışmadılar. Eramızdan əvvəl 5-ci əsrdə
babillilər yəhudiləri əsirlikdən azad etdilər, hətta onlara dağıdılmış
Yerusəlim şəhərini (Ezra və Nehemyanın dövründə) bərpa etməyə icazə
verdilər.
Həmin vaxta qədər İsraildə qalanlar isə fatehlərin oraya
yerləşdirdiyi əcnəbilərlə qarışdılar. Cənub Padşahlığına geri dönən
yəhudilər öz şəhərlərini — Yerusəlimi bərpa etməyə başlayanda,
samariyalılar onlara kömək təklif etdilər. Lakin bu təklif nifrətlə rədd
edildi, çünki samariyalıları artıq təmiz yəhudi hesab etmək olmazdı. O
vaxtdan bəri yəhudilər və samariyalılar arasında düşmənçilik və dərin
nifrət heç vaxt səngimədi. Filipin Samariyada təbliğ etməsi və İsa
Məsihin Xoş Xəbərini bu xalqa çatdırması onu göstərir ki, İmanlı
Cəmiyyəti qeyri-iradi olaraq bəşəriyyət tarixində ən mühüm addımlardan
birini atdı. İmanlı Cəmiyyəti aydın dərk edirdi ki, Məsih dünyanın bütün
xalqlarına aiddir. Biz Filip haqqında az bilirik, lakin o, Məsihçi
Cəmiyyətinin qurucularından biri olub.
Gəlin məsihçiliyin bu xalqa nə gətirdiyini qeyd edək:
1) Məsihçilik İsa Məsih barədə xəbər və Allahın İsa Məsihdə olan
məhəbbəti haqqında Müjdə gətirdi.
2) Məsihçilik xalqa şəfa gətirdi. Məsihçilik insanlara təkcə söz
gətirmədi.
3) Bununla yanaşı, məsihçilik samariyalılara indiyə qədər
duymadıqları sevinc gətirdi. İnsanlara kədər gətirən məsihçilik
qeyri-təbiidir: həqiqət həmişə sevinc bəxş edir.
14-25
ALINMASI
VƏ YA SATILMASI MÜMKÜN OLMAYAN ƏNAM (Həvarilərin işləri 8:14-25)
Şimon qədim dövrün tipik insanı idi. O dövrdə çoxlu münəccimlər,
falçılar və sehrbazlar var idi. Onların sadəlövh insanlara böyük təsiri
var idi, buna görə də onlar zəngin həyat yaşayırdılar. Burada təəccüblü
heç nə yoxdur, çünki iyirmi birinci əsrdə belə, taleyin və falın
müxtəlif proqnozlarına inananlar az deyil. Şimonun və onun bütün peşəkar
yoldaşlarının insanları qəsdən aldatdığını düşünmək lazım deyil. Onların
böyük əksəriyyəti insanları aldatmazdan əvvəl özləri aldanmışdılar.
Şimonun nəyi əldə etməyə çalışdığını başa düşmək üçün əvvəlcə ilk
məsihçi cəmiyyətinin inkişaf etdiyi atmosferi dərk etməliyik. Müqəddəs
Ruhun insanın üzərinə enməsi müəyyən əlamətlərlə, xüsusən də dillərdə
danışmaq ənamı ilə əlaqələndirilirdi (Həvarilərin işləri 10:44-46
müqayisə edin). Həmin vaxt insan ruhla dolub heç kimin anlaya
bilmədiyi səslər çıxarmağa başlayırdı. Əlqoyma adəti yəhudilər üçün adi
hal idi. Bu akt vasitəsilə guya müəyyən ənamlar adamdan adama keçirdi.
Ancaq elə düşünmək lazım deyil ki, onlar Müqəddəs Ruhun bir insandan
digərinə ötürülməsini fiziki mənada başa düşürdülər. Əsas məsələ əlini
qoyan şəxsin fərdi xüsusiyyətləri idi. Həvarilər elə böyük hörmət
qazanmışdılar ki, onların bir toxunuşu ilə insanlar dərin ruhani hisslər
yaşayırdılar. Bir dəfə görkəmli ilahiyyatçı ilə görüşmək imkanım oldu. O
vaxt mən çox gənc, o isə çox qoca idi. Onunla təkbətək qalanda, o,
əllərini başıma qoyub mənə xeyir-dua verdi. Həmin hadisədən əlli ildən
çox vaxt keçsə də, mən bu gün də onu xatırlayanda dərin duyğular və
həyəcan hissi keçirirəm. Görünür, ilk məsihçi cəmiyyətində də əllərin
qoyulması eyni təsirə malik idi.
Həvarilərin əllərini qoyması Şimona çox təsir etdi. O, həvarilərin
etdiklərini etmək bacarığını pulla almağa çalışdı. Şimonun adı müxtəlif
xalqların dilinə düşdü. Çünki simoniya sözü İmanlı Cəmiyyətinin
ənamlarının ləyaqətsiz alqı-satqısı mənasına çevrildi. Şimon iki səhvə
yol verdi:
1) O, insanlara Müqəddəs Ruhu ötürməkdən daha çox şəxsi səlahiyyət və
nüfuz qazanmaqda maraqlı idi. Vaiz və müəllim üçün həmişə özünü
yüksəltmək təhlükəsi var. Düzdür, onlar insanları görəndə alovlu
danışmalıdırlar. Lakin həm ağıllı olduğumuzu, həm də Məsihin qüdrətli
olduğunu eyni vaxtda göstərmək mümkün deyil.
2) Şimon unutmuşdur ki, Allahın bəzi ənamları insanın mənəvi
keyfiyyətlərindən asılıdır; onları pul ilə almaq olmaz. Yenə də təbliğçi
və müəllim bu xəbərdarlığı unutmamalıdırlar. «Təbliğ — şəxsiyyət
vasitəsilə çatdırılan həqiqətdir». İnsanlara Müqəddəs Ruh haqqında
təbliğ etmək üçün zəngin olmaq lazım deyil, bunun üçün Ruhla dolmaq
lazımdır.
26-40
MƏSİH
EFİOPİYALININ YANINA GEDİR (Həvarilərin işləri 8:26-40)
Yerusəlimdən Bet-Lexemə və Qəzza şəhərinin cənub kənarındakı Xevrona
gedən yollardan biri Misirə gedən əsas yol ilə birləşirdi. Qəzzanın iki
şəhəri var idi: biri eramızdan əvvəl 93-cü ildə müharibə zamanı
dağıdılmış, digəri isə eramızdan əvvəl 57-ci ildə onun cənubunda
tikilmişdi. Birincisi ikincidən fərqli olaraq köhnə və ya sahibsiz şəhər
adlanırdı. O dövrdə Qəzzanın yanından keçən həmin yoldan dünya
nəqliyyatının ən azı yarısı istifadə edirdi. Kandakiya şahzadəsinin
xəzinədarı olan efiopiyalı xədimlərdən biri arabası ilə həmin yoldan
keçirdi. Kandakiya addan çox bütün Efiopiya şahzadələrinin daşıdığı
titul idi. Xədim Yerusəlimə Məbəddə dua etmək üçün gəlmişdi. O dövrdə
çoxsaylı tanrılarından və pozğun həyat tərzindən bezən bir çox insanlar
yəhudiliyə üz tuturdular. Çünki onlar yəhudilikdə həyata yeni məna verən
təkallahlıq və ciddi əxlaq tapırdılar. Əgər onlar yəhudiliyi qəbul edib
sünnət olunurdularsa, yəhudilər arasında «yəhudiliyi qəbul edən
salehlər» və ya «yəhudiliyi qəbul edən əhdin sahibləri» adlanırdılar.
Yox, əgər yəhudi dininin dərinliyinə getmədən sinaqoqa getməyə və Yəhudi
Yazılarını oxumağa davam edirdilərsə, onlara yəhudiliyi qəbul edən
salehlər deyilirdi. Ola bilsin, Allahı axtaran bu efiopiyalı, ya
«yəhudiliyi qəbul edən salehlər»dən biri, ya da «yəhudiliyi
qəbul edən əhdin sahibləri»ndən biri idi. O, Yeşaya peyğəmbərin
kitabının 53-cü fəslini oxuyurdu. Filip həmin fəsildən başlayaraq
ona İsanın kim olduğunu göstərdi.
Xədim iman edəndə, Filip onu vəftiz etdi. Bütpərəstlər yəhudiliyi
vəftiz və sünnət yolu ilə qəbul edirdilər. Əhdi-Cədidin erkən dövründə
yalnız böyüklər vəftiz olunurdular. Onlar axar suya batırılaraq vəftiz
olunurdular. Belə vəftizin üç simvolik mənası var idi:
1) O, paklanmanı simvolizə edirdi. İnsanın bədəni su ilə yuyulduğu
kimi, ruhu da Məsihin mərhəməti ilə yuyulurdu.
2) O, tam dəyişikliyi simvolizə edirdi. Deyilənə görə,
missionerlərdən biri vəftiz zamanı Məsihə iman edənləri çayın bir
tərəfindən digərinə göndərirdi; sanki bununla insanın hansısa xətti
keçməsini, həyatını yeni bir dünyada davam etməsini simvolizə
edirdi.
3) Vəftiz Məsihlə həqiqi birləşməni simvolizə edir. İnsan suya
batırılanda sanki Məsihlə birlikdə ölür, sudan çıxanda isə Onunla
birlikdə dirilir (Romalılara 6:1-4 ilə müqayisə edin). Rəvayətə
görə, həmin efiopiyalı evə qayıdıb Müjdəni bütün Efiopiyaya
çatdırmışdır. Ən azından əmin ola bilərik ki, bu cür sevinclə yola çıxan
insan sevincini başqaları ilə bölüşməyə bilməzdi.