9-cu fəsil
1-9
PAULUN İMANA
GƏLMƏSİ (Həvarilərin işləri 9:1-9)
Bu hissə İsa Məsihi qəbul etməyin ən məşhur hekayəsindən bəhs edir.
Gəlin mümkün qədər Paul kimi düşünək. Onda görərik ki, onun Məsihi qəbul
etməsi o qədər də gözlənilməz olmayıb. Stefanın şəhadəti və ölümü Paulu
narahat edirdi. O, bu fikirlərdən qurtula bilmirdi. Məgər pis adam belə
ölə bilərmi? Get-gedə artan şübhələrini aradan qaldırmaq üçün Paul ifrat
yollara əl atdı. Əvvəlcə o, Yerusəlimdəki məsihçiləri təqib etdi. Amma
o, get-gedə daha çox təsirlənirdi, çünki özünə təkrar-təkrar eyni sualı
verirdi: «Bu sadə insanlara təhlükəni, əzabı və ölümü sakit və qorxmaz
şəkildə qəbul etdirən nədir?» Lakin ürəyini daşa döndərib Ali Şuraya
getdi.
Ali Şuranın qərarı yəhudilərin olduğu hər yerdə səlahiyyətə malik
idi. Paul bəzi məsihçilərin Dəməşqə getdiyini eşitmişdi. O, Dəməşqdəki
məsihçilərin ona təhvil verilməsi üçün Ali Şuradan icazə məktubları
istədi. Yerusəlimdən Dəməşqə qədər məsafə təxminən 220 km-dir. Onlar
yolu piyada qət etdilər, bu da bir həftə çəkdi. Paulu müşayiət edənlər
bir növ polis rolunu oynayan Ali Şuranın məmurları idi. Lakin Paul
farisey olduğuna görə onlarla heç bir əlaqəsi yox idi. O, fikirli halda
qabaqda tək gedirdi, çünki başqa çarəsi yox idi.
Yol Qalileyadan keçirdi. Qalileya isə İsa Məsih haqqında fikirləri
daha da canlandırırdı. Gərginlik getdikcə artırdı. Beləliklə, o,
dünyanın ən qədim şəhərlərindən biri olan Dəməşqə yaxınlaşdı. Dəməşqə
gedən yol Xevron dağından keçirdi. Səyahətçinin gözləri önündə yaşıl
vadidə yerləşən və «zümrüd yaşıl qabda mirvari» təsiri bağışlayan ağ
Dəməşq şəhəri açılırdı. Paul Xevron dağına qalxaraq Dəməşqə
yaxınlaşanda, qəflətən göydən gələn bir işıq onun ətrafında parladı. Bu
vaxt Məsih ona belə dedi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» Məsih
qalib gəldi. Paulun müqaviməti və daxili mübarizəsi sona çatdı. O
həlimləşdi.
Paul Dəməşqə dəyişilmiş adam kimi girdi. O, çox dəyişilmişdi! Əlləri
ilə cəza vermək üçün şəhərə girməyi düşünən Paul, yoldaşlarının əlindən
tuta-tuta zəif və gözləri kor halda daxil oldu. Ölülərdən dirilmiş
Məsihin Paula söylədiyi sözlər məsihçiliyin mahiyyətini ehtiva edir:
«Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». Bu ana
qədər Paul istədiyini, özünün doğru saydığını, ağlının buyurduğunu
edirdi. Amma həmin andan etibarən o ona deyilənləri etməli oldu. Məsihçi
artıq istədiyini etmir, Məsihin onun üçün nəzərdə tutduğu yolla getməyə
çalışır.
10-19
MƏSİHÇİ
MEHRİBANLIĞI (Həvarilərin işləri 9:10-19a)
Xananya, şübhəsiz ki, İmanlı Cəmiyyətinin unudulmuş fədakarlarından
biridir. Əgər Stefanın ölümünün Paula təsir etdiyi doğrudursa, onda
Paulun imana gəlməsinə görə İmanlı Cəmiyyəti Xananyaya borcludur. Paulun
şöhrəti özündən əvvəl gəlirdi. Xananya Allahdan söz aldı ki, gedib Paula
kömək etsin: o, «Düz Küçə» adlı küçəyə getməli idi. Bu, Dəməşqin qərbini
şərqinə birləşdirən böyük bir küçə idi.
Küçə üç hissəyə bölünmüşdü: nəqliyyatın keçdiyi mərkəzi hissə;
insanların sıx toplaşdığı və tacirlərin dükanlarında oturub, mallarını
təriflədiyi iki yan hissə. Allahın sözünü qəbul edən Xananya bunu
məntiqsizlik hesab edə bilərdi. Axı bu, «Get, səni həbs etmək, hətta
öldürmək istəyən adama kömək et» demək idi. Buna görə o, Paula şübhə ilə
yanaşıb, sanki xoşagəlməz bir işi yerinə yetirirmiş kimi rəftar edə
bilərdi. O, söhbətə ittiham və ya məzəmmətlə başlaya bilərdi. Amma belə
olmadı. Onun ilk sözü «Şaul qardaş» oldu. Bu sözlərdə o qədər səmimiyyət
var idi ki! Bu, məsihçi sevgisinin ən parlaq nümunələrindən biridir.
Məsihin göstərə biləcəyi təsir belədir.
Amerikada müjdəçilik xidmətini aparan tanınmış bir vaiz son vəzində
camaata üz tutub, bu görüşlərin onlara nə verdiyini soruşdu. Qaradərili
qız ayağa qalxdı. O, natiq deyildi və yalnız bir neçə cümlə deyə bildi:
«Bu görüşlər vasitəsilə mən Məsihi qəbul etdim və Onun məhəbbəti mənə
atamın qatillərini bağışlamağa kömək etdi». Məsih bağışlamağı öyrədir —
məsihçiliyin mahiyyəti də elə budur. İndiyədək düşmən olan Paul və
Xananya Məsihdə qardaş kimi görüşdülər.
20-22
MƏSİHİN ŞƏHADƏTİ
(Həvarilərin işləri 9:19-22)
Həvarilərin işləri 9:19-un şərhinə əvvəlki bölmədə
baxın.
Luka Paulun Məsihə iman edəndən sonra etdiyi işlərdən yazır. Onun
həyatının bu dövrünün bütün hadisələrini izləmək üçün Paulun
Qalatiyalılara məktubunun 1:15-24-də dediklərini oxumaq
lazımdır. Bu təsvirlərin hər ikisini bir araya gətirsək, onda belə bir
mənzərəni əldə edəcəyik:
1. Şaulun Dəməşqə gedən yolda iman etməsi.
2. Dəməşqdə vəz etməsi.
3. Ərəbistanda qalması (Qalatiyalılara 1:17).
4. Dəməşqə qayıdıb orada üç il təbliğ etməsi (Qalatiyalılara
1:18).
5. Yerusəlimə gəlməsi.
6. Yerusəlimdən Qeysəriyyəyə qaçması.
7. Suriyaya və Kilikiyaya qayıdışı (Qalatiyalılara
1:21).
1) Beləliklə, görürük ki, Paul şəhadətinə yəhudilərin və sinaqoqların
çox olduğu Dəməşqdə başladı. Məhz sinaqoqlarda Paul ilk dəfə Məsih
haqqında şəhadət edərək səsini ucaltdı. Bununla o, ən böyük ruhani
cəsarət göstərdi. Paul məhz həmin sinaqoqlarda yəhudi inancının və Ali
Şuranın maraqlarını müdafiə etməkdən ötrü rəsmi şəxs kimi məktublar və
səlahiyyət almışdı. Paulun tanınmayacağı və əməllərinin ona qarşı
şahidlik etməyəcəyi başqa bir yerdə Məsih haqqında şəhadət etmək onun
üçün asan olardı. Paul isə deyir: «Mən artıq yeni yaradılışam və hesab
edirəm ki, məndən qorxanlar bunu bilməlidirlər». Budur o, bəyan edir:
«Mən Məsihin Müjdəsindən utanmıram».
2) Luka Paulun ikinci hünərini qeyd etmir. Paul Ərəbistana getdi
(Qalatiyalılara 1:17). Paulun həyatında böyük dəyişiklik baş
verdi. Bu dəyişiklik onu o qədər sarsıtdı ki, o, bir müddət Allahla tək
qalmalı oldu. Onun qarşısında yeni həyat açılırdı. Son dərəcə
məsuliyyətli vəzifəni yerinə yetirmək üçün ona yeni yolda rəhbərlik və
güc lazım idi. Bunun üçün o, Allaha üz tutdu. O, Allahdan vəhy aldı.
İndi isə Allahın vəhyini həyata keçirmək üçün Ondan güc gözləyirdi.
23-25
PAULUN
MÖCÜZƏLİ QURTULUŞU (Həvarilərin işləri 9:23-25)
Burada Müqəddəs Kitab mətninin bir neçə sözünün nə qədər vacib olduğu
açıq şəkildə göstərilir. Luka deyir ki, aradan xeyli gün
keçəndən sonra Dəməşqdə bir çox hadisələr baş verdi. Bu ifadənin
arxasında üç il gizlədilir (Qalatiyalılara 1:18). Bu üç il
ərzində Paul Dəməşqdə işləyib təbliğ edirdi. Yəhudilər onu öldürməyə o
qədər qərarlı idilər ki, onun getməsinə mane olmaq məqsədilə hətta
evinin qapısına keşikçi qoymuşdular. Ancaq qədim şəhərlər bəzən o qədər
enli divarlarla əhatə olunurdu ki, arasından bir araba belə, keçə
bilərdi. Həmin divarlarda pəncərələri çölə açılan evlər də var idi.
Gecənin qaranlığında Paul bu evlərdən birinə aparıldı və səbətin içinə
qoyularaq şəhər divarlarından aşağı endirildi. Beləcə o, Dəməşqdən çıxıb
Yerusəlimə getdi. Paul hələ Məsihə xidmət etməyə həsr olunmuş təhlükəli
həyatının başlanğıcında idi, amma həyatını təhlükəyə ataraq son dərəcə
çətin şəraitdə özünü xilas etməli oldu.
1) Bu hadisə Paulun cəsarətini nümayiş etdirir. O, yəhudilərin böyük
dəstələr halında sinaqoqlarda ona qarşı toplaşdığını görürdü. O,
Stefanın aqibətindən xəbərdar idi, məsihçilərə qarşı qurduğu planları
xatırlayırdı və yaxşı bilirdi ki, başına nələr gələ bilər. Məsihi qəbul
etdiyinə görə onu gözləyən çətinlikləri gözə almışdı. Lakin hekayədən
aydın olur ki, Paul bu vəziyyətdə cəsarət göstərdi. Bu fürsət ona
vaxtilə təqib etdiyi və indi sevdiyi Rəbbə sədaqətini sübut etməyə imkan
verdi. Paul İsa Məsihin yolunda sevinclə ölməyə hazır oldu.
2) Biz burada onun təbliğinin bəhrələrini də görürük. Paulun vəzi o
qədər inandırıcı və təkzibedilməz idi ki, yəhudilər zorakılığa əl atmağa
qərar verdilər. Heç kim gücsüz və uğursuz adamı təqib etməz. Bernard Şou
bir dəfə demişdi ki, yazıçıya ən böyük şərəfi onun kitablarının
yandırılmasını əmr edən insanlar verir. Başqa bir nəfər belə demişdi:
«Canavar heç vaxt müqəvva qoyuna hücum etməz». Yalan, saxta məsihçilik
heç bir riskə uğramır. Məsih uğrunda əzab çəkmək Allahın ən böyük
tərifinə layiq olmaq deməkdir.
26-31
YERUSƏLİMDƏ DƏ
RƏDD EDİLDİ (Həvarilərin işləri 9:26-31)
Paul Yerusəlimə gələndə ona etibar edilmədiyini gördü. Başqa cür ola
da bilməzdi. Çünki məhz Yerusəlimdə o, İmanlı Cəmiyyətini dağıdıb,
kişiləri və qadınları həbsxanaya sürükləyirdi. Biz artıq gördük ki,
Paulun həyatının ən çətin dövrlərində bəzi insanlar onun iman etməsinə
və İmanlı Cəmiyyətinin işi üçün fədakarlıq etməsinə töhfə veriblər.
Birincisi, Stefanın duası Paulun diqqətini İmanlı Cəmiyyətinə
yönəltmişdi. Sonra Xananyanın mehriban rəftarı Paulun iman etməsində və
İsanın adı ilə təbliğ etməsində həlledici rol oynadı. Budur, biz
Barnabanın həssas ürəyi və mərhəmətinin Paulu İmanlı Cəmiyyəti ilə necə
birləşdirdiyini görürük. Hamı Pauldan çəkinəndə Barnaba ona zamin durdu.
Bu hərəkət Barnabanın əsl məsihçi olduğunu göstərir.
1) O, Paula güvənirdi. Başqaları onun casus olduğunu düşünəndə,
Barnaba Paulun imanlı olduğuna təkid edirdi. İnsanlar, ümumiyyətlə, iki
kateqoriyaya bölünürlər: birincisi, insanlarda yaxşılıq hasil olduğuna
inananlar; ikincisi, insanlarda yalnız pisliyi görənlər. Qəribədir ki,
insanlarda öz xarakterimizi görə-görə, öz gözümüzdə tiri qoyub, onların
gözündə çöp axtarırıq. Əgər bir insandan şübhələniriksə, onda o,
gözümüzdə şübhəli işlər görməyə başlayacaq. Əgər biz onun yaxşı olduğuna
inansaq, o, sonda bizim etimadımızı doğruldacaq. Paulun dediyi kimi:
«Məhəbbət ona edilən pislikləri sayıb-hesablamaz». İsadan başqa heç kim
insanlara bu qədər etibar etmirdi. Onun şagirdi Rəbbinə layiq oldu.
2) İsa heç vaxt keçmişinə görə insanı qınamazdı. Axı insan çox vaxt
etdiyi bir səhvə görə həmişəlik mühakimə olunur. Rəbb Allahın mərhəməti
elə ondadır ki, O, keçmiş günahlarımıza görə bizi heç vaxt mühakimə
etmir. Biz də insanı bir dəfə büdrədiyinə görə heç vaxt
qınamamalıyıq.
Bu hissədə biz Paulu da xüsusi rolda görürük: o, yunandilli
yəhudilərlə mübahisə edirdi. Stefan onlardan biri idi. Çox güman, Paul
həyatının dəyişdiyinə şəhadət etmək üçün Stefanın əleyhinə danışdığı
sinaqoqlara getdi. Həvari Paul çox vaxt keçmişdəki həyatından açıq
danışırdı. Bunu etmək bəzən çox çətindir.
Burada da Paulun həyatı təhlükə altına düşdü. O, çətinliklə
Yerusəlimdən canını qurtara bildi. Yerusəlimdən onu gizli şəkildə
Qeysəriyyəyə, oradan isə Tarsusa qaçırtdılar. Budur, o, yenə də öz işini
təkrarlayır: məmləkətinə gedir ki, orada Məsihi qəbul etdiyinə, yəni İsa
Məsihin onu yeni bir yaradılış etdiyinə şəhadət etsin.
32-43
PETERİN HƏRƏKƏTİ
(Həvarilərin işləri 9:32-43)
Bir müddət Paul diqqət mərkəzində olur, amma yenidən nəzərlər Peterə
yönəlir. Əslində bu hissə Həvarilərin işləri 8:25-in davamıdır.
Peter xidmətinə davam edir. Lakin bu, kifayət deyil. Burada Peterin
gücünün mənbəyi də aydın şəkildə göstərilir. Eneyanı sağaldarkən Peter
«Mən səni sağaldıram» demədi, «İsa Məsih səni sağaldır» dedi. Tabitaya
müraciət etməzdən əvvəl Peter dua etdi. Peter öz gücünə güvənmirdi, o,
İsa Məsihin gücünə güvənirdi. Biz daha çox özümüz nə edə biləcəyimizi
düşünürük və Məsihin bizim vasitəmizlə nə edə biləcəyi haqqında isə az
düşünürük.
Bu hissədə maraqlı bir sözlə qarşılaşırıq. Liddada yaşayan
məsihçilərə iki dəfə (32 və 41-ci ayələr) müqəddəslər
deyilir. Eyni sözü Xananya Yerusəlimdəki məsihçilərə aid edir (13-cü
ayə). Bu sözü Paul həmişə İmanlı Cəmiyyətinin üzvlərinə aid edir,
çünki onun bütün məktubları bu və ya digər yerdə yaşayan müqəddəslərə
ünvanlanır.
Yunan mətni hagios sözü işlədilir, onun bir çox mənası var.
Bəzən bu söz sifət olaraq müqəddəs kimi tərcümə olunsa da,
əslində mənası dəyişilmiş şəxs deməkdir. Adətən, məsihçi adi
insanlardan fərqlidir. Bəs onu fərqli edən nədir? Hagios sözü
bilavasitə israillilərə aid olunurdu. Onlar xüsusi müqəddəs xalq
sayılırdı. Onların digər xalqlardan fərqi onda idi ki, İsrail Allah
tərəfindən Öz məqsədi üçün seçilmişdir. Lakin İsrail ona həvalə olunan
tapşırığı yerinə yetirə bilmədi. O, itaətsizlik edirdi. Bu da Allahın
onlara verdiyi imtiyazların itirilməsi ilə nəticələndi. İmanlı Cəmiyyəti
İsrailin əsl varisi oldu. İndi başqalarından fərqlənən
məsihçilər oldu və bu fərqlilik onların Allahın xüsusi məqsədləri üçün
seçilmələrindən irəli gəlirdi.
Biz məsihçilər digər insanlardan yer üzündə xüsusi şərəfə nail olmaq
üçün deyil, böyük xidmət üçün seçildiyimizə görə fərqlənirik. Biz xidmət
etmək üçün xilas olmuşuq.