10-cu fəsil
1-13
BİLİYƏ
ƏSASLANMAYAN QEYRƏT (Romalılara 10:1-13)
Paul yəhudilər üçün xoşagəlməz olan bir neçə fikir söylədi. O,
yəhudilərin eşitməsi və qəbul etməsi çətin olan həqiqətləri söylədi.
Romalılara kitabın 9-11-ci fəsilləri israillilərin Allahla
münasibətini pisləyir. Amma bu, qəzəblə müşayiət olunmur, yalnız səmimi
ürək ağrısı hiss olunur. Paulun yeganə arzusu yəhudiləri xilas etmək
idi. Əgər biz insanları Məsihin yoluna cəlb etmək istəyiriksə, bizim
münasibətimiz tamamilə eyni olmalıdır. Məşhur təbliğçilər bunu yaxşı
bilirdilər. Onlardan biri «Təhqir etməyin», digəri «Heç vaxt səsinizi
qaldırmağa çalışmayın» deyirdi. Müasir dahi təbliğçilərdən biri təbliği
«insanların aşağılanması» kimi tərif etmişdir. İsa Yerusəlim üçün
ağladı. Bizə qəzəbli sözlərlə günahkarları lənətləyən təbliğlər
tanışdır, lakin Paul həmişə həqiqəti məhəbbətlə deyirdi.
Paul yəhudilərin «Allah üçün qeyrət çəkdiyini» etiraf edirdi. Amma bu
qeyrətin yanlış yöndə olduğunu da görürdü. Yəhudi dini Qanuna riayət
etmək üzərində qurulmuşdu. Belə bir itaəti yalnız öz dininə ciddi
yanaşan insan göstərə bilərdi. Bu, asan deyildi. İtaət çox vaxt
həddindən artıq çətinliklər yarada və həyatı müxtəlif xoşagəlməzliklərlə
çətinləşdirə bilər.
Məsələn, Şənbə qanununu götürək. Bu qanunda insanın Şənbə günündə nə
qədər yol gedə biləcəyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir
ki, bir adam iki qurudulmuş üzüm giləsindən ağır olan əşyanı qaldıra və
Şənbə günü yemək hazırlaya bilməz. Xəstəlik halında Şənbə günü xəstənin
vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görmək olardı.
Amma sağlamlığını yaxşılaşdırmaq üçün heç nə edilə bilməzdi. Bu gün də
İsraildə Şənbə günü ocaq qalamayan, işıq yandırmayan ortodoksal
yəhudilər var. Sobadakı ocağı yandırmaq lazımdırsa, bunun üçün bir
bütpərəst işə götürülür. Varlı yəhudilər Şənbə günü axşam saatlarında
işıqları avtomatik yandırmaq üçün xüsusi mexanizm quraşdırırlar ki, bunu
özləri etməsinlər.
Bu cür itaət heyranlığa layiqdir. Qanunun göstərdiyi yolla getmək
asan deyildi. Qanuna ciddi yanaşmayan insan onun tələblərini yerinə
yetirə bilməzdi. Yəhudilər həmişə qətiyyətli olublar və bu gün də
belədirlər. Paul üçün onları qətiyyətinə görə tərifləmək çətin deyildi.
Lakin onların qətiyyəti yanlış tətbiq olunur, yanlış
istiqamətləndirilirdi.
Makkabilərin dördüncü kitabında maraqlı hadisə qeyd olunur. Yəhudi
kahini Eleazar, yəhudi dininin kökünü kəsməyi qarşısına məqsəd qoyan
Antiox Epifanın yanına gətirilir. Antiox Eleazara donuz əti yeməyi əmr
edir. Qoca kahin imtina edib deyir: «Yox! Gözlərimi çıxarsan da,
içalatımı yandırsan da, ey Antiox, Allahın qanunlarına uyğun yaşayan
bizim üçün qanunumuza tabe olmaqdan başqa vacib vəzifə yoxdur». Ölmək
lazım olsa belə, onda elə ölmək lazımdır ki, əcdadlar onu «müqəddəs və
qüsursuz» kimi qəbul etsinlər. Antiox Eleazarı qamçılamağı əmr edir.
«Qamçı onun ətini qopardır, yarasından qan axır, qabırğaları görünürdü».
O, yıxılanda əsgər onu təpiklə vurdu. Onun dözümlü olması əsgərlərdə
şəfqəti hissi oyatdı. Əsgərlər ona donuz əti deyil, ədviyyatlı ət
gətirib dedilər ki, onu yesin. Yeyəndə isə donuz əti yediyini söyləsin.
O, imtina etdi. Sonda öldürüldü. «Sənin Qanunun uğrunda əzab çəkib
ölürəm» deyə dua edərək inildədi. Müəllif deyir ki, «o, Qanun naminə can
verərək müqavimət göstərdi». Nədən ötrü? Donuz ətini yeyib-yeməməyə
görə. Adamın belə bir Qanun naminə bu şəkildə ölməsi ağlasığmaz
görünür. Ancaq yəhudilər bu şəkildə ölürdülər. Doğrudan da, onlar Qanuna
qeyrətlə, canfəşanlıqla yanaşırdılar. Heç kim deyə bilməz ki, onlar
Allaha ibadət etməkdə ciddi deyildilər.
Onlar hesab edirdilər ki, Qanuna belə itaət etməklə insan Rəbbin
etibarını qazanacaq. Yəhudilər bəşəriyyəti üç sinfə bölürdülər. Onların
etiqadını bundan daha yaxşı heç nə təsvir edə bilməz. Müsbət tarazlığa
nail olan möminlər var idi; amma mənfi tarazlığı olan allahsızlar da var
idi. Müsbət və mənfi tarazlıq arasında olanlar da var idi ki, bir
yaxşılıq etməklə, möminlər sinfinə düşürdü. Bütün bunlar Qanuna və ona
əməl etməyə əsaslanırdı. Paul buna belə cavab verir: «Qanunun sonu
Məsihdir». Bununla o, demək istəyir ki, «Məsih hüquqi yanaşmanın
sonudur». Allahla insan arasındakı münasibət artıq borc verən və borclu
olan, məmur və işçi, hakim və cavabdeh münasibətləri deyil. İsa Məsih
sayəsində insan artıq Allahın ədalətinin tələblərini təmin etmək
öhdəliyi daşımır. İnsan sadəcə Onun məhəbbətini qəbul etməlidir. O,
artıq Allahın rəğbətini qazanmaq üçün canfəşanlıq etməməlidir. O,
tamamilə müftə verilən Allahın lütfünü, sevgisini və mərhəmətini qəbul
etməlidir. Bunu sübut etmək üçün Paul Əhdi-Ətiqdən iki sitat gətirir.
Əvvəlcə Levililər 18:5-dən sitat gətirir. Burada deyilir ki,
insan Rəbbin qaydalarına sədaqətlə əməl edərsə, həyat tapacaq. Bu
doğrudur. Amma heç kim tamlığı ilə buna əməl etməyib. Paul
sonra Qanunun təkrarı 30:12-13-dən sitat gətirir. Burada Musa
peyğəmbər Allahın Qanununun əlçatmaz olmadığını deyir. Allahın Qanunu
insanın dilində, həyatında və ürəyindədir. Bu hissədə Paul alleqorik
danışır: Məsihi bu dünyaya gətirən və Onu ölülərdən dirildən bizim
səylərimiz deyildi. Mərhəmət də bizim əməllərimizə görə deyildi. Bütün
bunlar bizim üçün edildi. Bizə yalnız bunları qəbul etmək qalır.
9 və 10-cu ayələrin əhəmiyyəti böyükdür. Onlarda
ilk məsihçi inancının əsası açıqlanır.
1) İnsan İsa Məsihi Rəbbi kimi qəbul etməlidir.
Kurios sözü Rəbb deməkdir. Kurios sözü erkən
məsihçiliyin açarıdır və dörd fərqli mənaya malikdir:
(a) Bir insana hörmətlə edilən müraciət forması, Azərbaycanca
«ağa» sözünə bənzəyir.
(b) Roma imperatorlarının adi titulu.
(c) Yunan tanrılarının adları çəkilməzdən öncə deyilən titul.
Kurios serapis — Rəbb Allah deməkdir.
(d) Yəhudilərin müqəddəs kitablarının yunanca tərcümələrində
«kurios» sözü, adətən, Yahve-ni əvəz etmək üçün istifadə
olunur. Buna görə də, insan İsa Məsihi kurios adlandırırdısa,
Onu imperator və Tanrı ilə eyniləşdirirdi. Bununla o, İsaya həyatında ən
şərəfli yeri verir və qeyd-şərtsiz itaətini, ehtiramını vəd edirdi.
İsanı «kurios» adlandırmaq Onu həyatında əzəvolunmaz Şəxs hesab
etmək demək idi. Buna görə də məsihçi İsa Məsihin unikallığını başa
düşməlidir.
2) İnsan İsanın ölülərdən dirilməsinə inanmalıdır. Ölülərdən dirilmə
məsihçi inancının əsasını təşkil edir. Məsihçi təkcə İsanın bir
vaxtlar yaşadığına deyil, indi də yaşamasına inanmalıdır.
Məsihçi təkcə İsa haqqında bilməli deyil, həm də Onu
tanımalıdır. Məsih nə qədər böyük tarixi Şəxsiyyət olsa da, məsihçi
Ona tarixi Şəxsiyyət kimi yanaşmır. O, real Məsihlə yaşayır. Məsihçi
Məsihi təkcə əzab çəkən kimi deyil, həm də zəfər çalan
kimi tanımalıdır.
3) İnsan təkcə ürəyində iman etməli deyil, həm də imanını dili ilə
iqrar etməlidir. Məsihçilik — bu, həm iman, həm də onun iqrarıdır. İqrar
insanların qarşısında şəhadət etməkdir. Nəinki Allah, soydaşlarımız da
bizim kimin tərəfində olduğumuzu bilməlidir.
Yəhudi üçün Allaha gedən yolun Qanundan keçmədiyinə inanmaq çətin
olardı. Allaha gedən yolun imandan keçdiyini qəbul etmək onun üçün
heyrətamiz və inanılmaz idi. Həm də Allaha gedən yolun hamı
üçün açıq olduğu fikrini qəbul etmək ona çətin gəlirdi. Yəhudinin
fikrincə, bütpərəstlər onlardan tamamilə fərqli mövqedə idilər. Buna
görə Paul öz arqumentini Yeşaya 28:16-dan sitat gətirməklə
yekunlaşdırır: «Ona iman edən hər kəs utandırılmayacaq». Burada Qanundan
söhbət belə açılmır; hər şey iman üzərində qurulub. Sonra Paul Yoel
2:32-dən sitat gətirir: «Rəbbin adını çağıran hər kəs
xilas olacaq». Burada heç bir məhdudiyyət yoxdur: vəd hamı
üçündür; yəhudi ilə yunan arasında heç bir fərq qoyulmur.
Əslində bu hissə yəhudiləri Qanuna riayət etmək yolundan çıxıb, lütf
yoluna keçməyə çağırır. Paul yəhudiləri bu həqiqəti araşdırmağa çağırır,
çünki onların canfəşanlığı əbəsdir. Bu, imanın Allaha aparan yeganə yol
olduğunu və bu yolun hər kəs üçün açıq olduğunu qədimdən bəri bəyan edən
peyğəmbərlərin çağırışıdır.
14-21
BƏHANƏLƏRİN MƏHV
EDİLMƏSİ (Romalılara 10:14-21)
Əksər şərhçilərin fikrincə, bu, Romalılar kitabının ən çətin və
qaranlıq hissələrindən biridir. Elə təəssürat yaranır ki, bu hissə
tamamlanmış hissədən çox xülasəyə bənzəyir. Sanki Paulun nitqi teleqram
xarakteri daşıyır. Ola bilsin ki, qarşımızda Paulun yəhudiləri
yanıldıqlarına inandırmağa çalışdığı müraciətdən qeydlər var. Sxem
əslində belədir: əvvəlki hissədə Paul deyirdi ki, Allaha gedən yol əməl
və Qanundan yox, iman və etibardan keçir. Ancaq bu fikirə etiraz etmək
olar: yəhudilər bu barədə heç eşitməyiblərsə, bəs onda necə? Paulun
cavabı məhz bu etiraza yönəldilib, ona təfsilatı ilə cavab verərkən, hər
aspekti Müqəddəs Yazılardan sitat gətirərək təsdiqləyir. Gəlin
etirazlara və Müqəddəs Yazılardan gətirilən sitatlara bir-bir baxaq.
1) Birinci etiraz belə səslənir: «Bəs onlar iman etmədikləri Şəxsi
necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər?
Vəz edən olmasa, necə eşidəcəklər?» Paul bu etiraza Yeşaya
52:7-dən sitat gətirməklə cavab verir. Burada peyğəmbər qeyd edir
ki, insanlar xoş xəbər çatdıranları sevinclə qarşılayırlar. Beləliklə,
Paulun ilk cavabı bu cür səslənir: «Siz deyə bilməzsiniz ki, sizə xəbər
çatdırmaq üçün heç kim göndərilməyib: Yeşaya peyğəmbər xoş xəbər
elçilərini təsvir edir. O isə çoxdan yaşayıb».
2) İkinci etiraz: «Ancaq bu arqument doğru olsa da, İsrail Müjdəyə
qulaq asmadı. Buna nə deyəcəksən?» Paul cavab verir: «İsrailin
imansızlığı gözlənilən idi. Çünki hələ o dövrdə Yeşaya peyğəmbər
məyusluq içində demişdi: «Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zahir
oldu?» (Yeşaya 53:1).
Düzdür, İsrail Allahdan gələn müjdəni qəbul etmədi. Qəbul etməməklə
taleyini müəyyən etdi. Beləliklə, tarix təkrarlandı.
3) Üçüncü etiraz birincinin təkrarıdır: «Bəs onların heç vaxt Rəbb
haqqında eşitmək imkanı olmadıqlarını israr etsəm, onda necə?» Bu dəfə
Paul Zəbur 19:5-dən sitat gətirir: «Amma avazları bütün dünyaya
yayılır, sözləri yerin ucqarlarına çatır». Bu suala cavab belədir:
«İsrailin eşitmək imkanı olmadığını söyləmək üçün heç bir əsas yoxdur.
Çünki Müqəddəs Yazı açıq şəkildə bəyan edir ki, Allahın Müjdəsi yer
üzündə olanların hamısına elan edilmişdir».
4) Dördüncü etiraz belədir: «Bəs İsrail Müjdəni başa düşməyibsə, onda
necə?» Başqa sözlə, «Müjdə İsrail xalqının eşidəndə başa düşməyəcəyi
qədər çətin olubsa, onda necə?» Bu sualın cavabını, doğrudan da, anlamaq
çətindir. Lakin Paulun cavabı belə səslənir: «İsrail başa düşməmiş ola
bilərdi, amma başqa millətlər Müjdəni başa düşdülər. Müjdə gözlənilmədən
onlara gələndə mənasını düzgün dərk etdilər». Fikrini təsdiqləmək üçün
Paul Kəlamdan iki ayə sitat gətirir. Birincisi, Qanunun təkrarı
32:21-dəndir. Burada Allah deyir ki, İsrailin itaətsizliyi və
üsyanı ucbatından Öz lütfünü başqa xalqın üzərinə tökəcək, yəhudilər isə
əvvəllər xalq olmayanlara həsəd aparacaq. Paul ikinci sitatı Yeşaya
65:1-dən gətirir. Burada Allah deyir ki, Onu axtarmayanlar
tərəfindən tapıldı. Sonda Paul qeyd edir ki, Allah tarix boyu İsrailə
əllərini uzadıb, amma xalq həmişə dikbaş və itaətsiz olub.
Bu hissə bizə qəribə görünə və inandırıcı olmaya bilər. Belə də
görünə bilər ki, Paul Kəlamdakı ayələri kontekstdən ayırıb öz bildiyi
kimi şərh edir, halbuki mənası tam başqadır. Bununla belə, bu hissənin
vacib bir mənası var: bəzi biliksizliklər bağışlanmazdır.
1) Buraya etinasızlıqdan yaranan biliksizlik daxildir. Elə bir hüquqi
prinsip var ki, həqiqi xəbərsizliyə bəraət qazandırıla bilər, biliyə
qarşı etinasızlığa heç vaxt bəraət qazandırıla bilməz. İnsanı heç vaxt
bilməyəcəyi şeyə görə qınamaq olmaz; lakin onun üçün əlçatan olanı
öyrənməyə etinasız yanaşdığına görə qınanıla bilər. Məsələn, bir şəxs
müqavilənin şərtlərini oxumadan imzalayırsa, sonradan müqavilənin
şərtlərinin onun maraqlarına uyğun gəlmədiyinə görə şikayət edə bilməz.
Əgər hansısa tapşırığı yerinə yetirmək üçün bizə hər cür imkan
verilibsə, amma biz buna laqeyd yanaşmışıqsa, onda mühakimə olunmalıyıq.
İnsan öyrənə biləcəyini öyrənmədiyinə görə məsuliyyət daşıyır.
2) Buraya qəsdən özünü korluğa vurmaqdan yaranan biliksizlik
daxildir. İnsan görmək istəmədiyini görməmək, eşitmək istəmədiyini
eşitməməyə meyillidir. O, müəyyən vərdişlərin, müəyyən həyat tərzinin və
ya dostluqların zərərli olduğunu yaxşı bilsə də, faktlarla üzləşməkdən
imtina edir. Bəzən nələrəsə bilərəkdən göz yummaq fəzilət ola bilər,
amma çox vaxt bu, axmaqlıqdır.
3) Buraya mahiyyətcə yalan olan biliksizlik də daxildir. Şübhəmizə
səbəb olan hallara əslində düşündüyümüzdən daha az rast gəlinir. Çox
nadir hallarda deyə bilərik: «Heç vaxt ağlıma gəlməzdi ki, belə şeylər
baş verə bilər». Allah bizə şüur və Müqəddəs Ruhun rəhbərliyini verib.
Biz isə çox vaxt nəyisə bilmədiyimizi bəyan edirik. Amma bir qədər
dürüst olsaq, qəlbimizin dərinliyində həqiqəti bildiyimizi etiraf etməli
olardıq.
Bu hissə haqqında daha bir şey söyləmək lazımdır. Əslində, arqumentdə
bir qədər ziddiyyət var. Bu hissədə Paul yəhudilərin məsuliyyət
daşıdığını sübut etmək istəyirdi. Axı onlar həqiqətləri daha yaxşı dərk
etməli idilər, lakin Allahın çağırışını rədd etdilər. Bununla yanaşı,
Paul iddia edirdi ki, hər şey Allahdandır və insan hadisələrin gedişinə
gil dulusçu işinə təsir göstərə bilmədiyi kimi təsir edə bilməz. O, iki
vəziyyəti yan-yana qoyur: hər şey Allahdandır və insana hər vəziyyətdə
seçim imkanı verilir. Paul bu dilemmanı həll etməyə cəhd də etmir, çünki
bu, insan təcrübəsinin məhsuludur. Biz hər şeyin arxasında Allahın
olduğunu bilirik, eyni zamanda bilirik ki, bizim azad iradəmiz var və
Allahın təklifini qəbul edə və ya rədd edə bilərik. İnsanın mövqeyinin
paradoksu məhz ondadır ki, hər şeyi Allah idarə edir, insanın isə iradə
azadlığı var.