11-ci fəsil
1-12
DAŞ ÜRƏK (Romalılara 11:1-12)
İndi hər bir yəhudinin verməli olduğu sualı cavablandırmaq lazım idi:
bütün bunlar Allahın Öz xalqını inkar etməsi anlamına gəlir? Paulun
ürəyi belə bir suala dözə bilməzdi. Axı onun özü də bu xalqdandır. Buna
görə də o, Əhdi-Ətiqdən keçən bir ideyaya müraciət edir. Bir vaxtlar
İlyas peyğəmbər ümidsizlik içində idi (1Padşahlar 19:10-18).
İlyas peyğəmbər belə nəticəyə gəldi ki, Allaha yalnız o sadiq qalıb.
Lakin Allah ona cavab verdi ki, İsraildə Baal qarşısında diz çökməyən
daha yeddi min nəfər var. Beləliklə, Allahın lütfü ilə seçilmiş sağ
qalanlar ideyası yəhudilərin düşüncə və fəlsəfəsinə daxil oldu.
Peyğəmbərlər başa düşməyə başladılar ki, bütün xalqın Allaha sadiq
olduğu dövr olmayıb və olmayacaq da. Lakin buna baxmayaraq, xalq
arasında həmişə öz imanlarına xəyanət etməyən və Allaha olan imanlarını
şübhə altına almayan bir hissə olub. Peyğəmbərlər bir-birinin ardınca
bunu dərk etməyə başladılar. Amos peyğəmbər (9:8-10) Tanrının
insanları xəlbirdən keçirəcəyini və sonda yalnız möminlərin qalacağını
təsvir edir. Mikeya peyğəmbər (2:12; 5:3) görüntüdə gördü ki,
Allah İsrailin qalıqlarını toplayır. Sefanya peyğəmbərin təsvirlərində
də (3:12-13) eyni mənzərədir. Yeremya peyğəmbər qabaqcadan
görmüşdü ki, Allahın lütfü ilə seçilmiş sağ qalanlar bütün
ölkələrdən toplanacaq (Yeremya 23:3). Fərdiyyətçi olan Yezekel
peyğəmbər əmin idi ki, insan nə irqi, nə də irsi salehliklə xilas ola
bilər (Yezekel 14:14, 20, 22). Lakin bu fikir ən çox Yeşaya
peyğəmbərin kitabında üstünlük təşkil edir. O, oğluna Şear-Yaşuv adını
verdi, bu da «sağ qalanlar» deməkdir. O, dönə-dönə Allah
tərəfindən xilas ediləcək, Allahın lütfü ilə seçilmiş sağ qalanlar
ideyasına qayıdır (Yeşaya 7:3; 8:2-18; 9:12; 6:9-13).
Bu fikir böyük həqiqətin başlanğıcıdır. Bir məşhur alimin dediyi
kimi, «Heç bir kilsə, heç bir xalq bütövlükdə xilas ola bilməz».
«Seçilmiş xalq» ideyası buna görə qeyri-mümkündür. Allahla
münasibət sırf fərdi xarakter daşıyır. İnsan kütləni deyil, hər kəsi
fərdi çağıran Allaha öz ürəyini verməli və həyatını Allaha təslim
etməlidir: «Hər kəsin qəlbinin açarı Ondadır». İnsan sırf ailənin və ya
xalqın üzvü olduğuna, əcdadlarından salehlik və ya xilası miras aldığına
görə xilas olmur. İnsan Allahı şəxsən qəbul etdiyinə görə xilas olur.
Buna görə də, bütövlükdə götürülən xalqın heç də hamısı seçilmiş xalq
deyil. Allahın lütfü ilə sağ qalanlar qəlbini Allaha vermiş ayrı-ayrı
kişi və qadınlardır.
Paul deyir ki, İsrail xalqı rədd edilməmişdi; lakin həqiqi yəhudilər
bütövlükdə bütün xalq deyil, onun daxilində Allaha sadiq qalanlardır.
Bəs qalanlara nə olacaq? Bu anda Paulun ağlına dəhşətli bir fikir gəlir.
Onun təsəvvürünə görə, Allah onlara bir növ durğunluq, bir növ yuxu
göndərir ki, onlar nə eşitsin, nə də eşitmək istəsinlər. Bunu sübut
etmək üçün Paul Əhdi-Ətiqin bir sıra ayələrini bir fikrə bağlayır
(Qanunun təkrarı 29:4; Yeşaya 6:9-10; 29:10). Paul həmçinin
Zəbur 69:22-23-dən sitat gətirir: «Süfrələri onlar üçün tələ
olsun...». Burada əsas fikir odur ki, insanlar öz ziyafətlərində rahat
oturaraq əylənirlər. Beləcə rahatlıq və təhlükəsizlik hissi onların
məhvinə səbəb oldu. Onlar öz aləmlərində təhlükəsizliklərinə o qədər
arxayın idilər ki, düşmən hiss etdirmədən onlara hücum etdi. İsraillilər
məhz belə idilər. Onlar Seçilmiş Xalq kimi özlərini o qədər rahat, o
qədər təhlükəsiz hiss edirdilər ki, məhz arxayınlıq onların məhvinə
səbəb oldu. Elə bir gün gələcək ki, onlar qaranlıqda büdrəyən korlar
kimi bellərini büküb əlləri ilə toxuna-toxuna gəzəcəklər. 7-ci
ayədə deyilir ki, «digərləri inadkar oldu». Paul yunanca poroun
felindən istifadə edir. Ancaq poroun sözünə uyğun
porosye ismi onun mənasını daha yaxşı açır. Porosye
tibbi termindir və qalın qabar deməkdir. Bu termin sümük
çatlarının ətrafında və ya sınıq yerində əmələ gələn qalın qabarı
bildirmək üçün istifadə edilir. Bu, sərt sümük formalaşmasıdır və
sağalmağa meyillidir. Əgər qabar dəridə əmələ gəlirsə, dəri həssaslığını
itirir. Əksər insanların zehni hissiyyatsız, korazehin hala gəlib. Onlar
artıq Allahın çağırışını eşidə və hiss edə bilmirlər.
Bu, hər kəsin başına gələ bilər. Əgər insan öz yolu ilə getməyi
seçirsə, zaman keçdikcə Allahın çağırışına qarşı laqeyd olur. Əgər günah
işlətməyə davam edirsə, sonda günaha və fəzilətin gözəlliyinə qarşı
hissiyyatsız olur. Murdar şəraitdə yaşayan insan nəticədə bu şəraitə
qarşı laqeyd olur. Şair Robert Bernsin yazdığı kimi:
Nə günahların yükü,
Nə də onları gizlətmək təhlükəsi
Artıq narahat etmir,
Amma içəridəki hər şey sərtləşir,
Duyğular kütləşir.
Qabar ovucda əmələ gəldiyi kimi, ürəkdə də əmələ gələ bilər.
İsraillilərin əksəriyyətinin başına gələn də elə bu idi. Allah bizi
bundan qorusun!
Lakin Paul daha çoxunu demək istəyir: israillilərin aqibəti faciəli
oldu. Allah yenə də bu kədərli hadisədən yaxşılıq hasil etmək qərarına
gəldi. Çünki israillilərin bu duyğusuzluğu başqa millətlər üçün Allahın
qapılarını açdı. İsrail Xoş Xəbərə qulaq asmaq istəmədiyi üçün onu
sevinclə qəbul edənlərə çatdı. İsrailin imtinası dünyanı
zənginləşdirdi.
Sonra Paul qiymətli fikirlərini açıqlayır. Əgər İsrailin Xoş Xəbəri
qəbul etməkdən imtina etməsi bütpərəstlərin üzünə lütf qapısını açaraq
dünyanı zənginləşdirdisə, bəs sonda Allahın planı tam həyata keçəndən və
İsrail üçün iman qapıları açılandan sonra dünyanı hansı xəzinələr
gözləyir? Beləliklə, sonda faciə ilə birlikdə ümid də gəlir. İsrail
hissiyyatsızlaşdı, ürəyi sərtləşdi; bütpərəstlər isə Allahın məhəbbətinə
iman və güvən yolu ilə gəldilər. Lakin elə gün olacaq ki, Allahın
məhəbbəti sərt ürəklərin buzunu əridəcək, bütpərəstlər və israillilər
Allahın hüzuruna gələcəklər. Paul tamamilə əmindir ki, nəticədə heç nə
Allahın məhəbbətini məhv edə bilməz.
13-24
YABANI
ZEYTUN AĞACI — İMTİYAZ VƏ XƏBƏRDARLIQ (Romalılara 11:13-24)
İndiyə qədər Paul yəhudilərə müraciət edirdi, indi isə başqa
millətlərə müraciət edir. O, bütpərəstlərin həvarisi olduğu halda
xalqını heç vaxt unutmurdu. Əslində, Paulun əsas məqsədi məsihçiliyin
bütpərəstlər üçün etdiklərini yəhudilərə göstərməklə, onlarda qısqanclıq
yaratmaqdır. İnsanda Məsihi qəbul etmək istəyi yaratmağın ən inandırıcı
yollarından biri Məsihin insanlar üçün nələr etdiyini və onun üçün nə
edə biləcəyini göstərməkdir.
Əsgərlərdən biri döyüşdə yaralanır. Keşiş əsgərə tərəf sürünərək onun
üçün əlindən gələni edir. Hətta ordu geri çəkiləndə belə, onun yanında
qalır. Günün qızmar vaxtında özü susasa da, mehtərindən ona su verir.
Gecənin soyuğunda əsgəri qorumaq üçün onu öz paltarı ilə örtür. Sonra
əsgər kahinə baxıb soruşur: «Ata, sən məsihçisən?» «Mən məsihçi olmağa
çalışıram» deyə keşiş cavab verir. Yaralı əsgər deyir: «Əgər məsihçilik
bir insanı mənim üçün etdiklərini etməyə təşviq edirsə, onda məsihçilik
barədə mənə danış, çünki mən də məsihçi olmaq istəyirəm». Əməldə özünü
göstərən məsihçilik həmin əsgərdə də məsihçi olmaq arzusu oyadırdı.
Paulun ümidi, duası və arzusu o idi ki, yəhudilərə məsihçiliyin başqa
millətlərə nə verdiyini göstərmək və onlarda bunu qəbul etmək istəyini
oyatsın.
Əgər yəhudilər Məsihin yolunu qəbul etsəydilər, bu, Paul üçün cənnət
olardı. Əgər yəhudilərin Məsihin yolunu rədd etməsi belə böyük bir
yaxşılığa səbəb olmuşdusa, əgər bu imtina bütpərəstləri Allahla
barışdırmışdısa, onda yəhudilər Allahın hüzuruna gələndə dünya necə
böyük izzətə bürünəcək?! Əgər Məsihin rədd edilməsinin faciəsi belə
gözəl nəticəyə gətirib çıxarıbsa, onda rədd edilmənin faciəsi Onu qəbul
etmənin şöhrəti ilə əvəzlənəndə necə böyük xoşbəxtlik olacaq?! Paula
görə, bu, ölülərdən dirilməyə bərabər idi.
Daha sonra Paul yəhudilərin tamamilə rədd olunmayacağını göstərən iki
mənzərə təsvir edir. Yeməkdən əvvəl bütün yeməklər Allaha təqdim
edilməli idi. Qanunda (Saylar 15:19-20) deyilir ki, yoğrulmuş
xəmirin ilk hissəsi Allaha təqdim olunmalıdır, bundan sonra bütün xəmir
müqəddəs hesab edilirdi. Hər dilim çörəyi qurban verməyə ehtiyac yox
idi. Xəmirin birinci hissəsinin qurban edilməsi bütün xəmiri müqəddəs
edirdi. Belə bir adət də var idi ki, Tanrıya həsr olunmuş yerlərdə
müqəddəs ağaclar əkilirdi. Sonradan həmin ağacların hər bir budağı
Allaha həsr edilmiş hesab olunurdu.
Buradan Paul belə nəticəyə gəlir: onların əcdadları Allaha həsr
olunmuşdu, Allahın səsini eşitmək qabiliyyətinə malik idilər və Allahın
Kəlamını yerinə yetirirdilər. Onlar Allah tərəfindən xüsusi olaraq
seçilmiş və Ona həsr edilmişdirlər. İsrail xalqı onlardan yarandı.
Allaha həsr olunmuş ilk xəmir bütün çörəyi müqəddəs etdiyi kimi, Allaha
həsr olunmuş budaq bütün ağacı müqəddəs etdiyi kimi, İsrailin
əcdadlarının Allaha həsr olunması da bütün xalqı Allaha həsr olunmuş
edirdi. Burada həqiqət var: İsraildən sağ qalanlar özlüyündə o qədər
güclü deyildilər. Onlar imanı əcdadlarından miras almışdılar. Hər
birimiz keçmişdən müəyyən qədər ruhani irs almışıq. Heç birimiz öz
əməyimizin bəhrəsi deyilik. Biz valideynlərimizin və əcdadlarımızın
bəhrəsiyik. Hətta onlardan, irsimizdən uzaq düşsək, utansaq belə, bizi
biz edən lütf və sədaqətdən tamamilə imtina edə bilmərik.
Paul mürəkkəb alleqoriyadan istifadə edərək fikrini davam etdirir.
Peyğəmbərlər dəfələrlə İsrail xalqını Rəbbin zeytun ağacı kimi təsvir
etmişdilər. Bu, olduqca təbii idi, çünki zeytun Aralıq dənizinin ən
tipik və ən faydalı ağacı sayılırdı. «Rəbb sənin adını «Dadlı meyvəsi
olan yaşıl zeytun ağacı» qoydu» (Yeremya 11:16). «Qollu-budaqlı
olacaq, zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq»
(Huşə 14:6). Buna görə də Paul başqa millətləri İsrail xalqı
olan mədəni zeytun ağacına peyvənd olunmuş yabanı zeytun ağacının
budaqları kimi təsvir edir. Bağçılıq baxımından bu, tamamilə mümkün
deyil. Mədəni meyvə verən zeytun əldə etmək üçün yabanı gövdəyə zeytun
peyvənd edilir. Paulun nümunə çəkdiyi üsul heç vaxt tətbiq edilmədi,
çünki faydalı nəticələr verməyəcəkdi. Lakin Paulun bununla nə demək
istədiyi aydındır. Bütpərəstlərin yeri səhrada — yabanı süpürgə kolunun
arasında idi. İndi isə Allahın lütfü sayəsində zəngin və məhsuldar
mədəni zeytun ağacına calaq olundular.
Yuxarıdakılara əsaslanaraq, Paul iki vacib sözü söyləməyi zəruri
hesab edir.
1) Birincisi, bu xəbərdarlıq sözüdür. Bütpərəstlərdə
asanlıqla başqalarına qarşı aşağılayıcı münasibət yarana bilərdi. Məgər
yəhudilərin Allahın hüzuruna daxil olmaları üçün rədd cavabı
verilmədimi? Yəhudilərə hər millətin nifrət etdiyi dünyada belə bir
münasibət xüsusi əhəmiyyət daşımırdı. Lakin Paulun xəbərdarlığı lazım
idi. Əslində o deyir ki, əvvəlcə yəhudilik mövcud olmasaydı,
məsihçilik yarana bilməzdi. Məsihçi İmanlı Cəmiyyəti öz kökünə
borclu olduğunu unudanda, həmin gün fəlakət olacaq. İmanlı Cəmiyyəti
yalnız məsihçiliyi yəhudilərə gətirməklə yəhudiliyə olan borcunu ödəyə
bilər. Beləcə Paul başqa millətlərə xəbərdarlıq edir ki, yəhudilərə xor
baxmasınlar. Paul qəti şəkildə bəyan edir ki, əgər təbii budaqlar
imansızlıq üzündən qoparılıbsa, bu, yeni calaq olunmuş budaqlarla daha
asan baş verə bilər.
2) İkincisi, ümid sözüdür. Bütpərəstlər Rəbbin
xeyirxahlığını, yəhudilər isə Onun ciddiliyini görmüşdülər. Əgər
bütpərəstlər imanda qalmağa davam etsələr, Allahın lütfündə qalacaqlar.
Əgər yəhudilər imansızlıqlarını kənara qoyub imana gəlsələr, onda onlar
yenidən peyvənd olunacaqlar. Paul deyir ki, yabanı budağı bağdakı zeytun
ağacına peyvənd etmək mümkündürsə, onda təməl zeytun budaqlarını ona
peyvənd etmək nə qədər asan və təbii olar? Paul yəhudilərin yenidən
Allahın hüzuruna gələcəkləri günü xəyal edir.
Bu hissədə bəzi məqamları başa düşmək çətindir. Paul indiki dünyaya
bütünlüklə yad olan tərzdə düşünür. Lakin bir fikir tamamilə aydındır —
yəhudilik və məsihçilik arasında, köhnə və yeni arasında birbaşa əlaqə
var. Burada Əhdi-Ətiqi yalnız İsrail tarixinə aid olan və məsihçiliklə
heç bir əlaqəsi olmayan bir kitab kimi rədd etmək istəyənlərə cavab var.
Yalnız axmaq zirvəyə qalxdığı nərdivanı kənara ata bilər. Yalnız ağılsız
budaq özünü gövdəsindən qoparar. Yəhudi inancı məsihçiliyin yarandığı
kökdür. Kamilliyə yalnız o halda nail olunar ki, yabanı və mədəni
zeytunlar vəhdət təşkil etsin, ana ağacda bir dənə də calaq olunmamış
budaq qalmasın.
25-32
HƏR
ŞEY LÜTFLƏ YERİNƏ YETİRİLSİN DEYƏ (Romalılara 11:25-32)
Paul arqumentinin sonuna yaxınlaşır. O, bir yəhudi olaraq onun üçün
çaşqın və ağrılı bir vəziyyətlə üzləşmişdi. O, Allahın seçilmiş xalqının
Onun Oğlunun dünyaya gəlişindən imtina etməsi faktını necəsə izah etməli
idi. Paul heç vaxt bu faciəli fakta göz yummadı. Ancaq bu faciəvi
vəziyyəti Allahın planları ilə əlaqələndirməyin yolunu tapdı. Yəhudilər,
doğrudan da, Məsihi rədd etdilər. Lakin Paul hesab edirdi ki, başqa
millətlər Allaha yaxınlaşa bilsin deyə, bu, baş verməli idi. Allahın
məqsəd və planlarını açıqlamaq üçün Paul hətta iddia edirdi ki,
bütpərəstlərin üzünə qapılar açılsın deyə, yəhudilərin qəlblərini
sərtləşdirən Allahın Özüdür. Hətta belə olsa da, nə qədər paradoksal
səslənirsə səslənsin, Paul israr edir ki, Allahın müjdəsini qəbul
etməməyə görə yəhudilər şəxsən məsuliyyət daşıyır. O, eyni zamanda
Allahın hökmranlığı və insanın məsuliyyəti ideyasını vurğulayırdı. Lakin
Paul sonra ümid barədə danışır. Burada Paulun arqumenti bir qədər
mürəkkəbdir. Biz asan başa düşək deyə, onu parçalayıb, müxtəlif
məqamları vurğulamalı olacağıq.
1) Paul əmin idi ki, yəhudilərin ürəkləri tamamilə sərtləşməmişdir.
Onların sərtləşməsi Allahın məqsədlərinə xidmət edir və sonda aradan
qaldırılacaqdı.
2) Paul yəhudilərin Rəbbin məqsədləri ilə bağlı paradoksal
vəziyyətini ortaya qoyur. Başqa millətlər də Allahın hüzuruna daxil
olsun deyə, Müjdənin ümumbəşəri məqsədləri həyata keçsin deyə, yəhudilər
Rəbbin düşmənlərinə çevrildi. Bununla əlaqədar olaraq, Paul yunan sözü
olan ehtroyi-dən istifadə edir. Bu sözü tərcümə etmək o qədər
də asan deyil. Çünki o, həm aktiv, həm də passiv məna daşıyır: onu həm
«nifrət edən», həm də «nifrət olunan» kimi tərcümə
etmək olar. Çox güman, bu hissədə həmin söz iki mənada oxunur. Yəhudilər
Allahın qurbanını qəbul etməkdən imtina etdiklərinə görə Onunla düşmən
oldular. Allah da onlardan narazı qaldı. Paulun dövründə yəhudilər məhz
bu vəziyyətdə idilər. Bununla yanaşı, heç nə yəhudilərin Allahın
seçilmiş xalqı olması faktını dəyişə bilməzdi. Onların Allahın planında
xüsusi yeri var idi. Yəhudilərin nə etmələrindən asılı olmayaraq, Allah
heç vaxt Öz sözündən dönməzdi. Allah Özü ilə onların əcdadları arasında
əhd bağladı və bu əhd yerinə yetəcəkdi. Paul bu həqiqəti yaxşı dərk
edirdi. Buna görə Yeşaya peyğəmbərin kitabı 59:20-21-dən sitat
gətirir ki, yəhudilərin rədd edilməsi əbədi deyil. Onlar da Allahın
hüzuruna gəlməlidirlər.
3) Burada Paulun ağlına qəribə bir fikir gəlir. O deyir ki, Allah
hamını itaətsizliyə əsir edib ki, onlara mərhəmət göstərsin. Lakin
Paulun təsəvvür edə bilmədiyi bir şey var idi: istənilən millətdən olan
hər bir insan xilasa layiq ola bilər. Yenə də, əgər yəhudilər Allahın
iradəsinə tam itaət etsəydilər, onda hesab edə bilərdilər ki, onlar
haqlı olaraq Rəbbin xilasına layiqdirlər. Beləliklə, Paul qeyd edir:
Allah yəhudiləri itaətsizliyə sövq etdi ki, xilas onlara çatanda bunun
heç bir halda onların əməllərinin nəticəsi deyil, Onun mərhəmətinə görə
olduğu aydın olsun. Yəhudi də, bütpərəst də Allahın mərhəməti olmadan
xilas ola bilməz.
Paulun arqumenti bir çox nöqteyi-nəzərdən qəribə görünə bilər. Onun
gətirdiyi «dəlillər» isə inandırıcı olmaya bilər. Paulun bəzi fikirləri
hətta insanın ağlını, ürəyini sarsıda bilər. Amma bu arqumentin burada
tamamilə yersiz olduğunu iddia etmək olmaz, çünki onu mühüm bir fenomen
— tarixi fəlsəfə dəstəkləyir. Paulun fikrincə, hər şeyə
cavabdeh olan Allahdır. Məqsəd olmadan heç nə baş verə bilməz.
Hətta ən dəhşətli və ürək ağrıdan hadisələr belə, yalnız Allahın
niyyətini həyata keçirmək üçün Onun planı əsasında baş verir. Hadisələr
heç vaxt Allahın nəzarətindən çıxa bilməz. Rəbbin niyyəti heç vaxt boşa
çıxa bilməz.
Deyilənə görə, fırtınalı bir gecədə otağının pəncərəsində dayanıb
küləyin şiddətli əsdiyini görən uşaq belə deyir: «Yəqin ki, Allah öz
küləklərinə nəzarəti itirib». Paulun fikrincə, bu, heç vaxt baş verə
bilməz. Heç nə Allahın nəzarətindən və idarəsindən çıxa bilməz: hər şey
Onun məqsədlərinə xidmət edir.
Bunu tamamlamaq üçün Paul başqa bir heyrətləndirici fikir ifadə edə
bilərdi. Paul təkid edə bilərdi ki, Allahın məqsədi məhv etmək
deyil, xilas etməkdir. Paul daha da irəli getsəydi, deyərdi ki,
Allahın bütün planları insanların iradəsinə zidd olsa da,
onların xilasına yönəlib. Nəticədə Paul belə qənaətə gəlir ki, insanları
təqib edən Allahın qəzəbi deyil, Onun məhəbbətidir.
İsrailin acınacaqlı vəziyyəti mahnının birinci yarısında təsirli
şəkildə təsvir edilib:
Ömrüm puç oldu,
Məsih haqqında nə düşündüm, nə bildim,
Onun çarmıxda günahkarlar üçün
Əzab çəkdiyini bilmədim.
Allahın Kəlamı günahımı aşkar etdi.
Dəhşətli bir boşluqda məhv oldum.
Birdən Məsihi çarmıxda qarşımda gördüm.
Allahın sevgisi qurtuluş planını açdı.
Lütf tam şəkildə zühur etdi.
Günahkarlar üçün çarmıxda
Barışdırıcı verildi.
İsraillilər də oxşar vəziyyətdə idilər. Onlar, həqiqətən, Allaha
qarşı mübarizə aparırdılar. Onlar indi də mübarizələrini davam
etdirirlər. Amma Allahın məhəbbəti həmişə onlarladır. Romalılara
9-11-ci fəsilləri necə oxumağımızdan asılı olmayaraq, bu,
heyranedici sevginin yarımçıq qalmış hekayəsidir.
33-36
MƏFTUN OLMUŞ
ÜRƏYİN NİDASI (Romalılara 11:33-36)
Paul heç vaxt bu qədər xarakterik bir hissə yazmamışdı. Burada
ilahiyyat poeziyaya çevrilir. Burada hər şeyin dərinliyinə varan ağlın
axtarışı ürəkdən gələn pərəstişlə əvəzlənir. Sonda hər şey insanın indi
dərk edə bilmədiyi, amma məğzi sevgi olan sirrə çevrilməlidir. Əgər
insan hər şeyin Allahdan olduğunu, bütün yaradılışın Allah vasitəsilə
yaradıldığını və Onda öz təcəssümünü tapacağını söyləyə bilirsə, başqa
nə demək olar? Bu vəziyyətdə yenə müəyyən ziddiyyət var. Allah insana
ağıl verib ki, insan biliklərinin hüdudlarına çatmaq üçün ondan istifadə
etsin. Düzdür, insan ağlı bəzən bu həddə gəlib çatır. O zaman ona
pərəstiş etmək qalır.
Hər şeyi dərk etməyi mənə nəsib Edəni
Daha yaxşı tərifləyərdim.
Paul bütün varlığı ilə onun ruhunu və ürəyini parçalayan problemlə
mübarizə aparırdı. O, həndəsi məsələni həll etdiyi kimi, bunu həll
etdiyini iddia etmir. Lakin deyir ki, əlindən gələni edəndən sonra, hər
şeyin Rəbbin məhəbbət və qüdrətində olduğundan məmnun olacaq. Həyatda
yalnız belə demək qalır: «Ya Rəbb, mən Sənin ağlını başa düşə bilmirəm,
amma bütün qəlbimlə Sənin sevginə güvənəcəyəm! Qoy Sənin iradən
olsun!»