15-ci fəsil
1-6
QARDAŞLIĞIN
FƏRQLƏNDİRİCİ ƏLAMƏTLƏRİ (Romalılara 15:1-6)
Paul hələ də məsihçi qardaşların bir-biriləri qarşısında
öhdəliklərini müzakirə edir. Xüsusilə, imanda daha güclü qardaşların
imanda zəif olanlara qarşı öhdəliklərini vurğulayır. Bu hissədə
qardaşlığı səciyyələndirən vacib xüsusiyyətlər çox yaxşı açıqlanır.
1) Məsihçi qardaşlığı qarşılıqlı hörmətlə xarakterizə
olunmalıdır. Ancaq bu hörmət bir-birinə qarşı diqqətsiz və sentimental
iddiasızlığa çevrilməməlidir. Hörmət həmişə qardaşın xeyrinə və onun
imanda möhkəmlənməsinə yönəlməlidir. Bu, tənbəllikdən irəli gələn
dözümlülük deyil. Bu, insanı davamlı tənqidə məruz qoymaq əvəzinə onu
sevgi ilə əhatə edib, daha möhkəm imana ruhlandırmaqdır.
2) Məsihçi qardaşlığı Müqəddəs Yazıların öyrənilməsi ilə
fərqlənməlidir. Müqəddəs Yazıların öyrənilməsi məsihçilərə cəsarət
verir. Bu mənada, Müqəddəs Yazılar iki cəhətdən vacibdir:
(a) Müqəddəs Yazılar Allahın insanlarla rəftarına dair faktlar verir:
bu faktlar açıq-aydın göstərir ki, insanlarla pis rəftar etməkdənsə və
cəzadan qaçmaqdansa, həmişə Allahla düzgün münasibətdə olmaq və əziyyət
çəkmək daha yaxşıdır. İsrailin tarixi göstərir ki, sonda əməllərin əvəzi
qanuna uyğundur: yəni möminlər mükafatlandırılacaq, pislər isə layiqli
cəzasını alacaqlar. Müqəddəs Yazılar göstərir ki, Rəbbin yolları həmişə
asan olmur. Lakin nəticədə onlar zaman və əbədiyyət baxımından faydalı,
məqsədyönlü həyata aparan yeganə yoldur.
(b) Müqəddəs Yazılar bizə Allahın böyük və qiymətli vədlərini verir.
Deyilənə görə, pastor Aleksandr Vaytın imanlıları ziyarət edərkən, evdən
çıxanda Müqəddəs Yazılardan sitat gətirmək vərdişi var idi. Bunu edəndə
həmişə belə deyirdi: «Bu ayəni dilinin altına qoy və konfet kimi sovur».
Bu vədlər heç vaxt Sözünü pozmayan Allahın vədləridir. Bu baxımdan,
Müqəddəs Yazı onu öyrənən insana kədərdə rahatlıq və mübarizədə
ruhlandırma verir.
3) Məsihçi qardaşlığı ruhun gücü ilə, yəni əzmkarlıqla
seçilməlidir. Əzmkarlıq — insanın həyata olan münasibətidir. Biz yenə də
hupomone sözü ilə qarşılaşırıq. Bu səbirdən daha böyük şeydir.
Bu, təkcə həyatın gerçəkliklərini qəbul edən güc deyil, həm də onları
qəbul edərək izzətə çevirən gücdür.
4) Məsihçi qardaşlığı ümidlə xarakterizə olunmalıdır.
Məsihçi həmişə realistdir; o, heç vaxt pessimist ola bilməz. Məsihçi
ümidi ucuz bir şey deyil, nikbinliyi uzaqgörənlikdən, mümkün
çətinlikləri görə bilməməkdən və həyat təcrübəsinin olmamasından
qaynaqlanan kor zehnin bəhrəsi deyil. Ehtimal etmək olar ki, ümid etmək
gənclərə aid xüsusiyyətdir. Lakin dahi rəssamlar başqa fikirdə idilər.
İngilis rəssamı Vatts ümidi eyni adlı əsərində əlində lira tutmuş arıq
və beli bükülmüş insan şəklində təsvir etmişdir. Onun lirasında yalnız
bir sim qalmışdır. Məsihçi ümidi hər şeyə qatlaşır və dözür, amma yenə
də ümidsizliyə qapılmır, çünki bu ümid Allaha iman üzərində qurulmuşdu.
Bu iman insana, onun fəzilətinə və ya nailiyyətlərinə görə olan iman
deyil. Bu, Allahın gücünə olan imandır.
5) Məsihçi qardaşlığı birliklə xarakterizə olunmalıdır.
İmanlı Cəmiyyəti nə qədər dəbdəbəli bəzədilsə də, xidməti və musiqisi nə
qədər mükəmməl olsa da, ianələri nə qədər səxavətli olsa da, birliyini
itirmişsə, demək, məsihçi qardaşlığının ən vacib elementini itirmişdir.
Lakin bu o demək deyil ki, fikir ayrılığı, mübahisə və müzakirə
olmayacaq. Bu o deməkdir ki, məsihçi qardaşlığının bir hissəsi olanlar
icmanın məsələlərini ləyaqətli şəkildə həll edirlər. Onlar başa düşürlər
ki, onları birləşdirən Məsih onları ayıra biləcək fərqliliklərdən
müqayisə olunmaz dərəcədə böyükdür.
6) Məsihçi qardaşlığı şükranla xarakterizə edilməlidir.
İnsandan onda nəyin — qəzəbli narazılıq və ya sevincli minnətdarlığın
üstünlük təşkil etdiyini soruşmaqla yoxlamaq olar. Qədim yunan stoik
filosofu Epiktet deyirdi: «Mən, balacaboy, axsaq qoca Allaha həmd
etməkdən başqa nə edə bilərəm?» Məsihçi həyatı dəyərləndirməlidir, çünki
onun Məsihi var. O, sirrini özündə saxlayır və əmindir ki, Allah hər
şeyin ən yaxşısını edəcək.
7) Ancaq məsihçi qardaşlığı üçün ən vacib şey odur ki, o öz
nümunəsini, ilhamını və hərəkətverici qüvvəsini «Özünü razı salmayan»
İsa Məsihdən alır. Paul burada Zəbur 69:9-dan sitat gətirir.
Paul «imanı gücsüz olanların zəifliklərinə dözmək» zərurəti haqqında
danışarkən, o, Məsihin «Çarmıxını necə daşıdığını» (bastatsein)
təsvir etmək üçün istifadə edilən eyni sözü təkrarlayır. İsa Məsih Özünü
razı salmaqdansa, başqa insanlara xidmət etməyi seçməklə, hər bir
davamçısının öyrənməli olduğu bir nümunə qoydu.
7-13
ÜMUMBƏŞƏR,
HAMI ÜÇÜN OLAN İMANLI CƏMİYYƏTİ (Romalılara 15:7-13)
Paul bu müraciətində İmanlı Cəmiyyətinin bütün üzvlərini birliyə
çağırır ki, imanda zəif və güclü olanlar Məsihdə bir bədən kimi
olsunlar, həm yəhudilər, həm də bütpərəstlər qardaşlığın ümumi yollarını
tapsınlar. Onların bir çox fərqli baxış nöqtələri ola bilər. Amma Məsih
birdir, yəhudiləri və bütpərəstləri birləşdirən bağ onların Məsihə olan
ümumi sədaqətidir. Məsihin işləri eyni dərəcədə yəhudilər və
bütpərəstlər üçün nəzərdə tutulmuşdu. O, yəhudi olaraq doğulmuş və
yəhudi qanunlarına tabe idi. Məsihin yəhudi kimi doğulması ona görə idi
ki, yəhudilərin əcdadlarına verilən bütün böyük vədlər yerinə yetsin və
xilas ilk növbədə yəhudilərə gəlsin. Lakin Məsih təkcə yəhudilər üçün
deyil, həm də başqa millətlər üçün gəldi.
Bu fikrin onun öz ağlının məhsulu olmadığını və yalançı təlimi təmsil
etmədiyini sübut etmək üçün Paul Əhdi-Ətiqdən dörd sitat gətirir. Paul
onları Əhdi-Ətiqin yunanca Septuaginta tərcüməsindən (eramızdan əvvəl
III əsrdə Əhdi-Ətiq 70 alim tərəfindən İsgəndəriyyədə yunan dilinə
tərcümə edilmişdir) sitat gətirir. Buna görə də onlar bizə məlum olan
mətnlərdən fərqlənir. Paul Zəbur 18:50; Qanunun təkrarı 32:43; Zəbur
117:1; Yeşaya 11:10-dan sitat gətirir. Bu ayələrin hamısında o,
bütpərəstlərin imana gəlməsi ilə bağlı qədim peyğəmbərlikləri görür. O,
əmindir ki, Məsih bütün insanları xilas etmək üçün bu dünyaya gəldiyi
kimi, İmanlı Cəmiyyəti də insanlar arasında fərq qoymadan hamısını qəbul
etməlidir. Məsih hamının, hər kəsin Xilaskarıdır. Buna görə Onun
Cəmiyyəti də ümumbəşər olmalıdır.
Sonra Paul məsihçi imanının prinsipini yenidən təkrarlayır. Məsihçi
inancının böyük anlayışları yenidən dəyər qazanır.
1) Ümid. Şəxsi təcrübəyə əsaslansaq, ruhdan düşmək asandır.
Gözümüzün qabağında baş verən hadisələr bizi asanlıqla ümidsizliyə sala
bilər.
Çox çətin bir dövrdə imanlı icmasında baş verən hadisə haqqında
hekayə var. İcmanın toplantısı ağsaqqalın duası ilə başlayır. O, Allaha
«lütfü bütün insanlara nazil olan yenilməz qüdrət Sahibi və əbədi Allah»
kimi müraciət edir. Duadan sonra xidmət başlayır. İmanlı icmasının
ağsaqqalı toplaşanlara müraciət edir: «Qardaşlar, cəmiyyətimizdə ümidsiz
vəziyyət yaranıb. Bu vəziyyəti aradan qaldırmaq üçün edə biləcəyimiz heç
nə yoxdur». Burada ya onun dedikləri həqiqət deyildi, ya da onun duası
onun üçün heç bir mənası olmayan boş sözlər idi.
Dəfələrlə deyilib ki, ümidsiz vəziyyət deyə bir şey yoxdur: yalnız
müəyyən situasiyalarda bütün ümidlərini itirmiş insanlar var. Deyilənə
görə, İkinci Dünya Müharibəsinin ağır günlərində Fransanın təslim
olmasından dərhal sonra İngiltərə Nazirlər Şurasının iclası keçirilir.
İngiltərə Nazirlər Şurasının sədri Çörçill vəziyyəti ən ağır şəkildə
təsvir edir. İngiltərə tək qalmışdı. O, sözünü bitirən kimi kabinetə
sükut çökür, nazirlərin bəzilərinin üzlərində ümidsizlik var idi.
Bəziləri isə mübarizədən geri çəkilməyə hazır görünürdü. Çörçil məyus
simalara baxıb sözünü belə bitirir: «Cənablar, hesab edirəm ki, elə də
ümidsiz vəziyyətdə deyilik». Məsihçi ümidində də ümidi qıra bilməyən bir
şey var. Bu, Allahın varlığına olan inamdır. Nə qədər ki, İsa Məsihin
mərhəməti var, heç kim ümidsiz deyil. Nə qədər ki, Allahın qüdrəti var,
heç bir vəziyyət ümidsiz deyil.
2) Sevinc. Sevinc və həzz arasında əsaslı fərq var. Kinik
filosoflar açıq-aşkar bəyan edirdilər ki, həzz pis bir şeydir. Qədim
yunan filosofu, kinik fəlsəfə məktəbinin banisi Antisfen həzz almaqdansa
dəli olmağı üstün tutan qəribə bir fikir ifadə etmişdir. Kinik
filosoflar iddia edirdilər ki, həzz iki ağrı arasında bir fasilədir.
«Siz ağrı verən bir şeyə can atırsınız və onu əldə edirsiniz. İstəyinizə
çatanda ağrılı vəziyyətdə bir fasilə yaranır: siz bu andan həzz
alırsınız, həzz gedir və ağrı geri qayıdır». Həzz belə olur. Lakin
məsihçi sevinci mühitdən asılı deyil: onun mənbəyi bizim şüurumuzdadır.
O, hər yerdə mövcud olan Rəbb Allahın varlığına əmindir. Həm də ona
əmindir ki, heç bir şey bizi Allahın məhəbbətindən ayıra bilməz.
3) Sülh. Qədim filosoflar ataraksiya
adlandırdıqları qayğısız həyat axtarırdılar. Onlar həm sarsıdıcı
zərbələrə, həm də həyatın kiçik gündəlik çətinliklərinə dözən sülhə nail
olmaq istəyirdilər. Demək olar ki, bu gün bu sülh əldən çıxıb. Bu sülhə
iki hal mane olur:
a) Daxili gərginlik. İnsanlar tənha, təcrid olunmuş həyatı
yaşamağa üstünlük verirlər. Nə qədər ki, insan özü ilə savaşıb, ikili
şəxsiyyət olur, onun üçün rahatlıq və sülhdən söhbət gedə bilməz. Bu
vəziyyətdən yalnız bir çıxış yolu var — özünü Məsihə həsr etmək. Çünki
həyatı Məsih tərəfindən idarə olunan insanlar bu daxili gərginlikdən
azaddırlar.
b) Zahiri narahatlıq. Bir çox insanları həyatda fürsətlər və
dəyişkənlik xəyalı təqib edir. İngilis fantastika yazıçısı Herbert Vells
bir dəfə Nyu-York limanında gəmiyə necə mindiyindən danışır:
«Hava dumanlı idi. Birdən dumanın içindən başqa bir gəminin silueti
peyda oldu. Gəmilər, sözün əsl mənasında, bir-birindən bir neçə metr
aralı keçdi».
Gözlənilmədən Herbert Vells həyatda böyük təhlükə adlanan bir məqamla
üzləşdi. Belə bir vəziyyətdə narahat olmamaq mümkün deyil, çünki həyəcan
və qorxu insanlara xas xüsusiyyətdir. Daimi narahatlıq və qorxudan
yeganə çıxış yolu Allahın heç vaxt övladına boş iztirab buraxmayacağına
əmin olmaqdır. Həyatda elə hadisələr baş verə bilər ki, qəbullanması
çətin olur. Əgər biz Allahın bizə olan sevgisinə arxayınıqsa, ürəyi
incidən və ağlı heyrətə salan belə hadisələri təmkinlə qəbul
edəcəyik.
4) Güc. Bu, insana hər şeydən çox lazımdır. Məsələ onda
deyil ki, biz yaxşılıqla pisliyin fərqini bilmirik. Məsələ ondadır ki,
biz yaxşılıq edib, pislikdən uzaq dururuq. Problemlərin öhdəsindən
gəlmək, H.Vellsin dediyi kimi, «niyyətlərimizin gizli nəcibliyi»
reallığa çevirmək lazımdır. Ancaq bunu heç vaxt təkbaşına edə bilmərik.
Yalnız Məsihin qüdrəti zəifliyimizi doldurduqda biz həyatımızı düzgün
istiqamətləndirə bilərik. Biz təkbaşına heç nə edə bilmərik, amma
Allahın köməyi ilə hər şeyi edə bilərik.
14-21
SÖZLƏR
İNSANIN NECƏ OLDUĞUNU GÖSTƏRİR (Romalılara 15:14-21)
Bu hissədəki bir neçə sətir Paulun xarakterini aydın şəkildə
göstərir. Paul məktubunu yekunlaşdırır və Romaya planlaşdırdığı səfəri
üçün zəmin hazırlamağa başlayır. Bu hissədə biz həmfikirləri əldə etmək
üçün Paulun bəzi üsullarını görürük:
1) Paul nəzakətli insan kimi davranır. Burada heç bir qınaq
yoxdur. Paul qardaşlarında nöqsan axtarmır, onlarla qəzəbli və sərt
tonda danışmır. O, yalnız imanlı qardaşlara onların yaxşı bildiklərini
xatırladır, onların Allaha və bir-birilərinə xidmətdə çox şeyə nail ola
biləcəklərinə inamlarını gücləndirir. Paulu ən çox maraqlandıran insanın
kim olduğu deyil, gələcəkdə kim ola biləcəyi idi. Paul onların
nöqsanlarından xəbərdar idi, onları olduqları kimi günahkar məxluqlar,
deyil, gələcəkdə ola biləcəkləri mömin qardaşları kimi görürdü. Rəvayətə
görə, bir dəfə italyan heykəltəraş Mikelancelo üzərində işləmək üçün
nəhəng formasız mərmər parçasını götürərək, içindəki mələyi azad etmək
niyyətində olduğunu demişdi. Paul da eyni şeyi edirdi: o, imanlılar
üzərinə daim tənqidlər yağdırıb onları incitmirdi. O, dürüst və ciddi
danışırdı, lakin məqsədi insanın indi ola bilmədiyi, gələcəkdə isə çata
biləcəyi möminliyə kömək etmək idi.
2) Paul yalnız bir izzətə iddia edirdi — Məsihin xidmətçisi
olmağa. Bunu ifadə etmək üçün o, məşhur bir sözdən istifadə edir —
leitourgos. Qədim Yunanıstanda bəzi dövlət vəzifələri —
liturgiyes (leitougriayi) — var idi. Bu vəzifələr bəzi
insanların üzərinə qoyulur, bəzən də vətənini sevən insanlar tərəfindən
könüllü icra edilirdi.
Vətənpərvər vətəndaşların, adətən, könüllü olaraq üzərlərinə
götürdükləri beş vəzifə bunlardır:
a) Xoregiya, yəni xor yaratmaq vəzifəsi. Antik dövrün böyük
şairləri Esxil, Sofokl və Evripid ölməz pyeslərini səhnələşdirəndə,
onlarda həmişə şeir deyən xor çıxış edirdi. Böyük dramatik sənət
festivalları zamanı, məsələn, tanrı Dionisin şərəfinə təşkil olunan
mərasimdə ardıcıl olaraq on səkkiz drama səhnələşdirilirdi. Xalqını
sevən insanlar könüllü olaraq öz vəsaitləri hesabına xoru dəstəkləyir,
hazırlayır, öyrədir, lazım olan hər şeylə təchiz edirdilər.
b) Qumnaziarxiya. Afinalılar on qəbiləyə bölünmüşdü, onların
arasında çoxlu görkəmli idmançılar da var idi. Bayramlar zamanı bütün
qəbilələrdən olan komandaların bir-biri ilə yarışdığı məşhur məşəl
qaçışı keçirilirdi. Belə yarışlarda qalib gəlmək böyük şərəf idi.
Afinanın vətənpərvər vətəndaşları öz qəbilələri üçün yarışan komandaları
seçib, məşq etdirirdilər.
c) Hestiastis. Xüsusi günlərdə tayfalar ümumi ziyafət və
şənliklər üçün bir araya toplaşırdılar: səxavətli vətəndaşlar belə
bayramların xərclərini qarşılayırdılar.
d) Arxeteoriya. Bəzən afinalılar orakuldan məsləhət almaq
üçün səfirləri ya başqa şəhərə, ya da Delfi və ya Dodona göndərirdilər.
Belə olan halda, şəhərin şərəfini qorumaq üçün mümkün olan hər şeyi
etmək lazım idi. Belə bir səfirliyin təşkili üçün yenə də könüllü olaraq
pul verən vətənpərvərlər var idi.
d) Trierarxiya. Qədim Afinada dənizçilik güclü inkişaf
etmişdi. Afinalıların ən vətənpərvər hərəkətlərindən biri o idi ki,
döyüş gəmilərini könüllü olaraq bir il ərzində hər şeylə təchiz
edirdilər. Qədim dövrlərdə leitourgos sözünə verilən məna belə
idi. Sonralar həmin vətənpərvərlik hissi zəifləyəndə, bu öhdəliklərin
yerinə yetirilməsi məcburiyyətə çevrildi. Zaman keçdikcə bu söz
istənilən xidməti təyin etmək üçün istifadə olunmağa başladı. Daha sonra
isə tanrıların şərəfinə məbəddə xidmət mənasını qazandı. Buna
baxmayaraq, bu söz həmişə öz ilkin mənasını — fədakar, nəcib xidmət
mənasını saxlamışdır. Necə ki, qədim Afina sakini sevimli şəhərinə
xidmət məqsədilə var-dövlətini qurban verib, bu əməli özü üçün şərəf
hesab edirdi, Paul da əlində olan hər şeyi Məsihin qurbangahına qoyub,
Onun xidmətçisi olduğuna görə xoşbəxt idi.
3) Ümumiyyətlə, Paul özünü Məsihin əlində alət kimi görürdü.
Paul özünün etdiklərindən danışmır, Məsihin onunla və onun vasitəsilə
etdiklərindən danışır. Paul heç vaxt bir şey haqqında «mən bunu etdim»
deməzdi, həmişə «Məsih bunu mənim vasitəmlə etdi» deyərdi. Bir dəfə
təbliğçilərdən biri ibadət zamanı dedi: «Əgər bir nəfər özünü tamamilə
və qeyd-şərtsiz olaraq Müqəddəs Ruha təslim etsəydi, görün Müqəddəs Ruh
onun vasitəsilə nələr edərdi!» Deyilənə görə, D.L.Mudi bu sözləri
eşidəndə öz-özünə deyir: «Niyə də mən həmin adam olmayım?» Bu an onun
bütün həyatını dəyişir. Bütün dünya Müqəddəs Ruhun D.L.Mudi vasitəsilə
nə etdiyini bilir. Böyük hadisələr o zaman baş verir ki, insan nə edə
biləcəyi barədə düşünməyi dayandırıb, Allahın onun vasitəsilə nələr edə
biləcəyini düşünməyə başlayır.
4) Paul Müjdənin çatmadığı yerlərdə onu təbliğ etməyə
çalışırdı. Deyilənə görə, Devid Livinqston London Missionerlər
Cəmiyyətində könüllü olanda, ondan missioner kimi hara getmək istədiyini
soruşublar. Livinqston da belə deyib: «Hara lazımdır, ora. Əsas odur ki,
irəli gedim». O, Afrikaya gedəndə uzaqdan yüzlərlə kəndin Allah üçün
necə yandığını görmüşdü. Paulun yeganə arzusu o idi ki, Allahın
Müjdəsini heç vaxt eşitməyən insanlara Müjdə çatdırsın. Məqsədini izah
etmək üçün Paul Yeşaya peyğəmbərin kitabı 52:15-dən sitat
gətirir. «Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında
padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək,
eşitmədiklərini anlayacaq».
22-29
İNDİKİ VƏ GƏLƏCƏK
PLANLAR (Romalılara 15:22-29)
Burada Paul özünün indiki və gələcək planlarından danışır.
1) Paul iki səbəbə görə gələcəkdə İspaniyaya getmək niyyətində idi.
Birincisi, İspaniya Avropanın uzaq qərbində yerləşirdi. Bir tərəfdən bu,
o dövrdə sivil dünyanın sərhədi idi. Təkcə bu amil Paulun orada təbliğ
etmək istəyinə səbəb ola bilərdi. Allahın Müjdəsini yerin ucqarlarına
çatdırmaq arzusu Paula xas xüsusiyyət idi.
2) Həmin vaxt İspaniyada bir növ dahilik partlayışı yaşanırdı. Roma
İmperiyasının bir çox böyük adamları ispan mənşəli idi. Məsələn: epik
şair Lukan, epiqramma ustası Martsial, dövrünün ən böyük natiqlik
müəllimi Kvintilian. Üstəlik, Neronun əvvəlcə tərbiyəçisi, sonra isə baş
naziri olmuş böyük stoik filosof Seneka da ispan idi. Bəlkə də Paul
özlüyündə fikirləşirdi ki, əgər o, ispanların qəlbinə toxunsa və onları
Məsihə yönəldə bilsə, bunun fövqəladə nəticələri ola bilər.
3) Paulun niyyəti tezliklə Yerusəlimə getmək idi. Onun ürəyində onun
üçün qiymətli olan bir planı vardı: gənc imanlı cəmiyyətlərində
Yerusəlimdəki yoxsul imanlılar üçün pul yığmağı təşkil edirdi. Bu
pullara, şübhəsiz, orada çox böyük ehtiyac var idi. Yerusəlim kimi bir
şəhərdə çox vaxt Məbəd və Məbədin ehtiyacları üçün işləməklə pul
qazanmaq olardı. Bütün kahinlər və Məbədin rəhbərliyi sadukeylər idi.
Sadukeylər isə İsanın ən qatı düşmənləri sayılırdılar. Çox güman,
Yerusəlimdə Məsihi qəbul etmiş bir çox insanlar işlərini itirib,
yoxsulluq içində yaşamağa məcbur olmuşdular və gənc imanlı
cəmiyyətlərinin onlara edə biləcəyi köməyə ehtiyacları vardı. Lakin
yardımı Yerusəlimə çatdırmaq üçün Paulun bu qədər səy göstərməsinin
başqa səbəbləri də var idi:
a) O, şəxsən özünü buna borclu bilirdi. Paulu Yerusəlim İmanlı
Cəmiyyətinin ağsaqqalları başqa millətlərə həvari kimi göndərmək
qərarına gələndə, ona bu barədə nəsihət vermişdilər. Paul bu nəsihəti
unutmurdu. O, Qalatiyalılara məktubda belə yazmışdı: «Yalnız yoxsulları
yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim»
(Qalatiyalılara 2:10). Beləliklə, o, az da olsa, bu nəsihətə
əməl etmək niyyətində idi.
b) Praktikada imanlılara Cəmiyyətin birliyini göstərmək üçün bundan
daha yaxşı yol yoxdur. Bu, gənc imanlı cəmiyyətlərə göstərirdi ki, onlar
təcrid olunmuş qruplar və icmalar deyil, bütün dünyaya yayılmış böyük
Cəmiyyətin üzvləridir. Yardım etməyin əhəmiyyəti ondan ibarətdir ki, biz
təkcə yerli icmanın deyil, həm də qlobal icmanın üzvləriyik.
c) Məsihçiliyi əməldə göstərmək üçün bundan daha yaxşı yol yox idi.
Məsihçi alicənablığı və səxavəti haqqında danışmaq asan idi; bu halda
Məsihin sözlərini Məsihin əməllərinə çevirmək imkanı var idi.
Məhz bu səbəbdən Paul Yerusəlimə, oradan da İspaniyaya səfər etməyi
planlaşdırırdı. Bildiyimizə görə, Paul İspaniyaya gedib çıxa bilmədi.
Çünki Yerusəlimdə o, uzun müddət həbsdə qaldı və sonda ölümü ilə
nəticələnən çətinliklərlə qarşılaşdı. Sanki bu, böyük pionerin heç vaxt
həyata keçirə bilmədiyi planlarından biri idi.
30-33
AÇIQ GÖZLƏ
TƏHLÜKƏYƏ DOĞRU (Romalılara 15:30-33)
Əvvəlki hissənin son sözlərindən belə aydın olur ki, Paulun
İspaniyaya getmək planı heç vaxt baş tutmadı. Bildiyimizə görə, o,
Yerusəlimə gedəndə həbs edildi və sonrakı dörd ilini həbsdə keçirdi —
iki ili Qeysəriyyədə, iki ili Romada. Burada bir daha onun güclü
xarakteri ortaya çıxır.
1) Paul Yerusəlimə gedəndə nə etdiyini bilirdi və qarşıda onu
gözləyən təhlükələrdən xəbərdar idi. Paul da Rəbbi kimi (Luka
9:51) Yerusəlimə doğru qəti addımlarla yollandı. Sarsılmaz cəsarət
məhz odur ki, insan onu gözləyən təhlükələri gözə alaraq irəliləyir. İsa
Məsihin nümayiş etdirdiyi cəsarət də elə budur. Məsihin bütün
davamçıları da belə cəsarət nümayiş etdirməlidirlər.
2) Bu halda Paul xahiş edir ki, Romadakı imanlı cəmiyyəti onun üçün
dua etsin. Axı bizi sevənlərin hərarətli duası ilə əhatə olunduğumuzu
bilə-bilə getmək böyük lütfdür. Aramızdakı məsafə nə qədər uzaq olsa da,
biz mərhəmətli Allahın taxtı önündə görüşə bilərik.
3) Paul vidalaşarkən onlara xeyir-dua verir. Bu, şübhəsiz ki, onlara
verə biləcəyi yeganə şey idi. Hətta verəcək bir şeyimiz olmasa belə,
dostlarımız və sevdiklərimiz üçün Allaha dua edə bilərik.
4) Paul sülh bəxş edən Allahın xeyir-duasını Romaya verdi, özü də
sülh bəxş edən Allah ilə birlikdə Yerusəlimə, onu gözləyən təhlükələrlə
doğru getdi. Qəlbində Allahın sülhü olan insan qorxuya qalib gələrək
istənilən təhlükə ilə üzləşə bilər.