2-ci fəsil
1-11
İMTİYAZLARIN
MƏSULİYYƏTİ (Romalılara 2:1-11)
Bu hissədə Paul fikirlərini davam etdirərək birbaşa yəhudilərə
müraciət edir. Əvvəlki hissədə o, Rəbbin lənəti altında olan
qeyri-yəhudi dünyasının dəhşətli mənzərəsini təsvir etmişdi. Yəhudilər
bu lənətin hər kəlməsi ilə tam razı idi. Lakin ağıllarına belə heç vaxt
gətirməzdilər ki, bu lənət onlara da aiddir. Onlar elə güman edirdilər
ki, xüsusi mövqeyə malikdirlər. Allah başqa millətlərin Hakimi ola
bilər, lakin O, yəhudilərin xüsusi Müdafiəçisidir. Paul burada
yəhudilərə göstərir ki, onlar bütpərəstlər qədər eyni dərəcədə
günahkardırlar. Onlar bütpərəstləri qınayanda özlərini də mühakimə
edirlər. Onlar irqi mənşəyinə görə deyil, həyat tərzlərinə görə mühakimə
olunacaqlar.
Yəhudilər elə güman edirdilər ki, Allahın gözündə xüsusi imtiyazlı
mövqeyə malikdirlər. Onlar iddia edirdilər ki, yer üzünün bütün xalqları
arasında Allah yalnız İsraili sevir:
«Allah digər millətləri bir ölçü ilə, yəhudiləri isə başqa ölçü ilə
mühakimə edəcək».
«Bütün israillilərin o dünyada yeri var».
«İbrahim peyğəmbər cəhənnəmin qapısında oturub, heç bir günahkar
israillinin oradan keçməsinə icazə vermir».
Əzabkeş Yustin ilə yəhudi Trifon arasında yəhudilərin mövqeyi ilə
bağlı mübahisə düşən zaman yəhudi dedi: «Cismani olaraq İbrahim
peyğəmbərin nəslindən olanlar — istər günahkar, istər imansız, istərsə
də Allaha itaətsiz olsun — əbədi Padşahlığa daxil olacaqlar». Süleyman
peyğəmbərin «Süleymanın müdrikliyi kitabı»nın müəllifi Allahın
yəhudilərə və bütpərəstlərə münasibətini müqayisə edərək deyir: «Çünki
Sən İsrailliləri ata kimi dərs verərək sınağa çəkdin, amma Misirliləri
padşah kimi sərtliklə sorğu edərək məhkum etdin» (Süleymanın
müdrikliyi 11:10). «Beləcə, bizə dərs verərkən düşmənlərimizi min
dəfə artıq cəzalandırırsan» (Süleymanın müdrikliyi 12:22).
Yəhudini Allahın qəzəbindən etdiyi xeyirxahlıq deyil, yalnız yəhudi
olması xilas edəcək.
Bu fikri təkzib edərkən Paul bizə dörd şeyi xatırladır:
1) O, yəhudilərə birbaşa bəyan edir ki, onlar Allahın mərhəmətindən
sui-istifadə edirlər. 4-cü ayədə o, üç vacib sözdən istifadə
edir. Paul yəhudilərdən soruşur: «...sən Allahın zəngin
xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan?»
Gəlin böyük əhəmiyyətə malik bu üç sözü nəzərdən keçirək:
a) Zəngin xeyirxahlıq (krestotes). Bu söz haqqında Trenç
belə deyir: «Bu, gözəl sözdür, çünki gözəl bir fikri ifadə edir». Yunan
dilində iki söz var: aqatos və krestos. Aralarında
belə bir fərq var: aqatos sözü ilə xarakterizə edilən insanın
xeyirxahlığı sonda məzəmmət, cəza və tövbə etdirməklə nəticələnə bilər.
Lakin krestos kimi səciyyələndirilən insan həmişə xeyirxahdır.
İsa Məsih sərrafları və göyərçin satanları Allahın Məbədindən qovanda
aqatos idi. Ayaqlarını yuyan günahkar qadına və zina üstündə
tutulan qadına mehribanlıqla yanaşanda isə krestos idi. Paul
sanki deyir: «Siz yəhudilər, sadəcə olaraq, Allahın böyük
xeyirxahlığından istifadə etməyə çalışırsınız».
b) Həlimlik (anohe). Anohe — barışıqdır. Bu söz
düşmənçiliyin dayandırılması deməkdir, lakin müvəqqəti dayandırmaqdır.
Mahiyyət etibarı ilə, Paul yəhudilərə deyir: «Elə bilirsiniz ki, Allahın
ədaləti sizi hələ cəzalandırmayıb deyə təhlükəsizlikdəsiniz? Xeyr. Allah
sizə istədiyinizi etmək üçün azadlıq verməyib; O sizə tövbə etmək və
həyat tərzinizi dəyişmək fürsəti verir». İnsan cəzalandırılmadan ömrü
boyu günah etməyə bilməz.
c) Səbir (makrotumiya). Makrotumiya — insanlarla
münasibətdə böyük səbri ifadə edən xüsusi bir sözdür. İoann Zlatousta
görə, bu söz qisas almaq gücünə və səlahiyyətinə malik olan, lakin özünü
saxlayan insanı təsvir edir. Mahiyyət etibarı ilə, Paul yəhudilərə
deyir: «Əgər Allah sizi cəzalandırmırsa, elə düşünməyin ki, O, bunu edə
bilmir. Günahın ardınca dərhal cəza gəlmirsə, bu Onun acizliyini
göstərmir. Bu, Allahın hədsiz səbirli olmasına dəlalət edir. Siz Allahın
səbri sayəsində hələ də sağsınız».
Böyük şərhçilərdən biri deyir ki, hər bir insanın cəzasız qalacağına
dair cüzi də olsa ümidi, «bu mənim başıma gələ bilməz» hissi var.
Yəhudilər isə hədlərini aşdılar: onlar açıq şəkildə Allahın cəzasından
azad olduqlarını iddia edirdilər, Onun mərhəmətindən sui-istifadə
edirdilər. Bu günə qədər bir çox insanlar eyni şeyi etməyə davam
edir.
2) Paul yəhudiləri məzəmmət edir ki, onlar Allahın mərhəmətinə tövbə
etmək fürsəti kimi yox, günaha həvəsləndirici kimi yanaşırlar. Bir dəfə
Henri Geyneyə «Nə üçün özünə bu qədər əmindir?» sualını verəndə, o,
fransızca belə cavab vermişdir: «Bu, Allahın işidir». Onu o dünya
maraqlandırmırdı.
Gəlin bu barədə sırf insani baxımdan düşünək. İnsanın insani
bağışlanmaya münasibəti iki cür ola bilər. Tutaq ki, gənc bir qız
utancverici və ürəkağrıdan bir iş görüb. Valideynləri qızlarını
sevdiyinə görə onu səmimi qəlbdən bağışlayır, bir daha bunu
xatırlatmırlar. Onda qız ya valideynlərin əfvinə arxalanaraq eyni
utancverici hərəkətləri davam etdirə bilər, ya da valideynlərinin onu
bağışlaması onda səmimi minnətdarlıq hissi yarada bilər və o, bütün
həyatı boyu onların əfvinə layiq olmağa çalışar. Bağışlanmadan
sui-istifadə edib, günaha davam etmək qədər utancverici heç nə yoxdur.
Yəhudilərin etdiyi də məhz bu idi. Bu gün bir çox insan da məhz bunu
edir. Allahın mərhəməti və məhəbbəti insanda günah işlədib cəzasız qala
biləcəyinə əminlik yaratmamalıdır. Allahın bizə mərhəmət və məhəbbət
göstərməsinin məqsədi odur ki, günahdan yan qaçaq deyə qəlblərimizə
təsir etsin.
3) Paul təkid edir ki, Allahın yaradılış sistemində artıq seçilmiş və
seçilməyən xalqlar arasında heç bir fərq yoxdur. Elə xalqlar ola bilər
ki, onlara xüsusi tapşırıq və xüsusi məsuliyyət verilsin. Amma elə xalq
yoxdur ki, xüsusi imtiyazlardan istədiyi kimi istifadə etmək üçün
seçilsin. Bəlkə də bu, böyük ingilis şairi Miltonun dediyi kimidir:
«Allahın görəcəyi böyük bir iş olanda, onu ingilislərə həvalə edir».
Lakin burada söhbət böyük imtiyazdan yox, böyük və mühüm
tapşırıqdan gedir. Yəhudi inancı yəhudilərin xüsusi yeri olduğuna və
onların Allahın nəzərində xüsusi lütf qazandıqlarına inam üzərində
qurulmuşdu. Bizə elə gələ bilər ki, bu cür inancların hökm sürdüyü
dövrlər çoxdan keçib gedib. Amma doğrudan belədirmi? Məgər bu gün «rəng
baryeri» — dəri rənginə görə irqi ayrı-seçkilik yoxdurmu? Məgər indi
özünü üstün sayan, başqalarını, ingilis yazıçısı Kiplinqin ifadə etdiyi
kimi, «qanunsuz aşağı təbəqəli qardaşlar» görən düşüncə yoxdurmu? Biz
bütün xalqların eyni dərəcədə istedadlı olduğunu iddia etmirik. Lakin bu
o deməkdir ki, inkişaf etmiş xalqlar başqa xalqlara yuxarıdan aşağı
baxmamalıdırlar. Əksinə, onların digər xalqların inkişafına kömək etmək
öhdəliyi var.
4) Həvari Paulun fəlsəfəsini başa düşmək üçün məktubun bu hissəsi
diqqətlə araşdırılmalıdır. Belə təzadlı fikirlər var ki, Paul vacib olan
yeganə şeyin — iman olduğunu deyir. İnsanın əməllərinin vacibliyini
vurğulayan din laqeydcəsinə kənara atılır, sanki Əhdi-Cədidlə heç bir
əlaqəsi yoxdur. Ancaq bu mövqe həqiqətdən çox uzaqdır. Paul deyir:
«Allah hər kəsə əməlinə görə əvəzini verəcək». Paula görə, əməllərdə
təzahür etməyən iman təhrif olunmuş imandır və əsl imanla heç bir
əlaqəsi yoxdur. Paul hətta deyir ki, insanın imanını yalnız onun
əməlində görmək olar. İman yolunun ən təhlükəli anlayışlarından biri
məhz odur ki, iman və əməl tamamilə fərqli və bir-birinə aidiyyəti
olmayan iki anlayışdır. Bəhrəsiz iman olmadığı kimi, insan əməllərində
özünü təzahür etdirməyən iman da ola bilməz. İnsanın əməlləri ilə imanı
ayrılmaz şəkildə bir-birinə bağlıdır. Bir də, Allah insanı əməli olmadan
necə mühakimə edə bilər? Biz sadəcə olaraq «iman edirəm» deyib, işimizin
bitdiyini düşünə bilmərik. İmanımız əməllərimizdə təzahür etməlidir,
çünki əməllərimizə görə ya mükafatlandırılacaq, ya da mühakimə
olunacağıq.
12-16
YAZILMAMIŞ QANUN (Romalılara
2:12-16)
Tərcümədə biz ayələrin ardıcıllığını bir qədər dəyişdik. Məna
baxımından 16-cı ayə 13-cü ayədən sonra gəlir, 14 və 15-ci ayələr isə
giriş hissəsidir. Nəzərə almaq lazımdır ki, Paul bu məktubu masa
arxasında oturaraq hər kəlməni, hər ifadəni düşünərək yazmayıb. O,
otaqda gəzişərək, katibi Tertiyə diktə edərək yazdırıb (Romalılara
16:22). Terti isə deyilənləri ciddi səylə yazmağa çalışıb. Məktubun
giriş hissəsinin uzun olması bununla izah edilir. Lakin 13-cü ayədən
16-cı ayəyə keçib, sonra 14 və 15-ci ayələrə baxsaq, onun dəqiq mənasını
başa düşmək daha asan olar.
Bu hissədə Paul başqa millətlərə müraciət edir. O, yəhudilər haqqında
məsələni və onların xüsusi imtiyazlar iddiasını nəzərdən keçirir. Ancaq
yəhudilərin bir üstünlüyü var idi — Qanun. Bütpərəstlər də eyni şəkildə
cavab verib deyə bilərdilər: «Əgər Allah Qanuna sahib olub, onu bilən
yəhudiləri məhkum etsəydi, daha ədalətli olardı. Heç şübhəsiz ki, biz
cəzadan xilas olacağıq, çünki Qanunu bilmək imkanımız olmayıb.
Olmadığına görə də yaxşısını edə bilməzdik». Buna cavab olaraq Paul iki
mühüm prinsipi izah edir.
1) İnsan Qanunu bilmək imkanı olduğuna görə əməllərinin əvəzini
alacaq. Əgər o, Qanunu bilirdisə, o zaman Qanunu bilən adam kimi
mühakimə olunacaq. Əgər o, Qanunu bilməyibsə, onda Qanunu bilməyən adam
kimi mühakimə olunacaq. Allah ədalətlidir. İsa Məsihin gəlişindən əvvəl
dünyada yaşayan və Məsihin Müjdəsini eşitmək imkanı olmayanların taleyi
necə olacaq deyə soruşanların cavabı isə budur: insan bildiyi ən yüksək
həqiqətlərə necə sadiq qaldığına görə mühakimə olunacaq.
2) Paul daha sonra deyir ki, hətta yazılı Qanunu bilməyənlərin də
ürəklərində yazılmamış qanun var. Biz bunu instinktiv olaraq xeyir və
şəri bilmək adlandırırıq. Stoiklər deyirdilər: kainatda müəyyən qanunlar
var ki, onların pozulması insana müxtəlif bəlalar gətirir. Məsələn,
sağlamlıqla bağlı qanunlar, həyat və həyat tərzini tənzimləyən əxlaq
qanunları. Bu qanunları fuzis, yəni təbiət qanunu
adlandırırdılar və insanı onlara əsasən yaşamağa məcbur edirdilər. Paul
iddia edir ki, insan təbiətən nə etməli olduğuna dair instinktiv biliyə
sahibdir. Yunanlar bu fikirlə razılaşardılar. Aristotel deyirdi: «Mədəni
və azad insan özünü elə aparacaq ki, sanki özü özünün qanunudur».
Plutarx belə bir sual verirdi: «Hökmdarı
kim idarə etməlidir?» Özü də bu suala belə cavab verirdi: «Pindarın
dediyi kimi, bütün fanilərin və ölməzlərin hökmdarı olan qanun papirus
vərəqlərində və taxta lövhələrdə yazılmayıb, lakin insana xas olan ağılı
təmsil edir, daim onun üzərində hakim olub, onu heç vaxt rəhbərsiz
buraxmır».
Paul dünyadakı insanların iki qrupa bölündüyünü görürdü. O, Allah
tərəfindən verilmiş və hər kəsin onu oxuya bilməsi üçün yazılmış Qanuna
malik yəhudiləri görürdü. O, yazılı Qanuna malik olmayan, lakin Allah
tərəfindən onların ürəyinə qoyulan xeyir və şəri bilən başqa xalqları
görürdü. Nə yəhudilər, nə də digər xalqlar Allahın cəzasından azad
olduqlarını iddia edə bilməzdi. Yəhudi Allahın planlarında xüsusi yeri
olduğuna görə cəzadan azad olunduğunu iddia edə bilməz. Bütpərəst heç
vaxt yazılı Qanun almadığı üçün cəzadan qurtulmağa ümid edə bilməz.
Yəhudi Qanunu bilən adam kimi mühakimə olunacaq; bütpərəst isə Allahın
onun ürəyinə yazdığı biliklə mühakimə olunacaq. Allah insanları
bildiklərinə və bilmək imkanlarına görə mühakimə edəcək.
17-29
ƏSL YƏHUDİ (Romalılara 2:17-29)
Bir yəhudi üçün bu hissə heyrətamiz bir hadisə olmalıdır. Yəhudi əmin
idi ki, Allah ona İbrahimin nəslindən olduğuna və bədənində sünnət
əlaməti daşıdığına görə xüsusi lütf göstərir. Lakin Paul bir fikir irəli
sürür və dəfələrlə bu fikrə qayıdır. O, israrla qeyd edir ki, yəhudi
olmaq heç də irqi məsələ deyil. Bunun sünnətlə də heç bir əlaqəsi
yoxdur. Bu, həyat tərzi məsələsidir. Əgər belədirsə, İbrahim peyğəmbərin
nəslindən olan və bədənlərində sünnət əlaməti daşıyan yəhudilərin çoxu
heç də yəhudi deyillər. Eynilə də, İbrahim peyğəmbər haqqında heç vaxt
eşitməyən və sünnət haqqında heç vaxt düşünməyən bir çox millətlər,
sözün əsl mənasında, həqiqi yəhudilərdir. Bir yəhudi üçün bu fikir ən
dəhşətli bidət kimi səslənər və onu son dərəcə qəzəbləndirərdi.
Bu hissənin son ayəsində adekvat tərcümə etmək mümkün olmayan bir söz
oyunu var: «Belə adamın tərifi də insandan yox, Allahdan gələr». Yunan
dilində tərif — epainos deməkdir. Əgər Əhdi-Ətiqə qayıtsaq
(Yaradılış 20:35; 49:8), yəhudi sözünün ilkin və ənənəvi
mənasının — tərif — epainos olduğunu görərik. Buna görə də bu
ifadənin iki mənası var: a) bir tərəfdən, «belə adamın tərifi də
insandan yox, Allahdan gələr» deməkdir; b) digər tərəfdən, belə adamın
yəhudilərə mənsub olub-olmaması insanlar tərəfindən deyil, Allah
tərəfindən müəyyən edilir. Bu hissənin mənası ondan ibarətdir ki,
Allahın vədləri müəyyən irqdən olan və ya bədənlərində müəyyən əlamətlər
daşıyan insanlara aid deyil. Allahın vədləri irqindən asılı olmayaraq
müəyyən həyat tərzi yaşayan insanlara aiddir. Yəhudi olmaq — nəsil
şəcərəsi məsələsi deyil, şəxsiyyət məsələsidir. Çox vaxt mənşəcə yəhudi
olmayan bir adam irqinə görə yəhudi olan adamdan daha yaxşı yəhudi ola
bilər.
Bu hissədə Paul deyir ki, davranışları ilə başqa millətlər arasında
Allahın adına küfr etdirən yəhudilər də var. Bu da tarixi bir faktdır
ki, yəhudilər hələ də dünyanın xor baxdığı xalqdır. Gəlin Əhdi-Cədid
dövründə bütpərəstlərin yəhudilərə necə yanaşdığına baxaq.
Bütpərəstlər yəhudi dinini «barbar xurafatı», yəhudilərə isə «ən
iyrənc irq» və «ən alçaq qul cəmiyyəti» kimi baxırdılar. Yəhudiliyin
mənbəyi və mənşəyi cəhalətlə təhrif edilirdi. Onlar deyirdilər ki,
yəhudilərin əsli Misir fironu tərəfindən qum karxanalarına göndərilmiş
cüzamlılar qrupu olub. Musa bu dəstəni toplayıb səhradan keçərək İsrailə
gətirib. Onlar deyirdilər ki, yəhudilər eşşəyin başına pərəstiş
edirdilər, çünki səhrada susuzluqdan öləndə vəhşi eşşək sürüsü onları
suya aparıb. Onlar deyirdilər ki, yəhudilər donuz əti yemir, çünki
donuzlar qotur adlanan dəri xəstəliyinə qarşı həssasdır və yəhudilər
Misirdə olarkən bu xəstəlikdən əziyyət çəkiblər.
Yəhudilərin bəzi adətləri bütpərəstlər tərəfindən məsxərəyə
qoyulurdu. Onların donuz ətindən tamamilə imtina etməsi şit zarafatlara
səbəb olmuşdu. Plutarx hesab edirdi ki, bunun səbəbi yəhudilərin donuza
tanrı kimi sitayiş etmələri ola bilər. Yuvenal bunu onunla izah edirdi
ki, yəhudilərin ürəklərinin yumşaqlığı donuza qocalana qədər yaşamaq
imkanı verir və donuz əti onlar üçün insan ətindən daha dəyərlidir.
Şənbə gününə riayət etmək adəti sırf tənbəllik kimi qəbul edilirdi.
Yəhudilərin xoşuna gələn bəzi şeylər bütpərəstləri qəzəbləndirirdi.
Bununla belə, bir şey anlaşılmaz olaraq qalırdı — yəhudilər populyar
olmasalar da, Roma dövlətindən qeyri-adi imtiyazlar almışdılar.
a) Onlara hər il məbəd vergisini Yerusəlimə köçürməyə icazə
verilirdi. Eramızdan əvvəl 60-cı illərdə Asiyada elə bir ciddi vəziyyət
yarandı ki, pul ixracı qadağan edildi. Tarixçilərin qeydlərinə görə,
yəhudilərin Yerusəlimə göndərməyi planlaşdırdıqları ən azı iyirmi ton
qaçaqmal qızıl ələ keçirilmişdi.
b) Onlara müəyyən qədər öz məhkəmələrinə malik olmağa və öz
qanunlarına uyğun yaşamağa icazə verilirdi.
Asiyada təxminən eramızdan əvvəl 50-ci ildə hökmdar Lucius Antonius
tərəfindən verilmiş bir fərmanda deyilirdi: «Yəhudi vətəndaşlarımız
yanıma gəlib mənə bildirdilər ki, onların əcdadlarının qanunlarına uyğun
olaraq öz toplantıları və mübahisəli məsələləri öz aralarında həll
etdikləri xüsusi yerləri var. Onlar bu ənənənin davam etməsini məndən
xahiş edəndə, qərara gəldim ki, onlara icazə verim». Bütpərəstlər xüsusi
imtiyazlara malik olan ayrı bir qrup kimi yaşayan yəhudilərə nifrət
edirdilər.
c) Roma hökuməti yəhudilərin Şənbə gününə hörmətlə yanaşırdı. Bir
qayda olaraq yəhudi Şənbə günü ifadə vermək üçün məhkəməyə çağırıla
bilməzdi. Əgər əhaliyə sədəqə paylanırdısa və bu proses Şənbə gününə
düşürdüsə, yəhudinin öz payını növbəti gün tələb etmək hüququ var idi.
Bütpərəstlərin xüsusilə həssas yanaşdığı məsələ astrateiya,
yəni yəhudilərin Roma ordusunda hərbi xidmətdən azad edilməsi idi. Hərbi
xidmətdən azad olma da yəhudilərin Şənbə gününə ciddi riayət etməsi ilə
bağlı idi, çünki adətləri onlara Şənbə günləri hərbi xidmət keçməyə
imkan vermirdi. Dünyanın qalan hissəsinin yəhudilərin bu ağır öhdəlikdən
azad edilməsinə necə qəzəblə baxdığını təsəvvür etmək çətin deyil. Lakin
yəhudilər iki şeydə ittiham olunurdular.
a) Onları ateotesdə — allahsızlıqda ittiham edirdilər. Qədim
dünya ibadət etdikləri tanrıların təsvirləri olmadan inancın
mümkünlüyünü təsəvvür etməkdə çətinlik çəkirdi. Tarixçi Kiçik Plini yəhudiləri «bütün tanrılara
nifrətləri ilə seçilən bir irq» adlandırırdı. Tasit
onlar haqqında belə deyirdi: «Yəhudilər Tanrını bir düşüncə ilə təsəvvür
edirlər... Ona görə də onların şəhərlərində, hətta məbədlərində belə
heykəllər qoyulmur. Nə padşahlara, nə də Qeysərə bu cür hörmət və
ehtiram göstərilir». Yuvenal belə deyirdi: «Onlar buludlardan və səma
tanrısından başqa heç nəyə səcdə etmirlər». Amma məsələ bundadır ki,
bütpərəstlərin yəhudilərə qarşı antipatiyası onların inanclarına,
adətlərinə görə deyil, digər dinlərə nifrətlə yanaşmalarına görə
yaranmışdı. Həmvətənlərinə xor baxan missioner ola bilməz. Paul deyəndə
ki, yəhudilər Allahın adına küfr etdirir, məhz onların başqalarına
nifrətlə yanaşmasını nəzərdə tuturdu.
b) Onlar öz həmvətənlərinə nifrət etməkdə (mezantropiya) və
qaynayıb-qarışmamaqda (amaksiya) ittiham olunurdular. Tasit
onlar haqqında deyirdi: «Bir-birilərinə münasibətdə dürüstlükləri
heyrətamizdir, mərhəmət hissi tez oyanır. Lakin başqa insanlara nifrət
və düşmənçilik bəsləyirlər». İsgəndəriyyədə deyirdilər ki, yəhudilər
bütpərəstlərə heç vaxt mərhəmət göstərməyəcəklərinə and içmiş, hətta hər
il bir yunanı öz Allahlarına qurban verməyi təklif etmişdilər. Tasit
deyirdi ki, yəhudiliyi qəbul edən bütpərəstə əvvəlcə başqa tanrılara xor
baxmağı, milliyyətindən, valideynlərindən, uşaqlarından və
qardaşlarından imtina etməyi öyrədirdilər. Yuvenal deyirdi ki, əgər
bütpərəst bir yəhudidən yol soruşsaydı, ona yolu göstərməkdən imtina
edərdi; bir günahkar içmək üçün bulaq axtarardısa, sünnət olunmadığına
görə yəhudi onu bulağa aparmazdı. Yenə eyni şey: nifrət yəhudilərin
digər insanlara qarşı əsas münasibətini müəyyənləşdir, bu da təbii
olaraq, onlara nifrətlə cavab verilməsinə səbəb olurdu. Doğrudur,
yəhudilər Allahın adına küfr etdirirdilər, çünki onlar özlərini kiçik,
lakin güclü bir cəmiyyət halında təcrid etmişdilər, başqalarına orada
yer yox idi. Onlar inanclarına görə başqa millətlərə xor baxır və onlara
mərhəmət göstərmirdilər. Həqiqi iman yolu açıq ürək və açıq qapı
məsələsidir. Yəhudi dini isə bağlı ürək və bağlı qapı məsələsi idi.