3-cü fəsil
1-8
ALLAHIN
SƏDAQƏTİ VƏ İNSANIN İMANSIZLIĞI (Romalılara 3:1-8)
Burada Paul onun üçün çox mürəkkəb və vacib bir məsələ ilə bağlı
fikirlərini yığcam şəkildə ifadə edir. Paulun xəyali opponentlə mübahisə
etdiyini təsəvvür etsək, onu daha asan başa düşəcəyik. Həmin mübahisə
təxminən belə görünərdi:
Opponent: Dediyin hər şeydən belə nəticəyə gəlmək olar ki,
bütpərəstlə yəhudi arasında heç bir fərq yoxdur və onlar tamamilə eyni
mövqedədirlər. Elə deyilmi?
Paul: Xeyr, elə deyil.
Opponent: Bəs onda fərq nədədir?
Paul: Birincisi, onlarda başqa millətlərin heç vaxt malik
olmadığı Allahın əmrləri var.
Opponent: Yaxşı! Əgər yəhudilərdən bəziləri bu əmrləri
pozub, Allaha itaətsizlik edərsə və Onun mühakiməsinə məruz qalarsa,
onda necə? Bayaq dedin ki, Allah yəhudilərə xüsusi mövqe və xüsusi
vədlər verib. İndi isə deyirsən ki, onların bəziləri Allahın lənətinə
məruz qalıblar. Deməli, Allah Öz vədlərini pozub, Özünü ədalətsiz və
vəfasız göstərib?
Paul: Xeyr, elə deyil. Bu sübut edir ki, Allah heç kimə
tərəfkeşlik etmir və günahı harada görsə, cəzalandırır. Sadiq qalmayan
yəhudiləri mühakimə etməsi Onun mütləq ədalətinin ən gözəl sübutudur.
Elə zənn etmək olardı ki, Allah Öz xalqının günahlarına göz yumacaq.
Lakin O, bunu etmir.
Opponent: Əla! Beləliklə, sən sübut etdin ki, mənim
itaətsizliyim Allaha Öz ədalətini göstərməsinə imkan verir. Mənim
vəfasızlığım Allaha sədaqətini nümayiş etdirmək üçün mükəmməl fürsət
verir. Deməli, mənim günahım gözəl bir şeydir! Axı günah Allaha Özünün
nə qədər xeyirxah olduğunu göstərməyə fürsət verir! Mən pislik etdim,
amma ondan yaxşılıq hasil oldu! Axı Allaha ədalətini nümayiş etdirmək
imkanı verən insanı mühakimə etmək olmaz!
Paul: Belə bir dəlil heç nifrətə də layiq deyil! Gətirdiyin
dəlili sübut etməyə çalışsan, onun əsassız olduğunu görəcəksən.
Bu hissəni belə təhlil edərək, biz orada Paulun yəhudilər haqqında
bəzi fundamental fikirlərini açıqlayacağıq.
1) Paul ömrünün sonuna qədər inanırdı ki, yəhudilər Allahla xüsusi
münasibətə malikdirlər. Əslində yəhudilər də buna inanırdılar. Fərq
yalnız onda idi ki, Paul bu xüsusi mövqeyi yəhudilərin üzərinə qoyulan
xüsusi məsuliyyətlə əlaqələndirirdi. Yəhudilər isə xüsusi
mövqelərinin onlara xüsusi imtiyazlar verdiyinə
inanırdılar.
Paula görə, yəhudilərin bu xüsusi missiyası nədən ibarət idi? Bu,
Allahın Gələcəkdən xəbər verməsi idi. Paul bununla nə demək
istəyirdi? Paul logiya sözünü istifadə edir. Bu söz Əhdi-Ətiqin
yunanca tərcüməsində, adətən, Allahın qoyduğu qayda və ya Söz mənasını
verir. Burada isə Paul logiya sözünü On Əmr mənasında işlədir.
Allah yəhudilərə imtiyazları yox, əmrləri əmanət etmişdi. Allah onlara
demişdi: «Siz xüsusi xalqsınız, ona görə də həyat tərziniz xüsusi
olmalıdır». Onlara «Siz xüsusi xalqsınız, ona görə də istədiyinizi edə
bilərsiniz» deməmişdi. Allah onlara tamamilə fərqli bir şey demişdi:
«Siz xüsusi xalqsınız, ona görə də Mənim istədiyimi
etməlisiniz». Birinci Dünya Müharibəsindən sağ çıxan Lord Danseyni
bir dəfə öz-özünə belə demişdi: «Mən möcüzəvi şəkildə sağ qalmışam.
Görəsən, Tanrı məndən nə istəyir? Əgər O mənim həyatımı belə qoruyubsa,
nə etməyimi istəyir?» Ancaq yəhudilər belə bir fikri ağıllarından
keçirmirdilər. Onlar başa düşmürdülər ki, Allah onları xüsusi bir
missiya üçün seçib.
2) Paul bütün Yazılarında yəhudilərlə bağlı üç əsas fikri
vurğulayırdı. Burada həmin fikirlərin ilk işartıları görünür. Düzü, bu
üç əsas fikri açıqlamaq üçün Paula bütöv bir məktub yazmaq lazım
gəlmişdi. Qeyd etmək lazımdır ki, Paul bu mühakiməni bütün yəhudilərə
şamil edir. O, sualı belə qoyur: «Əgər onlardan bəzisi iman
etmədisə, onda nə olacaq?»
a) Paul Allahın yəhudiləri mühakimə etməkdə ədalətli olduğuna tam
əmin idi. Çünki onların öz xüsusi yeri var idi və onlara xüsusi vədlər
verilmişdi. Məhz bu amillər onların mühakiməsini daha da sərtləşdirirdi.
Məsuliyyət — həmişə imtiyazın əks tərəfidir. İnsanın doğru addım atmaq
üçün nə qədər çox imkanı varsa, səhvə yol verəndə, bir o qədər çox
mühakimə olunacaq.
b) Lakin bütün yəhudilər Allaha imansızlıq etmədilər. Paul Allaha
sadiq qalanları heç vaxt unutmurdu. O, əmin idi ki, Allaha sadiq
qalanların bu kiçik hissəsi sayca az olsalar da, əsl yəhudilərdir.
Qalanları imtiyazlarını itirmiş və mühakiməyə uğramışdılar. Onlar artıq
yəhudi deyildilər. Allaha sadiq qalanlar Allahın əsl xalqıdır.
c) Bununla belə, Paul əmin idi ki, Allahın yəhudiləri rədd etməsi
əbədi deyil. Bu rədd edilmə bütpərəstlərin Allaha üz tutmaları üçün
qapı açdı. Sonda bütpərəstlər yəhudiləri yenidən Allaha
qaytaracaq, beləcə bütpərəstlərlə yəhudilər Məsihdə bir olacaqlar.
Yəhudilərin faciəsi onda idi ki, onlar dünyaya müjdə çatdırmaq kimi
böyük missiyanı rədd etdilər. Buna görə də, bu tapşırıq başqa millətlərə
həvalə olundu və Allahın yəhudilər üçün nəzərdə tutduğu planı kökündən
dəyişdi. İndi yəhudilər bütpərəstlərə deyil, bütpərəstlər yəhudilərə
müjdələyir və bu proses bu günə qədər davam edir.
Bundan əlavə, bu hissə özündə iki böyük ümumbəşər həqiqəti ehtiva
edir.
1) Bütün günahların kökündə itaətsizlik durur. Yəhudilərin əsas
günahı Allahın onlara verdiyi Qanuna itaətsizlikləri idi. Miltonun
yazdığı kimi, «insan ilk itaətsizliyi» ilə cənnətin itirilməsinə görə
məsuliyyət daşıyır. İnsan qüruruna yol verib Allahın iradəsinə qarşı
çıxanda günah işlədir. Əgər itaətsizlik olmasaydı, günah da olmazdı.
2) Müasir insan öz günahına haqq qazandırmaqda mahirdir. Burada dini
təfəkkürdə tez-tez rast gəlinən bir arqumentlə qarşılaşırıq: günah
Allaha həm ədalətini, həm də mərhəmətini eyni vaxtda göstərmək imkanı
verir. Başqa sözlə desək, günah guya yaxşı şeydir. Bu, yanlış bir
arqumentdir. Bu, insanın ürəyini qırıb, ona sizi nə qədər çox sevdiyini
göstərmək imkanı verməyə bənzəyir. Sanki belə davranmaq yaxşılıq hasil
edir. İnsan günah işlətdiyi vaxt yüksək əqli qabiliyyətini günahına
bəraət qazandırmağa deyil, təvazökarlıqla, utanaraq günahını etiraf edib
tövbəyə yönəltməlidir.
9-18
ALLAHSIZ DÜNYA (Romalılara
3:9-18)
Son hissədə Paul təkid edirdi ki, heç nəyə baxmayaraq, yəhudilərin
İlahi sistemdə xüsusi yeri var. Ona görə də yəhudilərin seçilmiş xalq
olduğunu dəstəkləyənlər sual verir ki, bu, yəhudilərin digər xalqlarla
müqayisədə daha yaxşı vəziyyətdə olması demək deyilmi? Paul cavab verir
ki, yəhudilər və başqa millətlər eynidirlər, əgər onlar
Məsihsizdirlərsə, günahın hökmü altındadırlar. «Günahın hökmü altında»
kimi tərcümə etdiyimiz yunanca hupo hamartsian ifadəsi bizi
diqqətlə düşünməyə vadar edir. Bu kontekstdə hupo sözü bir
şeyin hökmü altında, kiməsə tabe olmaq deməkdir. Matta
8:9-da yüzbaşı deyir: «...mənim də tabeçiliyimdə əsgərlər var —
hupo emauton. Yəni mənim hökmüm altında olanlar var.
Şagird hupo paidqoqonun altındadır, yəni başının üzərində
qoyulmuş xidmətçinin nəzarəti altındadır. Qul isə — hupo siqon
— öz ağasının boyunduruğu altındadır. Məsihsiz olan insan günahın hökmü
altındadır və onun təsirindən xilas olmaqda acizdir. Bu hissədə daha bir
maraqlı söz var. Bu söz 12-ci ayədə qeyd olunur. «(Hamısı)... onlardan
fayda yoxdur». Burada işlənən axreioo sözü hərfi mənada
yararsız olmaq deməkdir. Bəzən turşumuş süd mənasını verir.
Məsihsiz insan təbiəti — pozulur və yararsız olur.
Paul burada eynilə yəhudi ravvinlərinin etdiklərini edir.
10-18-ci ayələri o, Əhdi-Ətiqdən seçilmiş mətnlərlə
əlaqələndirir. Paul ayələri tam dəqiqliklə deyil, yadında necə qalıbsa,
elə də sitat gətirir. Lakin bu hissəyə Zəbur 14:1-3; 5:9; 140:3;
10:7; Yeşaya 59:7-8; Zəbur 36:1 ayələri daxildir. Bu, ravvinlər
üçün adi təbliğ üsulu idi. Həmin təbliğ üsulu haraz, yəni
mirvari düzmək adlanırdı.
Paul burada Məsihsiz olan insan təbiətinin dəhşətli təsvirini verir.
İngilis ilahiyyatçısı Voen qeyd edirdi ki, Əhdi-Ətiqdən gətirilən bu
sitatlar üç xüsusiyyəti vurğulayır:
1) Əsas xarakter xüsusiyyətləri cəhalət, laqeydlik, azğınlıq və
yararsız olan şəxs.
2) Tonu kobud, hiyləgər, zərərli olan dil.
3) Zülmü, ədalətsizliyi və barışmazlığı xarakterizə edən
davranış.
Bütün bunlar Allaha olan etinasızlığın nəticəsidir.
Paul qədər insan təbiətinin pisliyini aydın görən ikinci bir şəxs yox
idi. Lakin qeyd etmək lazımdır ki, insan təbiətinin pisliyi Paul üçün
ümidsizliyə deyil, ümidə çağırış idi. Deyəndə ki, Paul ilk günaha və
insan təbiətinin pozulduğuna inanırdı, bu onun insan təbiətinə olan
ümidini itirməsinə və ya ona həqarətlə baxması anlamına gəlmir. Vilyam
Cey qocalanda belə demişdi: «Yaddaşım get-gedə zəifləyir, amma mən böyük
günahkar olduğumu və İsa Məsihin böyük Xilaskar olduğunu heç vaxt
unutmayacağam».
Paul Məsihin satınalma qüdrətini yaxşı dərk edirdi. Lankaşirdən olan
Vilyam Roubi gəncliyində təbliğinin imanlı cəmiyyətinin üzvlərini
təsirləndirməməsindən narahat idi. Bu onu məyus edirdi və o, xidmətdən
uzaqlaşmaq istəyirdi. Ancaq sonra cənab Mudi onu məzəmmət edərək
soruşdu: «Məgər onlar o qədər pisdirlər ki, onları xilas etməyə dəyməz?»
Cənab Mudinin məzəmməti Vilyam Roubini xidmətinə qayıtmağa məcbur etdi.
Paul hesab edirdi ki, Məsihsiz yaşayan insanlar axmaqdırlar. Lakin Paul
onların xilasa layiq olmayacaq qədər pis olduqlarını düşünmürdü. O, əmin
idi ki, Məsih onun üçün nə edibsə, başqalarına da edə bilər.
19-26
ALLAHIN
HƏQİQƏTİNƏ APARAN YEGANƏ YOL (Romalılara 3:19-26)
Həyatın ən böyük tapşırığı Allahın həqiqətini bilməkdir. Allahla necə
barışmaq olar? Allahın hüzurunda yadlıq və qorxu hissindən necə qaçmaq
olar? Yəhudi dini bu suala belə cavab verir: «İnsan Qanunda yazılanları
vicdanla yerinə yetirməklə Allahla düzgün münasibət qura bilər». Ancaq
buradan belə nəticəyə gəlmək olar ki, insanın Allah qarşısında saleh
olması, ümumiyyətlə, qeyri-mümkündür. Çünki heç kim Qanunun bütün
əmrlərini yerinə yetirə bilməz.
Mən Qanunu səylərimlə
yerinə yetirə bilmərəm.
Onda Qanunun nə faydası var? Qanunun faydası odur ki, insan günahını
dərk edir. İnsan yalnız Qanunu biləndə və onun tələblərini yerinə
yetirməyə çalışanda dərk edir ki, heç vaxt Qanunun tələblərini yerinə
yetirə bilməz.
Qanunun məqsədi insana zəif və günahkar olduğunu göstərməkdir. Onda
insan Allahdan təcrid olunub? Xeyr. Çünki Allaha gedən yol Qanundan
deyil — mərhəmətdən, əməllərdən deyil — imandan keçir.
Paul fikrini daha aydın izah etmək üçün üç metaforadan istifadə
edir:
1) O, məhkəmə praktikasında olan bəraətdən istifadə edir. Bu
metaforaya görə insan Tanrının hökmü qarşısında dayanır. Yunan mətnində
bəraət anlayışını ifadə etmək üçün diakioun sözündən istifadə
edilir. Yunan dilində oun ilə bitən bütün fellər kiməsə
nəsə etmək deyil, kiminləsə necə rəftar etmək, onu
kimsə hesab etmək deməkdir. Günahsız insan hakim qarşısına
çıxarılanda, ona günahsız kimi baxmaq ona bəraət qazandırmaq deməkdir.
Amma insanın Allahla münasibətindəki ən mühüm məqam odur ki, insan
Allahın qarşısında böyük günahkardır, bununla belə, Allah çox mərhəmətli
olduğuna görə ona təqsirsiz kimi baxar, onu təqsirsiz sayar və onunla
təqsirsiz kimi rəftar edər. Bəraətin mənası budur.
Paul «Allah pislərə bəraət qazandırır» deyəndə, Allahın pislərlə
yaxşı insan kimi davrandığını nəzərdə tutur. Yəhudiləri dərindən
sarsıdan da elə bu idi. Onlar üçün pis adamla yaxşı insan kimi davranmaq
hakimin ədalətsizliyinə dəlalət edirdi. «Şərə haqq vermək, salehi məhkum
etmək — hər ikisi Rəbdə ikrah yaradır» (Süleymanın məsəlləri
17:15). «Çünki Mən haqsıza bəraət qazandırmayacağam» (Çıxış
23:7). Lakin Paul deyir ki, Allah məhz bunu edir.
Mən Allahın məhz belə olduğunu haradan bilim? Mən belə olduğunu
bilirəm, çünki İsa belə deyib. İsa onun üçün gəldi ki, nə qədər
pis olsaq da, bizə Allahın bizi sevdiyini desin. İsa onun üçün gəldi ki,
nə qədər günahkar olsaq da, bizə Allahın nəzərində qiymətli olduğumuzu
desin. Biz bunu dərk edəndə və buna inananda, Allahla münasibətimiz
tamamilə dəyişir. Günahımızı dərk etməklə biz qorxudan azad oluruq
və artıq Allahdan uzaq düşmürük. Peşman olan uşaq anasının yanına
gəldiyi kimi, biz də Allahın yanına tövbə və peşman olan ürəklə gəlirik.
Bilirik ki, üz tutduğumuz Tanrı sevgidir.
İsa Məsihə iman etməklə bəraət qazanmağın mənası budur. Bu o
deməkdir ki, biz Allahla düzgün münasibətdəyik. Çünki bütün qəlbimizlə
inanırıq ki, Məsihin bizə Allah haqqında dediyi hər şey həqiqətdir. Biz
günahımıza görə daha Tanrının qəzəbinə və dəhşətə məruz qalan yad
məxluqlar deyilik. Biz yolunu azmış, Atamızın məhəbbətinə güvənən və
bizi bağışlayacağına əmin olan övladlarıq. Əgər İsa Allahın bizi
necə sevdiyini söyləmək üçün bu dünyaya gəlib ölməsəydi, biz heç vaxt
Allahla düzgün münasibət qura bilməzdik.
2) Paul qurban metaforasından istifadə edir. O, İsa haqqında
deyir: «Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman
edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın».
Paul burada İsanı təsvir etmək üçün yunanca hilasterion
sözündən istifadə edir. Bu söz, öz növbəsində, yunanca kəffarə
etmək mənasını verən feldəndir. Bu felin birbaşa qurbanla əlaqəsi
var. Qədim adətlərə görə, Qanunu pozan adam Allaha qurban təqdim edirdi.
Bu qurbanın məqsədi ondan ibarət idi ki, adama veriləcək cəzanı dəf
etsin. Başqa sözlə, insan günah edəndə, günah onu dərhal Allahdan uzaq
salır. Allahla münasibətini bərpa etmək üçün insan Allaha qurban təqdim
edirdi.
Amma təcrübə göstərdi ki, heyvan qurbanı istənilən məqsədə çatmadı.
«Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından
razı qalmazsan» (Zəbur 51:16). «Rəbbin hüzuruna nə ilə gedim?
Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə — birillik
danalarla çıxımmı? Minlərlə qoç qurbanı, zeytun yağının on minlərlə seli
Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, günahım üçün öz
övladımı verimmi?» (Mikeya 6:6-7). İnsanlar instinktiv olaraq
hiss edirdilər ki, əgər onlar günah ediblərsə, onda mal-qaranı qurban
vermək əməllərini islah etməyəcək. Buna görə də Paul deyir: «İsa Məsih
bizi sevdiyinə görə itaətkar həyatı və ölümü ilə günahı, həqiqətən,
kəffarə edən qurbanı Allaha təqdim etdi». Paul israr edir ki, Çarmıxda
baş verənlər Allahla düzgün münasibətə gedən yolu yenidən açır; digər
heç bir qurbanın aça bilmədiyi qapını açır.
3) Paul köləlik metaforasından istifadə edir. O, Məsih İsada
satınalma haqqında danışır. Yunanca apolutrozis sözü
xilas, qurtuluş, azadlıq deməkdir. Bu o deməkdir ki, insan günahın hökmü
altında idi və yalnız İsa Məsih onu azad edə bilər.
Sonda Paul deyir ki, Allah bütün bunları ədalətli olduğu üçün edir və
İsa Məsihə iman edən hər kəsi haqlı hesab edir. Paul bundan heyrətamiz
başqa heç nə deməmişdi. Bengel bunu «Müjdənin ən böyük paradoksu»
adlandırırdı. Bunun nə demək olduğu barədə düşünün. Bu o deməkdir ki,
Allah ədalətlidir və günahkarı ədalətli şəxs kimi qəbul edir. Əslində
«Allah ədalətlidir və buna görə də günahkarı cinayətkar kimi məhkum
edir» demək daha təbii səslənərdi. Ancaq burada biz ən böyük paradoksu
görürük — Allah ədalətlidir və nədənsə İsa vasitəsilə insanlara bəxş
etdiyi heyrətamiz mərhəmətində günahkarı cinayətkar kimi deyil, sevdiyi
bir oğul kimi qəbul edir.
Bütün bunların mahiyyəti nədir? Bəraətlə köhnə Qanun arasında fərq
nədir? Əsas fərq budur: Qanuna itaət etməyin mahiyyəti insanın özü üçün
nə edə biləcəyidir. Mərhəmətin mahiyyəti Allahın insan üçün nə
etdiyidir.
Paul bildirir ki, biz nə etsək də, heç vaxt Allahın
bağışlanmasını qazana bilmərik. Yalnız Allahın bizim üçün etdikləri
bağışlanmaya nail olmaqda bizə kömək edə bilər. Buna görə Allahla düzgün
münasibətə aparan yol ağılsızcasına etdiyimiz fədakarlıqdan,
var-gücümüzlə etdiyimiz yaxşı əməllərdən keçmir. Allahla düzgün
münasibətə aparan yol Allahın İsa Məsih vasitəsilə bizə təqdim etdiyi
lütfü təvazökar şəkildə tövbə edərək qəbul etməkdən keçir.
27-31
İNSANIN
ƏMƏLLƏRLƏ QAZANDIĞI YOLUN SONU (Romalılara 3:27-31)
Paul burada üç məqamı nəzərdən keçirir:
1) Əgər Allaha gedən yol imandan keçirsə, onda insanın öz gücünə
qazandığı bütün nailiyyətləri boşa gedir. Yəhudilikdə elə təriqətlər var
idi ki, onların tərəfdarları Allah yanında bir növ hesab dəftəri tutur,
orada öz yaxşı və pis əməllərini qeyd edirdilər. Çox vaxt insan belə bir
nəticəyə gəlirdi ki, Allah ona borcludur. Paul əmin idi ki, hər bir
insan günahkardır və Allaha borcludur. Heç kim öz əməlləri ilə Allahı
razı sala bilməz. Ona görə də artıq özündən razı olmaq və qürur üçün heç
bir səbəb yoxdur.
2) Amma yəhudi etiraz edə bilər ki, bu, heç vaxt Qanunu bilməyən
bütpərəst üçün belədir. Bəs Qanunu bilən yəhudilərə necə şamil edilir?
Buna cavab olaraq Paul yəhudi imanının əsasını təşkil edən və sinaqoqda
hər ibadətin başlanğıcında bu gün də səslənən ifadəyə diqqət çəkir:
«Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» (Qanunun təkrarı
6:4). Başqa millətlər üçün bir Allah, yəhudilər üçün başqa Allah
yoxdur. Allah birdir. Ona gedən yol bütpərəst üçün də, yəhudi
üçün də eynidir. Bu, insan nailiyyətlərinin yolu deyil; bu, güvən və
iman yoludur.
3) Amma yəhudi buna etiraz edir: «Bütün bunlar Qanunun sonu
deməkdir?» Pauldan «Bəli» cavabını gözləmək olardı. Mahiyyət etibarı ilə
o, «yox» deyir. O, əslində bunun Qanunu gücləndirdiyini deyir. Paul məhz
bunu nəzərdə tutur. Bu vaxta qədər yəhudi yaxşı insan olaraq qalmağa və
əmrlərə riayət etməyə çalışırdı. Çünki Allahdan və Qanunu pozacağı
təqdirdə üzərinə gələcək cəzadan qorxurdu. Amma həmin dövr həmişəlik
keçib getdi. Qorxunun yerini Allah sevgisi tutdu. İndi insan
Allahdan və üzərinə gələcək cəzadan qorxduğu üçün deyil, Allahın
heyrətamiz sevgisinə layiq olmaq üçün yaxşı insan olmağa, Allahın
qanunlarına əməl etməyə səy göstərməlidir. O, Allahdan qorxduğu üçün
deyil, Onu sevdiyi üçün xeyirxah olmağa çalışır. İndi o bilir ki, günah
Allahın Qanununu pozmaq yox, Allahın qəlbini yaralamaqdır. Bu isə ikiqat
dəhşətlidir.
Gəlin bir analogiyaya nəzər salaq. Bir çox insanlar pis işlərə
meyillənirlər, lakin bunu etmirlər; ona görə yox ki, qanunu pozmaqdan
qorxurlar. Əgər onlar pis əməllərə görə cərimələnsəydilər və ya həbs
edilsəydilər, təəccüblənməzdilər. Onları saxlayan yeganə şey — onları
sevən insanın kədərinə tab gətirə bilməmələridir. Onları doğru yola
getməyə məcbur edən qanundan qorxmaları deyil, sevgidir. Bizim də
Allahla münasibətimiz belə olmalıdır. Biz Allah qarşısında lərzəyə
gəlməkdən əbədi olaraq azad olmuşuq. Lakin bu o demək deyil ki, biz
istədiyimizi edə bilərik. Biz heç vaxt istədiyimizi edə bilməyəcəyik,
çünki məhəbbət qanununa uyğun davranmağa məcbur olacağıq. Bu qanun qorxu
qanunundan qat-qat güclüdür.