4-cü fəsil
1-8
ALLAHIN BİR
KƏLMƏSİNƏ GÜVƏNƏN İMAN (Romalılara 4:1-8)
Paul üç səbəbə görə İbrahim haqqında danışmağa başlayır:
1) Yəhudilər İbrahimə əcdadları və əsl insanlıq nümunəsi kimi
baxırdılar. Onların «Əgər dediklərin doğrudursa, Allah onu Öz xalqının
əcdadı olaraq seçəndə, İbrahim peyğəmbər nə əldə etdi? Onu başqalarından
fərqləndirən nə idi?» soruşmaları təbiidir. Paul məhz bu suala cavab
vermək istəyir.
2) Paul sübut etməyə çalışırdı ki, insanı Allah qarşısında saleh edən
onun əməlləri və Qanunun müddəalarını yerinə yetirməsi deyil, Allahın
Sözünə etibar edən və tam itaətə əsaslanan sadə imanıdır. Bu cür sadə
iman əmindir ki, biz bu sevgiyə layiq olmaq üçün heç nə etməsək də, O
bizi sevir. Yəhudi bu fikrə dərhal etiraz edib deyərdi: «Bu, tamamilə
yeni bir təlimdir və bizə öyrədilən hər şeyə ziddir. Bu, tamamilə yad
təlimdir». Paul isə belə cavab verir: «Bu təlim heç də yeni deyil.
Yəhudi inancı qədər köhnədir. Bu, yad təlim də deyil. Yəhudi dininin
təməlində dayanan təlimdir». Paul sübut etməyə davam edir.
3) O, İbrahim peyğəmbər haqqında danışmağa başlayır. Çünki o, insanın
düşüncə tərzinə bələd olan müdrik müəllim idi. O, imandan
danışırdı. Lakin iman mücərrəd bir anlayışdır. Sadə insanın ağlı
mücərrəd fikirləri qavramaqda çətinlik çəkir. Müdrik müəllim bilir ki,
hər bir ideya konkret insanda təcəssüm olunmalıdır. Çünki bu, mücərrəd
ideyanı sadə insan üçün basa düşülən etməyin yeganə yoludur. Paulun
demək istədiyi budur: «Mən iman haqqında danışıram. Əgər imanın nə
olduğunu bilmək istəyirsənsə, İbrahim peyğəmbərə bax».
Paul İbrahim peyğəmbər haqqında danışmağa başlayanda o, hər bir
yəhudinin yaxşı bildiyi və başa düşdüyü təmələ əsaslanırdı. Çünki
İbrahim peyğəmbər onların düşüncəsində xüsusi yer tuturdu. O, yəhudi
xalqının banisi idi. O, Allahın çağırdığı ilk insan idi. O, Allah
tərəfindən unikal şəkildə seçilmiş, Onu dinləyən və Ona itaət edən insan
idi. Ravvinlərin İbrahim peyğəmbər haqqında öz mübahisələri var idi.
Paul üçün onun böyüklüyünün mahiyyəti belə idi: Allah İbrahimin yanına
gəlib, ona evini, dostlarını, ailəsini və güzaranını tərk etməyi təklif
etdi: «Əgər sən bu böyük iman addımını atsan, böyük bir xalqın atası
olacaqsan». İbrahim peyğəmbər Allaha inandı. Bəhanə gətirmədən, şübhə
etmədən, hara getdiyini bilmədən yola düşdü» (İbranilərə 11:8).
İbrahimi Allahla xüsusi münasibətdə saxlayan şey — onun Qanunun bütün
tələblərini vicdanla yerinə yetirməsi deyil, onun Allaha tam etibar
etməsi və həyatını tamamilə Ona həvalə etməsi idi. Paula görə bu, iman
idi. Məhz bu imanın sayəsində İbrahim peyğəmbər Allahın gözündə saleh
sayıldı.
Qabaqcıl ravvinlərin çox az hissəsi buna inanırdı. Onların belə bir
şərhi var idi: «İbrahim atamız bu torpağı və o dünyanı yalnız Allaha
olan imanı sayəsində miras aldı. Çünki yazılmışdır: «İbrahim Allaha iman
etdi və bu ona salehlik sayıldı». Bununla belə, əksər ravvinlər İbrahim
peyğəmbərin hekayəsini öz inanclarına uyğun şərh edirdilər. Onlar
düşünürdülər ki, İbrahim öz nəslinin yeganə saleh adamı olduğuna
görə Allahın xalqının əcdadı olmaq üçün seçilmişdir. Lakin dərhal
sual yaranır: «İbrahim peyğəmbər Qanun insanlara verilməmişdən yüz illər
əvvəl yaşamışdısa, Qanuna necə əməl edə bilərdi?» Ravvinlərin
nəzəriyyəsinə görə, o, intuisiya, yaxud da öngörmə sayəsində
Qanuna riayət edirdi. Barukun Apokalipsisində (57:2) deyilir: «O dövrdə
onların arasında yazılmamış qanun var idi, bu səbəbdən qanunun tələbləri
yerinə yetirilirdi». Vaiz (44:20-21) deyir: «O, Haqq-Taalanın Qanununa
əməl edirdi». «Allahla əhd bağlandı... Buna görə də Allah and içərək
İbrahimi əmin etdi ki, yer üzünün bütün tayfaları onun vasitəsilə
xeyir-dua alacaq». Ravvinlər yaxşı əməllərə əsaslanan nəzəriyyələrini o
qədər sevirdilər ki, İbrahimin məhz əməllərinə görə Allah tərəfindən
seçildiyinə təkid edirdilər. Halbuki iddia etməli idilər ki, insanlara
qanun verilməsə də, İbrahim peyğəmbər qanunu əvvəlcədən bilirdi.
Burada bir daha yəhudi nəzəriyyəsi ilə məsihçi inancı arasında əsaslı
fərq görürük. Yəhudilərin əsas təlimi o idi ki, insan Allahın lütfünü
qazanmalıdır. Lakin məsihçiliyin əsas təlimi ondan ibarətdir
ki, insan yalnız Allahın Sözünə iman edə bilər və bütün imanını Onun
vədlərinin doğru olduğuna əsaslandıra bilər. Paul iddia edirdi ki,
İbrahim peyğəmbər Qanunun bütün müxtəlif müddəalarını yerinə yetirdiyi
üçün deyil, Allahın vədlərinə inandığı üçün Allahla düzgün münasibət
qurmuşdur. Paul tamamilə haqlı idi.
Məhəbbətimiz sadə və saf olarsa,
Ona olan imanımız sarsılmaz olarsa,
Onda Məsihin məhəbbətində
Həyat günəş kimi parlayacaq.
Məsihçi həyatının ən böyük kəşfi ondan ibarətdir ki, biz Allahın
məhəbbətini qazanmaqdan ötrü özümüzə əzab verməyə ehtiyac duymuruq. Biz
sadəcə Allahın bizə bəxş etdiyi məhəbbəti imanla qəbul etməliyik.
Düzdür, bundan sonra hər bir vicdanlı insan bu sevgiyə layiq olduğunu
sübut etməlidir. O, artıq yerinə yetirilməsi mümkün olmayan Qanuna əməl
etməyə çalışan cinayətkar deyil. O sevən insandır, layiq olmasa da,
özünü Onu sevən Şəxsə tamamilə təslim edən adamdır.
Bir dəfə Ceyms Barri Robert Stivenson haqqında bir hekayə danışmışdı:
«Stivenson Samoa adasına gedəndə əvvəlcə kiçik bir daxma tikdi. Sonra
isə böyük bir evə köçdü. Böyük evdə məskunlaşandan sonra ilk gecə o
özünü çox yorğun hiss etdi və nökərlərindən ona qəhvə gətirmələrini
istədiyini unutduğuna görə təəssüfləndi. Bu zaman qapı açıldı və otağa
qəhvə gətirən yerli oğlan daxil oldu. Stivenson ona doğma ləhcə ilə
dedi: «Nə yaxşı belə uzaqgörənsən». Ancaq oğlan onun sözünə düzəliş
verib dedi: «Yaxşı olan sevgidir». Stivensona xidmət məcburi vəzifə
borcundan deyil, sevgidən irəli gəlirdi. Sevgi həm də məsihçi
xeyirxahlığının təkanverici qüvvəsidir.
9-12
MÖMİNLƏRİN ATASI (Romalılara
4:9-12)
Bu hissənin mənasını başa düşməkdən ötrü ilk növbədə yəhudilərin
sünnətə verdiyi önəmi anlamaq lazımdır. Onlara görə, sünnətsiz insan
mənşəyindən asılı olmayaraq, sözün əsl mənasında, yəhudi deyildi.
Yəhudilər sünnət zamanı belə dua edirdilər: «Nə bəxtiyardır o kəs ki, öz
sevimlisini ana bətnindən həsr edərək, onun bədəni üzərində ayini yerinə
yetirir və övladını müqəddəs əhd ilə işarələyir». Ravvinlərin müqəddəs
mərasimində belə deyilirdi: «Bədənində İbrahimin əlaməti olmayan heç kim
Pasxa yeməyi yeməsin». Əgər bütpərəst adam yəhudi inancını qəbul
edirdisə, bunun üçün üç adət yerinə yetirməli idi: vəftiz olunmaq,
qurban təqdim etmək və sünnət olunmaq. Paul ilə mübahisə edən yəhudi
opponenti hələ də öz mövqeyində qalaraq davam edir:
— Tutaq ki, mən sənin İbrahim peyğəmbər haqqında dediklərinlə və onun
Allahla xüsusi münasibətinin olmasının imanı sayəsində olduğu faktı ilə
razıyam. Amma razılaş ki, o, sünnət olunmuşdu.
Paulun yenə də təkzibedilməz cavabı var:
İbrahim peyğəmbərin çağırılması və onun Rəbb tərəfindən xeyir-dua
alması Yaradılış 15:6-da, sünnəti isə Yaradılış
17:10-da və s. qeyd olunur. Nəticə etibarilə, o, Rəbbin çağırışına
cavab verdikdən və Onunla münasibət qurduqdan on dörd il sonra sünnət
olundu. Onun Allahla münasibətinə qapı açan sünnət deyildi. Sünnət
yalnız bir işarə və möhür idi və onun, həqiqətən, bu münasibətdə
olduğunun sübutu idi. İbrahim peyğəmbərin saleh sayılmasının sünnətlə
heç bir əlaqəsi yoxdur, hər şey onun imanı ilə bağlıdır.
Bu təkzibedilməz faktdan Paul son dərəcə vacib olan iki nəticə
çıxarır.
1) İbrahim sünnət olunanların deyil, onun kimi Allaha iman edənlərin
atasıdır. İbrahim peyğəmbər onun etdiyi kimi, Allahın Sözünü şübhəsiz
qəbul edən hər dövrdə yaşayan insanın atasıdır. Bu o deməkdir ki, əsl
yəhudi hansı irqdən olmasından asılı olmayaraq, İbrahim kimi Allaha iman
edən insandır. Allah bütün böyük vədləri yəhudi xalqına deyil, İbrahimin
nəslindən olan insana verir, çünki o, İbrahimin inandığı kimi Allaha
iman edir. Yəhudi artıq milliyyəti müəyyən edən bir söz deyil, daha çox
xüsusi həyat tərzi və Tanrı ilə əlaqəni müəyyən edir. İbrahim
peyğəmbərin nəsli artıq ayrı bir xalqın üzvləri deyil, onlar hər xalqdan
olan və Allahın ailəsinə mənsub olanlardır.
2) Bunun əksi də doğrudur. İnsan mənşəyinə görə sünnət olunmuş xalis
yəhudi ola bilər; amma İbrahimin nəslindən olmaya bilər. Onun İbrahim
peyğəmbərə ata deməyə haqqı yoxdur, yaxud İbrahimin etdiyi kimi imanla
hərəkət etməsə, Rəbbin vədlərinə iddia edə bilməz.
Qısa bir hissədə Paul yəhudi düşüncə tərzini tamamilə darmadağın
edir. Yəhudi həmişə inanırdı ki, yəhudi olmaqla o, avtomatik olaraq
Allahın xeyir-duasını qazanır və Onun cəzasından azad olur. Onun yəhudi
olmasının sübutu sünnət idi. Bəzi ravvinlər bunu hərfi mənada qəbul
edirdilər, yəni əgər bir yəhudi Allahın məhkumiyyətini qazanacaq qədər
pis olarsa, cəzalandırılmamışdan əvvəl xüsusi bir mələk onu sünnətsiz
halına geri qaytarır. Paul burada böyük prinsipi izah edir: Allaha gedən
yol müəyyən bir xalqa mənsub olmaqdan, insanın bədənində daşıdığı
əlamətlərdən deyil, əməllərdən asılı olmayıb, yalnız Allahın
mərhəmətindən asılı olan Allaha şübhəsiz imandan keçir.
13-17
HƏR ŞEY ALLAHIN
MƏRHƏMƏTİDİR (Romalılara 4:13-17)
Allah İbrahim peyğəmbərə böyük və gözəl vəd vermişdi. Allah İbrahimə
ondan böyük bir xalq yaradacağını və yer üzünün bütün tayfalarının onun
vasitəsilə xeyir-dua alacağını vəd etmişdi (Yaradılış 12:2-3).
Həqiqətən, torpaq ona irs olaraq veriləcəkdir. Bu vəd İbrahimə imanına
görə verilmişdir. Bu vəd ona yaxşı əməllərinə və ya Qanunun yerinə
yetirilməsinə görə verilmədi. Bu, İbrahimin sarsılmaz imanına cavab
olaraq Allahın səxavətli mərhəmətindən irəli gəlirdi. Bu vəd Paulun
müəyyən etdiyi kimi, iki şərtdən — Allahın qeyd-şərtsiz mərhəmətindən və
İbrahimin kamil imanından asılı idi.
Yəhudilər hələ də çaş-baş qalmışdılar: «Bu böyük vədi miras almaq
üçün Allahla düzgün münasibət necə qurulmalıdır?» Onlar bu suala belə
cavab verirdilər: «O, bunu Allahın lütfünü qazanmaqla, Qanunun
müddəalarını yerinə yetirməklə əldə edə bilər». Başqa sözlə, o, səy
göstərməklə buna nail olmalıdır. Paul açıq-aydın görürdü ki, yəhudilərin
belə təfsiri vədin əsl mahiyyətini tamamilə məhv edir. Səbəbi
isə budur: heç kim Qanuna tam əməl edə bilməz; buna görə də Qanunun
yerinə yetirilməsindən birbaşa asılı olan vəd heç vaxt həyata keçə
bilməz.
Paul hər şeyi ya ağ, ya da qara işıqda görürdü. O, Allahla həqiqi
münasibətə nail olmaq üçün bir-birini təkzib edən iki yol görürdü.
Nailiyyət bir tərəfdən insan səyindən, digər tərəfdən isə Allahın
mərhəmətindən asılıdır. Bir tərəfdə tamlığı ilə icra edilməsi mümkün
olmayan Qanuna tabe olmaq üçün davamlı uğursuz cəhdlər, digər tərəfdə
isə Allahın Sözünə şübhə etmədən güvənən iman var. Hər iki tərəfdə üç
konsepsiya var:
1) Bir tərəfdən — Allahın vədi. Yunan dilində vədi
ifadə edən iki söz mövcuddur. Onlardan biri — huposhezis —
şərti vəd deməkdir. Əgər sən filan şeyi edəcəyini vəd etsən, mən də
filan şeyi edəcəyimə söz verirəm. Digəri — epaggeliya — heç bir
şərt olmadan sidq ürəkdən verilən vəd deməkdir. Allahın verdiyi vədi
ifadə etmək üçün Paul məhz bu sözdən — epaggeliyadan istifadə
edir. Paul sanki deyir: «Allah — yer üzündə ata kimidir; O, övladlarını
nə etmələrindən asılı olmayaraq, sevəcəyini vəd edir». Həqiqətən, O,
bəzilərimizi Onu sevindirən, bəzilərimizi də Onu kədərləndirən sevgi ilə
sevəcək. Amma hər iki halda bu bizi heç vaxt tərk etməyəcək sevgidir.
Onun sevgisi bizim əməllərimizdən asılı deyil, yalnız Allahın səxavətli
ürəyindən asılıdır.
2) İman — Allahın, həqiqətən də, belə olduğuna inamdır. Bu,
hər şeyi Onun sevgisinə həvalə etmək deməkdir.
3) Mərhəmət — səxavətli, qazanılmayan və əvəzi ödənilməyən
hədiyyədir. Məsələ ondadır ki, insan heç vaxt öz səyi ilə Allahın
məhəbbətini qazana bilməz. İnsan öz izzətini Allah üçün edə bildiyi
işlərdə deyil, Allahın onun üçün etdiyi işlərdə tapa bilər.
1) Digər tərəfdən, Qanun dayanır. Qanunun mahiyyəti ondadır
ki, o, qanun pozuntusunu müəyyən edə bilir, lakin islahı təmin edə
bilmir. Qanun insana harada səhv etdiyini göstərir, lakin ona bu
pozuntunun qarşısını almağa kömək etmir. Paulun daha sonra vurğulayacağı
kimi, həqiqətən də, Qanunda bəzi ziddiyyətlər var. İnsan təbiəti elədir
ki, həmişə qadağan olunanı arzulayır. «Qadağan olunmuş meyvə həmişə daha
şirin olur». Buna görə də Qanun insanı qanunla qadağan olunmuş nəyisə
arzulamağa sövq edə bilər. Qanun məhkəmə və cəza ilə tamamlanır. Nə
qədər ki, insan qanunun hakim olduğu dinlə yaşayır, o özünü Rəbb Allahın
mühakimə kürsüsündə mühakimə olunmuş cinayətkar hesab edir.
2) Qanun pozuntusu da var. Qanun verilən kimi qanun
pozuntusu baş verir. Heç kim mövcud olmayan qanunu poza bilməz. Heç kim
mövcudluğunu bilmədiyi qanunu pozmaqda ittiham edilə bilməz. Əgər Qanunu
hakim tutsaq, Qanunu yerinə yetirmək üçün dini yeganə vasitə etsək,
həyat öz cəzasını gözləyən uzun cinayətlərdən ibarət olacaq.
3) Qəzəb mövcuddur. Qanun haqqında düşünən kimi,
Qanunu pozmağı fikirləşən kimi, dərhal qəzəb gəlir.
Əgər Allaha Qanun çərçivəsindən baxsaq, onda Onu amansızcasına
cəzalandıran Varlıq kimi görəcəyik. Əgər insana Qanun çərçivəsindən
baxsaq, o zaman Allahın qəzəbinə və cəzasına layiq birini görəcəyik.
Beləliklə, Paul romalılara iki yol göstərir. Bu iki yolun birində
insan öz səyi ilə Allahla həqiqi əlaqə axtarır. Belə olan halda, o,
uğursuzluğa məhkumdur. Digər yolda insan iman vasitəsilə Allahla həqiqi
münasibət qurur. Bu yol artıq Allahın mərhəməti sayəsində mövcuddur.
İnsana yalnız Allaha güvənmək qalır.
18-25
QEYRİ-MÜMKÜNÜ
MÜMKÜN EDƏN İMAN (Romalılara 4:18-25)
Əvvəlki hissə İbrahim peyğəmbərin «ölülərə həyat verən, yoxluqdan
varlıq yaradan» Allaha iman etməsi ilə bitir. Bu hissədə Paul İbrahimin
Allaha şək-şübhə etmədən tək bir kəlməsini qəbul etməyə hazır olmasına
dair başqa bir nümunə göstərir. Nəsli vasitəsilə yer üzünün bütün
xalqlarının xeyir-dua alacağı vədi İbrahim peyğəmbərə qoca ikən
verilmişdi. Onun arvadı Sara sonsuz idi. Budur, onun yüz, arvadının isə
doxsan yaşı olanda (Yaradılış 17:17) ona vəd verildi ki,
onların oğlu olacaq. Bu vədin gerçəkləşməsi nə qədər güclü imana malik
olmaqdan asılı olmayaraq, ilk baxışdan ümidsiz görünürdü. Çünki
İbrahimin uşaq sahibi ola biləcək yaşı çoxdan keçmişdi. Arvadının da
oğlan dünyaya gətirə biləcək yaşı ötmüşdü. İbrahim yenə də Allahın tək
bir kəlməsinə inandı və bu, İbrahimə bir daha salehlik sayıldı.
Şək-şübhəsiz olan məhz bu iman İbrahim peyğəmbəri Allahla həqiqi
münasibətə yönəltdi. Beləcə yəhudi ravvinlərinin Paulun indi istinad
etdiyi bir sözü var idi. Onlar deyirdilər: «İbrahim peyğəmbər haqqında
yazılanlar onun övladları haqqında da yazılıb». Onlar demək istəyirdilər
ki, Allahın İbrahimə verdiyi istənilən vəd onun övladlarına da şamil
edilir. Buna görə də, əgər İbrahimin Allaha qeyd-şərtsiz iman etməsi onu
Allahla həqiqi münasibətə yönəldibsə, bizim üçün də belə olacaq. Allahla
insanlar arasında bu əlaqənin yaranmasına səbəb olan Qanuna əməl etmək
deyil, Ona iman gətirmək idi.
Belə olan halda, İbrahim peyğəmbərin imanının mahiyyəti ondan ibarət
idi ki, o, Allahın qeyri-mümkün olanı mümkün edə biləcəyinə inanırdı. Nə
qədər ki, hər şeyin bizim səylərimizdən asılı olduğuna inanırıq, bir o
qədər məyusluğa düçar oluruq. Çünki təcrübə bizə öz səyimizlə çox şeyə
nail ola bilməyəcəyimizə dair ağır dərs verib. Əgər həlledici olanın
səylərimiz deyil, Allahın mərhəməti və Onun qüdrəti olduğunu başa
düşsək, onda sevinc taparıq. Çünki Allah bizimlə olanda hər şeyin mümkün
olduğuna inanırıq.
Deyilənə görə, mömin Tereza ana günlərin bir günü əlində cəmi iki
qəpiklə monastır tikmək niyyətinə düşmüşdü. Kimsə ona demişdi: «Hətta
mömin Tereza ana da iki qəpiklə çox şey edə bilməz». «Düzdür,» — deyə o
cavab vermişdi, — «amma əlində iki qəpik olan mömin Tereza Tanrı ilə
birlikdə hər şey edə bilər». Uzun tərəddüddən sonra insan özü böyük bir
işin öhdəsindən gələ bilər. Lakin Allah onunladırsa, o, tərəddüd
etməməlidir. Böyük bir missioner müəllimi olan Anna Hunter Smol özü də
missioner olan atasından sitat gətirir: «Ah, falçıların kin və
axmaqlığı, təslimçilər!» Özünün də sevdiyi bir ifadə vardı: «Canlı kilsə
hər şeyi etməyə cəsarət göstərməlidir!» Bu cür cəsarətə yalnız Allahın
Sözünə şək-şübhəsiz inanan insan və imanlı cəmiyyəti sahib ola
bilər.