7-ci fəsil
1-6
YENİ SƏDAQƏT (Romalılara
7:1-6)
Paul nadir hallarda bu hissədəki kimi mürəkkəb şəkildə yazırdı.
İngilis ilahiyyatçısı Çarlz Dodd deyir ki, bu hissəni aydınlaşdırmaq
üçün Paulun nə dediyini unudub, onun nə demək istədiyini anlamaq
lazımdır.
Bu hissənin əsas fikri — ölümün bütün müqavilələrə xitam verdiyi
hüquqi prinsipdir.
«Paul bu həqiqəti izah etmək üçün misalla başlayır və məsihçinin
həyatında baş verənləri göstərmək üçün ondan istifadə edir. Nə qədər ki,
qadının əri sağdır, o, başqa birisi ilə evlənə bilməz, əks halda, zina
etmiş olar. Amma əri ölübsə, nikah müqaviləsi ləğv edilir və o, istədiyi
şəxslə evlənməkdə azaddır. Paul demək istəyirdi ki, biz də günahla nikah
bağlamışıq. Məsih isə günahı məhv etdi. Buna görə də biz indi azad
olmuşuq və Allahla nikah bağlaya bilərik. Paul, şübhəsiz ki, bunu
nəzərdə tuturdu. Lakin bu misala Qanun daxil olur. Əslində, Paul bunu
daha sadə şəkildə izah edə bilərdi. O deyə bilərdi ki, biz Qanunla nikah
bağlamışıq və Məsihin sayəsində Qanun təsirini itirib. İndi isə biz
Allahla nikah bağlamaqda azadıq. Amma Paul bu həqiqəti başqa cür izah
edir. Onun çəkdiyi misalda biz Qanun üçün ölürük.
Bu necə baş verə bilər? Vəftiz vasitəsilə biz Məsihin ölümünə şərik
oluruq. Bu o deməkdir ki, biz öləndə Qanun qarşısındakı bütün
öhdəliklərdən azad oluruq və yeni nikah bağlaya bilərik. Bu dəfə biz
Qanunla yox, Məsihlə evlənirik. Onda məsihçinin itaəti Qanuna məcburi
itaətkarlıqdan deyil, İsa Məsihə sədaqətdən irəli gəlir.
Paul iki vəziyyəti — Məsihsiz və Məsihlə olan həyatı müqayisə edir.
Məsihi tanıyana qədər biz yazılı Qanunlar toplusuna itaət etməklə həyatı
tənzimləməyə çalışırdıq. Bu, cismani təbiətimizə görə
yaşadığımız zaman baş verir. Paul cismani təbiət dedikdə sadəcə
bədəni nəzərdə tutmur, çünki insan ömrünün sonuna qədər fiziki cəhətdən
bədəndə qalır. İnsanda onu günaha sövq edən bir şey var. İnsanın zəif
nöqtəsi məhz həmin şeylə əlaqədardır. Paul onu cismani təbiət
adlandırır. Cismani təbiət — insan təbiətidir, Allahla birbaşa əlaqəsi
yoxdur, Ondan kömək görmür. Paul deyir ki, insan təbiəti Allahın
köməyindən məhrum olanda, Qanun mahiyyət etibarilə, hisslərimizi günaha
sövq edirdi. O, bununla nə demək istəyir? Paul dönə-dönə qeyd edir ki,
Qanun, həqiqətən, günaha aparır. Çünki bir şeyin qadağan olunması ona
müəyyən cəlbedicilik verir. Biz yalnız Qanuna malik olanda, günahın
ümidinə qalmışdıq. Daha sonra Paul insanın Məsihlə birlikdə olan
vəziyyətinə toxunur. İnsan Məsihlə vəhdətdə yaşayanda, onda günah etmək
istəyini oyadan yazılı Qanuna itaət etmir. O, bütün varlığı ilə MƏSİH
İsaya sədaqət göstərməklə yaşayır. Onun həyatının aparıcı motivi Qanun
deyil, sevgidir. Qanun bütün məhdudiyyətləri ilə ona kömək etməkdə aciz
olanda sevgi ilhama gəlir.
7-13
GÜNAHIN HƏDDİNİ AŞMASI
(Romalılara 7:7-13)
Burada Əhdi-Cədidin ən böyük və ən təsirli hissələrindən biri
başlayır. Çünki burada Paul bizə öz ruhani tərcümeyi-halını verir və
ürəyini açır.
Paul Qanunun iztirablı paradoksunu aydınlaşdırmağa çalışır. Özlüyündə
Qanun gözəl və möhtəşəmdir. O, müqəddəsdir. Yəni Qanun Allahın
səsidir. Müqəddəs gagios sözünün əsas mənası — başqa bir
şey deməkdir. Bu söz başqa bir aləmdən gələn bir şeyi
müəyyənləşdirir. Qanun ilahidir və Allahın canlı səsidir. O,
salehdir. Biz gördük ki, yunanca «salehlik» sözünün əsas mənası
həm insana, həm də Allaha öz haqqının verilməsi deməkdir. Buna görə
Qanun bütün münasibətləri — insani və ilahi münasibətləri bərqərar edir.
Əgər insan Qanuna tamlığı ilə əməl etsəydi, Allahla və soydaşları ilə
gözəl münasibətdə olardı. Qanun yaxşıdır. Başqa sözlə, onun
məqsədi bizim ən yüksək rifahda yaşamağımızdan ibarətdir. Qanunun
məqsədi insanı mömin etməkdir.
Bütün bunlar doğrudur. Amma bu da faktdır ki, Qanun insanın ürəyində
günahın daxil ola biləcəyi bir boşluğu təmsil edir. Bu necə baş verir?
Qanunun günahın mənbəyi olduğunu iddia edən iki əsas var.
1) Qanun günahı təyin edir. Paulun da dediyi kimi, Qanunsuz günah
mövcud deyil. Cinayət Qanunla günah kimi müəyyən edilməyincə, insan onun
günah olduğunu bilə bilməz. Biz istənilən oyunda, məsələn, tennisdə
uzaqdan müdafiə tapa bilərik. İdmançı topu tora qaytarmazdan əvvəl onun
bir dəfədən çox sıçramasına icazə verə bilər; amma nə qədər ki, qaydalar
yox idi, onu heç bir səhvə görə qınamaq olmazdı. Sonra qayda qəbul
edildi ki, top yalnız bir dəfə geri qayıtdıqdan sonra tora
qaytarılmalıdır və onun iki dəfə sıçramasına icazə vermək olmaz.
Qaydalar səhvin nə olduğunu müəyyənləşdirir. Qaydalar qoyulmazdan əvvəl
icazə verilən şeylər qaydalardan sonra səhv sayılır. Qanun günahı belə
müəyyənləşdirir. Biz daha yaxşı bir bənzətmə apara bilərik.
Uşağın və ya sivilizasiyadan kənar olan adamın mədəniyyətsizliyinə
bəraət qazandıran əməl sivil ölkədən olan yetkin bir insan üçün
yolverilməzdir. Yetkin sivil insan uşağın və ya sivilizasiyadan uzaq
olan ölkənin sakininin bilmədiyi davranış normalarını bilir. Ona görə də
onlar üçün üzrlü sayılan şey sivil insan üçün mədəniyyətsizlikdir.
Günah Qanunla müəyyən olunduğuna görə onun sayəsində yaranır.
Məsələn, uzun müddət küçənin hər iki tərəfində avtomobil sürmək mümkün
idi. Onu birtərəfli küçə elan edəndən sonra yeni qanun pozuntusu qeydə
alınır: qadağan olunmuş istiqamətdə hərəkət etmək. Yeni qanunvericilik
normaları yeni cinayətlər yaradır. Qanun insanlara onun nə olduğunu başa
salaraq, günaha səbəb olur.
2) Amma Allahın Qanunu daha ciddi mənada günaha səbəb olur.
Qəribədir, həyat elə qurulub ki, qadağan olunmuş bir şey həmişə
cəlbedici olur. Yəhudi ravvinləri və mütəfəkkirləri bunun Eden bağında
necə baş verdiyini bilirdilər. Adəm əvvəlcə məsum həyat yaşayırdı. Ona
qadağan olunmuş ağaca toxunmamaq əmri verilmişdi. Bu əmr yalnız onun
xeyrinə idi. Lakin ilan gəldi və bu qadağanı incəliklə vəsvəsəyə
çevirdi. Ağacın qadağan olunması onu arzuedilən etdi. Beləliklə, Adəm
qadağan olunmuş meyvə ilə günaha sövq edildi və nəticədə bu, ölümə
gətirib çıxardı.
Filon bu hekayəni alleqorik şəkildə danışır. İlan həzzi,
Həvva hissləri təmsil edir. Həzz almaq istəyi çox vaxt qadağan
olunanı arzulayır və hisslər vasitəsilə öz məqsədinə doğru gedir. Adəm
dərrakəni təcəssüm etdirir. Qadağan olunmuş meyvə hissləri daha
çox şirnikləndirdikcə, dərrakə yoldan çıxır, ondan sonra ölüm gəlir.
Avqustinin «Etiraf» əsərində qadağan olunmuş həzlərdən bəhs
edən məşhur bir parça var:
«Bizim üzüm bağımızın yanında üstü meyvələrlə dolu armud ağacı var
idi. Günlərin bir günü gecə vaxtı biz meyvə oğurluğuna getdik. Biz çoxlu
armud yığmışdıq. Amma özümüzü doyurmaq üçün deyil, donuzlara atmaq üçün
yığmışdıq. Halbuki doyana kimi qadağan olunmuş meyvədən yemişdik. Bunlar
dadlı armudlar olsalar da, mənim ürəyim armud istəmirdi. Çünki evimizdə
çoxlu armud var idi, onlar daha dadlı idi. Mən bu armudları sırf oğru
olmaqdan ötrü yığmışdım. Bu işdə mənim üçün yeganə həzz aldığım şey
qanunsuzluq firavanlığı idi. Mən ondan doyunca daddım. Oğurluqda mənə
həzz verən nə idi? Mənə həzz verən qanuna əsasən cinayətkar kimi qadağan
olunmuş şeyləri etməklə saxta azadlıq əldə etmək hissi idi? Oğurluq
etmək istəyini oğurluğun qadağan olunması yaradırdı».
Nəyisə qadağan olunmuşlar kateqoriyasına salmaq, yaxud nəyisə
əlçatmaz etmək kifayətdir ki, onlar dərhal cəlbedici olsun. Qanun məhz
bu mənada özü günahı ehtiva edir.
Paul günahı müəyyən etmək üçün çox yaxşı və dəqiq bir sözdən istifadə
edir. O deyir: «Günah məni azdırdı». Günahda həmişə azdırıcı bir şey
var. Voyen deyir ki, günahın azdırması üç sahədə pis təsir göstərir.
1) Biz günahdan əldə edə biləcəyimiz məmnuniyyətə aldanırıq.
Elə bir insan yoxdur ki, qadağan olunmuş nəyisə edəndə xoşbəxt olacağını
düşünməsin. Amma heç kim günahda xoşbəxtlik tapmayıb.
2) Biz günahın xeyrinə bəraət qazandıran bəhanələrə
aldanırıq. Hər bir insan pis bir iş gördüyünə görə özünə haqq qazandıra
biləcəyinə inanır. Lakin istənilən insanın Allahın hüzurunda özünə
bəraət qazandırması əbəs cəhd kimi görünür.
3) Biz günahın nəticələrindən qaçacağımızı güman edərək
aldanırıq. İnsan günah edəndə həmişə ümid edir ki, onun
nəticəsindən qaça bilər. Ancaq gec-tez günahlarımız bizi tapacaq. Onda
elə çıxır ki, Qanun günaha səbəb olduğuna görə pis şeydir? Paul əmindir
ki, qurulmuş bu nizamda hikmət var.
Birincisi, o, qəti şəkildə inanır ki, nəticələrindən asılı olmayaraq,
günah — günah kimi müəyyən edilməlidir. İkincisi, bu nizam günahın
dəhşətli mahiyyətini göstərir. Çünki günah Qanunu — müqəddəs, saleh və
yaxşı olan bir şeyi götürüb, onun mahiyyətini təhrif etdi və onu şərin
məqsədlərinə xidmət etdirən bir şeyə çevirdi. Günahın etdiyi elə budur.
O, sevginin gözəlliyini götürüb onu şəhvətə və ehtirasa çevirə bilər.
Günah müstəqil yaşamaq istəyini götürüb onu nə olursa-olsun, pul və
hakimiyyət əldə etmək həvəsinə çevirə bilər. O, dostluğun gözəlliyini
yoldan çıxarmaq həvəsinə çevirə bilər. Karleyl bunu «günahın sonsuz
lənəti» adlandırırdı. Günahın Qanunu öz məqsədlərindən ötrü günahın
meydanına çevirməsi artıq onun nə qədər dərin olduğunu göstərir. Bu
dəhşətli proses təsadüfi deyil; bütün bunlar bizə günahın necə dəhşətli
bir şey olduğunu göstərməlidir. Çünki o, murdar toxunuşu ilə ən gözəl
şeyləri murdarlaya bilər.
14-25
İNSANIN VƏZİYYƏTİ
(Romalılara 7:14-25)
Burada Paul ürəyini açır. O, hər bir insana xas olan həyat
təcrübəsini bizimlə bölüşür. O bilirdi ki, yaxşılıq var və onu etmək
istəyirdi, amma nədənsə heç vaxt alınmırdı. O, pisliyin də nə olduğunu
bilirdi və onu etmək istəmirdi, amma nədənsə məhz onu edirdi. Paul özünü
ikiləşmiş şəxsiyyət kimi hiss edirdi. Sanki bir bədəndə iki nəfər
yaşayırdı, hər biri onu müxtəlif istiqamətlərə çəkirdi. O, məhv olduğunu
hiss edirdi, yaxşılığın nə olduğunu bilib onu edə bilməməsi Paulu
incidirdi; pisliyi bilib ondan çəkinə bilməməsi Paulu təqib edirdi.
Paulun müasirlərinə bu hiss yaxşı tanış idi. Bizə də yaxşı tanışdır.
Seneka «zəruri işlərdə acizliyimizdən» danışırdı. O, insanların öz
günahlarına nifrət etməsindən, eyni zamanda onları sevməsindən
danışırdı. Roma şairi Ovidi belə bir məşhur aforizm yazmışdı: «Mən yaxşı
şeyləri görüb bəyənirəm, amma pisliyin ardınca gedirəm».
Bu problemi yəhudilərdən yaxşı heç kim bilmirdi. Onlar belə qənaətə
gəldilər ki, hər bir insanda Yetser gatob və Yester
qara adlanan iki varlıq yaşayır. Yəhudilər əmin idilər ki, Allah
insanı yaxşılığa və şərə daim can atan varlıq kimi yaradıb.
Bəzi ravvinlər inanırdılar ki, pislik insan hələ doğulmamışdan əvvəl
ana bətnində ikən rüşeymə yerləşdirilib. Bu, «ikili pis şəxsiyyət»,
«insanların barışmaz düşməni» idi. O, lazım gələrsə, ömrü boyu insanın
daxilində qalıb insanı məhv etmək fürsətini gözləyirdi. Ancaq eyni
zamanda yəhudilər başa düşürdülər ki, heç kim bu pisliyə təslim
olmamalıdır. Lakin yenə də bu, sırf seçim məsələsi idi.
Sirax oğlu Yeşuanın hikmət kitabında deyilir:
«O, başlanğıcda insanı yaratdı,
Qərar verməyi onun öz ixtiyarına buraxdı.
Əgər istəsən, əmrlərə riayət edərsən,
İmanı icra etmək yaxşı əməldir.
Rəbb od və suyu sənin önünə qoyub,
Hansına istəsən, əlini uzada bilərsən.
Həyat və ölüm insanın önündədir,
Hansını arzulasa, ona veriləcək.
Çünki Rəbbin hikməti böyükdür,
O Öz hökmündə qüdrətlidir və hər şeyi görür.
Rəbbin nəzəri Ondan qorxanların üzərindədir,
O, insanların bütün əməllərini bilir.
Rəbb heç kəsə dinsiz olmağı buyurmadı,
Heç kəsə günah etməyə izin vermədi».
(Sirax 15:14-20 (yoxlama versiyası)).
İnsanı pislikdən saxlayan müxtəlif səbəblər var. Səbəblərdən biri
Qanun idi. Yəhudilər Allahın belə dediyini təsəvvür edirdilər: «Mən
sizin üçün pis nəfs yaratdım; pisliyə çarə olaraq sizin üçün bir Qanun
verdim. Əgər Qanuna əməl etsəniz, pisliyin təsirinə
düşməyəcəksiniz».
Bundan əlavə, iradə və dərrakə var.
«Allah insanı yaradanda onun daxilinə Öz hisslərini və xasiyyətini
qoydu. Sonra isə bütün bunlardan daha üstün olan müqəddəs bir rəhbər —
ağıl verdi».
Yəhudilər inanırdılar ki, insanı pis nəfs yoldan çıxaranda, onun ağlı
və dərrakəsi Allah Kəlamını öyrənməklə pis nəfsə qalib gələ bilər. Çünki
Allahın Kəlamı müdafiə və təhlükəsizliyi təmin edir; qanun qoruyucu
padzəhər kimidir: günaha büdrəmək anında qorunmaq məqsədilə ona müraciət
etmək olar.
Paul bütün bunları bilirdi. Onu da bilirdi ki, nəzəri cəhətdən
bunların hamısı doğru olsa da, təcrübədə belə deyil. İnsan təbiətində
günahın vəsvəsələrinə cavab verən şeylər mövcuddur. Paul bunları
ölümə düçar olan bədən adlandırır. Bu, insana aid olan
vəziyyətin bir tərəfidir: biz nəyin yaxşı olduğunu bilirik, amma pis
olanı edirik; yəni düşündüyümüz qədər mömin deyilik. Eyni zamanda bizi
həm yaxşılıq, həm də günah təqib edir.
Bir tərəfdən bu hissəni qüsurların kəşfi adlandırmaq olar.
Çünki...
1) bu hissə insan biliyinin yetmədiyini göstərir. Əgər
yaxşılığı bildiyi kimi onu etməyi də bacarsaydı, onda insan həyatı sadə
olardı. Lakin yaxşılığın nə olduğunu bilmək insanı mömin etmir. Eyni
şeyi hər bir insan peşəsi haqqında demək olar. Biz şahmatı necə oynamaq
lazım olduğunu bilirik; amma bu, hələ yaxşı oynamaq anlamına gəlmir. Biz
şeirin necə yazıldığını bilə bilərik, amma bu onu yazmaq demək deyil.
Biz müəyyən vəziyyətdə necə davranacağımızı bilə bilərik, lakin bu, hər
vəziyyətdə mükəmməl olacağımız anlamına gəlmir. Dinlə əxlaq arasındakı
fərq elə budur. Əxlaq — kodu bilmək deməkdir; din — insan haqqında bilik
deməkdir. Biz yalnız Məsihi tanıyanda nə etməli olduğumuzu edə
bilərik.
2) bu hissə insan qərarlarının yetmədiyini göstərir. Nəsə
etmək niyyəti onu hələ həyata keçirmək demək deyil. İnsan təbiətinin
başqa zəif tərəfi də var — möhkəm iradənin olmaması. İnsan iradəsi
problemlərlə, çətinliklərlə, qarşıdurmalarla qarşılaşır. Çox vaxt
insanın iradəsi uğursuzluğa düçar olur. Həvari Peter bir dəfə mühüm
qərar verdi. O, Məsihə dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa
belə, Səni əsla inkar etməyəcəyəm» (Matta 26:35). Lakin
həlledici an çatanda o, dəhşətə yol verdi. Əgər insan iradəsinə Məsih
tərəfindən güc verilməsə, uğursuzluğa məhkumdur.
3) bu hissə təkcə məğlubiyyətin səbəblərini müəyyən etməyin
yetərli olmadığını göstərir. Paul müasir insanın və cəmiyyətin
qüsurlarını yaxşı görürdü. Lakin vəziyyəti düzəltmək gücündə deyildi. O,
xəstəliyə dəqiq diaqnoz qoya bilən, lakin lazımi müalicəni təyin etməkdə
aciz olan həkim kimi idi. Amma İsa Məsih nəinki nəyin səhv olduğunu
bilir, həm də pisi yaxşıya çevirməyə qadirdir. O, tənqid yox, kömək
təklif edir.