1-3
Bu məktubun ilk on ayəsində İsa Məsihin adı ən azı on dəfə çəkilir. Paul ciddi bir məktub yazmalı idi. O, Korinf imanlı cəmiyyətindəki çətin vəziyyətlə üzləşməli olduğuna görə, onun ilk və son fikirləri İsa Məsih haqqında idi. Biz bəzən imanlı cəmiyyətindəki çətin vəziyyəti hüquqi norma və məcəllələrə arxalanaraq, ədalət baxımından həll etməyə çalışırıq. Bəzən də öz mənəvi gücümüzə və sağlam düşüncəmizə arxalanaraq problemlərin öhdəsindən gəlməyə çalışırıq. Paul isə fərqli davrandı. Yaranmış mürəkkəb vəziyyətdə o, İsa Məsihə üz tutur və bu problemi çarmıxa çəkilmə, Məsihin sevgisi işığında həll etməyə çalışır.
Paulun ön sözü bizə iki problemdən söz açır:
1) O bizə Korinfdə yerləşən İmanlı Cəmiyyəti haqqında, yəni Korinf Cəmiyyəti haqqında deyil, Allahın Cəmiyyəti haqqında danışır. Paul üçün hər bir qrup insan, harada olmasından asılı olmayaraq, Allahın vahid Cəmiyyətinin bir hissəsi idi. O, İngiltərə və ya Şotlandiya imanlı cəmiyyəti haqqında danışmazdı, nə də İmanlı Cəmiyyətinə coğrafi mövqeyinə görə yanaşmazdı. Bundan başqa, o, imanlı cəmiyyətinin birliyini bu və ya digər təriqət, qrup və ya məzhəblə müəyyən etməzdi. Əgər biz də Paul kimi İmanlı Cəmiyyəti haqqında eyni fikirdə olsaydıq, onda bizi ayıran şeylərdən çox bizi birləşdirən şeylər haqqında düşünərdik.
2) Ön söz bizə məsihçi haqqında məlumat verir. Paul məsihçinin üç xarakterik xüsusiyyətini qeyd edir.
a) Məsihçi İsa Məsihdə təqdis olunub. Təqdis olunmaq (hagiatso) feli Allah üçün bir yer ayırmaq, qurban təqdim etməklə onu müqəddəsləşdirmək deməkdir. Məsihçi İsa Məsihin qurbanı vasitəsilə Allaha həsr olunub. Məsihçi — Məsihin uğrunda öldüyü şəxslərdən biridir. O, bunu bilir və başa düşür ki, yalnız bu qurban vasitəsilə hamımız Allaha məxsusuq.
b) Məsihçi müqəddəs olmağa çağırılandır. Bu iki söz bir yunan sözü olan hagios ilə ifadə edilmişdir. Hagios Allaha həsr olunmuş, Ona xidmət edən şəxs və ya əşyanı bildirir. Bu söz Allah üçün nəzərdə tutulan məbədi və ya qurbanı təyin edir. Deməli, Allaha xidmətə həsr olunmuş insan, Onun idarəçiliyi altında, həyatı və xasiyyəti ilə buna layiq olduğunu sübut etməlidir. Beləliklə, hagios müqəddəs olmağa çağırılan insan mənasını verir.
Əvvəllər bu söz ayırmaq mənasında işlədilirdi. Hagios insan başqalarından fərqlənir, çünki o, Allaha məxsus olmaq üçün xüsusi olaraq adi insanlardan ayrılır. Yəhudilər özlərini seçilmiş xalq kimi təyin edirdilər. Onlar müqəddəs, seçilmiş xalq, yəni hagios laos idilər. Bütün digər xalqlardan tamamilə fərqlənirdilər. Çünki onlar Allaha məxsus idilər və xüsusi olaraq Allaha xidmət üçün ayrılmışdılar. Paul məsihçiləri hagios adlandıranda, onların digər insanlardan fərqli olduqlarını nəzərdə tutur. Çünki onlar Allaha aid edilirlər və Ona xidmət üçün əvvəlcədən təyin olunublar. Bu fərqlilik onları dünyadan qətiyyən ayırmır, əksinə, adi həyatda onlara xas olan xüsusiyyətləri göstərir.
c) Məsihçi İsa Məsihin adını hər yerdə çağırandır. Məsihçi həm yeri, həm də göyləri əhatə edən imanlı icmasının üzvüdür. Əgər biz hərdən nəzərlərimizi dar çərçivədən kənara yönəldib, özümüzü bütün dünyanı əhatə edən Allahın Cəmiyyətinin bir hissəsi hesab etsək, bu, hamımıza böyük fayda gətirər.
3) Bu hissədə İsa Məsihin daha yaxın olduğu təsvir edilir. Paul Rəbbimiz İsa Məsih haqqında danışır, sonra əlavə edir ki, O, həm onların, həm də bizim Rəbbimizdir. İsa Məsih nə bir insanın, nə də bir imanlı cəmiyyətinin monopoliyasıdır. O bizim Rəbbimizdir, eyni zamanda bütün insanların Rəbbidir. Məsihçiliyin heyrətamiz möcüzəsi elə bundadır, yəni İsa Məsihin məhəbbəti bütün insanlara aiddir. «Allah hər birimizi xüsusi məhəbbətlə sevir».
4-9
Bu hissədə şükür duasına dair üç məqam vurğulanır.
1) Yerinə yetirilən vəd haqqında. Paul korinflilərə təbliğ edəndə, Məsihin onlar üçün müəyyən şeylər edə biləcəyini söylədi. İndi o, bəyan edir ki, əvvəllər Məsihin edə biləcəyini söylədiyi hər şey artıq yerinə yetib. Qədim dövrlərdə missionerlərdən biri Pikt padşahına belə demişdi: «Əgər sən məsihçiliyi qəbul etsən, çoxlu möcüzələr görəcəksən və onların hamısı gerçəkləşəcək». Düzünü desək, insanı Məsihi qəbul etməyə məcbur etmək olmaz. Biz ona yalnız «sına və gör nə baş verəcək» deyə bilərik. Bunu deyərkən əmin olmalıyıq ki, o, dediklərimizin hamısının həqiqət olduğunu görəcək.
2) Alınan lütf haqqında. Paul burada sevimli sözlərindən birini — xarisma-nı istifadə edir, yəni insanın özünün layiq olmadığı, qazana bilmədiyi «müftə verilən ənam»dan bəhs edir. Paulun fikrincə, Allahın bu ənamı insanlara iki fərqli şəkildə verilir:
a) Xilas xarisma-dır, Allahın hədiyyəsidir. İnsan heç vaxt öz gücünə Allahla düzgün münasibət qura bilməz. Xilas insanın layiq olmadığı ənamdır. Xilas Allahın səxavətli məhəbbətindən irəli gəlir (Romalılara 6:23 ilə müqayisə edin).
b) Allahın lütfü insana onun sahib ola biləcəyi və həyatda istifadə edə biləcəyi müxtəlif ənamlar verir (1Korinflilərə 12:4-10; 1Timoteyə 4:14; 1Peter 4:10). Əgər insana natiqlik, şəfa, sənət və ya sənətkarlıq, musiqi ənamları verilirsə — bunlar Allahın ənamlarıdır. Əgər bunu tam dərk etsəydik, həyatımız mənalı olardı. Sahib olduğumuz istedad və peşə bizim nailiyyətlərimiz deyil — bunlar Tanrının ənamlarıdır. Bu səbəbdən biz onlara görə cavabdehik. Biz ənamlardan şəxsi mənfəətimiz və ya nüfuzumuz üçün deyil, Allahın izzəti və insanların rifahı üçün istifadə etməliyik.
3) Son məqsəd haqqında. Əhdi-Ətiqdə Rəbbin günü ilə bağlı fikirlər bir neçə dəfə təkrarlanır. Yəhudilərin fikrincə, həmin gün Allah bəşəriyyətin tarixinə və həyatına birbaşa müdaxilə edəcək; Rəbbin günündə köhnə dünya məhv olacaq və yenisi yaradılacaq; həmin gün Qiyamət günü olacaq və hər kəs mühakimə olunacaq. Məsihçilər də bu fikri qəbul etmişdilər. Lakin onlar Rəbbin gününü Rəbbimiz İsa Məsihin günü kimi, İsanın qüdrət və izzətlə dünyaya yenidən qayıdacağı gün kimi şərh edirdilər.
Bu, həqiqətən də, Qiyamət günü olmalıdır. İngilis şairi Kedmon şeirlərinin birində Qiyamət gününün təsvirini vermişdir. O, yerin mərkəzində rentgen şüalarına bənzər işıq saçan, simalardan maskaları çıxaran və hər kəsi olduğu kimi göstərən çarmıx təsvir etmişdir. Paul inanırdı ki, Məsihə iman edən insan qorxmadan Qiyamət Gününü gözləyə bilər. Çünki o öz salehliyinə deyil, İsa Məsihin salehliyinə bürünüb və heç kim onu heç bir şeydə ittiham edə bilməyəcək.
10-17
Bu hissədə Paul Korinfdəki imanlı cəmiyyətində yaranmış vəziyyəti düzəltməyə çalışır. O, məktubunu Efesdən yazırdı. Xloi adlı zəngin bir xanımın evindən olan məsihçi qullar Korinfə gəlmiş və imanlı cəmiyyətində baş verən mübahisə və nifaq barədə Paulu məlumatlandırmışdılar.
Paul korinflilərə iki dəfə qardaşlar deyə müraciət edir. Beza adlı şərhçinin dediyi kimi: «Bu müraciətdə gizli bir məqam var». Əvvəla, o, qardaşlarım deməklə bir qədər əvvəl etdiyi məzəmməti yumşaldır. O, əlində çubuq olan müəllim kimi deyil, sevgi dolu bir insan kimi müraciət edir. İkincisi, belə bir müraciət onların mübahisə və nifaqlarının nə qədər yanlış olduğunu göstərməli idi. Onların hamısı qardaşdır və qardaş sevgisi içində yaşamalıdırlar.
İmanlı icmasının parçalanmış hissələrini barışdırmağa çalışarkən, Paul iki maraqlı ifadədən istifadə edir. Paul onlardan hamının həmfikir olmasını xahiş edir, yəni fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. Onun burada istifadə etdiyi ifadə, adətən, müharibə edən tərəflərin razılığa gələrkən işlətdiyi ifadədir. O onların «eyni düşüncədə və eyni ağılda birləşməsini» istəyir. Burada birləşmə tibbi mənada, məsələn, sınıq sümüyünü birləşdirmək və ya çıxmış oynağı yerinə salmaq kimi istifadə edilir. İmanlı cəmiyyətindəki fikir ayrılıqları qeyri-təbiidir və bütün Məsihin Bədəninin sağlamlığı naminə düzəldilməlidir.
Paul Korinf cəmiyyətində dörd qrup görür: onlar hələ dağılmayıb, parçalanma imanlı cəmiyyətinin daxilindədir. Paul vəziyyəti təsvir etmək üçün yunanca shismata sözündən istifadə edir. Bu söz cırılmış pərdə deməkdir. Korinfdəki imanlı cəmiyyəti cırılmış pərdə kimi yararsız olmaq təhlükəsi ilə üz-üzədir. Qeyd etmək lazımdır ki, adları çəkilən möminlərin — Paul, Kefa və Apollonun imanlı cəmiyyətindəki parçalanma və çəkişmə ilə heç bir əlaqəsi yox idi. Onların aralarında heç bir ziddiyyət və ixtilaf yox idi. Onların adları xəbərləri və ya razılıqları olmadan müəyyən qruplar tərəfindən özəlləşdirilmişdi. Doğrudan da, elə olur ki, tərəfdarlar rəqiblərdən daha böyük problemə çevrilirlər. Gəlin bu qruplara daha yaxından nəzər salaq və onların hər birinin nəyi təmsil etdiyini anlamağa çalışaq.
1) Qruplardan biri «mən Paulun ardıcılıyam» deyirdi. Şübhəsiz ki, həmin qrupa qeyri-yəhudi əsilli insanlar daxil idi. Paul həmişə azadlıq Müjdəsini və insanlar üzərində Qanunun aliliyinin başa çatdığını təbliğ edirdi. Çox güman ki, Korinf məsihçilərinin bu qrupu Paulun təbliğ etdiyi azadlığı əxlaqsızlığa çevirməyə, öz azğınlıqlarına və şəxsi istəklərinə haqq qazandırmaq üçün məsihçilikdən istifadə etməyə çalışırdılar. Alman ilahiyyatçısı Bultmann deyirdi ki, məsihçi indikativi (şəxsi istəyi) çox vaxt imperativə (tələbə) gətirib çıxarır. Korinfdəki məsihçilərin bu qrupunun nümayəndələri unudurdular ki, Müjdənin indikativi məsihçi imperativə gətirib çıxarır. Onlar unudurdular ki, xilası rahat şəkildə günah etmək üçün deyil, günah etməmək üçün əldə ediblər.
2) Digər qrupun nümayəndələri «mən Apollonun ardıcılıyam» deyirdilər. Həvarilərin işləri 18:24-də Apollonun xarakterinin qısa təsviri verilir: «Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi». O dövrdə İsgəndəriyyə intellektual həyatın mərkəzi idi. Məhz orada alimlər Müqəddəs Yazıların alleqorik təfsir məktəbini yaratmışdılar və çox sadə mətnlərdən olduqca mürəkkəb şərhlər verirdilər. Onların fəaliyyətindən bir nümunə: İsgəndəriyyəli Barnabanın əsərindəki qeydlərə əsasən, onlar Yaradılış 18:23; 14:14-ü araşdırarkən belə nəticəyə gəliblər: İbrahim peyğəmbərin 318 ailə üzvü var idi və onlar sünnət olunmuşdu. Yunan dilində 18 rəqəmi yazılıb. Yunanlar isə çox vaxt rəqəm kimi yazılan işarələrdən müəyyən məna daşıyan hərflər kimi istifadə edirdilər. Məsələn, iota-dan sonra eta, yəni İsanın (İesus) adının ilk iki hərfi gəlir. 300 rəqəmini isə yunanlar çarmıxa çəkilmə simvolu olan «T» hərfi ilə qeyd edirdilər. Buna görə də Barnaba belə qənaətə gəlir ki, İbrahim peyğəmbərin hekayətindəki bu hadisə İsa Məsihin çarmıxa çəkilməsinə dair proqnozdur! Bundan əlavə, isgəndəriyyəlilər ədəbiyyat pərəstişkarları idilər. Əslində, məsihçiliyə intellektual yanaşmanı gətirən də məhz onlar idi. «Mən Apollonun ardıcılıyam» deyə iddia edənlərin hamısı, şübhəsiz ki, məsihçiliyi Allahın yolundan çox, fəlsəfəyə çevirməyə çalışan Korinf imanlı icmasının intellektual qoluna mənsub idi.
3) Orada «mən Kefanın ardıcılıyam» deyən bir qrup da var idi. (Kefa Yunan və Latın dillərində Peterə uyğun gələn ibrani adıdır.) Bu qrupun əksəriyyəti yəhudilər idi, onlar insanın hələ də yəhudi qanunlarına riayət etməli olduğuna iddia edirdilər. Onlar qanunu ucaldan və bununla da lütfün əhəmiyyətini azaldan qanunşünaslar idilər.
4) Orada «Mən Məsihin ardıcılıyam» deyənlər də var idi. Bunu müxtəlif cür izah etmək olar:
a) Yunan əlyazmalarında heç bir durğu işarəsi yoxdur və sözlər arasında boşluq qoyulmur. Çox güman, bu, xüsusi bir qrup deyil, Paulun şərhidir. Bəlkə də, o, belə demişdir: «Mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» — «mən isə Məsihin ardıcılıyam». Ola bilsin, bu, Paulun yaranmış xoşagəlməz vəziyyətlə bağlı şərhidir.
b) Əgər bu fərziyyə doğru deyilsə və doğrudan da, belə bir qrup var idisə, onda bu, Korinf imanlı icmasında yeganə həqiqi məsihçilər olduqlarını iddia edən kiçik qrup idi. Onların səhvi Məsihə aid olduqlarını iddia etmələri deyil, Məsihin yalnız onlara məxsus olduğu kimi davranmaları idi. Bu ifadə özünü haqlı hesab edən bir qrupu müəyyənləşdirir.
Elə düşünmək lazım deyil ki, Paul vəftizin əhəmiyyətini kiçildir. Paulun vəftiz etdiyi insanlar yeni xüsusi imanlılar idi. Yəqin ki, ilk iman edən Stefan olmuşdu (1Korinflilərə 16:15). Krisp bir vaxtlar yəhudi sinaqoqunun rəisi idi (Həvarilərin işləri 18:8). Qay, çox güman, Paulun yaşadığı evin sahibi idi (Romalılara 16:23). Əsas odur ki, vəftiz Məsihin adı ilə həyata keçirilirdi. Yunan dilində bu ifadə ən yaxın əlaqəni bildirir. Məsələn, adamın adına pul vermək onun cari hesabını ödəmək demək idi. Kiminsə adı naminə qul satmaq, həmin qulu onun mütləq ixtiyarına vermək demək idi. Roma ordusunun əsgəri Qeysərin adına and içirdi. Bununla o, tamamilə qeysərə məxsus olduğunu bildirirdi. Kiminsə adı naminə ifadəsi mütləq sahibliyi nəzərdə tutur. Məsihçilikdə bu ifadə daha böyük məna daşıyır: bu o deməkdir ki, məsihçi nəinki tamamilə Məsihə məxsusdur, həm də Onunla eynidir. Əslində Paulun demək istədiyi bu idi: «Yaxşı ki, başım təbliğ etməyə qarışır. Yoxsa vəftiz etməklə məşğul olsaydım, bəziləriniz Məsihin adı ilə deyil, mənim adımla vəftiz olunduğunu deyərdi». Paul vəftizin əhəmiyyətini kiçiltmir. Sadəcə onun heç bir hərəkətinin səhv şərh edilməməsinə diqqət yetirir. Yəni imkan vermir ki, kimlərsə onun insanları Məsihin ardınca yox, öz ardınca apardığını düşünsün.
Paul deyir ki, xalqa çarmıxa çəkilmə hekayəsini ən sadə dillə çatdırıb. Onu ritorika və zəka ilə bəzəmək fikri olmayıb. Paul diqqəti dilə deyil, faktlara, müəllifə deyil, hekayənin məğzinə çəkmək istəyib. Paulun məqsədi insanlara özünü deyil, Məsihi bütünlüklə göstərmək idi.
18-25
Həm mədəni ellinlər (yunanlar), həm də dindar yəhudilər üçün məsihçiliyin hekayəsi tamamilə dəlilik kimi görünürdü. Paul insan müdrikliyinin nə qədər etibarsız olduğunu, nə qədər uğursuz ola biləcəyini göstərmək üçün Yeşaya peyğəmbərin kitabından iki sitat gətirir (Yeşaya 29:14; 33:18). O, təkzibolunmaz bir fakta istinad edir ki, insanların özünü müdrik saymaqlarına baxmayaraq, bəşəriyyət Allahı tapmayıb. O, hələ də kordur və Allahı axtarmağa davam edir. Bu axtarışları insanların ürəyinə qoyan Allah idi. O, insanlara onların vəziyyətlərinin acizliyini göstərmək istəyirdi. Bununla da Ona iman etmək üçün yeganə doğru yolun Onu axtarmaq olduğunu göstərdi.
Məsihçi Müjdəsi nədən ibarətdir? Əgər biz Həvarilərin İşləri kitabında (Həvarilərin işləri 2:14-39; 3:12-26; 4:7-12; 10:34-43) olan dörd məşhur vəzi təhlil etsək, görərik ki, məsihçi təbliğində müəyyən dəyişməz məqamlar var:
1) Allahın vədlərini yerinə yetirmək vaxtı gəlib çatıb;
2) İsa Məsihin həyatı, ölümü və dirilməsi hekayəsinin qısa xülasəsi;
3) Bütün bunlar qədim peyğəmbərliklərin yerinə yetirilməsidir;
4) İsa Məsihin ikinci gəlişi haqqında bəyanat;
5) Tövbəyə və vəd edilmiş Müqəddəs Ruhun qəbuluna təkidli çağırış.
1) Yəhudilərə görə, bu vəz iki səbəbdən büdrəmə daşı idi:
a) Ömrünü çarmıxda bitirən Birinin Allahın Seçilmişi olması onlar üçün ağlasığmaz idi. Onlar bilavasitə bəyan edən Qanuna istinad edirdilər: «…asılan adam Allahın lənətinə düçar olub» (Qanunun təkrarı 21:23). Yəhudilər üçün çarmıxa çəkilmə faktının özü nəinki İsanın Allahın Oğlu olduğunu sübut edirdi, əksinə, onu təkzib edirdi. Bəlkə də bu bizim üçün qəribə görünə bilər. Lakin Yeşaya 53-ü oxuyan yəhudilər Məsihin əzab çəkdiyini təsəvvür belə edə bilmirdilər. Çarmıx yəhudilərin İsa Məsihə iman etməsinə maneə idi, bu gün də maneə olaraq qalır.
b) Yəhudilər əlamət axtarırdılar. Əgər Qızıl dövr, Allahın bəşəriyyətə müdaxilə etdiyi dövr gəlibsə, onda heyrətamiz hadisələr baş verməlidir. Paul öz məktublarını yazdığı vaxtlarda, bir çox yalançı məsihlər gəlirdilər. Onların hamısı insanları möcüzələr yaratmaq vədi ilə şirnikləndirirdilər. 45-ci ildə Tevda adlı bir adam peyda olmuşdu. O, minlərlə insanı öz işlərini atıb, onun ardınca İordan çayına getməyə inandırmış və söz vermişdi ki, İordan çayının sularını ikiyə böləcək və onları quru yol ilə çaydan keçirəcək. 54-cü ildə Misirdən olan bir adam Yerusəlimdə özünü peyğəmbər elan etmişdir. O, otuz min adamı onun ardınca Zeytun dağına getməyə təşviq etmiş və vəd vermişdi ki, onun sözü ilə Yerusəlimin divarları uçacaq. Yəhudilərin gözlədiyi də məhz bu idi. İsanın timsalında isə onlar təvazökar, bilərəkdən səs-küylü tamaşalardan qaçan, insanlara xidmət edən və həyatını çarmıxda bitirən bir insan gördülər. Belə bir insan, onların fikrincə, Allahın Seçilmişi ola bilməzdi.
2) Ellinlərə (yunanlar) görə, bu cür müjdəçilik iki səbəbdən axmaqlıq idi:
a) Ellinlər üçün Tanrını müəyyən edən xüsusiyyət apafeya idi. Bu, təkcə apatiya deyildi, ümumiyyətlə, hiss etmək qabiliyyətinin itirilməsi idi. Yunanlar iddia edirdilər ki, əgər Tanrı sevinc və kədər, qəzəb və qəm-qüssə hiss edə bilirsə, bu o deməkdir ki, Tanrı ondan güclü olan insanın təsirinə məruz qalmışdır. Buna görə də onlar iddia edirdilər ki, Allah bütün duyğulardan məhrum olmalıdır, yəni heç kim və heç bir şey ona təsir göstərə bilməsin. Ellinlərə görə, əzab çəkən tanrı ağlasığmaz anlayışdır.
Yunanlar, Plutarxın dediyi kimi, elə hesab edirdilər ki, tanrının insanın işlərinə qarışması onu təhqir etmək deməkdir. Onlara görə, Allah tamamilə müstəqil və qərəzsizdir. Ellinlər Tanrının insan şəklində təcəssüm etməsi fikrini çox çirkin hesab edirdilər. Böyük alim Avqustin Məsihə iman etməsindən uzun illər əvvəl deyirdi ki, bütün məsihçilik ideyaları ilə yunan fəlsəfəsi arasında oxşarlıq tapıb. Amma onların arasında heç vaxt belə bir ifadəyə rast gəlməyib: «Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı».
II əsrin yunan filosofu Selsus3 məsihçiliyə hücum edərək belə yazırdı:
«Allah yaxşı, gözəl və xoşbəxtdir. Dünyada yaxşı və gözəl olan nə varsa, Allah ondadır. Lakin Allah insan səviyyəsinə enirsə, bu Onda dəyişikliklərə səbəb olur. Dəyişikliklər də yaxşılığa yox, pisliyə, xoşbəxtliyə yox, bədbəxtliyə, gözəlliyə yox, eybəcərliyə gətirib çıxarır. Kim belə bir dəyişikliyə məruz qalmaq istəyər ki? Allah heç vaxt belə bir dəyişikliyə razı olmazdı. Fanilər təbii olaraq dəyişir, amma ölümsüzlər həmişəlik dəyişməz qalmalıdırlar».
Düşüncəli bir ellin Allahın insan cildində gəlməsini ağlına belə gətirə bilmirdi. O, İsa kimi əzab çəkənin Allahın Oğlu ola biləcəyini tamamilə qeyri-mümkün hesab edirdi.
b) Ellinlər hikmət axtarırdılar. Qədim yunan sözü olan sofist müsbət mənada müdrik insan demək idi. Lakin zaman keçdikcə bu söz ağın qara, pisin isə yaxşı olduğunu bəlağətlə sübut etmək bacarığına malik iti zehinli və dilli-dilavər, bir növ intellektual insanı ifadə etmək üçün işlədildi. Belə adamlar əhəmiyyətsiz detalları müzakirə etmək üçün saatlar sərf edir və problemin həllinə heç bir maraq göstərmir, yalnız «intellektual debat»lardan həzz alırdı. Dion Hrizostom yunan sofistlərini belə təsvir edir: «Onlar bataqlıqda qurbağa kimi quruldayırlar. Onlar yer üzünün ən faydasız insanlarıdır. Çünki cahil ola-ola özlərini müdrik sanırlar. Tovuz quşları öz quyruqları ilə öyündüyü kimi, onlar da öz şöhrətləri və şagirdlərinin sayı ilə öyünürlər».
Qədim yunan boşboğazlarının malik olduqları bacarığı şişirtməyə ehtiyac yox idi. Plutarx onlar haqqında belə deyirdi: Onlar səsin gözəlliyindən istifadə edərək təsir etməyə çalışırlar». Onları söhbətin mövzusu yox, necə danışdıqları maraqlandırırdı. Düşüncələrindən zəhər, danışıqlarından isə bal damırdı. Filostratın dediyinə görə, sofist Adrian Romada elə şöhrət qazanmışdı ki, onun xalq qarşısında çıxış edəcəyi məlum olanda senatorlar senatı, adamlar isə oyunlarını yarımçıq qoyub, izdihamla ona qulaq asmağa gedirdilər.
Dion Hrizostom «müdrik adamlar»ı və onların Korinfdə İsthmian Oyunlarındakı yarışlarını belə təsvir edir:
«Bir-birinin səsini batıran və bir-birini söyən sofist yaramazın qışqırığını, rəqib tələbələrin əhəmiyyətsiz mövzular üzərində mübahisə etdiyini, axmaq əsərləri oxuyan yazıçıların çıxışını, öz şeirlərini təbliğ edən şairləri, möcüzələrini nümayiş etdirən bir çox sehrbazları, işarələrin mənasını şərh edən falçıları, ticarətlə məşğul olan on minlərlə boşboğazları görmək olardı».
Yunanlar, sözün əsl mənasında, bəlağətli nitqə aludə olmuşdular. Məsihçi təbliğçiləri isə açıq və anlaşılmaz vəzləri ilə onlara kobud və savadsız təsir bağışlayır, hörmət və diqqətdən çox istehzaya layiq bilinirdilər.
Ellinlərin və yəhudilərin həyat tərzi fonunda məsihçi müjdəsinin uğur qazanmaq şansı sanki az idi. Lakin Paulun dediyi kimi, «Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür».
26-31
Paul İmanlı Cəmiyyətinin əsasən sadə və həlim insanlardan ibarət olmasından məmnun idi. Lakin elə düşünmək olmaz ki, erkən İmanlı Cəmiyyəti yalnız qullardan ibarət idi. Əhdi-Cədiddən aydın olur ki, Məsihin ardıcılları arasında cəmiyyətin yuxarı təbəqələrinin nümayəndələri də var idi. Məsələn, Afinadakı Dionis (Həvarilərin işləri 17:34), Krit adasının rəisi Sergi Paul (Həvarilərin işləri 13:6-12), Salonik və Veriyada olan zadəgan qadınlar (Həvarilərin işləri 17:4,12), çox güman, Korinfdəki şəhər xəzinədarı Erast (Romalılara 16:23) və s. Neronun dövründə Britaniyanın fatehi Plautun arvadı Pomponiya Qrecina Məsihin ardıcılı olduğuna görə şəhid olmuşdu. Birinci əsrin ikinci yarısında, İmperator Domitsian dövründə, imperatorun əmisi oğlu Flavi Klement Məsihin uğrunda şəhid olmuşdu. II əsrin sonlarında Bitinya hökmdarı Plini imperator Trayana yazırdı ki, məsihçilik cəmiyyətin bütün təbəqələrinə yayılıb. Lakin məsihçilərin böyük əksəriyyəti sadə insanlar idi.
Təxminən 178-ci ildə Selsus məsihçiliyə qarşı tarixin ən sərt əsərlərindən birini yazmışdı. O, sadə insanların məsihçiliyə olan marağını məsxərəyə qoymuşdu. Onun fikrincə, məsihçi baxışları guya belə idi:
«Qoy heç bir savadlı, heç bir müdrik və ağlı başında olan insan məsihçiliyi qəbul etməsin. Çünki biz onları şər hesab edirik. Kim cahildirsə, kim axmaqdırsa, kiminsə sağlam düşüncəsi və təhsili yoxdursa, qoy çəkinmədən yanımıza gəlsin».
Məsihçilər haqqında isə belə yazırdı:
«Biz onların kim olduğunu yaxşı görürük: onlar yun tarayanlar, mahudbasan və çəkməçilərdir. Ən savadsız və kobud insanlardır».
O, məsihçiləri yuvalarından çıxan bir dəstə yarasa və ya qarışqaya, fəlsəfi söhbət üçün bataqlığın ətrafına yığılmış qurbağalara bənzədirdi. Məsihçilik haqqında məhz belə düşünürdülər.
Roma İmperiyasında altmış milyona yaxın qul var idi. Qanun qarşısında qul insan deyil, «canlı alət» idi. Ağa köhnə kürəyi və ya çapanı atdığı kimi, qocalmış qulunu da ata bilərdi. O, qullarına işgəncə verməklə əylənə, hətta onları öldürə bilərdi. Qullar üçün evlilik qanunları yox idi. Sürüdəki quzular kimi onların uşaqları da ağasına məxsus idi. Məsihçilik əşya kimi baxılan insanları həqiqi kişi və qadına, ən əsası Allahın oğul və qızlarına çevirdi. Məsihçilik hörmət görməyənlərə özünə dəyər hissi verdi. Məsihçilik öz həyatları üzərində heç bir haqqı olmayanlara əbədi həyat verdi. Məsihçilik onları əmin etdi ki, dünya üçün heç bir dəyərləri olmasa da, Allahın nəzərində çox qiymətlidirlər. Məsihçilik onlara şəhadət edirdi ki, onlar insanlar üçün heç bir dəyər ifadə etməsələr də, Allah Öz yeganə Oğlunu onlardan ötrü qurban verib. Məsihçilik bütün dünyada ən ülvi ideya olub və olaraq qalır.
Paul bu hissəni Yeremya 9:23-24-dən sitat gətirməklə yekunlaşdırır. Bultmannın dediyi kimi:
«Özünü tərifləmək və ya məşhur olmaq istəyi əsas günahlardan biridir. Həqiqi iman o vaxt başlayır ki, biz öz gücümüzə heç nə edə bilmədiyimizi, Allahın hər şeyə qadir olduğunu və Onun hər şeyi etdiyini dərk edirik».
Maraqlısı odur ki, öz zəifliyini və müdriksizliyini dərk edən insan sonradan daha güclü və müdrik olur. Həyat təcrübəsi göstərir ki, təkbaşına hər şeyin öhdəsindən gələcəyinə inanan insan nəticədə uğursuzluğa düçar olur. Məsihin insanlara bəxş etdiyi dörd xarakterik əlaməti xüsusilə vurğulamaq lazımdır:
1) Məsih bizim ilahi müdrikliyimizdir. Yalnız Ona tabe olmaqla doğru yolda gedə bilərik. Yalnız Onu dinləməklə həqiqəti eşidə bilərik. O, həqiqətən, həyatın Ağasıdır.
2) Məsih bizim salehliyimizdir. Paulun bütün məktublarında salehlik Allahla düzgün münasibət kimi təqdim olunur. Biz heç vaxt öz gücümüzə salehliyə nail ola bilmərik. Biz salehliyi Məsih vasitəsilə Allah üçün etdiklərimizə görə deyil, Onun bizim üçün etdiklərinə görə əldə edirik.
3) Məsih bizim müqəddəsliyimizdir. Yalnız Məsihin hüzurunda həyatımız əsl mənasını kəsb edir. Epikur öz şagirdlərinə deyirdi: «Elə yaşayın ki, sanki Epikur sizi daim görür». Lakin bizim Məsihə münasibətimizdə «sanki» ifadəsi yoxdur. Məsihçi həmişə Onunla bir yol gedir, yalnız bundan sonra paltarı ləkəsiz qalır.
4) Məsih bizim satınalınmamızdır. Diogen gileylənirdi ki, insanlar göz və diş həkimlərinə axın edirlər. Amma heç vaxt onların qəlbini sağalda biləcək adamın yanına getmirlər (o, filosofları nəzərdə tuturdu). İsa Məsih insanı keçmiş günahdan azad edə, onu indiki acizlikdən və gələcək qorxusundan xilas edə bilər. O, insanı «mən»liyinin əsarətindən və günahdan azad edir.