10-cu fəsil
1-13
ÖZGÜVƏNİN TƏHLÜKƏSİ
(1Korinflilərə 10:1-13)
Paul
bütlərə qurban gətirilən ətin yeyilməsi məsələsinə
toxunmağa davam edir. Bundan əlavə, o, bəzi Korinf məsihçilərinin
həddindən artıq özünə arxayın olmasından danışır. Onlar
iddia edirdilər ki, «Biz vəftiz olunduq və buna görə də
Məsihlə birik; biz Məsihin ətinə və qanına şərik olmuşuq.
Biz Məsihdə, O da bizdə olduğuna görə hər cür təhlükədən
qorunuruq. Biz ət yeyə bilərik və bu bizə heç bir ziyan
vurmaz». Bu səbəbdən həddən artıq özünə güvənməyin
təhlükələri barədə xəbərdarlıq etmək məqsədəuyğundur.
Oliver
Kromvel oğlunun təhsili barədə düşünəndə «Mən onun tarix
oxumasını istərdim» demişdi. Paul da tarixə müraciət edir. O,
Allah tərəfindən böyük imtiyaz almış bir xalqın başına
gələnləri göstərir. O, israillilərin səhrada olduğu günləri
xatırladır. İsrail xalqı səhrada olanda çoxlu möcüzələr baş
verib. Onların başı üzərində onlara yol göstərən və təhlükə
anında onları qoruyan bir bulud var idi (Çıxış
13:21; 14:19). Allah onları
Qırmızı dənizin sularından keçirdi (Çıxış
14:19-31). Bu iki möcüzə onları
rəhbərləri və qanunvericilərin ən böyüyü olan Musa
peyğəmbərə elə möhkəm bağlamışdı ki, məsihçilərin İsa
Məsihə vəftiz olunduqları kimi, onların da Musa peyğəmbər ilə
vəftiz olunduqlarını söyləmək olardı. Onlar səhrada göydən
tökülən manna yedilər (Çıxış
16:11-15). 4-cü ayədə Paul
deyir ki, onlar ardınca gələn ruhani Qayadan su içirdilər. Bu,
Əhdi-Ətiqdən deyil, ravvin ənənəsindən götürülüb. Saylar
20:1-11-də deyilir ki, Allah
Musaya susuz insanlara su vermək üçün qayadan su çıxarmağı
tapşırdı. Ravvinlərin dediyinə görə, həmin qaya daha sonra
insanların arxasınca gedir və həmişə onlara içmək üçün su
verirdi. Bu hekayə hər bir yəhudiyə yaxşı məlum idi. İsrail
övladları bu imtiyazlara malik olsalar da, onlar dəhşətli
uğursuzluğa düçar oldular. Yeşua və Kalev istisna olmaqla,
bütün casuslar bəd xəbər gətirdiyi üçün xalq qorxub Vəd
edilmiş torpağa getməkdən imtina etdikdə, Allah qərar verdi ki,
bütün nəsil səhrada ölsün (Saylar
14:30-32). Musa peyğəmbər Sina
dağında olanda, xalq Harunu yoldan çıxarıb qızıl dana
düzəltməsini xahiş etdi və ona səcdə etdilər (Çıxış
32:4). Hətta səhrada Moav və
Midyanlıların qızları ilə zina etdilər. Buna görə minlərlə
yəhudi Allahın hökmü ilə öldü (Saylar
25:1-9). (Yeri gəlmişkən, qeyd
etmək lazımdır ki, Saylar
25:9-da iyirmi dörd min nəfərin
həlak olduğu deyilir, Paul isə iyirmi üç min nəfərin öldüyünü
deyir. Görünür, Paul yadında qaldıqlarından sitat gətirir. O,
nadir hallarda Müqəddəs Yazılardan olduğu kimi sitat gətirir. O
dövrdə heç kim Müqəddəs Yazılardan sözbəsöz sitat
gətirmirdi. Çünki lazım olan yeri tez tapmağa imkan verən
simfoniya kimi vasitə yox idi. O vaxt hələ kitab icad
edilməmişdir. Müqəddəs Yazılar kitablarda deyil, böyük
tumarlarda yazılmışdır). Yəhudilər səhrada Allaha qarşı
deyindiklərinə görə ilan sancmasından öldülər (Saylar
21:4-6). Qorah, Datan və Aviram
üsyan edəndə çoxları cəzalandırıldı (Saylar
16).
İsrailin
tarixi bizə göstərir ki, Allahın ən böyük imtiyazlarına malik
olan xalq toxunulmaz deyildi. Paul korinflilərə xatırladır ki,
xüsusi üstünlüklər tam təhlükəsizliyə zəmanət vermir. Qeyd
olunan vəsvəsələrə xüsusi diqqət yetirilməlidir:
1)
Bütpərəstliyin vəsvəsəsi. Hazırda bütlərə açıq-aşkar
sitayiş edilmir. Amma insan vaxtının, düşüncəsinin və
enerjisinin çoxunu sərf etdiyi şeyi ilahiləşdirirsə, demək,
Allahdan daha çox öz əlinin işinə sitayiş edir.
2)
Zina vəsvəsəsi. İnsan bədəndə olarkən, heyvani təbiəti onu
sınağa çəkir. Yalnız Məsihə var-gücü ilə bağlılıq insanı
əxlaqsızlıqdan qoruya bilər.
3)
Allahın göndərdiyi sınaq. Əksər insanlar şüurlu və ya
şüursuz olaraq Allahın mərhəmətindən sui-istifadə edirlər.
İnsan ürəyinin dərinliklərində belə düşünür: «Hər şey
düzələr, Allah bağışlayar». O, risk edərək Allahın
müqəddəsliyi və məhəbbət olduğu fikrini rədd edir.
4)
Deyinmək vəsvəsəsi. Bu gün də əksər insanlar həyata
təbəssümlə deyil, sızıltı ilə yanaşırlar. Bu səbəbdən
Paul ayıq-sayıq olmağa çağırır: «Buna
görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı
olsun ki, yıxılmasın». Dəfələrlə
olub ki, möhkəm qalalar yerlə bir olub, çünki müdafiəçiləri
onları keçilməz hesab edirdilər. Vəhy
3:3-də ölülərdən dirilən
Məsih Sarddakı imanlı cəmiyyətinə ehtiyatlı olmaq barədə
xəbərdarlıq edir. Sardda akropolu7
keçilməz hesab edilən dağın başında tikilmişdi. Kir onu
mühasirəyə alanda oraya yol tapan hər kəsə xüsusi mükafat vəd
etmişdi. Bir dəfə qalanı seyr edən döyüşçülərdən biri
qala müdafiəçilərindən birinin təsadüfən dəbilqəsinin
düşüyünü və onun arxasınca divardan necə endiyini gördü. O,
yolu yadında saxladı və gecə bir dəstə əsgərlə dağa çıxıb,
orada qalanın bu yerdə qorunmadığını gördü. Onlar alınmaz
sayılan qalaya girib oranı ələ keçirdilər. Təsadüfilik
həyatda böyük rol oynayır və biz həmişə diqqətli olmalıyıq.
Paul vəsvəsə ilə bağlı bu hissəni üç fikirlə bitirir:
1)
O əmin idi ki, vəsvəsə həyatın qaçılmaz hissəsidir. Ancaq
Azərbaycan dilinə vəsvəsə kimi tərcümə olunan yunan sözü
daha çox sınaq
deməkdir. Sınağın məqsədi bizi günaha sürükləmək deyil,
bizi sınaqdan keçirib daha güclü etməkdir.
2)
Bizim məruz qaldığımız sınaq özlüyündə xüsusi bir şey
deyil. Bizdən əvvəl yaşayan insanlar da sınağa məruz qalıb və
ondan uğurla keçiblər. Günlərin bir günü yepiskop Laytfutu
faytonda çox dar dağ yolu ilə Norveçə aparırdılar. Yol
getdikcə daha da daralırdı. Bəzən təkərlərlə uçurumun
kənarı arasında cəmi bir neçə santimetr qalırdı. Sonra
faytonçu daha təhlükəsiz olsun deyə, faytondan düşüb piyada
getməyi təklif etdi. Yepiskop yola baxıb dedi: «Axı bu yolda
başqa faytonlar da gedib. Yola davam et». Yunan antologiyasında
epiqram — bəlkə də şahidin dilindən yazılmış epitafiya var:
«Bu sahildə qəzaya uğrayan dənizçi sizdən yelkənləri
qaldırmağı xahiş edir». Onun qayığı batsa da, çoxları
fırtınadan sağ çıxdı. Sınaqlardan keçdikcə, Allahın lütfü
ilə çoxlarının dözdüyü və öhdəsindən gəldiyi şeylərdən
keçirik.
3)
Sınaqdan həmişə bir çıxış yolu var. Paul yol, dərədən
çıxış, dağ keçidi mənasını verən ekbasis
sözündən istifadə edir. Bu söz artıq mühasirəyə alınmış
ordunun birdən-birə xilas yolunu tapmasını ifadə edir. Heç kim
vəsvəsələrdə büdrəməməlidir, çünki ona qalib gəlməyin
yolu var. Bu, geri çəkilmək və ya təslim olmaq yolu deyil,
Allahın mərhəməti və qüdrəti ilə qələbəyə gedən yoldur.
14-22
MÜQƏDDƏS VƏZİFƏ (1
Korinflilərə 10:14-22)
Bu
ayələri üç fikri nəzərə alaraq oxumaq lazımdır. Üç
fikirdən ikisi o dövrə aiddir, lakin biri bu gün də aktualdır.
1)
Artıq gördük ki, bütə təqdim olunan qurbanın bir hissəsi
ziyafət təşkil etmək üçün qurbanın sahibinə qaytarılırdı.
İnsanlar inanırdılar ki, belə bir ziyafətdə qurban təqdim
olunan tanrı da qonaq kimi iştirak edir. Üstəlik, hesab edilirdi
ki, qurban təqdim olunandan sonra tanrının özü qurbanın ətinə
daxil olur. Sonra ziyafət zamanı həmin ətdən dadan adamların
bədəninə və canına daxil olur. Çörəyi və duzu bölüşən
insanlar bir-birinə möhkəm bağlandığı kimi, qurban ziyafəti
də tanrı ilə ona ibadət edən adamlar arasında bağlılığı
təşviq edirdi. Qurban təqdim edən insan, sözün əsl mənasında,
qurbangahın iştirakçısı idi. Onun tanrılarla mistik bir
bağlılığı var idi.
2)
O dövrdə bütün dünya cinlərin mövcudluğuna inanırdı. Yaxşı
və pis cinlər var idi. Əksər hallarda pis cinlər daha çox idi.
Həmin cinlər tanrılarla insanlar arasında vasitəçi olan ruhlar
idi. Yunanlar inanırdılar ki, hər gölməçənin, hər ağacın,
hər budağın, hər bağın, hər dağın, hər qayanın, hər
çayın, bir sözlə, hər yerin öz cini var.
«Hər
dağ zirvəsində, küləklə nəfəs alan, şimşəklə parıldayan
tanrılar var idi. Tanrılar günəşin və uzaq ulduzların
şüalarında idi, zəlzələ zamanı yeri silkələyib, fırtınada
dalğaları qaldırırdı».
Dünyanın
hər yeri cinlərlə dolu idi. Yəhudilərdə pis ruhlar şedim
adlanırdı. Onlar boş evlərdə məskunlaşır, həmişə «döşəməyə
düşən qırıntılarda, yağda, qablarda, içməli suda,
xəstəliklərdə, havada, otaqda» qaynaşırdılar. Paul da
cinlərin varlığına inanırdı, onları «Başçı
və Qüvvələr» adlandırırdı.
O, inanırdı ki, bütlər heç nədir və onların arxasında heç
nə yoxdur. Lakin bütlərə sitayiş cinlərin işidir, çünki
bütlər vasitəsilə insanlar Allahdan uzaqlaşırlar. İnsanlar
bütlərə sitayiş etməklə tanrılara sitayiş etdiklərini zənn
edirdilər, əslində isə şər cinlər onları azdırırdı.
Bütlərə
pərəstiş insanları Allaha deyil, cinlərə aparır. Bütlərə
pərəstişlə əlaqəli hər şey şeytani pislik daşıyır.
Bütlərə təqdim edilən qurban əti özlüyündə heç nəyi
təhdid etmirdi. Amma o, cinlərin məqsəd və niyyətlərinə
xidmət etdiyindən insanı murdar edirdi.
3)
Bu qədim mövhumatlardan və inanclardan əbədi əhəmiyyət
daşıyan bir prinsip çıxarmaq olar: İsa Məsihin süfrəsində
əyləşən şəxs cinlərin alət kimi istifadə etdiyi masada otura
bilməz. Məsihin Bədəninə və Qanına şərik olan şəxs günahlı
şeylərə toxuna bilməz.
Məsihin
ən böyük heykəllərindən biri Torvaldsen tərəfindən
yaradılmışdır. Məsihin heykəlini düzəldəndən sonra ona Luvr
üçün Veneranın heykəlini düzəltmək sifariş edildi.
Torvaldsen isə cavabında «Məsihin surətini oyan əl bir daha heç
vaxt bütpərəst ilahə heykəlini tökə bilməz» demişdi.
Şahzadə
Çarlz ölümdən qaçanda Qlenmoristondan olan səkkiz cinayətkar
adama sığındı. Onun başına 30.000 funt-sterlinq mükafat təyin
edildi. Onların bir qəpikləri olmasa da, həftələrlə şahzadəni
gizlədib qorudular və heç biri ona xəyanət etmədi. İllər
keçdi və üsyandan yalnız kədərli xatirələr qaldı. Hyu
Çisholm adlı bu səkkiz nəfərdən biri Edinburqa getdi. İnsanlar
şahzadə Çarlzın başına gələnlərlə maraqlandılar və onunla
söhbət etdilər. Hyu kasıb idi, bəzən ona pul verirdilər. Lakin
Hyu Çisholm hamı ilə sol əli ilə görüşürdü. Çünki and
içmişdi ki, şahzadəsinə uzatdığı sağ əli heç vaxt heç
kəsə uzatmayacaq.
O
dövrdə Korinf üçün vacib olanlar bu gün də vacibdir: Məsihin
«Bədəninə və Qanına» şərik olan şəxs əllərini alçaq və
nalayiq şeylərlə murdarlaya bilməz.
23-33
MƏSİHÇİ AZADLIĞININ
SƏRHƏDLƏRİ (1Korinflilərə 10:23-11:1)
Paul
bütlərə qurban təqdim etmək problemi ilə bağlı müzakirəsini
praktiki məsləhətlərlə bitirir.
1)
O, məsihçilərə bazardan lazım olan hər şeyi almağı və heç
bir sual verməməyi tövsiyə edir. Ola bilsin, alınan ət
qurbanlıq əti olub, yaxud heyvan hansısa tanrının şərəfinə
kəsilib ki, cinlərdən müdafiə olunsunlar. Lakin insanların
həddən artıq təlaşlı olması və ümumiyyətlə, olmamalı
olduqları yerdə çətinliklər yaratması da mümkündür. Çünki
hər şey Allaha məxsusdur.
2)
Əgər məsihçi bütpərəstlərin evində şam yeməyinə dəvət
olunubsa, qoy heç bir sual vermədən süfrəyə qoyulanları yesin.
Əgər məsihçiyə qəsdən ətin qurbanlıq olduğunu söyləsələr,
qoy onu yeməsin. Belə bir ehtimal var ki, bunu belə əti yeyə
bilməyəcəyi hissindən xilas ola bilməyən qardaşlardan biri
deyir. Belə insanı büdrətməmək üçün məsihçi onu
yeməməlidir.
3)
Yenə də uzaq keçmişdən bizə vacib bir həqiqət gəlir: əgər
kiminsə büdrəməsinə səbəb olursa, insanın ondan imtina etməsi
daha yaxşıdır. Məsihçi azadlığından daha real heç nə
yoxdur. Lakin məsihçi azadlığından elə istifadə edilməlidir
ki, başqalarını sarsıtmasın və inciməsin, əksinə, onlara
kömək etsin. İnsanın özünə qarşı müəyyən öhdəlikləri
var, amma başqalarına qarşı öhdəlikləri daha çoxdur.
Burada
bu öhdəliklərin nə qədər geniş olduğunu qeyd etmək lazımdır.
1)
Paul deyir ki, Korinf məsihçi yəhudilərə,
hətta düşmənlərə də
qüsursuz davranış nümunəsi olmalıdır.
2)
Korinf məsihçilərinin yunanlara
qarşı öhdəlikləri var. Bu isə Məsihin yoluna tamamilə biganə
olan insanlara yaxşı nümunə göstərmək deməkdir. Məhz
nümunəvi həyat tərzi vasitəsilə çoxları Məsihin davamçıları
oldular. Günlərin biri keşişlərdən biri məsihçi olmayan
insana kömək etmək üçün əlindən gələni edir və onu çətin
vəziyyətdən qurtarır. Beləcə həmin adam kilsəyə getməyə
başlayır. Sonda təəccüblü bir xahiş edir: onu xidmət edə
bilməsi üçün kilsə nəzarətçisi təyin etsinlər. Beləcə o,
xidmətçiləri vasitəsilə qəlbində etdiklərinə görə Məsihə
minnətdarlığını bildirsin.
3)
Korinf məsihçilərinin iman
qardaşlarına qarşı öhdəlikləri
var. Bəziləri üçün biz davranışımızla açıq nümunəyik.
Çox vaxt Məsihdəki yeni imanlı və ya zəif qardaş bizdə dəstək
və rəhbərlik axtarır. Bizim borcumuz — tərəddüddə olanlara
güvən aşılayan, zəiflərə qüvvət verən və sınağa
düşənləri günahdan xilas edən yardım göstərməkdir. Biz
yalnız qardaşlarımız qarşısında öhdəliklərimizi yerinə
yetirəndə Allahın izzəti üçün xidmət edə bilərik. Biz
onların öhdəsindən yalnız o zaman gələcəyik ki, məsihçi
azadlığımızın bizim deyil, başqaları üçün verildiyini dərk
edək.