11-ci fəsil
1
Korinflilərə
11:1-in şərhinə əvvəlki
bölmədə baxın.
11-14-cü
fəsillər müasir Qərbi Avropa
məsihçilərinin başa düşməsi üçün böyük çətinlik yarada
bilər. Lakin bu fəsillər həm də bütün Məktubun ən maraqlı
tərəflərinə toxunur. Çünki onlar Korinf imanlı cəmiyyətində
xidmətlərlə bağlı yaranan problemləri də açıqlayır. Biz
onlarda qurbanlara qarşı mübarizədə yaranan və həqiqi ibadətin
yaradılması ilə bağlı problemlərin həlli yollarını axtaran
yeni yaranmış imanlı cəmiyyətini görürük. Biz bu bölmənin
müxtəlif komponentlərini əvvəldən müəyyən etsək, onu daha
asan başa düşəcəyik.
1)
11:2-11:16
qadınların başları açıq şəkildə ibadətlərə qatıla
bilməsi məsələsini araşdırır.
2)
11:17-23
Korinf məsihçiləri tərəfindən hər həftə qeyd olunan məhəbbət
süfrəsi — yemək və ya aqape
süfrəsi ilə əlaqədar yaranan problemdən bəhs edir.
3)
24-34-cü
ayələr Korinf imanlı cəmiyyətində müqəddəs mərasimin —
Rəbbin süfrəsinin düzgün yerinə yetirilməsindən söz açır.
4)
12-ci fəsildə
Paul müxtəlif ənamlara malik insanların harmonik bütövlükdə
bir araya gəlməsi probleminə toxunur. Bu fəsildə Paul İmanlı
Cəmiyyətini Məsihin Bədəni, məsihçiləri isə bu Bədənin
üzvləri kimi təsvir edir.
5)
13-cü
fəsil
insanlara həyatın ən gözəl yolunu göstərən böyük sevgi
ilahisidir.
6)
14:1-23
Allah və insanlarla ünsiyyətin ənamlarından biri olan — dillər
ənamına həsr edilir.
7)
14:24-33
imanlı cəmiyyətində və ibadətdə nizam-intizam və təşkilati
məsələlərə həsr edilir. Burada Paul yeni yaranan imanlı
cəmiyyətində həvəslə nizam-intizam yaratmağa çalışır.
8)
14:34-36
Korinfdəki imanlı cəmiyyətində olan qadınların yerindən bəhs
edilir.
2-16
ZƏRURİ TƏVAZÖKARLIQ
HAQQINDA (1 Korinflilərə 11:2-16)
Bu,
xüsusi mənası olmayan hissələrdən biridir. İlk baxışdan elə
görünə bilər ki, burada haqqında danışılan məsələlər
yalnız tarixi maraq doğurur. Çünki onlar bizə aidiyyəti olmayan
problem və situasiyalara aiddir. Lakin buna baxmayaraq, belə yerlər
bizim üçün böyük maraq kəsb edir, çünki onlar ilk məsihçi
imanlı cəmiyyətinin daxili problemlərinə işıq salır. Onlar
hər şeyə diqqətlə yanaşan insan üçün də böyük maraq
doğurur: axı həmin problemlərin həlli üçün tətbiq olunan
prinsiplər dəyişməzdir. Korinf imanlı cəmiyyətində yaranan
mübahisəli məsələ qadının başı açıq halda ibadətdə
iştirak edib-etməməsi idi. Paul birbaşa və birmənalı şəkildə
cavab verir ki, örtük tabeçiliyin simvoludur, bir şəxs özündən
üstün olanın yanında geyinir. Kişi evin başçısı olduğu üçün
qadın ona tabedir. Buna görə də ibadətdə örtüksüz görünə
bilməz. Kişi isə ibadətdə başı örtülü görünməməlidir.
Çətin
ki, biz XXI əsrdə qadınların asılı və tabeçiliyi ilə bağlı
bu baxışı asanlıqla qəbul edə bilək. Amma bu fəsli iyirmi
birinci əsrin işığında deyil, birinci əsrin işığında
oxumalı və aşağıdakı məqamları yadda saxlamalıyıq:
1)
Şərqdə baş örtüyünün əhəmiyyəti nə idi? Bu gün də Şərq
qadınları çadra — onu az qala ayaq barmaqlarına qədər örtən,
yalnız alın və gözləri açıq qalan uzun örtük geyinirlər.
Paulun dövründə şərq örtüyü daha qapalı idi. Həmin örtükdə
yalnız gözlər açıq qalırdı, başdan ayaq barmaqlarına qədər
örtülürdü. Hörmətli və özünə hörmət edən şərq qadını
haradasa örtüksüz görünməyi ağlına belə gətirə bilməzdi.
T.V.Davis
Hastingsin Müqəddəs Kitabın
izahlı lüğətində yazır:
«Şərqdə istər kənddə, istərsə də şəhərdə heç bir
ləyaqətli qadın evdən çölə örtüksüz çıxmaz. Əgər
çıxarsa, öz nüfuzunu riskə atar. Doğrudan da, Misirdə xidmət
edən ingilis və amerikalı məsihçilər müəllifə danışırdılar
ki, onların arvadları və qızları çölə çıxanda çadra
taxmağa məcbur idilər».
Baş
örtüyünün iki mənası var idi:
a)
o, tabeçiliyi ifadə edirdi;
b)
o, qadını güclü şəkildə müdafiə edirdi.
10-cu
ayəni tərcümə etmək çox çətindir. Müqəddəs Kitabın
Azərbaycan nəşrində bu ayə belə qeyd olunur: «Bu
səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyar
olmalıdır».
Lakin yunan mətni hərfi mənada qadının «öz başı üzərində
hakimiyyətə malik olmalıdır» mənasını verir. Vilyam Ramsey
bunu belə izah edir: «Şərq ölkələrində örtük qadının
səlahiyyətini, şərəfini və ləyaqətini ifadə edir. Başı
örtülü halda o, hər yerə təhlükəsiz və ləyaqətli şəkildə
gedə bilər. Onun üzü görünmür. Küçədə çadra geyinmiş
qadına baxmaq pis hesab olunur. O, təkdir. Digər insanların onun
üçün əhəmiyyəti olmadığı kimi, onun da digər insanlar üçün
əhəmiyyəti yoxdur. O, izdiham içində toxunulmazdır. Lakin
çadrasız qadının dəyəri yoxdur və hər kəs onu təhqir edə
bilər. Qadın çadranı açanda onunla birlikdə nüfuzunu və
səlahiyyətini itirmiş olur.
Buna
görə də Şərqdə baş örtüyü son dərəcə vacibdir. O, təkcə
qadınların asılı mövqeyini ifadə etmir; o, həm də qadının
həyasının və iffətinin sarsılmaz müdafiəsidir.
2)
Yəhudilər arasında qadınların mövqeyinin necə olduğunu da
xatırlamalıyıq. Yəhudi qanunlarına görə qadın kişidən
qat-qat aşağı idi. O, ərinə köməkçi olmaq üçün (Yaradılış
2:18) Adəmin qabırğasından
yaradılmışdır (Yaradılış
2:22-23). Ravvinlərin belə bir
deyimi var: «Allah qadını başdan yaratmadı ki, təkəbbürlü
olsun; gözdən yaratmadı ki, şəhvətli olsun; qulaqdan yaratmadı
ki, hər şeylə maraqlansın; onu ağızdan yaratmadı ki, çox
danışan olsun; onu ürəkdən yaratmadı ki, paxıllıq etsin;
əllərdən yaratmadı ki, həris olsun; ayaqdan yaratmadı ki,
sərgərdan gəzib qeybətçi olsun. Allah qadını qabırğadan
yaratdı ki, həmişə gizli qalsın. Buna görə də onun əsas
xüsusiyyəti təvazökarlıq olmalıdır». Təəssüf ki, yəhudi
qanunlarına görə qadın ərinin əşya və mülkiyyəti hesab
olunurdu. Ərin onun üzərində tam ixtiyarı var idi. O da təəssüf
doğurur ki, qadınlar sinaqoqda ibadət zamanı iştirak etmirdilər,
ancaq qapalı yerdə və ya binanın digər hissəsində kişilərdən
tamamilə təcrid olunurdular. Yəhudi qanunlarına və
adət-ənənələrinə görə qadınların kişilərlə bərabər
hüquq tələb etməsi ağlasığmaz idi.
10-cu
ayədə belə bir maraqlı ifadə
var ki, qadınlar «mələklərə
görə» örtük taxmalıdırlar.
Bu ifadənin mənası ilə bağlı aydın şərhlər yoxdur. Ola
bilsin, bu ifadə qədim tarixə gedib çıxır. Yaradılış
6:1-2-də oxuyuruq ki, mələklər,
Allahın oğulları, fani qadınların gözəlliyinin qurbanı olub,
günah işlətdilər. Buradakı fikir belə ola bilər ki, başıaçıq
qadın hətta mələklər üçün də sınaqdır. Çünki ravvinlərin
köhnə ənənəsinə görə, mələklər qadının uzun saçlarının
gözəlliyi ilə sınağa çəkilirdi.
3)
Unutmayaq ki, bu vəziyyət dünyanın ən bərbad şəhəri olan
Korinfdə yaranmışdı. Paulun mövqeyi belə idi ki, bütpərəstlərə
məsihçiləri əxlaqsızlıqlarına görə tənqid etməyə əsas
verəcək və ya məsihçilərin özlərini büdrədəcək hər hansı
bir hərəkət etməkdənsə, təvazökarlıq və sərtlik baxımından
həddi aşmaq daha yaxşıdır.
Bu
hissəni hamıya aid etmək tamamilə yanlış olardı. Bu, Korinf
imanlı cəmiyyətinin problemi ilə sıx bağlı idi və bu gün
qadınların ibadətdə baş örtüyünü taxıb-taxmaması məsələsi
ilə heç bir əlaqəsi yoxdur. Buna rəğmən həmin məsələ
yalnız yerli və müvəqqəti xarakter daşısa da, üç dəyişməz
həqiqəti ehtiva edir:
1)
İnsan davranışının ciddi standartları həmişə loyal
olanlardan daha yaxşıdır. Əgər hüquqlarımız başqası üçün
əngəl ola bilərsə, onlardan imtina etmək daha yaxşıdır,
nəinki onları israr etmək. Adət-ənənələri və şərtilikləri
açıq şəkildə pisləmək dəb halını alıb. Lakin insan onları
pozmazdan əvvəl yüz ölçüb bir biçsə, daha yaxşı olar.
Baxmayaraq ki, o, heç vaxt şərtiliklərin qulu olmamalıdır.
2)
Paul qadının kişidən asılılığını vurğuladıqdan sonra
belə, onların qarşılıqlı asılılığını da qeyd edir. Nə
kişi, nə də qadın bir-biri olmadan yaşaya bilər. Əgər onlar
arasında tabeçilik olarsa da belə, bu, yalnız birlikdə
həyatlarının daha səmərəli və hər ikisi üçün daha xoş
keçməsi üçündür.
3)
Paul bu hissəni sırf mübahisə xatirinə mübahisə edən adamı
məzəmmət etməklə bitirir. İnsanlar arasında nə qədər fikir
ayrılığı yaransa da, imanlı cəmiyyətində bilərəkdən hər
şeyə irad tutan kişi və qadınlara yer yoxdur. Bəzən, doğrudan
da, prinsipial olmaq lazımdır. Amma heç vaxt öcəşkən olmaq
olmaz. Məgər insanlar müxtəlif baxışlara malik olub sülh
içində yaşaya bilməzlərmi?
17-22
RƏBBİN
SÜFRƏSİNİN TƏHRİFİ (1Korinflilərə
11:17-22)
Qədim
dövrdə insanların həyatı bizim həyatımıza nisbətən bir çox
cəhətdən daha sosial xarakter daşıyırdı. İnsanlar tez-tez
ziyafətlərə böyük qruplar şəklində toplaşırdılar. Hətta
onların eranos
adlı xüsusi ziyafəti də var idi. Bu ziyafət zamanı hər bir
iştirakçı özü ilə yemək gətirir və bayram ictimai
xarakterini itirməsin deyə ortaya qoyurdu. Erkən məsihçi
cəmiyyətində də belə bir adət var idi: onu aqape
və ya məhəbbət süfrəsi adlandırırdılar. Məsihçilər belə
bir ziyafətə imkan daxilində hər şeyi gətirir, bir yerə qoyur
və hamı ümumi yeməyə otururdu. Bu, çox gözəl bir adət idi.
Belə adət yoxa çıxmaqla çox şey itirdik. Bu, qardaşlıq
yaratmağın və inkişaf etdirməyin yollarından biri idi. Lakin
Korinf imanlı cəmiyyətində hər şey fərqli idi. Bu da Paulu çox
kədərləndirirdi. Cəmiyyətdə varlılar və kasıblar var idi.
Elələri var idi ki, özləri ilə çox şey gətirə bilirdilər.
Elələri də var idi ki, ya çox az gətirir, ya da heç nə gətirə
bilmirdi. Əksər qullar üçün sevgi ziyafəti bütün həftə
yedikləri yeganə yaxşı yemək idi. Lakin Korinfdə öz aralarında
yemək paylaşmaq adəti itmişdi. Varlılar kiçik təcrid olunmuş
qruplar şəklində tez tələsik yeyirdilər ki, yeməklərini
kiminləsə bölüşməsinlər. Kasıbların isə, demək olar ki,
heç bir şeyi yox idi. Buna görə sosial fərqləri aradan
götürməli olan süfrə onların dərinləşməsinə səbəb oldu.
Paul bunu sərt və amansızlıqla pisləyir.
1)
O da ola bilər ki, bu müxtəlif qruplar müxtəlif fikirlərə
malik insanlar tərəfindən yaradılmışdır. Böyük alimlərdən
biri belə demişdir: «Dini təəssübkeş olmadan dini qeyrətə
sahib olmaq həqiqi sədaqətin ən yaxşı sübutudur». Əgər
bizim fikrimiz başqasının fikrindən fərqlidirsə, onunla
mehriban münasibət saxlasaq, bizi ayıran mövzularda danışsaq,
zaman keçdikcə onu başa düşə və hətta ona rəğbət bəsləyə
bilərik. Ancaq qapalı qruplarda özümüzü bir-birimizdən təcrid
etsək, daha yaxşı münasibətlərə ümid edə bilmərik.
O
məni üsyankar, düşmən, bidətçi kimi
Kənarlaşdıran
bir dairə yaratdı.
Amma
Sevgi və mən, bir də onun daxil olduğu çevrə
Yaradanda
qalib gəldik.
2)
Erkən məsihçi cəmiyyəti qədim dünyada sosial və sinfi
maneələrin dağıdıldığı yeganə yer idi. Qədim dünyada
cəmiyyətdə ciddi bölünmələr var idi: azad və qullar, ellinlər
və barbarlar, yunanca danışan insanlar, yəhudilər və
bütpərəstlər, Roma hüququna malik olmayan Roma vətəndaşları,
aşağı səviyyəli təbəələr, mədəni, savadlı insanlar və
cahillər. İmanlı Cəmiyyəti müxtəlif təbəqələrdən və
irqlərdən olan insanların bir araya gəldiyi yeganə yer idi.
Erkən məsihçiliyin böyük tarixçilərindən biri ibadətlər və
ibadətə gələnlər haqqında belə yazırdı:
«Onlar
öz sərhədləri daxilində, demək olar ki, Romanı silkələyən
sosial problemi və hələ də Avropanı silkələməkdə olan
problemləri həll etdilər. Məsihçilər qadının statusunu
qaldırdılar, fiziki əməyin əhəmiyyətini və hörməti özünə
qaytardılar, yoxsulluğu aradan qaldırdılar, insanı köləlik
əzabından qurtardılar. İnsanların şüurunda baş verən
inqilabın mahiyyəti ondan ibarətdir ki, Axırıncı Şam yeməyində
sinif və irqi eqoizm aradan qalxmışdı. Məsihin uğrunda öldüyü
insanlarda Allahın sevgi surəti cəmiyyət üçün yeni əsas
olmuşdu».
Sosial
və sinfi fərqlərin davam etdiyi imanlı cəmiyyəti — əsl
imanlı cəmiyyəti deyil. Əsl imanlı cəmiyyəti Məsihdə
birləşən insanlar qrupudur. Axırıncı Şam yeməyi sözünün
özü bunu göstərir. Biz bunu Rəbbin süfrəsi adlandırırıq.
Amma «Rəbbin süfrəsi»
sözü bizi müqəddəs mərasimin əsl mənasından müəyyən qədər
uzaqlaşdırır. Bizim üçün axşam yeməyi, adətən, günün əsas
yeməyi deyil. Orijinalda, yunan dilində, deypnon
sözü istifadə olunur. Ellinlər üçün səhər yeməyi şəraba
batırılmış bir dilim çörəkdən ibarət idi. Naharı isə onlar
hər yerdə — küçədə və ya şəhər parkında edirdilər.
Deypnon
— şam yeməyi — günün əsas yeməyi idi. İnsanlar tələsmədən
süfrəyə oturur, nəinki aclıqlarını doyururdular, hətta
bir-biriləri ilə uzun müddət söhbət edirdilər. Bu yeməyin
yunanca adı insanların uzun müddət süfrə başında oturduğunu
və bir-biri ilə ünsiyyətə vaxt sərf etdiyini göstərir.
Bir-biri ilə bölüşmək adətinə laqeyd yanaşan imanlı
cəmiyyəti — əsl imanlı cəmiyyəti deyil. Hər şeyi yalnız
özlərinə, ya da öz yaxınlarına saxlamağa çalışan insanlar
Məsihin yolunun mahiyyətini dərk etməyiblər.
3)
Başqalarının ehtiyacı olduğu halda həqiqi məsihçinin çox
şeyə sahib olması mümkün deyil. O, əsas üstünlüyü öz
imtiyazlarını qoruyub saxlamaqda deyil, başqaları ilə bölüşməkdə
görür.
23-34
RƏBBİN
SÜFRƏSİ (1Korinflilərə 11:23-34)
Bütün
Əhdi-Cədiddə bundan daha maraqlı yer yoxdur: bir tərəfdən bu
bizə imanlı cəmiyyətinin ibadətindən — Rəbbin Şam yeməyinin
müqəddəs mərasimindən bəhs edir. Digər tərəfdən, biz burada
İsanın sözlərinin ilk qeydini tapırıq, çünki Korinflilərə
Məktub bütün Müjdələrdən əvvəl yazılmışdır. Müqəddəs
ənam heç vaxt bütün insanlar tərəfindən eyni şəkildə qəbul
edilmir. Amma insana fayda gətirməsi üçün onu tam başa düşmək
lazım deyil. Kimsə belə demişdi: «Çörəyi həzm etmək və
doymaq üçün onun kimyəvi xüsusiyyətlərini bilməyə ehtiyac
yoxdur». Bununla belə, İsanın çörək və şərab haqqında
danışarkən nəyi nəzərdə tutduğunu anlamağa çalışsaq,
faydalı olar. İsa çörək haqqında «Bu
Mənim sizin üçün verilən
bədənimdir»
dedi. Bu sözləri hərfi mənada başa düşmək olmaz, çünki İsa
bu sözləri deyəndə O, hələ bədəndə idi. Aydın məsələdir
ki, həmin anda Onun Bədəni və çörək eyni deyildi. İsa «Bu
Mənim Bədənimin rəmzidir» də demək istəmirdi. Amma bu,
müəyyən dərəcədə belədir. Bölünmüş çörək Rəbbin
süfrəsində Məsihin Bədənini simvollaşdırır. Lakin bunun daha
dərin mənası var. Rəbbin süfrəsini iman və məhəbbətlə
dadanlar üçün bu, təkcə İsa Məsihi xatırlamaq deyil, həm də
Onunla birbaşa əlaqə yaratmaq vasitəsidir. İman etməyənlər
üçün bunun heç bir mənası yoxdur. Məsihi sevənlər üçünsə
bu Onun hüzuruna gedən yoldur. Ümumi versiyada İsa belə deyir:
«Bu
kasa Mənim qanımla bağladığım Yeni Əhddir». Daha
dəqiq tərcümə isə bir az fərqli səslənir: «Bu kasa Yeni
Əhddir və o Mənim Qanım bahasına alınıb». Yunan «en»
sözönü çox vaxt «içində»
deməkdir. Eyni zamanda həmin sözönü, xüsusən də tərcümədə
yəhudicə «be»
sözönünü çatdırmaq üçün istifadə edildikdə dəyər
mənasını verir. Əhd isə iki qarşı tərəf arasında
münasibətləri və öhdəlikləri müəyyən edir. Əhdi-Ətiqdə
Allah Qanuna əsaslanan əmrlər verdi, İsrail xalqını seçdi,
Özünə yaxınlaşdırdı, onların yeganə Allahı oldu. Amma şərt
kəsdi ki, onlar Allahın qanunlarına əməl etdikcə bu münasibət
davam edəcək (Çıxış 24:1-8).
İsa Qanuna deyil, məhəbbətə əsaslanan yeni münasibət qurur.
Bu münasibət insanın Qanuna riayət etmə qabiliyyətinə deyil,
mərhəmətə, Onun insanlara təklif etdiyi Allah sevgisinə
əsaslanır.
Əhdi-Ətiqə
görə, insanın Allahdan qorxmaqdan başqa çarəsi yox idi. Çünki
o, həmişə Allah qarşısında günahkar idi, özlüyündə Qanunun
mütləq yerinə yetirilməsinə heç vaxt nail ola bilməzdi.
Əhdi-Cədidə görə, insan Allahın yanına atasına yaxınlaşan
uşaq kimi gəlir. Amma biz buna necə baxırıqsa baxaq, belə
bir münasibət İsanın həyatı bahasına əldə edilə bilərdi.
Qanunda deyilir: «...ətə
can verən qandır» (Qanunun
təkrarı 12:23). İsa bunun
əvəzini, bir yəhudinin dediyi kimi, canı və qanı ilə ödədi.
Buna görə də Rəbbin süfrəsində qırmızı şərab Məsihin
Qanını təmsil edir, onsuz Əhdi-Cədid, Allahla yeni münasibət
əldə edilə bilməzdi.
Paul
layiq
olmayan tərzdə Rəbbin bu çörəyini yeyən və Onun kasasından
içənlərdən danışır.
Layiq olmayan tərz deyəndə, Paul «öz
üzərinə mühakimə gətirməyi»
nəzərdə tuturdu. Bu ifadənin iki mənası ola bilər. Hər biri o
qədər vacibdir ki, Paul, çox güman, hər iki mənanı nəzərdə
tuturdu.
1)
Bu ifadə Rəbbin süfrəsinin mənasını dərk etmədən layiq
olmayan tərzdə yeyən adamı bildirir. Həmin adam heç bir ehtiram
hissi olmadan yeyib-içir, Rəbbin süfrəsinin hansı böyük
sevginin simvolu olduğunu, bunun onun üzərinə hansı öhdəliklər
qoyduğunu anlamır.
2)
Lakin onun daha bir mənası da ola bilər. «Məsihin Bədəni»
ifadəsi, Paula görə, həm də İmanlı Cəmiyyəti demək idi. Bu
barədə 12-ci fəsildə
danışacağıq. Paul bir qədər əvvəl özlərini təcrid etməklə
və sinfi fərqlər qoymaqla İmanlı Cəmiyyətində parçalanmaya
səbəb olanları məzəmmət etdi. Buna görə də burada İmanlı
Cəmiyyətinin Məsihin Bədəni olduğunu heç vaxt dərk etməyən
adamın layiq olmayan tərzdə yeyib-içdiyini ifadə edir. Belə
etməklə o, qardaşlarına qarşı günah edir. Ürəyində nifrət,
kin və küdurət olan hər kəs Rəbbin süfrəsindən yeyəndə
layiq olmayan tərzdə yeyib-içir. Buna görə layiq olmayan tərzdə
yemək və içmək bizim Rəbbin süfrəsinin əhəmiyyətini və
böyüklüyünü dərk etməmək deməkdir. Onun Məsihin uğrunda
öldüyü qardaşları ilə ziddiyyətdə olması vəziyyəti daha da
qəlizləşdirir.
Paul
daha sonra deyir ki, Korinf imanlı cəmiyyətinin başına gələn
bədbəxtliklər, yəqin, yalnız imanlıların aralarında
parçalanma olduğu halda, Rəbbin süfrəsindən yeyib-içdiklərinə
görə baş verib. Həmin bədbəxtliklər imanlı cəmiyyətini məhv
etməməli, əksinə, tövbəyə səbəb olmalı, onlara
nizam-intizam hissi aşılamalı və onları yenidən doğru yola
yönəltməlidir. Biz bir şeyi başa düşməliyik: Rəbbin
süfrəsini layiq olmayan şəkildə qəbul etmək qadağası
bilə-bilə günah edən insanı təcrid etmir. Yaşlı keşiş yaşlı
qadının Rəbbin süfrəsini tərəddüdlə qəbul etdiyini görüb
dedi: «Ey qadın, tərəddüd etmə. Bu, günahkarlar üçündür,
bu sizin üçündür». Əgər Rəbbin Süfrəsi yalnız ideal
insanlar üçün nəzərdə tutulsaydı, heç kim ondan yeyə
bilməzdi. Tövbə edən günahkar üçün Rəbbin süfrəsi açıqdır.
O, Allahı və qardaşlarını sevənlər üçün açıqdır, hətta
onların günahları qıpqırmızı parça kimi görünsə də, qar
kimi ağappaq olacaq.