12-ci fəsil
1-3
RUHUN ETİRAFI (1Korinflilərə
12:1-3)
Korinf
imanlı cəmiyyətində ən heyrətamiz hadisələr Müqəddəs Ruhun
təsiri ilə baş verirdi. Lakin ruhani təkan dövründə həm
isterik həyəcan və özünü aldatma halları, həm də Ruhun
həqiqi təzahürləri baş verə bilərdi. Bu səbəbdən bu və
sonrakı fəsildə Paul Müqəddəs Ruhun həqiqi təzahürü ilə
bağlı halları nəzərdən keçirir.
Bu
hissə çox maraqlıdır, çünki biz burada döyüş nidası kimi
səslənən iki ifadə ilə rastlaşırıq.
1)
Burada biz ««İsaya
lənət olsun» deməz» ifadəsini
görürük. İsaya lənət oxunması dörd halda baş verə bilərdi:
a)
Onu yəhudilər səsləndirə bilərdi. Sinaqoqlarda Allaha dönük
çıxanlar üçün həmişə dua mövcud idi. İsa dönüklərə aid
edilirdi. Üstəlik, Paulun yaxşı bildiyi kimi (Qalatiyalılara
3:13),
yəhudi qanununda deyilirdi: «ağacdan
asılan hər kəsə lənət olsun!»
Axı İsa çarmıxa çəkilmişdi. Məsihçilərin ibadət etdikləri
bu bidətçi və cinayətkar haqqında yəhudilərin lənət
oxuduqlarını eşitmək adi hal idi.
b)
Yəhudilərin Məsihə yeni iman edənləri bu lənəti söyləməyə
təşviq etmələri və ya onları sinaqoqdan qovmaları ehtimal
edilir. Paul Aqrippaya məsihçiləri təqib etdiyi günlər haqqında
danışanda deyirdi: «Bütün sinaqoqları gəzib-dolaşaraq onları
tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur
edirdim» (Həvarilərin
işləri 26:11).
Bəlkə də, insanlara İsanı lənətləmək şərti ilə sinaqoqda
qalmaq imkanı verilirdi.
c)
Paul bu məktubu təqiblər dövründə yazırdı. Məsihçilər ya
Məsihə lənət etməli, ya da ölməli idilər. İmperator Trayanın
dövründə Bitiniya hökmdarı Plini kimin məsihçi olub-olmadığını
yoxlamaq üçün onlardan Məsihi lənətləmələrini tələb
edirdi. İzmir şəhərinin yepiskopu Polikarp həbs olunanda,
prokonsul Statius Quadratus ondan tələb etmişdi ki, «Rədd olun
allahsızlar» desin, ilahi Sezara and içsin və Məsihə lənət
etsin. Ancaq ahıl yepiskop ləyaqətlə cavab vermişdi: «Mən
səksən altı il Məsihə qulluq etmişəm və O mənə heç vaxt
zərər verməyib. Məni xilas edən Padşahımı necə lənətləyə
bilərəm?» Budur, insanın seçim qarşısında qaldığı vaxt
gəlib çatdı: ya Məsihi lənətləmək, ya da ölmək.
d)
Ola bilsin, imanlı cəmiyyətinin özündə hansısa dəli İsaya
lənət oxusun. Həmin ruhani atmosferdə hər şey baş verə
bilərdi. İnsanlar bunu Müqəddəs Ruhun işi ilə əlaqələndirə
bilərdilər. Paul bəyan edir ki, heç kim Məsihə qarşı lənət
oxuyub, bunu Ruhun təsiri ilə əlaqələndirə bilməz.
2)
Bundan əlavə, bu hissədə məsihçi döyüş nidası da var: İsa
Rəbdir!
Əgər erkən məsihçi cəmiyyətinin iman simvolu var idisə, həmin
simvol bu ifadə idi (Filipililərə
2:11).
Rəbb mənasını verən yunanca kurios
sözü — qeyri-adi sözdür. Bu, Roma İmperatorunun rəsmi titulu
idi. Məsihçiləri təqib edənlər həmişə tələb edirdilər:
«Qeysər Rəbdir (kurios)
söylə». «Əhdi-Ətiq yunan dilinə tərcümə edilərkən, bu söz
Yahvenin müqəddəs adını tərcümə etmək üçün istifadə
edilmişdi. Əgər insan «İsa Rəbdir» deyirdisə, bu o demək idi
ki, o, həyatda hər şeydən əvvəl Ona sadiqdir və ürəyi Ona
bağlıdır. Qeyd etmək lazımdır ki, Paulun fikrincə, insan
yalnız Müqəddəs Ruh ona açdığı halda «İsa Rəbdir» deyə
bilər. İsanın ali hakimiyyətini tanıması Paulun şəxsi kəşfi
deyil, Allahın mərhəməti ilə ona açıqladığı vəhydir.
4-11
ALLAHIN
MÜXTƏLİF ƏNAMLARI (1Korinflilərə
12:4-11)
Bu
hissədə Paulun əsas fikri İmanlı Cəmiyyətinin birliyini
vurğulamaqdır. İmanlı Cəmiyyəti Məsihin Bədənidir. Sağlam
bədənin xarakterik xüsusiyyəti hər bir üzvün öz funksiyasını
mükəmməl şəkildə yerinə yetirməsidir. Lakin birlik eynilik
demək deyil. Buna görə də imanlı cəmiyyəti daxilində müxtəlif
ənamlar və müxtəlif funksiyalar olur. Amma hər bir üzvdə olan
eyni Ruhun ənamıdır, məsihçinin şəxsi izzəti üçün deyil,
bütövlükdə cəmiyyətin rifahı üçün əvvəlcədən təyin
edilmişdi.
Paul
bütün xüsusi insan ənamlarının (xarizmata)
Allahdan olduğunu bildirməklə başlayır. Buna görə də o inanır
ki, bu ənamlardan Allaha xidmət etmək üçün istifadə
edilməlidir. İmanlı cəmiyyətinin son vaxtlarda etdiyi səhv
xüsusi ənamlar ideyasını çox dar çərçivədə şərh etməkdir.
İmanlı cəmiyyətində belə bir fərziyə var ki, istifadə edə
biləcəyi xüsusi ənamlar — natiqlik, təbliğ, öyrətmə, yazı,
intellektual ənamlardır. İmanlı cəmiyyəti öz əlləri ilə
işləyən insanların ənamlarının da Allahın xüsusi ənamları
olduğunu başa düşsəydi, yaxşı olardı. Bənna, dülgər,
elektrik, rəssam, mühəndis, santexnik — hər birinin Allahdan
aldığı xüsusi bir ənamı var və bu ənamdan istifadə edərək
Allaha xidmət edə bilər.
Paulun
xüsusi ənamlar siyahısını nəzərdən keçirmək böyük maraq
doğurur. Çünki biz həmin siyahı vasitəsilə erkən imanlı
cəmiyyətinin xarakteri və xidməti haqqında çox şey öyrənə
bilərik.
Paul
siyahını iki çox oxşar ənamla başlayır: hikmət
sözü
və bilik
sözü.
Hikmət sözü yunan dilində sofiya
deməkdir. Bu sözü İsgəndəriyyəli Klement «insan və ilahi
əşyalar, eləcə də onların səbəbləri haqqında bilik» kimi
şərh etmişdir. Aristotel onu «ən yaxşı vasitələrdən
istifadə edərək ən yaxşı nəticə əldə etmək istəyi» kimi
şərh edir. Bu, ən ali hikmətdir. Həmin hikmət düşünməkdən
deyil, Allahla ünsiyyətdən irəli gəlir. Bu hikmət Allahı
tanıyır. Yunan dilində bilik — qnosis
— daha praktik bir fenomendir. Həmin bilik hər bir konkret
vəziyyətdə necə davranacağını bilir. Həmin bilik praktik
olaraq müdrikliyi — sofiya-nı
— insan həyatında və əməllərində tətbiq edir. Bu
keyfiyyətlərin hər ikisi həm fərdi, həm də bütövlükdə
İmanlı Cəmiyyətinə lazımdır. Allahla ünsiyyətdən irəli
gələn, ilahiliyin dərinliklərini bilən hikmət və bu hikməti
gündəlik həyata, dünyaya və İmanlı Cəmiyyətinə tətbiq edən
bilik.
Siyahıdakı
növbəti ənam — imandır.
Paul üçün bu bizim adi iman anlayışımızdan daha böyükdür.
Onun dediyi iman görünən nəticələr verir. Bu, sadəcə olaraq,
bir şeyin doğru olduğuna inanmaq deyil. Bu, ruhani dəyərlərə
alovlu bir inamdır, insanı sahib olduğu hər şeyə investisiya
qoymağa sövq edir. Bu iman insanın iradəsini gücləndirir və
əzələlərini işə salır.
İlahi,
ürəyim Sənin üçün yananda
Ağlım
müqəddəs Sözünə açıq olanda,
Sənin
iradən yer üzündə olsun deyə
Qoy
Sənə xidmət edim.
Sonra
Paul xüsusi
şəfa ənamı
haqqında danışır. Erkən İmanlı Cəmiyyəti möcüzəvi
şəfaların adi hal aldığı dünyada yaşayırdı. Əgər yəhudi
xəstələnərdisə, həkimə getməkdənsə, ravinin yanına getməyi
üstün tutar və çox güman ki, sağalardı. Yunanlarda şəfa
tanrısı Eskulap idi. İnsanlar şəfa almaq üçün onun
məbədlərinə gedir, bütün gecəni orada keçirir və çox vaxt
sağalırdılar. Bu günə qədər belə məbədlərin
xarabalıqlarında şəfaları əbədiləşdirən yazılı nəzir
lövhələrinə rast gəlirik. Lakin heç kim kifayət qədər əsas
olmadan belə bir şey yazmaq üçün vaxtını və gücünü sərf
etməzdi. Epidavr məbədində bir yazıda deyilir ki, Alketas adlı
kor adam belə yuxu görür: «Allah sanki onun yanına gəlib
barmaqları ilə göz qapaqlarını açdı və o, məbəddə olan
ağacları gördü. Səhər açılan kimi, o, məbəddən sağlam
çıxıb getdi». Roma məbədlərinin birində belə bir yazı var:
«Allah kor əsgər Valeri Aperə agah etdi ki, gedib ağ xoruz qanı
ilə bal qarışdırıb məlhəm düzəltsin və üç gün gözlərinə
sürtsün. Üç gündən sonra onun gözləri açıldı. O da gəlib
camaat qarşısında tanrıya şükür etdi». Bu, şəfa dövrü
idi.
Şübhəsiz
ki, şəfa ənamı erkən məsihçi cəmiyyətində də mövcud idi.
Əks halda, Paul bunu qeyd etməzdi. Həvari Yaqubun Məktubunda
(5:14) xəstənin ağsaqqalları yanına çağırması və onların
da onu yağla məsh etmələri barədə göstərişlər var.
Tarixən
müəyyən edilmişdir ki, 9-cu əsrə qədər məsh etmə mərasimi
şəfa almaq üçün nəzərdə tutulmuşdu. Yalnız sonralar yağla
məsh etmə müqəddəs mərasim adını almışdır. Bu mərasim
ölümə hazırlıq məqsədilə həyata keçirilirdi. İmanlı
Cəmiyyəti şəfa ənamını heç vaxt tamamilə itirməmişdir.
Bizim dövrümüzdə də bu ənam qismən yenidən kəşf edilmişdir.
Yazıları bizə gəlib çatan ən müdrik müəlliflərdən biri
Monten bir uşağı öyrətmək haqqında belə demişdi: «Mən onun
bədən üzvlərinin ağlından az olmamasını istərdim. Biz
insanın beynini, bədənini deyil, özünü öyrədirik. Onları
bir-birindən ayırmaq olmaz». İmanlı Cəmiyyəti uzun illər
ərzində insanı ruha və bədənə bölür, onun bədəni üçün
deyil, yalnız ruhu üçün məsuliyyət daşıyırdı. Nə yaxşı
ki, indi biz yenidən insana ruh və bədənin birliyi kimi baxmağı
öyrənmişik.
Daha
sonra Paul möcüzə
yaratmaq
ənamı barədə danışır.
Əminliklə demək olar ki, o, sehrləri, şər ruhların qovulmasını
nəzərdə tutur. O dövrdə bir çox xəstəliklər, hətta demək
olar ki, bütün xəstəliklər, o cümlədən ruhi xəstəliklər
cinlərin təsiri ilə izah olunurdu. İmanlı Cəmiyyətinin əsas
xidmətlərindən biri məhz bu cinləri qovmaq idi. Bunun doğru
olub-olmamasından asılı olmayaraq, cinə tutulduğuna inanan insan
əmin idi ki, onlar, həqiqətən, var və İmanlı Cəmiyyəti ona
kömək edə bilər, kömək də edirdi. Pis ruhların qovulması bu
gün də missionerlərin fəaliyyətində çox vaxt mühüm yer
tutur. Bütün dövrlərdə İmanlı Cəmiyyətinin vəzifəsi
xəstələrə, eləcə də ruhi xəstələrə kömək etməkdir.
Sonra
Paul bizə peyğəmbərlik
ənamını xatırladır. Əgər Paulun peyğəmbərlik
etmək
sözünü təbliğ
etmək
kimi tərcümə etsək, onun fikrini daha yaxşı başa düşəcəyik.
Biz çox vaxt peyğəmbərlik
sözünü gələcəkdən xəbər verməklə əlaqələndiririk. Ancaq
bütün dövrlərdə peyğəmbərlik
daha çox proqnoz deyil, müraciət idi. Peyğəmbər Allaha o qədər
yaxın idi ki, Onun düşüncələrini, istəklərini və iradəsini
bilir və beləliklə də onları insanlara çatdırırdı. Beləcə
o, iki funksiya yerinə yetirirdi:
a)
peyğəmbər ifşa və xəbərdarlıq edir, insanların
davranışlarının Allahın iradəsinə uyğun olmadığını
bildirir;
b)
peyğəmbər nəsihət verir, insanları doğru yola — Allahın
istədiyi yola yönəltməyə çalışır.
Daha
sonra Paul ruhları
ayırd etmək ənamından
bəhs edir. Gərgin mühiti olan cəmiyyətdə həqiqi təzahürlərlə
sırf isterik, ilahi və şeytani təzahürləri ayırd etmək lazım
idi. Hətta bizim dövrümüzdə də bunun Allahdan olub-olmadığını
müəyyən etmək olduqca çətindir. Bununla belə, biz həmişə
mühüm bir prinsipə əməl etməliyik: yəni həmin təzahürü
anlamağa çalışmalıyıq.
Paulun
siyahısında sonuncu yerdə müxtəlif
dillərdə danışmaq və onları şərh etmək ənamı
gəlir. Dillərdə danışmaq problemi Korinf imanlı cəmiyyətində
böyük çətinliklərə və çaşqınlığa səbəb olmuşdu.
Vəziyyət təxminən belə idi: ibadət zamanı kimsə ruhən coşub
naməlum dildə anlaşılmaz səslər çıxarırdı. Bu, son dərəcə
sirli bir ənam idi. Çünki hesab edirdilər ki, bu, Allahın
Ruhunun birbaşa təsiri ilə baş verir. Sözsüz ki, icma bunda heç
bir əhəmiyyət və məna görmürdü. Bəzən dillərdə danışan
imanlı öz sözlərinin mənasını özü şərh edə bilərdi.
Lakin çox vaxt bunun üçün dilləri şərh etmək ənamı olan
başqa biri lazım idi. Paul heç vaxt müxtəlif dillər ənamını
şübhə altına almırdı. Amma o yaxşı bilirdi ki, bunda müəyyən
bir təhlükə var, çünki ruhani coşqunluğu özünü hipnozdan
ayırmaq çətindir.
Qarşımızda
o dövrdə imanlı cəmiyyətində baş verənlərin canlı mənzərəsi
durur. Bəzən orada heyrətamiz hadisələr baş verirdi. Həyat
qızğın və gərgin keçirdi. Həyat darıxdırıcı və ya sıradan
deyildi. Paul bilirdi ki, bu canlı və qüdrətli fəaliyyət Ruhun
işinin nəticəsidir. Müqəddəs Ruh hər bir imanlıya cəmiyyətin
və qardaşların inkişafı üçün istifadə edə biləcəyi ənam
verib.
12-31
MƏSİHİN BƏDƏNİ
(1Korinflilərə 12:12-31)
Bu,
İmanlı Cəmiyyətinin birliyinin indiyə qədər təsvir edilmiş
ən məşhur mənzərələrindən biridir. İnsan bədəninin
müxtəlif orqanlarının qarşılıqlı əlaqəsi adamları həmişə
heyran etmişdir. Qədim dövrlərdə Platon belə bir təsvir
vermişdir ki, baş — qala, boyun — kanal, ürək — bədənin
çeşməsi, məsamələr — keçidlər, damarlar — bədənin
kanallarıdır. Paul isə İmanlı Cəmiyyətini insan bədəni kimi
təsvir edirdi. Bədən çoxlu üzvlərdən ibarət olsa da, onların
arasında mühüm birlik var. Platon belə deyirdi: «Biz «barmağımın
ağrısı var» demirik, «ağrıyıram» deyirik». Bədənin
çoxsaylı və müxtəlif hissələrinə birlik bəxş edən müəyyən
bir «Mən»,
şəxsiyyət var.
«Mən»
bədən üçün nəyəmsə, Məsih də İmanlı Cəmiyyəti üçün
odur. Bütün müxtəlif üzvlər öz birliyini Onda tapır. Paul
daha da irəli gedib, buna başqa nöqteyi-nəzərdən baxır: «Siz
Məsihin bədənisiniz». Bu ifadədə çox böyük əhəmiyyət kəsb
edən bir fikir var. Məsih bu dünyada artıq bədəndə deyil. Ona
görə də Onun bu dünyada yerinə yetirəcəyi hər hansı bir işi
varsa, onu yerinə yetirəcək bir insan tapmalıdır. Əgər Ona
uşaq öyrətmək lazımdırsa, onda onu öyrədəcək müəllim
tapmalıdır; bir insanı sağaltmaq lazımdırsa, Onun işini icra
edəcək həkim və ya cərrah tapmalıdır; əgər O Öz həyatını
danışmaq istəyirsə, bunu söyləyəcək birini tapmalıdır. Biz,
sözün əsl mənasında, Məsihin bədəni olmalıyıq — Onun
işini görmək üçün əlləri, tapşırığını yerinə yetirmək
üçün ayaqları, Onun haqqında danışmaq üçün səsi olmalıyıq.
Onun
tarlasında işləmək üçün
Onun
bizim əllərimizdən başqa əli yoxdur;
Başqalarını
Öz yoluna gətirmək üçün
Onun
bizim ayaqlarımızdan başqa ayağı yoxdur.
İnsanlara
Öz ölümü haqqında danışmaq üçün
Onun
bizim səsimizdən başqa səsi yoxdur.
İnsanları
Özünə tərəf yönəltsin deyə
Onun
bizdən başqa heç bir köməkçisi yoxdur.
Məsihin
yer üzündəki bədəninin üzvü olmaq — məsihçinin ən böyük
izzətidir.
Paulun
fikrincə, İmanlı Cəmiyyəti öz vəzifəsini yerinə yetirə
bilsin deyə, məhz belə bir birliyi olmalıdır. Orqanların hər
biri mükəmməl işləyəndə bədən özünü sağlam və səmərəli
hiss edir. Ayrı-ayrı orqanlar, bədən üzvləri bir-birinə
paxıllıq etmir və bir-birinin funksiyalarına iddia etmirlər.
Paulun təsvir etdiyi mənzərədə biz Məsihin bədəni olan İmanlı
Cəmiyyətində mövcud olmalı olan bəzi məqamları görürük.
Biz
bir-birimizə
ehtiyacımız
olduğunu dərk etməliyik. İmanlı Cəmiyyətində təcridçilik
kimi bir şey olmamalıdır. İmanlı cəmiyyətindəki insanlar çox
vaxt öz işlərinə o qədər qərq olur və onun həddindən artıq
əhəmiyyətli olduğuna o qədər əmin olurlar ki, başqa işlərlə
məşğul olanlara etinasız yanaşır və ya hətta onları tənqid
edirlər. İmanlı Cəmiyyətinin sağlam olması üçün hər kəs
əlindən gələni etməlidir.
2)
Biz bir-birimizə
hörmət
etməliyik. Bədən nisbi əhəmiyyət kəsb edən problemi bilmir.
Əgər onun üzvü və ya orqanı fəaliyyətini dayandırarsa,
qalanların hamısı ixtilafda olar. İmanlı Cəmiyyətində də
belədir. «Allah üçün bütün işlər eynidir». Nə vaxt ki, biz
Məsihin cəmiyyətində öz əhəmiyyətimiz haqqında düşünməyə
başlayırıq, onda əsl xidmətdən məhrum oluruq.
3)
Biz bir-birimizə
həmdəm olmalıyıq.
Əgər orqanlardan biri və ya üzvlərdən biri əziyyət çəkirsə,
digərləri buna qarşı dura bilmədiklərinə görə onunla
birlikdə əziyyət çəkirlər. İmanlı Cəmiyyəti də bütöv bir
bədəndir. Təşkilatından, öz icmasından, öz ailəsindən
kənarda heç nə görməyən şəxs hələ də İmanlı Cəmiyyətinin
həqiqi birliyinin nə olduğunu dərk etməyib.
Bu
hissənin sonunda Paul İmanlı Cəmiyyətindəki xidmətin müxtəlif
formalarından danışır. Onlardan bəzilərini Paul daha əvvəl
qeyd edib, bəziləri isə tamamilə yenidir.
1)
Paul həvarini birinci yerə qoyur. Şübhəsiz ki, onlar İmanlı
Cəmiyyətinin ən nüfuzlu adamları idilər. Onların təsiri
coğrafi baxımdan məhdud deyildi. Onların daimi və müəyyən
edilmiş fəaliyyət sahəsi yox idi. Onların nəsihətləri bütün
İmanlı Cəmiyyətinə yayılırdı. Nəyə görə? Həvarinin mühüm
xüsusiyyəti o idi ki, İsa yer üzündə olarkən Onunla ünsiyyətdə
olub və Onun dirilməsinin şahidi olub (Həvarilərin
işləri 1:22).
İsa Özü kağıza bir kəlmə də yazmayıb. O Öz Kəlamını
insanlara həkk etmişdi, həmin insanlar da həvarilər idi. Heç
bir ayin insana həqiqi səlahiyyət vermir. Səlahiyyət Məsihlə
birbaşa ünsiyyətin nəticəsidir. Günlərin bir günü ibadətdən
sonra Aleksandr Vayta belə dedilər:
Məsihin
hüzurundan gələn adam, imanlı cəmiyyətindəki rütbəsindən
asılı olmayaraq, həvari səlahiyyətinə malikdir.
2)
Biz bir qədər əvvəl peyğəmbərlər haqqında danışdıq, lakin
indi Paul müəllimləri
əlavə
edir. Onların əhəmiyyəti heç də az deyil. Müəllimlərin
vəzifəsi müjdəçilərin və həvarilərin Məsihə gətirdikləri
insanların imanını gücləndirməkdir. Müəllimlər Məsihin
təlimini öyrədirlər. Onlar son dərəcə vacib bir işi görürlər
— insanlara Müjdəni öyrədirlər. Markın Müjdəsi eramızın
60-cı ilindən tez yazılmamışdır, yəni İsanın çarmıxa
çəkilməsindən 30 il sonra yazılmışdır. Unutmayaq ki, o dövrdə
kitablar çap olunmur, əl ilə yazılır və surəti köçürülürdü.
Buna görə Əhdi-Cədid kimi cildli kitab çox baha başa gəlirdi.
Sadə insanlar kitab sahibi olmaq arzusuna belə cəsarət
etmirdilər. Buna görə də başlanğıcda İsanın Müjdəsi şifahi
şəkildə ötürülürdü. Bu isə müəllimlərin vəzifəsi idi.
Yadda saxlamaq lazımdır ki, alim kitabdan daha çox yaxşı
müəllimdən çox şey öyrənir. Bu gün əlimizdə çoxlu kitablar
olsa da, yenə də həqiqət odur ki, adamlar Məsih haqqında daha
çox insanlardan öyrənirlər.
3)
Paul yardımçılıq
ənamı alanlardan danışır. Bunlar kasıblara, yetimlərə, dul
qadınlara və qəriblərə dəstək olmaq vəzifəsi olan insanlar
idi. Məsihçilik əzəldən özünü əməllərdə göstərib. İnsan
yaxşı natiq olmaya bilər, başqalarını öyrətməkdə bacarıqsız
ola bilər. Amma hər kəs öz yaxınına kömək etməyi bacarır.
4)
Daha sonra Paul, Müqəddəs Kitabın Azərbaycan nəşrində tərcümə
edildiyi kimi, idarəçilik
ənamı (kuberneseis)
alan insanlardan danışır. Yunan dilində bu sözün çox maraqlı
mənası var: o, qayalıqlar və dayaz yerlər arasında gəmiləri
limana istiqamətləndirən losman işini ifadə edir. Paul İmanlı
Cəmiyyətini idarə edən insanları nəzərdə tutur. Bu, son
dərəcə vacib xidmətdir. Əgər təbliğçi və müəllimin
arxasında imanlı cəmiyyətinə rəhbərlik etmək üçün gündəlik
işləri öz üzərinə götürən adamlar olmasa, onlar heç vaxt öz
vəzifələrini layiqincə yerinə yetirə bilməzlər. Orqanizmdə
elə orqanlar var ki, çox əhəmiyyətli görünmür, lakin çox
vacib funksiyaları yerinə yetirir. Elə insanlar da var ki, onların
xidməti onlara populyarlıq gətirmir, lakin onların zəhməti
olmadan imanlı cəmiyyəti irəli gedə bilməz.
Bütün
sadalanan ənamlardan sonra Paul digərlərindən daha vacib olan bir
ənamdan danışır. Fərqli ənamları olan insanların həmfikir
olmaması təhlükəsi həmişə var. Bu, bütün bədənin işini
çətinləşdirir. Yalnız məhəbbət İmanlı Cəmiyyətini vahid
orqanizmdə birləşdirə bilər. Buna görə də Paul məhəbbəti
tərənnüm edir.