Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə birinci məktub: 13-cü fəsil

V. Barklinin şərhləri

13-cü fəsil

1-3

MƏHƏBBƏTİN TƏRƏNNÜMÜ (1Korinflilərə 13:1-3)

Çoxları bu fəsli bütün Əhdi-Cədidin ən gözəl fəsli hesab edir. Yaxşı olar ki, biz bu fəslin ayələrini öyrənmək üçün bir gün deyil, uzun müddət sərf edək. Çünki bu ayələrin dərin mənasını ömrümüzün sonuna kimi tam dərk etməyəcəyik.

Paul əvvəlcə deyir ki, insan istənilən ənama sahib ola bilər, amma sevgi ilə vəhdətdə deyilsə, həmin ənam faydasızdır.

1) O, müxtəlif dillər ənamına sahib ola bilər. Bütpərəst kultların, xüsusən də Dionis və Kibbelanın xüsusiyyətləri sinc və trubaların çalınması idi. Hətta ən dəyərli dillər ənamı belə, məhəbbətlə davranmasa, bütpərəst kultların səs-küyünə bənzəyir.

2) İnsan hətta peyğəmbərlik ənamına sahib ola bilər. Biz qeyd etdik ki, peyğəmbərlik və təbliğ etmək sözləri mənaca çox yaxındır. Təbliğçilərin iki növü var. Elə təbliğçi var ki, məqsədi ona əmanət edilmiş insanların canını xilas etməkdir. Belə təbliğçinin vəzləri sevgi ilə dolub-daşır. İlk növbədə, Paulun özü belə idi. Mayers «Müqəddəs Paul» poemasında dünyəvilərin imansızlığından kədərlənən həvarinin portretini təsvir edir:

Birdən coşub-daşan məhəbbət əzabında,

Onun səsi truba səsi kimi hönkürdü:

«Qardaşlarım xilas olsun deyə özümü qurban verib

Məsihdən uzaq düşməyə razı olardım!»

Elə təbliğçi də var ki, daima dinləyicilərinin gözü qarşısında cəhənnəm odunu canlandırır, onların mühakimə olunacaqlarına və ya xilas edilib-edilməməsinə sanki əhəmiyyət vermir. Deyirlər ki, Adam Smit bir dəfə müsəlmanların əlindən çox əziyyət çəkən bir yunan məsihçidən nə üçün Allah bu qədər müsəlman yaratdığını soruşanda, belə cavab alıb: «Cəhənnəmi doldurmaq üçün». Təhdidlərlə dolu və sevgisiz təbliğ qorxu təlqin edə bilər, lakin xilas edə bilməz.

3) Onun bilik ənamı ola bilər. İntellektual üstünlüyün əsas təhlükəsi intellektual snobizmdir8. Savadlı insanda xor baxmaq vərdişinin formalaşması ciddi təhlükədir. Bilik o zaman insanları xilas edə bilər ki, onun soyuq qərəzsizliyi sevgi alovu ilə isinsin.

4) İnsan güclü iman ənamına malik ola bilər. Axı elə də olur ki, iman qəddarlıq əks etdirir. Günlərin bir günü bir kişi həkimdən ürəyinin zəif olduğunu və istirahət etməli olduğunu öyrəndi. O, imanlı cəmiyyətində məşhur xidmətçi olan müdirinə zəng edib bu xoşagəlməz xəbəri ona çatdırır və onun fikrini öyrənmək istəyir. Cavabında isə «işini davam etdirmək üçün kifayət qədər gücün var» eşidir. Bunlar iman sözləri idi, amma sevgi ilə idarə olunmayan imanın.

5) O, var-dövlətini yoxsullara paylayaraq xeyriyyəçiliklə məşğul ola bilər. Ancaq sevgisiz xeyriyyəçilikdən daha alçaldıcı bir şey yoxdur. Xoşagəlməz vəzifəni yerinə yetirərkən vermək, insanlara xor baxaraq vermək, özünü üstün sayaraq itə atırmış kimi kiməsə həqarətlə qırıntılar atmaq, kiməsə moizə oxuya-oxuya və ya məzəmmət edə-edə vermək — heç də xeyriyyəçilik deyil, qürurdur və o, sevgidən bixəbərdir.

6) İnsan bədənini oda təslim edə bilər. Bəlkə bu an Paulun fikirləri Şadrak, Meşak, Aved-Neqo və odlu sobaya yönəlmişdi (Daniel 3). Bəlkə də Afinada «Hind məzarı» adlı məşhur abidəni xatırlayırdı. Bir hindli dəfn ayinlərinə əsasən özünü odda yandırdı və lovğa-lovğa tapşırdı ki, abidənin üzərinə bu yazı həkk olunsun: «Barqosadan olan hindli Zarmano Şeqas Hind ənənəsinə görə özünü əbədiləşdirdi və burada dəfn edildi». Ola bilsin, Paul Məsihin uğrunda şəhid olmağa can atan məsihçilər haqqında fikirləşib. Əgər insan qürurundan Məsih üçün həyatını qurban verirsə, belə bir şəhidlik mənasızdır. Fədakarlıq kimi görünən bir çox əməlin sədaqətlə deyil, qürur hissi ilə edildiyini xatırlatmaq yerinə düşər. Müqəddəs Yazılarda mömin bir insanın özünü belə ciddi yoxlamasını tələb edən başqa bir hissə, demək olar ki, yoxdur.

4-7

MƏSİHÇİ MƏHƏBBƏTİNİN TƏBİƏTİ (1Korinflilərə 13:4-7)

Məhəbbət səbirlidir. Əhdi-Cədiddə istifadə olunan müvafiq yunan sözü (makrofumet) müəyyən şəraitdə təzahür edən səbir deyil, insanlara qarşı göstərilən səbir deməkdir. Xrizostom deyib ki, bu söz haqsız yerə incidilmiş, təhqirin qisasını asanlıqla ala bilən, amma bunu etməyən adamı bildirir. Belə adamı qəzəbləndirmək çətindir. Bu xüsusiyyət insanlarla münasibətdə Allahın Özünə xasdır. İnsanların nə qədər inadkar, təhqiredici və pis davranmalarına baxmayaraq, biz də onlara qarşı Allahın bizə göstərdiyi səbri göstərməliyik. Belə səbir zəiflik deyil, gücün əlamətidir; bu, məğlubiyyət deyil, qələbəyə aparan yeganə yoldur. Fozdik deyirdi ki, Stenton kimi heç kim Linkolna nifrətlə yanaşmayıb. O, Linkolnu «alçaq, hiyləgər təlxək» adlandırırdı. O, Linkolna «əsl qorilla» ləqəbini vermişdi və deyirdi ki, Dyu Şelyin qorilla tutmaq üçün Afrikaya getməsi axmaqlıq idi. Stenton deyirdi ki, bu qorillanı Amerikada, İllinoys ştatının Springfild şəhərində də tapmaq olardı. Amma Linkoln heç bir cavab vermədi. O, Stentonu müdafiə naziri təyin etdi, çünki bu işi hamıdan yaxşı o bilirdi. İllər keçdi. Linkolnun teatrda öldürüldüyü gecə həmin Stenton prezidentin cənazəsinin qoyulduğu otaqda dayanıb və göz yaşları içində ona baxaraq belə dedi: «Burada dünyanın indiyə qədər gördüyü ən böyük lider yatır». Səbirli məhəbbət sonda qalib gəldi.

Məhəbbət xeyirxahdır. Origen hesab edirdi ki, bu, sevginin «hamıya mehriban» olması deməkdir. Cerom isə «sevginin xeyirxahlığı» haqqında danışırdı. Məsihçilikdə tərifəlayiq, lakin xeyirxahlıq göstərilməyən çox şey var. İspaniya kralı II Filip çox dindar hesab olunurdu. Ancaq inkvizisiyanı yaradan, ondan fərqli düşünənlərin hamısını öldürməklə Allaha xidmət etdiyini zənn edən də məhz o idi. Kardinallardan biri deyirdi ki, qətl və zina bidətlə müqayisə oluna bilməz. İnsanlar tənqidə meyillidirlər. Əgər bir çox mömin məsihçilər zinakar qadının işi ilə bağlı qərar verməli olsaydılar, İsanın yox, hökmdarın tərəfini tutardılar.

Məhəbbət paxıllıq etməz. Bir nəfərin dediyi kimi, insanlar iki sinfə bölünür: «artıq milyonçu olanlar və milyonçu olmaq istəyənlər». Paxıllığın da iki növü var. Onlardan biri başqalarına məxsus olana tamah salır. Belə paxıllığa qalib gəlmək çətindir, çünki bu, normal insani hissdir. Paxıllığın başqa bir növü daha pisdir: bu, başqalarında onda olmayan bir şeyə sahib olmasından narazılıq hissidir. Belələri başqalarının bu şeylərin almasına mane olmaq üçün özü də onlara sahib olmaq istəmir. Bu, insan təbiətinin ən aşağı keyfiyyətidir.

Məhəbbət öyünməz. Sevginin müəyyən dərəcədə özünü alçaltma hissi var. Əsl məhəbbət öz əməlinə və ləyaqətinə görə iddia etməkdənsə, layiqli olmadığı ilə razılaşmağa üstünlük verər. Hekayələrinin birində Barri Sentimental Tomdan söz açır. Tom məktəbdə uğur qazandıqdan sonra evə gəlib anasına deyir: «Ana, məgər mən vunderkind uşaq deyiləmmi?» Bəzi insanlar minnət qoyurmuş kimi sevirlər. Ancaq həqiqətən sevilən insan sevildiyinə həmişə təəccüblənir. Sevgi həmişə təvazökar olur. Sevgi anlayır ki, heç vaxt sevdiyi adama onun layiq olduğu bir hədiyyə verə bilməyəcək.

Məhəbbət lovğalanmaz. Napoleon həmişə ailənin müqəddəsliyini və kilsə ibadətlərində iştirak etmək öhdəliyini müdafiə edirdi — ancaq başqaları üçün. Özü barədə isə belə deyirdi: «Mən hamı kimi deyiləm. Əxlaq qanunları mənə aid deyil». Əsl böyük insan heç vaxt öz əhəmiyyəti haqqında düşünməz. Həyatına çəkməçi kimi başlayan Karey ən böyük missionerlərdən və dünyanın indiyə qədər tanıdığı ən böyük dilçilərdən biri idi. O, Müqəddəs Kitabın ən azı bir hissəsini Hindistanda otuz dörd dilə tərcümə etmişdi. Karey Hindistana gələndə ona düşmən kimi nifrətlə baxırdılar. Bir dəfə nahar zaman onu alçaltmaq fikrində olan hansısa bir snob hər kəsin eşidə biləcəyi tonda ona müraciət etdi: «Bildiyimə görə, mister Karey, siz vaxtilə çəkməçi işləmisiniz». «Xeyr, ağa, — deyə Karey cavab verdi, — mən çəkməçi deyildim, ancaq ayaqqabı təmir edirdim». O, hətta ayaqqabı tikdiyinə iddia etmirdi, sadəcə təmir etdiyini söyləyirdi. Heç kim «vacib» insanları sevmir.

Məhəbbət kobudluq etməz. Maraqlıdır ki, yunan dilində mərhəmət və mülayim eyni sözlə ifadə olunur. Məsihçilikdə sərt və hətta kobud olmaqdan həzz alan insanlar var. Müəyyən dərəcədə bu, gücün ifadəsidir, lakin mülayimlik deyil. Laytfut Durban tələbələrindən biri olan Artur F.Sim haqqında belə demişdi: «O, hara getdisə, onun üzünün ifadəsi özlüyündə bir vəz olacaq». Məsihçi sevgisi mərhəmətlidir və o, nəzakəti heç vaxt unutmur.

Məhəbbət öz xeyrini güdməz. Dünyada iki kateqoriya insan var: bəziləri həmişə öz imtiyazlarına nail olurlar, digərləri isə öz məsuliyyətlərini unutmurlar. Bəzilərini həyatdan nə alacaqları maraqlandırır. Bəzilərini isə həyata nə verəcəkləri düşündürür. İnsanlar haqları haqqında nə qədər az, məsuliyyətləri haqqında bir o qədər çox düşünsələr, bir çox problemlər həllini tapar. Biz «həyatdakı yerimiz haqqında» düşünməyə başlayanda, məsihçi məhəbbətindən uzaqlaşırıq.

Məhəbbət hirslənməz. Bunun mənası odur ki, məsihçi sevgisi insanlara hirslənmir, insanlarla ünsiyyətdə olanda qıcıqlanmır. Qıcıqlanma — məğlubiyyətin əlamətidir. Biz özümüzə nəzarəti itirəndə, hər şeyi itiririk. Kiplinq deyirdi ki, hamı başını itirəndə, insan başını itirmirsə, hamı onu günahlandıranda, o, başqalarına nifrət etmirsə, bu, insan üçün ən yaxşı sınaqdır. Özünü idarə edən insan hər şeyi idarə edə bilər.

Məhəbbət ona edilən pislikləri sayıb-hesablamaz. Yunan sözü olan logieşfay (Müqəddəs Kitabda sayıb-hesablama kimi tərcümə olunub) mühasibatlıqdan gəlir. Bu, bir faktı sonradan unutmamaq üçün dəftərdə qeyd etmək deməkdir. Bir çox insan məhz belə edir. Həyatda unudulmalı şeyi unutmağı öyrənmək çox vacibdir. Yazıçılardan biri yazır ki, «Polineziyada belə bir adət var: yerlilər döyüşüb ziyafət keçirdikləri yerdə öz nifrətini unutmamaq üçün daxmalarının damında bir əşya saxlayır. Bu onlara qarşı edilən faktiki və ya xəyali haqsızlıqları xatırladır». Eynilə əksər insanlar da öz nifrətlərini daima yaddaşlarında alovlandırır və unutmurlar. Onlar inciklikləri haqqında o qədər düşünürlər ki, artıq unuda bilmirlər. Məsihçi sevgisi bağışlamağı və unutmağı öyrədir.

Məhəbbət haqsızlığa sevinməz. Bu ifadəni belə də səsləndirmək olar: məhəbbət pis olan heç nəyə sevinmir. Axı burada təkcə bir çoxlarının başqa biri haqqında alçaldıcı bir şey eşitdikdə hiss etdiyi pislikdən həzz almaqdan danışılmır. İnsan təbiətinin qəribə xüsusiyyəti odur ki, biz başqalarının uğurları haqqında deyil, uğursuzluqlarını eşitməyə üstünlük veririk. Ağlayanlarla ağlamaq sevinənlərlə sevinməkdən qat-qat asandır. Məsihçi məhəbbəti başqalarının pis xəbərlərinə sevinən bu bəşəri pislikdən azaddır.

Məhəbbət həqiqətə şadlanar. Bu, göründüyü qədər sadə məsələ deyil. Elə vaxtlar olur ki, biz həqiqətin qalib gəlməsini qətiyyən istəmirik, yaxud bu barədə heç eşitmək istəməzdik. Məsihçi sevgisi həqiqəti gizlətməkdə maraqlı deyil. Onun gizlədəcək heç nəyi yoxdur, buna görə də həqiqət qalib gələndə sevinir.

Məhəbbət hər şeyə qatlaşar. Bəlkə də bu o deməkdir ki, məhəbbət başqa insanların qüsurlarını, pis əməllərini və səhvlərini üzə çıxarmağa çalışmır. Məhəbbət başqalarının səhvlərini mühakimə etməkdənsə, onları sakitcə düzəltməyi üstün tutur. Yaxud məhəbbətin hər hansı bir təhqirə, incikliyə və ya xəyal qırıqlığına dözə biləcəyi ehtimalı daha yüksəkdir. Aşağıdakı şeir İsanın ürəyində yaşayan məhəbbəti ifadə edir:

Düşmənlər rişxənd edir,

Dostlar qorxub imtina edir.

Yalnız O, alovlu sevgisi ilə

Bağışlamaqdan yorulmur.

Məhəbbət hər şeyə inanar. Bu tərifin iki mənası var:

1) Bu, Allaha münasibətdə o deməkdir ki, sevgi Allahın sözünə güvənir, «Sizin üçün» sözü ilə başlayan istənilən vədi «Bu mənim üçündür» deyib qəbul edir.

2) İnsanlarımıza münasibətdə isə bu o deməkdir ki, sevgi həmişə insanın yaxşı tərəflərinə inanır. Çox vaxt insanlarla düşündüyümüz kimi rəftar edirik. İnsanlar onlara güvənmədiyimizi hiss edərlərsə, biz onları etibarsız edə bilərik. İnsanlar onlara güvəndiyimizi hiss edərlərsə, çox güman, etibarlı olacaqlar. Arnold reqbi məktəbinin direktoru olanda yeni tədris metodu yaratdı. Ondan əvvəl məktəbdə terror və istibdad mühiti hökm sürürdü. Arnold şagirdləri toplayıb, onlara dedi ki, gələcəkdə onlar daha çox azadlığa sahib olub, daha az cəzalandırılacaqlar. O, «Siz azadsınız. Amma sizin ədəbli və ləyaqətli olduğunuzu göstərmək üçün məsuliyyətiniz var. Mən qərar verdim ki, sizi daha çox özünüzlə və şərəfinizlə baş-başa buraxım. Çünki düşünürəm ki, üzərinizdə olan daimi nəzarət sizi yalnız kölə kimi formalaşdıracaq və məktəbi bitirdikdən sonra sərbəst necə yaşayacağınızı bilməyəkcəksiniz». Şagirdlər qulaqlarına inana bilmirdilər. Arnold onları yanına çağıranda, onlar yenə də köhnə bəhanələr və yalanlar uydurmağa davam etdilər. «Uşaqlar, — Arnold dedi, — əgər siz belə deyirsinizsə, deməli, belədir. Mən sizin sözünüzə inanıram». Ancaq gün gəldi ki, şagirdlər belə deməyə başladı: «Arnolda yalan danışmaq ayıbdır, axı o, həmişə bizə inanır». Müəllim onlara etibar edirdi, bu da onlarda nəcib xarakterlərin inkişafına kömək edirdi. Əgər sevgi ən yaxşısına ümid edirsə, hətta alçaq insanı da zadəgan edər.

Məhəbbət hər şeyə ümid bəsləyər. İsa inanırdı ki, heç kim ümidsiz deyil. Adam Klark böyük ilahiyyatçılardan biri oldu, halbuki məktəbdə onu axmaq hesab edirdilər. Günlərin bir günü məktəbə hörmətli bir qonaq gəldi. Müəllim Adam Klarkı göstərərək dedi: «Bu, məktəbin ən axmaq şagirdidir». Məktəbi tərk etməzdən əvvəl qonaq Klarkın yanına gəlib mehribanlıqla ona dedi: «Eybi yoxdur, oğlum, bəlkə bir gün sən də böyük alim olacaqsan. Ruhdan düşmə, amma cəhd et və cəhd etməyi dayandırma». Müəllim ümidini itirsə də, qonaq ümid etdi. Kim bilir? Bəlkə də Adam Klarkın böyük ilahiyyatçı olmasına kömək edən məhz bu ümid sözləri idi.

Məhəbbət hər şeyə dözər. Hipomeneyn feli böyük yunan sözlərindən biridir. Bu söz, adətən, dözmək və ya tab gətirmək kimi tərcümə olunur. Lakin mənası bir küncə çəkilib səbir etmək deyil, öhdəsindən gəlmək, qalib gəlmək və dəyişdirmək deməkdir. Bu fel ciddi sınaqlara məruz qalan böyük cəsarət kimi müəyyən edilmişdir. Corc Mateson görmə qabiliyyətini itirəndə və sevgi acısı yaşayanda, duasında yazırdı ki, o, Allahın iradəsini «kor-koranə deyil, sevinclə, giley-güzarla deyil, həmd nəğməsi ilə qəbul etmək istəyir». Məhəbbət hər şeyə məcburi itaətlə deyil, qələbə çalan mətanətlə dözər. Çünki o bilir ki, «Ata heç vaxt övladını nahaq yerə ağlatmaz». Deyəcək bir şey qalır: əgər biz məhəbbətə Paulun təsvir etdiyi kimi baxsaq, onun bütün keyfiyyətlərinin İsanın həyatında təcəssüm etdiyini görərik.

8-13

MƏHƏBBƏTİN ÜSTÜNLÜYÜ (1Korinflilərə 13:8-13)

1) Məhəbbətin dəyişməzliyi. İnsanın dəyər verdiyi hər şey yox olanda, bircə sevgi qalır. Nəğmələr nəğməsi kitabı 8:7-də ən gözəl ayələrdən birində deyilir: «Sevgini ümman sular söndürə bilməz, onu çağlayan çaylar batıra bilməz». Yalnız sevgi yenilməzdir. Bu da əbədi həyata inanmağın əsas səbəblərindən biridir. Sevgi həyatı ruhlandıranda, həyatın və ölümün bütün çətinliklərinin gücsüz olduğu bir əlaqə qurur.

2) Məhəbbətin mükəmməlliyi. İndi biz dünyanı güzgüdəki kimi tutqun görürük. Bu ifadə korinfliləri daha çox düşündürürdü, nəinki bizi: Korinf güzgü hazırlamaqla məşhur idi. Ancaq gözəl əksi olan müasir güzgü XIII əsrdə hazırlanmışdır. Korinf güzgüləri yüksək cilalanmış metaldan hazırlanırdı. Buna görə də ən yaxşı güzgülər belə, surəti tam əks etdirmirdi. Belə bir fikir irəli sürülür ki, bu ifadə çölə dar pəncərədən baxdığımızı bildirir. O dövrdə pəncərələr çox kiçik ölçüdə düzəldilirdi. Belə pəncərədən yalnız aydın olmayan və bulanıq konturlar görmək olurdu. Ravvinlər Musa peyğəmbərin Allahı belə bir pəncərədən gördüyünə inanırdılar.

Paul hesab edirdi ki, bu həyatda biz Allahın yalnız əksini görürük, çox şey isə bizə sirli qalır. Biz Tanrının əksini Onun yaratdıqlarında görürük. Çünki yaradılış bizə həmişə öz yaradıcısı haqqında nəsə deyir. Biz Onu Müjdədə və İsa Məsihdə görürük. Hətta İsa Məsihdə tam vəhy almış olsaq belə, bizim ağlımız yalnız bir hissəni başa düşə bilər, çünki fani olan heç vaxt əbədiyyəti dərk edə bilməz. Bizim biliyimiz uşaq biliyinə bənzəyir.

Sevgi olmadan biz heç vaxt həmin günü görə bilməyəcəyik. Çünki Allah sevgidir və Onu yalnız sevən şəxs görə bilər.

3) Məhəbbətin üstünlüyü. İman və ümid nə qədər böyük olsa da, sevgi yenə onlardan üstündür. Sevgisiz iman soyuq, ümid isə qaranlıqdır. Sevgi imanı alovlandıran oddur, ümidi güvənə çevirən işıqdır.

Müqəddəs Kitab

Məhəbbətin qüdrəti
1 Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 2 Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 3 Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.
4 Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 5 kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 6 Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 7 O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.
8 Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 9 Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10 Kamillik gələndə məhdud olan aradan qalxacaq. 11 Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 12 İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 13 İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.
  • Giriş
  • More pages
  • 12
  • 13
  • 14
  • More pages
  • 16