Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə birinci məktub: 14-cü fəsil

V. Barklinin şərhləri

14-cü fəsil

1-19

YANLIŞ VƏ HƏQİQİ İBADƏT (1Korinflilərə 14:1-19)

İmanlılar cəmiyyətində naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam. Bu fəsli başa düşmək çətindir, çünki burada bir çoxlarımıza yad olan mövzudan bəhs edilir. Bütün fəsil boyu Paul iki ruhani ənamı müqayisə edir.

Bu, ilk növbədə, naməlum dillərdə danışmaqdır. Bu nadir hadisə erkən imanlı cəmiyyətində çox geniş yayılmışdı. Adamlar cuşa gəlib anlaşılmaz dildə idarəolunmaz şəkildə ifadələr səsləndirirdilər. Əgər kimsə bu ifadələrin mənasını izah etmirdisə, onların nə demək olduğunu heç kim bilmirdi. Bizə nə qədər qəribə görünsə də, erkən məsihçi cəmiyyətində bu ənam çoxlarında paxıllıq oyatmışdı. Amma bu yanaşma təhlükəli idi. Bu ənam bir tərəfdən anormal hesab olunsa da, çoxları ona heyran qalırdılar. Bu da belə bir ənama malik olan insanda xüsusi ruhani olduğuna dair qürur hissi yarada bilərdi. Digər tərəfdən, bu ənama sahib olmaq istəyinin özü, bəzilərində süni olaraq naməlum dildə danışma ilə müşayiət olunan bir növ özünü hipnoz və ekstaza sövq edirdi. Naməlum dillərdə danışmaq qabiliyyətini Paul peyğəmbərlik ənamı kimi təsnif edirdi. [Barkli mətnində bu çətin hissəni bir az da asanlaşdırmaq üçün peyğəmbərlik sözünün əvəzinə proqnoz sözündən istifadə edir.] Bəli, həm bu vəziyyətdə, həm də həmişə bu sözün mənası gələcəkdən xəbər vermək deyildi. Bu, Allahın iradəsini və istəyini çatdırmaq mənasını verirdi. Bayaq dediyimiz kimi, bu söz təbliğ etmək sözünün mənasına çox yaxındır. Lakin bu halda biz onun hərfi mənasına üstünlük veririk: xitab etmək, xəbər ötürmək. Paul bu hissəni naməlum dillərdə danışmaq ənamı ilə əlaqədar olan təhlükələrə aid edir. O, həqiqəti hamı üçün əlçatan bir şəkildə bəyan etmək ənamının üstünlüyündən danışır. Bu hissəni təhlil edərək Paulun nə demək istədiyini başa düşmək daha asan olacaq. Paul naməlum dillərdə danışmağın insanlara deyil, Allaha ünvanlandığını deyir. Çünki insanlar onları başa düşə bilməzlər. Belə bir ənama sahib olan və ondan istifadə edən insan öz ruhani səviyyəsini yüksəldə bilər. Lakin dinləyicilərin ruhani səviyyəsini heç bir şəkildə yüksəldə bilmir, çünki onlar bunu başa düşmürlər. Digər tərəfdən, həqiqətin başadüşülən dildə bəyanı hər kəsi ruhən zənginləşdirir.

Sonra Paul müəyyən misallar və analogiyalar gətirir. Məsələn, o, korinflilərin yanına gəlib naməlum dildə danışsa, bunun heç bir faydası olmayacaq. Axı onlar onun nə danışdığını başa düşməyəcəklər. Məsələn, bir musiqi alətini götürək. Harmoniya qaydalarına əməl olunarsa, alətdə melodiya çalmaq olar. Yox, bu qaydalara əməl olunmazsa, nəticə qarışıq olar. Əgər şeypur düzgün siqnal verirsə, o, insanları hücuma, geri çəkilməyə, yatmağa, qalxmağa çağıra bilər. Amma qarışıq səslər çıxarsa, heç kim nə etmək lazım olduğunu başa düşməyəcək. Dünyada çox fərqli dillər var. Amma bir-birinin dilini bilməyən iki insan qarşılaşanda, bu dillər onlara boş və cəfəng görünəcək.

Paul naməlum dillərdə danışmaq ənamının mövcudluğunu inkar etmir. Heç kim Paulun bu ənama qarşı olduğunu iddia edə bilməz. Lakin o deyir ki, yalnız bütün imanlı cəmiyyətinə fayda verən ənamlara üstünlük verilməlidir. Buna görə də naməlum dillərdə danışmaq ənamı, mənası aydın şəkildə izah edilmədikdə, sadəcə bir muncuq yığını olacaqdır. İnsan istər danışsın, istər dua etsin, istər oxusun, bunu təkcə ruhu ilə deyil, ağlı ilə də etməlidir. İnsan nə baş verdiyini bilməli və başqaları da onu başa düşməlidir. Sonda Paul belə bir nəticəyə gəlir ki, məsihçi cəmiyyətində anlaşılmaz səslər axınındansa, bir neçə başa düşülən cümlə söyləmək daha yaxşıdır.

Bu çətin hissədən bir neçə dəyərli həqiqət çıxarmaq olar.

3-cü ayə vəzin bütün məqsədini ümumiləşdirir. Onun üç mənası var.

1) Hər bir vəz ruhən inkişaf etdirməlidir, yəni insanın Məsihin həqiqəti haqqında biliklərini dərinləşdirməlidir və məsihçi həyat tərzi sürmək qabiliyyətini yüksəltməlidir.

2) Vəz ruhlandırmalıdır. İstənilən insan müəyyən mənada depressiyaya düşə bilər — xəyallar gerçəkləşmir, bütün səylər istənilən nəticə vermir. Bütün proses yalnız bir çatışmazlığı üzə çıxarır. Məsihçi qardaşlığında insan həmişə təsəlli və dəstək tapa bilər. Bir təbliğçi haqqında deyirdilər ki, o, İslandiya bölgəsində dəniz dibində dərin bir çatlaq olduğunu elan edirmiş kimi təbliğ edirdi. Təbliğ insanın günahına işarə edərək Rəbb qarşısında həlimləşməyə çağırışla başlaya bilər. Lakin sonda insana bu günahlarla mübarizə aparmağa və qələbəyə yönəltməyə güc verə biləcək Allahın mərhəmətini xatırlatmasa, uğursuz olar.

3) Vəz təsəlli verməlidir. «Tarixdə elə bir gün olmayıb ki, insan ürəyi qırılmasın». Virgili «göz yaşları yaradan şəraitdən» danışırdı. İstənilən cəmiyyətdə həmişə həyatdan incimiş bir insan olacaq. Məsihçi qardaşlığı arasında o öz kədərini unutduracaq bir şey tapmalıdır. Kədərinə sevinc gətirən məsh yağı tökmək və çətinliklərinə izzət çələngi tapmaqda ona kömək etmək lazımdır.

5-ci ayədə Paul, ümumiyyətlə, təbliğin onun üçün olan əsas mahiyyətini göstərir:

1) Vəz Allahın birbaşa vəhyidir. Əgər Allah insanla danışmasa, o, başqalarına heç nə deyə bilməz. Böyük təbliğçilərdən biri haqqında deyirdilər ki, o, kiminsə səsini dinləyirmiş kimi tez-tez susurdu. Biz insanlara, alimlərə dərk etdiyimiz, hətta kəşf etdiyimiz həqiqətləri deyil, yalnız Allahdan aldığımız həqiqətləri çatdırırıq.

2) Vəz xüsusi bilik verə bilər. Heç kim hər şeydə mütəxəssis ola bilməz, amma hər kəs müəyyən bir mövzuda xüsusi nəsə bilir. Deyirlər ki, hər bir insan yaşadığı hər şeyi sadə və tam açıq şəkildə ifadə etsə, maraqlı bir kitab yazmış olardı.

Həyat təcrübəsi hər birimizə xüsusi bir şey öyrədir. Ən təsirli təbliğ də artıq doğru olduğuna inandığımız şeylərə şahidlik etməkdir.

3) Vəz həqiqəti çatdırmaqdır. Erkən məsihçi cəmiyyətində ilk təbliğ Məsihin və məsihçiliyin tarixindən, hadisələrin sadə şəkildə təkrarlanmasından ibarət idi. Bəzi faktlar danılmazdır. Höte deyirdi: «Mənə nəyə əmin olduğunuzu söyləyin, çünki kifayət qədər şübhələrim var». Təbliği necə bitirməyimizdən asılı olmayaraq, onu Məsihin həyatındakı faktlarla başlamalıyıq.

4) Təbliğdə təlim vacib yer tutur. Elə bir vaxt gəlib çatır ki, insan soruşur: «Faktların mənası nədir?» Biz düşünən varlıqlar olduğumuz üçün din istər-istəməz bizi ilahiyyata cəlb edir. Beləliklə, çoxlarının imanı zəifləyir, sədaqəti yox olur.

Bütün bu hissədən ibadətin iki ümumi prinsipini çıxarmaq olar:

1) İmanlı cəmiyyətinin ibadətinə heç vaxt eqoizm hopmamalıdır. Bütün ibadətlər hamı üçün olmalı, hamı üçün edilməlidir. İstər ibadəti aparan olsun, istərsə də ibadətdə iştirak edən, heç kəsin şəxsi mövqeyinə əsaslanaraq ibadəti yönləndirmək hüququ yoxdur. O, iştirak edən hər kəsin rifahını düşünməlidir. İbadətin hər bir hissəsi üçün həlledici sual belə olmalıdır: «Bunun hamıya faydası olacaqmı?» «Ənamımı istifadə edə biləcəyəmmi?» sualını vermək yersizdir. Əvəzində insan özündən soruşmalıdır: «Bu ənam hər kəsi Allaha yaxınlaşdıracaqmı? Onları bir-birinə yaxınlaşdıracaqmı?»

2) İbadət başadüşülən olmalıdır. Böyük olan hər şey əslində sadədir: nəcib dil öz mahiyyətinə görə ən sadə dildir. Bundan əlavə, yalnız ağlı qane edən şeylər qəlbə rahatlıq verə bilər; yalnız ağlın anlaya bildiyi şey insanı həyat yolunda gücləndirə bilər.

20-25

HƏQİQİ VƏ YANLIŞ İBADƏTİN NƏTİCƏLƏRİ (1Korinflilərə 14:20-25)

Paul naməlum dillərdə danışmaq ənamını müzakirə etməyə davam edir. O, korinfliləri davranışlarında uşaqlıq etməməyə çağırır. Naməlum dillərdə danışmaq və bu ənama olan həvəs, əslində, uşaq kimi öyünməkdir.

Paul daha sonra Əhdi-Ətiqdə dəlillər gətirir. Biz artıq dəfələrlə görmüşük ki, ravvinlər, Əhdi-Ətiqi şərh edənlər (Paul öz dövrünün savadlı ravvini idi) Əhdi-Ətiqdə mətndə olmayan gizli mənaları tapa bilirdilər. Paul Yeşaya 28:9-12-dən sitat gətirir. Allah peyğəmbərin dili ilə xalqı cəzalandıracağını deyir. Yeşaya peyğəmbər onlara doğma ibrani dilində təbliğ edirdi, lakin onlar ona qulaq asmırdılar. Onların itaətsizliyinə görə aşurlular torpaqlarına hücum çəkib, onları məğlub edəcək, şəhərlərini ələ keçirəcəklər. Onda onlar heç anlamadıqları bir dilə qulaq asmalı olacaqlar. Onlar istilaçıların yad dilini dinləməli olacaqlar. Hətta belə bir dəhşətli cəzadan sonra da imansızlar Allaha üz tutmayacaqlar. Paul buradan belə nəticəyə gəlir ki, naməlum dillərdə danışmaq daşürəkli və imansız insanlar üçün nəzərdə tutulub. Amma bu da onlara heç bir fayda vermədi.

Sonra Paul praktik bir arqumentdən istifadə edir. Əgər yad bir adam hamının anlaşılmaz səslər çıxardığı məsihçilərin cəmiyyətinə gəlsə, dəlixanaya düşdüyünü fikirləşər. Amma imanlı cəmiyyətində ilahi həqiqətlər aydın, anlaşılan dildə bəyan edilərsə, bu, tamam başqa nəticəyə gətirib çıxarar. Bu, yad adamı öz vicdanı ilə üzə-üzə qoyub Allahın hüzuruna çıxaracaq.

24 və 25-ci ayələr obrazlı şəkildə göstərir ki, ilahi həqiqətlər aydın dillə bəyan edilərsə, nəyə nail olmaq olar:

1) İnsanı günahkar olduğuna inandırır. İnsan özünün kim olduğunu görür və dəhşətə gəlir. Afinanın pozğun övladı Alkiviad Sokratın dostu idi. O, bəzən belə deyirdi: «Sokrat, sənə nifrət edirəm, çünki hər dəfə səni görəndə mənə kim olduğumu xatırladırsan». Samariyalı qadın dedi: «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün» (Yəhya 4:29). Allahın Müjdəsi hər şeydən əvvəl insana onun günahkar olduğunu göstərir.

2) İnsanı ifşa edir. Günahkar anlayır ki, etdiklərinə görə cavab verməli olacaq. Bu ana qədər o, həyatının necə bitəcəyini düşünmədən yaşayırdı. Ola bilsin ki, o, kor-koranə gündəlik ehtiraslarının ardınca gedir və həzz çiçəklərini qoparırdı. İndi isə görür ki, hər şeyin sonu var, o cümlədən insan həyatının.

3) Qəlbin niyyətini aşkara çıxarır. Biz öz ürəyimizə ən sonda baxırıq. Atalar sözündə deyildiyi kimi: «Görmək istəməyən adamdan kor adam yoxdur». Məsihin Müjdəsi insanın ürəyini araşdırır və özünü ona göstərərək təvazökar bir dürüstlük verir.

4) İnsanı Allahın qarşısında diz çöküb səcdə etməyə təşviq edir. Məsihçilik insanın Allah qarşısında diz çökməsi ilə başlayır. Allahın hüzuruna açılan qapı o qədər alçaqdır ki, biz ora yalnız diz çökməklə daxil ola bilərik. Özünün və Allahın Kim olduğunu görən insan diz çökərək dua edər: «Allahım, mən günahkarı bağışla». İbadət xidmətinin təsirini qiymətləndirmək üçün meyar belədir: «Bu ibadət bizə Allahın varlığını hiss etdirirmi?» Josef Tvitçell qoca Horatsi Buşneli necə ziyarət etdiyindən danışır. Bir gün axşam çağı Buşnel onunla birlikdə dağın yamacına gəzməyə gedir. Onlar qaranlıqda gəzişəndə birdən Buşnel deyir: «Gəl diz çökək və dua edək». Onlar dua edirlər. Daha sonra Tvitçell sözünə davam edir: «Qaranlıqda əllərimi uzatmağa qorxurdum, elə bilirdim ki, Allaha toxunacağam». Əgər biz Allahın hüzurunu bu qədər yaxın hiss ediriksə, həqiqətən, ibadətdə iştirak etmiş oluruq.

26-33

PRAKTİK MƏSLƏHƏT (1Korinflilərə 14:26-33)

Bu hissənin sonunda Paul praktiki məsləhətlər verir. O əmindir ki, bu və ya digər ənama malik olanların bunu nümayiş etdirmək imkanı olmalıdır. Lakin o, həm də ona əmindir ki, ibadət qarışıq rəqabətə çevrilməməlidir. Yalnız iki və ya üç nəfər naməlum dillərdə danışmaq ənamından istifadə edə bilər, bir şərtlə ki, kimsə bu dilləri şərh edə bilsin. Hamıda həqiqəti təbliğ etmək ənamı var. Lakin iki və ya üç nəfər bunu həyata keçirməlidir. Əgər cəmiyyətdə kimsə ona vacib vəhy verildiyinə əmindirsə, onda danışan susmalı və həmin adama danışmaq imkanı verməlidir. Danışan adam sözünə davam edə bilər. Danışan adam deyə bilməz ki, o, danışığını dayandıra bilmir. Çünki vaiz ruhunu idarə etməyi bacarır. Azadlığa hörmət etmək lazımdır, amma qarışıqlığa yol verməməlidir. Sülh qaynağı olan Allaha sülh mühitində ibadət etmək lazımdır.

Bu, bütün məktubun ən maraqlı hissəsidir, çünki erkən məsihçi cəmiyyətinin ibadətinə işıq salır. Şübhəsiz ki, məktubun məğzi rəsmi məhdudiyyətlər gətirmək yox, sərbəstlik aşılamaq idi. Bu hissəni oxuyanda iki sual yaranır:

1) Aydın məsələdir ki, erkən məsihçi cəmiyyətində peşəkar kahinlər olmayıb. Düzdür, həvarilərin xüsusi səlahiyyətləri var idi. Lakin o dövrdə hər bir imanlı cəmiyyətinin peşəkar kahini yox idi. Ona görə də lazımi ənamı olan hər kəs təbliğ edə bilərdi. İmanlı cəmiyyəti peşəkar təbliğçilər təyin etməklə düzgün iş görür, yoxsa bunu etməmək daha yaxşı olardı? İnsanların maddi işlərlə bu qədər məşğul olduğu bir vaxtda, kiminsə xüsusi bir həyat yaşaması, Allaha daha yaxın olması, insanlara ilahi həqiqəti təbliğ etməsi, onlara nəsihət və təsəlli verməsi çox vacibdir. Amma burada da bir təhlükə var: çünki peşəkar vaiz olduqdan sonra onun deməyə sözü olmayanda da nəsə deməlidir. Ancaq nə olursa olsun, əgər başqa birinin qardaşlarına deyəcək sözü varsa, heç bir imanlı cəmiyyətinin qaydaları ona bunu etməyə mane olmamalıdır. İlahi həqiqəti insanlara yalnız peşəkar təbliğçinin çatdıra biləcəyini düşünmək səhv olardı.

2) Şübhəsiz ki, erkən ibadətlərdə müəyyən çeviklik var idi. İbadətdə o qədər azadlıq var idi ki, qardaşlarına deyəcək bir sözünün olduğunu hiss edən hər kəs bunu edə bilirdi. Bəlkə də biz qaydalara çox əhəmiyyət veririk və rəsmi ibadət qaydasının qulu olmuşuq. Vurğulamaq yerinə düşər ki, erkən məsihçi cəmiyyətində hər kəs ibadətə gələrək öz imtiyazlarını və vəzifələrini yaxşı bilirdi. İmanlı xidmətə passiv dinləyici kimi iştirak etmək üçün gəlmirdi. O, təkcə ruhən qidalanmağa deyil, həm də bölüşməyə gəlirdi. Burada da müəyyən təhlükənin olması aydın idi. Çünki Korinfdə öz avazından zövq alanlar çox idi. Bəlkə də bu gün imanlı cəmiyyəti əksər funksiyaları peşəkar təbliğçilərə ötürməklə və sadə məsihçilərə az yer verməklə nəyisə itirib. Çox güman, günahkar daha çox bu hüquqları mənimsəyən təbliğçi deyil, dünya qayğısına qapıldığı üçün onlardan imtina edən imanlılardır. Razılaşın ki, bəziləri cəmiyyətin onlar üçün nə etməli olduğunu daha çox düşünür, nəinki özlərinin nə edə biləcəklərini. Onlar edilənləri qınamağa hazırdırlar, amma cəmiyyətin tapşırıqlarının yerinə yetirilməsində iştirakdan tamamilə imtina edirlər.

34-40

QADAĞAN EDİLMİŞ YENİ QAYDALAR (1Korinflilərə 14:34-40)

Korinfdəki imanlı cəmiyyətini Paulun bəyənmədiyi yeni qaydalar təhdid edirdi. Paul korinflilərdən soruşur ki, imanlı cəmiyyətini onlar qurublarmı? Müjdə onlardanmı çıxıb? Paul deyir ki, onlar sadəcə Müjdəni yəhudilərdən miras olaraq alıblar, buna görə ona qoruyub saxlamalıdırlar. Hələ elə insan olmayıb ki, böyüdüyü cəmiyyəti ötüb keçsin. Paul qadınların imanlı cəmiyyətindəki yeri haqqında konsepsiyasında bütün həyatı boyu yaşadığı dövrün ideyalarına sadiq qalırdı.

Biz artıq qədim dövrdə qadınların necə aşağı tutulduğundan danışdıq. Yunan dünyasının nümayəndəsi Sofokl demişdir: «Qadına susmaq yaraşar». Yunanıstanda çox kasıb və ya əxlaqsız olmayan qadınlar qapalı həyat tərzi keçirirdilər. Yəhudilər isə qadına daha az dəyər verirdilər. Ravvinlərin aforizmləri arasında yəhudi qadınların mövqeyindən bəhs edən çoxlu deyimlər var idi: «Qadına qanun öyrətmək ona allahsızlığı öyrətməklə eynidir». Yaxud «qadınlara Qanun öyrətmək donuzlara mirvari atmaq kimidir». Talmud dünyada baş verən bəlaların sırasına «dua vaxtı boşboğazlıq və zəhlətökənlik edən dul qadın və qızlar»ı da daxil edirdi. Küçədə qadınlarla danışmaq qadağan idi. Qadından nəsə istəmək və onu salamlamaq müsbət qarşılanmırdı.

Paul yuxarıdakı sətirləri məhz belə bir cəmiyyət üçün yazmışdı. Çox güman, Paulu ən çox narahat edən Korinfdəki əxlaqi prinsiplərin zəifliyi və hələ də kövrək olan imanlı cəmiyyətinə kölgə salacaq nələrinsə olması idi. Bu sözləri tarixi kontekstdən kənarda oxumaq və onları imanlı cəmiyyəti üçün universal bir qayda hesab etmək, təbii ki, yanlış olardı.

Sonra Paul daha sərt tonda danışmağa davam edir. O, əmin idi ki, hətta insana ruhani ənamlar bəxş edilmiş olsa belə, bu ona hakimiyyətə qarşı üsyan etmək haqqı vermir. Paul eyni zamanda dərk edirdi ki, verdiyi məsləhətləri və qoyduğu qaydaları ona İsa Məsih və Onun Ruhu verib. Əgər kimsə onları anlamaqdan imtina edərsə, həmin adam öz cəhalətində qalmalıdır.

Fəslin sonunda Paul izah edir ki, o, heç kimin ənamlarını aşağılamaq niyyətində deyil. Lakin o, bütün ürəyi ilə imanlı cəmiyyətində nizam-intizam olmasını istəyir. O, burada mühüm qaydanı izah edir: insanın Allahdan aldığı ənam onun şəxsi mənfəəti üçün deyil, imanlı cəmiyyətinin rifahı üçün nəzərdə tutulub. İnsan yalnız hər şeyə görə «Allaha həmd olsun!» deyə biləndə, öz ənamından həm imanlı cəmiyyətində, həm də onun hüdudlarından kənarda düzgün istifadə edəcək.

Müqəddəs Kitab

Naməlum dillər və peyğəmbərlik ənamları
1 Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin. 2 Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. 3 Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar. 4 Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir. 5 İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür.
6 İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər? 7 Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər? 8 Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar? 9 Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz! 10 Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil. 11 Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur. 12 Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın.
13 Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin. 14 Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır. 15 Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam. 16 Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür. 17 Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz. 18 Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm. 19 İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam.
20 Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun. 21 Qanunda yazılıb:
«Rəbb deyir:
“Bu xalqla yadellilərin ağzı ilə,
Başqalarının dilləri ilə danışacağam.
Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”».
22 Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür. 23 Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz? 24 Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq. 25 Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.
Düzgün ibadət
26 Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. 27 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin. 28 Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın. 29 İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin. 30 Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun. 31 Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız. 32 Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
34 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar. 35 Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır.
36 Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı? 37 Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir. 38 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək. 39 Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın. 40 Amma qoy hər şey ədəblə və intizamla edilsin.
  • Giriş
  • More pages
  • 13
  • 14
  • 15
  • 16