1-11
Korinflilərə birinci məktubun on beşinci fəsli Əhdi-Cədidin həm ən vacib, həm də ən çətin fəsillərindən biridir. O, təkcə özlüyündə çətin və mürəkkəb deyil, həm də məsihçi doktrinasına bir ifadə daxil edir. Həmin ifadənin təsdiqi çoxları üçün böyük çətinliklər yaradır. Çünki biz bədənin dirilməsi nəzəriyyəsini bu fəslə əsaslandırırıq. Əgər biz bu fəsli tarixi şərait fonunda tədqiq etsək, onda nisbətən daha az çətin olacaq. Onda onun mənası aydın olacaq və biz Paulun bununla nə demək istədiyini başa düşəcəyik. Buna görə də, fəsli tədqiq etməyə başlamazdan əvvəl aşağıdakı müddəalara diqqət yetirməliyik:
1) Qeyd etmək lazımdır ki, korinflilər İsa Məsihin dirilməsini deyil, bədənin dirilməsini inkar edirdilər. Paul israrla deyir ki, bədənin dirilməsini inkar edən şəxs İsa Məsihin dirilməsini inkar edir. Beləcə o, dirilməni məsihçi Müjdəsindən və məsihçi həyatının reallığından çıxarır.
2) Hər bir erkən məsihçi cəmiyyəti iki tarixi sivilizasiyanın fonunda inkişaf edib, çünki hər imanlı cəmiyyətində yəhudilər və yunanlar var idi.
Birincisi, yəhudi dünyagörüşünün fonundakı inkişafdır. Sadukeylər həmişə ölümdən sonrakı həyatı inkar edirdilər. Beləcə yəhudi qollarından biri həm ruhun ölməzliyini, həm də bədənin dirilməsini tamamilə inkar edirdi (Həvarilərin işləri 23:8). Əhdi-Ətiqdə ölümdən sonra həyat adlandırıla biləcək nəyisə tapmaq, demək olar ki, mənasızdır. Əhdi-Ətiqdəki ümumi inanca görə, bütün insanlar öləndən sonra heç bir fərq qoyulmadan şeola — ölülər diyarına gedirdilər. Çox vaxt səhvən cəhənnəm kimi tərcümə edilən şeol, yəhudilərə görə, yeraltı dünyada yerləşən ölülər aləmi idi. Ölən adamlar orada hamıdan və Tanrıdan təcrid olunmuş qaranlıq bir yerdə yaşayırdılar. Əhdi-Ətiq insanı ölümdən sonra nə gözlədiyinə dair bu qəmgin, sönük bədbinliklə doludur.
«Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin?» (Zəbur 6:5)
«Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, sədaqətini elan edə bilərmi?" (Zəbur 30:9).
«Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Məhəbbətin məzardamı, sədaqətin Həlak yerindəmi bəyan olunacaq? Xariqələrin qaranlıqdamı, ədalətin unudulma diyarındamı tanınacaq?» (Zəbur 88:10-12)
«Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər» (Zəbur 115:17).
«Axı ölülər diyarı Sənə şükür etməz, ölüm həmdlər söyləməz, qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz» (Yeşaya 38:18).
«Bir azca nəzərini məndən çək, qoy köçüb getməzdən əvvəl dinc yaşayım» (Zəbur 39:13).
«İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır. Çünki dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, çünki onların xatirəsi də unudulub».
«Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var»" (Vaiz 9:4-5, 10).
«...ölülər diyarında kim Onu mədh edəcək?» (Sirax 17:27).
«Ya Rəbb, gözlərini aç və bax, çünki ruhu içindən götürülən ölülər diyarındakı ölülər Rəbbə izzət verməzlər və haqq qazandırmazlar» (Barux 2:17).
Məşhur Əhdi-Ətiq alimi C.Mak-Fadyen deyirdi ki, Əhdi-Ətiq xalqı arasında ölümsüzlüyə inamın olmaması onların «bu dünyada Allahı nə qədər dərk etmələri» ilə bağlı idi. Sonra o, belə davam edir:
«Din tarixində buna bənzər heyrətamiz faktlar azdır. Əsrlər boyu insanlar ölümdən sonrakı həyata ümidi olmadan nəcib həyat tərzi sürmüş, insanlıq borcunu yerinə yetirmiş, kədərlərini yaşamışlar. Çünki hər dəfə evə girib-çıxanda Allahın varlığına tamamilə əmin idilər».
Düzdür, Əhdi-Ətiqdə ölümdən sonrakı həyata dair bir neçə işarə var. Elə anlar olub ki, insan belə deyib: «Əgər Allah Allahdırsa, deməli, bu dünyanın sərt hökmünü dəyişdirəcək bir şey olmalıdır». Məsələn, Əyyub peyğəmbər deyirdi:
«Amma mən bilirəm ki, Satınalanım yaşayır, axırda O, yer üzərində dayanacaq. Dərim yox olandan sonra bədən alıb Allahı görəcəyəm. Mən Ona baxacağam, başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür!» (Əyyub 19:25-27).
Möminlər bir şeyə inanırdılar: bu həyatda insan Allahla o qədər sıx əlaqəyə girə bilər ki, hətta ölüm onları poza bilməz.
«Cismim əmin-amanlıqda yaşayır. Çünki məni ölülər diyarına atmazsan, mömin insanını qəbirə salmazsan. Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, sağ əlində hər zaman səadət var» (Zəbur 16:9-11).
«Amma daim Səninlə olmuşam, mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan» (Zəbur 73:23-24).
Amma bu da bir həqiqətdir ki, İsraildə əbədi həyata ümid tədricən inkişaf edib. Buna iki amil yardımçı olub:
a) İsrail seçilmiş xalq idi, lakin onun tarixi Allahdan dönüklük silsiləsi idi. Belə bir hiss var idi ki, ədaləti bərqərar edəcək və insanların sonsuz bədbəxtliklərini necəsə kompensasiya edəcək başqa bir dünya olmalıdır.
b) Qeyd etmək lazımdır ki, əsrlər boyu fərdi şəxs anlayışı, demək olar ki, mövcud olmayıb. Allah xalqın Allahı idi və fərd yalnız xalqın bir hissəsi idi. Lakin zaman keçdikcə din fərdi xarakter almağa başladı. Allah xalqın Allahı deyil, hər bir insanın şəxsi dostu oldu. İnsanlar instinktiv və qeyri-müəyyən şəkildə hiss etməyə başladılar ki, insan Allahı tanıdığına və Allah da onu tanıdığına görə, onları ölümün belə ayıra bilməyəcəyi əlaqə birləşdirib.
3) Qədim ellin (yunan) dünyasına gəlincə, bütün on beşinci fəslin fonunda olan fakta diqqət yetirməliyik: ellinlər instinktiv olaraq ölümdən qorxurdular. Evripid9 yazırdı: «Saysız-hesabsız bədbəxtliklərlə üzləşmiş insanlar belə, həyatı sevirlər». «Onlar hər yeni günün gəlişini həsrətlə gözləyirlər, ölümlə — qeyri-müəyyənliklə üz-üzə gəlməkdənsə, bildikləri hər şeyə dözməyi üstün tuturlar» (Fraqment 8:13). Amma ümumiyyətlə, ellinlər və ellin (yunan) fəlsəfəsinin təsirinə məruz qalan hər kəs ruhun ölümsüzlüyünə inanırdı. Lakin onların fikrincə, ruhun ölməzliyi bədənin tam parçalanmasından sonra başlayırdı.
Ellinlərin belə bir deyimi var idi: «bədən məzardır». Ellinlərdən biri belə deyirdi: «Yazıq ruhum bədənə zəncirlənib». Seneka deyirdi: «Ruhun əbədiliyini araşdırmaq və ona inanmaq mənə xoşdur. Mən özümü bu gözəl ümidə həsr etdim». Ancaq Seneka belə də deyirdi: «Bu ilahi və insan qarışığını tapdığım yerdən ayrılacağım gün gələndə, bədənimi tərk edəcəyəm və özümü tanrılara qaytaracağam». Epiktet yazırdı: «Allah lazım olanı vermədikdə, geri çəkilmək üçün işarə verir. O, qapını açıb deyir: «Gəl!» Bəs hara? Qorxulu olmayan yerə; gəldiyin yerə; sənə əziz və yaxın olana — elementlərə. İçində olan od oda, torpaq torpağa, su suya qarışacaq». Seneka ölümdən sonra «öz elementlərinə parçalanan» maddələrdən danışır. Platon üçün «bədən ruhun təzadıdır; bədən müstəqilliyə və xeyirxahlığa qadir olandan fərqli olaraq, bütün insan zəifliklərinin mənbəyidir». Bütün bunları ən yaxşı şəkildə stoiklərin təlimlərində görmək olar. Onlara görə, Allah yer üzündəki hər şeydən daha pak, alovlu bir ruh idi. İnsan bədəninə daxil olan və orada məskunlaşan ilahi qığılcım insana həyat verirdi. İnsan öləndə onun bədəni sadəcə onun tərkib elementlərinə parçalanırdı. İlahi qığılcım Allahın bir hissəsi olduğu üçün Allaha qayıdırdı.
Ellinlər üçün ölümsüzlük məhz bədəndən qurtulmaqdan ibarət idi. Onlar üçün bədənin dirilməsi qeyri-mümkün idi. Şəxsi ölümsüzlük ola bilməzdi. Çünki insana həyat verən şey həyatın əsas mənbəyi olan Allaha yenidən qovuşurdu.
4) Paulun baxış bucağı tamam başqadır. Əgər biz vacib bir faktdan başlasaq, qalan hər şey aydınlaşacaq. Məsihçi inancı ölümdən sonra insanın fərdiliyinin yox olmadığına inanır: mən — mən olaraq qalacağam, sən də sən olaraq qalacaqsan. Bununla yanaşı, başqa bir mühüm faktı da qeyd etmək lazımdır. Yunanlara görə, bədəni müqəddəsləşdirmək mümkün deyildi. Onlara görə bədən maddə, cisim, bütün pisliklərin mənbəyi, ruh üçün həbsxana idi. Lakin məsihçi üçün bədən pislik mənbəyi deyil. Allahın Oğlu İsa insan surətində gəldi, buna görə bədənə xor baxmaq olmaz, çünki Allah onda yaşayıb. Bu səbəbdən məsihçi üçün gələcək həyat mütləq bədən və ruhun qorunmasını ehtiva edir.
Ancaq bədənin bərpası həqiqətini yanlış şərh etmək və təhrif etmək asandır. 220-ci ildə yaşamış məsihçiliyin qatı düşməni olan Selsi artıq bunu etmişdi. O deyirdi: «Ölülər öz bədənində necə dirilə bilər? Bu, doğrudan da, aciz insanın ümididir. İnsan çürüyən bədəni niyə arzulasın ki?» Qəzada əzilən və ya xərçəngdən ölən bir insanı misal çəkmək asandır. Lakin Paul heç vaxt demirdi ki, biz öləndən sonra eyni bədəndə diriləcəyik. O, ruhani bədənə sahib olacağımızı iddia edirdi. Paul demək istəyirdi ki, insan ölməzdir. İnsan şəxsiyyətini bədənsiz təsəvvür etmək, demək olar ki, mümkün deyil. Çünki şəxsiyyət məhz bədən vasitəsilə təzahür edir. Paul iddia edir ki, insan ölümdən sonra da yaşayır. O, yunanlar kimi insan bədəninə xor baxmırdı, əksinə, insanın bütünlüklə dirilməsinə inanırdı. İnsan yenə də özü kimi olacaq. Bir şəxsiyyət kimi o ölməyəcək. Bədənin dirilməsi deyəndə, Paul məhz bunu nəzərdə tuturdu. Bədənə və ruha daxil olan heç nə ölməyəcək, yaşayacaq. Eyni zamanda hər şey fərqli, yeni olacaq, həm bədən, həm də ruh yer üzündə olduqlarından fərqli olacaq, çünki o zaman hər şey ilahiləşəcək.
Paul əvvəllər Korinfdə təbliğ etdiyi Xoş Xəbəri təkrarlayır. Bu, dirilmiş Rəbb haqqında ona əvvəllər çatdırılan xəbər idi.
1-ci və 2-ci ayələrdə o, bu xoş xəbərlə bağlı son dərəcə maraqlı fikirlər söyləyir:
1) Korinflilər bu xəbəri qəbul etdilər. Heç kim heç vaxt Müjdəni özündən uydurmamışdır. Müjdə imanla qəbul edilir. İmanlı cəmiyyətinin əsl mahiyyəti budur. İmanlı cəmiyyəti Xoş Xəbərin qoruyucusu və şərhçisidir. Bir kilsə ağsaqqalının dediyi kimi: «İmanlı cəmiyyəti insanın anası olmasa, heç kim Allaha Ata deyə bilməz». İnsan Müjdəni qardaşları arasında dərk edir.
2) İkincisi, korinflilər Xoş Xəbərdə kök salmışdılar. Müjdənin birinci məqsədi insana möhkəm sabitlik verməkdir. Qeyri-sabit dünyada Müjdə insana ayaqda durmaq imkanı verirdi. Vəsvəsələrlə dolu bir dünyada Müjdə imanlını əzmli edirdi. Təqib zamanı o, insana ruhani və fiziki iztirablara dözmək, təslim olmamaq bacarığı verirdi. Moffat Əyyub 4:4-ü belə tərcümə edir: «Sənin sözün xalqı ayaqda saxlayar». Müjdənin etdiyi də məhz budur.
3) Korinflilər Xoş Xəbər vasitəsilə xilas olurdular. Maraqlıdır ki, yunan dilində burada keçmiş zaman deyil, indiki zamandan istifadə edilir. Xilas gücdən güc doğurur. Bu, dünyadakı kimi deyil. İnsan həyatında çox şey yaşaya bilər, amma xilas onun heç vaxt tükəndirə bilməyəcəyi bir şeydir.
4) Biz Müjdədən bütün varlığımızla yapışmalıyıq. Düşmən dayanmadan bizim imanımıza hücum edir. Həyatda bizi, eləcə də başqalarını çıxılmaz vəziyyətə salan çox şey baş verir. Həyatda sanki həll olunmayan problemlər yaranır. Həyatın öz qaranlıq yerləri var, sanki öz mövqeyində möhkəm durmaqdan başqa heç nə qalmır. İman həmişə qələbə — Allahla qırılmaz əlaqəni möhkəm saxlayan ruhun qələbəsini bəxş edir.
5) Müjdəyə təsadüfən iman etmək olmaz. Sarsılan iman, varlığın mahiyyətini düşünməmiş və dərk etməmiş imandır. Bir çoxumuz üçün iman səthi bir şeydir. Biz bir çox şeyi dərindən dərk etmədən qəbul edirik, çünki bizə onlar haqqında danışılır və biz onları sikkə kimi istifadə edirik. Əgər biz hər şeyi dərindən düşünsəydik, bəlkə də çox şeydən imtina etməli olardıq. Amma əlimizdə qalanlar bizim üçün o qədər dəyərli olacaq ki, heç nə onu əlimizdən ala bilməyəcək. Ölülərdən dirilən Rəbbin sonradan insanlara görünmək siyahısında iki məqam xüsusilə maraqlıdır:
1) Peterə Özünü göstərməsi. Məsihin dirilməsi barədə olan ən qədim tarixçədə boş məzarın yanında duran şəxs (mələk) deyir: «İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin...» (Mark 16:7). Luka 24:34-də şagirdlər deyirlər: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». Maraqlıdır ki, dirilmiş Rəbb ilk dəfə Peterə — Onu inkar edən Peterə zahir oldu. Bu, İsa Məsihin məhəbbətinin və mərhəmətinin möcüzəsidir. Başqaları Peterə ömür boyu nifrət edərdilər. Lakin İsanın yeganə arzusu yolunu azmış bu şagirdi ayağa qaldırmaq idi. Peter İsaya pislik etmişdi. Sonra isə ürəkdən peşman olub ağlamışdı. İsanın yeganə arzusu vəfasızlıqdan əziyyət çəkən Peterə təsəlli vermək idi. Sevgi ona vurulan zərbə haqqında deyil, pislik edən insanın əzabını düşünməkdən daha böyüyünü edə bilməz.
2) İsanın Yaquba Özünü göstərməsi. Şübhəsiz ki, Yaqub Rəbbimizin qardaşıdır. Müjdədən aydın olur ki, İsanın Öz ailəsi Onu qəbul etmirdi, hətta Ona qarşı düşmənçilik edirdi. Mark 3:21-də deyilir ki, onlar İsanı aparmaq istəyirdilər, çünki Onu dəli hesab edirdilər. Yəhya 7:5-də deyilir: «Çünki qardaşları da Ona iman etmirdi». Əhdi-Cədiddə yer ala bilməyən ən erkən Müjdələrdən biri yəhudilər tərəfindən yazılmış Müjdədir. Onun yalnız fraqmentləri günümüzə gəlib çatıb.
İyeronimin danışdığı fraqmentlərdən birində deyilir: «Rəbb kahinin quluna himayədarlıq edəndə Yaqubun yanına girdi və ona göründü (çünki Yaqub ölülərdən dirilən Rəbbi görməyincə çörək yeməyəcəyinə and içmişdi.) Sonra: «İsa Yaquba yaxınlaşıb dedi: «Mənə çörək gətir». İsa çörəyi götürüb xeyir-dua verdi və onu Ədalətli Yaquba uzadıb dedi: «Qardaşım, al bu çörəyi, ye, çünki Bəşər Oğlu ölülərdən dirildi.» Biz bu sözlərin arxasında nə gizləndiyini ancaq təxmin edə bilərik. Bəlkə də Yaqubun Qardaşına olan nifrəti son günlərdə heyrətə və heyranlığa çevrilmişdi. Buna görə də İsa öləndə, Ona qarşı əvvəlki rəftarına görə elə peşman olmuşdu ki, vicdan əzabı çəkirdi və İsa onun yanına gəlib onu bağışlamayınca acından ölməyi üstün tuturdu. Burada bir daha Məsihin heyrətamiz mərhəmətinin və məhəbbətinin nümunəsini görürük. İsa gəldi ki, Onu dəli hesab edən və Ona düşmən olan insanın əzab çəkən qəlbinə təsəlli versin. Dirilən İsanın ilk olaraq Onu incidən və sonradan peşman olan insanlara görünməsi faktı, bəlkə də, Müjdənin ən təsirli yerlərindən biridir. İsa peşman olan və tövbə edən insanın daha tez yanına gəlir.
Nəhayət, bu hissə Paulun özünün xarakterini aydın şəkildə əks etdirir. İsanın Paula görünməsi faktı onun üçün bu dünyada hər şeydən qiymətli idi. Bu fakt onun həyatında həm dönüş, həm də həyatının başlanğıc nöqtəsi idi. 9-11-ci ayələr bizə onun haqqında çox şey deyir.
1) Bu ayələr bizə Paulun hədsiz təvazökarlığından xəbər verir. O, həvarilərin ən kiçiyidir. Ona özünü layiqsiz hesab etdiyi lütf verilmişdi. Paul heç vaxt hər şeyə təkbaşına nail olduğunu iddia etməmişdir. O, Allahın lütfü sayəsində həvari olmuşdu. Bəlkə də ona lağ edirdilər. Bəlkə də bəstəboy və çirkin olub (2Korinflilərə 10:10). Ola bilsin ki, Məsihi qəbul edən və eyni zamanda imana təzə gələnləri Qanuna tabe etdirmək istəyən yəhudi-məsihçilər Paulun lütf haqqında təliminə nifrət edib, onun göylərdən doğulmadığını bəyan edirdilər. Paul özünü o qədər layiq bilmirdi ki, insanların onun haqqında dedikləri onu incidə bilməzdi. Çarlz Qor bir dəfə demişdi: «Həyatımıza ümumi nəzər saldıqda, nadir hallarda haqsız yerə əziyyət çəkdiyimizi deyə bilərik». Paul da məhz bu cür düşünürdü. Onun insanların tənqid və istehzasından qəzəblənən qüruru yox idi. Əksinə, o qədər təvazökar idi ki, bütün bunlara layiq olduğuna inanırdı.
2) Eyni zamanda bu ayələr onun özünə dəyər verdiyini göstərir. O, hamıdan çox çalışdığını bilirdi. Onda yalançı təvazökarlıq yox idi. Amma bu halda da o, həmişə etdiyi işlərdən deyil, Allahın ona bu işləri etmək üçün fürsət verdiyindən danışırdı.
3) Bu ayələr onun qardaşlıq hissindən bəhs edir. O özünü təcrid olunmuş bir fenomen, unikal xəbərə malik olan biri kimi görmürdü. O da, digər həvarilər də eyni Müjdəni təbliğ edirdilər. Paulda onu məsihçi qardaşlığı ilə sıx bağlayan bir böyüklük var idi. Amma insanı qardaşlardan ayıran böyüklük həmişə zərər verir.
12-19
Paul rəqiblərinin əsas arqumentinə hücum edir. Onlar sadəcə olaraq, «Ölülər yenidən dirilə bilməz» deyirdilər. Paul isə cavabında deyirdi ki, əgər belədirsə, onda İsa Məsih də dirilməyib və bütün məsihçi imanı əbəsdir.
Nəyə görə Paul İsa Məsihin dirilməsinə imanı bu qədər vacib hesab edirdi? Burada hansı xüsusi dəyərlər və həqiqətlər var? Ölülərdən dirilməyə inam insanın bu dünyada və axirətdəki həyatına həlledici təsir göstərə biləcək dörd mühüm fakta əsaslanır.
1) Dirilmə sübut edir ki, həqiqət yalandan daha güclüdür. Dördüncü Müjdəyə görə, İsa düşmənlərinə dedi: «Sizsə indi Məni — Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız...» (Yəhya 8:40). İsa həqiqi Allah və əsl yaxşılıq barədə həqiqətləri gətirdi. Düşmənləri Onun ölümünə səbəb oldular, çünki onlar öz yanlış baxışlarının məhv olmasını istəmirdilər. Əgər onlar İsanı tamamilə məhv edə bilsəydilər, yalan həqiqətdən daha güclü olardı. Günlərin bir günü Şotlandiya hökmdarı qraf Morton reformasiyanın məşhur lideri Endryu Melvili yanına çağıraraq ona belə dedi:
Sizinkilərdən bəziləri asılmayana və ya ölkədən qovulmayana qədər bu ölkədə heç vaxt sülh olmayacaq.
Əstəğfürullah, əlahəzrət! — deyə Melvill cavab verdi, — saray əyanlarınızı belə hədələyin. Mənim havada və ya yerdə çürüməyimin fərqi yoxdur. Allaha şükür olsun ki, Onun həqiqətini məhv etmək sizin səlahiyyətinizdə deyil. Məsihin dirilməsi — həqiqətin sarsılmazlığının son təminatıdır.
2) Ölülərdən dirilmə yaxşılığın pislikdən güclü olduğunu göstərir. Gəlin yenə də dördüncü Müjdədən sitat gətirək. Orada İsa düşmənlərinə deyir: «Siz atanız iblisdənsiniz...» (Yəhya 8:44). Şər qüvvələr İsanı çarmıxa çəkdilər və əgər dirilmə olmasaydı, onlar qalib gələcəkdilər. Böyük tarixçi C.A.Fraud yazırdı: «Bir, yalnız bir dərsi tarix dəfələrlə təkrarlayır: dünya elə əxlaqi prinsiplər üzərində qurulub ki, nəcib insanların sonu yaxşı, qəddarların sonu pis olacaq». Lakin Məsihin dirilməsi baş verməsəydi, bu prinsip təhlükə altına düşər, biz bir daha xeyrin şərdən güclü olduğuna əmin ola bilməzdik.
3) Ölülərdən dirilmə sübut edir ki, sevgi nifrətdən güclüdür. İsa Allahın təcəssüm olunmuş məhəbbəti idi.
Ən gözəl sevgi, ilahi Sevgi
Yer üzünə Məsihin doğuluşu ilə nazil oldu.
Digər tərəfdən, Onun çarmıxa çəkilməsini istəyən insanların davranışı o qədər nifrətdən qaynaqlanırdı ki, axırda onlar İsanın mərhəmətini və gözəlliyini şeytanın gücünə aid etməyə cəsarət etdilər. Əgər dirilmə olmasaydı, nəticədə insan nifrəti Allahın məhəbbətinə qalib gələrdi. Məsihin dirilməsi — nifrətin edə biləcəyi hər şey üzərində məhəbbətin qələbəsidir. Aşağıdakı şeir bütün məsələnin mahiyyətini açıqlayır:
Kədərli, soyuq, kölgələrdə səssiz
Qanlı Qolqotadan enərkən
İki döyüşçünün danışığını eşitdim,
Biri qəzəblə deyirdi: «Artıq gecdir,
Amma bədxahlar hələ də sağdırlar».
Digəri isə «Çox qorxuram,
Nə edəcəyimi bilmirəm...» deyirdi.
Qolqotadan yol boyu gedən
Qadınların fəryadı qulağıma çatdı;
Biri kədərə qərq olub,
Digəri taqətdən düşmüşdür.
Qadınlardan biri deyirdi: «Başa düşmürəm,
Nə üçün Onu xaincəsinə çarmıxa çəkdiklər».
İkincisi göz yaşları içində hönkürüb:
«Ah, Oğlum, ah oğlum» deyə fəryad edirdi.
Mən göydən yerə enən parlaq paltarda
Şəfəq saçan iki mələyin
Nəğmə oxuduğunu eşitdim.
Biri «Ey ölüm, neştərin haradadır?»
Deyə nida edirdi.
Digəri isə: «Sevinin, ey yer üzünün xalqları!
İsa Məsih ölülər arasından dirildi» deyə nida edirdi.
Məsihin dirilməsi sevginin nifrətdən daha güclü olduğuna dair son sübutdur.
4) Ölülərdən dirilmə sübut edir ki, həyat ölümdən daha güclüdür. Əgər İsa ölüb dirilməsəydi, bu, ölümün ən gözəl və mübarək həyatı alıb onu məhv edə biləcəyini sübut edərdi. İkinci Dünya Müharibəsi zamanı Londondakı kilsələrdən biri Məhsul Bayramına hazırlaşırdı. Nemətlərin arasında bir topa taxıl vardı. Bayram baş tutmadı, çünki şənbə gecəsi hava hücumu zamanı kilsə tamamilə dağıldı. Aylar keçdi, yaz gəldi və insanlar bir vaxtlar kilsənin dağıntıları arasından yaşıllıq gördülər. Yay gəldi, tumurcuqlar çiçək açdı, payızda isə həmin yerdə taxıl yetişib daşların arasından göründü. Hətta bombalar və dağıntılar cücərtiləri məhv edə bilmədi. Məsihin dirilməsi həyatın ölümdən daha güclü olduğuna dair son sübutdur. Paul iddia edir ki, əgər Məsih dirilməsəydi, onda Müjdə yalana əsaslanardı və minlərlə insan öz həyatlarını illüziyaya qurban verərdi. Bundan başqa, Məsih dirilməsəydi, insanların əbədi həyata əminliyi və böyük imtiyazları olmazdı. Paul sanki deyir: «Məsihin dirilməsini götürsəniz, məsihçi imanının həm təməlini, həm də bütün quruluşunu məhv edərsiniz.
20-28
Bu hissə də çətin hissələrdən biridir. Burada Məsih haqqında «ölülər arasından ilk dirilən» kimi danışılır. Bununla yanaşı, Paul hər bir yəhudiyə məlum olan mənzərəni təsvir edir. Pasxa bayramının bir neçə mənası var idi. O, İsrail oğullarının Misir əsarətindən azad edilməsini xatırladırdı. Lakin Pasxa həm də Məhsul bayramı idi. Bu bayram arpa biçini dövrünə düşürdü. Qanunda deyilirdi: «... məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin» (Levililər 23:10-11). Ümumi sahədə bir neçə arpa dərzi yığılmalı idi. Onları nə bağdan, nə bostandan, nə də əkin sahəsindən götürmək olardı. Onları adi bir sahədə toplamaq lazım idi. Yığılmış arpa Məbədə gətirilirdi. Burada taxılı zədələməmək üçün yumşaq çubuqlarla çırpırdılar. Bundan sonra taxıl deşikli tavada yüngülcə qızardılırdı ki, hər buğda dənəsinə alov dəysin. Daha sonra külək samanı sovursun deyə, onu havaya atırdılar. Sonra arpa dəyirmanda üyüdülür və un Allaha təqdim olaraq gətirilirdi. Dərz təqdiminin mənası bu idi.
Onu da qeyd etmək lazımdır ki, bütün bu proses başa çatana qədər unu dükanlarda satmaq, təzə məhsulun unundan çörək bişirmək qadağan idi. İlk dərzlər gələcək məhsulun simvolu idi və İsanın dirilməsi bütün möminlərin gələcək dirilməsinin əlaməti idi. Yeni məhsulun arpası Allaha təqdim olunmadan yeyilə bilmədiyi kimi, İsa ölülər arasından dirilməyənə qədər yeni həyatın biçini də baş verə bilməzdi.
Paul məktubunda başqa bir yəhudi fikrindən də istifadə edir. Yaradılış 3:1-19-a uyğun olaraq, ölüm dünyaya Adəmin günahı vasitəsilə gəldi. Ölüm günahın nəticəsi və cəzası idi. Yəhudilər inanırdılar ki, «bütün insanlar Adəmdə, sözün əsl mənasında, günah işlətmişlər. Biz görürük ki, Adəmin günahı nəsillərə günaha meyl kimi miras olaraq ötürülür. Esxilin dediyi kimi, «Natəmiz bir əməl, ata qəbiləsinə bənzər çoxalmış nəsil qoyur». Corc Eliotun yazdığı kimi: «Bizim əməllərimiz bizdən doğulan uşaqlar kimidir. Onlar bizim iradəmizdən asılı olmayaraq yaşayır və hərəkət edir. Onlar bizim həm şüurumuzda, həm də ondan kənarda inkişaf edir, onları məhv etmək mümkün deyil».
Heç kim inkar edə bilməz ki, uşağın günaha meylliliyi valideynlərdən keçir və uşaqlar atalarının günahlarına görə cəzalandırılır. Heç kim onu da inkar edə bilməz ki, uşaq valideynlərinin cəzasını miras alır. Çünki biz əxlaqsız həyatdan gələn fiziki qüsurların uşaqlara necə keçə biləcəyini çox yaxşı bilirik. Lakin yəhudi günah deyildikdə daha dərin mənaları başa düşürdü. Onun qeyri-adi həmrəylik hissi var idi. Yəhudi əmin idi ki, onun əməllərinin nəticəsi yalnız onun özünə təsir etməyəcək. O inanırdı ki, bütün insanlar Adəmdə günah işlədib. Adəm günah işlədəndə yer üzünün bütün sakinləri onda idi. Adəm günah edəndə, hamı günah işlətdi. Belə bir təsəvvür bizə qəribə və ədalətsiz görünə bilər. Lakin yəhudilər buna inanırdılar. Hər kəs Adəmdə günah işlədib, buna görə də hər kəs ölüm cəzasına məruz qalır. Məsihin gəlişi ilə bu zəncir qırıldı. Məsih günahsız olduğuna görə ölümə qalib gəldi. Bütün insanlar Adəmdə günah işlətdiyi kimi, Məsihdə də günahdan xilas oldular. Bütün insanlar Adəmdə öldüyü kimi, Məsihdə də qalib gəldilər. Adəmlə eyni olduğumuz kimi, Məsihlə də eyniyik. Bu, əcdadlarımızın içimizdəki günahlarını məhv edir. Beləcə iki ziddiyyətli arqumentlər zəncirini əldə edirik. Birincisi: Adəm — günah — ölüm. İkincisi: Məsih — bağışlanma — həyat. Necə ki, biz hamımız insanın süqutuna şərikik, eynilə biz hamımız göylərdən Doğulanın qələbəsinə şərikik. Bu düşüncə tərzini necə qəbul etsək də, ilk dəfə eşidənlər üçün inandırıcı idi. Hətta nəsə şübhə doğursa belə, İsa Məsihlə birlikdə insanları günahdan və ölümdən azad edən yeni bir qüvvənin dünyaya gəldiyi təkzibedilməzdir.
24-28-ci ayələr qəribə səslənir. Biz Ata və Oğulu eyniləşdirməyə öyrəşmişik. Ancaq burada Paul açıq-aydın şəkildə və bilərəkdən Oğulu Ataya tabe edir. Eyni zamanda o bilir ki, ancaq insani anlayışlardan, bənzətmələrdən istifadə etmək olar. Allah İsaya günaha qalib gəlmək və insanı azad etmək tapşırığını verdi. Gün gələcək ki, bu tapşırıq tamamlanacaq. Sonra obrazlı desək, Oğul evə qayıdan bir qalib kimi Atanın yanına qayıdacaq. Beləliklə Allahın zəfəri tamamlanacaq. Bu o demək deyil ki, Oğul Ataya bir qul kimi tabedir. Bu Ona həvalə edilmiş işi başa çatdıran və kamil itaət tacının izzəti ilə qayıdan Şəxsin mövqeyidir. Allah Öz Oğlunu dünyanı xilas etmək üçün göndərdiyi kimi, sonda da xilas edilmiş dünyanı alacaq. O zaman göydə və yerdə Onun məhəbbətindən və qüdrətindən kənar heç nə olmayacaq.
29-34
Bu bölmə yenə çətin açıqlama ilə başlayır. İnsanlar həmişə «insanlar ölülər uğrunda niyə vəftiz olunur» ifadəsinin nə demək olduğunu başa düşmürdülər. Bu günə qədər də bu sual həll olunmamış qalır. Yunan dilində ölülər uğrunda söz birləşməsi hiper sözü ilə ifadə edilir. Bu sözün iki əsas mənası var. Hiper sözü bir yeri ifadə etmək üçün istifadə olunursa, bu, «üstə» və ya «üstündə» mənasında işlədilir. Çox vaxt isə bu söz insanlar və ya əşyalar üçün istifadə olunur və «əvəzinə» və ya «adından» deməkdir. Bunu nəzərə alaraq, gəlin bu ifadənin necə başa düşüldüyünə baxaq.
1 ) «Üstə» və «üstündə» mənalarından başlayaraq, bəzi alimlər bu ifadənin şəhidlərin məzarları üzərində vəftiz olunanlara aid edirdilər. Buradakı fikir ondan ibarətdir ki, müqəddəs torpaqda vəftiz olunmaq, onların görünməz şahidlər buludu ilə əhatə olunduğunu düşünərkən xüsusilə vacib idi. Bu, çox maraqlı fikirdir. Lakin Paul Korinflilərə Məktub yazanda, məsihçilərin təqib və edamı hələ geniş miqyasda həyata keçirilmirdi. Ola bilsin, məsihçilər sosial təqiblərə məruz qalırdılar, amma Məsihin uğrunda şəhid olmaq vaxtı hələ gəlib çatmamışdı.
2) Hər bir halda, hiper sözünü «əvəzinə» və ya «adından» mənasında oxumaq daha məqsədəuyğundur. Əgər biz bu mənanı götürsək, onda üç imkan əldə edərik. Belə ehtimal olunur ki, bu ifadə imanlı cəmiyyətində başqalarının ölümü ilə boşalan yerləri doldurmaqdan ötrü vəftiz olunanlara aid edilirdi. Gənc bir məsihçi vaxtında xidmət etmiş və şərəflə xidmətdən azad edilmiş veteranı əvəz etmək üçün imanlı cəmiyyətinə yeni əsgər kimi gəlir. Bu, çox vacib bir fikirdir. İmanlı cəmiyyəti həmişə yeni üzvlərə ehtiyac duyur və cəmiyyətin yeni üzvü incəlmiş sıraları dolduran könüllü kimidir.
3) Belə ehtimal da var ki, bu ifadə mərhuma göstərilən hörmət və məhəbbət xatirinə vəftiz olunanlara aid edilir. Burada çox qiymətli bir həqiqət var. Bir çoxumuz doğma birinin bizim üçün ümidlə dua edərək öldüyünü bilə-bilə imanlı cəmiyyətinin üzvü olmuşuq; əbədiyyətə qovuşan adamlarımızın gözəgörünməz təsiri sayəsində Məsihə üz tutmuşuq.
4) Bütün bunlar maraqlı ehtimallardır. Lakin biz inanırıq ki, bu ifadə imanlı cəmiyyətində tətbiq edilən və haqlı olaraq aradan qaldırılan bir adətə istinad edir. Erkən məsihçi cəmiyyətində başqasının əvəzinə vəftiz olunmaq adəti var idi. Əgər məsihçi olmaq niyyətində olan şəxs müvafiq təlim alıb vəftiz olunmadan dünyasını dəyişirdisə, bəzən onun yerinə başqa bir insan vəftiz olunurdu. Bu adət vəftiz olunmamış insanın səmavi bəxtiyarlıqdan məhrum olduğuna dair mövhumatdan yaranmışdı. Ölən adamı bu cür istisnalardan qorumaq üçün insanlar bəzən könüllü olaraq mərhumun adı ilə vəftiz olunurdular.
Burada Paul bu cür əməllərə nə göz yumur, nə də etiraz edir. O, sadəcə olaraq soruşur ki, əgər ölülərdən dirilmə olmasaydı və ölülər dirilməsəydi, bunun bir mənası olardımı? Buradan Paul məsihçi həyatının ən mühüm aspektlərindən birinə keçir. O, mahiyyətcə soruşur: «Məsihçi əvəzində nəsə almasa, özünü məsihçi həyatı ilə bağlı təhlükələrə nədən ötrü məruz qoymalıdır ki?» O öz təcrübəsini nümunə göstərir. O, hər gün həyatını təhlükəyə atır. Efesdə Paulun başına dəhşətli hadisələr gəlib. Bu barədə Əhdi-Cədiddə heç bir məlumat saxlanılmayıb. Paul bu mövzuya 2Korinflilərə 1:8-10-da yenidən qayıdır. O deyir ki, Asiyada, yəni Efesdə qorxunc təhlükə ilə üzləşmişdi. Nəticədə o, ümidsizliyə qapılmışdı. O, ölüm cəzasına məhkum edilmişdi. Bu günə qədər Efesdə «Paulun həbsxanası» adlanan bir bina var. O, arenada qladiatora işlədilən sözdən istifadə edərək vəhşi heyvanlarla mübarizə apardığını deyir. Qədim əfsanələr onun, həqiqətən, belə mübarizə apardığını, heyvanların ona toxunmadığı üçün möcüzəvi şəkildə sağ qaldığını söyləyir. Lakin Paul Roma vətəndaşı idi. Bu səbəbdən heç bir Roma vətəndaşı arenada döyüşməyə məcbur edilə bilməzdi. Çox güman, o, bu ifadəni vəhşi heyvanlar kimi ona hücum edən insanlar tərəfindən necə təhdid edildiyinin mənzərəsini çatdırmaq üçün istifadə edir. Hansı mənada olursa olsun, o, sual verir: «Əgər ölülər dirilməsə, mənə nə xeyri var?»
Bu həyatdan başqa həyatın olmadığına inanan insan belə deyə bilər: «qoy yeyib-içək, çünki sabah öləcəyik!» Hətta Müqəddəs Kitabda da oxşar ifadələr var. «Bir-birilərinə deyirlər: «Gəlin, şərab gətirək, bol-bol kefləndirici içki içək! Sabahkı gün də bu gün kimi, hətta bundan da çox yaxşı olacaq!» (Yeşaya 56:12).
Ölümün son olduğuna inanan vaiz yazırdı: «İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24; 3:12 5:18; 8:15 ilə müqayisə edin). İsa əbədiyyəti unudan və öz şüarına sadiq qalan zəngin bir adamı misal çəkir: «...ye-iç, kef elə» (Luka 12:19).
Klassik ədəbiyyat belə nümunələrlə doludur. Yunan tarixçisi Herodot misirlilərin adətindən danışır. «Varlıların məclislərində ziyafət bitəndən sonra nökərlərdən biri qonaqların ətrafında dolaşır, içərisində bir və ya iki qulac uzunluğunda oyulmuş və bəzədilmiş ölünün taxtadan təsviri olan bir tabut daşıyır. Nökər onu növbə ilə hər qonağa göstərərək deyir: «Bax, ye, iç və kef elə, çünki öləndə belə olacaqsan». Evripid «Alkesta»da (781-789) yazır:
«Bütün bəşəriyyətin alnına ölüm yazılıb.
Yoxsa sabaha qədər yaşayacağını bilən biri varmı?
Bizim üçün taleyin yolları məlum deyil,
Taleyi insan zəkası ilə idarə etmək olmaz.
Buna görə məsləhətimə diqqətlə qulaq as:
«Ye, iç, əylən. Həyatı öz həyatın kimi qəbul et;
Qalan hər şey taledən asılıdır».
Fukidid (2:53) deyir ki, Afinada vəba zamanı insanlar hər cür utancverici cinayət törədir və hər cür həzdən zövq alırdılar. Çünki onlar həyatın qısa olduğunu və cəzalandırılmayacaqlarını düşünürdülər. Horatsi10 Odada (2:13; 13) öz fəlsəfəsini ortaya qoyur: «Şərait, yaş və üç bacının (Parklar) qara sapları11 nə qədər ki imkan verir, şərab, buxur və gözəl tez solan qızılgül çiçəklərini gətirməyi əmr et». Dünyanın ən məşhur şeirlərindən birində Latın şairi Katul yazırdı: «Gəl yaşayaq, Lesbiya, gəl sevişək, qədim zahidlərin əfsanələrini heç sayaq. Günəş doğub-batır; bizim qısa ömrümüz bitəndə ömürlük yatmalı olduğumuz yalnız bir sonsuz gecə olacaq».
Gələcək həyatla bağlı ümidi insanların əlindən al, onda bu həyat öz dəyərini itirər. İnsandan bu həyatın axirət həyatına hazırlıq olduğu inancını götür, onda namus və əxlaq bağları zəifləyər. Gələcək həyatda mükafat alacaqlar deyə insanları bu dünyada namuslu yaşamalarına inandırmağa mənası yoxdur. Fakt budur ki, bu dünyadan başqa dünyanın olmadığına inanan insan dünyanın yalnız maddi dəyərləri önəmli imiş kimi yaşamağa çalışır. Buna görə də Paul israr edir ki, korinflilər dirilmənin olmadığını söyləyənlərlə ünsiyyət qurmasınlar: çünki bu, həyatı murdarlayacaq bir yoluxmaya səbəb ola bilər. Dirilmənin olmadığını bəyan etmək ali biliyin əlaməti deyil. Bu, Allahı tanımamağın əlamətidir. Paul onları utandırmaq üçün xəbərdarlıq edir ki, yolunu azanlar doğru yola qayıtsınlar.
35-49
Bu hissəni şərh etməyə başlamazdan əvvəl bir şeyi xatırlamaq vacibdir: burada Paul heç kimin qəti əmin olmadığı şeylərdən danışır. O, sübut oluna bilən şeylərdən deyil, imanla bağlı məfhumlardan danışır. İfadə olunmayanı ifadə etməyə, təsviredilməz olanı təsvir etməyə çalışaraq, o, insan ideyaları və sözlərindən istifadə edib əlindən gələn hər şeyi edir. Əgər bunu nəzərə alsaq, şərhimizdə özümüzü çox sərt və hərfi mənada ifadə etməkdən çəkinəcəyik və diqqətimizi bu hissəni yazarkən Paulun qoyduğu əsas prinsiplərə yönəldəcəyik. Burada o, «tutaq ki, bədənin dirilməsi var, bəs o zaman insanlar hansı bədənlə diriləcək?» deyən adamlara müraciət edir. Onun cavabının arxasında üç əsas prinsip dayanır.
1) Paul taxılla analogiya aparır. Toxum torpağa düşəndən sonra ölür və lazımi vaxtda yenidən dirilir, yəni səpiləndən sonra tamam başqa bədənlə yenidən doğulur. Paul göstərir ki, parçalanma baş verir. Toxum əvvəlcə parçalanır; cücərəndən sonra əvvəlki formasından çox fərqlənir. Çürüsə də, əvvəlki formasından fərqlənsə də, yenə də eyni toxumdur. Eyni şəkildə bizim bədənlərimiz də çürüməyə məruz qalacaq və tamamilə fərqli bir formada yenidən diriləcək. Amma dirilən eyni adam olacaq. Öləndə çürüyən, diriləndə yeni forma alan — yenə eyni adam, yəni biz olacağıq.
2) Dünyada hər canlının əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır. Allah hər bir canlıya özünə uyğun rahat bədən verir. Əgər belədirsə, onda Onun bizə əbədi səmavi həyat üçün uyğun olan ruhani bədən bəxş edəcəyini gözləmək düzgün olar.
3) Həyatda hər şey inkişaf edir. İlk insan olan Adəm torpaqdan yaradılmışdır (Yaradılış 2:7). Amma İsa torpaqdan yaranan məxluqdan tamamilə fərqli varlıqdır. O, Allahın Ruhunun təcəssümüdür. Beləliklə, əvvəlki həyat tərzimizə görə biz Adəmlə bir idik, onun günahına şərik, onun ölümünün varisləri və onunla eyni bədənə sahib idik. Lakin yeni həyat tərzinə görə biz Məsihlə birik. Buna görə də Onun həyatına və Onun varlığına şərikik. Düzdür, indi cismani bədənimiz var, amma bir gün ruhani bədənimiz olacaq.
Bütün hissə boyu Paul bu bədənin necə olacağını gizli saxlayır. Yeni bədənimiz ruhani, Allahın uyğun gördüyü kimi olacaq. Biz Məsih kimi olacağıq. Amma 42-44-cü ayələrdə gələcək bədənimizə dair işıq salan dörd təzad var.
1) İndiki bədənimiz fanidir, gələcək həyatda isə əbədi olacaq. Bu dünyada hər şey dəyişməyə və çürüməyə məruz qalır. Sofoklun dediyi kimi: «Gəncliyin gözəlliyi sönür, cəsarətin izzəti də solur». Ancaq gələcək həyatda hər şey daimi olacaq və gənclik heç vaxt gözəlliyini itirməyəcək.
2) İndiki bədənimiz zillət içərisindədir, amma axirətdə izzət içində olacaq. Ola bilsin, Paul demək istəyir ki, bu həyatda hisslər və ehtiraslar vasitəsilə biz, sadəcə olaraq, zillət çəkə bilərik. Gələcək həyatda isə bədənimiz artıq ehtirasların və keçib gedən istəklərin qulu deyil, Allaha xidmət edən alət olacaq. Bu, ən böyük izzətdir.
3) İndiki bədənimiz zəifdir, amma diriləndə güclü olacaq. İndiki dövrdə insanın gücündən danışmaq dəb halını alıb. Lakin insanın, həqiqətən, diqqət çəkən xüsusiyyəti onun zəifliyidir. İnsanı yel və ya bir damla su öldürə bilər. Bu həyatda biz çox vaxt bədənin zəruri fiziki məhdudiyyətlərinə görə müxtəlif məhdudiyyətlərə məruz qalırıq. Bədən konstitusiyamız tez-tez planlarımıza və arzularımıza belə deyir: «İndi, sonra yox».
Biz çox vaxt məhduduq olduğumuza görə yorğun oluruq. Ancaq axirətdə bütün bu fiziki məhdudiyyətlər olmayacaq. Burada biz zəifik, orada isə güclü olacağıq.
Ümid edilən, arzulanan bütün yaxşı şeylər gerçəkləşəcək;
Əlçatmaz yüksəkliklər, yer üzündə çətin olanlar,
Qəhrəmanlıq əlçatan olacaq.
Bu həyatda «qırıq qövslərimiz»,
Axirətdə «mükəmməl çevrələrimiz» olacaq.
4) İndiki bədənimiz cismanidir, ölülərdən diriləndə isə ruhani bədənimiz olacaq. Bəlkə də Paul bununla demək istəyir ki, biz bu dünyada qeyri-kamil qablar və Ruhun alətləriyik. Lakin gələcək həyatda biz elə olacağıq ki, Ruh bizi bu dünyada heç vaxt olmadığı qədər doldura biləcək. O zaman biz kamil ibadət, kamil səcdə və kamil məhəbbətə qadir olacağıq. Bu həyatda onları yalnız arzulamaq olar.
50-58
Bu hissəni təhlil edərkən Paulun həm ifadə, həm də dildə çətinlik yaradan məsələlərlə məşğul olduğunu bir daha xatırlamaq lazımdır. Ona görə də bu hissəni elmi əsər kimi təhlil etmək yox, poetik əsər kimi oxumaq lazımdır. Dəlillər bir-birinin ardınca gedir, şiddətlənir və sonda kulminasiya nöqtəsinə çatır.
1) Paul iddia edir ki, biz bədəndə olarkən Allahın Padşahlığını miras almağa hazır deyilik. Bəlkə də bu həyata yaxşı hazırlaşmışıq, amma gələcək həyatın öhdəsindən gələ bilməyəcəyik. İnsan səhər avtobusuna çatmaq üçün kifayət qədər sürətlə qaça bilər, amma Olimpiadada qalib olmaq ayrı məsələdir. İnsan maraqlı əsərlər yaza və əsərlərlə dostlarını razı sala bilər. Lakin bu o demək deyil ki, yazdığı əsər ona izzət qazandıracaq. Bir insan öz həmfikirliləri arasında yaxşı danışa bilər, lakin bu mövzuda mütəxəssislər arasında susub qalar. Cəmiyyətdə daha yüksək səviyyəyə çatmaq üçün insanın dəyişməsi lazımdır. Paul deyir ki, Allahın Padşahlığına daxil olmaq üçün biz dəyişməliyik.
2) Paul daha sonra bu köklü dəyişikliyin onun dövründə baş verməsini mümkün hesab edir. Lakin bu məsələdə o yanılırdı. O, insanın bu dəyişməsinin İsa Məsihin ikinci gəlişində baş verəcəyini gözləyirdi.
3) Sonra Paul bəyan edir ki, heç kim bu dəyişiklikdən qorxmamalıdır. Ölüm qorxusu həmişə insanları təqib edir. Ölüm qorxusu həm də ən böyük və ən yaxşı adamlardan biri olan doktor Consonu təqib edib. Bosvell bir dəfə ona deyir ki, ölümdən qorxmur. Conson cavabında «elə an olmayıb ki, ölüm mənə dəhşətli bir şey kimi görünməsin» deyir. Bir gün ona yenə deyirlər ki, o, əslində həyatın qapısı olan ölümdən qorxmamalıdır. Conson isə buna belə cavab verir: «Ağıllı insan qorxmadan ölə bilməz. Ölüm qorxusu o qədər təbii hissdir ki, bütün həyat boyu ölüm barədə düşünməmək mümkün deyil».
Bəs ölüm qorxusunun mahiyyəti nədir? O, bir növ naməlum qorxudan qaynaqlanır. Lakin daha çox günahkarlıq hissi ilə izah olunur. Əgər insan Allahın hüzuruna asanlıqla çıxa biləcəyini hiss etsəydi, o zaman — Peter Penin dediyi kimi, — ölüm sadəcə maraqlı bir macəra olardı. Bəs günah hissi haradan qaynaqlanır? Bu, insanın qanun altında olması hissindən irəli gəlir. Nə qədər ki, insan Allahda yalnız ədalətli qanun görür, özünü müttəhimlər kürsüsündə hər zaman bəraəti olmayan cinayətkar kimi hiss edəcəkdir. Lakin İsa insanları məhz bu qorxudan xilas etmək üçün zühur etdi. O bizə Allahın qanun deyil, məhəbbət olduğunu, Allahın varlığının mahiyyətinin qanunauyğunluq deyil, mərhəmət olduğunu söyləməyə gəldi. Beləliklə, biz hakimin qarşısına yox, övladlarının qayıdışını gözləyən Atanın qarşısına çıxacağıq. Beləcə Məsih bizə ölüm üzərində qələbə qazandırdı. Ölüm qorxusu ilahi məhəbbət möcüzəsi qarşısında məhv oldu.
4) Fəslin sonunda Paul həmişəki metodundan istifadə edir: onun teoloji arqumentləri qəfildən çağırışa çevrilir, sırf praktik xarakter alır, düşüncənin sürətli yüksəlişi birdən-birə hərəkətə çağırışla əvəzlənir. O, fikrini belə tamamlayır: «...Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın». Məsihçinin həyatı çətin ola bilər, lakin sonda nail olunan məqsəd buna layiqdir.
Allahın verdiyi gözəl ümid
Sınaqlara tab gətirər;
Dirilmiş Məsihin qanı ilə
Sadiqləri ölümdən dirildər.