Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə birinci məktub: 16-cı fəsil

V. Barklinin şərhləri

16-cı fəsil

1-12

PRAKTİK PLANLAR (1Korinflilərə 16:1-12)

15-ci fəsildən 16-cı fəslə qəfil keçid Paula xas üslubdur. 15-ci fəsildə Paul düşüncə və teologiyanın ali sahələrinə toxunur və o dünyada baş verəcəkləri müzakirə edir. 16-cı fəsildə o, praktiki şeylərdən danışır və bugünkü dünyamızın, imanlı cəmiyyətinin idarəetmə problemləri ilə maraqlanır. Paulun düşüncəsi sərhəd tanımır, lakin imanlı cəmiyyətini idarə etməklə bağlı ən xırda detalları belə unutmur. O, teoloji fərziyyələrin ən yüksək sferasında özünü rahat hiss edən və praktiki məsələlərdə itib-batan xəyalpərəstlərdən deyildi. Hətta başı buludlara dəyəndə belə, ayaqları ilə yerdə möhkəm dayanırdı.

Paul Yerusəlimdəki yoxsullar üçün ianə toplamaqdan başlayır. Bu onun üçün çox dəyərli idi (Qalatiyalılara 2:10; 2Korinflilərə 8:9; Romalılara 15:25; Həvarilərin işləri 24:17 ilə müqayisə edin). O dövrdə müəyyən bir qardaşlıq hissi var idi. Yunan aləmində erana adlı cəmiyyətlər mövcud idi. İnsan çətinliyə düşəndə və ehtiyac içində olanda, dostları yığışıb ona faizsiz borc verərdi. Sinaqoqlarda imkanlı insanlardan pul və ianə toplayıb yoxsullara paylayan xüsusi xidmətçilər var idi. Çox vaxt başqa ölkələrə gedən və orada firavan yaşayan yəhudilər Məbəd və yoxsullara ianə vermək məqsədilə Yerusəlimə elçilər göndərirdilər. Paul məsihçi cəmiyyətinin səxavətdə yəhudi adət-ənənələrindən və başqa millətlərdən geri qalmasını istəmirdi.

Lakin Paula görə, Yerusəlimdəki yoxsul müqəddəslər üçün nəzərdə tutulan ianə daha çox məna kəsb edirdi:

1) Bu, məsihçi cəmiyyətinin birliyini praktikada nümayiş etdirməyin yollarından biri idi. Bu, dünyaya səpələnmiş məsihçilərə onların təkcə yerli cəmiyyətin üzvləri deyil, həm də başqa məsihçilər qarşısında öhdəlikləri olan İmanlı Cəmiyyətin üzvləri olduğunu xatırlatmaq üsulu idi. Paulun imanlı cəmiyyəti anlayışı tək bir cəmiyyətin dar sərhədləri ilə məhdudlaşmırdı.

2) Belə ianələr Məsihin təliminin yayılmasına kömək edirdi. İanə yığmaqla Paul yeni imana gələnlərə Məsihin məhəbbətinin gücü və ləyaqəti haqqında təlimi tətbiq etmək imkanı verirdi.

Artıq qeyd etdiyimiz kimi, Paul müxtəlif məktublarında və çıxışlarında həmin ianələri təyin etmək üçün ən azı doqquz fərqli sözdən istifadə edir.

1) Burada Paul ianəni logia adlandırır: bu söz xüsusi toplanan pul deməkdir. Logia bir insanın ödəməli olduğu verginin əksidir; bu, əlavə qurban idi. Məsihçi heç vaxt öz borcunu yalnız öhdəliklərlə yerinə yetirə bilməz. İsa belə bir sual vermişdi: «...başqalarından artıq nə etmiş olursunuz?» (Matta 5:47).

2) Bəzən Paul bunu haris adlandırır (1Korinflilərə 16:3; 2Korinflilərə 8:4). Artıq gördüyümüz kimi, haris könüllü ianə olması ilə fərqlənir. Əsl xeyirxah iş insandan müəyyən bir miqdar qopartmaq deyil, onun ürəyinin istəyinə uyğun olaraq verməsidir. Qeyd etmək lazımdır ki, Paul Korinf məsihçisinin verməli olduğu məbləği dəqiq göstərmir. Paul onların imkanları çatdığı qədər verməli olduqlarını deyir. Nə qədər verəcəyini insana ürəyi deməlidir.

3) Bəzən Paul koinoniya sözündən istifadə edir (2Korinflilərə 8:4; 9:13; Romalılara 15:6). Koinoniya qardaşlıq deməkdir, qardaşlığın mahiyyəti isə paylaşmaqdır. Axı qardaşlıqda insan paylaşmaya bilməz. O, sərvətini başqaları ilə bölüşmək zərurəti duyur. Ona «mən özüm üçün nə saxlaya bilərəm?» yox, «mən nə verə bilərəm?» sualı hakim olur.

4) Bəzən Paul diakoniya sözündən istifadə edir (2Korinflilərə 8:4; 9:1; 12:13). Diakoniya praktiki məsihçi xidməti deməkdir. Azərbaycan dilində diakon sözü cəmiyyət xidmətçiləri kimi qeyd olunur. Bəzən həyatdakı çətinliklər bizə imanlı cəmiyyətində xidmət etməyə mane olur. Buna görə ianələrimiz bizim üçün əlçatmaz bir yerdə xidmət edə bilər.

5) Paul bolluq mənasını verən hadrotes sözünü cəmi bir dəfə işlədir (2Korinflilərə 8:20). Bu ayədə Paul toplanan ianələri başqa məqsədlər üçün xərcləmədiyinə əmin olmaqdan ötrü onu müşayiət edəcək elçilər haqqında danışır. Paul heç vaxt özü üçün maddi dəstək istəməzdi. O, əllərinin zəhməti, alnının təri ilə qazandıqlarına qane olurdu. Nəyisə paylaşa biləndə isə ürəkdən sevinirdi. Milyonçu olmaq arzusunda olub, həmişə özü üçün nə alacağını sadalamaqla başlayan və çox nadir hallarda başqalarına nə verəcəyini düşünmək insan təbiətinin qaranlıq hissəsidir.

6) Bəzən Paul xeyir-dua mənasını verən eulogiya sözündən istifadə edir (2Korinflilərə 9:5). Elə ianələr var ki, onları xeyir-dua adlandırmaq olmur. Belə ianələr ürəksiz verilən və özünə borc bilinən ianələrdir. Əsl ianələr və xeyir-dualar səxavətli ürəklərə sevinc gətirir.

7) Bəzən Paul leyturgiya sözündən istifadə edir (2Korinflilərə 9:12). Klassik yunan dilində bu sözün nəcib tarixi var. Afinanın əzəmətli dövründə bəzi səxavətli vətəndaşlar müəyyən tədbirlərin xərclərini könüllü olaraq öz boynuna götürürdülər. Məsələn, yeni səhnə üçün xor hazırlanması, idman komandasının yarışa hazırlanması, şəhər üçün təhlükəli günlərdə döyüş gəmisinin tikintisi və avadanlıqlarının alınması üçün xərcləri ola bilərdi. Əvvəllər leyturgiya könüllü olaraq qəbul edilən ictimai xidmət demək idi. Məsihçilərin verdiyi ianələr könüllü olmalıdır. Əsl ianə Allahın evinə kömək etmək imtiyazı hesab edilməlidir.

8) Bir dəfə Paul ianə barədə danışarkən tərcümədə sədəqə mənasını verən elemozune sözündən istifadə edir (Həvarilərin işləri 24:17). Sədəqə yəhudilərin təfəkkür və dinində o qədər mühüm rol oynayırdı ki, onlar bir kəlmə ilə sədəqə və salehliyi ifadə edə bilərdi.

«Çünki ataya göstərilən mehribanlıq unudulmaz, günahların nəticəsində dağılan həyatın bərpa olar. Kədər günlərində bu sənin xeyrinə yada salınacaq, buz istidən əridiyi kimi, günahların da yox olacaq» (Sirax 3:14-15).

Hər bir yəhudi deyərdi: «İnsan səxavətli deyilsə, mömin olduğunu başqa cür necə göstərə bilər?!»

9) Nəhayət, Paul bunun üçün yunanca prosfora sözündən istifadə edir (Həvarilərin işləri 24:17). Maraqlıdır ki, prosfora sözü qurban gətirmək, qurban deməkdir. Sözün əsl mənasında, insanın ehtiyac duyduğu anda ona verilən hər şey Allaha qurbandır. İnsanın tövbə edəndən sonra Allah üçün gətirə biləcəyi ən gözəl qurban, Onun ehtiyacı olan övladlarından birinə göstərdiyi xeyirxahlıqdır.

Bu hissənin sonunda Paul iki köməkçisini təqdim edir. Onlardan biri Timoteydir. Timoteyin bir çatışmazlığı var idi — o, gənc idi. Korinfdəki vəziyyət hətta təcrübəli Paul üçün də olduqca çətin idi. Ona görə də Timoteyə daha mürəkkəb və çətin ola bilərdi. Paul tövsiyə edir ki, onlar Timoteyə Timoteyin özünə görə deyil, onun gördüyü işə görə hörmətlə yanaşsınlar. İnsan xidməti şərəfləndirmir, xidmət insanı şərəfləndirir. Mühüm tapşırığı yerinə yetirməkdən böyük şərəf yoxdur. Paulun ikinci köməkçisi — Apollodur. Bu hissədə Apollo müdrik bir insan kimi təqdim olunur. Artıq Məktubun əvvəlində biz Korinfdə Apollonun razılığını almadan özünü «mən Apollonun ardıcılıyam» adlandıran bir qrup olduğunu görürük. Apollo bunu bilirdi və şübhəsiz, kənarda qalmaq istəyirdi ki, həmin qrup onu öz tərəfinə çəkməsin. Əgər imanlı cəmiyyəti qruplaşma siyasəti ilə parçalanırsa, onda uzaq durmaq daha yaxşı addımdır. Apollo bunu başa düşəcək qədər müdrik idi.

13-24

SON SÖZLƏR VƏ SALAMLAR (1Korinflilərə 16:13-24)

Bu hissə də böyük maraq doğurur. Çünki bu hissədə verilən nəsihət erkən məsihçi cəmiyyətinin gündəlik həyatına işıq salır.

Paul beş imperativlə başlayır. Onlardan ilk dördü sanki döyüşçü həyatından götürülüb və komandirin əsgərlərinə verdiyi əmrlərə bənzəyir. «Mühafizəçi kimi həmişə ayıq ol. Hücuma məruz qalanda imanda möhkəm dayan və bir qarış da geri çəkilmə. Döyüş zamanı qəhrəman ol. Padşah uğrunda döyüşdə yaxşı təchiz edilmiş və təlim keçmiş güclü döyüşçü ol». Bundan sonra metafora dəyişir. Əgər xaricdən məsihçi inancını təhdid edənlərə münasibətdə məsihçi yuxarıda sadalanan bəzi keyfiyyətlərə malik olmalıdırsa, imanlı cəmiyyəti daxilində o, həmrəylik və Məsihin sevgisini göstərməlidir. Məsihçinin həyatı həmişə sarsılmaz cəsarət və sevgi ilə xarakterizə olunur.

Stefan, Fortunat və Axaik Efesə Paulun yanına gələrkən, ona Korinfdəki vəziyyətlə bağlı ən son və dəqiq xəbərləri çatdırmışdılar. Paulun Stefan haqqında dedikləri böyük maraq doğurur. Stefan hörmətə layiqdir, çünki o özünü imanlı cəmiyyətinin xidmətinə həsr etmişdir. Erkən məsihçi cəmiyyətində könüllü və səylə xidmət rəsmi xidmətin başlanğıcını təmsil edirdi. İnsan imanlı cəmiyyətinin rəhbəri vəzifəsinə çox vaxt təyinat yolu ilə seçilmirdi. İnsan nüfuzuna, həyatı və xidməti başqalarından fərqləndiyinə görə imanlı cəmiyyətinin rəhbəri olurdu. T.K.Edvards deyir ki, «Kilsədə vəzifədə olan çox adam var, ancaq səylə xidmət edənlər azdır».

19 və 20-ci ayələr salamların siyahısıdır. Akila və Priskila salam göndərirlər. Bu ər-arvadın adına Paulun bütün məktublarında və Həvarilərin işləri kitabında rast gəlirik. Onlar yəhudi idilər və Paul kimi çadır tikməklə məşğul olurdular. Əvvəlcə onlar Romada yaşayırdılar. Lakin 49 və ya 50-ci illərdə Roma imperatoru Klavdi bütün yəhudiləri Romadan qovmaq haqqında fərman imzalayandan sonra onlar Korinfə sığındılar. Paul onlarla ilk dəfə Korinfdə görüşmüşdü (Həvarilərin işləri 18:2). Akila və Priskila Korinfdən sonra Efesə köçürlər və Paul oradan Korinfdəki köhnə imanlılara salamlarını çatdırır. Romalılara məktub 16:3-dən biz öyrənirik ki, onlar yenidən Romaya qayıdıb orada məskunlaşdılar. Akila və Priskilanın hekayəsindən maraqlı bir nəticə çıxarmaq olar: hətta o dövrdə səyahət etmək kifayət qədər asan və təbii idi. Onlar ticarətlə məşğul olaraq İsraildən Romaya, Romadan Korinfə, Korinfdən Efesə və Efesdən Romaya köçürdülər.

Bu ər-arvad haqqında daha bir vacib məqamı qeyd etmək lazımdır. O dövrdə məsihçilərin, ümumiyyətlə, kilsə binaları yox idi. Biz kilsənin inşası haqqında yalnız Miladdan sonra üçüncü əsrdə eşidirik. Kiçik icmalar fərdi evlərdə toplaşırdılar. Evin kifayət qədər geniş otağı olurdusa, möminlər orada yığışırdılar. Budur, Akila və Priskila hara köçsələr də, onların evi həmişə imanlıların toplaşdığı yer olub. Onlar Romada yaşayanda, Paul onlara və evindəki imanlı cəmiyyətinə salam göndərmişdi (Romalılara 16:3-5). Paul Efesdən yazanda onlardan və onların evində toplaşan imanlılardan salam göndərir. Akila və Priskila evlərini Məsihin işığı və məhəbbət mənbəyinə çevirən, qonaqlar qəbul edən heyrətamiz insanlar sırasındadır. Çünki Məsih həmişə onların gözəgörünməz qonağı olub. Onlar öz evini tənha və sınağa çəkilmiş, kədərli və ümidsiz insanlar üçün sülh, istirahət və dostluq sığınacağına çevirmişdilər. Homer qəhrəmanlarından birinə böyük bir iltifat edərək onun haqqında belə demişdi: «O, yol kənarında bir evdə yaşayırdı, səyahətçilərin və qəriblərin dostu idi». Məsihçi səyyahlar Akila və Priskilanın yaşadığı evdə sığınacaq və rahatlıq tapırdılar. Qoy Allah evlərimizi onların evi kimi etməyi bizə nəsib etsin!

Paul yazır: «Bir-birinizi müqəddəs öpüşlə salamlayın». Müqəddəs öpüş ilk məsihçi cəmiyyətinin gözəl adəti idi. Bəlkə də bu, imanlı cəmiyyəti tərəfindən qəbul edilmiş yəhudi adəti idi. Görünür, müqəddəs öpüş ibadət bitdikdən sonra və məsihçilərin Rəbbin süfrəsini qəbul etməzdən əvvəl baş verirdi. Müqəddəs öpüş onların məhəbbət süfrəsi arxasında əyləşib bir-birilərinə göstərdikləri həqiqi sevginin rəmzi idi. Yerusəlimli Kiril bu barədə belə yazır: «Düşünməyin ki, bu öpüş bazar meydanında dostlarınızı salamladığınız vaxt olan eyni öpüşdür». Müqəddəs öpüş sıradan bir öpüş deyildi. Təbii ki, sonrakı dövrlərdə bu öpüş kişi ilə qadın arasında deyil, yalnız qadınla qadın, kişi ilə kişi arasında olurdu. Bəzən bu, dodaq dodağa deyil, əldən öpüş olurdu. Bu adət, sadəcə olaraq, «Müqəddəs» adlandırılmağa başladı. Doğrudan da, mübahisələr və fikir ayrılıqları ilə parçalanmış Korinf imanlı cəmiyyətinə bu gözəl adəti xatırlatmaq lazım idi.

Nə üçün bu gözəl adət imanlı cəmiyyətində daha az tətbiq olunur? Birincisi ona görə ki, bu adət nə qədər gözəl olsa da, insanı incidə bilər. Üstəlik, bütpərəst böhtançılar tərəfindən imanlı cəmiyyətinin zərərinə istifadə edilə bilərdi. İkincisi ona görə ki, imanlı cəmiyyəti get-gedə qardaşlıq münasibətini itirirdi. İmanlıların görüşdüyü və hər kəsin bir-biri ilə yaxın olduğu kiçik ev toplantılarında bu, adi salamlaşma üsulu idi. Lakin kiçik qardaşlar qrupu böyük yığıncağa və ev toplantısında kiçik bir otaq böyük kilsəyə çevriləndə, bu doğmalıq öz mahiyyətini itirdi. Doğmalıqla birlikdə müqəddəs öpüş də praktikadan çıxdı. Aydın məsələdir ki, kilsələrin sayı əhəmiyyətli dərəcədə artdıqca biz nələrisə itiririk. Çünki yerli icma nə qədər böyük və müxtəlifdirsə, orada qardaşlıq hissini qoruyub saxlamaq və üzvlərin bir-birilərini tanıması və sevməsi bir o qədər çətindir. Bir-birinə yad və ya ən yaxşı halda, bir-biri ilə tanış olan insanların kilsəsi, sözün əsl mənasında, həqiqi kilsə deyil.

Məktubun son səhifəsində Paul şəxsi salamlarını əlavə edir. Onun məktubunu Paulun katibi yazırdı. Paul korinfliləri Məsihi sevməyən hər kəsə qarşı xəbərdar edir. Bundan sonra o, arami dilində «Rəbbimiz gəl» mənasını verən «marana ta» ifadəsini işlədir. Yunan imanlı cəmiyyətinə yunanca yazılmış məktubda arami dilində bir ifadəyə rast gəlmək ilk baxışda qəribə görünür. Bu, belə izah olunur ki, həmin ifadə parol xarakteri daşıyır. Bu, erkən imanlı cəmiyyətinin ümidini ehtiva edirdi və məsihçilər bir-birilərini bütpərəstlərin başa düşə bilmədiyi bu ifadə ilə tanıyırdılar.

Sonda Paul Korinfdəki imanlılara Rəbbimiz İsa Məsihin lütfünü və məhəbbətini elan edir. O, xəbərdarlıq edir, danlayır, haqlı olaraq qəzəblənir, amma son sözü sevgi olur.

1 Pikadilli (ing. Piccadilly) — Londonun tarixi mərkəzi olan Vestministerdə yerləşən və şəhərin ən gur küçələrinndən biri.

2 Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası).

3 Selsus (yun. Kέλσον, lat. Celsus, II yüzilliyin ikinci yarısı) Roma filosofu, orta platonçuluğun təmsilçisi, Xristianlığın ən tanınmış antik tənqidçilərindən biri. Onun haqqında zamanımıza çox az bilgi gəlib çatmışdır. Məlumdur ki, o imperator Markus Avreliusun dostu idi.

4 Trirema - qədim Romada: üçyaruslu avarları olan hərb gəmisi.

5 Losman - dəniz su yoluna yaxşı bələd olan dəniz bələdçisi.

6 Şanagül - göldə bitən çiçəkli bitki.

7 Akropol - qədim yunan şəhərlərində qala.

8 Snobizm - özünü aristokratlara oxşatmağa çalışmaq.

9 Evripid — yunan faciəsinin görkəmli nümayəndəsi olmuş və öz yaradıcılığı ilə yunan faciəsinə yeniliklər gətirməklə yanaşı, onun yaradıcılığı antik yunan faciəsinin son mərhələsi olmuşdur. Evripid e.ə. 480-406-cı illərdə yaşamış ilk faciəsini e.ə. 455-ci ildə yazmışdır. Onun 92 faciəsindən 19 dövrümüzə qədər gəlib çatmışdır. Bunlardan ən çox tanınmışları "Alkesta" və "Medeya" faciələridir. Evripid insanları olduğu kimi göstərmiş və əsatirə tanqidi yanaşmışdır. Bu cəhətdən onun yaradıcılığı Esxil və xüsusilə də Sofoklun yaradıcılığından fərqlənir.

10 Kvint Horatsi Flakk - Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. E.ə. 65–8-ci illərdə yaşamışdır. Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir.

11 Parklar (lat. Parcae) qədim Roma mifologiyasında taleyin üç ilahəsidir. Qədim yunan mifologiyasındakı Moiraya uyğun gəlir:

Nona (lat. Nona) - insan həyatının sapını əyirərək ipi çəkir (Moira Clotoya uyğundur),

Decima (lat. Decima) - taleyi paylayaraq yedək milini yedəkləyir (Moira Lachesisə uyğundur),

Morta (lat. Morta) - bir insanın həyatına son qoyaraq ipi kəsir (Moira Atroposuna uyğundur).

3

Müqəddəs Kitab

İanələr haqqında
1 İndi isə müqəddəslər üçün ianələr yığmağa gəlincə, Qalatiya cəmiyyətlərinə necə buyurmuşamsa, siz də elə edin. 2 Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın. 3 Oraya çatanda ianələrinizi Yerusəlimə çatdırmaq üçün seçdiyiniz adamları məktublarla göndərəcəyəm. 4 Əgər mənə də getmək məsləhət olsa, onlar mənimlə gedər.
Paulun səyahət niyyətləri
5 Mən Makedoniyadan keçəndən sonra yanınıza gələcəyəm, çünki Makedoniyadan keçmək niyyətindəyəm. 6 Bəlkə də yanınızda bir az qalacağam, hətta qışı da keçirəcəyəm ki, siz məni gedəcəyim yerlərə yola salasınız. 7 Çünki mən sizinlə ötəri görüşmək istəmirəm. Rəbbin izni ilə yanınızda bir müddət qalmağa ümid edirəm. 8 Efesdə isə Əllinci Gün bayramınadək qalacağam. 9 Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur.
10 Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür. 11 Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm.
12 Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək.
Son xahişlər
13 Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. 14 Qoy etdiyiniz hər bir əməl məhəbbətlə olsun.
15 Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər. 16 Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun. 17 Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum. 18 Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin.
Salam göndərmə
19 Sizi Asiya vilayətinin cəmiyyətləri salamlayır.
Akila və Priskila öz evlərində toplaşan cəmiyyətlə birlikdə Rəbbin ismi ilə sizə çoxlu salam göndərirlər.
20 Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın.
21 Mən Paul bu salamı öz əlimlə yazıram. 22 Rəbbi sevməyənə lənət olsun. Marana ta! 23 Rəbbimiz İsanın lütfü sizə yar olsun! 24 Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun!
  • Giriş
  • More pages
  • 15
  • 16