Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə birinci məktub: 2-ci fəsil

V. Barklinin şərhləri

2-ci fəsil

1-5

BƏYAN ETMƏK VƏ QÜDRƏT (1Korinflilərə 2:1-5)

Paul Korinfə ilk gəlişini xatırladır və üç məqamı qeyd edir.

1) O gələndə sadə dildə danışdı. Qeyd etmək yerinə düşər ki, Paul Afinadan gəlmişdi. O, orada fəlsəfi terminologiyadan istifadə edərək ilk və son dəfə məsihçiliyi bəyan etməyə cəhd etmişdi. Orada, Mars dağında Paul filosoflarla görüşmüş, onlarla onların dilində danışmış (Həvarilərin işləri 17:22-31) və uğursuzluğa düçar olmuşdu. Onun fəlsəfi ifadələrlə vəz etməsi afinalılarda heç bir təəssürat yaratmamışdı (Həvarilərin işləri 17:32-34). Belə güman etmək olar ki, Paul öz-özünə demişdi: «Bundan sonra mən Məsihin müjdəsini sadə dildə izah edəcəyəm. Bir daha onu insan çərçivəsinə salmağa çalışmayacağam. Mən yalnız çarmıxa çəkilmiş İsa Məsihi tanıyıram». İnsanların qəlbinə dərindən toxunan İsa Məsihin həyatının bəzədilmiş hekayəsi deyil. Doktor Ceyms Stüart belə bir misal çəkir:

«Məsihçi missionerləri Frank kralı Kloviksin sarayına gəldilər. Onlar krala çarmıxa çəkilmə barədə danışanda, qoca kral əlini qılıncına atıb dedi: «Əgər mən və mənim franklarım orada olsaydı, Qolqotaya hücum edib Onu düşmənlərinin əlindən qurtarardıq»«.

Canlı təsvir olunmuş mənzərə sadə düşüncəli insanlarda məntiqi sübutlar silsiləsinin heç vaxt yarada bilməyəcəyi təəssürat yaradır. Əksər insanlara toxunan yol ağıldan deyil, ürəkdən keçir.

2) O, qorxu içində gəldi. Burada nə baş verdiyini bilmək vacibdir. O özünə görə qorxmurdu, qaldı ki, təbliğ etdiyi Müjdədən utansın. Bu, əslində qorxu deyildi, «öz vəzifəsini ən yaxşı şəkildə necə yerinə yetirəcəyi ilə bağlı narahatlıq idi». Burada Paulun özünə münasibətdə işlətdiyi ifadə vicdanlı qulların davranışlarını, onların ağalarına necə itaət etməli olduqlarını xarakterizə etmək üçün də istifadə edilən sözdür (Efeslilərə 6:5). Böyük bir işə ehtiyatla yanaşmayan insan qüsursuz şəkildə onun öhdəsindən gələ bilməz. Əsl böyük aktyor hələ tamaşa başlamamış rola girir. Eynilə vəzdən öncə ürəyi riqqətə gələn təbliğçi dinləyicilərinə təsir edə bilər. Tapşırığı əsəb və gərginlik olmadan yerinə yetirən insan onu nümunəvi şəkildə tamamlaya bilər. Öz rolunu ehtiramla yerinə yetirən insan isə elə təsir edə bilər ki, sənətkarın buna gücü çatmaz.

3) Paulun Korinfdəki xidməti yalnız sözlərlə məhdudlaşmırdı. Onun təbliğləri insanların həyatını dəyişirdi. Paulun sözlərinə görə, onun təbliğ etdiyi həqiqət Ruhun qüdrətini göstərməsi ilə sübuta yetirildi. O, burada elə bir söz işlədir ki, onu təkzib etmək üçün heç bir arqument tapmaq mümkün deyil. Bu, hansı sübutdur? Bu, insanların həyatının dəyişməsidir. Korinfin pozulmuş və əxlaqsız həyatına yeni, təravətləndirici sular töküldü. Con Hatton həmişə belə bir hekayə danışırdı:

«Bir dəfə Məsihin hekayəsini eşidən sərxoş tüfeyli adam onun əsiri oldu. İş yoldaşları onun çiyinlərindən tutub dedilər:

  • Sənin kimi ağıllı adam İncildə deyilən bütün möcüzələrə inana bilməz. Axı İsa suyu şəraba necə çevirə bilərdi?

  • Bilmirəm, o, suyu şəraba çevirib ya yox, amma Onun mənim evimdə pivəni mebelə necə çevirdiyini görmüşəm».

Əgər insanın həyatı dəyişilibsə, heç kim bu sübutları təkzib edə bilməz. Çox vaxt biz kimisə sözlərlə inandırmağa çalışırıq. Halbuki Məsihi onlara göstərmək üçün ən yaxşı nümunə bizim öz həyat tərzimizdir. Bir nəfərin dediyi kimi: «Kimdə ki Məsih dirilib, əsl müqəddəs odur».

6-9

ALLAHIN HİKMƏTİ (1Korinflilərə 2:6-9)

Bu hissədə Paul məsihçi imanındakı təlim yolları ilə məsihçi həyatının mərhələləri arasındakı fərqi göstərir. Erkən Məsihçi Cəmiyyətində iman yolunu bir-birindən aydın şəkildə fərqləndirilən iki təlim metodu var idi.

1) Keriqma deyilən, yəni elçi vasitəsilə çatdırılan padşahın xəbəri var idi. Bu xəbər məsihçiliyin əsas faktları və prinsipləri, İsanın həyatı, ölümü, dirilməsi və İkinci gəlişi barədə olan faktların sadə şəkildə çatdırılması idi.

2) Didake deyilən bir təlim də var idi. Bu, artıq qeyd olunmuş faktların izahını özündə əks etdirən təlim idi. Göründüyü kimi, məsihçiliyi təbliğ etməyin bu forması artıq keriqma mərhələsini keçmişlər üçün ikinci mərhələni təmsil edirdi.

Söhbət elə bundan gedir. Paul bu vaxta qədər çarmıxa çəkilmiş İsa Məsih haqqında danışırdı; bu, məsihçi təlimin əsas təməli idi. Lakin o, daha sonra deyir ki, biz bununla kifayətlənmirik: məsihçi təlimi təkcə faktları, imanın əsaslarını təlqin etmir, həm də onların mənasını izah edir. Paul deyir ki, belə təbliğ teleyoi-lər, yəni kamillər arasında aparılır. Müqəddəs Kitabda kamil sözü yunanca teleyoi sözünün mənalarından biridir, lakin bu kontekstdə yersiz görünür.

Yunan sözü teleyos özünün ən yüksək inkişaf mərhələsinə çatmış insan və ya heyvanın fiziki vəziyyətini xarakterizə edir. Amma bu söz intellektual mənada da işlədilir. Pifaqor tələbələrini körpələrə və teleyoilərə, yəni yetkin tələbələrə ayırırdı. Nəşrdə istifadə edilən hərfi tərcümə budur. Lakin Paulun burada əslində demək istədiyi başqadır: «Küçələrdə insanlara və imana yenə gələnlərə biz məsihçiliyin təliminin əsasları haqqında danışırıq. Amma daha yetkin insanlara imanın əsaslarını daha dərindən öyrədirik». Paul məsihçilər arasında heç bir fərq qoymur. Yeganə fərq onların məsihçi təlimini mənimsəmələrinin hansı mərhələsində olmasıdır. Məsihçilərin faciəsi ondadır ki, onlar ibtidai biliklərlə kifayətlənir və bu mərhələdə qalırlar. Halbuki onlar məsihçi həqiqətlərinin bütün dərinliklərinə varmalı idilər.

Paul burada texniki məna daşıyan bir söz işlədir. Müqəddəs Kitabın kanonik tərcüməsində bu söz belə tərcümə olunur: «Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik». Yunan sözü olan musterion-un mənası həmin cəmiyyətin üzvləri üçün aydın olan, lakin kənar şəxslərə məlum olmayan bir şey deməkdir. Paul sanki deyir: «Bizim sonra izah etdiklərimizi yalnız ürəklərini Məsihə verənlər başa düşə bilər».

O deyir ki, bu təlim metodu möminlərin zehni qabiliyyətlərindəki fərqlərə görə deyil: bu, İsa Məsihlə birlikdə dünyaya bəxş edilən Allahın ənamıdır. Bütün açıqlamalarımız ağlımızın məhsulu deyil, Allahın vəhyləridir. Əlbəttə, bu, heç bir şəkildə bizi əlimizdən gələni etmək məsuliyyətindən azad etmir. Yalnız çalışqan tələbə böyük müəllimin təlimlərini qəbul etməyə hazır ola bilər. Bizimlə Allah arasındakı münasibət məhz belədir. Nə qədər çox anlamağa çalışsaq, Allah bizə bir o qədər çox göstərəcək. Bu proses daimidir, çünki Rəbbin xəzinəsi tükənməzdir.

10-16

RUHANİ İNSANLAR ÜÇÜN RUHANİ HƏQİQƏTLƏR (1 Korinflilərə 2:10-16)

Bu hissədə vacib məqamlar əksini tapıb.

1) Paul deyir ki, yalnız Allahın Ruhu bizə Allahı göstərə bilər. O, burada real həyat analogiyasından istifadə edir. Hər bir insanın yalnız özünə məlum olan xüsusi hissləri, şəxsi və intim yaşantıları olur. Paul bəyan edir ki, bu, Allaha da aiddir. Allahda yalnız Onun Ruhuna məlum olan dərin gizli hisslər mövcuddur. Yalnız Allahın Ruhu bizə Allah haqqında əsl biliyi aça bilər.

2) Amma buna baxmayaraq, bilik hər insan üçün əlçatan deyil. Paul deyir ki, o, «ruhani anlayışları ruhani sözlərlə ifadə edir». (Barklinin mətnində bu, belə səslənir: «ruhani həqiqətlər ruhani insanlara elan olunur»). Onun fikrincə, imanlılar iki növ qrupa bölünür:

a) birinci qrupu o, pnevmatik adlandırır. Pnevma sözü Ruh, pnevmatos isə Ruha qarşı həssas olan, həyatı Ruh tərəfindən idarə olunan insan deməkdir.

b) ikinci qrupu Paul psixikos adlandırır. Psixe çox vaxt insanın daxili kimi tərcümə olunur, lakin bu sözün dəqiq mənası deyil. Əslində bu söz cismani həyatın əsası deməkdir. Bütün heyvanlar psixe-yə malikdir: it, pişik, istənilən heyvan. Amma onların pnevma-sı yoxdur. Psixe fiziki həyatdır, insanı istənilən canlı ilə yaxın edir. Pnevma isə onu bütün canlılardan fərqləndirir və Allaha yaxın edir.

14-cü ayədə Paul psixikos tipli insandan danışır. Psixikos insan elə yaşayır ki, sanki bütün həyatı yalnız fiziki mövcudluğuna əsaslanır, onun üçün maddi və fiziki dəyərlərdən başqa heç nə yoxdur. Belə bir insan həyatın ruhani dəyərlərini başa düşməyəcək. Fiziki tələbatlarının ödənilməsini vacib hesab edən insan iffətin mənasını dərk etməyəcək. Maddi sərvət toplamağa çalışan hər kəs səxavət və mərhəmətin nə olduğunu bilməyəcək. Düşüncəsi maddi dünyanın hüdudlarından kənara çıxmayan insan isə heç vaxt ilahi olanı dərk etməyəcək. Dünyəvi şeylərə qərq olmaq, onlardan başqa heç nəyi görməmək çox asandır. Gəlin dua edək ki, biz Rəbbin ağlına malik olaq. Çünki O bizdə yaşayanda biz maddi dünyanın təcavüzündən qorunuruq.

Müqəddəs Kitab

1 Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. 2 Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. 3 Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. 4 Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. 5 Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
Allahın müdrikliyi
6 Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. 7 Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. 8 Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. 9 Amma necə ki yazılmışdı:
«Allahın Onu sevənlər üçün hazırladıqlarını
Nə göz görüb, nə qulaq eşidib,
Nə də insan ürəyi dərk edib».
10 Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. 11 Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. 12 Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. 13 Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. 14 Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır. 15 Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. 16 Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik.
  • Giriş
  • 1
  • 2
  • 3
  • More pages
  • 16