Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə birinci məktub: 3-cü fəsil

V. Barklinin şərhləri

3-cü fəsil

1-9

ALLAH HAQQINDA DƏRİN BİLİK (1Korinflilərə 3:1-9)

Paul indicə iki növ insan və onlar arasındakı fərqdən danışdı:

  1. pnevmatikos, ruhani həqiqətləri başa düşə bilən ruhani insan;

  2. maraqları, məqsədləri cismani həyatın hüdudlarından kənara çıxmayan və buna görə də ruhani həqiqətləri dərk edə bilməyən psixikos insan.

Budur, Paul korinfliləri hələ də həyatın cismani mərhələsində olduqlarına görə qınayır. Bunun üçün iki yeni sözdən istifadə edir.

Birinci ayədə o, korinfliləri sarkina adlandırır. Bu söz sarks, yəni cismani təbiət sözündən yaranıb; -na ilə bitən bütün yunan sifətləri həmin şeydən yaradılmış deməkdir. Beləliklə, Paul korinflilərin cismani olduğunu bəyan etməklə başlayır. Bu, özlüyündə məzəmmət deyil. İnsan, həqiqətən, cismani bədən kimi yaradılıb. Lakin o, həmişə belə qalmamalıdır. Təəssüf ki, korinflilər təkcə sarkina deyil, həm də sarkika idilər. Onlar nəinki cismani bədəndə yaradılmışdılar, həm də cismani təbiət onlarda üstünlük təşkil edirdi. Paulun anlayışına görə, cisim sadəcə fiziki bədən deyildi, Allahdan uzaq düşən insan təbiətini, yəni insanda günaha xidmət edən ruhani və cismani hər şey demək idi. Buna görə də Paul korinflilərin günahını onların ətdən yaranmalarında deyil (bütün insanlar ətdən yaradılmışdır), bəşəriyyətin bu əsas hissəsinin bütün baxış və hərəkətlərində günahın hökmranlıq etməsinə icazə vermələrində görür. Onların hansı davranışı Paulun onları belə danlamağa vadar etdi? Onların mübahisələri, ayrılıqları və münaqişələri. Bu vacibdir, çünki biz hər bir insanın Allaha olan münasibətini onun qardaşları ilə münasibətini müşahidə etməklə xarakterizə edə bilərik. Əgər o, qardaşlarının fikirlərinə zidd gedirsə, deyingəndirsə, onlarla tez-tez mübahisə edirsə, onunla ünsiyyət qurmaq çətindirsə, müntəzəm olaraq imanlı cəmiyyətinə getsə də, hətta imanlı cəmiyyətinin ağsaqqalı olsa belə, o, Allah adamı deyil. Amma öz qardaşları ilə həmfikir olan, sevgi, birlik və razılıqla idarə olunan insan Allah adamı olmaq üçün doğru yoldadır.

Allahı sevən insan qardaşlarını da sevir. Li Hant bu fikri şərq ənənəsindən götürmüş və onu «Əbu Ben Adem» poemasında inkişaf etdirmişdir. Əsərin məzmunu [şərq dünyagörüşünə görə] belədir:

Gecənin bir aləmində şirin yuxudan oyanan Əbu Ben Adem

Ay işığında qızıldan olan kitabda nəsə yazan bir mələk görür.

Sülhsevər Əbu ondan nə yazdığını soruşmağa cəsarət edir.

Mələk məhəbbətlə cavab verir: «Mən Rəbbi sevənlərin adlarını yazıram».

  • Onların arasında mənim adım varmı? — deyə Əbu soruşur.

  • Yox, hələ yox — deyə mələk cavab verir.

Səsinin tonunu aşağı salan Əbu xahiş edir:

  • Məni qardaşlarını sevənlərin cərgəsinə yaz.

Mələk yazını bitirdikdən sonra gözdən itir.

Növbəti gecə mələk yenə Əbuya parlaq işıqda görünür.

O, Əbuya Rəbbin xeyir-dua verdiyi insanların adlarını göstərir.

Əbu adının birinci olduğunu görüb heyrətə gəlir.

Paul mübahisələrin və ayrı-ayrı müəllimlərin izzətləndirilməsinin düzgün olmadığını vurğulamağa davam edir. Biri əkir, digəri sulayır, amma böyüdən Allahdır. Heç kim bitkinin yalnız onun qayğısı sayəsində böyüdüyünü iddia edə bilməz. Bunu edən yalnız və yalnız Allahdır. Bitkini əkən və onu sulayan şəxsin iştirakı bərabərdir. Onların zəhməti eyni dərəcədə vacibdir; nə biri, nə də digəri üstün olmağa iddia edə bilməz. Hər ikisi Allah üçün çalışır. Allah insanlara Öz həqiqəti və məhəbbəti xəbərini çatdırmaq üçün insandan istifadə edir. Yalnız O, insanların qəlbini yeni həyata oyadır. Qəlbi yaradan yalnız Odur və yalnız Allah onu dirçəldə bilər.

10-15

TƏMƏL VƏ İNŞAATÇILAR (1Korinflilərə 3:10-15)

Bu hissədə Paulun fikirləri şəxsi təcrübəyə əsaslanır. O, daim səyahətdə olurdu və imanlı cəmiyyətlərinin təsisçisi idi. Düzdür, o, Korinfdə on səkkiz ay (Həvarilərin işləri 18:11), Efesdə üç il (Həvarilərin işləri 20:31), Salonikidə, yəqin ki, bir aydan az qaldı. Bu, Paula xas xüsusiyyət idi. Çoxlu ölkəyə getmək lazım idi, çünki İsa Məsihin adını eşitməyən nə qədər insan var idi. Dünyaya müjdəni yaymaq üçün Paul imanlı cəmiyyətinin yalnız təməlini qoya bilirdi, daha sonra isə irəli getmək lazım idi. O, yalnız həbsdə olanda bir yerdə qalırdı. Hara getməsindən asılı olmayaraq, Paul eyni təməli qoyurdu. Paulun məqsədi və vəzifəsi insanları İsa Məsihlə tanış etmək idi.

a) Çünki yalnız Məsihdə insanın keçmiş günahları bağışlanır. İnsan Allahla yeni münasibətə girir və birdən anlayır ki, Onun düşməni deyil, dostudur. O, Allahın İsa Məsih kimi olduğunu görür. İnsan bir vaxtlar nifrət gördüyü yerdə məhəbbət, əbədi ayrılıq gördüyü yerdə qayğıkeşlik görür.

b) Çünki insan çətinliklərin öhdəsindən gəlmək üçün yalnız Məsihdən güc alır. Məsihin varlığı və köməyi ona həyatın zərbələrinə və tələblərinə tab gətirmək üçün cəsarət verir. Çünki o, artıq düşmən kəsilən dünyaya qarşı tənha mübarizə aparan təcrid olunmuş insan deyil. O, indi elə bir həyat yaşayır ki, heç nə onu Rəbbi İsa Məsihdə Allahdan ayıra bilməz. O, İsa Məsihlə birlikdə addımlayır və Onun köməyi ilə mübarizə aparır.

c) Çünki insan yalnız Məsihdə gələcəyə ümid tapır. Məsihə iman edən insan artıq irəliyə baxmaqdan qorxmur. O, Allahın idarə etdiyi, hər şeyi yaxşılığa doğru dəyişdiyi dünyada yaşayır. O, ölümün artıq son deyil, böyük izzətin qapısı olduğu bir dünyada yaşayır. Məsih təməl olmasa, insan heç nəyə nail ola bilməz.

Məsih olan bünövrədə başqaları onun üzərində inşa edir. Paul burada onların pis inşa edəcəklərini söyləmir. O, natamam inşa edəcəklərini deyir. İnsan öz qardaşlarına qarışıq olan bir variant — məsihçiliyin bəzi prinsiplərinin çox, digər prinsiplərinin isə çox az əhəmiyyət kəsb edən birtərəfli təlim təqdim edə bilər. Buna görə də onlar kifayət qədər balanslı olmayacaq. Yəni ən böyük və əsas müddəalarının belə təhrif ediləcəyi deformasiyaya uğramış təlim olacaq.

Paulun 13-cü ayədə haqqında danışdığı gün — İsa Məsihin ikinci gəlişi günüdür. O zaman hər kəsin əməlləri üzə çıxacaq. Saxta və layiq olmayan hər şey məhv olacaq. Ancaq Allahın mərhəməti sayəsində hətta layiq olmayan inşaatçılar da xilas olacaqlar, çünki onlar heç olmasa Məsih üçün bir şey yaratmağa cəhd ediblər. Hətta ən ideal vəziyyətdə belə, bizim gördüyümüz bütün işlər qeyri-kamildir. Əgər biz öz təxəyyül və baxışlarımızla, yaxud hansısa ilahiyyatçının qənaətləri ilə deyil, Əhdi-Cədidin işığı (hər şeydən üstün olan çarmıxın işığı) ilə idarə olunsaq, bir çox səhvlərdən və yanlışlıqlardan qaça bilərik. Böyük Yunan ədəbiyyatşünası Longinus tələbələrə özlərini sınamağı təklif edirdi:

«Nəsə yazdığınız vaxt özünüzdən soruşun ki, Homer və ya Demosfen bunu necə yazardı? Yaxud Homer və Demosfen sizi dinləsəydilər, necə reaksiya verərdilər?»

Məsih haqqında danışanda, sanki O bizi dinləyirmiş kimi danışmalıyıq. Halbuki O, həqiqətən də, bizi dinləyir. Belə özünü yoxlama bizi bir çox səhvlərdən xilas edəcək.

16-23

HİKMƏT VƏ AĞILSIZLIQ (1Korinflilərə 3:16-23)

Paul üçün İmanlı Cəmiyyəti Allahın Məbədidir. Çünki Allahın Ruhu onun icmasında yaşayır. Origenin daha sonralar dediyi kimi: «Biz Müqəddəs Ruhu qəbul etməyə hazırlaşanda, çox güman, Allahın məbədi oluruq». İmanlı Cəmiyyətinə nifaq və parçalanma gətirən insanlar isə Allahın Məbədini dağıdır. Bu, iki istiqamətdə baş verir:

a) Onlar Ruhun hərəkət etməsinə imkan vermirlər. Cəmiyyətə ağrı daxil olur, sevgi isə oranı tərk edir. Belə bir mühitdə həqiqət nə danışılır, nə də eşidilir. «Sevgi olan yerdə Allah var». Nifrət və dava-dalaş olan yerdə Allah kənarda dayanıb qapını döyür və cavab almır. İmanlı Cəmiyyətinin rəmzi qardaşlıq sevgisidir. Kim bu məhəbbəti məhv edirsə, İmanlı Cəmiyyətini məhv edir, bununla da Allahın məbədini məhv edir.

b) Onlar İmanlı Cəmiyyətini parçalayır və onu bir-biri ilə əlaqəsi olmayan xarabalıqlar silsiləsinə çevirirlər. Əgər binanın hansısa bir hissəsi sökülsə, o, möhkəm dayana bilməz. İmanlı Cəmiyyətinin bu gün də ən böyük zəifliyi onun daxili bölünmələridir. Bu bölünmələr onu məhv edir. Paul bu bölünmələrin və İmanlı Cəmiyyətinin məhv edilməsinin əsas səbəbi kimi intellektual, dünyəvi müdrikliyə aludə olmağı göstərir.

O, Əyyub peyğəmbərin kitabı 5:13 və Zəbur 94:11-dən sitat gətirərək belə bir hikmətin Əhdi-Ətiqdə pisləndiyini xatırladır. Lakin korinflilər müxtəlif liderlərini və müəllimlərini intellektual müdrikliklərinə görə fərqləndirirdilər. İnsanın qüruru onları Müjdənin məzmununa qulaq asmaq əvəzinə, təbliğin formasını, ritorikasını və müəllimlərin arqumentlərinin düzgünlüyünü qiymətləndirməyə və tənqid etməyə sövq edir. Belə yalançı müdriklik xüsusi çətinliklərlə əlaqələndirilir, çünki o, həmişə iki ünsür üzərində qurulur:

a) mübahisə etmək istəyi. İntellektual insanlar qürurlarından susub heyran qala bilmirlər; onlar danışır və tənqid edirlər, lakin özləri etirazlara dözmürlər; onlar yalnız özlərinin haqlı olduqlarını sübut etməyə çalışırlar. Onlar heç vaxt nəyisə öyrənəcək qədər təvazökar ola bilmirlər, həmişə norma və qanunlar yaratmağa cəhd edirlər.

b) xüsusi müstəsnalıq. Bu müdriklər, adətən, başqalarına yuxarıdan aşağı baxır və onların yanında oturmurlar. Onlar elə zənn edirlər ki, kim onlarla razılaşmırsa, səhv edir. Bir vaxtlar Kromvel şotlandlara belə yazırdı: «Məsihin əzabları naminə sizə yalvarıram, etiraf edin ki, bəzən siz də səhv edə bilərsiniz». İntellektual qürur məhz buna yol vermir. Qürurun məqsədi insanları birləşdirmək yox, parçalamaqdır. Paul qardaşlara müdrik olmaq üçün ağılsız olmağı tövsiyə edir. Başqa sözlə desək, bu, insanı öyrənmək üçün təvazökar olmağa inandırmağın yoludur. Hər şeyi bildiyini zənn edən insana heç kim heç nə öyrədə bilməz. Platon deyir: «Hikməti dərk etməyə hazır olmadığını bilən insan müdrik insandır». Kvintillian bəzi tələbələri haqqında deyirdi: «Onlar biliklərinə bu qədər əmin olmasaydılar, şübhəsiz ki, gözəl alim olardılar». Qədim bir məsəldə deyilir: «Heç nə bilməyən və heç nə bilmədiyini bilməyən axmaqdır, ondan qaç. Amma heç nə bilməyən və bilmədiyini bilən müdrikdir, onu öyrət». Biliyə aparan yeganə yol biliksizliyini etiraf etməkdir.

Paulun məktublarında tez-tez olduğu kimi, 22-ci ayədə onun nəsri birdən qanadlanır, lirikaya və poeziyaya çevrilir. Korinflilər Paulun tamamilə başa düşmədiyi bir şey edirdilər. Onlar özlərini hansısa müəllimə aid etməyə çalışırdılar. Paul isə onlara izah edir ki, əslində onlar Paula deyil, Paul onlara aiddir. Hansısa bir qrupa özünü aid etmək bir növ köləlikdir. Halbuki onun padşah olması lazım idi. Əslində onlar hər şeyin ağasıdırlar, çünki onlar Məsihindir, Məsih isə Allahındır. Gücünü, ürəyini hansısa qrupa vermiş insan əhəmiyyətsiz şeylərdən ötrü hər şeydən vaz keçir. Halbuki kainat qədər geniş bir qardaşlığa, sevgiyə malik ola bilərdi. O özü həyatını dar çərçivəyə salıb, halbuki həyatında heç bir sərhəd olmamalı idi.

Müqəddəs Kitab

Həvarilər yalnız Allahın xidmətçiləridir
1 Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim. 2 Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. 3 Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü? 4 Əgər biriniz «mən Paulun ardıcılıyam», başqası isə «mən Apollonun ardıcılıyam» deyirsə, siz adi insanlar deyilsinizmi?
5 Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik. 6 Mən əkdim, Apollo suladı, amma Allah böyütdü. 7 Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır. 8 Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq. 9 Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz.
10 Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. 11 Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. 12 Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə, 13 onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək. 14 Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq. 15 Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək. 16 Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? 17 Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
18 Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. 19 Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır». 20 Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini, bunların boş olduğunu bilər». 21 Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir. 22 İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir. 23 Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
  • Giriş
  • More pages
  • 2
  • 3
  • 4
  • More pages
  • 16