4-cü fəsil
1-5
ÜÇ MÜHAKİMƏ (1Korinflilərə
4:1-5)
Paul
korinfliləri Apollonu, Kefanı və özlərini partiya rəhbərləri
kimi yox, Məsihin xidmətçiləri kimi qəbul etməyə çağırır.
«Xidmətçi» anlayışını ifadə etmək üçün Paul maraqlı bir
sözdən — hiperetes-dən
istifadə edir. Bu söz əvvəllər triremin4
aşağı skamyasında oturan avarçəkəni nəzərdə tuturdu. Bəzi
şərhçilər bu məqamı belə təsvir edirdilər: Məsih gəmini
idarə edən losman5,
Paul isə losmanın göstərişlərini alan və yalnız öz Ağasının
göstərişlərinə əsasən işləyən xidmətçidir.
Sonra
Paul başqa bir alleqoriyadan istifadə edir. O özünü və digər
təbliğçi qardaşlarını Allahın insanlara açmaq istədiyi sirli
niyyətini yerinə yetirən idarəçilər
kimi təqdim edir. İdarəçilərə
bütün evin və ya mülkün məsuliyyəti, eləcə də idarə
edilməsi həvalə edilirdi. O, bütün qulluqçuların işinə
nəzarət edir və onları azuqələrlə təchiz edirdi. Buna
baxmayaraq, o, ağasının olduğu yerdə yenə də qul olaraq
qalırdı. İnsan İmanlı Cəmiyyətində hansı mövqedə
olursa-olsun, hansı səlahiyyətə və hörmətə malik
olursa-olsun, yenə də Məsihin xidmətçisi olaraq qalır.
Burada
Paul maraqlı mülahizə irəli sürür. İdarəçinin —
oykonomos-un
ən mühüm xüsusiyyəti onun sədaqətidir. Onun belə müstəqilliyə
və məsuliyyətə malik olması ağasının ona tam etibar etməsinə
gətirib çıxarır. Korinflilər isə qruplara bölünərək,
özlərini İmanlı Cəmiyyətinin müəllimlərindən birinə aid
edir, müəllimlərinin hər biri haqqında öz hökmlərini
verirdilər. Buna görə də Paul hər bir insanın həyatında olan
üç mülahizə haqqında danışır.
1)
Qardaşların mülahizəsi.
Paul buna o qədər də əhəmiyyət vermir. Lakin insan öz
qardaşlarının fikirlərinə tamamilə etinasız qala bilməz. Nə
qədər qəribə görünsə də, bir çox ciddi səhvlərə
baxmayaraq, qardaşlar tərəfindən mühakimə olunmaq çox vaxt
düzgün olur. Bu onunla izah olunur ki, insan instinktiv olaraq əsas
insani keyfiyyətlərə — nəciblik, şərəf, dürüstlük,
sədaqət, səxavət, alicənablıq, mərhəmət, fədakarlıq,
məhəbbət hissinə heyran olur. Kinik filosof Antisfen həmişə
belə deyərdi: «Yalnız iki nəfər sənin haqqında həqiqəti
söyləyə bilər — qəzəbli düşmən və səni sevən dost».
Təbii ki, insan fikirləri bizi heç vaxt həqiqətdən
yayındırmamalıdır. Ancaq bu da doğrudur ki, insan
mülahizələrində çox vaxt bizim duymaq istədiyimizdən daha
böyük həqiqət var. Çünki insanlar instinktiv olaraq nəcib
xüsusiyyətlərə heyran olurlar.
2)
İnsanın özü haqqında
fikirləri. Paul buna da əhəmiyyət
vermir. O, yaxşı bilirdi ki, insanın özü haqqında fikirləri
çox vaxt özündənrazılıq, qürur və boşboğazlıqla müşayiət
olunur. Amma hər bir insanın özü haqqında müəyyən fikirləri
var. Qədim dövrlərdə yunanların əsas etik qanunlarından biri
belə idi: «Ey insan, özünü tanı». Kiniklər iddia edirdilər
ki, «insanın özü ilə yola getmək bacarığı» əsl insanı
xarakterizə edir. İnsan özündən qaça bilməz. Əgər özünə
hörmətini itirərsə, onun həyatı dözülməz olar.
3)
O, Allahın məhkəməsi qarşısında
durmalı olacaq. Nəticə olaraq, yeganə düzgün olan məhkəmə
budur. Paul üçün vacib olan insani mülahizələr deyil, Rəbbin
Günündəki hökm idi. Allahın hökmü qətidir. Bu, iki səbəbə
görə belədir:
a)
Ətrafda baş verənləri
bilən yalnız Allahdır. O, insanın necə mübarizə aparmalı
olduğunu yaxşı bilir. O, insanın heç kimə etibar edə
bilməyəcəyi sirlərini bilir. O, adamın nə qədər günaha bata
biləcəyini və nə qədər yüksələcəyini bilir.
b)
Bütün niyyətləri bilən
yalnız Allahdır. «İnsan əməli, Allah isə niyyəti görür».
Zahirən nəcib görünən bir çox əməllər eqoist və alçaq
niyyətlərdən qaynaqlanıb. Zahirən pis görünən bir çox
əməllər isə ən nəcib niyyətlərdən doğub. Bunu yalnız
insanın qəlbini yaradan Allah bilir və yalnız O, mühakimə
etməyə qadirdir.
Yaxşı
olardı ki, biz iki şeyi daim xatırlayaq: birincisi, bütün başqa
hökmlərdən və qınaqlardan uzaq dursaq, onlara göz yumsaq da,
Allahın hökmündən qaça bilməyəcəyik. İkincisi, mühakimə
etmək Allahın işidir. Yaxşı olar ki, biz başqalarını mühakimə
etməyək.
6-13
HƏVARİLƏRİN ALÇALDILMASI
VƏ DÜNYƏVİ QÜRUR (1Korinfilərə 4:6-13)
Paulun
özü və Apollo haqqında söylədiyi hər kəlmə təkcə onlara
deyil, həm də korinflilərə münasibətdə doğrudur. Nəinki o və
Apollo itaətkar və təvazökar davranmalı, bir gün onları
insanların deyil, Allahın hökmü gözlədiyini unutmamalıdır,
korinflilər də eyni dərəcədə itaətli olmalıdırlar. Paul
xəbərdarlıqlarına və qınamalarına özünü daxil etməklə çox
nəzakətli bir yanaşma seçir. Əsl vaiz nadir hallarda «sən»
əvəzliyindən istifadə edir, həmişə «biz»
deyə müraciət edir. O, yuxarıdan aşağı baxıb danışmır. Elə
danışır ki, sanki onlarla bir oturub, eyni hisslərə malikdir.
Əgər həqiqətən insanlara kömək etmək və onları xilas etmək
istəyiriksə, onda onları alçaltmalı deyil, əksinə, onlara
yalvarmalıyıq; onlara qarşı tənqidi deyil, mərhəmət hissi ilə
yanaşmalıyıq. Paul söyləyəndə ki, korinflilər başqasının
qarşısında lovğalanıb
o birisinə xor baxmasın, o öz
sözlərini deyil, qüruru pisləyən Allahın sözlərini
təkrarlayır.
Bundan
sonra Paul korinflilərə birbaşa onlara aid olan ən vacib sualı
verir: «Nəyin
var ki onu əldə etməmisən?»
Avqustin bu cümlədə mərhəmət təlimini görürdü. Bir vaxtlar
Avqustin insan əməllərinə üstünlük verirdi, lakin sonradan
fikirlərini dəyişdi. «Bu problemi — insanın iradə azadlığı
məsələsini həll etmək üçün biz çox çalışdıq, lakin sonda
Allahın mərhəməti qalib gəldi». Əgər Allah insanlara
görünməsəydi, heç kim Onun haqqında heç nə bilməyəcəkdi;
heç kim xilasa layiq olmayacaqdı. İnsan özünü xilas edə
bilməz; onun xilası Allahdandır. Sadəcə bizim nə etdiyimizi və
Allahın bizim üçün nələr etdiyini düşünsək, qürura yer
qalmaz, yalnız minnətdarlıq olar. Korinflilərin əsas səhvi,
onların qəlbinin Allaha aid olduğunu unutmaları idi.
Daha
sonra Paulun məktublarında tez-tez gördüyümüz yüksək
məqamlardan birinə rast gəlirik. O, korinflilərin qürurunu,
özündənrazılığını, üstünlük hissini həvarinin həyatı
ilə müqayisə edərək, onlara istehza edir. O, bunun üçün
parlaq bir mənzərə seçir. Böyük qələbə qazanan romalı
sərkərdənin şərəfinə zəfər paradı keçirilir. O, qalib
ordusu ilə birlikdə ələ keçirdiyi bütün qənimətləri şəhərin
küçələrində nümayiş etdirir. Paradın sonunda ölümə məhkum
edilmiş kiçik bir məhbus qrupu olurdu. Onları sirk meydançasına
aparırdılar. Orada onlar vəhşi heyvanlarla döyüşüb ölürdülər.
Qürurlu korinflilər ələ keçirdiyi qənimətləri nümayiş
etdirən qalib sərkərdəyə, həvarilər isə ölümə məhkum
edilmiş kiçik bir əsir dəstəsinə bənzəyirlər. Korinflilərin
təsəvvüründə məsihçi həyatı öz imtiyazları ilə öyünməkdən
və öz nailiyyətlərini sadalamaqdan ibarət idi. Paula görə,
məsihçi həyatı İsa Məsihə təvazökarcasına xidmət etmək və
Onun üçün ölməyə hazır olmaq demək idi.
Həvarilərin
həyatda başına gələn çətinlikləri və təhqirləri sadalayan
Paul iki mühüm faktı qeyd edir:
1)
Onlar döyülürlər
— kolafşesfay.
Bu söz xüsusi olaraq qulları cəzalandırarkən istifadə
olunurdu. Plutarx yazır ki, müəyyən bir şəxs tərəfindən
qulun sahibliyi ilə bağlı mübahisə yarananda, əsas kimi həmin
şəxsin qulu döyməsi faktı götürülürdü. Burada Plutarx məhz
bu sözü işlədir. Məsihin xatirinə Paul qulun dözməli olduğu
hər şeyə dözməyə hazır idi.
2)
Daha sonra Paul deyir: «...təhqir
olunanda — loidoresfay
— mülayim cavab veririk».
Bəlkə də biz qeyri-yəhudi üçün belə bir ifadənin nə qədər
heyrətamiz olduğunu təsəvvür edə bilmirik. Aristotel deyir ki,
insanın ən yüksək fəziləti meqalopsuxiya-dır
— yəni nəcib qəlbə malik olan insanın alicənablığıdır.
O, bu fəziləti təhqirə dözə bilməmək kimi müəyyən edir.
Qədim dünya üçün məsihçinin belə təvazökarlığı tamamilə
yeni bir fəzilət idi. Təbii ki, bu cür davranış insanlara
axmaqlıq kimi görünürdü, baxmayaraq ki, bu axmaqlıq Allahın
hikmətidir.
14-21
İMANLI ATA (1Korinflilərə
4:14-21)
Paul
burada məktubunun Korinfdəki mübahisələrə və fikir
ayrılıqlarına aid olan hissəsini bitirir. O, ata kimi
öyüd-nəsihət verir. Paulun 14-cü
ayədə öyüd-nəsihət mənasını ifadə etmək üçün işlətdiyi
söz — noufeteyn
— atanın övladlarına verdiyi xəbərdarlıq və nəsihət
mənasında işlənmişdir (Efeslilərə
6:4). Hətta sərt danışsa belə,
bu sərtlik günahkar qulu cəzalandırmaq deyil, yolunu azmış
oğulu haqq yoluna yönəltməkdir.
Paul
başa düşürdü ki, o, Korinf imanlı cəmiyyətində xüsusi mövqe
tutur. Nəsihətçi — pedaqoqos
(Qalatiyalılara 3:4 ilə müqayisə
dint) — yol
göstərən mürəbbi, uşağın
müəllimi deyil, uşağı məktəbə müşayiət edən, ona əxlaqi
məsələlərdə təlim verən, onun xarakterinə diqqət yetirən,
tərbiyə etməyə çalışan yaşlı və etibarlı bir qul idi.
Uşağın bir çox müəllimi ola bilər, ancaq bir atası olur.
Bəlkə də gələcəkdə korinflilərin daha çox müəllimləri
olacaq, lakin onların heç biri Paulun etdiklərini edə bilməyəcək:
bu müəllimlərin heç biri onlara Məsih İsada həyat qazandıra
bilməyəcək.
Sonra
Paul heyrətamiz bir söz deyir: «Mən uşaqları atalarından
nümunə götürməyə çağırıram». Çox az ata bu sözləri deyə
bilər. Çox vaxt ata ümidlə dua edir ki, özünün çata bilmədiyi
arzulara oğlu çatacaq. Biz çoxumuz başqalarını öyrədərkən
«Mənim etdiyim kimi et» deyə bilmir, ancaq «Dediyim kimi et»
deyir. Paul isə qüruruna görə deyil, əmin olduğuna görə
övladlarını iman yolunda ondan nümunə götürməyə çağırır.
Daha
sonra o, korinflilərə incə bir iltifat edir. Paul yazır ki,
Timoteyi onların yanına göndərir və Timotey onlara Paulun
«...Məsih
İsada getdiyi yolları xatırladacaq».
Əslində Paul deyir ki, onların bütün səhvləri və yollarını
azmaqları qəsdən edilən üsyandan deyil, unutqanlıqdan
qaynaqlanır. Unutqanlıq insan təbiətinə xas olan xüsusiyyətdir.
Biz çox vaxt Məsihə qarşı üsyan etmirik, sadəcə Onu unuduruq.
Çox vaxt biz bilərəkdən Ondan üz döndərmirik, sadəcə Onun
hər yerdə mövcud olduğunu unuduruq. Çoxumuza, ilk növbədə,
bir şey lazımdır — İsa Məsihin daimi hüzurunda yaşamaq. İsa
Məsih təkcə ibadətdə deyil, hər gün, hər an bizə «Məni
unutma» deyir.
Paul
sözünə davam edir. Qoy onlar deməsinlər ki, Paul onların yanına
gəlməyəcək, çünki Timoteyi onların yanına göndərir. Rəbb
istəsə, gələcək. Onda onların sözlərini
yox, gücünü yoxlayacaq.
Bəli, korinflilər yaxşı danışırlar, lakin onların lovğa-lovğa
sözləri heç bir məna kəsb etmir. Əsas hərəkətləri vacibdir.
İsa «onları sözlərindən tanıyacaqsınız» demədi, «onları
bəhrələrindən tanıyacaqsınız» dedi. Dünya məsihçilikdən
danışan sözlərlə doludur, amma bir əməl min sözə dəyər.
Sonda
Paul korinflilərdən soruşur ki, onların yanına dəyənəklə,
yoxsa
məhəbbət və həlimlik ruhu ilə gəlsin.
Paulun Məsihdəki övladlarına olan məhəbbəti onun yazdığı
hər məktubda əks olunur, lakin bu, kor sentimental məhəbbət
deyil. Övladlarını sevərkən o, dəyənəyin də lazım ola
biləcəyini başa düşürdü və onu istifadə etməyə hazır idi.
Elə sevgi var ki, insanı məhvə aparır. Belə sevgi insanın
çatışmazlıqlarına məhəl qoymur. Ancaq elə sevgi də var ki,
insanı dəyişdirə, islah edə, ona Məsihin məhəbbət dolu
gözləri ilə baxa bilər. Paulun məhəbbəti təlqin edirdi ki,
insanı düzəltmək üçün bəzən onu cəzalandırmaq lazımdır.
Paul
Korinf imanlı cəmiyyətindəki mübahisələr və fikir
ayrılıqlarını araşdırandan sonra cəmiyyətin daxili həyatında
yaranan praktik və ciddi problemlərə keçir. Bu barədə 5
və 6-cı
fəsillərdə bəhs olunur. 5:1-8-də
Paul zina barədə danışır. 5:9-13-də
o, zina və digər günahların cəzasını təyin edir. 6:1-8-də
Paul Korinf imanlı cəmiyyətinin qardaşlarının aralarında
yaranan məsələlərdən ötrü dünyəvilərin məhkəməsinə
müraciət etmələrindən danışır. 6:9-20-də
isə nöqsansızlığın vacibliyini vurğulayır.