5-ci fəsil
1-8
GÜNAH VƏ ÖZÜNDƏN RAZILIQ
(1Korinflilərə 5:1-8)
Paul
burada dəfələrlə üzləşdiyi problemə toxunur. Bütpərəstlər
üçün, ümumiyyətlə, qüsursuzluq anlayışı mövcud deyildi.
Onlar şəhvətlərini istədikləri yerdə razı salırdılar.
Məsihçilər üçün bu «xəstəlik»dən xilas olmaq çox çətin
idi. Onlar bütpərəst dənizi ilə əhatə olunmuş kiçik bir ada
kimi idilər. Axı onlar Məsihi yenicə qəbul etmişdilər və
həyatlarının bir hissəsinə çevrilmiş zinadan azad olmaq onlar
üçün çətin idi. Buna baxmayaraq, İmanlı Cəmiyyətini təmiz
saxlamaqdan ötrü onlar köhnə bütpərəst həyat tərzi ilə
həmişəlik vidalaşmalı idilər. Korinf imanlı cəmiyyətində
xüsusilə xoşagəlməz hadisə baş vermişdi. Kişi ögey anası
ilə cinsi həyat yaşayırdı. Belə bir hal hətta bütpərəstləri
də qəzəbləndirə bilərdi. Bu, yəhudi qanunu ilə açıq-aydın
və qəti şəkildə qadağan edilmişdi (Levililər
18:8). Mətndən belə nəticəyə
gəlmək olar ki, bu qadın artıq ərindən boşanıb. Çox güman,
o, bütpərəst idi, çünki Paul onun haqqında, ümumiyyətlə,
danışmır. Görünür, o, imanlı cəmiyyətinə aid deyildi.
Paul
bu günaha görə şoka düşsə də, onu daha çox sarsıdan Korinf
imanlı cəmiyyətinin günahkara münasibəti idi. Yas tutmalı
olduqları halda, onlar bunu adi hal kimi qəbul etmiş və qarşı
çıxmaq üçün heç nə etməmişdilər. Korinf imanlı cəmiyyətini
bürüməli olan kədəri ifadə etmək məqsədilə Paul ölülər
üçün mərsiyə mənasını verən penfeyn
sözünü işlədir. Günaha qarşı laqeyd münasibət həmişə
təhlükəlidir. Bir nəfərin dediyi kimi: «Günahdan yeganə
qurtuluş onun dəhşətini hiss etməkdir». Karleyl deyirdi ki,
insanlar müqəddəsliyin sonsuz gözəlliyini və günahın sonsuz
dəhşətini görməlidirlər. Günahı ciddi qəbul etməyəndə
özümüzü təhlükəli vəziyyətə salırıq. Günahı tənqid
etmək və onu qınamaq kifayət deyil. Günah ağrı və əzab hissi
verməlidir. İsa Məsihi çarmıxa çəkən məhz günah idi. O öldü
ki, insanlar günahdan azad olsunlar. Məsihçilər bu biabırçılığa
necə sakit baxa bilərdilər?
Paul
yazır ki, belə günah işlədən adama qarşı ciddi tədbirlər
görülməlidir. O, məcazi mənada deyir ki, həmin adam şeytana
təslim edilməlidir. Bununla demək istəyir ki, həmin şəxs
imanlı cəmiyyətindən kənarlaşdırılmalıdır. Paul dünyaya
şeytanın (Yəhya 12:31; 16:11;
Həvarilərin işləri 26:18; Kolosselilərə 1:13),
İmanlı Cəmiyyətinə isə Allahın Padşahlığı kimi baxır. O,
«bu adamı mənsub olduğu yerə — şeytanın səltənətinə geri
göndərin» deyə qərar verir. Amma onu qeyd etmək lazımdır ki,
hətta bu tədbir də ağır cəza deyil. Belə cəza həmin adamın
ipini çəkmək, şəhvətini aradan qaldırmaq məqsədi daşıyırdı.
Əsas məqsəd isə onun ruhunu mümkün olduğu qədər xilas etmək
idi. Ədəb qaydaları insanı cəzalandırmaq üçün yox, onu
ayıltmaq üçün tətbiq olunur. Paulun bu qərarı soyuq sadist
sərtliklə deyil, ölülərə yas tuturmuş kimi kədər hissi ilə
həyata keçirilməli idi. Erkən Məsihçi Cəmiyyəti insanı
sındırmaq üçün deyil, günahkarı islah etmək üçün
cəzalandırırdı.
Sonra
Paul praktiki məsləhətə keçir. 5:6-8-də
o, məcazi şəkildə Korinf imanlı cəmiyyətini yəhudilikdən
nümunə götürərək özünü paklandırmağa çağırır. Bəzi
hallar istisna olmaqla, yəhudi ədəbiyyatında maya həmişə
zərərli təsirə işarə edir. Maya çörəyin keçən dəfə
bişməsindən qalan turş xəmir idi. Həmin xəmirdən növbəti
dəfə xəmiri mayalamaq üçün istifadə edirdilər. Yəhudilər
qıcqırmanı çürümə ilə eyni tuturdular. Buna görə də maya
zərərli təsir demək idi.
Pasxa
çörəyi isə mayasız idi (Çıxış
12:15; 13:7). Üstəlik, Qanunda
deyilir ki, Pasxa ərəfəsində hər bir yəhudi çıraq yandırmalı,
ayinə uyğun olaraq evində maya axtarmalı və tapdığı hər
kiçik qırıntını atmalıdır (Allahın Yerusəlimin hər tərəfini
çıraqla axtardığı mənzərə ilə müqayisə edin. Sefanya
1:12). (Yeri gəlmişkən, maya
axtarışı aprelin 14-də baş verir və yaz gəlişinin paklanma
xüsusiyyəti ilə bağlıdır.) Paul bu metaforadan istifadə edir.
O deyir ki, bizim qurbanımız Məsihdir. Allah yəhudiləri Misirdən
azad etdiyi kimi, Onun qurbanı da bizi günahın hakimiyyətindən
azad etdi. «Ona görə də həyatımız pisliyin son qalıqlarından
təmizlənməlidir» — deyə Paul davam edir. Əgər İmanlı
Cəmiyyətində günaha yol verilərsə, maya bütün xəmiri
qıcqırtdığı kimi, günah da bütün cəmiyyəti korlaya bilər.
Burada
mühüm praktik həqiqət əksini tapıb. Bəzən İmanlı
Cəmiyyətinin xeyrinə cəzalandırma yolu seçilməlidir. Cəmiyyət
müqəddəsliyin pozulmasına göz yummaqla, mövcud olan hər şeyi
məhv edə bilər. Zəhər bütün bədənə yayılmamış, alaq otu
bütün sahəni korlamamış çıxarılmalıdır. Burada ədəb
qaydalarının tətbiqi sistemi verilib. Ədəb qaydaları heç vaxt
onları tərtib edən insanların hisslərini razı salmamalıdır.
Onlar həmişə günahkarın islahına və İmanlı Cəmiyyətinin
yaxşılığına töhfə verməlidir. Ədəb qaydaları heç vaxt
qisas almamalı, qorumalı və sağaltmalıdır.
9-13
İMANLI CƏMİYYƏTİ VƏ DÜNYA
(1 Korinflilərə 5:9-13)
Görünür,
Paul korinflilərə bir dəfə məktub yazmış və orada onları
bütün pis insanlarla ünsiyyətdən çəkinməyə çağırmışdı.
Bu, yalnız pis həyat tərzi sürən imanlı qardaşlara şamil
edilirdi. Onlar öz davranışlarını dəyişənə qədər
cəmiyyətdən uzaqlaşdırılmaqla cəzalandırılmalı idilər.
Lakin bəzi məsihçilər bu göstərişi mütləq qadağa kimi başa
düşmüşdülər. Onlara görə bu qadağaya dünyadan tamamilə
təcrid olunmaqla əməl etmək olardı. Lakin Korinf kimi bir
şəhərdə əxlaqsız həyat tərzi sürən insanlarla gündəlik
işgüzar əlaqələr olmadan normal yaşamaq, ümumiyyətlə, mümkün
deyildi.
Lakin
Paul belə bir şey öyrətmirdi. O, heç vaxt məsihçilərin
özlərini dünyadan tamamilə təcrid etmələrini təlqin etməyib.
Onun fikrincə, məsihçilik həyat tərzində özünü
göstərməlidir. Bir dəfə yetkin məsihçi Con Vesli belə
demişdi: «Allah təcrid dini deyil». Paul onunla razılaşardı.
Paulun
üç qrup insanlara xas olan üç tipik günah ayırd edir. Onları
nəzərdən keçirmək maraqlı olardı:
1)
Zinakarlar.
Yalnız Məsih insanlara iffətli yaşamaq üçün güc verə bilər.
Cinsi əxlaqsızlığın əsas səbəbi insanlara heyvan kimi baxan
insani baxışların yanlışlığıdır. Belə ki, insanlara və
heyvanlara xas olan instinktlər heç bir utanma hissi olmadan təmin
edilir, əks cinsdən olan insan isə yalnız şəxsi məmnunluq
vasitəsidir. Məsihçilik insana Allahın övladı kimi baxır.
İmanlı Allahın yaradılışı olaraq dünyada yaşasa da, onun
baxışları dünyəvi olmur. Buna görə də o, həyatını yalnız
fiziki ehtiyaclara və ehtiraslara tabe etdirməkdən imtina edir,
çünki onun həm bədəni, həm də ruhu var. Əgər insanlar
özlərinə Allahın qızları və oğulları kimi baxsaydılar,
əxlaqsızlıq, şübhəsiz ki, onların həyatından silinərdi.
2)
Tamahkarlar və
soyğunçular. Yenə də
yalnız Məsih imanlıları bu pisliklərdən azad edə bilər. Sırf
maddi meyarlara görə, varlanmaq istəyi heç də pis deyil. Ancaq
məsihçilik maddi həyatın daxilində yox, onun hüdudlarından
kənardadır. Məsihçi üçün məhəbbət həyatın ən böyük
dəyəridir, xidmət isə ən böyük şərəfdir. Əgər insanın
qəlbində Allah sevgisi kök salıbsa, o, almaqda deyil, verməkdə
sevinc tapacaq.
3)
Bütpərəstlər.
Bu qədim xurafat müasir xurafata bənzəyir. Ötən əsrlərə
nisbətən indi dua, göz muncuğu, tilsimlərə, astroloqlara və
ulduz falına maraq daha böyükdür. Bunun səbəbi həyatın əsas
qanunlarından biridir: insan nəyəsə bağlı olmalı, kiməsə
pərəstiş etməlidir. Əgər insan həqiqi Allaha ibadət etmirsə,
şübhəsiz ki, tanrılara və bütlərə ibadət edəcək,
xoşbəxtliyi onlardan gözləyəcək. İman zəif olan yerdə
xurafat artır.
Qeyd
edək ki, aşağıda sadalanan üç əsas günah həm də
günahkarların tutduqları üç əsas yolu nümayiş etdirir:
a)
Zina — insanın özünə qarşı
etdiyi günahdır. Bu günahı etməklə insan özünü heyvan
səviyyəsinə qədər alçaldır. O, içində yanan işığa və ən
ali ideala qarşı günah işlədir. O, təbiətində aşağı olanın
ali, ilahi olan üzərində üstünlük təşkil etməsinə icazə
verir və insanlıqdan daha aşağı düşür.
b)
Tamahkarlıq
və soyğunçuluq — yaxınlarımıza
və qardaşlarımıza qarşı
işlədilən günahdır. Onlar insana Məsihdə kömək edilməli
olan qardaş kimi deyil, istismar obyekti kimi baxırlar. Acgöz
insan unudur ki, Allaha olan sevgimizin yeganə sübutu — qonşumuzu
özümüz kimi sevməkdir.
c)
Bütpərəstlik — Allaha qarşı günahdır. Bütlər Rəbbin
yerini tutur. Bütpərəst Allahı birinci yerə qoymaqdan imtina
edir.
Paula
görə, İmanlı Cəmiyyətinə aid olmayanları mühakimə etmək
bizim işimiz deyil. İbranicə «Cəmiyyətdən
kənardakılar» ifadəsi
seçilmiş xalqa aid olmayanların hamısını təsvir etmək üçün
istifadə olunur. Qoy onları insanların qəlbini bilən Allah
mühakimə etsin. Ancaq «cəmiyyətin daxilindəkilər»in müəyyən
üstünlükləri var və onlar Məsihə and içdikləri üçün
məsuliyyət daşıyırlar.
Buna
görə də Paul həmin hissəni əmrlə bitirir: «Siz
isə öz aranızdan pis adamı atın».
Bu, Qanunun təkrarı 17:7
və 24:7
gətirilən sitatdır. Bəzən xərçəng şişinin cərrahi yolla
çıxarılması lazım olur. Bəzən infeksiyanın yayılmasının
qarşısını almaq üçün kəskin tədbirlər görülməlidir.
Paulu bu tədbiri görməyə vadar edən Məsihin övladlarını
daima təhlükə yaradan günah təhlükəsindən qorumaq, incitməmək
və ya səlahiyyətindən istifadə etmək istəməməsi idi.