1-8
Bu hissədə Paul yunanlara aid olan problemə toxunur. Yəhudilər, adətən, məhkəməyə müraciət etmirdilər. Məsələ kənd ağsaqqalları və ya sinaqoq rəisləri səviyyəsində həll edilirdi. Yəhudilərə görə, ədalət məhkəmədən daha çox ailə çərçivəsində həllini tələb edən məsələ idi. Əslində, yəhudi qanunları yəhudilərin qeyri-yəhudi məhkəməsinə müraciət etməsini qadağan edirdi. Belə bir addım küfr və Allahın müqəddəs Qanununun pozulması hesab olunurdu. Ellinlər (yunanlar) arasında vəziyyət tamamilə fərqli idi: onlar hüquqi proseduralara meyilli idilər. Məhkəmələr onların əsas əyləncələrindən biri idi. Afina qanunvericiliyinin təfərrüatlarını öyrənəndə, biz məhkəmələrin hər bir afinalı vətəndaşın həyatında nə qədər böyük rol oynadığını görürük. Korinfdəki vəziyyət isə Afinadan çox da fərqlənmirdi. Afinada mübahisəni əvvəlcə münsiflər məhkəməsində — arbitrajda həll etməyə çalışırdılar. Belə olan halda, hər tərəf bir arbitr seçirdi, üçüncü arbitr isə hər iki tərəfin razılığı ilə seçilirdi. O, qərəzsiz hakim olmalı idi. Arbitraj mübahisəni həll edə bilmirdisə, iş «Qırx» adlı məhkəməyə gedirdi. «Qırx» məhkəməsi işi ictimai arbitraja verirdi. Orada isə yaşı altmışdan yuxarı olan bütün afinalılar ictimai arbitr kimi çıxış edirdilər. Arbitr seçilən hər hansı bir şəxs istəsə də, istəməsə də çıxış etməyə məcbur idi. Əks halda, səsvermə hüququndan məhrum edilə bilərdi. Əgər iş həmin instansiyada da həllini tapmırdısa, o, iki yüz bir nəfərdən ibarət prisyajnılar məhkəməsinə göndərilirdi. Burada mübahisələrə və 50 funt sterlinqə ekvivalent olan iddialara baxılırdı. Dörd yüz bir nəfərlik məhkəmə isə 50 funt sterlinqi aşan mübahisələrə və iddialara baxırdı. Təbii ki, otuz yaşından yuxarı mindən altı minə qədər Afina vətəndaşı olan başqa prisyajnılar məhkəmələri də var idi. Onlar xidmətlərinə görə pul alırdılar. Prisyajnı kimi çıxış etməyə hüququ olan Afina vətəndaşları səhər saatlarında toplaşırdılar. İşə baxılanda məhkəmədə kimin oturacağına püşk atmaqla qərar verirdilər.
Görünür, Yunan şəhərlərində hər bir vətəndaş bu və ya digər dərəcədə hüquqşünas olub, vaxtının çoxunu məhkəmədə ya dinləyici qismində oturmağa, ya da mübahisəli məsələnin həllinə sərf edirdi. Yunanlar məhkəməyə getməkdə həvəsli idilər. Buna görə də bəzi yunanların imanlı cəmiyyətinə məhkəmə çəkişmələri gətirmələri təbii idi. Bu da Paulu açıq-aşkar sarsıtmışdı. Yəhudi mənşəyi və yəhudi kimi tərbiyə olunması onu bu cür əməllərə qarşı qəzəbləndirir və məsihçi prinsipləri onu bu fikrində gücləndirirdi. Buna görə də Paul sual verir: «Sizin birinizin başqası ilə iddiası varsa, haqsızların qarşısında mühakimə olunmağa necə cəsarət edər?»
Bütün bunlarla yanaşı Paulu daha çox sarsıdan o idi ki, gələcəkdə Məsih millətləri mühakimə edəcəyi, müqəddəslər isə mühakimə prosesində iştirak edəcəyi halda, onlar haqsızların məhkəməsinə müraciət edirdilər. Süleymanın hikməti kitabı 3:8-də deyilir: «Millətlərə hökm edib, xalqları idarə edəcəklər...». Xanok peyğəmbərin kitabı 108:12-də isə deyilir: «Adımı sevənləri nura bürüyərək ucaldacağam, hər kəsi şərəf taxtına oturdacağam». Buna görə də Paul soruşur: «Madam ki, siz bir gün dünyanı mühakimə edəcəksiniz, hətta ali varlıqlar olan mələkləri də mühakimə edəcəksiniz, onda xırda və mübahisəli məsələlərinizi insanların mühakiməsinə, xüsusilə bütpərəstlərə necə verə bilərsiniz? Əgər bunu etmək məcburiyyətindəsinizsə, onda imanlı cəmiyyəti daxilində edin. Mühakiməni isə dünyəvi insanlara həvalə edin. Çünki dünyanı mühakimə etmək üçün təyin olunmuşlar xırda mübahisələrin həllini öz üzərinə götürməz».
Sonra Paul birdən böyük və son dərəcə vacib prinsipə toxunur. Ümumiyyətlə, məhkəməyə getmək, xüsusən də Məsihdəki qardaşı məhkəməyə vermək məsihçiliyin müəyyən etdiyi standartlardan çox aşağı düşmək deməkdir. Platon demişdi ki, dindar insan haqsızlıq etməkdənsə, ədalətsiz əzab çəkməyi üstün tutur. Məsihçinin ürəyində Məsihin kölgəsi belə varsa, başqasının pisliyinə səbəb olmaqdansa, özünə qarşı edilən təhqirə, itkiyə və zərərə daha çox dözəcək, xüsusilə həmin adam onun Məsihdəki qardaşıdırsa... İntiqam almaq məsihçiyə yaraşmaz. Məsihçinin işgüzar münasibəti mükafat almaq istəyi ilə müəyyən edilmir. O, ədalətə nail olmaq üçün məhkəməyə müraciət etmir. O ona Məsihdəki qardaşları ilə sülh içində yaşamağı xatırladan, məhkəmə çəkişmələri üçün məhkəməyə müraciət edəcək qədər aşağı düşməsinə imkan verməyən məhəbbəti rəhbər tutur.
9-11
Paul Korinf imanlı cəmiyyətinin böyüdüyü pozğun və azğın sivilizasiya mühitində günahların dəhşətli siyahısını verir. Bəzi günahlar haqqında danışmaq, ümumiyyətlə, xoşagəlməzdir. Lakin biz erkən məsihçi cəmiyyətinin hansı mühitdə yarandığını və inkişaf etdiyini görmək, o vaxtdan indiyədək insan təbiətinin heç də dəyişmədiyinə əmin olmaq üçün bu günahları nəzərdən keçirməliyik.
Onların arasında əxlaqsızlar və zinakarlar var idi. Biz artıq gördük ki, cinsi əxlaqsızlıq bütpərəstlərin həyat norması idi. İffət və bakirəlik isə onlara, demək olar ki, məlum deyildi. Fahişə kişi mənasını verən zinakarlar sözü xüsusilə ədəbsizdir. Korinfdə tüğyan edən pozğun mühitdə məsihçi olmaq çox çətin idi.
Onların arasında bütpərəstlər də var idi. Korinfdəki ən böyük tikili bütpərəstliyin və əxlaqsızlığın baş alıb getdiyi, sevgi ilahəsinin məbədi — Afrodita məbədi idi. Bütpərəstlik din yolunu sadələşdirməyə çalışdığımız zaman baş verənlərin kədərli nümunəsidir. Axı əvvəllər büt tanrı deyil, sadəcə tanrının simvolu idi. Onun funksiyası allahın təcəssüm olunduğu maddi obyekt yaratmaqla ona sitayişi asanlaşdırmaq idi. Ancaq çox keçmədən insanlar bütün aid olduğu tanrıya deyil, bütün özünə ibadət etməyə başladılar. Bu, əsas təhlükələrdən biridir: insanlar simvolun arxasındakı reallığa yox, simvola sitayiş etməyə başlayır.
Orada fahişə kişilər var idi. Malakos sözünün mənası kişiliyini itirmiş, gizli günahlardan həzz alan qadınlaşmış kişi deməkdir. Demək olar ki, o, dəbdəbə bataqlığına qərq olub və günahın həzzinə qarşı durmaq qabiliyyətini itirib. Odissey və dənizçiləri Sirtsey adasına çataraq, şanagül6 çiçəklərinin böyüdüyü sahilə çıxdılar. Şanagül çiçəyini yeyən insan evini və yaxınlarını unudub, «əbədi işığın olduğu» yerdə həmişəlik qalmaq istəyirdi. Belə insanın «dalğaların zirvəsinə dırmaşmaqdan» aldığı sevinc hissi yox idi. Kişi fahişələri «əbədi işığın olduğu» bir həyat üçün səy göstərən şəhvətpərəst adamlardır.
Orada qədim dünyanın bəlası olan oğrular var idi. Evləri qarət etmək çox asan idi, çünki onlar zəif qorunurdu. Oğrular və quldurlar ən çox hamamlara və idman zallarına hücum edərək, üzgüçülərin və ya idmançıların paltarlarını oğurlayırdılar. Xüsusi keyfiyyətlərə malik olan qiymətli qullar da tez-tez oğurlanırdılar. Qanunvericilik bizə bu problemin nə qədər mürəkkəb olduğunu göstərir. Oğurluğun üç növü ölümlə cəzalandırılırdı:
1) 50 draxmadan çox olan oğurluq;
2) 10 draxma ilə qiymətləndirilən hamam və idman zallarından oğurluq;
3) gecə oğurluqları.
Məsihçilər həmin oğruların arasında yaşayırdılar.
Orada əyyaşlar var idi. Paul mefos sözünü işlədir. Bu sözün mənası tüğyan edən əyyaşlıq deməkdir. Çünki qədim Elladada hətta kiçik uşaqlar belə şərab içirdilər. Yunanların səhər yeməyi akratisma adlanırdı və şəraba batırılmış çörəkdən ibarət idi. Şərabın geniş yayılmasına səbəb həm də su çatışmazlığı idi. Lakin yunanlar ayıq başlı xalq idilər, çünki onların içkisinin üçdə bir hissəsi şərab, üçdə iki hissəsi isə sudan ibarət idi. Amma zəngin və dəbdəbəli Korinfdə azğınlıq dərəcəsində şərab içmək normaya çevrilmişdi.
Orada böhtançılar və soyğunçular var idi. Bu sözlərin hər ikisi maraqlıdır: soyğunçular anlayışını çatdırmaq üçün Paul pleonektes sözündən istifadə edir. Bu da yunanların tərifinə görə, «haqqı olmayanı ələ keçirməyə və daha çoxunu özünə tabe etdirməyə çalışan insan» deməkdir. Bu aqressiv qəsbdir. Bu, xəsislik deyil, çünki soyğunçu daha böyük dəbdəbə və həzz içində yaşamaq üçün əldə etməyə çalışır. Soyğunçunu kimi soyduğu maraqlandırmır, təki istədiyini əldə etsin. Soyğunçuların digər adı hapraks-dır, bu da ələ keçirmək deməkdir. Maraqlıdır ki, bu söz canavarın xüsusi növünə, eləcə də döyüş zamanı gəmiləri yanlardan tutmaq üçün atılan qarmaqlara münasibətdə işlənir. Bu, qəddarcasına əldə edən işğalçıdır.
Həmçinin ən qeyri-təbii günah da qeyd olunur. Kişibazlıq günahı xərçəng şişi kimi Yunanıstana nüfuz etmiş, oradan da Romaya keçmişdi. Qədim dövrdə bu günahın nə qədər geniş yayıldığını təsəvvür etmək bizim üçün çətindir. Hətta Sokrat kimi böyük insan da homoseksual idi. Məlumdur ki, Platonun sevgi haqqında dünyanın ən böyük əsərlərindən biri hesab olunan dialoqu (Simpozium) təbii deyil, qeyri-təbii sevgiyə həsr edilmişdir. İlk on beş Roma imperatorundan on dördü bu günahda yaşayırdı. Paul bu məktubu yazanda Romada imperator Neron hökmranlıq edirdi. O, Sporus adlı bir oğlanı götürüb axtalatmış, sonra toy edərək onunla evlənmiş, onu sarayına gətirmiş və onunla arvadı kimi yaşamışdır. Pozğunluq içində itib-batan Neron Pifaqor adlı başqa bir adama ərə getmiş və onu əri adlandırmışdı. İmperator Neron taxtdan salınanda və Otton taxta çıxanda, Ottonun ilk işi Sporusu almaq oldu. İmperator Adrianın da adı Bitinyadan olan Antinous adlı bir gənclə hallanırdı. O, Antoniusla birlikdə yaşayırdı. Antoniusun ölümündən sonra imperator Adrian ona ilahəyə verilən şərəflər verdi, hər yerdə heykəllərini qoydurdu, adını ulduza verdi. Beləcə o, bu günahı əbədiləşdirdi. Erkən məsihçi dövründə həmin günah dünyaya utanc hissini unutdurmuşdu. Şübhəsiz ki, bu rəzillik sivilizasiyanın əsas tənəzzül səbəbi idi.
Təbii və qeyri-təbii günahların dəhşətli siyahısını verərək, Paul deyir: «Sizlərdən bəzisi belə idi». Məsihçiliyi onun gücünə görə qiymətləndirmək olar. Məsihçilik cəmiyyətin tullantısına çevrilmiş adamları insana çevirə bilərdi. Məsihçilik əvvəllər utanc hissini itirmiş insanları Allahın övladlarına çevirə bilərdi. Bütün dünyada olduğu kimi, Korinfdə də Məsihin qüdrətinin canlı şahidləri olan insanlar var idi. Rəbbin qüdrəti həmişə olduğu kimi təsirlidir. Heç kim özünü dəyişdirə bilməz, yalnız Məsih onu dəyişdirə bilər.
O dövrün bütpərəst və məsihçi ədəbiyyatı arasında ciddi fərq var. Paulun müasiri Seneka fəryad edir ki, insanlar «onları qaldırmaq üçün uzanmış bir əl»in həsrətindədirlər. O yazır: «İnsanlar öz zəifliklərini və ən aktual problemlərinin öhdəsindən gələ bilmədiklərini dərk edirlər. İnsanlar öz pisliklərini sevir, eyni zamanda onlara nifrət edirlər». O özünü homo non qolerabilis, yəni dözülməz insan adlandırırdı. Budur, azğınlığının və tənəzzülünün qarşısını heç nə ala bilməyən dünyaya hər şeyi yeniləmək qabiliyyətinə malik olan məsihçiliyin parlaq gücü daxil oldu.
12-20
Paul bir sıra problemləri həll etməyə başlayır və döyüş nidası ilə bitirir: «Beləliklə, bədəninizlə Allaha izzət gətirin». Yunanlar həmişə bədənə qarşı bir qədər aşağılayıcı münasibət bəsləyirdilər. Onların belə bir deyimi var idi: «Bədən — qəbir kimi bir şeydir». Epiktet deyirdi: «Yazıq ruhum bədənimə qandallanıb». Onlara görə, insanın canı və ruhu vacib sayılırdı. Bədəni isə əhəmiyyətsiz bir element hesab edirdilər. Buradan iki yanaşma formalaşdı: bəzilərində bu, bütün fiziki istəkləri və instinktləri boğmaq, eləcə də alçaltmaq üçün hər şeyi edən zahidlik kimi ifadə edilirdi. Korinfdə də üstünlük təşkil edən digər nöqteyi-nəzərə görə, əgər bədən heç bir dəyər və ya əhəmiyyət kəsb etmirsə, onunla istədiyin hər şeyi etmək olar. Bu mənzərə həvari Paulun təbliğ etdiyi məsihçi azadlığı nəzəriyyəsi ilə daha da mürəkkəbləşdi. Bir halda ki, məsihçi azad insandırsa, nə üçün o, istədiyini edə bilməz, xüsusən də heç bir dəyəri olmayan bədəni ilə?
Buna görə də, korinflilər öz gözündə ağıllı düşünüb belə deyirdilər: «Qoy bədən istədiyi kimi yaşasın. Bədən nə üçündür? Mədə yemək üçün, yemək də mədə üçündür. Təbii ki, yemək və mədə bir-birinə aiddir. Bədən də instinktləri təmin etmək üçündür, yəni cinsi əlaqəyə girmək üçündür, cinsi əlaqə də bədən üçündür. Odur ki, qoy istəklər, nəfslər yaradıldığı məqsədinə çatsın».
Paulun cavabı aydındır: mədə və yemək keçici şeylərdir. Gün gələcək ki, qarın da, yemək də yox olub gedəcək. Ancaq insan bədəni, insan şəxsiyyəti, bütövlükdə, yox olmayacaq. İnsan bu dünyada da, o biri dünyada da Məsihlə birlikdə olmaq üçün yaradılmışdır. Əgər insan zinaya yer versə, nə olar? Onun bədəni fahişə ilə birləşəcək, çünki Müqəddəs Yazılarda deyilir: «İkisi bir bədən olacaq» (Yaradılış 2:24). Bu o deməkdir ki, əslində Məsihə aid olan bədən başqasına verilir. Qeyd edək ki, Paul sistemli əsər yazmır, hər bir uyğun arqumentdən istifadə edərək ürək yanğısı ilə təbliğ edir və yalvarır. O deyir ki, bütün günahlar içərisində zina ən dəhşətli günahdır, çünki insan bədəninə əziyyət və rüsvayçılıq gətirir. Əslində, içki də eyni şeyi edə bilər. Lakin Paul məntiqi imla yazmır, korinflilərin canlarını və bədənlərini xilas etmək üçün yazır. Buna görə də o, iddia edir ki, bütün digər günahlar bədəndən kənardır. Bu günahla insan Məsihlə birləşmək üçün nəzərdə tutulmuş öz bədəninə qarşı günah edir. Sonra Paul fəryad edir: «Allahın Ruhu bizdə yaşadığı üçün biz Allahın məbədi olmuşuq. Buna görə də bədənimiz müqəddəsdir». Həm də Məsih insanın bir hissəsini xilas etmək üçün deyil, bütün bədəni və canını xilas etmək üçün öldü. Məsih insana xilas edilmiş can və təmizlənmiş bədən vermək üçün öldü. Buna görə insanın bədəni özünə aid deyil və onunla istədiyi kimi rəftar edə bilməz. Bədən Məsihə aiddir, insan öz bədənindən şəhvətini təmin etmək üçün deyil, Məsihin izzəti üçün istifadə etməlidir. Burada iki mühüm fikir var:
1) Paul israr edir ki, məsihçi hər şeyi etməkdə azad olsa da, heç nəyin əsarətinə çevrilməsinə icazə verməməlidir. Məsihçi imanının mahiyyəti insanı günahdan azad etmək deyil, ona günah etməmək azadlığı verməkdir. Vərdişlərə aludə olmaq çox asandır, lakin Məsihə olan imanımız onlara qalib gəlmək üçün bizə güc verir. İnsan Məsihə sidq ürəkdən iman edəndə bədənin qulu olmaqdan çıxır və onun ağasına çevrilir. İnsan tez-tez deyir: «İstədiyimi edəcəyəm», yəni aludə olduğu vərdişləri və ya ehtiraslarına tabe olacaq. Məsihin qüdrətini qəbul edəndə isə belə deyir: «Mən istədiyimi edə bilərəm, amma aludə olduğum vərdişlərin mənə hakim olmasına icazə verməyəcəyəm».
2) Paul bildirir ki, biz özümüzə aid deyilik. Bu dünyada heç bir insan özünü yaratmayıb. Məsihçi öz hüquqlarını deyil, vəzifəsini düşünür. O özünə aid olmadığı üçün istədiyini edə bilməz. O, həmişə Məsihin istədiyini edəcək, çünki Məsih onu canı bahasına satın alıb.
Korinflilərə məktub 7-15-ci fəsillərdə Korinf cəmiyyətinin Paula yazması və ondan məsləhət istəməsi ilə bağlı bir sıra məsələlərdən bəhs olunur. Paul bu bölməni belə bir cümlə ilə başlayır: «İndi isə... yazdığınıza gəlincə...» Müasir dillə belə səslənərdi: «Sizin məktubunuza cavab olaraq...» Hər bir problemə ayrıca baxacağıq. 7-ci fəsildə nikah məsələlərindən bəhs edilir. Korinf imanlı cəmiyyətini maraqlandıran və Paulun cavablandırdığı sualların qısa siyahısı belədir.
1 və 2-ci ayələr: məsihçilərin heç evlənməməli olduğunu düşünənlərə məsləhət.
3-7-ci ayələr: hətta nikahda olanların da cinsi əlaqədən çəkinmələrini israr edənlərə məsləhət.
8 və 9-cu ayələr: evli olmayanlara və dul qadınlara məsləhət.
10 və 11-ci ayələr: evli insanların boşanmalı olduğunu düşünənlərə məsləhət.
12-17-ci ayələr: ər-arvaddan biri məsihçi, digəri isə bütpərəst olduğu halda, bu nikahın pozulmalı olduğunu düşünənlərə məsləhət.
18-24-cü ayələr: məsihçinin hansı vəziyyətdə olmasından asılı olmayaraq, məsihçi həyat tərzi yaşamaq üçün tövsiyələr.
25 və 36-38-ci ayələr: bakirə qızlar haqqında nəsihət.
26-35-ci ayələr: Paul məsihçiləri Məsihə xidmətdə cəmləşməyə çağırır, çünki vaxt azdır və O, tezliklə yenidən gələcək.
38-40-cı ayələr: yenidən evlənmək istəyənlərə məsləhət.
Bu fəsil iki səbəbə görə hərtərəfli öyrənilməlidir:
1) Paul o dövrdə dünyanın ən əxlaqsız şəhəri olan Korinfə yazmışdı. Belə bir mühitdə yaşayıb daha sərt qaydalara riayət etmək, sərbəst olmaqdan daha yaxşıdır.
2) Hər bir cavabda əminliklə vurğulanır ki, Məsihin İkinci Gəlişi çox yaxındır. Bu gözlənti Paulun dövründə özünü doğrultmasa da, Paul verdiyi məsləhətin müvəqqəti xarakter daşıdığına əmin idi. Əgər o bilsəydi ki, onun verdiyi məsləhətlər uzun illər ərzində qüvvədə olacaq, şübhəsiz ki, onları başqa cür ifadə edərdi. Gəlin fəsilə ətraflı baxaq.