7-ci fəsil
1-2
TAMAMİLƏ TƏRKİ-DÜNYA OLMAQ
(1Korinflilərə 7:1-2)
Biz
artıq gördük ki, Yunan düşüncə tərzində bədənə və onun
funksiyalarına nifrət etmək üstünlük təşkil edirdi. Bu
tendensiya belə bir nəticəyə gətirib çıxarmışdı: «İnsan
bədəninin heç bir əhəmiyyəti yoxdur. Ona görə də qoy nə
istəyirsə, onu da etsin». Ancaq bu tendensiya tamamilə əks
mənaya səbəb olurdu: «Bədən pislikdir, ona görə də onu
özümüzə tabe etdirməliyik və ya tamamilə məhv etməliyik. Bu
da mümkün deyilsə, onun təbiətinə xas olan instinktlərdən və
istəklərdən imtina etməliyik». Burada Paul ikinci münasibəti
nəzərdən keçirir. Bəzi korinflilər güman edirdilər ki, sözün
həqiqi mənasında, məsihçi olmaq istəyən şəxs cismani
istəklərdən və evliliyin bütün instinktlərindən əl
çəkməlidir.
Paulun
cavabı çox praktikdir. Mahiyyət etibarı ilə o deyir: «Harada
yaşadığınızı unutmayın. Yaddan çıxarmayın ki, siz Korinfdə
yaşayırsınız. Orada elə bir küçə yoxdur ki, günaha rast
gəlinməsin. Fiziki təbiətinizi və sağlam instinktlərə malik
olduğunuzu da unutmayın. Günaha batmaqdansa, evlənmək yaxşıdır».
Bu
fikirlər elə səslənir ki, sanki Paul evliliyə xor baxır. Sanki
o, məsihçilərə pis aqibətdən qaçmaq üçün evlənməyi
tövsiyə edir. Əslində, o, evlilik barədə ümumi bir qaydanı
izah edir: insan gücü çatmayan həyat tərzi sürməyə
çalışmamalıdır. O, vəsvəsələrə düçar olacağı yolda
addımlamamalıdır. Paul yaxşı bilirdi ki, bütün insanlar eyni
deyil: «Özünüzü yoxlayın və məsihçi həyatını ən yaxşı
şəkildə yaşaya biləcəyiniz həyat tərzini seçin; sizin üçün
mümkün olmayan və qeyri-təbii həyat standartlarını özünüzə
tətbiq etməyə çalışmayın».
3-7
NİKAH — İTTİFAQDIR
(1Korinflilərə 7:3-7)
Korinfdəki
imanlı cəmiyyətində hakim olan «həqiqi məsihçi olmaq istəyən
evli insanlar cinsi münasibətdən çəkinməlidir» fikrinə Paulun
cavabı belədir. Bu, insan bədəninin, onun təbii istəklərinin,
mahiyyət etibarilə, şər olması haqqında yuxarıda qeyd
etdiyimiz fikrin növbəti ifadəsidir. Paul burada çox vacib olan
bir prinsipi ortaya qoyur. Nikah — iki nəfərin ittifaqıdır. Ər
arvadından müstəqil hərəkət edə bilməz, necə ki, arvad
ərindən müstəqil hərəkət edə bilmir. Onlar qarşılıqlı
razılıq əsasında hərəkət etməlidirlər. Ər arvadına öz
istəklərini təmin etmək vasitəsi kimi baxmamalıdır. Nikah
münasibətləri həm fiziki, həm də ruhani cəhətdən fiziki
tələbatları və istəkləri ən yüksək səviyyədə təmin
etməlidir. Xüsusi oruc və dua zamanı cinsi münasibətdən
çəkinmək münasibdir. Lakin bu, qarşılıqlı razılıq əsasında
və yalnız müəyyən müddət üçün edilməlidir. Əks halda, bu,
vəsvəsələrə səbəb ola bilər.
Yenə
də elə təəssürat yaranır ki, Paul evliliyin əhəmiyyətini
aşağı salır. O, bəyan edir ki, onun dedikləri ideal bir
göstəriş deyil, insan zəifliyinin qarşılığında ağlabatan
güzəştdir. İdeal halda, o, hamının özü kimi olmasını
istərdi. Paul bununla nə demək istəyirdi? Biz yalnız təxmin edə
bilərik. Güman edə bilərik ki, Paul bir vaxtlar evli olub.
1)
Bizim fərziyyəmiz ümumi mülahizələrə əsaslanır. Paul bir
vaxtlar ravvin idi. O, yəhudi qanunlarının və ənənələrinin
qoyduğu bütün tələbləri və öhdəlikləri yerinə yetirdiyini
iddia edirdi. Ortodoksal yəhudi inancına görə evlənmək məcburi
idi. Evlənməyən və övladı olmayan bir adam haqqında deyirdilər
ki, o, «nəslini məhv edib» — «dünyada Allahın surətini
kiçildib». Cənnət yeddi günahdan birini edən günahkarların
üzünə bağlı sayılırdı. Günahların siyahısı belə
başlayırdı: «Arvadı olmayan və ya övladı olmayan yəhudi».
Allah demişdi: «Törəyib çoxalın». Buna görə də evlənməmək
və uşaq sahibi olmamaq Allahın əmrlərindən birini pozmaq demək
idi. On səkkiz yaş evlilik üçün uyğun yaş hesab olunurdu və
buna görə də Paul kimi dindar və ortodoks bir yəhudinin bir
vaxtlar evli olması ehtimalı yüksəkdir.
2)
Paulun vaxtilə evli olduğunu güman etmək üçün başqa səbəblər
də var. O, Ali Şuranın üzvü olmalı idi, çünki məsihçilərin
əleyhinə səs verdiyini deyirdi (Həvarilərin
işləri 26:10). Belə bir qayda
var idi ki, Ali Şuranın üzvü olan kişilər evli olmalıdırlar,
çünki evli kişilər daha mərhəmətli hesab olunurdular. Ola
bilsin, Paulun arvadı ölmüşdür. Lakin daha çox ehtimal edilir
ki, o, məsihçi olduqdan sonra arvadı onu tərk etmişdi. Belə ki,
o, həqiqətən, Məsih üçün hər şeyini qurban vermişdi. Necə
olursa olsun, Paulun nikahda olması qeyd edilmir və o, yenidən
evlənməmişdir. Evli adam heç vaxt Paulun yaşadığı zəvvar
həyatını yaşaya bilməzdi.
Paul
başqalarının ona bənzəməyini istəyirdi, çünki o, Məsihin
İkinci Gəlişinin tez olacağını gözləyirdi. Onun fikrincə,
vaxt o qədər məhdududur ki, dünyəvi və fiziki hər şeyi
həyatdan çıxarmaq lazım idi. Paul nikaha heç də xor baxmırdı.
O, insanların diqqətlərini və düşüncələrini Məsihin
gəlişinə yönəltmələrinə təkid edirdi.
8-16
QIRILMAMALI OLAN BAĞ
(1Korinflilərə 7:8-16)
Burada
Paul üç müxtəlif qrup insana müraciət edir:
1)
Subay və dullara.
Paul hesab edirdi ki, dünyanın sonu yaxınlaşdığına görə
insanların nikah bağlamaması daha yaxşıdır. Lakin o, bir daha
xəbərdarlıq edir ki, təhlükəli sınaqlara məruz qalmasınlar.
Əgər təbiətcə həssasdırlarsa, evlənsələr, daha yaxşıdır.
O, yaxşı başa düşürdü ki, heç kim hamı üçün eyni həyat
qaydalarını qoya bilməz. Çox şey insanın özündən asılıdır.
2)
Evlilərə.
Paul boşanmanı qadağan edir və bildirir ki, İsa da bunu qadağan
edib (Mark 10:9; Luka 16:18).
Əgər kimsə boşanırsa, ona yenidən evlənmək qadağandır. Bu,
sərt görünə bilər. Amma Korinfdə əxlaqsızlıq tüğyan etdiyi
üçün və bu azğınlıq imanlı cəmiyyətinə nüfuz etməsin
deyə bu qədər yüksək standartlar qoymaq müdrik addım idi.
3)
Məsihçilərin bütpərəstlərlə
evliliyi. Bu məsələdə Paul
Məsihin xüsusi əmrinə arxalanmır, buna görə də özü qərar
verməli olur. Ehtimallara görə, bu məsələ Korinf imanlı
cəmiyyətində müzakirə olunurdu. Belə ki, məsihçinin
bütpərəstlə yaşaya bilməyəcəyini düşünən insanlar var
idi. Onlar hesab edirdilər ki, əgər ər-arvaddan biri vəftiz
olunaraq Məsihi qəbul edibsə, digəri bütpərəst qalıbsa, onlar
dərhal boşanmalıdır.
Həqiqətən
də, bütpərəstlərin məsihçiliklə bağlı ən çox şikayət
etdiyi məqamlardan biri məhz məsihçiliyin ailələri dağıtması
və cəmiyyətə dağıdıcı təsir göstərməsi idi. «Ailə
münasibətlərinin pozulması» məsihçilərə qarşı irəli
sürülən ilk ittihamlardan biridir (1Peter
4:15).
Bəzən
məsihçilər, doğrudan da, çox yüksək standartlar qoyurdular.
Valideynlərin
kimdir? — bir dəfə hakim Antakyalı Lukianosdan soruşdu.
Mən
məsihçiyəm, — deyə Lukianos cavab verdi, — məsihçilərin
yeganə qohumları möminlərdir.
Qarışıq
evliliklər, şübhəsiz ki, müxtəlif çətinliklərə səbəb
olurdu. Tertullian onlar haqqında kitab yazıb. Orada bütpərəst
ərin arvadına qəzəbləndiyi təsvir edilir:
«...qardaşlarını
ziyarət etmək üçün qadın küçəbəküçə, şəhərbəşəhər
gəzir, başqa kişilərin, xüsusən də yoxsulların evlərinə baş
çəkirdi. Əri arvadının gecə məclislərində və Pasxa
bayramında iştirak etməsinə icazə vermək istəmir... arvadının
Məsihə görə həbs olunan qardaşına baş çəkib, onun
zəncirlərini öpmək və qardaşlardan birini müqəddəs öpüş
ilə salamlamasına dözməz».
(Erkən
məsihçilik dövründə imanlılar bir-birilərini müqəddəs
öpüşlə salamlayırdılar.) Doğrudan da, bütpərəst əri başa
düşmək çətin deyil.
Paul
bu problemi ruhani müdrikliklə həll edir. O, bu çətinlikləri
bilirdi və vəziyyəti daha da qəlizləşdirmək istəmirdi. Buna
görə də Paul bəyan edir ki, əgər ər-arvad birlikdə ailə
həyatı yaşaya bilirlərsə, onda onların istəkləri hər vasitə
ilə təşviq edilməlidir. Yox, əgər ayrılmaq qərarına gəlsələr
və birlikdə yaşamağı dözülməz hesab edərlərsə,
boşansınlar, çünki məsihçi heç vaxt qul olmamalıdır.
Paul
bu gün də aktual olan iki məqamı qeyd edir.
1)
O deyir ki, imansız həyat yoldaşı imanlı həyat yoldaşı
vasitəsilə təqdis olunur. Axı onların hər ikisi bir bədən
olub. Belə olan halda, möcüzə odur ki, bütpərəstliyin pisliyi
deyil, məsihçiliyin mərhəməti qalib gəlir. Məsihçilik onunla
təmasda olan hər şeyi nəcibləşdirir. Əgər valideynlərdən
biri belə məsihçidirsə, o ailədə doğulan uşaq Məsihin
ailəsində doğulur. Bütpərəst və məsihçinin evliliyində
önəmli olan möminin günahın hökmranlığı mühitinə daxil
olması deyil, kafir bütpərəstin mərhəmət ab-havası ilə
təmasda olmasıdır.
2)
Paul daha bir gözəl fikir irəli sürür: belə ittifaq imansız
həyat yoldaşının xilası üçün bir yol ola biləcək. Paula
görə, Müjdəni təbliğ etmək ailədən başlayır. İmansız
bütpərəstlərə çəkinməsi lazım olan murdar bir şey kimi
deyil, Məsihə gətiriləcək bir oğul və ya qız kimi baxmaq
lazımdır. Paul bu müqəddəs həqiqəti bilirdi: insana göstərilən
məhəbbət çox vaxt Allaha gedən məhəbbət yoluna aparır.
17-24
BİZİ ÇAĞIRDIĞI YERDƏ
ALLAHA XİDMƏT ETMƏK (1Korinflilərə 7:17-24)
Paul
məsihçiliyin ilk qaydalarından birini açıqlayır: «Olduğun
yerdə məsihçi ol». Məsihə iman edən adam işini atır, sosial
mühitini tərk edir, yeni həyata başlamaq istəyirdi. Görünür,
belə hallar Paulun dövründə tez-tez olurdu. Lakin Paul təkid
edir: məsələ insana yeni həyat vermək deyil, onun əvvəlki
həyatını dəyişdirmək, onu fərqli etməkdir. Qoy yəhudi yəhudi
kimi, qeyri-yəhudi isə qeyri-yəhudi kimi qalsın. İrq və onun
əlamətlərinin heç bir mənası yoxdur. Önəmli olan insanın
həyat tərzidir. Bir zamanlar kiniklər iddia edirdilər ki, insan
sosial statusuna görə qul olsa da, təbiətcə qul ola bilməz.
Yalançı isə heç vaxt həqiqi azad insan ola bilməz, həmişə
qul olaraq qalır. Paul onlara xatırladır ki, istər qul, istərsə
də azad adamlar olsunlar, onlar Məsihin qullarıdırlar, çünki
Məsih onları baha qiymətə alıb.
Paulun
təsəvvüründə bir mənzərə canlanır. Antik dövrdə qul böyük
səy bahasına özünü köləlikdən satın ala və azad ola
bilərdi. O, boş vaxt tapan kimi istənilən işi görür və bir
neçə misgər qazanırdı. Ağası onun bu cüzi qazancından da öz
payını tələb etmək hüququna malik idi. Amma qul qazandığı
hər qəpiyi hansısa tanrının məbədində saxlayırdı.
Beləliklə, uzun illərdən sonra məbəddə lazım olan pulu nağd
şəkildə toplayıb, sahibini ora gətirirdi. Bütpərəst kahin
həmin pulu ağasına verir, bundan sonra qul simvolik olaraq
tanrının mülkünə çevrilir və azad olurdu. Paulun nəzərdə
tutduğu da elə bu idi. Məsihçi Məsih tərəfindən satın
alınmışdır. Buna görə də onun hansı mövqedə olduğunun
fərqi yoxdur, o, bütün insanlardan azaddır, çünki Məsihə
aiddir.
Paul
qeyd edir ki, məsihçilik insanı real həyatdan uzaqlaşdırmır və
onu hazırkı vəziyyətindən narazı olmağa çağırmır. Məsih
insana harada olursa olsun, özünü Məsihin xidmətçisi kimi
aparmağı öyrədir. İmanlı hətta insan gözündə ən
əhəmiyyətsiz işi belə, insanlar üçün deyil, Məsih üçün
edir.
25
ÇƏTİN MƏSƏLƏ İLƏ BAĞLI
MÜDRİK MƏSLƏHƏT (1Korinflilərə 7:25,36-38)
25-38-ci
ayələr bir abzas təşkil etsə də, ayrılıqda nəzərdən
keçirilməsi daha asan olan iki hissəyə bölünür.
25-ci
və 36-38-ci
ayələr qızların bakirəliyi məsələsinə toxunur və aradakı
26-35-ci
ayələr bütün fəsildə verilən məsləhətləri əsaslandırır.
Lakin bakirəliklə bağlı məsələ həmişə problem yaratmışdır.
Bu hissənin üç müxtəlif şərhi verilmişdir:
1)
Bu hissəyə subay qızlarının evlənməsi məsələsində atalara
verilən nəsihət kimi baxılır. Paulun orijinalda qız övladını
nəzərdə tutduğu halda bakirə
sözünü nə üçün işlətdiyini başa düşmək çətindir. Əgər
qızı nəzərdə tutursa, nə üçün ataya «bakirəlik» barədə
danışmağı təklif edir?
2)
Belə hesab olunurdu ki, bu, çox qəliz məsələ idi və illər
sonra bir çox Kilsə Şurasının həll etməyə çalışdığı,
amma öhdəsindən gələ bilmədiyi ciddi problemə çevrilmişdi.
Təbii ki, sonradan qadınla kişinin bir evdə yaşaması, hətta
bir çarpayıda birgə yatması normaya çevrildi, baxmayaraq ki,
aralarında cinsi münasibət olmurdu. Məsələ onda idi ki, əgər
kişilər və qadınlar özlərinə hakim ola bilib, ruhən yaxın
olmağı bacarır, ruhani həyatı bir-biriləri ilə bölüşür,
cismani olan hər şeyi bu münasibətdən tamamilə
kənarlaşdırırdılarsa, bu, çox təqdirəlayiq hal hesab
edilirdi. Biz bunun arxasında dayanan ideyanı, yəni insan
münasibətlərini bütün ehtiraslardan təmizləmək ideyasını
başa düşə bilərik. Eyni zamanda belə bir təcrübənin nə
qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib
çıxardığını da gözəl anlayırıq. Kişi ilə belə münasibət
saxlayan qadına bakirə deyilirdi. Ola bilsin, bu adət Korinfdəki
imanlı cəmiyyətində də mövcud idi. Əgər bu, həqiqətən də,
belə idisə (biz belə olduğunu güman edirik), o zaman Paul deyir:
«Əgər siz bu çətin vəziyyətin öhdəsindən gələ
bilirsinizsə, onu davam etdirmək üçün kifayət qədər intizamlı
və özünüzə hakimsinizsə, onda belə etmək yaxşıdır. Yox,
əgər bunu etməyə cəhd etsəniz və insan təbiətinə həddindən
artıq yük olduğunu görsəniz, onda evlənsəniz daha yaxşıdır.
Buna görə sizi heç kəs məzəmmət etməyəcəkdir».
3)
Bu hissənin yuxarıdakı təfsirini düzgün hesab etsək də, qeyd
etməli olduğumuz başqa bir şərh də var. Belə güman olunur ki,
Korinfdə nikah mərasimindən keçən, lakin özlərini tamamilə
ruhani həyata həsr etmək üçün nəfsinə hakim olan və ər-arvad
kimi yaşamayan kişi və qadınlar da olub. Ola bilsin, onlar
sonradan anlayıblar ki, belə bir qərar verməklə özlərini
imtahana salıblar. Bu halda Paul deyərdi: «Əgər əhdinizə əməl
edə bilirsinizsə, bu, yaxşıdır. Yox, bacarmırsınızsa, bunu
açıq etiraf edin və bir-birinizlə normal münasibət qurun».
Bizə
belə münasibətlər təhlükəli, qeyri-təbii və hətta zərərli
görünür. Əslində, belə də idi. Sonradan imanlı cəmiyyəti
belə bir əlaqəni rədd etmək məcburiyyətində qaldı. Ancaq bu
vəziyyətdə Paulun məsləhəti müdrikcəsinə idi. Paul
mahiyyətcə üç prinsipdən bəhs edir:
1)
Özünütərbiyə — gözəl bir şeydir. İnsanın özünü
cilovladığı və hisslərinə tam nəzarət etdiyi istənilən yol
əla yoldur. Lakin təbii instinktlərin aradan qaldırılması
məsihçi təliminin tərkib hissəsi deyil: əksinə, məsihçilər
nikah vasitəsilə Allahı izzətləndirməlidirlər.
2)
Faktiki olaraq, Paul deyir: «İman yolunuzu qeyri-təbii bir şeyə
çevirməyin». Rahiblərin, zahidlərin, rahibələrin etdikləri də
məhz budur. Onlar həqiqi dindar olmaq üçün normal insan instinkt
və hisslərini boğmağı zəruri hesab edirlər. Onlar hətta
Allaha ibadət etmək naminə kişi və qadınların gündəlik
həyatlarından ayrılmasını zəruri hesab edirlər. Lakin
məsihçilik heç vaxt normal insan həyatını ləğv etmək
niyyətində olmayıb. Əksinə, məsihçiliyin məqsədi insan
həyatını Allahın izzətinə bürüməkdir.
3)
Sonda Paul deyir: «İman yolunuzu əzab-əziyyətə çevirməyin».
Noks danışır ki, gəncliyində dinin insanlara təzyiq və
gərginlik vasitəsi olduğunu düşünürdü. Günlərin bir günü
çox sevdiyi keşiş onun yanına gəlib deyir: «Qulaq as, Noks,
dini əzaba çevirmə». Robert Börns haqqında deyilirdi ki, onun
imanı «ona kömək etməkdənsə, onu təqib edir». İnsan Allahın
ona verdiyi bədəndən, Allahın ona verdiyi qəlbdən, onda yaşayan
təbii instinktdən utanmamalıdır. Məsihçilik insana təbii
hisslərini öz həyatından çıxarmağı deyil, onlardan saf
niyyətlə istifadə etməyi öyrədir. İnsani məhəbbətdən də
Allahın ən ülvi ənamı kimi istifadə etməyi öyrədir.
26-35
VAXT QISADIR (1Korinflilərə
7:26-35)
Təəssüf
ki, Paul 7-ci
fəslə bu hissə ilə başlamır. Çünki burada o öz mövqeyinin
mahiyyətini izah edir. Fəsil boyu bizdə belə bir təəssürat
yarandı ki, Paul nikahın əhəmiyyətini bir qədər kiçildir.
Dəfələrlə bizdə belə bir təəssürat yarandı ki, Paul
evliliyə əxlaqsızlıqdan və zinadan qaçmaq üçün yalnız
güzəşt kimi icazə verir, sanki evlilik müqayisədə nisbətən
yaxşıdır. Biz gördük ki, yəhudilər evliliyi yüksək tutub,
onu müqəddəs vəzifə sayırdılar. Yəhudi ənənəsinə görə,
evlənməmək üçün yalnız bir mühüm səbəb ola bilərdi —
Qanunu öyrənmək. Ravvin ben Azay belə deyirdi: «Evlənmək mənim
nəyimə lazımdır? Mən Qanuna aşiqəm. Nəsil davam etdirmək
barədə qoy başqaları düşünsün». Yunan aləmində stoik
filosof Epiktet evlənməmişdi. O, bir müəllim kimi dünya üçün
özünün bir və ya iki «fındıqburun övlad» yetişdirməkdən
qat-qat çox iş gördüyünü deyirdi. Sonra əlavə edirdi:
«Vəzifəsi bəşəriyyətə öyrətmək olan bir insandan uşağını
çimizdirmək üçün qabda su qızdırmağı kim gözləyə bilər?»
Amma bu nöqteyi-nəzər nə yəhudilər, nə də məsihçilər
tərəfindən qəbul edilirdi.
Paul
da belə düşünmürdü. Bir neçə il sonra Efeslilərə məktub
yazanda o, fərqli bir baxış təqdim etdi. Bu məktubda o, ər-arvad
arasındakı münasibəti Məsihlə İmanlı Cəmiyyəti arasındakı
münasibətin simvolik nümunəsi kimi istifadə edir (Efeslilərə
5:22-26). Korinflilərə məktublar
yazdığı vaxt Paulun düşüncəsində hər an Məsihin İkinci
Gəlişi hakim idi. Buna görə də o, burada böhran zamanı
davranış normalarını izah edir. «Çünki bu dünyanın indiki
vəziyyəti keçib-gedir». O, Məsihin tezliklə gələcəyinə elə
inanırdı ki, buna hazırlaşmaq üçün hər şeyi bir kənara
qoymağı lazım bilirdi. Əgər Məsihin Gəlişinə hazırlaşmağa
nəsə mane olurdusa, fərqi yoxdur, bu vacib iş və ya dəyərli
münasibət olsun, bir kənara qoymaq lazım idi. Məsih ona ayağa
qalxıb, getməyi əmr etdiyi anda insan heç nəyə bağlı
qalmamalıdır. O, yalnız Məsihi razı salmaq barədə
düşünməlidir. Əgər Paul bilsəydi ki, o və onun imana
gətirdikləri adamlar stabil uzun ömür sürəcəklər, o, belə
bir şey yazmazdı. Efeslilərə məktub yazarkən isə Paul insan
həyatının sabitliyini dərk edirdi və evliliyi insan həyatında
ən qiymətli şey, hətta Məsih və İmanlı Cəmiyyəti arasındakı
münasibətlə müqayisə oluna bilən yeganə nümunə kimi görürdü.
Qeyd etmək yerinə düşər ki, evimiz iki mühüm funksiyanı
daşıyır. Ev məsihçi həyat tərzi sürmək üçün ən nəcib
yerdir. Təəssüf ki, biz evdə tez-tez narazı, tənqidi və kobud
olur, bizi sevən insanlara qarşı heç vaxt yad adamla rəftar
etməyə cürət edə bilməyəcəyimiz şəkildə davranırıq.
Ev
həm də bizə bu dünyaya mümkün qədər yaxın yaşamaq üçün
güc və rahatlıq verən yerdir. Bu fəsildə Paul nikahı iki
şərdən ən zəifi hesab edir, çünki o, inanırdı ki, bu dünyada
sayılı günləri qalıb. Amma elə gün gəldi ki, o, evliliyi
dünyanın ən yaxşı insan münasibəti kimi gördü.
36-38
1Korinflilərə
7:36-38-in şərhinə
1Korinflilərə 7:25
bölməsində baxın.
39-40
İKİNCİ NİKAH (1Korinfilərə
7:39-40)
Paul
yenə də ardıcıllığına davam edir. Nikah yalnız ölümlə
pozula bilən bir münasibət olmalıdır. Yenidən evlənmək məqbul
idi. Lakin Paul dul qadının dul qalmasına üstünlük verirdi. Biz
artıq bilirik ki, Paul bunu böhran dövrü üçün, onun fikrincə,
Məsihin tezliklə ikinci gəlişi ərəfəsində deyib. İkinci
nikah, müxtəlif nöqteyi-nəzərdən sağ qalan həyat yoldaşının
mərhumu əvəz etməsidir. Bu onu göstərir ki, ərin və ya
arvadın ölməsi ilə digər həyat yoldaşı tənha qalır. Yəni
evlilik o qədər yaxşıdır ki, tərəddüd etmədən yenidən
nikah qurmaq olar. Buna görə də ikinci nikah ölən şəxsə qarşı
hörmətsizlik deyil, əksinə, mərhum üçün şərəf əlaməti
ola bilər.
Paul
bir şərt qoyur: «lakin o... Rəbdə
olmalıdır». Başqa sözlə,
ikinci nikah yalnız məsihçilər arasında olmalıdır. Dünyəvi
ilə evlilik nadir hallarda uğurlu olur. Bir dəfə Plutarx belə
demişdi: «Ər-arvad eyni dinə etiqad etmədikcə, onların
evliliyi xoşbəxt ola bilməz». Ən ali məhəbbət o zaman gəlir
ki, ər-arvad bir-birini sevir və onların sevgisi Məsihə olan
ümumi sevgi ilə təqdis olunur. Çünki o zaman onlar nəinki
birlikdə yaşayır, həm də birlikdə dua edirlər. Onların həyatı
və sevgisi birləşir və Allaha davamlı ibadət halına gəlir.