8-ci fəsil
1-13
8,
9 və 10-cu
fəsillər çox da vacib görünməyən, lakin Korinf üçün böyük
əhəmiyyət kəsb edən və həllini tələb edən problemdən bəhs
edir. Bütlərə qurban kəsilən əti yemək olar, ya yox? Bu
fəsillərin təfərrüatlı tədqiqinə başlamazdan əvvəl
problemi izah etmək və onların korinflilərin həyatında baş
verdiyi vaxt Paulun təklif etdiyi həll yollarını qeyd etmək
məqsədəuyğundur.
Tanrılara
qurban kəsmək qədim dünyada həyatın ayrılmaz hissəsi idi.
Həmin qurbanlar iki cür — şəxsi və ictimai olurdu. Hər iki
halda, yandırma qurbanı qurbangaha bütöv şəkildə təqdim
olunmurdu. Simvolik olaraq kiçik bir hissəsi, məsələn, alından
kəsilmiş tük gətirilirdi.
Şəxsi
gətirilən qurbanlıq heyvan,
belə demək mümkünsə, üç yerə bölünürdü. Birinci, simvolik
hissə qurbangahda yandırılırdı. İkincisi hissəni —
qabırğaları, budu və başın sol tərəfini — bütpərəst
kahinlər haqlı pay kimi götürürdülər. Qurbanın qalan hissəsi
ibadət edənin özünə düşürdü. O, qurban əti ilə ziyafət
təşkil edirdi. Bu, çox vaxt xüsusilə toy günü edilirdi.
Ziyafət bəzən ev sahibinin evində, bəzən də qurban kəsilən
tanrının məbədində keçirilirdi. Məsələn, bizim dövrə qədər
gəlib çatan papirus üzərində yazılmış şam yeməyinə
dəvətnamə var: «Ptolemeyin oğlu Antoni sizi Rəbbimiz Serapisin
süfrəsində onunla nahar etməyə dəvət edir». Serapis —
qurban gətirilən tanrıdır. Korinfdəki imanlıları belə bir
sual maraqlandırırdı: «O, belə ziyafətlərdə iştirak edə
bilərmi? Bütə təqdim olunan qurban ətini ağzına ala bilərmi?»
Əgər cavab «yox!»dursa, onda o özünü bütün dövlət
bayramlarından tamamilə məhrum edərdi.
İctimai,
yəni dövlət tərəfindən təşkil edilən qurbanlar zamanı (belə
qurbanlar tez-tez təşkil edilirdi) ətin simvolik hissəsi
yandırıldıqdan və kahinlər öz paylarını aldıqdan sonra,
qalan hissəsi şəhər məmurlarına və s. sakinlərə paylanırdı.
Qalanını isə dükanlara, bazarlara satılmağa verirdilər. Buna
görə də ət bazardan alınsa belə, bütə gətirilmiş qurbanlıq
ət ola bilərdi.
O
dövrdə cinlərə və şeytanlara inanc bu problemi daha da
çətinləşdirirdi. Onlar hər yerdə idi və daim insana girməyə
çalışırdı. Əgər onlar buna müvəffəq olurdusa, bədənə
zərər verir və zehni pozurdu. Şər ruhların və cinlərin
insanlara daxil olma yollarından biri yemək vasitəsilə idi. Onlar
yeməyə hopub, insanın bədəninə girirdi. Bu bədbəxtliyin
qarşısını almağın bir yolu yeməyi şər ruha zidd olan hansısa
yaxşı tanrıya həsr etmək idi. Bu səbəbdən, demək olar ki,
bütün heyvanlar kəsilməzdən əvvəl hansısa tanrıya ithaf
olunurdu. Başqa sözlə, heyvanın ətinə yeməkdən əvvəl
tanrının adı ilə xeyir-dua verilirdi.
Bu
o demək idi ki, bu və ya digər bütpərəst tanrının adı ilə
bağlı olmayan əti almaq və ya yemək mümkün deyildi. Bəs
məsihçi bütə gətirilən əti yeyə bilərdimi? Bizim üçün bu
problem yalnız tarixi maraq doğurur. Lakin Korinf və ya hər hansı
bir qədim Yunan şəhərində yaşayan məsihçilər üçün bu
problem onların bütün həyatını müəyyənləşdirir və həllini
tələb edirdi.
Paulun
cavabı bir neçə hissədən ibarətdir:
1)
Paul 8-ci fəsildə
deyir ki, imanlı Məsihdə möhkəmlənməyən qardaşını incidə
biləcək heç bir şey etməməlidir. Hətta təqdis olunmuş
məsihçi bütlərə yoluxmaq təhlükəsi hiss etmirsə və ya bütün
sadəcə mövcud olmayan bir şeyin simvolu olduğuna inanırsa,
qardaşını incidə biləcək heç bir şey etməməlidir.
2)
9-cu fəsildə
Paul məsihçi azadlığı prinsipinin tərəfdarlarına müraciət
edərək qeyd edir ki, o, bu prinsipi yaxşı bilir, lakin imanlı
cəmiyyəti naminə qəsdən çox şeydən çəkinir. O, həm məsihçi
azadlığı prinsipini, həm də məsihçi borcu prinsipini yaxşı
bilir.
3)
10-cu fəslin 1-13-cü ayələrində
o, məsihçi mənsubluğunun və imtiyazlı mövqelərinin onları
bütlərə yoluxmaqdan effektiv şəkildə qoruduğunu iddia edənlərə
müraciət edir. Paul Allahın seçilmiş xalqının bütün
imtiyazlarına malik olan və buna baxmayaraq, günaha batmış
İsrail xalqını misal gətirir.
4)
10-cu fəsil, 14-22-ci ayələrdə
bildirir ki, Rəbbin süfrəsində oturan adam bütpərəst tanrının
süfrəsində otura bilməz, hətta o tanrı mövcud olmasa belə...
Doğrudan da, hansısa yalançı tanrıya həsr olunan əti əvvəllər
Rəbbin süfrəsindən yeyən ağıza qoymaq məqbul deyil.
5)
10:23-26-cı
fəsildə
o, həddən artıq höcətləşməmək barədə xəbərdarlıq edir.
İnsan dükanlarda, bazarlarda satılanı sorğulamadan ala bilər.
6)
10:27-28-ci
fəsildə
başqasının evində özünü necə aparmaq barədə məsləhət
verir. Orada məsihçi sual vermədən qarşısına qoyulan hər şeyi
yeyə bilər. Lakin ona ətin bütlərə qurban təqdim edildiyini
söyləsələr, bu onun məsihçi prinsipinə zidd olduğuna görə,
yeməkdən imtina etməlidir.
7)
Sonda 10:29-33
və 11:1-ci
fəsillərdə
Paul məsihçilərin davranışının qüsursuz olması prinsipini
ortaya qoyur. Belə ki, bu qüsursuz davranış nə yəhudiləri, nə
də qeyri-yəhudiləri heç bir şəkildə incitməlidir. Kimisə
incitməkdənsə, haqqı qurban vermək daha yaxşıdır. İndi isə
bu fəsillərə ətraflı baxa bilərik.
MÜDRİKLƏRƏ NƏSİHƏT
(1Korinflilərə 8)
Biz
gördük ki, Yunanıstan şəhərində kimsə bütlərə təqdim
edilən yeməkdən imtina edərsə, onun üçün problemlərdən
qaçmaq nə qədər çətin olub. Yalnız bəzi Korinf imanlıları
üçün bu problem əhəmiyyətsiz idi. Onlar hesab edirdilər ki,
onların dərk etdiyi həqiqətlər onlara qəti şəkildə bütpərəst
tanrıların mövcud olmadığını söyləyir. Buna görə də
məsihçi bütlərə qurban kəsilən əti vicdan əzabı çəkmədən
yeyə bilər. Əslində Paulun buna iki cavabı var. Biri 10:20-də
verilir: burada Paul deyir ki, bütpərəst tanrıların mövcud
olmadığı fikri ilə tamamilə razı olsa da, bu ruhlar və cinlər
mövcuddur və bütlərin arxasında dayanır. Onlar insanları
həqiqi Allaha inanmaqdan döndərməyə çalışır.
Bu
hissədə isə o, daha sadə arqumentdən istifadə edir. O
xatırladır ki, Korinfdə həyatları boyu bütpərəst tanrılara
səcdə edən və imana gəldikdən sonra hələ də onlara inanan
insanlar yaşayır. Həmin sadəlövh insanlar mövhumatlardan
qurtula bilmirlər. Onlar bütlərə kəsilən əti yeyəndə vicdan
əzabı çəkirlər. Onlar instinktiv olaraq bunun yaxşı olmadığını
hiss edirlər. Ona görə də bütlərə qurban kəsilən əti
yeməkdə qəbahət olmadığına dair ifadələr bu sadə insanları
təhqir edir və çaşdırır. Sonda Paul bildirir ki, əgər nəsə
sizə zərər vermirsə, lakin bu, kimisə təhqir edir və
çaşdırırsa, bu əməldən çəkinmək lazımdır. Çünki məsihçi
heç vaxt qardaşını büdrədəcək nəsə etməməlidir.
Bu
hissədə Paul bizə yad olan bir məsələyə toxunaraq, hər dövrə
aid olan üç mühüm prinsipi ifadə edir:
1)
Eyni şey bir insan üçün təhlükəsiz, digəri üçün çox
təhlükəli ola bilər. Deyirlər ki, Allahda hər bir insanın
qəlbinin gizli açarı var. Bu, həqiqətdir. Amma bu da bir
həqiqətdir ki, şeytanın da özünəməxsus açarı var. Bizim
bəzi vəsvəsələrə qarşı durmağa gücümüz çata bilər, amma
bəzilərinin çatmaya bilər. Bir şey bizim üçün büdrəmə
olmaya bilər, amma başqası üçün qarşısıalınmaz sınağa
çevrilə bilər. Buna görə nə edəcəyimizə qərar verməzdən
əvvəl, bunun təkcə bizə necə təsir edəcəyini deyil, həm də
yaxınımıza necə təsir edəcəyini düşünməliyik.
2)
Hər şeyi yalnız bilik baxımından qiymətləndirmək olmaz. Həm
də sevgi mövqeyindən yanaşmaq lazımdır. Daha liberal
korinflilər bütlərə məhəl qoymayacaq qədər bilikli
olduqlarını iddia edirdilər. Onlar bu kimi mövhumatlardan uzaq
idilər. Bilik insanı təkəbbürlü edir, ona üstünlük hissi
verir. O, savadsız insanlara yuxarıdan aşağı baxır. Lakin belə
bilik — həqiqi bilik deyil. Bilikli olduğunu dərk etmək artıq
təhlükəyə yol açır. Bizim davranışımız bilikli olmağımızla
deyil, insanlara sevgi hissi ilə müəyyən edilməlidir. Ola
bilsin, Məsihdəki qardaşımızın inkişafı naminə hansısa
hərəkətimizdən və ya sözümüzdən imtina etməli olacağıq.
3)
Buradan çox mühüm bir həqiqət aşkar olur. Əgər başqa birinin
büdrəməsinə səbəb olursa, həzz almaq hissindən və ya özü
üçün azadlıq tələbindən imtina edilməlidir. Ruhən güclü
olduğuna görə o öz arzusunun da öhdəsindən gələ bilər.
Məsihçi təkcə özü haqqında deyil, həm də zəif qardaşı
haqqında düşünməlidir. Başqasının ölümünə səbəb ola
biləcək istəkləri təmin etmək zövq deyil, günahdır.