Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə birinci məktub: 9-cu fəsil

V. Barklinin şərhləri

9-cu fəsil

1-14

İDDİA OLUNMAYAN HÜQUQLAR (1Korinflilərə 9:1-14)

İlk baxışdan elə görünə bilər ki, bu fəslin əvvəllər yazılanlarla heç bir əlaqəsi yoxdur. Amma belə deyil. Bütün problem onda idi ki, özlərini yetkin məsihçi hesab edən korinflilər bütlərə qurban kəsilən əti yeyə biləcəklərini iddia edirdilər. Onlar elə hesab edirdilər ki, məsihçi azadlığı imanda zəif qardaşlar üçün icazə verilməyən şeyləri etməyə icazə verir. Bu məsələyə Paul istifadə edə biləcəyi, lakin istifadə etmədiyi imtiyazların siyahısı ilə cavab verir ki, onlar başqaları üçün büdrəmə və Məsihin Müjdəsinə maneə olmasınlar. Birincisi, Paul həvariliyə iddia edir və bu onu dərhal xüsusi bir mövqeyə qoyur. Həvariliyini sübut etmək üçün o, iki arqument gətirir:

1) Paul Rəbb İsa Məsihi görmüşdü. Həvarilərin işləri kitabı dəfələrlə göstərir ki, həvarinin ən böyük sübutu — onun Məsihin dirilməsinin şahidi olmasıdır (Həvarilərin işləri 1:22; 2:32; 3:15; 4:33). Bu, son dərəcə əhəmiyyətli bir faktdır. Əhdi-Cədiddəki iman — sadəcə bir etiqadla razılaşmaq deyil, demək olar ki, həmişə şəxsi imana əsaslanır. Paul «Mən nəyə inandığımı bilirəm» demir, «Kimə iman etdiyimi bilirəm» deyir (2Timoteyə 1:12). İsa şagirdlərini çağırarkən, «Mən bir fəlsəfi sistem yaratmışam, onu araşdırın» və ya «Mən bir etik sistem tərtib etmişəm, onu öyrənin», yaxud «Sizi öz əqidəmi müzakirə etməyə dəvət edirəm» deməyib. İsa deyib: «Ardımca gəlin». Əsl məsihçilik İsa Məsihlə şəxsi münasibətdən başlayır. Məsihçi olmaq Onu şəxsən tanımaq deməkdir. Necə ki bir dəfə Karleyl yeni keşiş seçərkən demişdi: «İmanlı cəmiyyətinin Məsihi başqasından deyil, şəxsən tanıyan bir insana ehtiyacı var».

2) Paul müjdəsinin məhsuldar olduğunu iddia edir. Korinflilərin özləri buna sübutdur. Paul onları öz möhürü adlandırır. O dövrdə insanlar taxıl, xurma və ya başqa bir yük göndərəndə, qutuların üzərinə möhür vururdular ki, həqiqətən də, onların içində həmin məhsul var. Vəsiyyətnamə tərtib ediləndə, yeddi möhürlə təsdiqlənirdi. Əgər vəsiyyətnamənin üzərində yeddi möhür olmasaydı, onun hüquqi qüvvəsi yox idi. Möhür həqiqiliyin təminatı idi. Korinf imanlı cəmiyyətinin mövcudluğunun özü Paulun həvariliyinin təsdiqi idi. İnsanın Məsihi tanımasının sübutu başqalarını Ona yönəltmək üçün Allahın ənamına malik olmasıdır. Deyilənə görə, bir dəfə xəstəxanada yatan gənc əsgər onun yanında dayanan Florens Nayntingelə belə demişdi: «Siz mənim üçün Məsihsiniz». Məsihçiliyin ən yaxşı nümunəsi insanın başqa insanlara Məsihə bağlanmasına kömək etməsidir.

Paul imanlı cəmiyyətindən dəstək tələb edə bilərdi. O, bu imtiyazı təkcə özü üçün deyil, həyat yoldaşı üçün də gözləyə bilərdi. Digər həvarilər dəstək alırdılar. Ellinlər fiziki əməyə xor baxırdılar: heç bir azad ellin könüllü işləməzdi. Aristotel deyirdi ki, insanlar iki sinfə bölünür: a) savadlılar, b) odunçular və sudaşıyanlar; onlar yalnız tapşırıqları yerinə yetirmək və başqalarına xidmət etmək üçün mövcuddurlar. O, sonuncuları öyrətmək istəyinin nəinki yanlış, həm də zərərli olduğunu hesab edirdi. Sokrat və Platon təhsil üçün pul almadıqlarına görə düşmənləri tərəfindən təqib edilirdilər. Onlar iddia edirdilər ki, belə təhsil üçün pul ödəməyə dəyməz. Düzdür, hər bir yəhudi ravvin öz tələbələrinə pulsuz dərs deməli, dolanışığı üçün bir növ sənətə sahib olmalı idi. Amma həmin ravvinlər hər cür yolla insanları inandırmağa çalışırdılar ki, onları maddi cəhətdən təmin etməkdən daha xeyirxah əməl yoxdur və cənnətə düşməyin ən yaxşı yolu — ravinin bütün ehtiyaclarını təmin etməkdir. Paulun imanlı cəmiyyətindən maddi dəstək almağa çox səbəbi var idi.

O, bunun üçün sırf insani analogiya aparır. Heç bir döyüşçü öz-özünü dolandırıb xidmət etmir. Nə üçün Məsihin döyüşçüsü bunu etməlidir? Üzüm bağı salan onun meyvəsindən pay alır. İmanlı cəmiyyətini təsis edən adam niyə eyni şeyi etməsin? Çoban sürüdən qidalanır. Niyə məsihçi ağsaqqal eyni şeyi edə bilməsin? Axı hətta Müqəddəs Yazılarda deyilir: «Xırman çəkən öküzün ağzını bağlama», yəni yeməsi üçün ona taxıl ver (Qanunun təkrarı 25:4). Paul analogiya aparır və onu məsihçi müəllimə tətbiq edir. Məbəddə xidmət edən kahin qurbandan öz payını alır. Yunan məbədlərində bütpərəst kahin qurbanın qabırğaları, bud və başın sol tərəfini alırdı. Əhdi-Ətiq dövründə də Yerusəlim Məbədində kahinlərin nə aldığını bilmək maraqlıdır. Qurbanın beş əsas növü var idi:

1) Yandırma qurbanı. Yalnız bu qurban mədə, bağırsaq və budun vətərləri istisna olmaqla, tamamilə yandırılırdı (Yaradılış 32:32 ilə müqayisə edin). Amma bu halda da kahinlər qurbanın dərisini pay alıb satırdılar.

2) Günah qurbanı. Bu zaman yalnız iç piyi yandırılır, qalan ət isə kahinlərə düşürdü.

3) Təqsir qurbanı. Burada da qurban olaraq yalnız iç piyi yandırılırdı, qalanını isə kahinlər alırdı.

4) Taxıl təqdimi. Bu qurban un, şərab və bitki yağından ibarət idi. Qurbangahda qurbanın yalnız kiçik bir hissəsi təqdim edilirdi, böyük hissəsi isə kahinlər üçün nəzərdə tutulmuşdu.

5) Ünsiyyət qurbanı. Qurbangahda yalnız iç piyi və içalat yandırılırdı. Kahinlər döş və sağ budları alır, qalanını isə qurban təqdim edən adama qaytarırdılar.

Başqa təqdimlər də var idi:

1) Kahinlər yeddi çeşidin — buğda, arpa, üzüm, əncir, nar, zeytun və balın ilk nübarını alırdılar.

2) Terumah — istənilən bitkinin ən yaxşı meyvələrinin təqdimi idi. Kahinlər orta hesabla istənilən məhsulun 1/50-ni almaq hüququna malik idilər.

3) Onda bir. Rəbbə «...taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə...» təqdim olunurdu (Levililər 27:30). Bu təqdimlərin onda biri levililərə verilir, kahinlər də levililərin onda birini alırdılar.

4) Şalah — yoğurulmuş xəmirin təqdimi idi. Əgər kimsə buğdadan, arpadan, çovdardan, pərincdən və ya yulafdan xəmir yoğururdusa, payın 1/24 hissəsini Rəbbə təqdim etməli, payın 1/48 hissəsini isə çörəkçiyə verməli idi. Məhz bu fonda Paul imanlı cəmiyyətindən hətta həyat üçün lazım olanları qəbul etməkdən imtina edirdi. Paulun imtinasının iki səbəbi var idi:

1) Kahinlər dilə düşmüşdülər. O vaxtlar sadə yəhudi ailəsi həftədə bir dəfə ət yeyərkən, kahinlər çox ət yeməkdən yaranan xəstəliklərdən əziyyət çəkirdilər. Onların imtiyazları, həyatlarının dəbdəbəsi, acgözlükləri ürək bulandırırdı. Paul bunları yaxşı bilirdi. O bilirdi ki, kahinlər dindən qazanc vasitəsi kimi istifadə edirlər, buna görə də heç bir şey götürməmək qərarına gəlmişdi.

2) İkinci səbəb onun həddindən artıq müstəqil olmaq istəyi idi. Bəlkə də o, bu məsələdə çox dərinə gedirdi, çünki elə görünürdü ki, korinflilər onun hər cür köməkdən imtina etməsindən incimişdilər. Lakin Paul kimdənsə asılı olmaqdansa, ac qalmağı üstün tutan müstəqil adamlardan biri idi.

Necə olursa-olsun, onun davranışı bu iki səbəbdən biri ilə bağlı idi. O, Məsihin Müjdəsini gözdən salacaq və ya onun yolunda maneələr yarada biləcək heç bir şey etməzdi. İnsanlar onlara müjdələyən adamı həyat tərzinə və xarakterinə görə mühakimə edirlər. Paul qərara gəlmişdi ki, əlləri təmiz olmalıdır. O, dilindən çıxan Müjdəyə zidd olan heç nəyə həyatında icazə verməzdi. Bir dəfə keşişlərdən birinə belə demişdilər: «Sənin kim olduğunu görəndə, nə dediyini eşitmirəm». Heç kim Paula buna oxşar bir söz deyə bilməzdi.

15-23

İMTİYAZLAR VƏ MƏSULİYYƏTLƏR (1Korinflilərə 9:15-23)

Burada Paulun izlədiyi bütün təbliğ sisteminin xülasəsi verilmişdir.

1) O, Müjdəni təbliğ etmək vəzifəsini bir imtiyaz hesab edirdi. O qərara gəlmişdi ki, Məsihin işini yerinə yetirməkdən ötrü pul almasın. Məşhur amerikalı professorlardan biri təqaüdə çıxandan sonra ​​bütün bu illər ərzində ona maaş verdiyinə görə universitetə təşəkkür etmişdi. Halbuki bu iş üçün o özü universitetə pul ödəməyə hazır idi. Amma bu, o demək deyil ki, insan həmişə mükafatsız işləməlidir. Müəyyən öhdəliklər mükafat almadan yerinə yetirilə bilməz. Həm də o demək deyil ki, sırf pul xatirinə işləməlidir. Xidmətə zənginlik mənbəyi kimi yox, insanlara xidmət imkanı kimi baxılmalıdır. Yadda saxlamaq lazımdır ki, əsas vəzifə özünü təmin etmək deyil, Məsih naminə xidmətdir. Paul bunu bir imtiyaz hesab edirdi.

2) Paul Müjdə yaymağı özünə borc bilirdi. O hesab edirdi ki, əgər özü Müjdənin təbliğçisi olmaq qərarına gəlsəydi, onda qanuni olaraq işinə görə ödəniş tələb edə bilərdi. Amma o, xidmətini özü seçməmişdi, xidmət onu seçmişdi. O, nəfəs almağı kəsə bilmədiyi kimi, xidmətini də dayandıra bilməzdi. Buna görə də ödənişdən söhbət belə gedə bilməzdi.

Böyük İspan müqəddəsi və mistiki Ramon Lull necə missioner olduğu barədə danışır. O, qayğısız və həzlərlə dolu bir həyat yaşayırdı. Günlərin bir günü tək olanda Məsih öz çarmıxını götürərək onun yanına gəlib xahiş etdi: «Çarmıxımı Mənim əvəzimə daşıya bilərsən?» Lakin o, imtina etdi. Başqa vaxt böyük sakit kilsədə olanda Məsih yenə gəlib, ondan çarmıxını daşımasını istədi, amma o, yenə imtina etdi. Bir qədər sonra Ramon tək olanda Məsih üçüncü dəfə onun yanına gəldi. Ramon bu barədə belə deyir: «Məsih üzümə baxıb çarmıxı əlimə verdi. Onu götürüb daşımaqdan başqa nə edə bilərdim ki?» Paul olsaydı, belə deyərdi: «Məgər Məsihin Müjdəsini təbliğ etməkdən başqa nə edə bilərəm ki?»

3) Maddi dəstəyi rədd etməsinə baxmayaraq, Paul hər gün daha böyük mükafat aldığını bilirdi. O, Müjdəni insanlara təmənnasız olaraq çatdırdığına görə sevinirdi. Əbədi həqiqət isə budur ki, yerinə yetirilən vəzifənin əsl mükafatı pul mükafatı deyil, yaxşı görülən işdən məmnunluqdur. Buna görə həyatda ən vacib şey yüksək maaşlı bir iş deyil, məmnuniyyət verən işdir.

Albert Şveytser belə bir anı ona ən böyük xoşbəxtlik gətirən an kimi təsvir edir. Bir gün ağır vəziyyətdə olan xəstəni onun xəstəxanasına gətirdilər. O, xəstəni sakitləşdirib, ona narkoz veriləcəyini, əməliyyat olunacağını və hər şeyin yaxşı bitəcəyini dedi. Əməliyyatdan sonra həkim xəstənin yanında oturaraq, onun oyanmasını gözlədi. Nəhayət, xəstə gözlərini açıb, təəccüblə pıçıldadı: «Artıq heç yerim ağrımır!» Mükafat anı budur. Maddi mükafat olmasa da, böyük bir məmnunluq hissi var... Məgər bu, mükafatdan böyük deyilmi? Darmadağın olmuş həyatı düzəltmək, səyahətçini doğru yola yönəltmək, sınıq bir ürəyi sağaltmaq, kimisə Məsihə gətirmək — bunları pul ilə ölçmək olmaz.

Sonda Paul insanlara onlar kimi olmaqla necə təbliğ etdiyindən danışır. Bu, biri ilə elə, digəri ilə başqa cür olub ikiüzlü olmaq demək deyil. Müasir dildə desək, bu, hamı ilə dil tapmaq deməkdir. Öz ideyasından başqa heç nə görməyən və heç vaxt başqalarının baxışlarını anlamağa çalışmayan insan heç vaxt kahin, missioner və ya dost ola bilməz.

Bosvell «insanlarla ümumi dil tapmaq bacarığı» haqqında danışırdı. Doktor Conson da məhz bu qabiliyyətə malik idi. Çünki o, nəinki gözəl danışır, həm də yaxşı dinləyir, insanlarla yaxşı yola gedirdi. Dostlarından biri onun haqqında deyirdi ki, o, «insanları sevdikləri və ən yaxşı bildikləri mövzular haqqında danışdırmaq qabiliyyətinə malik idi». Bir kənd keşişi kilsə üzvlərinin yalnız buzovlar haqqında danışmalarını axmaqlıq bilib şikayətlənəndə, ona deyərdilər ki, cənab Conson olsaydı, danalardan danışmağımızı istəyərdi. O, kəndli ilə kəndli olurdu. Robert Lind Consonun kənd keşişi ilə itin həzm orqanları, təsərrüfat müdiri ilə damın necə örtülməsi haqqında danışmasından nümunələr gətirir. O, barıt istehsalı, səməni hazırlığı və dəri aşılamaq haqqında danışa bilərdi. Bununla o, Consonun həmsöhbətinin və digər insanların maraqlarına maraqla yanaşdığını vurğulayır. O, optika ustası ilə eynək hazırlamaq texnologiyasını, hüquqşünasla qanunu, donuzçu ilə donuz saxlamağı, həkimlə xəstəlikləri, gəmiqayıran ilə gəmiqayırmanı məmnuniyyətlə müzakirə edən bir insan idi. O bilirdi ki, söhbət zamanı almaqdansa vermək daha böyük bəxtiyarlıq gətirir. Biz insanlarla ünsiyyət qurmadan və başqalarının maraqlarını başa düşmədən, heç vaxt heç kimin dostluğunu və ya müjdə işində uğur qazana bilməyəcəyik. Kimsə təlim almağı, müalicəni və təbliği «üç qayğıkeş peşə» adlandırmışdı. Əgər biz insanlara himayədarlıq edib, onları anlamağa çalışmasaq, onlardan müsbət nəsə ala bilməyəcəyik. Böyük təbliğ ustası olan və başqalarına nisbətən daha çox insanları Məsihə gətirən Paul bütün insanlar üçün əlçatan olmağın nə qədər zəruri olduğunu bilirdi. İnsanlarla ümumi dil tapmaq çox vacibdir, amma bəzən bunu etməyə cəhd belə göstərmirik.

24-27

ƏSL MÜBARİZƏ (1Korinflilərə 9:24-27)

Paul burada fərqli mövqedən çıxış edir. O, asan yolla getmək istəyən korinfliləri inandırır ki, ciddi intizam olmadan heç kim məqsədə çata bilməz. Paul həmişə idmançılara heyran olurdu. Yarışda qalib gəlmək istəyən idmançı ciddi məşq etməlidir. Korinf sakinləri yarışların nə qədər maraqlı olduğunu bilirdilər. Çünki Korinf əhəmiyyətinə görə Olimpiya yarışlarından sonra ikinci məşhur yarışa ev sahibliyi edirdi. İdmançı bir neçə gün ərzində solub gedən dəfnə çələngini qazanmaqdan ötrü özünü ciddi intizama salıb məşq edirdi. Görün, məsihçinin əbədi solmaz tac almaq üçün özünü tərbiyə etməsi nə qədər ciddi olmalıdır. Bu hissədə Paul bir növ həyat fəlsəfəsinin xülasəsini verir:

1) Həyat mübarizədir. Vilyam Ceymsin dediyi kimi: «Əgər qələbənin kainata nəsə əlavə etdiyi yarış olmasaydı, bu həyat istədiyiniz zaman çıxıb gedə biləcəyiniz həvəskar tamaşadan başqa bir şey olmazdı. Amma biz onu mübarizə kimi hiss edirik, sanki kainatda, həqiqətən də, maraqlı nəsə var və biz onu bütün varlığımızla və imanla geri almalıyıq». Koleric isə bunu belə ifadə edirdi: «Dünya yubkalı bir tanrıça deyil, dar jiletli şeytandır». Qərarsız döyüşçü mübarizədə qalib gələ bilməz; cilovu buraxan məşqçi yarışda qalib gəlməz. Biz özümüzü məqsədə doğru irəliləyən insanlar kimi həmişə səfərbərlikdə hiss etməliyik.

2) Döyüşlərdə və yarışlarda qalib gəlmək üçün nizam-intizam lazımdır. Biz bədənimizi özümüzə tabe etdirməliyik. Ruhani həyatda buna çox az diqqət yetirilir. Çünki ruhani depressiya çox vaxt fiziki zəifliyin nəticəsidir. Mükəmməl olmaq niyyətində olan insan bədənini ən yaxşı fiziki formada saxlamaq üçün məşq etdirir. Biz eynilə zehnimizi məşq etdirməliyik. İnsanların bunu etməyi bacarmadıqlarını düşünməsi təhlükəlidir. Problemlərdən qaçmaqla onları həll etmək olmaz. Biz təhlükələri səbirlə, sınaqlara Allahın verdiyi güclə, məyusluqları isə cəsarətlə qarşılayıb özümüzü tərbiyə etməliyik.

3) Məqsədi bilmək vacibdir. Çox təəssüf ki, əksər insanların həyatının heç bir məqsədi yoxdur. Onlar qarşılarına qoyduğu məqsədə doğru getmək əvəzinə, həyatın axınına düşüb gedirlər. Marten Martensin belə bir məsəli var:

«Biri var idi, biri yox idi. Qoca bir kişi var idi. Dostları bir gün onu öldürdülər. Adamlar gəlib onun cəsədinin yanında dayanıb qəzəblə dedilər:

  • O, bütün yer kürəsini özünün futbol topu hesab edirdi. Həmişə topa təpik vurardı.

Bu an ölən qoca bir gözünü açıb əlavə etdi:

  • Topu qapıya vurardı».

«Bir nəfər Marsda yaşayan iki yadplanetlinin yuxarıdan Yerə baxıb vurnuxduğunu göstərən karikatura çəkib. Yadplanetlilərdən biri o birindən soruşur:

  • Onlar nə edirlər? Digəri «onlar gedirlər» cavabını verir.

  • Bəs hara gedirlər?» — birinci soruşur.

  • Eh, heç yerə. Sadəcə yerlərində addımlayırlar».

Belə getmək heç yerə aparmır.

4) Biz çağırışımızın vacibliyini dərk etməliyik. Məsihin çağırışı çox nadir hallarda cəzalara əsaslanır: «Əgər Mənim yolumla getmirsinizsə, görün, nəyi itirirsiniz». Məqsəd — əbədi həyatdır və bu məqsədə çatmaq üçün hər şeyi etməyə dəyər.

5) Əgər özümüzə hakim olmasaq, başqalarını xilas edə bilmərik. Freyd bir dəfə demişdi: «Psixoanaliz, ilk növbədə, öz üzərində təcrübədən keçirilir». Ellinlər həyatın birinci qaydasının belə olduğunu bəyan edirdilər: «Ey insan, özünü tanı». Həqiqətən də, özümüzə hakim olmasaq, başqalarına xidmət etmək mümkün deyil. Özümüzün bilmədiklərini başqalarına öyrədə bilmərik. Əgər biz Məsihi özümüz tapmamışıqsa, heç kimi Məsihə yönəldə bilmərik.

Müqəddəs Kitab

Həvarinin haqqı və borcu
1 Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi? 2 Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz.
3 Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram: 4 məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur? 5 Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur? 6 İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur? 7 Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz? 8 Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi? 9 Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır, 10 yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir. 11 Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu? 12 Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu?
Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük. 13 Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər? 14 Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir. 15 Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır. 16 Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma! 17 Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm. 18 Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm.
19 Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim. 20 Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım. 21 Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım. 22 Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum. 23 Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.
24 Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. 25 Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. 26 Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. 27 Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.
  • Giriş
  • More pages
  • 8
  • 9
  • 10
  • More pages
  • 16