1-ci fəsil
1-7
KƏDƏRDƏ
TƏSƏLLİVERƏN (2Korinflilərə
1:1-7)
Bu
hissədə məsihçi həyatının qısa xülasəsini görə bilərik.
1)
Həyatın çətinliklərini yaşamış Paul çətinliklərlə üzləşən
insanlara yazır. O, Müqəddəs Kitabda əzab
kimi tərcümə olunan flipsis
sözündən istifadə edir. Yunan dilində bu sözün hərfi mənası
insanı sıxan yük deməkdir. R.S.Trenç yazır: «Qədim ingilis
qanunlarına görə, günahını boynuna almayan adamların
sinələrinə ağır yük qoyulurdu. Bu da insanı yavaş-yavaş
öldürürdü. Bu, hərfi mənada flipsis
demək idi».
Bəzən
insanın daxilini bu anlaşılmaz dünyanın yükü və sirri əzməyə
başlayır. Erkən məsihçilik dövründə məsihçi olmağa qərar
verən şəxs qəsdən özünü təhlükəyə məruz qoyurdu. O,
ailəsi tərəfindən tərk edilir, bütpərəst qonşuları ona
düşmən kəsilir, hakimiyyət tərəfindən təqib olunurdu. Samuel
Ruderford dostlarından birinə yazırdı: «Allah sizi Məsihin
tərəfinə keçməyə çağırdı. İndi bu ölkədə külək
Məsihin əleyhinə əsir. Sən Onunla birlikdə görünəndə ümid
etmə ki, dərənin yamaclı və ya günəşli tərəfində dura
bilərsən». Əsl məsihçi olmaq həmişə çətindir, çünki
məsihçi olmaq — çarmıx daşımaq deməkdir.
2)
Bu əzablara ancaq mətanətliklə və səbirlə tab gətirmək olar.
Yunan sözü hipomone
səbir kimi tərcümə olunur. Hipomone
sözünün əsl mənası qəmgin halda əzablara dözmək deyil,
zəfərlə öhdəsindən gəlməkdir. O, nəinki əzab-əziyyətlərə
qatlaşan, həm də ona qalib gələn ruhu ifadə edir. Bir dəfə
kimsə Məsihin uğrunda əzab çəkən adama belə demişdi: «Əzab
həyatı gözəlləşdirir, elə deyilmi?». «Bəli, — deyə adam
cavab vermişdi, — amma mən yalnız təkrəngli boyalara üstünlük
verərdim». Od qızılı təmizlədiyi kimi, məsihçi də
çətinliklərin öhdəsindən gələrək daha saf və güclü ola
bilər. Məsihçi — Allahın idmançısıdır: nizam-intizam və
çətinliklərin öhdəsindən gəlmək onun gücünü artırır.
3)
Amma bizdən əzm və səbir tələb edən qayğılar içində biz
tək deyilik. Bizə təsəlli verən Allah var.
3-7-ci
ayələrdə təsəlli
ismi və təsəlli
vermək
feli on bir dəfə təkrarlanır. Əhdi-Cədiddəki təsəlli
şəfqətdən daha çox şey deməkdir. Əhdi-Cədiddə təsəlli
sözü ilkin mənasında işlədilir, onun kökündə isə latın
dilindəki fortis
— cəsur
sözü
dayanır. Məsihçi təsəllisi cəsarət və həyatda qarşımıza
çıxan bütün çətinliklərin öhdəsindən gəlmək bacarığı
verir. Paul əmin idi ki, Allah heç vaxt insana arzusunu yerinə
yetirmək üçün güc vermədən bir arzu vermir; güc vermədən
öncə ona heç vaxt tapşırıq vermir.
Bununla
belə, Məsihin yoluna görə məruz qaldığımız hər əzabda
müəyyən bir ilham var. Paulun dediyi kimi, Məsihin
əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə
o cür böyük təsəlli də tapırıq. Beləcə
biz Məsihin əzablarına şərik oluruq. Qədim dövrlərdə
cəngavər, adətən, ürəyini fəth edən xanımının yanına
gəlirdi ki, ona nə qədər sadiq olduğunu göstərmək üçün
hansısa çətin tapşırıq alsın. Məsihin uğrunda əziyyət
çəkmək — imtiyazdır. Smirnanın yaşlı yepiskopu Polikarp
dirəyə bağlandığı vaxt belə demişdi: «Məni belə bir taleyə
layiq bildiyin üçün Sənə təşəkkür edirəm». Çətin
vaxtlarda məsihçi də belə deyə bilər.
4)
Bunun yaxşı tərəfi odur ki, Rəbb əzabkeşlərə, sınaqlardan
keçənlərə təsəlli vermək üçün Müqəddəs Ruhun gücünü
verir. Paul bildirir ki, onun başına gələnlər, eləcə də
Allahdan aldığı təsəlli onda başqalarına təsəlli vermək
bacarığı yaradıb. Barri anasının ən əziz oğlunun necə
öldüyündən danışır: «Bu hadisə anamda həssas ürək
yaratdı. Sonra övladı ölən bütün analar onun yanına gəlməyə
başladılar». İsa Məsih haqqında belə deyirdilər: «Çünki
Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə
kömək edə bilər» (İbranilərə
2:18).
Əgər belə bir təcrübə bizə başqalarına həyatın fırtınası
ilə mübarizə aparmağa kömək etmək qabiliyyəti bəxş edirsə,
deməli, əzab və kədərin mənası var.
8-11
ALLAHA QAYIDIŞ (2Korinflilərə
1:8-11)
Maraqlısı
odur ki, bu hissə ilə bağlı, yəni Efesdə Paulun başına gələn
müsibət haqqında heç bir məlumatımız yoxdur. Onun başına,
demək olar ki, dözülməz bir hadisə gəlmişdi. Paul ölümlə
üz-üzə qalmışdı. O, artıq ölümə məhkum olduğuna əmin idi
və bu vəziyyətdən çıxış yolu yox idi. Amma bu üstüörtülü
qeyddən başqa, baş verənlərə dair əlimizdə başqa məlumat
yoxdur.
İnsanlar
başlarına gələn hər şeyi şişirtməyə meyillidirlər. Çox
vaxt sadə əməliyyat keçirmiş adam bunu uzun müddət söhbət
mövzusuna çevirir. G.D.Gi müharibə zamanı sövdələşmək üçün
görüşən iki nəfərin hekayəsindən bəhs edir. Onlardan biri
bütün vaxtı getdiyi qatara havadan necə hücum edildiyindən
danışırdı. O, dayanmadan təhlükədən, ölümdən möcüzəvi
şəkildə necə xilas olduqlarını təsvir edirdi. Nəhayət, o
biri dillənir: «Yaxşı, indi də əsas məsələyə keçək. Dünən
gecə evim bombalandığı üçün bir az tez getmək istəyirəm».
Həqiqətən,
əziyyət çəkən insanlar çox nadir hallarda fəlakətləri
haqqında danışırlar. Kral V Georqun belə bir həyat qaydası var
idi: «İşdir, əziyyət çəkməli olsam, qoy yaxşı cinsdən olan
heyvan kimi, səssizcə kənara çəkilib əzab çəkim». Paul öz
əzabını nümayiş etdirmirdi. Biz də, ona nisbətən daha az
əziyyət çəkənlər ondan nümunə götürək.
Lakin
Paul gördü ki, çəkdiyi dəhşətli əzab heyrətamiz fayda
gətirdi. Paulun çəkdiyi əziyyət onu Allaha qaytarır və Onun
mərhəmətindən tamamilə asılı olduğunu göstərir. Ərəblərin
belə bir deyimi var: «Uzun-uzadı günəşli günlər səhra
yaradır». Müvəffəqiyyətin təhlükəsi ondadır ki, o,
insanlara saxta müstəqillik hissi verir və həyatı özümüz
idarə edə biləcəyimiz fikrini təlqin edir. Yaxşı günlərdə
Allaha yönələn hər duaya sıxıntılı günlərdən on min dua
düşür. Avraam Linkolnun dediyi kimi, «Mən tez-tez dua etmək
üçün diz çökmüşəm, çünki getməyə başqa yerim yox idi».
Yalnız çətin anlarda insan öz həqiqi dostlarının kim olduğunu
öyrənir və yalnız fəlakətli günlərdə Allaha nə qədər
ehtiyacı olduğunu anlayır. Efesdə Paulun başına gələnlərdən
möcüzəli xilası onun Allaha sarsılmaz imanının nəticəsi idi.
İndi ona heç bir sübut lazım deyildi: o, Allahın onun üçün nə
edə biləcəyini bilirdi.
Əgər
Allah onu belə bir sınaqdan keçirə bilibsə, deməli, hər şeyin
öhdəsindən gələ bilərdi. Məzmurçu cuşa gəlib deyir: «Ya
Rəbb, canımı ölümdən, gözlərimi göz yaşından, ayağımı
büdrəməkdən qurtardın» (Zəbur
115:8).
Con Bunyanı Allaha yönəldən bir hadisə baş vermişdi: o,
günəşin üzərində oturan yaşlı qadınların bir-biri ilə
«Allahın onlar üçün nə etdikləri» barədə danışdıqlarını
eşitdi. Məsihçinin Allaha imanı nəzəri problem deyil: bu onun
şəxsi təcrübəsinə əsaslanır. Məsihçi Allahın onun üçün
nə etdiyini bilir, buna görə də qorxmur.
Sonda
Paul korinflilərdən onun üçün dua etmələrini xahiş edir.
Yuxarıda qeyd etdiyimiz kimi, övliyaların ən böyüyü kiçik
qardaşlarından onun üçün dua istəməkdən utanmaz. Ola bilsin,
dostlarımıza verəcək bir şeyimiz yoxdur, amma dünya malımız
nə qədər az olsa da, onlara duamızın əvəzsiz xəzinəsini verə
bilərik.
12-14
YEGANƏ TƏRİF (2Korinflilərə
1:12-14)
İndi
biz korinflilərin Paula qarşı irəli sürdükləri ittihamların
bəzi gizli çalarlarını və onu ləkələmək istədikləri
böhtanları anlamağa başlayırıq.
1)
Bəlkə də onlar Paulun davranışının və həyatının gizli bir
tərəfinin olduğunu deyirmişlər. Paul buna belə cavab verir ki,
o, Allahın
lütfü ilə Allahdan gələn səxavət və səmimiyyətlə həyat
sürüb.
Paulun
həyatında gizli heç nə yox idi.
Biz siyahıya daha bir bəxtiyarlıq əlavə edə bilərik. «Nə
bəxtiyardır heç nəyi gizlətməyən möminlər».
Bir
adamın evdən-evə gedib «Qaç, canını qurtar! Hər şey ortaya
çıxdı!» deməsi haqqında köhnə bir lətifə var. Pis əməli
olmayan insanlar da bu sözü eşidib qaçırdılar. Deyilənə görə,
memarlardan biri Yunan filosofuna elə bir ev tikməyi təklif edir
ki, heç kim içini görməsin. Filosof isə ona deyir: «Əgər sən
hər kəsin içini görə biləcəyi ev tiksən, sənə pulun ikiqat
artığını verəcəyəm». Paulun «Allahdan
gələn səxavət və səmimiyyət»
mənasını
ifadə etmək üçün istifadə etdiyi söz — eylikrineya
son dərəcə maraqlıdır. Bu söz günəş işığında günəş
şüalarını ötürən bir şeyi xarakterizə edir. Nə bəxtiyardır
o adam ki, hər hərəkəti parlaq günəş işığına dözə bilir
və Paul kimi, həyatında heç bir gizli əməlin olmadığını
iddia edə bilir.
2)
Başqaları Paulun və onun hərəkətlərinin gizli niyyətlərinin
olduğunu deyirdilər. Belə bir ittihama Paul cavab verir ki, onun
davranışı ağıllı plana deyil, Allahın lütfünə əsaslanır.
Paulun
həyatında heç bir gizli niyyət yox idi.
Robert Berns bir dəfə «hansısa əmələ təhrik edən motiv»i
müəyyənləşdirməyin çətinliyinə diqqət çəkir. Açığı,
etiraf edək ki, biz nadir hallarda ikibaşlı niyyət olmadan nəsə
edirik. Hətta yaxşı bir iş gördüyümüz zaman da bunda nüfuz,
reklam, qorxu və ya müəyyən məqsəd ola bilər. Bəlkə də
insanlar bu niyyətləri heç vaxt görə bilməzlər, amma Foma
Akvinskinin dediyi kimi: «İnsanlar əməli, Allah isə niyyəti
görür». Mənfəət güdmədən edilən əməllər azdır,
mənfəətsiz niyyətlər bundan da azdır. Səmimiyyət və paklıq
bizə o zaman hakim ola bilər ki, köhnə mənliyimiz ölsün və
Məsih qəlbimizdə yaşasın.
3)
Korinfdə elələri də var idi ki, Paulun məktublarında başqa bir
şeyi nəzərdə tutduğunu söyləyirdi. Paul buna belə cavab verdi
ki, onun
sözlərində heç bir gizli məna yoxdur.
Sözlər qəribə bir şeydir. Onlarla fikirləri həm ifadə etmək,
həm də gizlətmək olar. Çox az adam deyə bilər ki, sözünü
olduğu kimi, əsl mənasında ifadə edir. Biz sözləri sırf
düzgün səsləndiyi və ya bəyənilmək, ya da problemdən qaçmaq
üçün deyə bilərik. Dillə əlaqəli təhlükələri görən
Yaqub onu bir çoxlarından daha yaxşı müəyyənləşdirmişdi:
«Sözləri
ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə
bilən kamil bir insandır»
(Yaqub
3:2).
Paulun həyatında nə gizli hərəkət, nə gizli niyyət, nə də
gizli məna var idi. Belə bir həyat, həqiqətən də, bizim üçün
örnək olmağa layiqdir.
15-22
İSA MƏSİHDƏ ALLAHIN
«BƏLİ»Sİ (2Korinflilərə 1:15-22)
İlk
baxışdan bu hissə çətin görünür. Burada Paula qarşı başqa
bir ittiham və böhtana işarə var. Paul deyir ki, o, Korinfə baş
çəkəcəkdi. Lakin vəziyyət o qədər çətinləşir ki, onlara
rəhmi gəldiyi üçün səfəri təxirə salmalı olur (23-cü
ayə).
Düşmənləri onu ittiham etməyə tələsərək deyirdilər ki, o,
qeyri-ciddi vədlər verən, lakin qəti niyyəti olmayan bir
insandır, yəni onda «bəli» və ya «xeyr» sözü yoxdur. Bu
kifayət qədər ağır ittiham idi, lakin onlar sözlərinə davam
edirdilər: «Əgər gündəlik işlərdə Paula etibar edə
bilmiriksə, onda Allah haqqında bizə söylədiklərinə necə
etibar edə bilərik?» Paulun bu ittihama cavabı belədir: «Biz
Allaha tamamilə arxalana bilərik və Məsihdə «bəli» ilə «yox»
arasında heç bir tərəddüd yoxdur». O, problemi gözəl kəlmə
ilə ifadə edir: «Allahın bütün vədləri İsa Məsihdə
«bəli»dir». Paul demək istəyirdi ki, əgər İsa Məsih zühur
etməsəydi, biz Allahın vədlərinə şübhə edə bilərdik. Biz
elə güman edə bilərik ki, bu vədlərin həqiqət olması
qeyri-real görünür. Amma Allah bizi o qədər sevir ki, O, yeganə
Oğlunu qurban verib, ona görə də vədlərini mütləq yerinə
yetirəcək. Allahın zəmanəti Məsihdir. Buna görə Onun ən
kiçik və ən böyük vədləri şübhə doğurmur. Korinflilər
Paula böhtan atsalar da, yenə də təsirli, şəfalı bir həqiqət
var: müjdəçinin etibarlılığı xoş xəbərin etibarlılığını
nümayiş etdirir. Təbliğin həqiqət payı həmişə «şəxsiyyətdən
keçir». Əgər insan təbliğçiyə inanmırsa, onun dediklərinə
də inanmayacaq. Müəllimin davranışı və xarakteri ilə bağlı
yəhudi qaydalarına görə, müəllim edə bilməyəcəyi və ya
etməyəcəyi bir şeyi heç vaxt şagirdlərinə vəd etməməlidir.
Çünki bu, şagirdlərə yalan danışmağı öyrədəcək. Burada
bir xəbərdarlıq var: asanlıqla vəd vermək olmaz, çünki onlar
asanlıqla da pozula bilər. Bir insana söz verməzdən əvvəl bu
sözü yerinə yetirməyin nə qədər çətin olacağını təxmin
etməli, bu sözü yerinə yetirib-yetirə bilməyəcəyinə əmin
olmaq lazımdır. Paul iki mühüm həqiqət haqqında danışmağa
davam edir:
1)
Məhz İsa Məsih vasitəsilə biz Allahın vədlərinə «Amin»
deyirik. Biz dualarımızı bu sözlərlə bitiririk: «Rəbbimiz İsa
Məsihin adı ilə. Amin». Müqəddəs Yazıları oxuyanda biz çox
vaxt «Amin» sözü ilə bitiririk. Amin
«qoy belə olsun!» deməkdir. Həqiqət ondadır ki, bu, sadəcə
bir rəsmiyyət və ya ayin deyil. Amin
sözü dualarımızı tamamilə Allaha yönəldə biləcəyimizə və
Onun böyük vədlərini tam imanla qəbul edə biləcəyimizə
inamımızı ifadə edir. Çünki İsa dualarımızın eşidiləcəyinə
və bütün böyük vədlərin doğru olduğuna zəmanətdir.
2)
Sonda Paul «Ruhun girovu»ndan danışır. O, yunanca arrabon
sözündən istifadə edir. Bu söz razılaşdırılmış məbləğin
ödənilməsinə zəmanət verən behi ifadə edir. Bu sözə yunan
qanunlarında tez-tez rast gəlinir. İnək satan qadın satış
qiymətinin qalan hissəsinin ödənilməsinə zəmanət verən
arrabon
(beh) kimi 1000 draxma alır. Bir adam ağasına yazır ki, Lampona 8
draxma beh ödəyib, ona görə siçanları mütləq tutmağa
başlayacaq. Beh ilkin ödəniş idi və qalığın ödəniləcəyinə
zəmanət verirdi. Bu sözü hər kəs bilirdi. Azərbaycan dilində
beh depozit sözü ilə eynidir, yəni adamı işə götürəndə və
ya ev alanda ödənilən və zəmanəti təmsil edən, bütün
razılaşmaya əməl olunacağını bildirən kiçik hissə deməkdir.
Paul Müqəddəs Ruhdan Allahın bizə verdiyi girov kimi danışarkən
demək istəyirdi ki, Müqəddəs Ruh vasitəsilə yaşadığımız
həyat göylərdəki həyatın yalnız kiçik hissəsidir və bizə
tamamilə veriləcəyinə zəmanətdir. Müqəddəs Ruhun ənamı
gələcəkdə alacağımız böyük ənamlara Allahın əhdi və
zəmanətidir.
23-24
2Korinflilərə
1:23-24-dəki
mətnin şərhinə növbəti bölmədə baxın.