10-cu fəsil
1-6
PAULUN TƏNQİDÇİLƏRƏ
CAVABI (2Korinflilərə 10:1-6)
Əvvəldə
bütün hissənin yazılış tonunu təyin edən iki söz var. Paul
Məsihin həlimliyindən
və mülayimliliyindən
danışır. Həlimlik mənasını verən proutes
maraqlı sözdür. Aristotel bu sözü qəzəbli insanla heç vaxt
qəzəblənməyən insan arasında olan xətt kimi təyin etmişdi.
Bu söz qəzəbini yaxşı idarə edən insanın halını müəyyən
edir. Belə insan heç vaxt boş yerə əsəbiləşmir. Bu söz ona
vurulan zərərə görə heç vaxt qəzəblənməyən, lakin
başqalarına zərər vurulduqda haqlı olaraq qəzəblənən bir
insanı xarakterizə edir. Bu sözlə Paul məktubunun əvvəlində
demək istəyir ki, onun qəzəblənməsi təhqir olunmuş şəxsi
ləyaqət hissindən deyil, İsa Məsihin həlimlik tonundan irəli
gəlir.
Yunanların
«ədalətli və hətta ədalətdən daha yaxşı» deyə tərif
etdikləri və mülayimlik kimi tərcümə edilən epieikeiya
sözü daha səciyyəvidir. Onlar bu sözü ədalətin özünəməxsus
qeyri-müəyyənliyinə görə ədalətsizliyə çevrilə bildiyi
zaman həlledici rol oynayan bir xüsusiyyət kimi müəyyən
edirdilər. Bəzən əsl ədalət qanunu hərfbəhərf yerinə
yetirmək deyil, qərara humanist xarakter vermək üçün hərəkət
etməkdir. Epieikeiya,
yəni mülayimlik kimi xüsusiyyətlərə malik olan insan bilir ki,
nəticədə məsihçilər ədalət meyarları ilə deyil, məhəbbətlə
idarə olunurlar. Beləliklə, Paul demək istəyir ki, o öz
hüquqlarını və qanunu hərfbəhərf yerinə yetirməyi tələb
etmək fikrində deyil. O, hətta insan ədalətindən də üstün
olan məsihçi məhəbbətini rəhbər tutaraq mövcud vəziyyəti
araşdırmaq istəyir.
Biz
məktubun ən çətin hissəsinə gəlib çatdıq, çünki mübahisə
edən tərəflərdən yalnız birini eşidirik. Biz yalnız Paulun
cavablarını eşidirik. Korinflilərin ona qarşı hansı ittihamlar
irəli sürdüyünü dəqiq bilmirik: biz onları Paulun cavablarına
əsasən müəyyən etməyə çalışırıq. Biz ən azından özümüz
nəticə çıxarmağa çalışacağıq.
1)
Aydın görünür ki, korinflilər Paulu uzaqdan-uzağa cəsarətli
olmaqda günahlandırırdılar. Onlar deyirdilər ki, Paul onların
yanında olanda özünü təvazökar aparır. Onlardan uzaqda olanda
isə onların yanında deməyə cəsarət etmədiyi şeyləri yaza
bilər. Paul cavab verir ki, o, istifadə edə biləcəyi cəsarətə
əl atmaq məcburiyyətində qalmamaq üçün Allaha dua edir.
Ümumiyyətlə, məktublar təhlükə doğurur, çünki üz-üzə
söhbət zamanı qarşısı alına biləcək zərər verə bilər.
Axı insan məktub vasitəsilə öz acısını tökə bilər,
başqasının üzünə heç vaxt demədiyi sərt sözləri yaza
bilər. Lakin Paul iddia edir ki, o, üzə deyə bilmədiyi sözləri
heç vaxt yazmaz.
2)
Korinflilər deyirdilər ki, Paul sırf insan motivləri ilə idarə
olunur. Paul cavab verir ki, onun həm davranışı, həm də gücü
Allahdandır. Düzdür, o, insandır, insani qüsurları var, amma
ona rəhbərlik edən, qüvvətləndirən və istiqamətləndirən
Allahdır. Bu hissəni başa düşmək çətindir, çünki Paul
burada «cismani» sözünü iki mənada işlədir:
a)
Adi mənada cismani sözü bədəni bildirir. «Çünki bədənə
görə həyat sürürük...» deyir. Bu o deməkdir ki, Paul
başqaları kimi insandır.
b)
Lakin Paul cismani sözünü həm də günahlı təbiət mənasında
istifadə edir. O deyir: «cismani
təbiətə görə döyüş aparmırıq».
O, sanki deyir: «Bəli, mən bədəndə yaşayan insanam, amma mən
heç vaxt sırf insani impulsların təsirinə təslim olmuram, heç
vaxt Allahsız yaşamağa cəhd etmirəm». İnsan bədəndə yaşaya,
eyni zamanda Allahın Ruhu ilə idarə oluna bilər.
Sonra
Paul iki vacib məqamı qeyd edir: 1) O deyir ki, insan müdrikliyinin
və insan qürurunun istənilən planlarını yaxşı tanıya və
məhv edə bilər. Axı sadəlik ən mürəkkəb insan müdrikliyindən
daha güclü arqumentdir.
Günlərin
bir günü Viktoriya dövrünün7
böyük aqnostiki Tomas Henri Haksli bir neçə gün dostlarının
evində qalmağa dəvət olunur. Bazar günü ev sahibləri və
qonaqlar kilsəyə getməyi planlaşdırırdılar. Haksli qonaqlardan
birinə deyir: «Bəlkə kilsəyə getməyəsiniz? Bəlkə mənə
niyə Məsihə inandığını deyəsiniz?» Qonaq buna belə cavab
verir: «Siz ağlınızla mənim bütün arqumentlərimi təkzib
edəcəksiniz». «Xeyr, mən sizinlə mübahisə etmək istəmirəm,
— deyə Haksli cavab verir, — istəyirəm ki, Məsihin sizin üçün
nə demək olduğunu mənə izah edəsiniz». Qonaq Məsihin onun
üçün nə demək olduğunu ən sadə dildə izah edir. Sözünü
bitirəndən sonra Hakslinin gözləri yaşla dolur: «Dediklərinizə
inana bilsəydim, sağ əlimi kəsib qurban verərdim». Bu, arqument
yox, səmimi sadəlik idi. Sadəlik də öz məqsədinə çatmışdı.
Əslində təsirli olan böyük bacarıq deyil, sadə səmimiyyətdir.
2)
Paul hər düşüncəni Məsihə təslim etdirməyin zərurətindən
danışır. Məsih bütpərəst adətləri Özünə tabe etdirmək və
ondan Öz məqsədi üçün istifadə etməkdə heyrətamiz
qabiliyyətə malikdir.
Maks
Vorren Yeni Qvineyanın yerli sakinlərinin adətlərindən danışır.
Müəyyən vaxtlarda onlar ritual mahnılar və rəqslər ifa
edirdilər. Onlar özlərini ekstaz vəziyyətinə gətirir və bu
rituallar kulminasiya nöqtəsinə çatırdı. Bu zaman onlar
öldürmək istədikləri insanların adlarını qışqıraraq «qətl
nəğmələri»ndə Allaha çatdırırdılar. Yerli əhali
məsihçiliyi qəbul edəndən sonra, onlar öz ayinlərini qoruyub
saxlamışdılar. Amma bu dəfə onlar «qətl nəğmələri»ndə
Allaha düşmənlərinin adlarını deyil, nifrət etdikləri
günahları
sadalayır, Allahdan onları azad etməsini istəyirdilər. Qədim
bütpərəst adəti Məsihə və Onun məqsədlərinə tabe
etdirilmişdir. İsa Məsih heç vaxt bizi qabiliyyətlərimizdən və
xarakterimizdən məhrum etmək niyyətində olmayıb. İsa onlardan
Öz məqsədləri üçün istifadə etmək istəyir. O bizi əlimizdə
olanlarla Onun yanına gəlməyə çağırır və ənamlarımızdan
istifadə etmək üçün həmişəkindən daha yaxşı fürsət
verir.
7-18
PAULUN TƏNQİDÇİLƏRİNƏ
NÖVBƏTİ CAVABLARI (2Korinflilərə 10:7-18)
Paul
onu tənqid edənlərə cavab verməyə davam edir. Biz də eyni
problemlə üzləşirik. Biz arqumentin yalnız bir tərəfini
eşidirik və verilən cavablardan onların bunun əleyhinə nə
iddia etdiklərini müəyyən edə bilərik.
1)
Bəzi müxaliflər inanırdılar ki, Paul onlar kimi Məsihə aid
deyil. Bəlkə də onun bir vaxtlar İmanlı Cəmiyyətinin
açıq-aşkar təqibçisi olduğunu xatırladırdılar. Ola bilsin,
onlar xüsusi biliyə malik olduqlarını iddia edirdilər. Bəlkə
də onlar xüsusi müqəddəsliyə iddia edirdilər. Hər halda,
onlar Paula yuxarıdan aşağı baxır və Məsihlə münasibətlərinə
görə öyünürdülər.
Qardaşına
yuxarıdan aşağı baxmağa və özünü daha yaxşı hesab etməyə
imkan verən istənilən din həqiqi din deyil. Son illərdə Şərqi
Afrikadakı imanlı cəmiyyətlərində yenidən oyanış başlananda,
günahların açıq etirafı xarakterik bir xüsusiyyətə çevrildi.
Yerli əhali bu cür etiraflarda həvəslə iştirak edirdilər,
lakin avropalılar bundan çəkinirdilər. Missionerlərdən biri bu
mövzuda belə yazırdı: «Biz hesab edirik ki, günahları açıq
şəkildə etiraf etməkdən çəkinmək bağışlanma əldə edən
qardaşlarla birliyimizi inkar etmək deməkdir. Avropalılar tez-tez
qürurda və bu şəkildə qardaşlıqda fəal iştirak etmək
istəməməkdə ittiham olunurdular».
İmanlı
cəmiyyəti «bağışlanmış
günahkarların birliyi»ndən
daha yaxşı ifadə oluna bilməz. İnsan belə bir qardaşlığa
mənsub olduğunu anlayanda qürura yer qalmır. Axı təkəbbürlü
məsihçinin faciəsi ondadır ki, o, Məsihə aid olduğuna deyil,
Məsihin ona aid olduğuna inanır.
2)
Elə təəssürat yaranır ki, korinflilər Paulun zahiri görünüşünə
lağ etmək səviyyəsinə çatıblar. «O, bədəncə zəifdir. Həm
də natiq deyil» deyib gülürdülər. Bəlkə də haqlı idilər.
Paulun zahiri görünüşünün təsvirinə təxminən 200-cü ildə
yazılmış «Paul və Teklanın işləri» adlı qədim kitabda rast
gəlirik. Orada Paulun yaraşıqlı və güclü olduğuna işarə
edilmir. Bu səbəbdən korinflilər haqlı ola bilərlər. Kitabda
Paul qısa boylu, seyrək saçlı, əyri ayaqları, güclü bədən
quruluşlu, çatmaqaş və bir qədər qarmaq burun kimi təsvir
edilir. Paul o qədər xeyirxah idi ki, bəzən insan, bəzən də
mələk kimi görünürdü. Bəstəboy, keçəl, çatmaqaş və
qarmaq burun bir kişi... heç də cəlbedici bir portret deyil.
Bəlkə də korinflilər ona lağ edirdilər. Unutmayaq ki, dahi
insanlar çox vaxt bədəncə zəif olublar. Britaniya İmperiyasında
qulların azad edilməsinə mühüm töhfə verən Vilyam Vilberfors
o qədər bəstəboy və o qədər zəif idi ki, güclü külək onun
ayaqlarını asanlıqla yerdən üzə bilərdi. Lakin Bosvel bir dəfə
onun xalq qarşısında çıxışını eşidəndə belə demişdi: «O
səhnəyə çıxanda mənə krevet təsiri bağışladı. Amma onu
dinlədikcə həmin krevet get-gedə balinaya çevrildi».
Korinflilər
Paulun zahiri görünüşünə görə lağ etməklə özlərini
cahillik səviyyəsinə endirdilər.
3)
Elə təəssürat yaranır ki, onlar Paulu səriştəsiz olduğu bir
sahədə hakimiyyət iddiasında olmaqda ittiham edirdilər. Bəlkə
də onlar deyirdilər ki, Paul başqa imanlı cəmiyyətlərində ağa
ola bilər, amma Korinfdə yox. Paul aydın şəkildə deyir ki,
Korinf tamamilə onun səlahiyyət dairəsindədir, çünki İsa
Məsihin Xoş Xəbərini onlara ilk dəfə o çatdırıb. Paul ravvin
olduğuna görə, çox güman, o, ravvinlərin iddia etdiyi hörmət
barədə düşünürdü. Ravvinlər xüsusi hörmət tələb edir və
bundan həzz alırdılar. Onlar deyirdilər ki, müəllimə hörmət
valideynə hörmətdən böyük olmalıdır. Çünki valideyn övladı
dünyaya gətirir, ona həyat verir, müəllim isə şagirdi axirətə
hazırlayır. Şübhəsiz ki, heç kim Korinf imanlı cəmiyyətinə
Allahın izni ilə onu təsis edən adamdan daha böyük səlahiyyətə
malik ola bilməz.
4)
Sonra Paul ittihama keçir. O, istehza ilə qeyd edir ki, özünü
tərifləyən və özünü yüksək təqdim edənlərlə müqayisə
etməyi ağlına belə gətirmir. Daha sonra Paul zəif nöqtəyə
birbaşa zərbə endirir. Onlar ləyaqətlərini öz standartlarına
görə yüksək qiymətləndirirlər, çünki özlərini yalnız
bir-biri ilə müqayisə edirlər.
Əksər
insanlar kimi, onların da yanlış qiymətləndirmə standartları
var idi. Məsələn, hansısa qız özünü yaxşı pianoçu hesab
edə bilər. Amma ifasını Svyatoslav Rixter və ya Van Klibernin
ifası ilə müqayisə etsə, çox güman, fikrini dəyişər. Başqa
biri özünü yaxşı təbliğçi hesab edə bilər. Lakin özünü
kilsə natiqliyinin görkəmli nümayəndəsi ilə müqayisə etsə,
bəlkə də, ictimai yerdə ağzını belə açmaq istəməz. Axı
«mən başqaları ilə müqayisədə pis deyiləm» demək çətin
deyil. Şübhəsiz ki, bu, doğru olacaq. Ancaq «Sən İsa Məsih
qədər yaxşısanmı?» sualını vermək daha yaxşı olar. Bizim
standartımız Məsih olmalıdır. Biz hərəkətlərimizi Onunla
müqayisə etməliyik, onda qürurumuzu cilovlaya bilərik. Paul
deyir: «Özünü tərifləmək heç kimə başıucalıq gətirmir».
İnsan bəyənməyi yox, Məsihin razılığını axtarmalıdır:
«Yaxşı və sadiq qul».
Növbəti
hissəyə keçməzdən əvvəl Paulun xarakterik bir ifadəsini
nəzərdən keçirməliyik. Paul Korinfdə bütün məsələləri
həll etmək istəyir, çünki o, hələ heç kimin Məsihin
Müjdəsini çatdırmadığı daha ucqar yerlərə getmək istəyir.
V.M.Makreqor deyirdi ki, Paulu uzaq ölkələr cəlb edirdi. O,
lövbər salmış və ya ipi açılıb körpüdən ayrılmamış
gəmilərə laqeydliklə baxa bilmirdi. Onun ən böyük arzusu Müjdə
çatmayan yerlərə Xoş Xəbəri çatdırmaq üçün gəmiyə minmək
idi. O, dumana bürünmüş bir dağ silsiləsi təsəvvür edəndə,
dağları aşıb Məsihin Müjdəsini ucqar yerlərə çatdırmaq
arzusu ürəyindən keçirdi.
Kiplinqin
«Kəşfiyyatçı» poemasında uzaq ölkələrə məftun olmuş bir
insan təsvir edilir.
«Uzağa
getməyin mənası yoxdur.
İstədiyin,
axtardığın tarlalar budur» —
Yerli
əhali belə deyərdi.
İnandım
onlara, könülsüz olsa da
Meşədə
izlərin yox olduğu yerdə
Kənddə
yerləşdim.
Çəpər
saldım, əkdim, biçdim,
Torpaq nə
verdisə, onu yedim.
Birdən
qulağıma səs gəldi.
Köhnə
çağırış yenidən canlandı:
Vicdanın
səsi qulağıma pıçıldadı:
«Nəsə
hələ kəşf olunmayıb,
Get bax,
get tap!
Dağların
arxasında səni gözləyən
Nəsə
var. Get bax!»
Paul
özünü məhz belə hiss edirdi. Bir müjdəçi haqqında deyilirdi
ki, o, böyük bir şəhərin küçələrində gəzərkən,
milyonlarla bütpərəstin addımlarının zümzüməsi onu izləyir.
Məsihi sevən adam da Məsihi heç vaxt tanımayan milyonlarla insan
barəsində düşünəcək.