Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 11-ci fəsil

V. Barklinin şərhləri

11-ci fəsil

1-6

YOLDAN ÇIXARILMA TƏHLÜKƏSİ (2Korinflilərə 11:1-6)

Bu hissədə Paul xoşagəlməz üsullardan istifadə etmək məcburiyyətində qalır. O, səlahiyyətini vurğulamalı, özünü tərifləməli və Korinf imanlı cəmiyyətini yoldan çıxarmağa çalışanlarla (bu onu çox narahat edirdi) müqayisə etməyə məcburdur. Hər dəfə bunu demək məcburiyyətində qalanda Paul üzr istəyir, çünki üstünlüyünü vurğulamağı sevən insanlardan deyildi. Böyük bir insan haqqında belə deyilirdi: «O öz ləyaqətini başqaları unudana qədər xatırlamırdı». Lakin Paul bilirdi ki, mahiyyət etibarı ilə, onun şərəf və ləyaqəti yox, İsa Məsihin ləyaqəti və şərəfi təhlükə altındadır. Paul əvvəlcə yəhudilərin toy adətlərindən misal çəkir. İsrailin Allahın gəlini olması fikrinə Əhdi-Ətiqdə tez-tez rast gəlinir. Yeşaya peyğəmbər deyir: «Çünki sənin ərin səni Yaradandır» (Yeşaya 54:5). «Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq» (Yeşaya 62:5). Buna görə də Paulun evlilik metaforasından istifadə etməsi və Korinf imanlı cəmiyyətini Məsihin gəlini kimi təsvir etməsi təbii idi. Yəhudilərin toy mərasimində sağdış adlanan iki nəfər olurdu — biri bəyi, digəri gəlini təmsil edirdi. Onların vəzifəsi gəlin və bəy arasında əlaqə yaratmaq, qonaqlara dəvətnamə paylamaq idi. Bundan başqa, onların xüsusi məsuliyyəti var idi — gəlinin iffətinə zəmanət vermək. Paulun demək istədiyi məhz bu fikirdir. Məsihin və Korinf imanlı cəmiyyətinin nikahında Paul bəyin sağdışı kimi çıxış edir, yəni o, gəlinin ismətini zəmanət vermək məsuliyyəti daşıyır. Paul da Korinf imanlı cəmiyyətinin İsa Məsihin pak və layiqli gəlini olması üçün əlindən gələni edir.

Aydın məsələdir ki, Korinfdə məsihçiliyi öz bildiyi kimi təbliğ edən və Pauldan üstün olduğunu iddia edən insanlar var idi. Onlar özlərini müstəsna insanlar hesab edirdilər. Paul onları «böyük həvarilər» adlandırır və istehza ilə əlavə edirdi ki, korinflilər onların parlaq çıxışlarına qulaq asırlar. Əgər onlar belə ehtiramla dinlənilirsə, onu da dinləyəcəklərmi? Bundan sonra o, bu yalançı həvarilərlə özünü müqayisə edir. Bəli, onun natiqliyi yox idi. Bəli, onun sözləri idiotes — cahil kimi səslənirdi. Bu söz əvvəlcə ictimai həyatda iştirak etməyən şəxsi nəzərdə tuturdu. Sonralar bu söz xüsusi təhsil almamış, yəni həvəskar, səriştəsiz mənasında işlənmişdir. Paul deyir ki, bu yalançı, təkəbbürlü həvarilər bəlkə də daha yaxşı təlim keçmiş natiqlər və peşəkardır, o isə yalnız natiqlik sahəsində həvəskardır. Bəlkə də onlar akademiyanı bitiriblər, o isə sadə adamdır. Amma fakt faktlığında qalır — o, natiqlik cəhətdən nə qədər cahil olsa da, nə danışdığını yaxşı bilirdi, onlar isə bilmirdilər.

Günlərin bir günü bir neçə adam birlikdə nahar edirdi. Nahardan sonra onlar qərara gəldilər ki, hamı bədii əsərdən bir şey oxusun. Məşhur aktyorlardan biri ayağa qalxıb, natiqlik və dramatik aktyorluğun bütün möhtəşəmliyini nümayiş etdirərək iyirmi üçüncü məzmuru oxudu və gurultulu alqışlar altında yerinə əyləşdi. Onun ardınca təbiətcə sakit bir adam durdu. O da iyirmi üçüncü məzmuru oxumağa başladı. Əvvəlcə gülüş səsləri eşidildi, amma sonda hər cür alqışdan daha təsirli olan sükut çökdü. O, son sözlərini bitirəndə otaqda sükut hökm sürürdü. Sonra aktyor ona tərəf əyilib dedi: «Cənab, mən məzmuru, sən isə Çobanı tanıyırsan». Ola bilsin, Paulun düşmənləri natiqlik sənətinə yaxşı yiyələnmişdilər, Paul isə bacarıqsız natiq idi. Amma o, Məsihi tanıdığı üçün nə danışdığını yaxşı bilirdi.

7-15

ÖZÜNÜ MƏSİHÇİ KİMİ GÖSTƏRMƏK (2Korinflilərə 11:7-15)

Paul yenə də ona qarşı irəli sürülən ittihamlara cavab verir. Paul korinflilərdən maddi yardım almaqdan imtina etdiyinə görə onlar incimişdilər. Paulun ehtiyacı olanda Filipidəki imanlı cəmiyyəti ona kömək edirdi (Filipililərə 4:10-18 ilə müqayisə edin). Əvvəla, gəlin öyrənək ki, nə üçün Paul Korinf imanlı cəmiyyətindən asılı qalmamağa qərar vermiş, Filipidəki imanlı cəmiyyətindən isə kömək qəbul etmişdir? Paulu ayrıseçkilik salmaqda ittiham etmək olmaz. Amma onun çox sadə və praktik səbəbi var idi. Bildiyimizə görə, Paul Filipidə olarkən heç vaxt Filipi imanlı cəmiyyətindən yardım qəbul etmirdi, yalnız oradan gedəndən sonra yardım qəbul etməyə başladı. Buna görə də səbəb aydındır. Paul olduğu yerdə kimdənsə asılı qalmağa çalışmırdı. Axı kiminsə yardımını qəbul edib, sonra onu məzəmmət etmək və ya onu ifşa etmək çox çətindir. Paul Filipidəki imanlıların arasında olarkən, heç kimdən asılı olmurdu. Amma onun gedişindən sonra şərtlər dəyişirdi. Yalnız o vaxt filipililərin ona olan məhəbbətini sübut edən istənilən köməyi qəbul edə bilərdi. Çünki o, Filipidə heç kimə borclu deyildi. Eynilə Paul Korinfdə olarkən oradakı imanlılardan maddi dəstəyi alıb müstəqilliyini qoruya bilməzdi. Paul ayrıseçkilik etmirdi, müdrik davranırdı.

Bəs nəyə görə Paulun maddi dəstəkdən imtina etməsi korinfliləri belə qəzəbləndirmişdi? Bir tərəfdən, yunanlar azad insanın əllərinin zəhməti ilə yaşamasını alçaldıcı hesab edirdilər. Onlar vicdanlı əməyin nə qədər ləyaqətli olduğundan xəbərsiz idilər. Buna görə korinflilər Paulu başa düşə bilmirdilər. Digər tərəfdən, yunanlarda müəllimin verdiyi dərsə görə pul almaq adəti var idi. Natiqliyi yüksək olan adamın qazancı heç bir dövrdə o vaxtkı qədər yüksək olmamışdı. Məsələn, Roma imperatoru Avqust natiq Verri Flakksa illik 100 000 sestersi maaş verirdi. Bu da təxminən yüz min manata bərabərdir. Hər bir şəhərin müəyyən sayda natiq və ədəbiyyat müəllimini vergilərdən və mülki vəzifələrdən azad etmək hüququ var idi. İnsanın maddi müstəqilliyini qorumaq istəyi korinflilər üçün anlaşılmaz idi.

Saxta həvarilər də Paulu müstəqilliyinə görə qınayırdılar. Onlar maddi yardımı qəbul etməkdən çəkinmirdilər və bunun onların həvariliyinin doğruluğunu sübut etdiyini iddia edirdilər. Onlar xalqı əmin edirdilər ki, Paul maddi yardım qəbul etmədiyinə görə onun təliminin heç bir dəyəri yoxdur. Lakin ürəklərinin dərinliyində qorxurdular ki, onlar ifşa olunacaq. Buna görə də onlar Paulu öz tamahkar səviyyələrinə endirməyə çalışırdılar. Bununla da onlara sərf etməyən müqayisədən qaçmaq üçün onu maddi müstəqillikdən məhrum etməyə çalışırdılar.

Paul də öz növbəsində onları Məsihin saxta həvariləri olmaqda ittiham edir. Bu gün də bəziləri bilərəkdən, bəziləri isə şüursuz olaraq özünü məsihçi kimi təqdim edirlər. Onların məsihçiliyi bir maskadır və onun altında real heç nə yoxdur.

Uqanda imanlı cəmiyyətinin ağsaqqalları imanlıların özlərini sınaması üçün dörd sualdan ibarət bir test hazırlayıblar:

1) Siz xilası Çarmıxa çəkilmiş Məsih vasitəsilə əldə etdiyinizə inanırsınızmı?

2) Müqəddəs Ruhun qüdrətində, duada, Allahı axtarmaqda böyüyürsünüzmü?

3) Öz nümunəniz, təbliğiniz və təliminiz vasitəsilə Allahın Padşahlığını genişləndirmək arzusu sizdə varmı?

4) İtmişləri axtarıb, onlara baş çəkməklə və ətrafınızdakı dünyaya şahidlik etməklə başqalarının Allahı qəbul etməsinə kömək edirsinizmi?

Əslində, bizim başqalarının düşüncə tərzinə qarışmağa haqqımız yoxdur. Amma inancımız öz təsirini itirməsin və saxtakarlığa çevrilməsin deyə imanımızı sınaya bilərik.

16-32

HƏVARİ MANDATI (2Korinflilərə 11:16-32)

Paul öz iradəsinə zidd olaraq, ona həvari titulu hüququ verən xidmətlərini sadalamalı olur. Bütün bunlar onda təəssüf hissi doğururdu, özünü başqaları ilə müqayisə etmək ona axmaqlıq kimi görünürdü. Ancaq yenə də öz xatirinə deyil, təbliğ etdiyi Müjdə naminə bunu etməli idi.

Aydın məsələdir ki, onun müxalifləri öz müjdələrinin və səlahiyyətlərinin ondan üstün olduğunu iddia edən yəhudi müəllimlər idi. O, həmin yəhudi müəllimləri bir neçə gözəl kəlmə ilə təsvir edir və korinflilərin onlara dözmək istədiyi hər şeyi sadalayır. Onlar korinfliləri layiqsiz qullar statusuna endirir, onları sünnəti qəbul etməyə və yəhudi qanununun min bir kiçik qaydalarına və adətlərinə riayət etməyə, bununla da lütf Müjdəsinin azadlığından imtina etməyə sövq edirdilər. Onlar korinfliləri talan edirdilər. Yəhudi ravvinləri, ən pis halda, vicdansız tamahkar ola bilərdilər. Nəzəri olaraq, ravvinlər tədris etdikləri dərs üçün pul almamalı, öz əlinin zəhməti ilə dolanmaq məcburiyyətində idilər. Eyni zamanda ravvinlər onlara maddi yardım edən insanların müstəsna xidmətləri və bu dəstəyin onların cənnətdə yerlərini təmin etdiyini öyrədirdilər. Onlar özlərini hamıdan üstün bilirdilər. Onlar özlərini təkəbbürlü aparırdılar. Ravvinlər valideynlərindən çox özlərinə hörmət tələb edirdilər və iddia edirdilər ki, əgər həm müəllim, həm də ata eyni vaxtda quldurlar tərəfindən əsir götürülərsə, o zaman oğul əvvəlcə müəllimə, sonra isə ataya görə fidyə ödəməlidir. Onlar tələbələrin üzünə şillə vururdular. Görünür, Paul onların təhqiramiz davranışını ifşa etmək istəyirdi, bəlkə də hər şey belə də olub (Həvarilərin işləri 23:2 ilə müqayisə edin). Korinflilər, sağlam düşüncənin əksinə olaraq, yəhudi müəllimlərin təhqiramiz davranışlarını onların həvari səlahiyyətlərinin sübutu kimi görürdülər.

Saxta həvarilər üç xüsusi hüququn tanınmasını tələb edirdilər. Paul hesab edirdi ki, o da bunlara iddia edə bilər.

Saxta həvarilər yəhudi olduqlarını iddia edirdilər. Bu adı Paulun dövründə danışılan qədim ibrani dilini onun arami formasında xatırlayan və danışıqlarında istifadə edən yəhudilər özlərinə aid edirdilər. Yəhudilərin əksəriyyəti bütün dünyaya səpələnmişdi. Məsələn, təkcə İsgəndəriyyədə bir milyon yəhudi yaşayırdı. Onların çoxu ana dilini unudub, yunan dilində danışırdı. İsraildə yaşayan və ana dilini qoruyub saxlayan yəhudilər həmişə onlara yuxarıdan aşağı baxırdılar. Bəlkə də Paulun əleyhdarları belə deyirdilər: «Bu Paul Tarsusludur. O bizim kimi təmiz israilli deyil. O, rədd edilmiş yəhudilərdəndir». Paul buna belə cavab verirdi: «Xeyr, mən də əcdadlarımın dilini unutmayanlardanam». Bu məsələdə onlar heç bir üstünlük iddia edə bilməzdilər.

Onlar İsrailli olduqlarını iddia edirdilər. Bu, Allahın seçilmiş xalqının üzvlərinə verilən ad idi. Yəhudi dininin əsas tezisi, sinaqoqda hər ibadətin başlanğıcında səslənən ayə idi: «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» (Qanunun təkrarı 6:4). Şübhəsiz ki, Paul ilə düşmənçilik edən həmin yəhudilər deyirdilər: «Bu Paul heç vaxt İsraildə yaşamayıb. O, seçilmiş xalqdan qaçıb Kilikiya yaxınlığındakı yunanlar arasında yaşayıb». Paul isə «xeyr, mən də başqaları kimi təmiz israilliyəm. Allahın seçilmiş xalqının nümayəndəsiyəm» deyə cavab verirdi. Bu məsələdə onlar üstünlüyə iddia edə bilməzdilər.

Onlar İbrahim peyğəmbərin nəslindən olduqlarını iddia edirdilər. Buna görə də özlərini Allahın İbrahimə verdiyi böyük vədlərin varisləri hesab edirdilər (Yaradılış 12:1-3). Onlar mübahisə edirdilər ki, Paul onlar kimi İbrahim peyğəmbərin nəslindən deyil. Paul yenə də «xeyr, mən hamı kimi İbrahim peyğəmbərin nəslindənəm» deyə cavab verirdi (Filipililərə 3:5-6). Burada da öyünəcək bir şey yox idi.

Sonra Paul onun həvariliyini sübut edən xidmətləri sadalayır. O, ilk növbədə, Məsihin uğrunda çəkdiyi əzabların və çətinliklərin siyahısını verir.

Bir dəfə «həqiqətin cəsur müdafiəçisi» məhkəməyə çıxarılanda və tezliklə dünyadan köçəcəyini biləndə belə dedi:

«Mən atalarımın yanına gedirəm. Bura çox çətinliklə gətirilsəm də, çəkdiyim bütün əzablara görə peşman deyiləm. Qılıncımı xidmətimi davam etdirəcək adama, cəsarətimi və istedadımı isə onları daşıya biləcək adama verirəm. Yaralarımın izlərini özümlə aparacağam ki, onlar məni mükafatlandıran Allah üçün mübarizə apardığıma şahidlik etsinlər».

«Həqiqətin cəsur müdafiəçisi» kimi, Paul yara izlərini xidmətlərinin mükafatı hesab edirdi.

Paulun çəkdiyi əziyyətlərin və əzabların siyahısını oxuduqca, onun haqqında nə qədər az bildiyimizə təəccüblənirik. Paul bu məktubu yazanda Efesdə idi. Bu, Həvarilərin işləri kitabının 19-cu fəslindən əvvəl təsvir edilən dövrə uyğun gəlir. Əgər Paulun verdiyi siyahını həmin kitabda danışılan hadisələrlə müqayisə etsək, orada onun hətta dörddə bir hissəsinə də rast gəlməyəcəyik. Biz görürük ki, Paul bizim təsəvvür etdiyimizdən daha böyük insandır. Çünki Həvarilərin işləri kitabı Paulun etdiklərinin və çəkdiyi əzab-əziyyətin yalnız cüzi bir hissəsini qeyd edir.

Bu uzun siyahıdan yalnız üç hadisəni müzakirə edə bilərik.

1) Paul deyir: «Üç dəfə dəyənəklə döyülmüşəm». Bu, Roma cəzası idi. Liktor adlanan hakimin mühafizəçiləri cinayətkarları ağcaqayın çubuqları ilə cəzalandırırdılar. Bu üç cəza, ümumiyyətlə, baş verməməli idi. Çünki Roma qanunlarına görə Roma vətəndaşının qamçılanması cinayət sayılırdı. Lakin camaat iğtişaş törədirdisə və hakim zəif iradəli idisə, Paul Roma vətəndaşı olmasına baxmayaraq, belə cəzaya məruz qalırdı.

2) Paul deyir: «Beş dəfə yəhudilərdən otuz doqquz qırmanc yemişəm». Yəhudi qanunu belə cəzanın hədlərini müəyyən etmişdi (Qanunun təkrarı 25:1-3). Bu cəza qırx qırmanc zərbəsindən çox olmamalı idi. Əks halda, cəza verənin özü cəzalandırılardı. Buna görə də onlar otuz doqquzuncu zərbədə cəzanı dayandırırdılar. Belə bir cəza «qırx zərbədən biri əskik» kimi tanınırdı. Qamçılamanın təfərrüatlı təsviri yəhudi qanunlarını ətraflı izah edən Mişna kitabında verilmişdi: «Cinayətkarın əlləri hər iki tərəfdən dirəyə bağlanır. Sinaqoqun kahini onun paltarını tutur: əgər paltar yırtılırdısa, sinəsini açacaq qədər yırtılmalı idi. Cinayətkarın arxasına bir daş qoyulur, kahin əlində dana dərisindən düzəldilən qamçı ilə dayanır. Qamçı ikiyə qatlanır, sonra yenidən ikiyə qatlanır, üstəlik, digər iki qamçı əlavə olunur. Cinayətkar zərbələrin üçdə birini öndən, üçdə ikisini isə arxadan alır. Cəza verən bir əli ilə var gücü ilə vurur. Əgər cinayətkar zərbələrə dözməyib ölərsə, bunda cəza verənin günahı yoxdur. Amma ona bir dənə əlavə zərbə vurarsa və cəzalandırılan ölərsə, cəza verən sürgün edilməlidir». Paul beş dəfə belə qamçılanmışdı. O qamçılanma ki, insanı öldürə bilərdi.

3) Paul səyahətin təhlükələri haqqında dönə-dönə danışır. Düzdür, o vaxt yollar və dəniz əvvəlkinə nisbətən daha təhlükəsiz idi, amma yenə də təhlükəli sayılırdı. Bir sözlə, qədim dövrdə yaşayanlar dəniz səyahətindən həzz almırdılar. Lukresi8 yazırdı: «Fırtına zamanı sahildə durub zavallı şeytan dənizçiləri seyr etmək necə də xoşdur». Seneka isə dostuna belə yazırdı: «İndi məni, demək olar ki, hər şeydə yola gətirmək olar, çünki bu yaxınlarda məni dəniz səyahətinə çıxmağa razı salmışdılar». İnsanlar dəniz səyahətinə çox riskli bir hadisə kimi baxırdılar. Quru yollarda çoxlu quldurlar var idi. Epiktet deyirdi: «Bir nəfər yolların quldurlarla dolu olduğunu eşidib, təkbaşına yola çıxmağa risk etmirdi. O, yoldan keçəcək leqatı, həm kvestoru və prokonsulu gözləyirdi ki, onlara qoşulub yollarda təhlükəsiz şəkildə gedə bilsin». Lakin Paul belə nüfuzlu səyahət yoldaşlarına arxalana bilməzdi. Seneka deyirdi: «Yaxşı-yaxşı fikirləş, istənilən vaxt quldurlar boğazını kəsə bilər». O dövrdə səyyahın tutulub fidyə müqabilində saxlanması adi hal idi. Paul, həqiqətən, cəsur səyyah idi.

Yuxarıda göstərilənlərə əlavə olaraq, Paul bütün imanlı cəmiyyətlərinə gündəlik qayğı göstərirdi. Bu, məsihçi icmalarının həm rəhbərliyinin gündəlik yükünü daşımaq, həm də bundan daha böyük iş görmək demək idi.

Mayersin «Müqəddəs Paul» şeirində həvari deyir:

Bütün dünyanın əzab dalğaları

Ürəyimi parçalamaqla hədələyir.

Paul ona əmanət edilənlərin hamısının yükünü və qayğılarını ürəyində daşıyırdı. Bu hissənin sonu qəribə təəssürat yaradır. İlk baxışdan belə görünə bilər ki, Dəməşqdən qaçmaq Paulun əleyhinə danışır. Bu hadisə Həvarilərin işləri kitabı 9:23-25-də qeyd olunur. Dəməşqin qala divarı o qədər geniş idi ki, oradan fayton keçə bilərdi. Qala divarının üzərində çoxlu evlər tikilmişdi. Ola bilsin, Paul belə evlərin birindən səbətdə endirilmişdir. Nəyə görə Paul bu barədə belə açıq-aydın danışır? Bəlkə də bu ona əzab verirdi. Çox güman, Dəməşqdən belə qaçmağı o, qamçılanmaqdan daha pis hesab edirdi. Ola bilsin, Paul gecə qaçışına pis baxırdı. Düşmənlərinin üzünə baxmamaq onun üçün böyük rüsvayçılıq idi.

Müqəddəs Kitab

Saxta həvarilər
1 Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün. 2 Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm. 3 Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız. 4 Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz. 5 Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram. 6 Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik.
7 Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi? 8 Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum. 9 Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam. 10 Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim. 11 Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.
12 Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim. 13 Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır. 14 Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir. 15 Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq.
Öyünmək lazımdırsa…
16 Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm. 17 Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm. 18 Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm. 19 Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz. 20 Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz. 21 Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır!
Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var. 22 Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm. 23 Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. 24 Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm, 25 üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım. 26 Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım. 27 Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım. 28 Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır. 29 Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
30 Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm. 31 Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. 32 Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı. 33 Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.
  • 1
  • More pages
  • 10
  • 11
  • 12
  • 13