Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 12-ci fəsil

V. Barklinin şərhləri

12-ci fəsil

1-10

ŞEYTANIN ELÇİSİ VƏ LÜTF (2Korinflilərə 12:1-10)

Az da olsa həssaslığı olan oxucu bu hissəni ehtiramla oxuyacaq. Çünki Paul burada ürəyini açıb bizə həm izzətini, həm də ağrısını göstərir. Paul yenə də öz iradəsinin əksinə olaraq, həvarilik hüquqlarını müdafiə edir və bizim yalnız möcüzə kimi qəbul edəcəyimiz, lakin araşdıra bilməyəcəyimiz bir təcrübədən danışır. Sanki Paul qıraqda dayanıb kənardan özünə baxır. Paul deyir: «...bir insanı tanıyıram...» Həmin insan o özüdür. Buna baxmayaraq, yenə də belə bir möcüzə yaşamış özünə heyrətlə baxır. İman yolunun ən yüksək məqsədi — müqəddəs mərasimi Allahı seyr etmək və Onunla bir olmaqdır. Müqəddəs mərasim həmişə «möcüzəvi nailiyyət anı ilə — seyr edən və Seyr edilən bir olduqda» üst-üstə düşür. Yəhudi ənənəsində deyildiyi kimi, dörd ravvin Allahı seyr etmək şərəfinə nail olmuşdur. Ben Azay Allahın izzətini görəndən sonra ölüb. Ben Soma Allahın izzətini görəndən sonra dəli olub. Ben Axer Allahın izzətini görəndən sonra «cücərən bitkiləri qopardı», yəni bu hadisəni yaşadıqdan sonra yolunu azıb həqiqət bağını məhv etdi. Yalnız Akiba rahatlıqla yüksəlib və rahatlıqla geri qayıtdı. Biz Paulun başına gələnləri hətta təxmin belə edə bilmərik. Paulun hansı göylərə qədər yüksəldiyi barədə mübahisə etmək və ya onun göyün üçüncü qatınadək aparıldığına dair sözlərini şərh etməyə çalışmaq əbəsdir. Paul sadəcə olaraq ruhunun göyədək qaldırıldığını və görüntüdə Allaha yaxınlaşdığını deyir.

Burada bizə bir az kömək edəcək maraqlı məqamı qeyd edə bilərik. Göylər (cənnət) sözü fars sözündən yaranıb və divarla əhatə olunmuş bağ deməkdir. Əgər fars padşahı kiməsə xüsusi şərəf vermək istəsəydi, onu özü ilə padşah bağında gəzməyə aparır, onunla şəxsi ünsiyyət qururdu. Öz təcrübəsində Paul Allahın çox yaxın yoldaşı idi.

Ancaq belə bir vəcd ağrı ilə müşayiət olunurdu. Müqəddəs Kitabın Azərbaycan nəşrində şeytanın elçisindən bəhs edilir. Yunan sözü (skolops) təkcə şeytandan gələn neştər deyil, həm də yandırılmağa məhkum edilmiş şəxsin bağlandığı sütun və ya bəzən cinayətkarların keçirildiyi paya deməkdir. Paul bədənində oxşar bir şey hiss edirdi. Bu nə idi? Bu mövzuda çox yazılıb. Əvvəlcə böyük insanların fərziyyələrini nəzərdən keçirəcəyik, lakin faktlara daha çox üstünlük verəcəyik:

1) Şeytanın elçisi (neştər) sözü ruhani vəsvəsəni ifadə etmək üçün istifadə olunur. Başqa sözlə, şübhəyə boyun əymək və həvari öhdəliklərindən geri çəkilmək vəsvəsələrini, eləcə də vəsvəsələrə qalib gəldikdən sonra vicdan məzəmməti nəzərdə tutur. Bu, Kalvinə görə belə idi.

2) Şeytanın elçisi (neştər) Paulun üzləşdiyi müqaviməti və təqibi, onun xidmətini pozmağa çalışanlarla davamlı mübarizəsini təmsil edir. Bu, Lüterə görə belə idi.

3) Şeytanın elçisi (neştər) sözü cismani vəsvəsələri nəzərdə tuturdu. Rahiblər və zahidlər monastırlara və onların hücrələrinə sığınanda, bilirdilər ki, ən çətin şey cinsi instinkti cilovlamaqdır. Onlar cinsi instinktdən tamamilə qurtulmağa çalışırdılar, lakin o onları təqib edirdi. Onlar düşünürdülər ki, Paulun da belə bir problemi var idi. Bu yanaşma bizim dövrümüzün Roma Katolik Kilsəsində xüsusilə çox yayılmışdır.

Bu fərziyyələrin heç biri üç səbəbə görə düzgün hesab edilə bilməz:

a) Neştər sözünün özü, demək olar ki, dəhşətli ağrı ilə əlaqələndirilir.

b) Təsvir olunan bütün mənzərə fiziki əzabları bildirir.

c) Amma şeytanın elçisi (neştər) sözünün mənası necə yozulursa yozulsun, Paulun çəkdiyi əzab müvəqqəti idi. Paul bəzən özünü məğlub hiss etsə də, heç kim onu ​​xidmətindən dayandıra bilməzdi.

Ona görə də gəlin başqa variantlara müraciət edək.

4) Belə güman olunur ki, Paul bu sözlə fiziki görünüşünü nəzərdə tuturdu. «Özünü görəndə isə zəhmsiz»dir (2Korinflilərə 10:10). Ehtimallara görə, onun xarici görünüşünü eybəcərləşdirən və xidmətinə mane olan fiziki qüsuru var idi. Ancaq fiziki qüsuru heç bir şəkildə neştər sözünü ifadə edən fiziki ağrı ilə qarışdırmaq olmaz.

5) Ən çox yayılmış fərziyyələrdən biri bu sözün epilepsiyaya aid olduğunu bildirir. Bu xəstəlik çox ağrılıdır və özünü tez-tez büruzə verir. Xəstəliyin tutmaları arasında isə insan rahat öz işini görə bilər. Bu xəstəlik Paulun yaşadığına bənzər görüntülər və qarabasmalarla müşayiət olunur. Bu, xoşagəlməz xəstəlikdir və qədim zamanlarda cinlərlə əlaqələndirilirdi. Qədim dövrdə yaşayan insanlar epilepsiya xəstəsi görəndə, pis cinləri dəf etmək üçün tüpürürdülər. Qalatiyalılara məktub 4:14-də Paul deyir ki, qalatiyalılar üçün onun cismani vəziyyəti çətin bir sınaq olsa da, ona nə xor baxdılar, nə də onu rədd etdilər. Yunanca sözün hərfi mənası «siz məni görəndə tüpürmədiniz» deməkdir. Lakin bu nəzəriyyənin qəbul edilməsi də çətindir. Buradan belə nəticəyə gəlmək olar ki, Paulun görüntüləri sadəcə epileptik ekstazlardan ibarət idi. Lakin dünyanı dəyişən görüntülərin epileptik tutmaların nəticəsi olduğuna inanmaq çətindir.

6) Ən qədim nəzəriyyə bunu Paulun guya şiddətli baş ağrısından əziyyət çəkməsi ilə əlaqələndirir. Tertullian və İyeronim buna inanırdılar.

7) Yuxarıdakı nəzəriyyənin doğru olması mümkündür. Baxmayaraq ki, başqa nəzəriyyəyə görə Paul göz xəstəliyindən əziyyət çəkirdi. Baş ağrıları da bununla əlaqələndirilirdi. Rəbbin izzətinin işığı Paula (Şaula) görünəndən sonra onun gözləri tutulmuşdu (Həvarilərin işləri 9:9). Çox güman, onun görmə qabiliyyəti tam bərpa olunmamışdı. Paul qalatiyalılar haqqında deyir ki, onlar əgər mümkün olsaydı, gözlərini çıxardıb ona verərdilər (Qalatiyalılara 4:15). Qalatiyalılara məktubunun sonunda Paul yazırdı: «Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!» (Qalatiyalılara 6:11), sanki görmə qabiliyyəti zəif adam kimi böyük, əyri-üyrü heroqliflər yazırdı.

8) Daha çox yayılan fərziyyəyə görə Paul o vaxt Aralıq dənizinin şərqində yayılmış xroniki qızdırmadan əziyyət çəkirdi. Düşmənlərinə pislik etmək istəyən həmin məmləkətin sakinləri öz tanrılarına dua edirdilər ki, qızdırmadan od tutub yansınlar. Bu xəstəlikdən əziyyət çəkən adamlardan biri, qızdırma ilə müşayiət olunan baş ağrısını «başına sancılmış qaynar mil» kimi təsvir edirdi. Başqa biri deyir ki, «bu ağrı diş həkiminin bormaşını ilə gicgahın deşilməsinə bənzəyir. Ağrı kəskinləşəndə dözülməz həddə çatır». Belə təsvir, həqiqətən, Paulun neştər, hətta bədənə keçirilmiş paya haqqında söylədiyi təsvirə uyğun gəlir. Bu qədər əzab-əziyyətə dözən insan bu kəskin ağrıya da dözməli idi.

Paul dua edirdi ki, Rəbb onu bu ağrıdan azad etsin. Allah bu duaya bir çox dualara cavab verdiyi kimi cavab verdi: O, Paulun ağrısını aradan götürmədi, əksinə, ona bu ağrılara qalib gəlmək üçün güc verdi. Allah məhz belə edir. O bizi çətinliklərdən azad etmir, onlara qalib gəlmək üçün bizə güc verir.

Paula hər şeyi əhatə edən güclü lütf vədi verilmişdi. Gəlin onun həyatına nəzər salaq və Allahın lütfünün ona nələr verdiyinə baxaq.

1) Allahın lütfü ona fiziki yorğunluğunu aradan qaldırmağa kömək edirdi. Allahın lütfü ona xidmətini davam etdirməyə imkan verirdi. Con Vesli 42 minə qədər təbliğ etmişdir. O, ildə orta hesabla 7 min kilometr qət edirdi. O, at belində gündə 100-110 kilometr yol qət edir, gündə orta hesabla üç vəz söyləyirdi. Onun 83 yaşı olanda gündəliyinə belə yazmışdı: «Özüm-özümə təəccüblənirəm: vəzlər, məktublar və səyahətlər məni yormur». Bu, hər şeyi əhatə edən lütfün təsirinin nəticəsi idi.

2) Allahın lütfü Paula fiziki əzabların öhdəsindən gəlməyə kömək edirdi. Allahın lütfü ona amansız neştərə dözmək gücü verirdi. Günlərin bir günü bir adam sağalmaz ağır xəstəlikdən əziyyət çəkən və ölüm yatağında olan qıza baş çəkməyə gedir. O özü ilə iztirab yükü altında əziyyət çəkənlər üçün nəzərdə tutulmuş maraqlı kitab — işıq, xoşbəxtlik və sevinclə dolu bir kitab aparır.

  • Çox sağ olun — qız deyir, — mən bu kitabı bilirəm.

  • Sən onu oxumusan? — deyə qonaq soruşur.

  • O kitabı mən yazmışam — deyə qız cavab verir.

Bu kitabı yazmaqda ona kömək edən hər şeyi əhatə edən Allahın lütfü idi.

3) Allahın lütfü mübarizə aparmaqda Paula kömək edirdi. Paul bütün həyatı boyu müqavimətlərlə üzləşirdi, lakin heç bir müqavimət onu dayandıra və ya geri çəkilməyə məcbur edə bilmədi. Bu gücü Paula verən Allahın lütfü idi.

4) Məktubdan göründüyü kimi, Allahın lütfü ona böhtanlara dözmək gücü verirdi. İnsan üçün ən çətin şey şərə, qəddar və ədalətsiz qınaqlara tab gətirməkdir. Günlərin bir günü kimsə Makedoniyalı Arxelanın üzərinə bir vedrə su tökmüşdü. Arxela buna heç nə demədi. Dostu təklikdə ondan buna necə dözə bildiyini soruşanda Arxela belə cavab vermişdi: «O mənim üzərimə deyil, təsəvvüründə olan adamın üstünə su tökdü». Allahın mərhəməti və lütfü Paula insanların onun haqqında nə düşündüyünə məhəl qoymamaq üçün güc verirdi. Çünki o, Allahın onu sınayıb, onu tanıdığına inanırdı. Xoş xəbərin sarsılmaz izzəti bizə də zəif olduğumuz vaxtda Allahın lütfünün qüdrətini verir. Çünki insan çıxılmaz vəziyyətə düşəndə ​​Allah ona kömək edə bilər.

11-18

PAUL MÜDAFİƏSİNİ YEKUNLAŞDIRIR (2Korinflilərə 12:11-18)

Bu hissədə Paul özünü müdafiə etməyə nöqtə qoyur. Elə təəssürat yaranır ki, Paul sanki bu gərgin səylərdən bezmişdi. O özünü müdafiə etməkdən tükənmişdi. O, yenə özünə bəraət qazandırmağın xoşagəlməz hiss olduğunu deyir. Lakin buna birdəfəlik son qoyulmalıdır. O, haqqında deyilənlərə çox da əhəmiyyət vermir, lakin Müjdənin sarsıdılmasına yol verə bilməzdi.

1) Birincisi, bəyan edir ki, o, bir elçi olaraq ən yüksək həvariliyə iddialı olan rəqiblərindən heç də pis deyil. O, bunu xidmətinin səmərəliliyi ilə əsaslandırır. Vəftizçi Yəhya şagirdləri vasitəsilə İsadan «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» soruşanda, İsa belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır...» (Luka 7:18-22). Korinfdə təbliğ etdiyi Müjdənin həqiqətini əsaslandırmaq istəyən Paul günahların və günahkarların siyahısını verir, sonda diqqəti çəkən ifadə ilə yekunlaşdırır: «Sizlərdən bəzisi belə idi» (1Korinflilərə 6:9-11). Bir dəfə doktor Çalmersi böyük izdiham qarşısında etdiyi çıxışa görə təbrik etdilər. «Yaxşı, bəs o nə verdi?» — deyə doktor Çalmers reaksiya verdi. İmanlı cəmiyyətinin effektivliyi onun binalarının əzəməti, ibadətinin gözəlliyi, ianələri, hətta üzvlərinin sayı ilə də bağlı deyil, özünü göylərdən doğulmaqla göstərir. Əgər imanlı cəmiyyətinin üzvlərinin həyatı bu dəyişikliyə məruz qalmamışdırsa, deməli, imanlı cəmiyyəti ən vacib şeyi itirmişdir. Paul hesab edirdi ki, onun həvariliyi yalnız bir meyarla — insanlara İsa Məsihin həyat verən lütfünü təqdim etmək ənamı ilə ölçülməlidir.

2) Ola bilsin, Paulun korinflilərdən heç nə qəbul etməməsi onların hisslərinə toxunmuşdu. Çünki Paul dönə-dönə buna qayıdır. O, burada yenə də məsihçi ənamının ən mühüm prinsiplərindən birini ortaya qoyur. O, «sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm» deyir. Özünü həsr etməyən adamın nəyisə qurban verməsi mənasızdır. Bəzi borcları ödəyə bilərik. Lakin elə borc var ki, pulla ölçülmür.

G.L.Gi sədəqə üçün xeyirxah bir qadının qapısına gələn dilənçidən danışır: qadın ona sədəqə vermək istəyəndə görür ki, xırda pulu yoxdur. O, dilənçiyə yaxınlaşıb deyir: «Mənim xırdam yoxdur. Amma çörək almalıyam. Götür bu pulu, get çörək al, onu mənə gətirəndə sənə bir şey verəcəyəm». Dilənçi çörək alıb qalıq pulu gətirəndə, qadın ona bir sikkə verir. Dilənçi göz yaşları içində pulu götürüb deyir: «Mən bunu pula görə etmədim. Sizin mənə etibar etdiyinizə görə etdim. İndiyə qədər heç kim sizin kimi mənə güvənməyib. Sizə necə təşəkkür edəcəyimi bilmirəm». Əlbəttə, qadın risk etdi. Bunu yalnız ağılsız adamlar edə bilərdi. Amma o dilənçiyə təkcə pul vermədi, ona güvənərək özündən nəsə verdi.

İ.S.Turgenev bir gün dilənçinin onu küçədə necə saxladığından danışır. Turgenev əlini cibinə salanda görür ki, orada pul yoxdur. O, istər-istəməz dilənçiyə əl uzadıb deyir: «Qardaş, mən sənə ancaq bunu verə bilərəm». «Sən məni qardaş adlandırdın, mənə əlini uzatdın, bu da böyük sədəqədir». Kilsəyə, soydaşlara, xeyriyyə təşkilatlarına, yoxsullara və ehtiyacı olanlara müəyyən məbləğlə kömək etmək və bununla da vicdanı sakitləşdirmək — ən rahat yoldur. Bunu etmək heç nə etməmək demək deyil. Ancaq bu, hər şey etmək demək də deyil. Qurban (ianə) verən insan nəinki xeyirxahlığını, həm də özünü verməlidir.

3) Görünür, korinflilərin Paula qarşı başqa bir şeyi də var idi. Onlar heç vaxt Paulun onlardan nəsə aldığını iddia edə bilməzdilər. Lakin böyük ehtimalla, onlar eyham vururdular ki, Tit və Paulun göndərdiyi digər qardaşlar Yerusəlim imanlı cəmiyyətinin yoxsulları üçün yığılan pulun bir hissəsini mənimsəmiş, Paul da onlardan öz payını almışdır. Pis niyyət ittiham etmək üçün həmişə nəsə tapacaq. Dostlarına sadiq qalan Paul onları müdafiə edir. Məşhur insanın dostu olmaq heç də həmişə təhlükəsiz deyil. Çünki məşhur insanın qayğılarına və çətinliklərinə qapılmaq asandır. Amma nə xoşbəxtdir o adam ki, özü kimi güvənə biləcəyi dostları var. Paulun belə dostları var idi. Belə dostlar Məsihə də lazımdır.

19-21

İMANLI CƏMİYYƏTİNDƏKİ ÇƏTİNLİKLƏRİN ƏLAMƏTLƏRİ (2Korinflilərə 12:19-21)

Paul müdafiəsinin sonuna yaxınlaşanda, bir fikir onu narahat edir. Onun məziyyətlərinin sadalanması və müdafiə etməsi insanlarda elə təəssürat yarana bilər ki, sanki Paul özü haqqında onların fikirlərinə əhəmiyyət verirmiş. Amma bu, heç də belə deyil. Paul Allahın əmrinə uyğun hərəkət etdiyinə əmin olduğuna görə, insanların onun haqqında nə düşündüyünə əhəmiyyət vermirdi. Onun sözləri korinflilərin bəraətini qazanmaq cəhdi kimi qəbul edilməməlidir. Günlərin bir günü Avraam Linkoln və onun məsləhətçiləri mühüm bir qərar verdilər. Müşavirlərdən biri belə dedi: «Bəli, cənab prezident, ümid edirəm ki, Allah bizim tərəfimizdədir». Linkoln isə buna belə cavab verdi: «Məni maraqlandıran Tanrının bizim tərəfimizdə olduğu deyil. Məni maraqlandıran odur ki, biz Allahın tərəfindəyikmi?» İnsanların Paulun haqqında nə düşünməsindən və deməsindən asılı olmayaraq, onun niyyəti Allahı razı salan işlər görmək idi.

Paul Korinfə səfərə hazırlaşdığını deyir. Paul qorxur ki, korinflilər onun gözləntilərini doğrultmayacaq. Belə olan halda, şübhəsiz ki, onlar da onu görmək istədikləri kimi görməyəcəklər. Burada müəyyən bir təhdid hiss olunur. Paul sərt tədbirlərə əl atmaq istəmir, lakin lazım gələrsə, onlardan istifadə etməkdən çəkinməzdi. Sonra Paul allahsız imanlı cəmiyyətinin xüsusiyyətlərini sadalayır.

1) Münaqişə (bidət). Bu söz döyüşün gurultusu təsirini bağışlayır. Bu söz rəqabət, nüfuz və birincilik uğrunda fikir ayrılığı deməkdir. Bu, özünü alçaldanların yüksələcəyini unutmuş adama xas xüsusiyyətdir.

2) Qısqanclıq (zelos). Bu söz bir zamanlar müsbət məna daşıyırdı, lakin sonradan yeni məna qazandı. Bu söz əvvəlcə gözəl bir həyat və ya fəaliyyət görən və buna nail olmağa çalışan insanın hisslərini ifadə edirdi. Amma təqlid çox vaxt paxıllığa, bizə aid olmayanı əldə etmək istəyinə və ya bizdə olmayana sahib olan hər kəsə həsəd aparmaq hissinə çevrilə bilər. Gözəlliyi təqlid etmək nəcib bir işdir, amma paxıllıq aşağı düşüncənin və vicdansız ağlın çoxluğudur.

3) Hiddət (faumoy). Burada işlədilən yunan sözü sabit, uzun sürən qəzəb deyil, qəfil partlayan qəzəb deməkdir. Bu qəzəbi Basil ruhun sərxoşluğu kimi təsvir edir. Belə qəzəb insanı sonradan peşman olacağı hərəkətlərə sövq edir. Qədim dövrdə yaşayan insanlar deyirdilər ki, bu cür qəzəb insandan daha çox heyvanlara xasdır. Heyvan özünü idarə edə bilmir; insan özünü idarə etməyi bacarmalıdır. İnsan özündən çıxanda düşünən varlıqdan çox ağılsız və tərbiyəsiz heyvana bənzəyir.

4) Özünü göstərmə (erifeiya), bölünmələr. Bu söz ödənişlə görülən işi, gündəlik fəhlənin işi demək idi. Sonralar bu, yalnız ödəniş üçün görülən iş mənasına gəldi və xidmətlə heç bir əlaqəsi olmayan, hər şeydən şəxsi mənfəət güdən eqoizmi xarakterizə etdi.

5) Böhtan və qeybət (katalaliayi və psifurizmoyi) açıq təhqirlər, müxtəlif baxışlara malik olan şəxsin ictimai şərlənməsi deməkdir. İkinci söz — psifurismoyi daha iyrəncdir. Bu söz yalan, qərəzli şayiələrin, böhtan xarakterli hekayələrin qəsdən yayılmasını, sirr adı altında insanı ləkələyən hekayələrin yayılmasını ifadə etmək üçün istifadə olunur. İnsan açıq şəkildə deyilən böhtana necəsə cavab verə bilər, çünki bu, açıq hücum kimidir. Amma gizli edilən böhtanın qarşısında o, müdafiəsiz və acizdir, çünki böhtan gizli şəkildə yayılır və atmosferi zəhərləyir. Böhtanın necə yayıldığı ona məlum deyil, buna görə də o özünə lazımınca haqq qazandıra bilmir.

6) Lovğalıq (fuziososeyis). Kilsə həyatında xidmətçi şəxsən özünü deyil, xidmətini yüksəltməlidir. İnsanlar yaxşı əməllərimizi görəndə bizi yox, xidmət etdiyimiz və bizə bunları etmək imkanı verən Səmavi Atanı izzətləndirməlidirlər.

7) Qarışıqlıq (akatastasiya). Bu söz iğtişaş, nizamsızlıq, anarxiya deməkdir. Hər imanlı cəmiyyəti belə bir təhlükə ilə üzləşə bilər: imanlı cəmiyyəti demokratik təşkilatdır, amma demokratiya bir gün absurd həddə çata bilər. Demokratiya o demək deyil ki, hər kəs istədiyini edə bilər. İmanlı cəmiyyətində hər bir üzvün istədiyini etmək hüququ yoxdur. Amma bütün imanlılar elə bir cəmiyyətdə birləşirlər ki, burada müstəqillik deyil, qarşılıqlı asılılıq vacibdir.

8) Sonda Paul inadkar korinflilərin heç də hamısının tövbə etmədiyi günahlardan bəhs edir. Buraya murdarlıq (akafarsiya) daxildir. Bu söz insanın Allahın hüzuruna daxil olmasına mane ola biləcək hər şeyi ehtiva edir. Bu söz dünyəvi batağa qərq olmuş bir insanın həyatını xarakterizə edir. Bu səbəbdən Kiplinq belə dua edirdi:

Ey Allah, bizə bu gün və həmişə

Layiqli, düzgün davranmağı öyrət.

Akafarsiya paklığın əksidir.

9) Əxlaqsızlıq (porneiya). Korinflilər elə bir cəmiyyətdə yaşayırdılar ki, orada zina günah sayılmırdı və insanın bacardığı yerdə həzz alması normal qarşılanırdı. Bu ruha yoluxmaq və zina vəsvəsələrinə uymaq çox asan idi. Onlar belə dua etməli idilər:

Ruhumuzu zinadan və günahlardan təmizlə,

Qüsursuz Məsih! Çağırışını eşidirik.

10) Pozğunluq (aselgeiya). Bu yunan sözünü tərcümə etmək çətindir, çünki bu söz təkcə cinsi natəmizlik deyil, həyasızcasına pozğunluq etmək deməkdir. Qeysəriyyəli Basil9 belə adamı bu cür təsvir etmişdir: «Bu adam heç vaxt özünü heç nədən saxlamayıb və ya saxlamağa cəhd etməyib». Bu, bütün ədəb-ərkanı gözardı edən, istədiyi hər şeyi etməyə hazır olan, ictimai rəyi və nüfuzuna tamamilə məhəl qoymayan həyasızlıqdır. İosif Flavi bu sözü Rəbbin şəhərində Baal məbədini tikən İzeveli təsvir etmək üçün istifadə etmişdir. Yunanlara görə, ən ağır günah hubris, yəni nə Allaha, nə də insana yer verən həyasız təkəbbür idi. Aselgeiya heç bir utanc hissi olmayan, istədiyini hər yerdə edən, Allaha və insana etinasız yanaşan təkəbbürlü eqoizmdir.

Müqəddəs Kitab

1 Faydalı olmasa da, öyünməliyəm. İndi Rəbdən gələn görüntülərə və vəhylərə keçirəm. 2 Məsihdə olaraq on dörd il bundan əvvəl – bədəndəmi, yoxsa bədəndən xaricmi, mən bilmirəm, Allah bilir – götürülüb göyün üçüncü qatına aparılan bir insanı tanıyıram. 3 Bilirəm ki, bu adam – bədəndəmi, yoxsa bədəndən kənarmı, mən bilmirəm, Allah bilir – 4 cənnətə aparılıb orada dillə ifadə olunmayan, insanın danışması qadağan olunan sözlər eşitdi. 5 Belə birisi ilə öyünəcəyəm, amma özümlə əlaqədar olaraq zəifliyimdən başqa bir şeylə öyünməyəcəyəm. 6 Öyünmək istəsəm belə, ağılsız olmayacağam. Çünki həqiqəti deyəcəyəm. Amma heç kim məni görüb eşitdiyindən artıq bir şəxs saymasın deyə öyünməkdən çəkinirəm.
7 Aldığım vəhylərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün Şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım. 8 Bunun məndən uzaq olması üçün üç dəfə Rəbbə yalvardım. 9 Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. 10 Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
11 Mən ağılsızlaşdım, çünki siz məni vadar etdiniz. Amma siz mənim barəmdə zəmanət verməli idiniz. Çünki özüm bir şey olmasam da, həmin «böyük həvarilər»dən heç də geri qalmıram. 12 Həvariliyimin nişanələri aranızda əlamətlər, xariqələr və möcüzələr vasitəsilə, böyük dözümlülüklə göstərildi. 13 Mən sizə yük olmadım, bundan başqa sizin digər cəmiyyətlərdən nə əskiyiniz var? Bu haqsızlığımı bağışlayın!
Paulun qayğısı
14 Budur, üçüncü dəfə yanınıza gəlməyə hazıram. Sizə yük olmayacağam, çünki sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm. Axı övladların ata-ana üçün deyil, ata-ananın övladları üçün ehtiyat görməsi doğru sayılır. 15 Mən də sizin həyatınız uğrunda sevinə-sevinə malımdan və canımdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi? 16 Qoy belə olsun. Düşünürsünüz ki, mən sizə ağır yük olmadım, amma çoxbilmiş olduğuma görə sizi fənd işlədərək aldatdım. 17 Yanınıza göndərdiyim adamlardan hansı biri ilə sizi istismar etdim? 18 Titi yanınıza gəlmək həvəsinə saldım və o biri qardaşı da onunla göndərdim. Tit mənə görə sizi istismar etmədi, elə deyilmi? Eyni ruhda həyat sürmədikmi? Eyni izlə getmədikmi?
19 Bu vaxta qədər qarşınızda özümüzü müdafiə etdiyimizi düşünürsünüzmü? Allahın qarşısında, Məsihdə olaraq danışırıq. Sevimlilər, etdiyimiz hər şey sizin inkişafınız üçündür. 20 Qorxuram ki, gəlişimdə sizi istədiyim vəziyyətdə tapmayım, siz də istədiyinizi məndə tapmayasınız və aranızda münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, böhtan, qeybət, lovğalıq, qarışıqlıq tapam. 21 Bu da məni qorxudur ki, yanınıza gələndə Allahım məni sizin qarşınızda aşağı tutacaq: əvvəllər günah işlədərək batdıqları murdarlıq, əxlaqsızlıq və pozğunluqdan tövbə etməyən bir çox adamlar üçün yas tutacağam.
  • 1
  • More pages
  • 11
  • 12
  • 13