Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 13-cü fəsil

V. Barklinin şərhləri

13-cü fəsil

1-13

XƏBƏRDARLIQ, ARZU, ÜMİD VƏ XEYİR-DUA (2Korinflilərə 13)

Paulun sərt məktubunu yekunlaşdıran bu fəsil aşağıdakı vacib məqamlarla xarakterizə olunur.

1) Paul xəbərdarlıqla bitirir. O, yenidən Korinfə gəlmək niyyətindədir və xəbərdarlıq edir ki, bu dəfə əxlaqsız söhbətlərə və düşünülmədən deyilən sözlərə dözməyəcək. Deyilənlərin hamısının şahidi olmalı və yoxlanılmalıdır. Müasir dillə desək, Paul açıq oynamağa çalışıb. Mövcud xoşagəlməz vəziyyətin davam etməsinə icazə vermək olmaz. O, yaxşı başa düşürdü ki, bir gün bütün xoşagəlməz vəziyyətləri aradan qaldırmalı olacaq.

2) O, xoş arzu ilə bitirir. O, yaxşı işlər görmək istəyirdi. Onda Paul heç vaxt öz həvari səlahiyyətindən istifadə etməli olmayacaq. Bu onun üçün məyusluq olmayacaq, əksinə, ona dərin sevinc bəxş edəcək. Paul heç vaxt özünü təsdiq etmək üçün səlahiyyətini nümayiş etdirməyə çalışmırdı. Onun bütün fəaliyyəti məhvə yox, yaratmağa yönəlmişdi. İstənilən cəza insanı alçaltmağa yox, yüksəltməyə xidmət etməlidir.

3) O, ümidlə bitirir. Onun ümidi üçqat idi. O, korinflilərdən gözləyirdi ki...

a) onlar təkmilləşməyə davam edəcəklər. Məsihçi heç vaxt çatdığı mövqe ilə kifayətlənməməlidir. İrəli getməyən geri çəkilir. Məsihçi mütəmadi olaraq Allaha doğru hərəkət edir. Buna görə də Məsihin lütfü ilə sınanmaq, Allahın hökmünə hazır olmaq üçün hər gün təkmilləşməlidir.

b) Paul ümid edir ki, korinflilər onun çağırışına qulaq asacaqlar. Yalnız güclü insan yaxşı məsləhətlərə əməl edə bilər. Əgər biz istədiklərimiz barədə az düşünsək, müdriklərin və hər şeydən əvvəl İsa Məsihin səsinə daha çox qulaq assaq, qabağa gedərik.

c) Paul korinflilərin sülh və harmoniya içində yaşayacaqlarına ümid edirdi. Heç bir imanlı cəmiyyəti zəhərlənmiş atmosferdə sülh qaynağı olan Allaha xidmət edə bilməz. Yalnız Allahı sidq ürəkdən sevən adam insanları sevə bilər.

4) Sonda Paul korinflilərə xeyir-dua verir. Ciddilik, mübarizə və mübahisə xeyir-dua ilə əvəz olunur. Düşmənlərlə barışmağın ən yaxşı yolu — onlar üçün dua etməkdir. Çünki bir insana nifrət etmək və eyni zamanda onun üçün dua etmək mümkün deyil. Paul ilə korinflilər arasındakı münasibətlərin çətin hekayəsi xeyir-dua sədaları altında yekunlaşır. Çətin iş başa çatır, son söz isə sülh sözü olaraq qalır.

1 Triumf — qədim Romada: zəfərdən qayıdan sərkərdənin təntənə ilə qarşılanması mərasami.

2 Liktor — qədim Romada: yüksək mənsəb sahiblərinin fəxri keşikçisi.

3 Bürüncək, ehram — qədim romalıların bədənlərinə sarıdıqları parça; üst geyimi.

4 Benefisiya — 1. feodalizmin ilk dövründə qulluq əvəzində kral tərəfindən bağışlanan torpaq; 2. katolik ruhanilərinin hər cür əmlak və gəliri.

5 Nirvana — 1. budda məzhəbinə görə ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşması; 2. ölüm, yoxluq; məc. tam istirahət etmək

6 Entuziast — bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam.

7 Viktoriya dövrü — Böyük Britaniya kraliçası I Viktoriyanın (Onu digər adı Viktoriya Vindzor olub, ona bu adı xaç atası I Aleksandr qoyub) hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb.

8 Tit Lukresi Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 — 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur.

9 Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır.

2

Müqəddəs Kitab

Tövsiyə və salamlar
1 Bu, yanınıza üçüncü gəlişim olacaq. «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin». 2 İkinci dəfə yanınızda olanda keçmişdə günah işlədənlərə xəbər verdiyim kimi indi uzaqda olanda da onların və başqalarının hamısına xəbərdarlıq edirəm ki, yenə yanınıza gələndə onların heç birini cəzasız qoymayacağam. 3 Məsihin mənim vasitəmlə danışdığına dair istədiyiniz sübut budur. Məsih aranızda zəifliklə deyil, qüdrətlə fəaliyyət göstərir. 4 Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq.
5 Özünüzü yoxlayın və iman yolunda olub-olmadığınızı bilmək üçün sınaqdan keçirin. İsa Məsihin daxilinizdə olduğunu başa düşmürsünüzmü? Yoxsa sınaqdan keçmirsiniz? 6 Ümidvaram, bizim sınaqdan keçdiyimizi başa düşəcəksiniz. 7 Allaha dua edirik ki, pis iş görməyəsiniz; bu bizim sınaqdan keçməyimizi göstərmək üçün deyil, sınaqdan keçməyənlər kimi olsaq da, sizin yaxşılıq etməniz üçündür. 8 Çünki həqiqətə qarşı heç nə edə bilmərik, nə etsək, həqiqət uğrunda edirik. 9 Biz zəif, sizsə güclü olanda sevinirik. Bərpa olmanız üçün dua edirik. 10 Bunları sizə uzaqdan yazıram ki, yanınızda olanda Rəbbin yıxmaq üçün deyil, inkişaf etdirmək üçün mənə verdiyi səlahiyyəti sərt şəkildə istifadə etməyə məcbur olmayım.
11 Nəhayət, ey qardaşlar, sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq. 12 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Bütün müqəddəslər sizə salam göndərir. 13 Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruhun şərikliyi hamınıza yar olsun!
  • 1
  • More pages
  • 12
  • 13