Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 2-ci fəsil

V. Barklinin şərhləri

2-ci fəsil

1-4

MÖMİN MƏZƏMMƏT EDƏNDƏ (2Korinflilərə 1:23 — 2:4)

Budur, xoşagəlməz hadisələrin əks-sədası. Artıq girişdə gördüyümüz kimi, Korinfdə vəziyyət getdikcə pisləşirdi. Qruplaşmalar İmanlı Cəmiyyətini parçalayırdı və onların arasında Paulun nüfuzunu aşağılayan insanlar da var idi. Vəziyyəti necəsə düzəltmək üçün Paul Korinfə qısa müddətli bir səfər etmişdi. Bu səfər vəziyyəti nəinki düzəltdi, hətta daha da ağırlaşdırdı və Paulu çox incitdi. Bunun nəticəsində o, göz yaşları içində çox sərt, məzəmmət dolu bir məktub yazdı. Məhz bu səbəbdən Paul onlara yenidən baş çəkmək vədini yerinə yetirmədi. Çünki belə bir səfər həm ona, həm də korinflilərə problem yarada bilərdi. Bu hissə həm də Paulun ürəyini göstərir: axı o, sevdikləri ilə sərt davranmağa məcbur idi.

1) Paul məzəmmət etməyi və ciddi davranmağı sevmirdi. Yalnız məcbur qalanda və başqa seçimi olmayanda məzəmmətə yer verirdi. Elə insanlar var ki, gözləri həmişə səhv və nöqsan axtarır, dili həmişə tənqidə hazırdır, səsi həmişə ucadan çıxır. Paul belə deyildi. O, müdrik hərəkət edirdi. Əgər biz daim insanları tənqid edib onların hər sözündə nöqsan tapırıqsa, daim qəzəbli və sərt oluruqsa, insanları tərifləməkdən çox məzəmmət ediriksə, o zaman belə sərtliyin onlara heç bir təsiri olmayacaq, əksinə, birtərəfli yanaşdığımıza görə ciddiliyimiz boşa çıxacaq. İnsan nə qədər az məzəmmət edirsə, təsiri bir o qədər güclü olar. Hər halda, həqiqi məsihçinin gözləri pis şeyləri pisləməkdənsə, tərifləmək üçün yaxşı şeylər axtarır.

2) Paul məzəmmət edəndə belə, bunu məhəbbətlə edirdi. O, heç vaxt təhqir və ya incitmək üçün məzəmmət etmirdi. Bəzi insanlar kiminsə sərt və amansız bir sözdən diksindiyini görməkdən sadistcəsinə həzz ala bilərlər. Lakin Paul belə deyildi. O, insanı incitmək üçün deyil, insana sevinc qaytarmaq üçün məzəmmət edirdi. Con Noks ölüm ayağında olanda demişdi: «Allah şahidimdir ki, mənim ən sərt qınadığım insanlara qarşı ürəyimdə heç vaxt nifrət bəsləməmişəm». Biz günaha nifrət etməli, günahkarı isə sevməliyik. Məzəmmət edən şəxs məzəmmət ediləni məhəbbətlə qucaqlayanda daha təsirli olur. Qəzəb içində edilən məzəmmət insanı incidir və dəhşətə gətirir, amma sevgi ilə edilən məzəmmət onun ürəyinə toxuna bilər.

3) Paul məzəmmət edəndə ən son etməyə çalışdığı şey insanlara öz hakimiyyətini nümayiş etdirmək idi. Müasir romanların birində ata oğluna deyir: «Mən sevən Allahın qorxusunu sənin beyninə yeridəcəyəm». Allah Kəlamının təbliğçisi və müəllimi üçün təhlükə odur ki, insanları onun düşündüyü kimi düşünməyə, dünyanı onun gördüyü kimi görməyə vadar edir. Müəllimin vəzifəsi insanlara öz biliyini aşılamaq deyil, onlara imanlarının dərinliyinə varmağa kömək etmək və sevinclərinə şərik olmaqdır. Müjdəçinin məqsədi özünə oxşatmaq deyil, sağlam düşüncəli insan yetişdirməkdir. Böyük müəllim A.B.Bryusun tələbələrindən biri belə demişdi: «O, hasarı aradan qaldırdı və biz mavi suyu görə bildik». Paul bilirdi ki, bir müəllim kimi heç vaxt öz səlahiyyətindən istifadə etməməlidir, əksinə, məsul olduğu şəxsləri öyrətməli və tərbiyə etməlidir.

4) Nəhayət, Paul məzəmmət etməkdən çəkinsə də, başqalarını yalnız mömin kimi görmək istəsə də, ürəyi məhəbbətlə dolub-daşsa da, yalnız zərurət yarananda məzəmmət etməli olurdu. Con Noks kraliça Merini Don Karlosla planlaşdırdığı evliliyə görə məzəmmət edəndə, kraliça əvvəlcə özünü təhqir olunmuş kimi apardı, sonra «göz yaşlarını» işə saldı. Noks isə buna belə cavab verdi: «Mən heç vaxt Allahın heç bir məxluqunun göz yaşlarına sevinməmişəm. Ata kimi cəzalandırmalı olduğum oğlanlarımın göz yaşlarına çətinliklə dözə bilirəm. Əlahəzrətin göz yaşlarına isə heç dözə bilmərəm. Amma vicdan əzabı çəkməkdənsə, susub dövlətimə xəyanət etməkdənsə, könülsüz olsa da, Əlahəzrətin göz yaşlarına dözməli olacağam». Biz çox vaxt saxta xeyirxahlıq hissindən irəli gələrək, ya da problemdən qaçmaq üçün məzəmmət etməkdən çəkinirik. Amma elə vaxtlar olur ki, problemləri aradan qaldırmaqdan ötrü onlarla qarşıdurma lazımdır. Saxta sülhü qorumaqdan ötrü qorxaqcasına edilən cəhdlər daha ciddi təhlükələrə səbəb ola bilər. Əgər biz öz nüfuzumuz üçün deyil, başqalarının rifahı naminə məhəbbət və ağlabatan mülahizələri rəhbər tutsaq, nə vaxt danışacağımızı, nə vaxt susacağımızı biləcəyik.

5-11

GÜNAHKARIN BAĞIŞLANMASI ÜÇÜN YALVARIŞ (2Korinflilərə 2:5-11)

Bu hissə də mübahisələrin və baş verən xoşagəlməzliklərin əks-sədasıdır. Paul Korinfdə olarkən Korinf imanlı cəmiyyətinin müxalif düşüncəli, Paulu şəxsən təhqir edən ağsaqqalı ilə görüşdü. Paul onun cəzalandırılmasını istədi. Korinfdəki məsihçilərin əksəriyyəti bu rəhbərin davranışında təkcə Paula qarşı deyil, həm də bütün Korinf cəmiyyətinin yaxşı adına qarşı təhqir olduğunu görürdülər. Ona tövbə etmək üçün müəyyən vaxt verildi. Bəziləri bunu qeyri-kafi hesab edərək daha ağır cəzaya məruz qalmasını tələb etdilər.

Budur, burada isə Paulun böyüklüyü meydana çıxır. O, bəyan edir ki, itaətsiz şəxs kifayət qədər cəzalandırılıb, çünki o, artıq tövbə edib və sonrakı cəzalar xeyirdən çox zərər gətirəcək. Bu onun məyusluğuna səbəb ola bilər. Ona qarşı belə münasibət artıq Məsihə və İmanlı Cəmiyyətinə xidmət etmək deyil, şeytanın hiylələrinə yer verməkdir. Əgər Paul insani hisslərlə idarə olunsaydı, o, günahkarın acınacaqlı vəziyyətinə gizlincə sevinərdi. Bu yerdə Paulun xarakterinin böyüklüyü ortaya çıxır: o onu təhqir edən adama mərhəmət göstərilsin deyə yalvarır. Bizim qarşımızda təhqir edilən zaman məsihçi davranışının layiqli nümunəsi dayanır.

1) Paul bu hadisəni, ümumiyyətlə, şəxsi təhqir kimi qəbul etmədi. Əhəmiyyətli olan özünün təhqir olunması deyil, imanlı cəmiyyətində nizam-intizamı və sülhü qorumaq idi. Bəzi insanlar hər şeyi şəxsən qəbul edirlər. İstənilən tənqid, hətta şirin tənqid belə, insanlar tərəfindən şəxsi təhqir kimi qəbul edilir. Qardaşlığın sülhünü hamıdan çox məhz belə adamlar pozurlar. Tənqid və məsləhətin məqsədinin bizi incitmək deyil, bizə kömək etmək olduğunu başa düşsək, yaxşı olardı.

2) Paul itaətsiz adamın cəzalandırılmasını təsdiq edəndə, o, qisas hissi ilə deyil, onu islah etmək istəyi ilə idarə olunurdu. Paul adamı yıxmaq yox, əlini uzadıb onun ayağa qalxmasına kömək etmək istəyirdi. Paul insanı mücərrəd ədalət standartlarına görə deyil, məsihçi məhəbbətinə görə mühakimə edirdi. Axı yanlış tərəfdən təzahür edən yaxşı əməllər — günahdır. Uğurlu oğurluq planı hazırlayan şəxs təşəbbüskarlıq və təşkilatçılıq qabiliyyətinə malikdir. Qürur — güclü bir müstəqillik hissidir. Alçaqlıq — pozğun bir qazancdır.

Paulun məqsədi insanda bu cür keyfiyyətləri aradan qaldırmaq deyil, onları ülvi niyyətlərə yönəltmək idi. Məsihçinin vəzifəsi insanda itaət hasil etmək yox, onu yaxşı işlərə ruhlandırmaqdır.

3) Paul israr edirdi ki, cəza insanı məyus və daşürəkli etməməlidir. İnsana qarşı yanlış rəftar onu çox vaxt şeytanın qucağına itələyir. Həddindən artıq sərtlik insanı imanlı cəmiyyətindən və bacı-qardaşlarla ünsiyyətdən uzaqlaşdıra bilər, halbuki şəfqət dolu islah insanı imanlı cəmiyyətinə yönəldə bilər. Anasının sərt rəftarına məruz qalan Meri Lem dəlilik həddinə çatmışdı. O, tez-tez dərindən nəfəs alıb belə deyirdi: «Niyə heç vaxt anamı razı sala bilmirəm?» Lüter «Ey Göylərdə olan Atamız» duasını oxuyanda əzab çəkirdi. Çünki atası o qədər sərt idi ki, «ata» sözü onun gözləri qarşısında dəhşətli mənzərə canlandırırdı. Lüter belə deməyi xoşlayırdı: «Kötəyi əsirgəmək uşağı korlayır. Amma oğlun ağıllı davrananda kötəkdən əlavə yanında bir alma da saxla». Cəza insanı ruhdan salmamalı, ürəkləndirməlidir. Əgər insanı cəzalandırarkən onun dəyişəcəyinə inanırıqsa, deməli, istədiyimizə nail ola bilərik.

12-17

MƏSİHDƏ ZƏFƏR ÇALMAQ (2Korinflilərə 2:12-17)

Paul deyir ki, Korinfdə baş verənləri səbirsizliklə öyrənmək istəyir və artıq Troasda gözləyə bilmir, halbuki orada müjdə üçün əlverişli şərait var idi. Buna görə onun yanına gələn Titi qarşılamağa gedir. Bunun ardınca hər şeyi xoşbəxt sona çatdıran Allaha şükür edir. 14-16-cı ayələri ayrı-ayrılıqda başa düşmək çətindir, lakin Paulun fikirləri kontekstində oxuyanda gözlərimiz önündə mənzərə canlanır. O deyir ki, biz həmişə Məsihin zəfər təntənəsində addımlayırıq. Bundan əlavə, biz insanlar arasında Allaha xoş olan Məsihin ətriyik. Bəziləri üçün ölümə aparan ölümcül qoxu, bəziləri üçün isə həyata aparan həyat qoxusuyuq.

Onun gözləri qarşısında Roma zəfərinin təntənəli paradı və dünyanın qalibi olan Məsihin mənzərəsi canlanır. Qalib Roma sərkərdəsinə verilən ən yüksək şərəf triumf1 idi. Belə bir şərəfə layiq görülmək üçün Roma sərkərdəsi müəyyən tələbləri yerinə yetirməli idi. O, döyüş meydanında baş komandan olmalı, hərbi yürüşü başa vurmalı, bölgəni fəth etməli və qalib qoşunları vətənə qaytarmalı idi. Döyüşdə ən azı beş min düşmən əsgəri öldürülməli, onların üzərində qələbə qazanılmalı idi. Burada söhbət vətəndaş müharibəsindən getmir.

Qələbə qazanmış komandir təntənəli şəkildə müəyyən qaydada Roma küçələri ilə Kapitoliyə qədər yürüş edirdi. Öndə dövlət xadimləri və senat gedirdi. Onların arxasında truba çalanlar olurdu. Sonra fəth etdikləri torpaqdan ələ keçirdikləri qənimətlər gəlirdi. Titus Yerusəlimi ələ keçirəndə Roma küçələrində yeddi budaqlı şamdan, təqdis çörəkləri qoyulan masa və qızıl trubalar aparırdılar. Ardınca fəth olunan ölkənin şəkilləri, ələ keçirilən qalaların və gəmilərin maketləri gəlirdi. Sonra qurbanlıq ağ buğa aparılırdı. Daha sonra zəncirlənmiş əsir şahzadələr, rəhbərlər və sərkərdələr gəlirdi. Onlar qısa müddətə həbs edilir və böyük ehtimalla çox keçmədən edam edilirdilər. Ardınca çubuqlarını daşıyan liktorlar2, onların arxasınca lira çalan musiqiçilər, daha sonra ətirli buxur yandıran və yelləyən kahinlər gəlirdi. Sonra qalib komandir özü gəlirdi. O, dörd atlı arabada dayanır, əynində qızılı xurma yarpaqları ilə işlənmiş bənövşəyi mundir, üstündən də üzərində qızılı ulduzlarla işlənmiş bənövşəyi bürüncək3 olurdu. O, əlində Roma qartalı şəkili olan fil sümüyündən bir əsa tuturdu. Başının üstündə isə qullardan biri Yupiterin tacını saxlayırdı. Ailəsi onun ardınca gəlirdi. Ən axırda «Qələbə!» deyə nida edən bəzənmiş ordu gəlirdi. Yürüş çələnglərlə bəzədilmiş küçələrdən, onları salamlayan izdihamın arasından keçib gedirdi. Bu, möhtəşəm bir hadisə idi. Belə bir mənzərə həyatda bir dəfə ola bilərdi.

Paulun gözü önündə məhz belə mənzərə canlanırdı. O, Məsihin təntənəli şəkildə dünyada yürüş etdiyini və özünü bu qalib yürüşdə addımlayan görürdü. O, əmin idi ki, bu zəfər yürüşünü heç nə dayandıra bilməz.

Həmin yürüşdə biz buxur yandıraraq yellədən kahinləri gördük. Qalib üçün bu buxur sevincin, qələbənin və həyatın qoxusu idi. Lakin bir qədər irəlidə gedən məhbuslar üçün bu, məğlubiyyətin və onları gözləyən ölümün qoxusu idi. Paul özü və qalib Məsihin Müjdəsini təbliğ edən digər həvarilər haqqında belə düşünür. Məsihin Müjdəsini qəbul edənlər üçün bu, qaliblərdə olduğu kimi, həyatın ətri olacaq. Məsihin Müjdəsini rədd edənlər üçün isə bu, məğlub olanlardakı kimi, ölüm qoxusu olacaq.

Paul əmin idi ki, hətta bütün dünya Məsihə qalib gələ bilməz. Paul pessimist qorxu içində deyil, Məsihin yenilməz ehtişamına əsaslanan yüksək nikbinlikdə yaşayırdı.

Amma yenə də xoşagəlməz keçmişin əks-sədası eşidilirdi. Elə adamlar var idi ki, Paulun Məsihin Müjdəsini təbliğ etməkdə aciz olduğunu iddia edirdilər. Üstəlik, onun Müjdəni şəxsi maraqları üçün istifadə etdiyini iddia edənlər də var idi. Paul günəşin nüfuz edən şüalarına tab gətirən səmimiliyini müəyyən etmək üçün yenə eylikrineya sözündən istifadə edir. Onun verdiyi Müjdə Allahdandır və o, Məsihin hökmü qarşısında cavab verə biləcək. Paul insanların dediklərindən qorxmurdu, çünki vicdanı ona deyirdi ki, Allah onun xidmətindən razıdır və Məsih ona «Afərin, yaxşı və sadiq qul!» deyəcək.

Müqəddəs Kitab

1 Mən sizi kədərləndirməmək üçün qərara aldım ki, yenə yanınıza gəlməyim. 2 Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandıracaq? 3 Bunu yazmışdım ki, gəldiyim zaman məni sevindirəsi insanlar kədərləndirməsin. Hamınıza inanıram ki, mənim sevincim hər birinizin sevincidir. 4 Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrısı və göz yaşları içində yazdım.
Günahkarı bağışlamaq
5 Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa hamınıza kədər gətirib. 6 Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir. 7 Hədsiz kədərə qərq olmasın deyə yaxşı olar ki, o insanı indi bağışlayasınız və təsəlli verəsiniz. 8 Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin. 9 Bunu da sizə yazdım ki, hər vəziyyətdə sizin itaətli olmağınızı yoxlayım. 10 Kimi bağışlasanız, mən də bağışlayaram. Əgər mən bir şeyi bağışlamışamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki, 11 Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.
Yeni Əhdin xidmətçiləri
12 Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapı açıldı. 13 Amma qardaşım Titi orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakılarla xudahafizləşib Makedoniyaya gəldim.
14 Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, Onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun! 15 Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik. 16 Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır? 17 Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq.
  • 1
  • 2
  • 3
  • More pages
  • 13