1-3
Bu hissə qədim dünyada tövsiyə məktubları göndərmək adətindən bəhs edir. Əgər bir şəxs yad adamların içinə gedirdisə, o zaman həmin adamları tanıyan dostlarından biri onu tanıtmaq və xarakterizə etmək üçün ona tövsiyə məktubu verirdi. Tapılan papiruslar arasında Avreli Arxela adlı biri tərəfindən hərbi tribuna Yuli Domitsiyə yazılmış məktub var. Avreli Arxela benefisiya4 idi, yəni xüsusi imtiyazlara sahib olan və xidmətçinin bütün aşağı vəzifələrindən azad edilmiş bir əsgər idi. Həmin məktubda Teon adlı bir nəfər təqdim olunur. Məktubun məğzi təxminən belə idi:
«Legionun hərbi tribunası Yuli Domitsisə, onun benefisiyası Avreli Arxeladan salamlar. Mən artıq dostum Teonu sizə tövsiyə etmişdim. İndi də sizdən xahiş edirəm ki, mənim kimi o da sizin komandanlığınız altında olsun. O sizin sevginizə layiq bir insandır. O, sevdiklərini, var-dövlətini və işini tərk edib, bütün çətinliklərdə mənim yanımda olub, mənim etibarlı müdafiəm olub. Ona görə xahiş edirəm ki, ona sizin yanınıza gəlməyə icazə verəsiniz. O sizə gördüklərimiz işlər barədə hər şeyi danışacaq... Mən onu çox istəyirəm... Sizə ailənizlə birlikdə xoşbəxtlik və cansağlığı arzulayıram. Elə təsəvvür edin ki, bu məktub vasitəsilə sizinlə üzbəüz danışıram. Salamat qalın!»
Paul da məhz belə bir tövsiyə məktubu haqqında düşünürdü. Əhdi-Cədiddə də belə bir məktub var. Romalılara 16:1-2-də Paul Kenxreya imanlı cəmiyyətindən olan Fibi bacını Roma imanlı cəmiyyətinə təqdim edir.
Bizim dövrümüzdə olduğu kimi, antik dövrdə də yazılı tövsiyələr çox vaxt elə də böyük əhəmiyyət kəsb etmirdi. Bir dəfə kimsə kinik filosof Diogendən belə bir məktub yazmağı xahiş edir. Diogen cavab verir:
«O, ilk baxışdan sənin bir insan olduğunu görəcək. Əgər yaxşını pisdən ayırmaq qabiliyyəti olsa, sənin yaxşı və ya pis olduğunu anlayacaq. Əgər o, yaxşını pisdən ayıra bilmirsə, ona min məktub yazsam belə, həqiqəti bilməyəcək».
Ancaq buna baxmayaraq, məsihçi cəmiyyətində belə məktublar vacib idi. Hətta bütpərəst satirik Lukian deyirdi ki, istənilən şarlatan məsihçilərin sadəliyindən istifadə edib sərvət qazana bilər, çünki onlar asanlıqla aldanırlar.
Məktubun əvvəlki cümlələri belə təəssürat yaradır ki, sanki Paul özünə ruhlandırıcı məktub yazır. O, belə bir məktuba ehtiyac olmadığını bildirir. Sonra o, Korinfdə fitnə-fəsad törədənlərə ötəri nəzər salır. Paul deyir: « Elələri də var ki, ya sizə tövsiyə məktubları gətirir, ya da siz tövsiyə məktubu verirsiniz». Çox güman, bunlar imanlı cəmiyyətini dağıtmaqdan ötrü gələn və hakimiyyətlərini təsdiqləmək üçün özləri ilə Ali Şuranın tövsiyə məktublarını gətirən yəhudilərin elçiləri idi. Bir vaxtlar imanlı cəmiyyəti ilə mübarizə aparmaq üçün Dəməşqə gedən Paulun da belə məktubları var idi (Həvarilərin işləri 9:2). Paul bəyan edir ki, indi onun yeganə tövsiyə məktubu Korinf məsihçiləridir. Onların xarakterində və həyatında baş verən dəyişikliklər Paulun yeganə vacib tövsiyələridir.
Sonra Paul böyük əhəmiyyət kəsb edən bəyanatla çıxış edib deyir ki, hər bir məsihçi Məsihin məktubudur. Bir vaxtlar Platon deyirdi ki, yaxşı müəllim öz təlimini solub gedən mürəkkəblə yazmaz — insanların ürəklərinə yazar. İsa Məsihin etdiyi də məhz bu idi. Məsih Xoş Xəbərini korinflilərə xidmətçisi Paul vasitəsilə solub-gedən mürəkkəblə deyil, Ruhla, Qanunun yazıldığı daş lövhələrə deyil, insanların qəlbinə həkk etdi. Bu, İsa Məsihin həm ilham mənbəyi, həm də ciddi Məktubu olan əsas həqiqətdir. Hər bir məsihçi istər-istəməz məsihçiliyin yaxşı və ya pis reklamıdır.
Məsihin şərəfi Onun davamçılarının əlindədir. Biz satıcını malına, sənətkarı işinə, imanlı cəmiyyətini öyrətdiyi insanlara görə mühakimə edirik. Bu səbəbdən də insanlar Məsihi davamçılarına görə mühakimə edirlər! Uzun illər imanlılarla ünsiyyətdə olan Dik Şeppard deyirdi: «İmanlı cəmiyyətinə ən böyük zərəri özünü məsihçi hesab edənlərin əxlaqsız həyat tərzləri vurur». Məsihin ardınca gedəndə bizim üzərimizə ehtiramdan irəli gələn bir məsuliyyət düşür — biz açıq məktublarıq, Məsihin və Onun Cəmiyyətinin təliminin canlı təsviriyik.
4-11
Bu hissə əsasən iki hissəyə bölünür. Əvvəlcə Paul düşünür ki, onun xidməti sayəsində korinflilərin Məsihin canlı məktubu olması barədə bəyanatı bəzilərinə özünü tərifləmə kimi görünə bilər. Buna görə də dərhal qeyd edir ki, nə edirsə etsin, bu onun öz əlinin işi deyil, Allahın işidir. Tapşırılan işi yerinə yetirmək üçün ona səlahiyyət verən Allah idi. Ola bilsin, o, bununla yəhudilərin Allahın böyük titullarından birinə — hər şeyə Qadir Allah mənasını verən El-Şaddaya bağladıqları mənanı nəzərdə tutur. Lakin bəzən yəhudilər El-Şadday adını Qüdrətli Olan kimi şərh edirdilər. Paula tapşırığı yerinə yetirmək imkanı verən həmin Qüdrətli Olan idi.
Harriet Biçer-Stou «Tom dayının daxması» kitabını yazanda bir il ərzində onun Amerikada 300 min nüsxəsi satıldı. Bu kitab dünyanın onlarla dilinə tərcümə edilmişdi. Otuz il ərzində heç bir roman oxumayan lord Palmerston həmin kitabı «təkcə süjet xəttinə görə deyil, həm də dövlətçilik təliminə görə» tərifləmişdi. Gizli Şuranın üzvü Lord Kokbern bu kitabın bəşəriyyət üçün digər bədii əsərlərdən daha çox şey etdiyini söyləmişdi. Tolstoy həmin əsəri insan şüurunun böyük nailiyyətləri sırasına daxil etmişdir. «Tom dayının daxması» əsəri, şübhəsiz ki, hər şeydən çox qulların azad edilməsinə töhfə vermişdi. Lakin müəllif bu kitabı yazmaq şərəfini qəbul etməkdən imtina edirdi. Harriet Biçer-Stou deyirdi:
««Tom dayının daxması» kitabının müəllifi mənəm? Əlbəttə ki, yox. Tarixin inkişafını təyin edən mən deyiləm: bu əsər özü yazılıb. Onu yazan Tanrıdır. Mən isə onun əlində olan ən təvazökar alət olmuşam. Bütün hadisələr görüntü kimi gözlərimin önündə canlanırdı. Mən də onları sözlərlə ifadə etdim. İzzətə layiq olan varsa, o da Allahdır».
Harriet Biçer-Stounun ilham mənbəyi Allahdan idi. Paul ilə də belə idi. O, heç vaxt «Baxın, görün, mən nə etmişəm!» demirdi. Əksinə, yorulmadan «Allaha şükür olsun!» deyə bəyan edirdi. O, heç vaxt hansısa tapşırığı yerinə yetirmək qabiliyyətini özündə görmürdü: o bilirdi ki, ona güc verən yalnız Allahdır. Məhz buna görə də o öz zəifliyini dərk edərək, heç bir vəzifəni boynuna götürməkdən çəkinmirdi.
O, istənilən tapşırığa şəxsən təşəbbüs göstərməyib, həmişə Allahın rəhbərliyi altında olub. Bu hissənin ikinci bölməsi Əhdi-Ətiqlə Əhdi-Cədid arasında ziddiyyət təşkil edir. Əhd iki şəxs arasında xüsusi bir əlaqəni göstərən müqavilə deməkdir. Müqavilə sözünün Müqəddəs Kitabda olan mənası adi mənadan fərqlidir, çünki müqavilə bağlayan tərəflər bərabər şərtlərlə müqavilə bağlayırlar. Müqəddəs Kitabdakı mənaya görə isə müqavilə əhd-əqdin yaradıcısı olan Allahın Özüdür. Allah insanı yarı yolda qabaqlayır ki, ona müəyyən bir münasibət təklif etsin. İnsan bu münasibəti nə özü təklif edə, nə də dəyişdirə bilər, yalnız ya qəbul edə, ya da rədd edə bilər. Paul Əhdi-Cədiddən danışarkən yeni ifadəsi üçün İsanın işlətdiyi sözü işlədir. Bu, diqqətəlayiqdir. Yunan dilində yeni anlayışını ifadə edən iki söz var. Birincisi, neos-dur. Bu söz yalnız zaman baxımından yeni deməkdir. Məsələn, körpə yeni doğulmuş olduğu üçün neos-dur. İkincisi, kainos sözüdür. Bu, təkcə zaman mənasında deyil, həm də keyfiyyətcə yeni deməkdir. Əgər nəyəsə kainos deyilirsə, deməli, o, mövcud vəziyyətə yeni bir element daxil edir. Həm İsa Məsih, həm də Paul Əhdi-Cədidi müəyyən etmək üçün məhz kainos sözündən istifadə edir. Bununla onlar göstərirlər ki, Əhdi-Cədid yalnız zaman baxımından yeni deyil, həm də Əhdi-Ətiqdən keyfiyyətcə fərqlidir. Əhdi-Cədid insanla Allah arasında tamamilə fərqli münasibət yaradır. Bu fərqin mahiyyəti nədir?
1) Əhdi-Ətiq yazılı sənədə əsaslanırdı. Biz onun tarixçəsini Çıxış 24:1-8-də görürük. Musa peyğəmbər əhd kitabını götürüb xalqa oxudu və onlar da əhdlə razılaşdılar. Digər tərəfdən, Əhdi-Cədid həyat verən Ruhun qüdrətinə əsaslanır. Yazılı sənəd həmişə insan üçün zahiri xarakter daşıyır, halbuki Ruhun təsiri onun ürəyini dəyişir. İnsan yazılı qanunun tələblərini yerinə yetirə bilər, baxmayaraq ki, həmişə daxilində onu pozmaq istəyi olur. Lakin Ruh insanın ürəyinə daxil olub ona rəhbərlik edəndə, insan nəinki qanunu pozmur, hətta onu pozmaq arzusu belə olmur, çünki o, yeni məxluq olur. Yazılı qanun hüquqları, Ruh isə insan təbiətini dəyişdirir.
2) Əhdi-Ətiq amansız idi, çünki o, insanla Allah arasında hüquqi münasibət yaradırdı. Əslində Əhdi-Ətiq deyirdi: «Əgər Allaha yaxın olmaq istəyirsənsə, Qanuna riayət etməlisən». Elə təəssürat yaranırdı ki, Allah mahiyyət etibarilə hakim, insan isə müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə əbədi olaraq müttəhimlər kürsüsündə oturan cinayətkardır. Əhdi-Ətiq həm də ona görə amansız idi ki, a) insanı ümiddən məhrum edirdi. Heç kim Qanuna tamamilə əməl edə bilməzdi, çünki insan təbiəti belədir. Buna görə də həyat ümidsiz olmuşdu; b) insanı əbədi həyatdan məhrum edirdi. Qanuna riayət etməyə çalışarkən insan mühakimədən başqa heç nəyə layiq ola bilməzdi, mühakimə isə ölümə səbəb olurdu; c) insanı gücdən məhrum edirdi. Qanun açıq-aydın nə etməyi əmr edirdi, lakin bu əmrlərin icra edilməsinə kömək etməkdə aciz idi.
Əhdi-Cədid tamamilə fərqli idi: a) o, sevgi münasibətləri yaradırdı. Əhdi-Cədid məhz Allah dünyanı çox sevdiyi üçün yaranmışdı; b) o, Ata ilə oğulları arasında münasibət yaradırdı. Müqaviləni pozan adam artıq cinayətkar sayılmırdı. O, itaətsiz oğul olsa belə, yenə də Allahın oğlu idi; c) Allah insanın həyatını yeni Qanun qoymaqla deyil, onun qəlbini dəyişməklə dəyişdirdi; d) Əhdi-Cədid insana nə etmək lazım olduğunu bildirməklə yanaşı, ona Allahın əmrlərinə tabe olmaq üçün güc verirdi. Beləcə Əhdi-Cədid insana güc və səlahiyyət verir.
Paul bu iki əhdi müqayisə etməyə davam edir. Əhdi-Ətiq ehtişamla gəlmişdir. Musa peyğəmbər Əhdi-Ətiqin qanunvericiliyini təşkil edən On Əmrlə dağdan enəndə, onun üzü elə parlayırdı ki, heç kim ona yaxınlaşmağa cəsarət etmirdi (Çıxış 34:30). Şübhəsiz, bu, keçici ehtişam idi. O, uzun müddət davam edə bilmədi. İsa Məsihin insanla Allah arasında qurduğu yeni münasibətdə — Əhdi-Cədiddə heç vaxt sönməyəcək daha böyük ehtişam var. Çünki Əhdi-Cədidin ehtişamı insanlara mühakimə əvəzinə bağışlanma, ölüm əvəzinə həyat verir.
Ancaq burada bir xəbərdarlıq var. Yəhudilər Əhdi-Ətiqə — Qanuna üstünlük verirdilər. Onlar Yeni Əhdi, Məsihdəki yeni münasibəti rədd edirdilər. Əslində Əhdi-Ətiq yaxşı Qanun idi, lakin ikinci dərəcəli və sadəcə olaraq inkişaf mərhələsi idi. Böyük şərhçilərdən birinin dediyi kimi: «Günəş doğduğu zaman lampalara ehtiyac qalmır». Ancaq «ən pis yaxşının əsas düşmənidir» məsəlində olduğu kimi, insanlara daha yaxşısı təklif olunsa da, onlar köhnədən yapışmağa meyillidirlər. Tibdə uzun illər dini səbəblərə görə xloroformdan imtina ediblər. Ədəbiyyatda Vadsvort və romantiklər meydana çıxanda tənqidçilər dedilər ki, «Bu yaramır». Vaqner musiqi yazmağa başlayanda insanlar ona qulaq asmaqdan imtina etdilər. Dünyadakı kilsələr köhnəyə üstünlük verir və yenidən uzaqlaşır. Yerinə yetirilənlər düzgün, yetirilməyənlər isə yanlış sayılır. Biz çox ehtiyatlı olmalıyıq ki, son məqsəddən daha çox aralıqdakılara üstünlük vermək səhvini etməyək. Biz yəhudilər kimi, köhnə yolun doğru olduğunu təkid etməməli və bununla da Allahın bəxş etdiyi yeni izzəti rədd etməməliyik.
12-18
Bu hissədə təsvir olunan bütün obrazlar birbaşa əvvəlki hissədən irəli gəlir. Paul deyir: «Musa peyğəmbər dağdan enəndə onun üzündəki izzət o qədər parlaq idi ki, heç kim ona baxa bilmirdi».
1) Paul fikirlərini Çıxış 34:33-ə əsaslandırır: «Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi». Paul hesab edir ki, Musa peyğəmbər insanlar onun bir vaxtlar parıldadığı izzətin sönməsini görməsinlər deyə üzünü niqabla örtmüşdü. Buradan belə nəticəyə gəlmək olar ki, Əhdi-Ətiqin izzəti, Tanrı ilə insanlar arasındakı köhnə münasibət mahiyyətcə müvəqqəti xarakter daşıyırdı. Allah planlaşdırdı ki, köhnə münasibətləri əvəz edən Əhdi-Cədid nazil olsun. Amma bu əvəzetmə yanlışın doğru ilə əvəzlənməsi kimi deyil, qeyri-kamilin mükəmməllə əvəzlənməsi kimi başa düşülməlidir. Musa peyğəmbər vasitəsilə insanlara verilən vəhy doğru və böyük olsa da, natamam idi. İsa Məsihdə verilən vəhy tam və yekundur. Avqustinin dediyi kimi: «Əgər biz Əhdi-Ətiqin Əhdi-Cədidi verən eyni ədalətli və xeyirxah Allah tərəfindən verilmədiyini iddia etsək, Əhdi-Ətiqə qarşı ədalətsizlik etmiş olarıq. Digər tərəfdən, əgər Əhdi-Cədidi Əhdi-Ətiqlə müqayisə etməyə başlasaq, Əhdi-Cədidə qarşı ədalətsizlik etmiş olarıq». Birincisi izzətə doğru bir addım, ikincisi onun zirvəsidir.
2) Niqab ideyası Paulu valeh edir və o, niqab ideyasını müxtəlif mənalarda istifadə edir. Yəhudilər Əhdi-Ətiqin oxunmasına qulaq asanda (onlar bunu hər şənbə günü sinaqoqda edirlər), ürəklərini örtən niqab onlardan əsl mənasını gizlədir. Əhdi-Ətiq onlara İsa Məsihə gedən yolu göstərməli idi, lakin niqab buna mane olurdu. Biz də bəzən Müqəddəs Yazıların əsl mənasını görə bilmirik, çünki bizim də gözlərimizi örtən pərdə var.
a) Məsələn, biz mövhumatlardan kor ola bilərik. Biz çox vaxt İlahi həqiqəti tapmaq üçün deyil, öz nöqteyi-nəzərimizi təsdiqləmək üçün Müqəddəs Yazılara müraciət edirik.
b) Biz öz nəfsimizə görə kor ola bilərik. Çox vaxt biz tapmaq istədiklərimizi tapır və görmək istəmədiklərimizi görməməzlikdən gəlirik. Məsələn, biz Allahın məhəbbəti və mərhəməti ilə bağlı deyilənləri məmnuniyyətlə qəbul edir, amma Onun qəzəbi və hökmü haqqında deyilənləri gözardı edirik.
c) Biz natamam düşüncədən kor ola bilərik. Müqəddəs Kitaba bütöv baxmaq vacibdir. Hansısa mətni götürüb onu tənqid etmək asandır. Əhdi-Ətiqin bəzi hissələrinin məsihçiliyin təbiətinə malik olmadığını sübut etmək çətin deyil. Şəxsi nəzəriyyələri təsdiqləmək üçün müəyyən mətnləri və hissələri seçib, digərlərini rədd etmək çətin deyil. Amma biz Xoş Xəbərə bütünlüklə Müqəddəs Kitabda baxmalıyıq. Bu o deməkdir ki, biz bütün Müqəddəs Yazıları İsa Məsihin işığında oxumalıyıq.
3) Ancaq yəhudilərə Müqəddəs Yazıların həqiqi mənasını görməyə mane olan təkcə niqab deyil, həm də onlarla Allah arasında yaranmış pərdədir.
a) Bəzən bu pərdə itaətsizlikdir. Adətən, bizə əqli korluqdan çox əxlaqi korluq Allahı görməyə mane olur. Əgər Ona asi olmaqda israrlı olsaq, biz getdikcə Onu görmək qabiliyyətini itirəcəyik. Yalnız qəlbi təmiz olanlar Allahı görəcək.
b) Bəzən bu pərdə inadkar cəhalətdir. Şotlandların dediyi kimi, «Əsl kor görmək istəməyəndir». Hər şeyi bilən və öyrənmək istəməyən insana heç kim nəsə öyrədə bilməz. Allah bizə iradə azadlığı verib və biz öz yolumuzda israrlı olsaq, Rəbbin yolunu heç vaxt dərk etməyəcəyik.
4) Paul daha sonra deyir ki, biz hamımız niqabsız üzdə Rəbbin izzətini görmüşük, buna görə də Rəbbin ehtişamını əks etdiririk. Paul demək istəyir ki, Məsihə yaxınlaşdıqca, O, güzgüdəki kimi bizdə əks olunacaq. Onun obrazı həyatımıza həkk olunacaq. Həyatın qanununa görə, biz daim baxdığımız insanlara oxşayırıq. İnsanlar öz qəhrəmanlarına heyran olur və onları təqlid etməyə başlayırlar. Əgər biz daim İsa Məsih haqqında düşünsək, nəticədə Onu əks etdirəcəyik.
Paulun «Rəbb Ruhdur» ifadəsi çoxları üçün teoloji problemə çevrilib. Elə təəssürat yaranır ki, Paul Dirilmiş Rəbbi və Müqəddəs Ruhu eyniləşdirir. Yadda saxlamaq lazımdır ki, Paul burada teoloji məqalə yazmır, öz həyat təcrübəsini izah edirdi. Məsihçi həyatının təcrübəsi göstərir ki, Ruhun işləri ilə dirilmiş Rəbbin işləri eynidir. Aldığımız güc və rəhbərlik həm Ruhdan, həm də ölülərdən dirilmiş Rəbdən gəlir.
Paul deyir ki, Rəbbin Ruhu olan yerdə azadlıq var. Paulun fikrincə, nə qədər ki insanın Allaha itaəti qanunlar toplusunun yerinə yetirilməsinə əsaslanır, o, qarşı çıxan qul mövqeyindədir. Ancaq Allaha itaət Ruhun ürəyə təsirinin nəticəsi olanda, insanın yalnız bir istəyi olur — Allaha xidmət etmək. Çünki o, Qanunla deyil, məhəbbətlə idarə olunur. Yad insan üçün məcburi olaraq etmək istəmədiyimizi sevdiyimiz üçün sevə-sevə edirik. Sevgi ən ağır qul işini izzətə çevirir. «Allaha xidmət etməklə biz əsl azadlıq tapırıq».