Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 4-cü fəsil

V. Barklinin şərhləri

4-cü fəsil

1-6

KOR OLAN GÖZ (2Korinflilərə 4:1-6)

Burada Paul birbaşa və ya dolayı yolla dörd növ insan haqqında danışır:

1) Əvvəlcə o özü haqqında qeyd edir ki, ona həvalə edilmiş xidməti yerinə yetirməkdə ruhdan düşmür. Paul onu buna vadar edən iki səbəbə işarə edir.

a) Böyük tapşırığı dərk etməsi. Böyük bir tapşırığın ona həvalə edildiyini dərk edən insan heyrətamiz işlərə nail ola bilər. Ən gözəl musiqi əsərlərindən biri Hendelin «Məsih» əsəridir. Səs yazısı göstərir ki, müəllif həmin əsəri iyirmi iki günə bəstələyib və bu müddət ərzində o, nə yemək yeyib, nə də yatıb. Böyük tapşırıq insana qeyri-adi güc verir.

b) Paula verilən lütfün xatırlanması. Paulun həyatdakı məqsədi onu xilas edən məhəbbət naminə nəyisə yerinə yetirmək idi.

2) Sonra Paul rəqiblərini və ona böhtan atanları xatırladır. Yenə də xoşagəlməz keçmişin əks-sədaları eşidilir. Biz buradan öyrənirik ki, rəqibləri Paula qarşı üç ittiham irəli sürmüşdülər. Onlar böhtan atıb deyirdilər ki, Paul məqsədinə çatmaq üçün gizli niyyətlərdən, hiyləgərlikdən istifadə edir və Müjdəni saxtalaşdırır. Kimsə niyyətimizi səhv başa düşəndə, gördüyümüz işləri ləkələyəndə və sözlərimizi təhrif edəndə, Paulun da bu şeyləri yaşadığını yadımıza salıb təsəlli tapa bilərik.

3) Paul Müjdəni qəbul etməkdən imtina edən insanlardan söz açır. Paul israr edir ki, o, Müjdəni hər təbəqədən olan insanın başa düşəcəyi və Məsihin çağırışını qəbul edə biləcəyi tərzdə təbliğ edib. Ancaq buna baxmayaraq, bəziləri Məsihin çağırışına kar və Onun izzətinə kor olaraq qalırlar. Onlara nə olub? Paul deyir ki, «Onları bu dövrün allahı korazehin» edib, buna görə də onlar iman edə bilmirlər. Müqəddəs Kitabda belə bir təsəvvür var ki, bu dünyada qaranlıq və şər qüvvələr hökmranlıq edir. Bəzən bu qüvvələri şeytan, bəzən də iblis adlandırırlar. Yəhyanın Müjdəsində İsa bu dünyanın hökmdarı və onun məğlubiyyəti haqqında üç dəfə danışır (Yəhya 12:31; 14:30; 16:11). Paul Efeslilərə 2:2-də havada olan hakimiyyətin ruhundan, burada isə bu dövrün allahından danışır. Hətta «Ey Göylərdə olan Atamız» duasında şər qüvvədən bəhs edilir. Matta 6:13 ayəsinin düzgün tərcüməsi belə səslənir: «Bizi Şeytandan xilas et». Əhdi-Cədidin bu ideyasında müəyyən təsirləri müşahidə etmək olar:

a) Zərdüştilik inancı bütün dünyaya işıq tanrısı ilə zülmət tanrısı, Hörmüz və Əhriman arasında döyüş meydanı kimi baxır. İnsanın taleyi bu mübarizədə kimin tərəfində olması ilə müəyyən edilir. Farslar yəhudiləri fəth edəndə, onlar bu ideya ilə tanış oldular və şübhəsiz ki, bu onların təfəkkürünə müəyyən dərəcədə təsir etdi.

b) Yəhudi dinində əsas ideya iki dövrü — indiki və gələcəyi əhatə edir. Məsihçilik dövründə yəhudilər belə bir fikrə gəlmişdilər ki, onların yaşadığı dövr islahedilməz dərəcədə pisdir və gələcək dövrün şəfəqi ilə tamamilə məhv olmağa məhkumdur. Vurğulamaq yerinə düşər ki, onların dövrü bu dünya tanrısının hakimiyyəti altında və həqiqi Allahla düşmənçilik içində idi.

c) Unutmayaq ki, düşmən kəsilən şər qüvvə ideyası təkcə teoloji problem deyil, həm də həyat təcrübəsidir. Bu problemə teoloji baxımdan yanaşanda ciddi çətinliklərlə qarşılaşırıq. Bəs şər qüvvə Allahın yaratdığı dünyaya haradan gəldi? Sonda onu nə gözləyir? Buna həyat təcrübəsi problemi kimi yanaşanda, dünyada pisliyin nə qədər real olduğunu görürük. Şotland yazıçısı Robert Lyuis Stivenson belə deyirdi: «Edinburqdakı Kaledoniya stansiyasını tanıyırsınızmı? Bir gün səhər soyuq şərq küləyi əsəndə orada Şeytanla qarşılaşdım».

Stivensonun danışdığı təcrübə hər kəsdə var. Məsihin Müjdəsinin Xoş Xəbərini qəbul edə bilməyənlər, bu dünyanın pis prinsiplərinə təslim olanlar artıq Allahın çağırışını eşidə bilmirlər. Onları tərk edən Allah deyil. Onlar öz davranışları ilə Tanrının onlara yaxınlaşmasına mane oldular.

4) Paul İsa haqqında danışmağa davam edir. Paulun əsas ideyası odur ki, biz İsa Məsihdə Allahın surətinin bənzərini görürük. İsa Məsih deyir: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9). Paul təbliğ edəndə «Mənə baxın» demirdi. O, «İsa Məsihə baxın! Məsihdə siz Onun vasitəsilə yer üzünə zühur edən Allahın izzətini görəcəksiniz».

7-15

İZTİRAB VƏ ZƏFƏR (2Korinflilərə 4:7-15)

Paul bu hissəni belə başlayır ki, məsihçinin malik olduğu imtiyazlar onda qürur hissi yarada bilər. Amma həyat elədir ki, insanı qürurlanmağa qoymur. İnsanın məsihçi şöhrəti necə olursa olsun, o, hələ də şəraitdən və həyatdakı dəyişikliklərdən asılı olan bir fani, şəraitin qurbanı olaraq qalır. Onun bədəni zəiflikləri, ağrıları və iztirabları ilə birlikdə fanidir. O, saxsı qabda qiymətli xəzinə, özlüyündə isə zəif və dəyərsiz olan adama bənzəyir. Biz insanın gücü və onun səlahiyyəti haqqında çox danışırıq. Əslində insanı xarakterizə edən güc deyil, zəiflikdir. Paskalın dediyi kimi: «Bir damcı su və ya bir nəfəs onu öldürə bilər».

2Korinflilərə 2:14-16-da biz Roma sərkərdəsinin zəfər paradını gördük. Amma Roma sərkərdəsini iki şey qürurlanmağa qoymurdu: birincisi, o, arabaya minəndə və qullardan biri onun başı üzərində tac tutanda, romalılar nəinki heyran qalırdılar, əksinə, belə deyirdilər: «Ətrafına bax və unutma ki, sən də öləcəksən!» İkincisi, zəfər yürüşünün ən axırıncı cərgəsində qalib sərkərdənin əsgərləri dururdu. Onlar sərkərdənin şərəfinə nəinki mədh mahnıları oxuyur, həm də onun ünvanına kobud zarafatlar, təhqirlər deyirdilər ki, o, zəfər yürüşündə qürurlanmasın. Məsih bizi izzətlə əhatə etsə də, həyat bizi qürurlanmayaq deyə çətinliklərlə sınayır. Unutmamalıyıq ki, biz zəifik, izzət isə Allahındır. Biz Ondan tam asılı olduğumuzu bilməliyik.

Daha sonra Paul bədən zəifliyinin Allahın izzəti ilə bir-birinə bağlandığı, bir sıra paradoksların olduğu məsihçi həyatını təsvir etməyə davam edir.

1) Biz hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Biz müxtəlif əziyyətlərə məruz qalırıq, lakin heç vaxt ümidsiz, çıxılmaz vəziyyətə düşmürük. Məsihçinin bədəni məhdud şəraitdə və ya çətin vəziyyətlərdə olsa belə, onun ruhu həmişə Allahın hüzurunda xilas yolu tapır.

Metyu Arnold Londonun gecəqondularından birində toxucu və məsihçi təbliğçisi ilə görüşündən yazır:

Avqust ayında günəş Betnal Grinin

Acınacaqlı gecəqondularını yandırıb yaxırdı.

Kiçik pəncərədə solğun üzlü toxucu

Üçqat məyus görünürdü.

Ağsaqqalla görüşüb ondan soruşdum:

«Ey xəstə, yorğun adam, necəsən?»

«Çox yaxşı» deyə o, cavab verdi,

«Çünki dünən səhərdən bəri

Həyat çörəyi olan Məsih məni sevindirdi».

Əgər toxucunun bədəni məhdud şəraitdə boğulmuşdusa, təbliğçinin zəif bədəni Məsihlə ünsiyyətdən güc və rahatlıq əldə etmişdi.

2) Biz təqib olunuruq, amma Allah tərəfindən tərk edilmirik. Məsih uğrunda əzabkeşlər üçün ən möhtəşəm şey — onların ən çətin anlarında Məsihlə ünsiyyətdən aldıqları xeyir-dua idi. Hamı Janna Darkı tərk edəndə o, belə dedi: «Tanrı ilə tək qalmaq daha yaxşıdır. Onun məsləhəti və sevgisi kimi xeyirxahlığı da məni tək qoymaz. Son nəfəsimə kimi daim Ondan güc alacağam». Məzmurçu isə belə yazmışdı: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» (Zəbur 26:10). Heç nə Allahın sədaqətinin qarşısını ala bilməz.

3) Biz çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. Elə vaxtlar olur ki, məsihçi müəyyən vəziyyətdə nə edəcəyini bilmir. Lakin onda da çıxış yolu tapa biləcəyinə şübhə etmir. Bəzən məsihçi həyatının necə olacağını müəyyənləşdirə bilmir. Amma hər şeyin yolunda olacağına heç vaxt şübhə etmir. Əgər «ölüm kölgəsinin dərəsindən» keçməli olsa da, oradan çıxacağını bilir. Elə də olur ki, məsihçi ən ağır dərsi — İsanın Getsemani bağında aldığı dərsi öyrənməli olur: yəni onun anlayışından kənar olanı qəbul edib «Ey Allah, Sən sevən Allahsan. İmanımı məhəbbətinin üzərində quracağam» deyir.

Frensis Tomson ən çətin günlərində Məsihin onun yanında olması haqqında belə yazırdı:

Kədərə qərq olanda, ucadan Rəbbi səslə!

Yaqubun röyasındakı tək, göylərədək ucalan

İşıq dolu pilləkən önündə açılacaq.

Təlaş içində ikən gecənin ortasında

Səmanın ətəyindən yapış,

Var-gücünlə səslə, ağla,

Onda Məsihi sənin evinə doğru

Köməyə tələsən görəcəksən.

Həqiqətən də, məsihçi çətin vəziyyətə düşsə belə, ümidini kəsmir. Çünki Məsih onun yanındadır.

4) Bizi yıxmağa çalışırlar, amma biz ayaq üstə qalırıq. Məsihçinin əsas xüsusiyyətlərindən biri odur ki, o, yıxılsa belə, təkrar ayağa qalxır. Məsələ onda deyil ki, onu heç vaxt yıxmayacaqlar. Məsələ ondadır ki, o, heç vaxt tamamilə məğlub olmayacaq. O, döyüşü uduza bilər, amma əsas mübarizəni yox.

Paul məsihçi həyatının böyük paradokslarını ortaya qoyduqdan sonra həyatının sirrini — başına gələnlərin hamısına dözə bilməsinin səbəblərini və Allahın iradəsini necə icra edə bildiyini açıqlayır.

1) Paul əmin idi ki, Məsihin həyatına şərik olan şəxs onunla əlaqəli təhlükələrə də şərik olmalıdır. Əgər insan Məsihlə yaşamağı seçibsə, Onunla birlikdə ölməyə də hazır olmalıdır. Paul məsihçi həyatının sarsılmaz qanununu bilirdi və onu qəbul edirdi: «Çarmıxsız həyat çələngi yoxdur».

2) O, İsa Məsihi ölülər arasından dirildən Allahın qüdrətini dərk etdiyinə görə hər şeyə dözürdü. O ona görə cəsarətlə danışa bilirdi ki, ölsə belə, Allahın onu dirildə biləcəyinə inanırdı. Paul həyatını qoruyan və ölümü aşan qüdrətə arxalana biləcəyinə əmin idi.

3) Paul çəkdiyi əzab və sınaqların başqalarını Allahın nuruna və sevgisinə aparacağına əmin olduğu üçün hər şeyə dözürdü. ABŞ-dakı böyük Boulder bənd sistemi geniş səhra ərazilərini məhsuldar sahələrə çevirmişdi. Bu suvarma sisteminin qurulması bir çox insanların həyatı bahasına başa gəlmişdi. Tikinti başa çatdıqdan sonra bəndin divarına mərhum işçilərin adları yazılmış lövhə quraşdırıldı və altında belə yazıldı: «Onlar öldülər ki, səhra sevinsin və gül kimi çiçək açsın». Paul hər şeydən ona görə keçə bildi ki, bunun mənasız olmadığını bilirdi. O bilirdi ki, başqalarını Məsihə yönəldəcək. Məsihin qələbəsi naminə hər şeyə tab gətirəcəyinə əmin olan insan hər şeyə dözə bilər.

16-18

MƏSİHÇİ SƏBRİNİN VƏ ƏZMKARLIĞININ SİRRİ (2Korinflilərə 4:16-18)

Sonra Paul bu əzmin sirrini açır.

1) İnsan həyatı təkzibedilməz qanuna tabedir — illər keçdikcə onun fiziki gücü tükənir, ruhani gücü artır. İnsanın bədənini zəiflədən əzablar onun ruhunu gücləndirə bilər. Şairlərdən biri belə dua edirdi: «Mən qocaldıqca qoy ruhum gözəlləşsin». Cismani həyat yavaş-yavaş ölümə aparan yamacdan aşağı yuvarlanır, ruhani həyat Allaha aparan yamacla yuxarı dırmaşır. Qocalıqdan qorxmaq üçün heç bir səbəb yoxdur; o, ölümə deyil, Allaha aparır.

2) Paul əmin idi ki, onun bu həyatda çəkdiyi bütün əzablar gələcək həyatda ona bəxş ediləcək izzətlə müqayisə oluna bilməz. O, əmin idi ki, Allah heç vaxt insana borclu qalmayacaq. «Yulissis gəmisi» romanının müəllifinin ruhani atası Alister Maklin evini və dağların təmiz havasını tərk edərək böyük bir şəhərin gecəqondusunda yaşamağa məcbur olan yaşlı qadının hekayəsindən bəhs edir. Qadın Allaha güvənməyə davam edir və bir gün deyir: «Allah məni ən yaxşısı ilə mükafatlandıracaq, mən yenidən çiçəkləri görəcəyəm».

İngilis şairi Robert Brauninq «Milad gecəsi» əsərində bir şəhiddən bəhs edir. Onun məzar daşı üzərində belə yazılmışdı:

Mən qul, xəstə, kasıb doğuldum,

Amma yoxsulluq

Ürəkdəki kristal təmiz mirvariləri

Sezardan gizlədə bilmədi.

Ona görə də vəhşi heyvanlarla iki dəfə

Döyüşməli oldum,

Onun kefinə görə övladlarım

Üç dəfə əziyyət çəkdi;

Nəhayət, azadlığa layiq görüldüm:

Məni odda yandırıb yaxdılar.

Amma ölümdən əvvəl, alov arasından

Başımın üstündə bir Əl mənə göründü

Titrəyən ruhumu qəbul edərək,

Məsihə həvalə etdi;

O, göz yaşlarımı sildi,

Mən Onun sevimli üzünü gördüm.

Qardaşım Sergey bu şəhadəti divara yazır,

Çünki mən artıq hər şeyi unutmuşam.

Dünyadakı əzablar səmavi sevinc içində unudulur. Maraqlıdır ki, İsa Məsih Müjdədə Öz ölümündən danışanda, dirilməsini də qabaqcadan söyləmişdir. Məsih uğrunda əzab çəkənlər Onun izzətinə şərik olacaqlar. Bunun zəmanəti isə Allahın nəcibliyidir.

3) Məhz bu səbəbdən insan diqqətini görünən şeylərə deyil, görünməyənlərə yönəltməlidir. Görünən şeylər bu dünyaya aiddir — onların günləri sayılıdır və keçicidir. Görünməyən şeylər isə səmavidir, əbədi olaraq qalır.

Həyata iki cür yanaşmaq olar. Biz həyata Allahdan yavaş-yavaş uzaqlaşma kimi yanaşa bilərik. Vodsvort «Ölümün xatırladılması haqqında qəsidə» əsərində yazır ki, dünyaya gələn uşağın cənnətlə bağlı bəzi xatirələri olur, amma illər keçdikcə bu xatirələr tədricən unudulur.

İzzət buludlarından keçib

Həyata qədəm qoyuruq.

Hər şeyi bilmək istəyən yeniyetmənin

Qəlbinə dünyəvi kölgələr şübhələr salır.

Sonda insan yerə bağlanır, səma isə unudulur. Tomas Qud qəmgin pafosla yazırdı:

Yadımdadır, doğma yurdum səmada

İncə başlı hündür bir küknar vardı.

Ey xoşbəxt, məsum uşaq imanı,

Haradasan sən indi?

Həqiqəti dərk edəndən bəri

Xoşbəxtlik mənə yad gəlir,

Cənnət körpəyə yaxındır,

Amma mənə çox uzaqdır.

Əgər biz yalnız görünənlər haqqında düşünsək, istər-istəməz dünya bizim üçün belə olacaq. Ancaq dünyaya başqa cür yanaşma da var. İbranilərə Məktubun müəllifi Musa peyğəmbər haqqında yazırdı: «...çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı» (İbranilərə 11:27).

Müqəddəs Kitab

Müjdə yaymaqda sədaqət
1 Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik. 2 Xəcalət gətirən gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın önündə, hər insanın vicdanı qarşısında özümüz barədə zəmanət veririk. 3 Əgər yaydığımız Müjdə qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır. 4 Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. 5 Biz özümüzü yox, İsa Məsihi Rəbb olaraq vəz edirik. Özümüzü isə İsa naminə qullarınız olaraq təqdim edirik. 6 Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin.
7 Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq. 8 Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. 9 Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. 10 İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün. 11 Çünki İsanın həyatı fani cismimizdə aydın görünsün deyə biz yaşaya-yaşaya İsa üçün həmişə ölümə təslim edilirik. 12 Beləliklə, ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir.
13 «İman etdim, buna görə danışdım»
deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq. 14 Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq. 15 Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin.
Səmavi evimiz
16 Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. 17 Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. 18 Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir.
  • 1
  • More pages
  • 3
  • 4
  • 5
  • More pages
  • 13