Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 6-cı fəsil

V. Barklinin şərhləri

6-cı fəsil

1-2

MƏSİHİN NÜMAYƏNDƏSİ (2Korinflilər 5:20 — 6:2)

Paul bəyan edir ki, o, Məsihin nümayəndəsidir. Bu xidmət onun borcu və izzətidir. Burada istifadə olunan yunan sözü presbeutes böyük əhəmiyyət kəsb edir. Bu söz Latın dilində legatus sözünün iki mənasına uyğun olaraq iki mənada işlənmişdir.

1) Roma əyalətləri iki qrupa bölünürdü. Onlardan biri birbaşa senat, digəri isə imperatorun nəzarəti altında idi. Bölgü aşağıdakı prinsipə əsasən həyata keçirilirdi: sülhün hökm sürdüyü və qoşunların olmadığı əyalətlər senat tərəfindən idarə olunurdu. Lakin iğtişaşların baş verdiyi və qoşunların yerləşdiyi əyalətlər imperator tərəfindən idarə olunurdu. İmperator əyalətlərini imperatorun adından onun nümayəndəsi idarə edirdi. Həmin adam legatus presbeutes adlanırdı. Beləcə bu addakı ilk söz imperatordan səlahiyyət almış bir insanı ifadə edir. Paul hesab edir ki, İsa Məsih tərəfindən ona İmanlı Cəmiyyətinə xidmət etmək üçün səlahiyyət verilib.

2) Amma presbeutes və legate daha maraqlı məna daşıyır. Əgər Roma senatı hansısa ölkənin ilhaq edilməsini qərara alırdısa, oraya on legat, yəni senatorlar arasından elçilər göndərirdi ki, onlar hərbi rəhbərlə birlikdə məğlub olanlarla sülh şərtlərini müəyyən etsinlər, yeni vilayətin sərhədləri, yeni administrasiya üçün konstitusiya tərtib etsinlər. Romaya qayıdanda isə bütün bunları təsdiq üçün senata təqdim etsinlər. Onlar başqa xalqları Roma İmperiyasına gətirmək məsuliyyəti daşıyırdı. Beləcə Paul özünü Allahın şərtlərini insanlara çatdıran bir nümayəndə kimi görür. Allahın şərtləri sayəsində həmin adamlar Allahın Padşahlığının vətəndaşları və Onun ailəsinin üzvləri ola bilərdilər.

Yer üzündə elçi vəzifəsindən daha məsul vəzifə yoxdur:

1) İngiltərənin elçisi — xarici ölkədəki ingilisdir. Onun həyatı xarici dildə danışan, fərqli adət-ənənələrə malik, fərqli həyat tərzi sürən insanlar arasında keçir. Məsihçi də belədir: o, dünyada yaşayır, dünyanın «həyat tərzi»ndə və fəaliyyətində iştirak edir. Lakin o özü Allahın Padşahlığının vətəndaşıdır. Bu baxımdan o, dünya üçün yad adamdır. Fərqli olmaq istəməyən insan məsihçi ola bilməz.

2) Elçi öz ölkəsi adından danışır. İngilis elçisi danışanda İngiltərənin adından danışır. Bəzən məsihçi Məsihin adından danışmalı olur. Dünyanın qərarlarında və müzakirələrində onun dili müəyyən bir dünyəvi məsələdə Məsihin fikirlərini söyləməlidir.

3) Ölkənin namusu onun elçisinin əlindədir. Ölkəsi ona görə tanınır. Adamlar onun səsinə qulaq asaraq, hərəkətlərinə diqqətlə baxıb deyirlər ki, filan ölkə belə danışır, belə edir. Məşhur Durham yepiskopu Laytfut əlqoyma mərasimi zamanı belə demişdi: «Elçi təkcə öz ağasının nümayəndəsi kimi deyil, həm də müvəkkil kimi fəaliyyət göstərir... Elçi nəinki müəyyən mesajı çatdırmaq, müəyyən siyasəti həyata keçirmək vəzifəsi daşıyır, həm də imkanları araşdırmaq, xarakterləri öyrənmək, bütün bunları dinləyicilərə ən yaxşı şəkildə təqdim etmək üçün əlverişli məqamlar tapmaq vəzifəsi daşıyır». Elçinin üzərinə mühüm vəzifə düşür — o, təmsil etdiyi ölkəsi üçün yaşadığı ölkədəki adamların sevgisini qazanmalıdır. Məsihçinin borcu və böyük məsuliyyəti də elə bundan ibarətdir. Məsihin və İmanlı Cəmiyyətinin şərəfi onun əlindədir. O, hər sözü və ya əməli ilə insanların diqqətini İmanlı Cəmiyyətinə və Rəbbinə cəlb edə və ya Ondan uzaqlaşdıra bilər.

Paulun «Allahla barışın» nəsihətinə xüsusilə diqqət yetirmək lazımdır. Əhdi-Cədiddə söhbət heç vaxt Allahı insanlarla barışdırmaqdan deyil, insanları Allahla barışdırmaqdan gedir. Orada Allahın qəzəbini soyutmaqdan da söhbət getmir. Qurtuluş Ondan gəlir. Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi. Allah insanlardan uzaqlaşmır, insanlar Allahdan uzaqlaşırlar. Paulun Allahdan aldığı öyüd-nəsihət itmiş və uzaq düşən övladlarının qayıdığışını məhəbbətlə gözləyən Atanın çağırışıdır.

Paul onlara yalvarır ki, Allahın lütfünü boş yerə qəbul etməsinlər. Allahın lütfünü boş yerə sərf etmək... İnsanlarda belə bir xüsusiyyət var, bu da əbədi faciədir. Gəlin buna insan münasibətləri nöqteyi-nəzərindən baxaq. Tutaq ki, ata oğluna hər cür şərait yaratmaq üçün çalışır, hər şeyi onun uğrunda fəda edir, onu sevgi ilə əhatə edir, gələcəyini sevə-sevə planlaşdırır və onu həyata hazırlamaq üçün bütün imkanlarını səfərbər edir. Tutaq ki, oğul heç bir minnətdarlıq duyğusu və bütün bunlara layiq olmaq arzusu hiss etmir. Tutaq ki, o, tamamilə uğursuzluğa düçar olur. Ona görə yox ki, qabiliyyətsizdir, ona görə ki, ona bu qədər çox şey verən sevgini unudur. Valideynlərin ürəyini ağrıdan da budur. Hər dəfə Allah insanlara Öz mərhəmətini göstərəndə, insanlar isə öz axmaqlıqlarından onları dirçəldəcək şeyləri mənasızcasına israf edəndə, Məsih yenidən çarmıxa çəkilir və Allahın ürəyi parçalanır.

3-10

PROBLEMLƏR DƏRYASI (2Korinflilərə 6:3-10)

Həyatın bütün bədbəxtliklərində, təhlükələrində və dəyişikliklərində Paul üçün yalnız bir şey vacibdir — İsa Məsihin səmimi xidmətçisi olduğuna əmin olmaq. Bunu etdikdən sonra Paul diqqətini «yaşadığı və hələ də öhdəsindən gəlməyə çalışdığı çətinliklər dəryasına» yönəldir. Kiminsə tərəfindən «xilas elçisinin himni» adlandırılan bu qeyri-adi siyahıdakı hər bir söz, Paulun macəralı həyatının real hadisələrini əks etdirir.

Paul yaşadığı çətinliklərin siyahısını hədsiz dözüm (hipomone) sözü ilə başlayır. Bu söz olduğu kimi tərcümə olunmur. Bu söz əlləri yanına düşmüş, başı boynuna əyilmiş halda oturub bəla fırtınasına dözən insanı xarakterizə etmir. Bu söz çətinliklərə sinə gərmək, onları dəyişdirmək istedadını xarakterizə edir.

Hrizostomun hipomone sözü haqqında gözəl bir himni var. O, bu sözü «hər yaxşılığın mənbəyi, möminliyin atası, solmayan çiçək, alınmaz qala, tufansız liman», həmçinin «bütün fəzilətlərin anası, saleh əməllərin zəmanəti, müharibədə sülh, fırtınada sakitlik, sui-qəsddə təhlükəsizlik» adlandırır. Bu cəsarətli və zəfərli qabiliyyət böhran vəziyyətlərini yara almadan dəf edir və görünməyənləri təbəssümlə qarşılayır. Bu ənam çətinliklərdən izzət və qüdrət hasil edir.

Daha sonra Paul bu zəfər dolu dözümün təzahür etdiyi və hər birində üç bənd olan üç aspektdən danışır.

1) Məsihçi həyatının daxili münaqişələrində.

a) Əziyyətlərdə. Yunan sözü olan flipsis əvvəllər insana fiziki təzyiq mənasında işlədilirdi. Elə hisslər var ki, insanın ruhunu incidir, məsələn, ürəyini sıxan kədər və ya həyatını məhv edə biləcək məyusluq kimi. Zəfər dolu dözüm bütün bəlalara qalib gəlir.

b) Ehtiyaclarda. Yunan dilində anagke sözü həyatın ehtiyacları deməkdir. İnsan həyatın bəzi çətinliklərindən qaça bilər, amma bəzi çətinliklər qaçılmazdır. O, müəyyən çətinliklərə dözməyə məcbur olur. Bu çətinliklərin ən böyüyü qəm-qüssədir, çünki sevgini dadmayan ömür və hər insana qismət olan ölüm onun nə olduğunu bilmir. Zəfər dolu dözüm insana həyatda baş verən hər şeyə dözmək bacarığı verir.

c) Sıxıntılarda. Burada istifadə olunan stenoxoriya sözü hərfi mənada çox dar yer deməkdir. Bu söz dar bir vadidə pusquya düşmüş, geri çəkilməyə və manevr etməyə yeri olmayan ordu üçün istifadə oluna bilər. Bu söz fırtınaya düşən və onunla mübarizə apara bilməyən və ya ondan xilas ola bilməyən gəmini təsvir etmək üçün istifadə olunur. Bəzən insan elə bir vəziyyətdə olur ki, sanki divarlar üstünə gəlir. Hətta onda da zəfər dolu dözüm insana səmanın sonsuzluğunda nəfəs almaq qabiliyyəti verir.

2) Məsihçi həyatının xarici münaqişələrində.

a) Döyüləndə. Paul üçün bir məsihçinin həyatı təkcə ruhani deyil, həm də fiziki əzablarla dolu idi. Çünki alovda işgəncələrə dözməyə və ya vəhşi heyvanlar tərəfindən parçalanmağa hazır olan insanlar olmasaydı, biz bu gün məsihçi olmazdıq. İndi də bəziləri üçün Məsihin yolu ilə getmək fiziki əzab mənbəyidir. Dəyişilməz həqiqət budur ki, «şəhidlərin qanı İmanlı Cəmiyyətinin toxumudur».

b) Həbslərdə. Romalı Klement deyir ki, Paulu ən azı yeddi dəfə həbs etmişdilər. Həvarilərin İşləri kitabından bilirik ki, o, Korinflilərə məktub yazmazdan əvvəl Filippidə, ondan sonra isə Yerusəlimdə, Qeysəriyyədə və Romada həbsdə olmuşdu. İmanlarına görə həbs edilən məsihçilərin siyahısı birinci əsrdən iyirmi birinci əsri əhatə edir. İmanını deyil, azadlığı qurban verməyə hazır insanlar həmişə olub.

c) Qarışıqlıqlarda. Tarix dəfələrlə göstərib ki, məsihçilər təkcə hakimiyyət və məhkəmələr tərəfindən deyil, həm də qəzəbli kütlələr tərəfindən təqib olunublar. Con Vesli danışırdı ki, bir dəfə Vednesberidə camaat sel kimi onun üzərinə hücum çəkmişdi.

«Onlarla danışmağın mənası yox idi. Hər tərəfi bürüyən səs-küy dənizin uğultusuna bənzəyirdi. Onlar məni şəhərə sürüyə-sürüyə apardılar. Böyük bir evin açıq qapısını görüb içəri girmək istəyirdim ki, adamlardan biri saçımdan tutub məni izdihamın içinə çəkdi. Onlar məni şəhərin bir başından digər başına sürüməyənə qədər əl çəkmədilər».

Corc Foke Tikhillidə başına gələn bir hekayəni danışır:

«Kahin və kilsə şurası kilsədə toplaşmışdı. Mən onlara yaxınlaşıb ağzımı açmaq istəyirdim ki, onlar dərhal mənə hücum etdilər. Onlardan biri Müqəddəs Kitabı götürüb mənim üzümə çırpdı. Bu zaman məni qan götürdü. Kilsədəkilər isə «Onu bizə verin buradan rədd edək» deyə qışqırırdılar. Onlar məni yerə yıxıb möhkəm döydülər, sonra hasardan çölə atdılar, daha sonra məni küçədə sürüdülər, daşladılar və o qədər döydülər ki, qan içində qaldım. Amma mən ayağa qalxanda onlara həyat kəlamını bəyan etdim, onlara müəllimlərimin fəaliyyətinin bəhrələrini və məsihçiliyi necə rüsvay etdiklərini göstərdim».

İnsanlar həmişə məsihçiliyə düşmən münasibət bəsləyib. Lakin bu gün məsihçilik kütlənin zorakılığından qorxmamalı, istehzaya və təkəbbürlü nifrətə dözməlidir.

3) Məsihçi həyatının qeyrətini çəkməkdə.

a) Zəhmətdə. Əhdi-Cədiddəki yunan sözü kopos məsihçi həyatı ifadəsinə yaxındır. Bu söz tükənənə qədər işləmək deməkdir. Bu söz bütün gücü alan əmək deməkdir. Məsihçi — Rəbbin zəmisində çalışan adamdır.

b) Yuxusuz qalanda. Bəzi yuxusuz gecələr duaya həsr olunur, bəziləri isə təhlükə və narahatlıq içində, yatmaq mümkün olmadan keçir. Paul həmişə Rəbbin gözətçisi kimi ayıq olmağa hazır idi.

c) Aclıqlarda. Şübhəsiz ki, Paul burada könüllü olaraq tutulan oruclardan deyil, ona həvalə edilmiş missiyanı yerinə yetirərkən ac qaldığı dövrlərdən bəhs edir. Yeri gəlmişkən, Paulu ibadətə getməli olduqları halda, yeməkdən imtina etmək istəməyənlərlə müqayisə etmək olar.

Dözüm və əzmlə dəf edilən sınaq və sıxıntılardan Paul Allahın ona Məsih uğrunda mübarizə üçün verdiyi zirehlərə keçir. Yenə də Paul yuxarıda göstərilən üç aspektdən ibarət hər birində üç bənd olan strukturu izləyir.

1) Allahın intellekt ənamı:

a) Pak yaşayanda. Paul burada haqnotes sözündən istifadə edir. Bu söz «tanrılara qarşı bütün günahlardan qaçmaq üçün ciddi cəhdlə səy göstərməyi, təbiətin tələb etdiyi kimi, Allaha ibadət və xidmət etməyi, bütün cismani və ruhani rüsvayçılıqlardan qurtulmağı ifadə edir». Mahiyyət etibarı ilə, insana Allahın hüzuruna daxil olmaq hüququ verən məhz bu keyfiyyətdir.

b) Bilikdə. Bu cür bilik «nə edəcəyini bilmək» kimi müəyyən edilmişdir. Bu bilik teoloji incəliklərin xırdalanması deyil, məsihçinin gündəlik həyatında özünü göstərən bilikdir.

c) Səbirdə. Əhdi-Cədiddə səbir sözü (makrofuniya) insanlarla münasibətdə səbirli olmaq, hətta onlar səhv etdikləri, qəddar və təhqiredici hərəkətlər etdikləri zaman onlara qarşı səbirli olmaq deməkdir. Bu, vacib sözdür. Makkabelərin birinci kitabı 8:4-də deyilir ki, romalılar «Bütün yerləri səbat və əzmlə hökmranlıqları altına almışdılar».

Romalıların məğlubedilməzliyi həm də onunla izah olunur ki, onlar özləri məğlub olsalar belə, heç vaxt sülh bağlamırdılar. Səbir elə bir xüsusiyyətdir ki, mübarizədə məğlub olsa belə, heç vaxt məğlubiyyətini qəbul etmir.

2) Allahın verdiyi ruhani keyfiyyət ənamı.

a) Xeyirxahlıqda. Xeyirxahlıq (hrestotes) Əhdi-Cədidin ən böyük sözlərindən biridir. Bu, qəddarlıq sözünün antonimidir. Böyük şərhçilərdən biri bu sözü «rəğbətli mehribanlıq və ya yumşaq ürəklilik, insana rahatlıq hissi vermək və başqasına zərər verməkdən çəkinmək» olaraq müəyyən edir. Buna gözəl nümunə Yaradılış 26:17-22-də göstərilir: İshaq özünü müdafiə etmir və quyulardan ötrü mübahisə etmir. Belə insan özündən çox başqalarını düşünür.

b) Müqəddəs Ruhda. Paul yaxşı bilirdi ki, Müqəddəs Ruhun köməyi olmadan heç bir faydalı söz demək və ya yaxşı iş görmək olmaz. Ancaq burada işlədilən ifadə Müqəddəs Ruhu deyil, müqəddəslik ruhunu ifadə edə bilər. Belə olan halda, müqəddəslik ruhu göstərir ki, Paulun bütün fəaliyyətində müqəddəslik əsas motiv idi və Allaha layiqli xidmətə yönəlmişdir.

c) Riyasız məhəbbətdə. Paul Əhdi-Cədid üçün xarakterik olan aqape sözünü işlədir. Bu, tükənməz lütf deməkdir. Aqape başqalarından hansı zərbə almasından asılı olmayaraq, onların rifahını düşünən insanın ruhunu xarakterizə edir. Aqape ilə idarə olunan insan heç vaxt qisas haqqında düşünmür, təhqir və uğursuzluqları xoş niyyətlə qarşılayır.

3) Müjdəni çatdırmaq işində Allahın verdiyi uğur.

a) Həqiqəti elan edəndə. Paul bilirdi ki, İsa Məsih ona təkcə Müjdə deyil, həm də Müjdəni təbliğ etmək üçün güc və cəsarət verib. Allah ona söz, lazımi imkanlar və güc verib.

b) Allahın qüvvəsində. Paul üçün Allahın gücü onun malik olduğu əsas və yeganə güc idi. V Henri Azenkur döyüşündən sonra demişdi. «O, şanlı zəfərinin nəğmələrini bəstələməyə və oxumağa imkan verməz, çünki bütün həmd və şükürlər Allaha məxsusdur». Paul heç vaxt qürurla «Bunu mən etdim» deməzdi. Ancaq təvazökarlıqla belə deyərdi: «Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim...» (Qalatiyalılara 1:16).

c) Həm sağ, həm də sol əlimizdə salehlik silahları ilə. Bu, müdafiə və hücum üçün zireh deməkdir. Qılınc və nizə sağ əldə, qalxan isə sol əldə tututlurdu. Paul deyir ki, Allah ona tapşırığın öhdəsindən gəlmək və vəsvəsədən özünü qorumaq üçün güc verib.

Sonda Paul lirik bölümünü bir sıra təzadlarla bitirir. O, gah ucalıb, gah alçalaraq təhqir olunmaqdan başlayır. Alçalaraq təhqir olunmaq sözünün mənasını çatdırmaq üçün Paul, adətən, yunanca vətəndaşın hüquqlarından məhrumetmə (atimiya) mənasını daşıyan sözdən istifadə edir. Paul sanki deyir: «Mən bu dünyanın verə biləcəyi bütün hüquq və imtiyazlardan məhrum ola bilərəm, amma yenə də Allahın Padşahlığının vətəndaşıyam». Onun hər hərəkətini tənqid edən, adına nifrət edən adamlar var idi. Lakin Paul üçün Allahın ondan razı qalması daha vacib idi.

Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. Burada istifadə olunan planos sözü hərfi mənada gəzən şarlatan şəfaçı və fırıldaqçı deməkdir. Paulu elə belə də adlandırırdılar. Amma o əmin idi ki, Allahın həqiqətini çatdırır.

Sanki naməlumuq, amma tanınırıq. Paula böhtan atan yəhudilər onu heç kimin tanımadığı yaramaz adlandırırdılar. Lakin Məsihi qəbul edənlər onu minnətdarlıqla xatırlayırdılar.

Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Təhlükə və ölüm onun daimi yol yoldaşı idi. Bununla belə, Paul Allahın lütfü və mərhəməti sayəsində ölümün məhv edə bilmədiyi həyatı zəfərlə yaşadı.

Elə bil cəza çəkirik, amma öldürülmürük. Paul istənilən insanın ruhunu əzəcək vəziyyətlərlə üzləşirdi, lakin onlar Paulu ruhən sındıra bilmədi.

Sanki kədər içindəyik, əslində həmişə sevinirik. İstənilən insanın ürəyini qıra biləcək hadisələr baş verirdi, lakin onlar Paulu məyus edə bilmədi.

Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Böyük ehtimalla, Paulun bir qəpiyi belə yox idi, amma o, insanların ruhunu zənginləşdirən Müjdə haqqında təbliğ edirdi.

Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik. Bəlkə də, Paulun heç nəyi yox idi, amma Məsih onunla idi. Ona görə də Paul bu dünyada da, axirətdə də ehtiyacı olan hər şeyə sahib idi.

11-13

SEVGİNİN ƏLAMƏTLƏRİ (2Korinflilərə 6:11-13 və 7:2-4)

Biz burada 2Korinflilərə 6:11-13 və 7:2-4-ü birləşdiririk. Hələlik 6:14 — 7:1-i buraxaq. Bunun səbəbi buraxılmış hissə müzakirə ediləndə izah olunacaq.

Paul burada məhəbbət tonu ilə danışır. Uzun sürən mübahisəyə son qoyulur və onların aralarında sevgi hökm sürür. «Sizə ürəyimizi açmışıq» ifadəsinin İoann Zlatoust tərəfindən gözəl şərhi var. O deyir ki, bütün cisimlər hərarətin təsiri ilə genişlənir və sevgi hərarəti insanın qəlbini həmişə genişləndirəcək. Müqəddəs Kitabın Azərbaycan nəşrində 6:12-ci ayədə biz Əhdi-Cədid üçün çox xarakterik olan «siz də ürəyinizi açın» ifadəsini tapırıq. Lakin bu tərcümə tam dəqiq deyil. Ürək sözü, orijinalda hərfi mənada (splaghna) ürək, qaraciyər və ağciyər deməkdir. Elə zənn olunurdu ki, insanın hissləri bu orqanlarda yerləşir. Təbii ki, yunan ifadəsi bizim üçün uğursuz səslənir. Azərbaycan dilinə tərcüməsi daha yaxşı səslənir və təsəvvürlərimizə uyğun gəlir. Biz insana melanxolik deyirik, yəni hərfi mənada qara ciyər deyirik. Biz sevgini insan ürəyinə yerləşdiririk, halbuki ürək yalnız fiziki orqandır. Bundan əlavə, insanın hissləri çox vaxt sinə ilə əlaqələndirilir.

Paul burada bir sıra açıqlamalar verir: o, heç kimə haqsızlıq etmədi, heç kimə zərər vermədi, heç kimi istismar etmədi. Ömrünün sonuna yaxın Valter Scott da bir sıra açıqlamalar verdi: «Mən heç kimin inamını sarsıtmamışam, heç kimin prinsiplərini təhrif etməmişəm». Tekerey ömrünün sonuna yaxın bir dua yazaraq Allaha yalvardı ki: «heç vaxt Allahın sevgisi ilə idarə olunmadan bir söz yazmasın, heç vaxt öz baxışlarını başqalarına aşılamasın və ya başqalarının qərəzlərinə göz yummasın, həmişə həqiqəti söyləsin və heç vaxt tamaha yol verməsin». Günah etməkdən daha dəhşətli bir şey var: başqalarını günaha öyrətmək. Həyatın acı həqiqəti odur ki, həmişə insanı kimsə günaha şirnikləndirir, onu günaha sövq edir. Çünki imanı zəif qardaşını yanlış yola sürükləmək dəhşətli bir şeydir. Bir nəfər ölüm yatağında depressiyaya düşmüş qoca haqqında danışırdı. Ondan kədərlənməsinin səbəbini soruşanda belə cavab vermişdi: uşaqlıqda bir vaxtlar yol ayrıcında dostları ilə oynayırmış. Orada bünövrəsinə zəif lövbər vurulmuş bir yol nişanı var imiş. Zarafat əlaməti olaraq onlar yol nişanını başqa istiqamətə çevirmişdilər. Qoca dedi: «O zaman etdiklərimizə görə nə qədər insanı səhv yola yönləndirmək fikrindən qurtula bilmirəm». Başqasını yanlış yola yönləndirmək ən böyük peşmançılıq yaradır. Paul isə bəyan edir ki, onun nəsihətləri, onun rəhbərliyi həmişə doğru yola yönləndirib. Paulun kədərlənməsinə baxmayaraq, o, bu hissəni böyük təsəlli və bol sevinc hissi ilə bitirir. Şübhəsiz ki, həyatda insan münasibətlərinin çox vacib olduğuna dair heç vaxt buradakı qədər aydın sübut olmamışdır. Evində xoşbəxt olan insan çöldə onu gözləyən hər şeyin öhdəsindən gələ bilər. Dəstək hiss edən insan üçün heç bir buxov və taleyin zərbəsi qorxulu deyil. Süleymanın məsəlləri kitabının müəllifinin dediyi kimi: «Sevgi dolu bir yerdə göyərti yemək nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır» (Süleymanın məsəlləri 15:17).

14-18

ONLARIN ARASINDAN ÇIXIN VƏ AYRILIN! (2Korinflilərə 6:14 — 7:1)

Biz buraxdığımız hissəyə qayıdırıq. Bu hissənin yeri sanki burada deyil. Onun ciddiliyi əvvəlki və sonrakı ayələrdə səslənən sevinc və məhəbbətlə uzlaşmır.

Biz girişdə gördük ki, Paul korinflilərə Brinci Məktubundan əvvəl başqa məktub yazmışdı. 1Korinflilərə 5:9-da o deyir: «Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım». Ola bilsin ki, bu məktub itib. Amma ola da bilsin ki, bu onun bir hissəsidir. Ola bilsin, Paulun məktubları toplananda bir vərəq səhv yerləşdirilib. Axı məktubların toplanması 90-cı illərdən tez baş verməyib. O vaxt məktubların ardıcıllığını bilən heç kim sağ deyildi. Doğrudan da, bu hissənin məzmunu 1Korinflilərə 5:9-a uyğun gəlir.

Bu hissə sanki Əhdi-Ətiqdən bəzi anlayışları ehtiva edir. Paul korinfliləri imansızlarla eyni boyunduruq altına girməməyə çağırır. Bu çağırış, şübhəsiz ki, Qanunun təkrarı 22:10-dakı köhnə əmrə əsaslanır: «Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma» (Levililər 19:19 ilə müqayisə edin). Elə şeylər var ki, bir-birinə uyğun deyil və qədim dövrlərdən bəri onları bir araya gətirmək mümkün deyil. Məsihçi paklığı ilə bütpərəstlik pozğunluğunun eyni boyunduruq altında olması mümkün deyil. Paulun «Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi?» sualı Rəbbin məbədinə heykəl qoyan Menaşşeyə (2Padşahlar 21:1-9) və daha sonra bütpərəstliyə aid hər şeyi məhv edən Yoşiyaya istinad edə bilər (2Padşahlar 23:3 və s). Ya da Paul Yezekel 8:3-18-də təsvir olunan iyrəncliklər haqqında düşünür. İnsanlar bəzən Allahın Məbədini bütlərə sitayişlə əlaqələndirirdilər və bu, dəhşətli nəticələrə gətirib çıxarırdı.

Bütün bu hissə imansızlarla dostluğu davam etdirməmək üçün bir yalvarışdır. Bu, korinflilər üçün müqəddəsliklərini dünyəvi şeylərdən qorumaq çağırışdır. Bir adamın tamamilə doğru qeyd etdiyi kimi: «İsrail tarixinin mahiyyəti «Çıxın!» sözündən ibarətdir». İbrahimə nazil olan Allahın çağırışı belə idi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get» (Yaradılış 12:1). Sodom və Homorra şəhərləri məhv edilməzdən əvvəl Lut da oxşar xəbərdarlıq almışdı (Yaradılış 19:12-14). Elə şeylər var ki, məsihçi onlarla həmrəy ola bilməz.

Məsihin yolunu ilk qəbul edənlər üçün əmrlərə riayət etməyin nə qədər lazım olduğunu təsəvvür etmək çətindir.

1) Çox vaxt Məsihi qəbul edən insan öz peşəsini tərk etməli olurdu. Tutaq ki, o, bənna idi. Onun sahibi bütpərəstlər üçün məbəd tikmək əmrini alıbsa, nə etməli idi? Gəlin bir dərzi təsəvvür edək. Bütpərəst kahinlər və tanrılar üçün paltar kəsmək və tikmək lazımdırsa, o nə etməlidir? Ya da əsgəri götürək. Hər düşərgənin qapısında Qeysərin tanrısına həsr olunmuş qurbangahda od qalanırdı. Əgər o, Qeysərə sadiq qalması üçün and içməli olsaydı, nə etməli idi? Erkən məsihçilik dövründə insan vaxtaşırı bir problemlə üzləşirdi — ya peşəsinə, ya da İsa Məsihə sadiq qalmalı idi. Deyilənə görə, günlərin bir günü bir nəfər Tertullianın yanına gəlib, problemini ona danışır: «Axır-əvvəl mənim yaşamağım lazımdır axı». «Doğrudan yaşamalısan?» deyə Tertullian ondan soruşdu. Erkən İmanlı Cəmiyyətində məsihçi olmaq çox vaxt öz peşəsini tərk etmək demək idi. Buna yaxşı nümunə F.V.Çarinqtondur. O, pivə istehsalı ilə əldə edilən böyük bir sərvətin varisi idi. Günlərin bir günü gecə vaxtı meyxananın yanından keçəndə o, bir qadın gördü. Qadın qapıda durub ərini gözləyirdi. Əri çölə çıxanda qadın onu tutub saxlmaq istədi ki, o, geri qayıtmasın. Əri bir zərbə ilə qadını yerə yıxdı. Çarinqton əvvəlcə qabağa, sonra yuxarı baxdı. Meyxananın lövhəsində onun adı yazılmışdı. «Kişi bu yumruq zərbəsi ilə nəinki arvadını yıxdı, həm də məni pivə ticarətindən iyrəndirdi» deyib, bu yolla əldə etdiyi var-dövlətindən əl çəkdi. Heç kim başqasının vicdanına cavabdeh deyil. Hər bir insan öz peşəsi ilə Məsihlə bir yol gedə biləcəyinə özü qərar verməlidir.

2) Məsihi qəbul etmək çox vaxt insanın ictimai həyatdan imtina etməsi demək idi. Qədim dövrdə bütlərə qurban edilən ətlərin istehlakında gördüyümüz kimi, tanrının şərəfinə bir çox bütpərəst bayramlar keçirilirdi. Dəvətnamədə, adətən, belə yazılırdı: «Sizi mənimlə birlikdə tanrı Serapesin süfrəsində nahar etməyə dəvət edirəm». Hətta başqa cür olsa belə, bütpərəstlərin bayramı tanrılara bir kasa şərab təqdim etməklə başlayıb, sona çatırdı. Məsihçi belə bir bayramda iştirak edə bilərdimi? Yoxsa onun üçün bu qədər məna kəsb edən ictimai həyatla həmişəlik vidalaşmalı idi?

3) Məsihi qəbul etmək çox vaxt insanın ailəsini tərk etmək məcburiyyətində qalması demək idi. Erkən məsihçiliyin ən böyük çətinliyi çox vaxt ailələri parçalaması idi. Qadın Məsihi qəbul etdiyinə görə əri onu qova bilərdi. Kişi Məsihi qəbul etdiyinə görə arvadı onu tərk edə bilərdi. Oğullar və qızlar Məsihi qəbul etdiklərinə görə evlərinin qapıları həmişəlik onların üzünə bağlana bilərdi. Doğrudur, Məsih yer üzünə sülh deyil, qılınc gətirdi. Kişilər və qadınlar Onu ən yaxın əzizlərindən daha çox sevməli idilər. Onlar Məsihin uğrunda evlərini tərk etməyə hazır olmalı idilər. Nə qədər çətin olsa da, insanın bəzi vəzifələri yerinə yetirə və Məsihin yolu ilə gedə bilməyəcəyi həmişə həqiqət olaraq qalacaqdır. Məsihçi bu dünyanın müəyyən fəaliyyətlərindən uzaqlaşmalıdır.

Növbəti hissəyə keçməzdən əvvəl bir məqamı da qeyd etmək lazımdır. Paul burada Müqəddəs Yazılardan sitat gətirir, halbuki bütün sitatlar sözbəsöz dəqiq deyil. Onlar Müqəddəs Yazıların müxtəlif hissələrinin birləşməsidir — Levililər 26:11; Yeşaya 52:11; Yezekel 20:34; 37:27 və 2Padşahlar 7:14. Ümumiyyətlə, Paul nadir hallarda dəqiq sitatlar gətirir. Nəyə görə? Yadda saxlamaq lazımdır ki, o dövrdə kitablar papirus vərəqlərində yazılırdı. Məsələn, «Həvarilərin İşləri» kitabını yazmaq üçün uzunluğu 10 metrdən çox olan tumar tələb olunurdu. Onu da oxumaq çox çətin idi. Müqəddəs Yazılarda fəsil bölgüsü yox idi. Fəsil bölgüsünü XIII əsrdə Stiven Lenqton təqdim etmişdir. Eləcə də ayə bölgüsü yox idi. Ayə bölgüsünü XVI əsrdə Paris mətbəəsi Stefanus təqdim etmişdir. XVI əsrə qədər əlifba sırası kimi bir şey yox idi. Buna görə də Paul ağlabatan şəkildə hərəkət etmişdi: o, yaddaşdan sitat gətirirdi. Paul ayələrin mənasını düzgün ifadə etdiyinə görə, sitatın ardıcıllığına çox az əhəmiyyət verirdi. Onun üçün vacib olan Müqəddəs Yazıların hərfləri deyil, oradakı Xoş Xəbər idi.

Müqəddəs Kitab

1 Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. 2 Çünki O deyir:
«Münasib vaxtda səni eşitdim,
Xilas günü sənə kömək etdim».
Budur, indi münasib vaxt, budur, indi xilas günü.
Paul dara düşəndə
3 Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik. 4 Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda, 5 döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda, 6 pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə, 7 həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə, 8 gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. 9 Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. 10 Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
11 Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq. 12 Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir. 13 Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın.
Allahın məbədi
14 İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? 15 Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? 16 Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi:
«Mən aralarında yaşayıb-dolanacağam,
Onların Allahı olacağam,
Onlar da Mənim xalqım olacaq».
17 Ona görə «aralarından çıxıb ayrılın»
Rəbb belə deyir,
«Murdar şeylərə toxunmayın»;
«Mən də sizi qəbul edəcəyəm».
18 «Mən sizə Ata olacağam,
Siz də Mənə oğullar və qızlar olacaqsınız»
Külli-İxtiyar Rəbb belə deyir.
  • 1
  • More pages
  • 5
  • 6
  • 7
  • More pages
  • 13