Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Korinflilərə ikinci məktub: 7-ci fəsil

V. Barklinin şərhləri

7-ci fəsil

1

2Korinflilərə 7:1-in şərhi üçün əvvəlki bölməyə baxın.

2-4

2Korinflilərə 7:1-in şərhinə 2Korinflilərə 6:11-13-də baxın.

5-16

ALLAHA GÖRƏ ÇƏKİLƏN KƏDƏR VƏ ALLAH NAMİNƏ DUYULAN SEVİNC (2Korinflilərə 7:5-16)

Bu hissə, əslində, 2Korinflilərə 2:12-13-ün davamıdır. Bu hissədə Paul Troasda rahatlıq tapmadığını deyir. Çünki Korinfdə hadisələrin necə inkişaf etdiyini bilmirdi. O, Titlə görüşmək və hadisələrdən mümkün qədər tez xəbərdar olmaq üçün Makedoniyaya necə tələsdiyini qeyd edir. Gəlin o vaxtkı vəziyyəti bir daha xatırlayaq. Korinfdə vəziyyət çox pis idi. Vəziyyəti düzəltmək üçün Paul Korinfə qısa bir səfər etdi. Lakin həmin səfər vəziyyəti o qədər pisləşdirdi ki, az qala onun ürəyini sındırsın. Bundan sonra Paul oraya çox sərt bir məktubla Titi göndərdi. O, Korinfdəki vəziyyətdən o qədər təşvişə düşmüşdü ki, Troasda gözləyə bilmədi, baxmayaraq ki, orada Müjdə üçün əlverişli şərait var idi. O, baş verənləri tez bir zamanda öyrənməkdən ötrü Titin yanına getdi. O, Titlə Makedoniyada görüşdü və böhranlı vəziyyətin aradan qalxdığını, uzun sürən mübahisənin sona çatdığını və hər şeyin həll olunduğunu öyrənəndə sevindi. Bu hissə məhz bu baxımdan oxunmalıdır. Bu hissə bizə Paulun metodu, onun xəbərdarlıq və məzəmmətlərinin əhəmiyyəti haqqında təsvir verir.

1) O, əmin idi ki, bəzən ciddi nəsihətlər vermək zəruridir. Bəzən olur ki, rahatlıq və sülhə can atan insan sonda xoşagəlməz vəziyyətə düşür. Məsələn, təhlükəli bir vəziyyətdən yan qaçaraq onun inkişaf etməsinə imkan verən şəxs, yaxud çətinliklərə görə övladından itaət tələb etməyən, əvəzində onlardan qaçan, aldadıcı dünyanın bəhrələrindən dadmağa üstünlük verən valideyn daha xoşagəlməz, təhlükəli vəziyyətə düşür. İstənilən xoşagəlməz vəziyyət xəstəlik kimidir: müalicə nə qədər tez başlasa, sağalma ehtimalı bir o qədər yüksəkdir; müalicə edilməzsə, sağalmaz hala gəlir.

2) Hətta bütün bunları nəzərə alan Paul məzəmməti son çarə hesab edirdi. O, insanları incitməkdən həzz almırdı, məzəmmətə yalnız zəruri hallarda yol verirdi. Elə insanlar var ki, sərt tənqidləri ilə başqalarını əzməkdən sadist həzz alırlar, səmimiyyət kimi göstərdikləri, əslində isə kobudluq olan davranışları ilə və ya sözü üzə deməklə öyünürlər. Halbuki bütün bunlar mahiyyət etibarilə mədəniyyətsizlikdir. Kobudluqla edilən bir məzəmmət heç vaxt səmimi təəssüflə deyilən məzəmmət qədər təsirli olmayacaq, çünki başqa çarə qalmır.

3) Paul insanları yalnız həqiqət yoluna yönəltmək məqsədilə məzəmmət edirdi. Paul korinflilərin itaətsizliyinə baxmayaraq, onları məzəmmət etməklə onlarda özünə qarşı həqiqi qeyrət hissi oyatmaq istəyirdi. Belə bir məzəmmət insanı müvəqqəti incidə bilər, lakin onun ali məqsədi insanı alçaltmaq deyil, ayağa qaldırmaqdır; onu ruhdan salmaq deyil, ona cəsarət verməkdir; yalnız pisliyi aradan qaldırmaq üçün deyil, həm də ilahi olanı tərbiyə etmək üçündür.

Həmin hissədə Paul üç böyük sevincdən bəhs edir:

1) Uzun mübahisədən sonra barışıq sevinci gəlir. Hamımız uşaqlıqdan yaxşı xatırlayırıq ki, bəzi itaətsizliklərdən sonra valideynlərimizlə aramızda sədd yaranırdı. Buna bənzər sədd bizimlə sevdiklərimiz arasında da yarana bilər. Bilirik ki, bu maneələr aradan qalxanda və sevdiklərimizlə yenidən bir olduğumuz zaman xoşbəxtlik və rahatlıq gəlir. Əslində kin içində olan insan ilk növbədə özünə zərər verir.

2) Burada etibarını doğrultmuş insanla görüşdükdən sonra yaranan sevinc hissini görmək olar. Axı Paul Titin xarakterini inkişaf etdirirdi. Tit də çox çətin bir vəziyyəti düzəltməyə getmişdi. İndi Paul Titin ona tapşırılan tapşırığı yerinə yetirdiyinə və etibarını doğrultduğuna görə sevinirdi. İstər cismani, istərsə də imanlı övladlarımızın yaxşı işlər gördüklərini bilməkdən böyük məmnunluq hissi yoxdur. Valideynlərinə və ya müəllimlərinə ən böyük sevinc hissini onların etimadını doğruldan, nəciblik və mehribanlıq göstərən oğullar və ya qızlar, şagirdlər və ya tələbələr bəxş edir. İnsanın həyatında ən böyük faciə yarımçıq ümidlər, ən böyük sevinc isə doğrulan ümidlərdir.

3) Paul sevinir, çünki onun sevdiyi insan yaxşı qarşılanmışdır. Həyat elədir ki, sevdiklərimizə göstərilən mehribanlıq özümüzə göstərilən mehribanlıqdan daha çox bizə toxunur. Bizim üçün doğru olan Allah üçün də doğrudur. Buna görə də Allaha sevgimizi göstərməyin ən yaxşı yolu — qardaşlarımızı sevməkdir. Başqalarına yaxşılıq etmək Allahı razı salır. İnsanlar üçün etdiyimiz hər şeyi Onun üçün etmiş oluruq.

Bu hissə həm də Allaha görə olan kədərlə dünyəvi kədər arasındakı fərqi aydın göstərir.

1) Allaha görə olan kədər həqiqi tövbəyə səbəb olur, həqiqi tövbə isə kədərini əməldə göstərir. Korinflilər öz pis davranışları ilə tamamilə məhv etdikləri vəziyyəti düzəltmək üçün mümkün olan hər şeyi etməklə tövbələrini sübuta yetirmişdilər. İndi onlar etdikləri günaha nifrət edirdilər, hətta bu günaha görə özlərinə də nifrət edirdilər. Buna görə də vəziyyəti düzəltmək üçün əllərindən gələni əsirgəmədilər.

2) Dünyəvi kədər müəyyən mənada heç də əsl kədər deyildir, çünki insan nə etdiyi günaha, nə də çəkdiyi vicdan əzabına görə yox, ancaq günahın üzə çıxmasına görə kədərlənir. Əgər onun yenidən həmin günahı etmək imkanı olsa və o, xoşagəlməz nəticələrdən səssizcə qaçarsa, o zaman yenə də bu günahı edər. Allahdan ötrü olan kədər etdiyi pisliyi dərk edir. O, təkcə günahın nəticələrinə görə peşman deyil, həm də günahın özünə nifrət edir. İnsan etdiyi günahın başqalarına məlum olduğuna görə təəssüflənməməlidir; günahla əlaqəli pisliyi dərk edərək, onu bir daha etməməsi üçün birdəfəlik qərar verməlidir və Allahın lütfü ilə ömrünün qalan hissəsini Ona həsr etməlidir.

Müqəddəs Kitab

1 Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək.
Paulun sevinci
2 Ürəyinizdə bizim üçün yer ayırın. Biz heç kimə haqsızlıq etməmişik, heç kimə zərər verməmişik, heç kimi istismar etməmişik. 3 Sözlərimlə sizi məhkum etmək istəmirəm, çünki əvvəlcədən dediyim kimi ürəyimizdə elə bir yeriniz var ki, ölsək də, yaşasaq da sizinlə bir olacağıq. 4 Sizə çox etibar edirəm, sizinlə çox fəxr edirəm. Nə cür əziyyət çəksək belə, təsəllim bol, sevincim hədsizdir.
5 Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi. 6 Lakin məzlumlara təsəlli verən Allah Titin gəlişi ilə bizə təsəlli verdi. 7 Ancaq Titin gəlişindən deyil, sizin ona verdiyiniz təsəllidən də təsəlli aldıq. Çünki Tit dedi ki, siz məndən ötrü darıxır, dərd və qeyrət çəkirsiniz. Buna görə sevincim daha da artdı.
8 Məktubumla sizi kədərləndirdimsə də, buna görə peşman deyiləm. Əslində məktubumla sizi bir anlıq da olsa kədərləndirdiyim üçün peşman olmuşdum. 9 Amma indi kədərinizə görə yox, bu kədər hissinin sizin tövbə etmənizə səbəb olduğu üçün sevinirəm. Allah istəyən tərzdə kədərləndiniz, buna görə də bizdən heç bir şeydə ziyan görmədiniz. 10 Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır. 11 Baxın Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı. Bu işdə hər cəhətdən saf olduğunuz barədə zəmanət verdiniz. 12 Sizə o məktubu yazanda haqsızlıq edənə yaxud haqsızlığa məruz qalana görə yazmadım. Bizim üçün etdiyiniz cəhdi Allah önündə aydın görməniz üçün yazdım. 13 Bütün bunlardan təsəlli alırıq.
Buna əlavə olaraq Titin sevinci bizi daha da sevindirdi. Hamınız onun ruhunu təzələdiniz. 14 Mən onun qarşısında sizinlə fəxr etmişdim, siz də məni utandırmadınız. Sizə dediyimiz hər şey necə doğru idisə, Titin qarşısında sizinlə fəxr etməyimiz də doğru çıxdı. 15 Hamınızın itaətli olduğunuzu, onu necə qorxu və lərzə ilə qəbul etdiyinizi yada saldıqca sizə olan sevgisi daha da artır. 16 Sizə hər işdə etibar edə bildiyim üçün sevinirəm.
  • 1
  • More pages
  • 6
  • 7
  • 8
  • More pages
  • 13