8-ci fəsil
1-15
SƏXAVƏTLİLİYƏ ÇAĞIRIŞ
(2Korinflilərə 8:1-15)
Yerusəlimdəki
imanlı cəmiyyəti üçün ianələrin toplanması Paulun ürəyincə
idi. Yerusəlim imanlı cəmiyyəti məsihçi cəmiyyətlərinin
anası idi, lakin yoxsullaşmışdı. Paul istəyirdi ki, bütpərəst
ölkələrdəki imanlı cəmiyyətləri bunu xatırlasınlar və
bütün imanlılar ana cəmiyyətə kömək etsinlər. Buna görə də
o, korinflilərə borclarını xatırladır və onları səxavətli
olmağa çağırır.
Korinfliləri
səxavətlə ianə verməyə çağırarkən Paul beş səbəb
göstərir:
1)
O, başqalarını nümunə gətirir. O, Makedoniya cəmiyyətinin nə
qədər səxavətli olduğunu deyir. Bu cəmiyyət özü kasıb və
çətinliklər içində olsa da, Yerusəlimdəki müqəddəslərə
kömək etmək üçün hər kəsin gözlədiyindən çox verirdi.
Yəhudilərin Purim bayramında bir qayda var idi: hər bir insan nə
qədər kasıb olsa da, özündən daha kasıb birini tapmalı və
ona hədiyyə verməlidir. Çünki çox zəngin olmaq çox səxavətli
olmaq demək deyil. Çox vaxt başqaları ilə bölüşməyə hazır
olanlar yoxsullar olur. Necə deyərlər, «Kasıb kasıba kömək
edir», çünki onlar yoxsulluğun nə olduğunu bilirlər.
2)
Paul İsa Məsihi nümunə gətirir. Paulun fikrincə, Məsihin
fədakarlığı hələ çarmıxa çəkilməmişdən əvvəl
başlamışdır. Onun fədakarlığı doğulduğu andan da əvvəl
başlamışdır. Məsihin fədakarlığı O, hələ göylərdə
olarkən Özünü alçaltmağa və yerə enməyə razı olan vaxtdan
başlamışdır. Paul məsihçilərə çağırış edib deyir ki,
«Sizin qarşınızda belə qeyri-adi səxavət nümunəsi olduğu
halda, siz necə laqeyd qala bilərsiniz?»
3)
Paul korinflilərə onların nailiyyətlərini xatırladır. Onlar
çox şeydə təşəbbüskar olublar. Belə olan halda, bu məsələdə
onlar başqalarından geri qala bilərlərmi? Əgər insanlar öz
nəcib standartlarına riayət etsəydilər və onlara uyğun
davransaydılar, dünya necə də fərqli olardı!
4)
Paul vurğulayır ki, yaxşı niyyətlər nəcib əməllərə
çevrilməlidir. Bu təklifə ilk cavab verən korinflilər oldu.
Ancaq hisslər çox vaxt yalnız rəğbət, insanın ürəyinə
toxunan şəfqət, heç vaxt əməldə özünü göstərməyən gözəl
arzu olaraq qalır. Həyatın faciəsi insanın yaxşı niyyətə
malik olmamasında deyil, yaxşı niyyətini həyata
keçirməməsindədir.
5)
Paulun fikrincə, həyat elədir ki, firavanlıq da, bədbəxtlik də
heç kəsdən yan keçmir. İnsan çox vaxt başa düşməyə məcbur
olur ki, başqalarını hansı ölçü ilə ölçərsə, həyat da
ona həmin ölçü ilə yaxınlaşar. Həyat səxavətə səxavətlə,
xəsisliyə xəsisliklə cavab verir.
Paul
makedoniyalıların xeyirxahlıqlarını tərifləyib deyir ki, hər
şeydən əvvəl onlar özlərini Rəbbə həsr etdilər. Bu,
doğrudan da belə idi. Onlardan ikisi digərlərindən daha çox
seçilirdi. Biri — Saloniklilərdən
olan Aristarx idi. O, Romaya son səfəri zamanı Paulun yanında idi
(Həvarilərin
işləri 27:2).
Görünür, Luka kimi o da mühüm qərar qəbul etmişdir. Paul
Romada imperator məhkəməsinə çıxarılmaq üçün həbsdə
olanda, onu müşayiət etməkdən ötrü yalnız bir fürsət var
idi: onun qulu kimi qeydiyyatdan keçmək. Aristarx Paulun yanında
olmaq üçün buna razılaşdı. İkincisi Epafrodit idi. Paul
sonradan həbsdə olanda Epafrodit Filipidən yardımla onun yanına
gəlmiş və orada həbsxanada ağır xəstələnmişdi. Paul bunu
belə ifadə etmişdi: «O,
həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün»
(Filipililərə
2:26-30).
Yardım etməklə insan ürəyinin bir hissəsini də qurban vermiş
olur. Buna görə də şəxsi qurban ən yüksək hədiyyədir və bu
fədakarlığın ən ali nümunəsi İsa Məsihdir. Paul bu hissəni
Əhdi-Ətiqdən bir sitatla bitirir (Çıxış
16:18).
Burada deyilir ki, yəhudilər səhrada göydən manna yığanda, nə
qədər az və ya çox yığsa da, həmişə bəs edirdi.
16-24
PRAKTİKİ FƏALİYYƏTLƏR VƏ
GÖSTƏRİŞLƏR (2Korinflilərə 8:16-24)
Bu
hissənin əhəmiyyəti onun praktiki mənasındadır. Paul bilirdi
ki, onun düşmənləri və tənqidçiləri var. O bilirdi ki,
bəziləri onu toplanan vəsaitin bir hissəsini öz ehtiyacları
üçün istifadə etməkdə ittiham edəcək. Buna görə də o, belə
bir ittihamın mümkünlüyünü aradan qaldırmaq üçün tədbirlər
görür, digər insanların da Yerusəlimə pul çatdırılmasında
iştirakını təmin edir. Adı çəkilən iki qardaşın adları
naməlum olaraq qalır. Bütün imanlı cəmiyyətlərində
təriflənən birinci qardaşın Luka olduğu güman edilir. Müqəddəs
Luka günündə yığılan ianə və xüsusi dua bu deyilənləri
nümayiş etdirir: «İncildə təriflənən müjdəçi və qəlblərə
şəfa verən Lukanı çağıran Qüdrətli Allah, bizə nəsib et
ki, onun təbliğ etdiyi təlimin şəfaverici dərmanı bütün
dərdlərimizə şəfa versin». Paul istəyirdi ki, təkcə Allah
deyil, insanlar da onun dürüst insan kimi tanındığını
bilsinlər. Qeyd etmək lazımdır ki, şair kimi yazan, ilahiyyatçı
kimi düşünən Paul lazım gələndə təcrübəli mühasib kimi
diqqətli davrana bilirdi. Paul böyük və xırda məsələləri
həll etməkdə istedadı olan görkəmli insan idi.