Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Qalatiyalılara məktub: Giriş

V. Barklinin şərhləri

QALATİYALILARA MƏKTUB

QALATİYALILARA MƏKTUBA GİRİŞ

Paul tənqid atəşi altındadır

Kimsə Qalatiyalılara məktubu bacarıqlı qılıncoynadanın əlində tutduğu parıldayan qılıncla müqayisə etmişdir. Həm Paulun özü, həm də təbliğ etdiyi Müjdə tənqid atəşi altında idi. Əgər bu tənqid üstünlük təşkil etsəydi, məsihçilik yəhudiliyin məzhəblərindən birinə çevrilə və lütf işi deyil, birbaşa sünnətdən və Musanın Qanununa riayət etməkdən asılı vəziyyətə düşə bilərdi. Əgər Paulun rəqibləri qalib gəlsəydi və Müjdə yəhudilərdə qalsaydı, biz heç vaxt Məsihin məhəbbətində xoşbəxtlik tapa bilməzdik. Bunu təsəvvür etmək belə qorxuncdur.

Paulun həvariliyinin tənqidi

Paul kimi güclü şəxsiyyətə və güclü xarakterə malik bir insanın heç bir rəqibinin olmamasını, belə bir dini inqilabı həyata keçirən şəxsə heç bir hücumun olmamasını təsəvvür etmək çətindir. İlk hücumlar Paulun həvariliyinə qarşı yönəlmişdi. Çoxları onun heç də həvari olmadığını bəyan edirdi.

Onlar öz baxışlarında haqlı görünürdülər. Həvarilərin işləri 1:21-22-də həvarinin tərifi verilir. Xain Yəhuda İskaryot intihar etmişdi və həvarilər arasında boş yeri doldurmaq lazım idi. Onlar həvarilər qrupunun üzvü olmaq üçün seçilməli olan şəxsi belə təyin etdilər: «Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». Həvari olmaq üçün ilk növbədə İsa Məsihin yer üzündəki həyatı boyu Onunla yaxın münasibətdə olmaq və Onun dirilməsinin şahidi olmaq lazım idi. Paul isə bu tələblərə, ümumiyyətlə, cavab vermirdi. Bundan əlavə, o, bir qədər əvvəl İmanlı Cəmiyyətinin qatı təqibçisi idi.

Məktubunun birinci ayəsində Paul bu ittihama cavab verir. O, iddia edir ki, həvariliyə insanlar tərəfindən və ya insanlar vasitəsilə seçilməyib, Allahın Özü tərəfindən xidmətə çağırılıb. Digərləri ilk həvarilər seçilərkən müəyyən tələblərə cavab vermiş ola bilər. Onun isə buna xüsusi haqqı var idi — o, Dəməşqə gedən yolda şəxsən İsa Məsihlə görüşmüşdü.

Sərbəstlik və razılıq

Paul daha sonra bəyan edir ki, onun təbliğ etdiyi Müjdəni insanlardan almayıb. Məhz buna görə o, 1 və 2-ci fəsillərdə Yerusəlimə səfərlərini belə təfərrüatlı şəkildə təsvir edir. Paul israrla deyir ki, təbliğ etdiyi Müjdəni ikinci əldən deyil, birbaşa İsa Məsihin Özündən alıb. Paul anarxist deyildi. O, daha sonra qeyd edir ki, Xoş Xəbəri insanlardan almasa da, İmanlı Cəmiyyətinin rəhbərləri tərəfindən tam qəbul edilib (2:6-10). O, təbliğ etdiyi Müjdəni birbaşa Allahdan almışdı və bu, İmanlı Cəmiyyətinin təməlinə uyğun idi.

Yəhudilər

Nəinki Paul, hətta onun təbliğ etdiyi Müjdə də tənqid atəşi altında idi. Bu mübarizə və döyüş qaçılmaz idi. Məsihi qəbul edən, lakin Allahın vədlərinin və ənamlarının yalnız yəhudilərə verildiyinə və heç bir bütpərəstin onlara şərik ola bilməyəcəyinə inanan yəhudilər çox idi. Belə qənaət müəyyən dərəcədə təbii idi. Çünki yəhudilər arasında seçilmiş xalqın ideyası ilə yaşamağa davam edənlər çox idi. Onlar küfr dolu sözlər söyləyə bilərdilər:

«Allah yaratdığı bütün millətlərdən yalnız İsraili sevir»;

«Allah İsraili bir standartla, başqa millətləri isə başqa bir standartla mühakimə edəcək»;

«Ən yaxşı ilanları məhv edin, ən yaxşı bütpərəstləri öldürün»;

«Allah bütpərəstləri cəhənnəmin odunu olmaq üçün yaratmışdır».

Bu yanaşma başqa bir bütpərəstin doğulmasına kömək etməmək üçün hətta doğuşda olan bütpərəst qadına kömək etməyi qadağan edirdi. Belə bir yəhudi Paulun mənfur bütpərəstlərə Müjdəni təbliğ etdiyini eşidəndə dəhşətə gəlir və qəzəblənirdi.

Qanun

Amma bu vəziyyətdən çıxış yolu var idi. Yəhudi məsihçilər deyirdilər ki, əgər bütpərəst məsihçi olmaq istəyirdisə, əvvəlcə yəhudi olmalıdır. Bu isə o demək idi ki, o, sünnət olunmalı və Qanunun bütün yükünü öz üzərinə götürməli idi. Paul isə bunun məsihçiliyin ruhuna tamamilə zidd olduğunu öyrədirdi. Çünki belə olan halda, insanın xilası Qanuna riayət etmək qabiliyyətindən asılı olacaq və insan buna öz gücünə nail ola biləcəkdi, halbuki Paulun verdiyi təlimə görə insanın xilası yalnız Allahın lütfündən asılı idi. O inanırdı ki, heç kim Allahın lütfünü qazana bilməz. İnsan ancaq İsa Məsihə inanmaqla və Onun mərhəmətinə güvənməklə Allahın ona təklif etdiyi məhəbbəti qəbul edə bilər.

Yəhudi Allahın hüzuruna bu sözlərlə gələrdi: «Bax! Bu mənim sünnətim. Bu da mənim əməllərim. Mənə layiq olduğum xilası ver». Paul isə deyərdi:

Bəli, mən xilas oldum!

Nə əməllərimlə, nə insan müdrikliyi ilə,

Nə ağlımla, nə danaların qurbanı ilə,

Nə təqdimlərlə, nə fani qızılla,

Nə də gümüşlə xilas oldum.

Məni Məsihin sonsuz məhəbbəti

Həyat verən gücü xilas etdi.

Çarmıxdan axıdılan günahsız,

Pak Qanı ilə xilas edildim.

Bəli, xilas oldum! Qoy aslan nərildəsin,

Qanunun ölüm hökmü pıçıldasın,

Qoy imansızlığın zülməti işgəncə versin,

Mən qorxmuram! Çünki bilirəm, xilas olmuşam!

Paula görə, ən vacib şey insanın Allah üçün nə edə biləcəyi deyil, Allahın onun üçün etdikləri idi. «Ancaq xalqımızın ən böyük mirası Tanrının Musa peyğəmbərə verdiyi Qanundur. Bütün həyatımız ona əsaslanır» — deyə yəhudilər etiraz edirdilər. Paul isə buna belə cavab verirdi: «Bir dəqiqə, bəs xalqımızın atası kimdir? Allah kimə ən böyük vədlər verib?» Buna təbii olaraq, yalnız bir cavab ola bilərdi — İbrahim. Paul davam edir: «Onda atamız İbrahim Allahın lütfünü necə qazana bildi? O, Qanuna riayət etməklə bunu qazanmadı, çünki Musaya Qanun verilməzdən 430 il əvvəl yaşamışdı. O, Allahın lütfünə imanla nail olmuşdu. Allah ona öz xalqını və torpağını tərk etmək əmrini verəndə, İbrahim Onun sözünə güvənərək, ən böyük iman addımını atdı. İbrahim Qanunla deyil, imanla xilas oldu. Hər kəs Qanuna əməl etməklə deyil, imanla xilas olmalıdır. İbrahimin həqiqi oğlu qana görə onun nəslindən olanlar deyil, mənşəyindən asılı olmayaraq, Allaha iman gətirənlərdir».

Qanun və lütf

Əgər belədirsə, onda mühüm sual yaranır: o zaman Qanun möminlərin həyatında hansı yeri tutur? Axı onun Musa peyğəmbərə Allah tərəfindən verildiyini inkar etmək olmaz. Lütfün bu qədər şişirdilmiş əhəmiyyəti Qanunun əhəmiyyətini ləğv etmirmi?

Qanun Allahın planında xüsusi yer tutur. Birincisi, insanlar günahın nə olduğunu Qanundan öyrənirlər. Əgər Qanun yoxdursa, insan tərəfindən onun pozulması da yoxdur. Beləcə günah anlayışı da yoxdur. İkincisi, daha önəmlisi, Qanun insanı Allahın mərhəmətinə yönəldir. İnsan günahkar varlıq olduğu üçün Qanunu heç vaxt bütünlüklə yerinə yetirə bilməz. Ona görə də Qanun insana onun acizliyini göstərir və məyusluğa sürükləyir. Buradan yalnız bir çıxış yolu görünür — Allahın mərhəmətinə tamamilə təslim olmaq. Qanun bizə acizliyimizi açıq şəkildə göstərir və son nəticədə bizi yalnız Allahın lütfünün xilas edə biləcəyinə inandırır. Başqa sözlə, Qanun lütf yolunda mühüm addımdır. Həvari Paulun bu məktubunun əsas mövzusu Allahın lütfünün böyüklüyü və öz gücünə xilas olmağın mümkünsüzlüyünü dərk etməkdir.

  • Giriş
  • 1
  • More pages
  • 6