1-ci fəsil
1-5
XOŞ XƏBƏRİN ŞEYPUR SƏSİ
(Qalatiyalılara 1:1-5)
Bəzi
adamlar qalatiyalıların yanına gəlib deyirdilər ki, Paul heç də
həvari deyil, buna görə də onu dinləməyə ehtiyac yoxdur. Onlar
iddialarını belə əsaslandırırdılar ki, Paul on ikilərdən
biri deyil, əksinə, İmanlı Cəmiyyətinin ən qəddar
təqibçisidir və xidmətə onlar tərəfindən təyin olunmayıb.
Paul bu fikirdə olanlarla mübahisə etmir. O iddia edir ki,
həvariliyini insanlara yox, Dəməşq yolunda İsa Məsihlə
görüşərkən baş verən hadisəyə borcludur, həvariliyini və
tapşırığını birbaşa Allahdan almışdır.
1.
Paul əmin idi ki, onunla danışan Allah idi. Kilsədə kahin olmağa
qərar verən bir oğlan haqqında hekayə var. Ondan bu qərara necə
gəldiyini soruşduqda oğlan deyir ki, bu qərarı məktəb kilsəsi
ibadətindən sonra verib. Onda belə təəssürat yaradan
təbliğçinin adını soruşanda o, belə cavab verir: «Mən
kahinin adını bilmirəm, amma bilirəm ki, Allah o gün mənimlə
danışdı». Axı insan başqasını kahinə çevirə bilməz. Bunu
etməyə qadir olan yalnız Allahdır. Məsihçiliyin mahiyyəti
məsihçinin müəyyən ayinlərdən keçməsi və müəyyən vədlər
verməsi deyil, Məsihlə görüşməsidir. Ebed-Tob adlı qoca bir
yəhudi keşiş öz xidməti haqqında belə demişdi: «Məni bu
yerə nə atam, nə də anam qoyub. Uca Padşahın əli bu xidməti
mənə əmanət etdi».
2.
Paulun Allahın tarlasında işləmək və əzablara qatlaşmaq
qabiliyyəti Allahın bu missiyanı ona həvalə etdiyinə əminlik
yaradırdı. O inanırdı ki, hər bir tapşırıq və ya qarşıladığı
hər bir imtahan Allah tərəfindən göndərilib.
Lakin
Allahın missiyasını təkcə Paul kimi insanlar yerinə yetirməli
deyillər: Allah hər bir insana konkret tapşırıq verir. Bu, hər
bir insana məlum olub tarixin salnaməsinə düşəcək bir missiya
ola bilər. Yaxud onun gördüyü işlər tamamilə diqqətdən
kənarda qalacaq, amma hər ikisi Allah tərəfindən insana
əmanətdir.
Əgər
Yaradan Allah
Peyğəmbərin
səsini bəxş etmədisə,
Böyük
hikmət vermədisə,
Böyük
güc bəxş etmədisə,
Əhəmiyyətsiz
ənama sahib olsaq da,
Yenə
xidmətimizə ehtiyac var.
Kim
çəkinmədən deyər:
«Ya
Rəbb, Mən xidmətə hazıram».
Allah
yüksək məqsədə çağırır:
Onun
üçün çalışmaq;
Gəl,
gedək, Allahımızı
Əməllərdə
izzətləndirək!
Yaxında,
uzaqda, bir sözlə, hər yerdə
Ciddi-cəhdlə
çalışaq.
Qoy
hər kəs ilhamlanıb
«Mən
hazıram — məni göndər!» desin.
Ən
təvazökar xidmətlərin çoxu — İlahidən gələn missiyadır.
Bunun bir hissəsi, Robert Bernin dediyi kimi, arvad-uşaq üçün ən
rahat ocaq — insanın həyatdakı vəzifəsi və məqsədidir.
Allah Paula dünyanı müjdələmək missiyası verdi. Çoxumuzun
vəzifəsi çevrəmizdəki bir neçə tanışı sevindirməklə
məhdudlaşa bilər.
Məktubunun
lap əvvəlində Paul möminlər üçün diləklərini və dualarını
iki əlamətdar sözlə yekunlaşdırır.
1.
O, qalatiyalılara lütf
diləyir.
Bu sözdə iki əsas fikir var və onlardan birincisi mənəvi
gözəllik
ideyasıdır. Yunan sözü olan haris
teoloji mənada lütf
deməkdir. O, eyni zamanda gözəllik və cazibəni də ifadə edir.
Hətta teoloji kontekstdə də bu söz gözəllik ideyasına
malikdir. Məsihçi həyatı özünəməxsus lütfü ilə gözəl bir
həyatdır. Amma çox vaxt biz xeyirxahlığa onun gözəlliyini
görmədən, yaxud gözəlliyə onun xeyirxahlığını görmədən
rast gəlirik. Amma mənəvi xasiyyət və gözəllik birləşəndə
lütf özünü göstərməyə başlayır. Bundan əlavə, lütf
sözü həm də insanın heç vaxt qazanmadığı və qazana
bilməyəcəyi, Allahın ona məhəbbəti sayəsində bəxş etdiyi
və onun
layiq olmadığı səxavət
və ya ənam fikrini ehtiva edir. Paul dostları üçün Allahdan
lütf diləyəndə, sanki deyirdi: «Allahın məhəbbətinin
gözəlliyi sizdə olsun ki, həyatınız da gözəl olsun».
2.
Paul qalatiyalılara sülh
arzulayır.
Paul yəhudi olduğuna görə yunanca eyrene
sözünü yazanda, çox güman, ibranicə olan şalom
sözü haqqında düşünmüşdü. Şalom
sözünün əmin-amanlıq və sülhdən daha böyük mənası var.
Bu, ən yüksək rifaha xidmət edən, ağlı, iradəni və qəlbi
qüvvətləndirən hər şeyi ehtiva edir. Bu, bədən əziyyət
çəksə də, Allahın məhəbbətini və qayğısını hiss etdirən
və ürəyə rahatlıq verən duyğudur.
Sonda
Paul bir geniş cümlə ilə «Məsih günahlarımız üçün Özünü
fəda etdi» deyib, İsa Məsihin ürəyini və etdiklərini
göstərir. Paul deyir ki,
(a)
Məsihin məhəbbəti özünü
fəda etdi və bizə görə əzab çəkdi;
(b)
Məsihin məhəbbəti qalib
gəldi və Allahın iradəsini tamamladı.
Həyatımızın
faciəsi odur ki, sevgimiz çox vaxt boşa çıxır. Bununla belə,
Məsihin məhəbbəti elə qüdrətlidir ki, onun qarşısını heç
nə ala bilməz. Onun məhəbbəti sevdiklərini günah zəncirindən
xilas edə biləcək qədər güclüdür.
6-10
MƏSİHİN QULU (Qalatiyalılara
1:6-10)
Bu
məktubun mərkəzində mühüm fakt dayanır: Paulun çatdırdığı
Xoş Xəbər təxəyyülünün uydurması deyildi. O, bütün qəlbi
ilə inanırdı ki, insan Allahın məhəbbətinə layiq olmaq üçün
öz gücünə heç nə edə bilməz. Odur ki, insana bircə şey
qalır — imanla Onun mərhəmətinə təslim olmaq. İnsana ancaq
Allahın ona nə təklif etdiyini ehtiramla, minnətdarlıqla qəbul
etmək qalır. Önəmli olan özümüz üçün nə edə bildiyimiz
deyil, Allahın bizim üçün nə etdiyidir.
Paul
Allahın ecazkar lütfü ilə dolu olan Müjdəni təbliğ edirdi.
Pauldan sonra məsihçiliyin yəhudi versiyasını təbliğ edən
insanlar meydana çıxdılar. Onlar deyirdilər ki, insan Allahı
razı salmaq üçün əvvəlcə sünnət edilməli, sonra isə özünü
Qanunun bütün hökmlərini yerinə yetirməyə həsr etməlidir.
İnsan hər dəfə Qanuna uyğun hərəkət edəndə, bu, Allahın
nəzərində onun hesabına yazılır. Onlar öyrədirdilər ki,
insan Allahın sevgisini qazanmalıdır. Paul isə bunun qeyri-mümkün
olduğuna əmin idi.
Paulun
əleyhdarları onu ittiham edib deyirdilər ki, o, kütlənin
rəğbətini qazanmaqdan ötrü dini sadələşdirir. Belə bir
ittiham həqiqəti tamamilə təhrif edirdi. Çünki din bütün
qayda-qanunları yerinə yetirməkdən ibarətdirsə, ən azı nəzəri
cəhətdən onun tələblərinə cavab verə bilər. Lakin Paul
çarmıxa çəkilmiş Məsihi ön plana çəkir və deyir: «Allah
sizi bax belə sevir». Bizi əhatə edən Qanun
deyil, Məsihin məhəbbətidir.
İnsan üçün Qanunun tələblərini yerinə yetirmək daha asan
olardı. Çünki qanun məhdud və aydın şəkildə ifadə olunur.
Amma belə olan halda, insan sevginin tələblərini heç vaxt yerinə
yetirə bilməz. Çünki sevdiklərinə günəşi, ayı və ulduzları
versə, yenə də başa düşərdi ki, bu, çox azdır. Lakin Paulun
yəhudi əleyhdarları vurğulayırdılar ki, o, sünnəti lazımsız
bilir, eləcə də yəhudi qanununun tələb və normalarını artıq
aktual hesab etmir.
Paul
insanları razı salmağa çalışdığını inkar edirdi. O,
insanlara deyil, Allaha qulluq edirdi. İnsanların onun haqqında nə
dediyi, nə düşündüyü onu maraqlandırmırdı. Onun Rəbbi Allah
idi. Burada o, təkzibolunmaz bir arqument irəli sürür. O deyir:
«Əgər mən hələ də insanları razı salmaq istəsəydim,
Məsihin qulu olmazdım». Bununla o, demək istəyirdi ki, sahibinin
adı qulun bədənində qızdırılan dəmirlə damğalandığı
kimi, o da Məsihin qulu kimi çəkdiyi əzabların izini bədənində
daşıyır. Paul deyir: «Məgər mən insanları razı salsaydım,
bədənimdə bu çapıqlar olardımı?» Paulun bədənindəki
yaralar və çapıqlar onun insanları razı saldığına deyil,
Məsihə xidmət etdiyini sübut edirdi.
Con
Qanterin ilk rus kommunistləri haqqında hekayəsi var. Onların bir
çoxu çarizm dövründə zindanlarda olub, çəkdiyi
əzab-əziyyətlərin əlamətlərini üzərlərində daşıyırdılar.
Onlar bədənlərindəki bu yaralardan utanmırdılar, əksinə, fəxr
edirdilər. Biz onların kommunizmə olan səmimi sədaqətlərinə
şübhə edə bilmərik. İnsanlar iqrar etdiyimiz iman üçün
əziyyət çəkməyə hazır olduğumuzu görəndə, bizim buna,
həqiqətən, inandığımıza əmin olmağa başlayırlar. Əgər
imanın bizim üçün heç bir dəyər yoxdursa, heç kim ona
əhəmiyyət verməz.
11-17
RƏBBİN SAĞ ƏLİNİN ƏZƏMƏTİ
(Qalatiyalılara 1:11-17)
Paul
deyir ki, o, Məsihin Müjdəsini ikinci əldən deyil, birbaşa
Allahdan almışdır. Bu, çox vacib bəyanat idi və hansısa bir
şəkildə sübut olunmalı idi. Bunu sübut etmək üçün Paul
özünə (kifayət qədər cəsarətli addım idi) və onda baş
verən dəyişikliyə işarə edir.
1.
O, Qanunun
fanatiki
idi. Sonra həyatının əsas ilham mənbəyi lütf oldu. Bir vaxtlar
hərarətlə və israrla Allahın lütfünü qazanmağa çalışan bu
adam indi Onun məhəbbətlə bəxş etdiklərini təvazökar imanla
qiymətləndirirdi. O özü üçün edə biləcəkləri ilə fəxr
etməyi dayandırdı və Allahın onun üçün etdiklərini
izzətləndirməyə başladı.
2.
O, Allahın
cəmiyyətini qəddarcasına təqib
edirdi. O, imanlı cəmiyyətini viran qoymuşdu. Orijinalda bu söz
talançılığa
təslim etmək
mənasında işlədilir. Əvvəllər Paul İmanlı Cəmiyyətini yer
üzündən silməyə çalışırdı. İndi isə onun uğrunda
həyatını verməyə hazır olduğu yeganə məqsədi — İmanlı
Cəmiyyətinin sirrini bütün dünyaya yaymaq idi.
Hər
bir nəticənin müvafiq səbəbi var. Əgər insan bir istiqamətə
can atırsa, sonra birdən dönüb eyni sürətlə əks istiqamətə
gedirsə, birdən-birə həyatdakı dəyərlərini o istiqamətdə
dəyişirsə, onda bunun ciddi izahı olmalıdır. Paulun bu barədə
izahatı Allahın onun həyatına birbaşa müdaxiləsi idi. Tanrı
əlini onun çiyninə qoyub karyerasının ortasında dayandırdı.
Paul deyirdi: «Bunu yalnız Allah edə bilər». Bundan başqa, o,
Rəbbin qüdrətini vurğulamaq üçün bütün rüsvayçı
hərəkətlərini sadalamaqdan çəkinmirdi. Paula görə, Allahın
qəfil müdaxiləsi ilə bağlı iki vacib məqam var idi.
1.
Bu, təsadüfən baş vermədi, Allahın əbədi planının ayrılmaz
hissəsi idi. Deyilənə görə, Aleksandr Vayt kahin xidmətinə
təyin olunduqdan sonra yığıncağa müraciət edib demişdir ki,
Allah əzəldən bu adamı bu sürü üçün, bu sürünü də bu
adam üçün hazırlayıb. Onun planına görə onlar indi
görüşürlər. Allah hər insanı Öz niyyətinə görə istifadə
edir. Həmin insanın vəzifəsi böyük və ya kiçik ola bilər: ya
bütün dünyanın mülkiyyətinə çevrilə, ya da bir neçə nəfərə
məlum ola bilər. Epiktet demişdir:
«Allaha
«Bundan sonra məni istədiyin kimi istifadə et» deməyə
cəsarətin olsun. Mən Səninlə birəm. Mən Səninəm. Sən
məsləhət bilməyincə, mən nədənsə çəkinməyəcəyəm. Məni
istədiyin yerə apar; mənə istənilən paltarı geydir.
İstəyirsənsə, mən vəzifədə olum, istəyirsənsə, ondan
qaçım. İstəyirsənsə, evdə oturum, ya da harasa gedim, varlı,
ya da kasıb olum. Qoy hər şey istədiyin kimi olsun. Mənim üçün
nə edirsən et, mən Səni insanların qarşısında müdafiə
edəcəyəm».
Əgər
bütpərəst filosof elə də yaxşı tanımadığı Allaha özünü
bu qədər təslim edə bilibsə, onda biz Ona nə qədər təslim
olmalıyıq?
2.
Paul bir missiya üçün seçildiyini bilirdi. O, şan-şöhrət üçün
deyil, xidmət üçün, sakit həyat üçün deyil, mübarizə üçün
seçildiyini bilirdi. Ən çətin döyüşlər üçün komandir ən
yaxşı döyüşçülərini seçir. Müəllim ən çətin
tapşırıqları ən yaxşı şagirdlərinə tapşırır. Paul
bilirdi ki, o, xidmət üçün xilas edilib.
18-24
SEÇİLMİŞLƏRİN YOLU
(Qalatiyalılara 1:18-24)
Bu
hissəni əvvəlki hissənin fonunda nəzərdən keçirsək, Rəbbin
sağ əli Paulu məğlub etdikdən sonra onun nə etdiyini görərik.
1.
Əvvəlcə Paul Ərəbistana
getdi. O özü ilə tək qalmaq üçün oraya getdi. Bunun üçün
onun iki səbəbi var idi: birincisi, başına gələn hadisəni dərk
etməli idi; ikincisi, insanlarla danışmazdan əvvəl Allahla
danışmalı idi. Çox az adam özü və Allahla tək qalmaq üçün
vaxt ayırır. Əgər insan aktual problemlərə varmasa,
vəsvəsələrə, gərginliyə və həyatın stressinə necə
müqavimət göstərə bilər?
2.
Sonra Paul
Dəməşqə
getdi. Bu, çox cəsarətli bir addım idi. Allah Paulu dayandıranda
o, İmanlı Cəmiyyətini dağıtmaq üçün Dəməşqə gedirdi və
bütün Dəməşq bu hadisədən xəbər tutmuşdu. O, əvvəllər
kim olduğunu hər kəsdən daha yaxşı bilən adamlara şəhadət
etmək üçün qayıtdı.
Kiplinqin
məşhur «Mulholland andı» poeması var. Mulholland gəmidə
maldar idi. Fırtına zamanı öküzlər burdaqdan dartılıb çıxmağa
çalışırdı. Mulholland Allaha söz verdi ki, əgər onu öküzlərin
buynuzlarından və tapdağından xilas etsə, ömrünün sonuna
qədər Ona qulluq edəcək. O, əraziyə sağ-salamat çatanda, heç
kimin onu tanımadığı yerdə Allah haqqında təbliğ etmək
qərarına gəldi, beləcə, sözünü tutmaq istədi. Lakin Allah
əmr etdi: «Gəmiyə qayıt və Mənim Xoş Xəbərimi orada
təbliğ et». Allah onu hamını tanıdığı və hamının onu
tanıdığı yerə qaytardı. Biz olduğumuz yerdə Məsih barədə
şəhadət etməyə və yaxşı işlər görməyə çağırılmışıq.
3.
Daha sonra Paul Yerusəlimə
getdi. O, növbəti dəfə həyatını riskə atdı. Keçmiş yəhudi
dostları onu satqın hesab etdiklərinə görə onun qanına
susamışdılar. Onun keçmiş qurbanları — məsihçilər də onu
rədd edə bilərdilər. Çünki Paulun indi Məsihdə onların
qardaşı olduğuna inanmaq çətin idi.
Paul
keçmişi ilə üzləşmək üçün özündə cəsarət tapdı.
Qaçmaqla keçmişdən yaxa qurtara bilmərik. Biz yalnız keçmişə
müraciət etməklə və onu aradan qaldırmaqla özümüzü ondan
xilas edə bilərik.
4.
Sonda o, Suriyaya
və
Kilikiyaya
getdi. Orada onun doğma şəhəri — Tare yerləşirdi. Paul orada
böyüyüb boya-başa çatmışdı. Orada onun uşaqlıq və gənclik
dostları var idi. Amma Paul yenə də çətin yolu seçdi. Orada,
şübhəsiz ki, ona dəli kimi baxacaq, qıcıqla, hətta istehza ilə
qarşılayacaqdılar. Ancaq Paul buna da hazır idi: qoy Məsih
naminə onu dəli hesab etsinlər.
Bu
ayələrdə Paul təbliğ etdiyi Müjdənin müstəqilliyini müdafiə
etməyə və sübut etməyə çalışırdı: o, Müjdəni insandan
deyil, birbaşa Allahdan almışdı. O, insanlarla yox, Allahla
məsləhətləşmişdi. Lakin Paul yazdıqca özünü onda baş verən
dəyişikliyə şəhadət etməyə və ən çətin şəraitdə Xoş
Xəbəri təbliğ etməyə cəsarətli bir insan kimi göstərdi.