Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Qalatiyalılara məktub: 2-ci fəsil

V. Barklinin şərhləri

2-ci fəsil

1-10

ALLAH QORXUSUNDA YAŞAMAQ İSTƏMƏYƏN ADAM (Qalatiyalılara 2:1-10)

Paul təbliğ etdiyi Müjdənin həqiqiliyini sübut etmişdi. İndi isə o, sübut edir ki, bu həqiqilik anarxiyadan qaynaqlanmayıb və onun Müjdəsi nə təfriqəçi, nə də məzhəbdir; İmanlı Cəmiyyətinə bəxş edilmiş iman yoludur.

On dörd il xidmət etdikdən sonra o, gənc yunan və sadiq xidmətçi Titi də götürərək yenidən Yerusəlimə getdi. Bu səfəri sadə və asan adlandırmaq olmazdı. Hətta Paulun yazılarında onun həyəcanını hiss etmək olar: biz orada yunan orijinalının müəyyən qeyri-bərabərliyini tapırıq, onu tam çatdırmaq mümkün deyil.

Məsələ burasındadır ki, Paul öz prinsiplərindən kənara çıxmamaq üçün hər şeyi tam deməyə bilməzdi. Lakin İmanlı Cəmiyyətinin rəhbərləri ilə açıq fikir ayrılıqları olduğu təəssüratını bağışlamamaq üçün çox şeyi deyə bilməzdi. Nəticədə onun cümlələri qırıq-qırıqdır və bir-biri ilə tam əlaqəli görünmür. Bununla da o, həyəcanını çatdırır. İmanlı Cəmiyyətinin rəhbərləri lap əvvəldən onun mövqeyini bəyənmişdilər; lakin onun hərarətli ruhunu ram etməyə çalışanlar da var idi. Elələri də var idi ki, məsihçiliyi qəbul etsə də, Allahın yəhudilərdən başqa heç kimə imtiyaz verə bilməyəcəyini iddia etməyə davam edirdilər. Buna görə də iddia edirdilər ki, insan Məsihə iman etməzdən əvvəl sünnət edilməli və Qanuna tamlığı ilə riayət etməlidir. Yəhudilər Titdən məhək daşı kimi yapışmışdılar. Fərqli fikirlər ortaya çıxmışdı: görünür, İmanlı Cəmiyyətinin rəhbərləri Cəmiyyətdə sülh naminə Paulu bu məsələdə güzəştə getməyə çağırırdılar. Lakin Paul Titin müdafiəsinə və öz prinsiplərinə sadiq idi. Paul bilirdi ki, bu məsələdə güzəştlər Qanunun köləliyinə və Məsihin insanlar üçün qazandığı azadlığın rədd edilməsinə gətirib çıxaracaq. Nəticədə Paulun inamı qalib gəldi. Prinsipcə, onlar belə bir razılığa gəldilər: Paulun fəaliyyət sahəsinə qeyri-yəhudilərin yaşadığı ərazilər, Peter və Yaqubun fəaliyyət sahəsinə isə yəhudilərin yaşadığı ərazilər daxil olacaq. Qeyd etmək lazımdır ki, problem iki fərqli Müjdənin təbliğində deyildi; sadəcə olaraq, eyni Müjdə müxtəlif düşüncə tərzinə malik insanlara, fərqli, lakin ən bacarıqlı müəllimlərə təbliğ edilməli idi.

Buradan Paulun bəzi xarakterik xüsusiyyətləri ortaya çıxır.

1. O, hakimiyyətə hörmət edən bir insan idi. O özbaşına hərəkət etmirdi. O, fərqli baxışa malik olsa da, gedib İmanlı Cəmiyyətinin rəhbərləri ilə danışdı. Həyatın vacib və çox vaxt gözardı edilən qanunu deyir ki, biz nə qədər haqlı olsaq da, kobudluqla müsbət heç nə əldə edə bilməyəcəyik. Qətiyyət və nəzakət bir arada olsa yaxşıdır.

2. O, möhkəm əqidəli bir insan idi. O, dəfələrlə İmanlı Cəmiyyətinin və sütunlarının hansı nüfuza malik olduğunu təkrarlayırdı. Paul onlara hörmət edir və onlarla nəzakətlə davranırdı. Buna baxmayaraq, o öz əqidəsində qaldı. Hörmət etmək təqdirəlayiqdir, lakin dünyanın və ya İmanlı Cəmiyyətinin böyük hesab etdiyi insanlara qarşı yaltaqlıq rəzillikdir. Paul insanları deyil, Allahı razı salmağa çalışırdı.

3. O, xüsusi missiyasını dərk edən insan idi. O əmin idi ki, Allah ona bir tapşırıq verib. Buna görə nə xarici rəqiblərin, nə də daxili şübhələrin onun bu tapşırığı yerinə yetirməsinə mane olmasına imkan verə bilməzdi. Allahın ona vacib bir işi əmanət etdiyini bilən insan, onu yerinə yetirmək üçün Allahın gücünü də tapacaqdır.

11-13

BİRLİYİN ƏHƏMİYYƏTİ (Qalatiyalılara 2:11-13)

Bütün çətinliklərin öhdəsindən gəlmək mümkün deyildi. Erkən Məsihçi Cəmiyyətinin həyatında mühüm yeri aqape və ya məhəbbət süfrəsi adlanan ümumi yemək tuturdu. Bu ziyafətdə bütün camaat ümumi yeməyə toplaşırdı, hər kəs evində olanı gətirirdi. Bir çox qullar üçün bu, həftənin yeganə yaxşı yeməyi idi. Bundan əlavə, həmin süfrə xüsusi bir şəkildə bütün məsihçilərin ruhda həmrəyliyini xarakterizə edirdi.

Görünür, bu süfrə çox yaxşı adət idi. Ancaq gəlin yəhudilərin müstəsnalığı ilə bağlı qaydalarını xatırlayaq. Onlar özlərini «seçilmiş xalq» hesab etdiklərinə görə başqa xalqlarla ünsiyyəti qadağan edirdilər.

«Rəbb rəhmli və lütfkardır» (Zəbur 103:8).

«Ancaq O, yalnız İsrailə qarşı mərhəmətlidir; digər millətlərə dəhşət təlqin edir».

«Millətlər küləş kimi yandırılacaq və ya saman kimi havaya sovrulacaq».

«Əgər adam tövbə etsə, Allah onu qəbul edər; lakin bu, başqa xalqa deyil, yalnız İsrailə aiddir».

«Hamını sev, amma bidətçilərə nifrət et».

İstər-istəməz yəhudilərin müstəsnalığı gündəlik həyat tərzinə çevrilmişdi. Ortodoksal yəhudiyə bütpərəstlə münasibət qurmaq, bütpərəstləri evinə qonaq çağırmaq və ya onları ziyarət etmək qadağan idi.

Budur, Antakyada böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi. Belə şəraitdə yəhudilər ümumi süfrədə yan-yana otura bilərdilərmi? Köhnə qanuna görə bu, mümkün deyildi. Peter Antakyaya gələndə əvvəlcə yeni imanın izzəti naminə bütün köhnə qadağalara məhəl qoymadı, yəhudilər və bütpərəstlərlə bir süfrədə oturdu. Sonra Yerusəlimdən başqa yəhudilər gəldilər. Onlar həvari Yaqubun adından istifadə edirdilər, baxmayaraq ki, onların fikirləri Yaqubun nöqteyi-nəzərini əks etdirmirdi. Onlar Peteri elə məzəmmət etdilər ki, o, bütpərəstlərlə bir süfrədə oturmaqdan çəkindi. Digər yəhudilər onun kimi etdilər. Hətta Barnaba da onlar kimi etdi. Bundan sonra Paul ona xas olan hərarətlə onlara müraciət etdi: çünki o, bunu dönüklük kimi görürdü.

1. Sinfi fərqlərinin mövcud olduğu imanlı cəmiyyəti məsihçilikdən uzaqdır. Məsihdə artıq yəhudi və ya bütpərəst, azad və ya qul, varlı və ya kasıb yoxdur: o, sadəcə olaraq, Məsihin uğrunda öldüyü günahkardır. Atanın övladlığa götürdüyü hər kəs bir-biri ilə qardaşdır.

2. Paul gördü ki, aşkar ayrı-seçkiliyin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. O gözləmədi, zərbə endirdi. Bu cür dönüklük təhlükəlidir, xüsusən də Peterin adı ilə əlaqəli olduğuna görə. Nəcib ad alçaq əməli ucaltmaz.

Paulun müdrik rəhbərliyi, möhkəm əqidəyə malik olan məsuliyyətli insanın imanlı cəmiyyətində dönük fikirlər kök salmazdan əvvəl onun həqiqi yoldan dönməsinin qarşısını necə ala biləcəyinə bir nümunədir.

14-17

QANUNUN SONU (Qalatiyalılara 2:14-17)

Burada onlar məsələnin mahiyyətinə varır və Paul məsələni qəti şəkildə qoyur. Məsələni dərhal həll etmək lazım idi. Məsələ burasındadır ki, Yerusəlimdə verilən qərar kompromis idi və istənilən kompromis kimi bu da problemə gətirib çıxardı. Mahiyyət etibarilə, yəhudilərin sünnətə və Qanunun tələblərinə əməl etməyə davam edəcəklərini bildirirdi. Bütpərəstlər isə bu normalara riayət etməkdən azad idilər. Aydındır ki, bu, belə davam edə bilməzdi. Çünki nəticədə İmanlı Cəmiyyətində iki məzhəbin və iki fərqli təbəqənin yaranmasına səbəb olardı. Peterə müraciət edərək Paul bunları demək istəyirdi: «Sən başqa millətlərlə eyni masada idin, sən də onların yediyini yeyirdin. Prinsipcə sən yəhudilərlə bütpərəstlər arasında fərq olmadığı fikri ilə razılaşırdın. Bəs indi birdən-birə öz fikrini dəyişib, başqa millətlərin sünnət olunmalarını və Qanuna riayət etmələrini necə tələb edə bilərsən?» Paul bunda məntiq görmürdü.

Burada bir sözün mənasına diqqət yetirmək yerinə düşər. Yəhudi bütpərəstlərə münasibətdə günahkarlar sözünü işlədəndə, onların əxlaqi keyfiyyətləri haqqında deyil, Qanuna riayət edib-etməmək haqqında düşünürdü. Məsələn, Levililər 11-ci fəsildə hansı heyvanların yeyilə biləcəyi və hansının yeyilə bilməyəcəyi izah edilir. Dovşan və ya donuz əti yeyən adam qanunları pozur və Qanuna görə günahkar sayılır. Çox güman, Peter Paula belə cavab verərdi: «Amma mən başqa millətlərlə bir süfrədə oturub onların yediyi yeməkləri yesəm, günahkar olaram».

Paul buna iki arqumentlə cavab verərdi. Birincisi: «Biz çoxdan əmin olduq ki, insan Qanuna riayət etməklə Allah qarşısında bəraət qazana bilməz. Bunu yalnız Allahın lütfü edə bilər. Çünki Qanuna əməl etməkdən asılı olmayaraq, insan İsa Məsihə imanla bəraət alır. Buna görə də Qanunla əlaqəli olan hər şeyin ruhun xilası ilə əlaqəsi yoxdur». İkincisi: «Sənin fikrincə, Qanun və qaydalarla bağlı olan hər şeyi unutmaq günahkar olmaq deməkdir? Məsih sənə nə öyrətmişdi? O demirdi ki, xilas olmaq üçün sən bu və ya digər heyvanın ətini yeməkdən çəkinməlisən. O öyrədirdi ki, sən qeyd-şərtsiz Allahın mərhəmətinə və lütfünə güvənməlisən. İndi sən İsa Məsihin sənə günah etməyi öyrətdiyini iddia edə bilərsənmi?» Aydın məsələdir ki, buradan yalnız bir nəticə çıxarmaq olar — köhnə Qanun tamamilə ləğv edilib.

Bu, baş verməli idi, çünki Allahın başqa millətləri Öz mərhəməti və lütfü ilə, yəhudiləri isə Qanunu yerinə yetirməklə övladlığa götürməsi ədalətsizlik olardı. Paul insanın xilası üçün yalnız bir yol görürdü — Allahın lütfü və qeyd-şərtsiz Onun lütfünə təslim olmaq.

Hər bir məsihçinin həyatında iki böyük sınaq var. Məsihçi nə qədər səmimi olarsa, sınaqlar bir o qədər təhlükəlidir. Bunlardan birincisi Allahın məhəbbətini qazanmağa çalışmaqdır; ikincisi isə əldə etdiyi xırda nailiyyətləri digər qardaşlarının nailiyyətlərindən üstün hesab etməkdir. Lakin öz əməlləri ilə Allahın məhəbbətini qazana biləcəklərinə və nailiyyətləri ilə qardaşlarından üstün ola biləcəklərinə inanan məsihçilər — əsl məsihçi deyil.

18-21

ÇARMIXA ÇƏKİLMİŞ VƏ DİRİLMİŞ HƏYAT (Qalatiyalılara 2:18-21)

Paul öz böyük təcrübəsindən danışır. Bütün mürəkkəb hüquq norma və qaydalar sistemini yenidən yaratmaq ruhani intihara bərabər olardı. O bəyan edir ki, Allahla yaşamaq üçün Qanuna görə ölüb. Bununla o, Qanunu yerinə yetirmək üçün və Allah qarşısında haqq qazanmaq üçün əbəs yerə cəhd etdiyini nəzərdə tutur. O, həqiqətən də, Qanunun bütün müddəalarını tamamlamağa çalışırdı. Lakin bütün bu cəhdlər ona yalnız dərin məyusluq hissi və bu yolla Allah qarşısında heç vaxt haqq qazanmayacağını aşılayırdı. Buna görə də o, bu yolu tərk etdi və günahkar olduğu üçün tamamilə Allahın lütfünə arxalandı. Qanun onu Allaha üz tutmağa vadar etdi. Qanuna yenidən qayıtmaq onda bir daha Allahdan uzaq düşmə hissi yaradardı.

Dəyişiklik o qədər radikal idi ki, Paul deyir: o, Məsihlə birlikdə çarmıxa çəkildi, buna görə də əvvəlki adam öldü. İndi yaşayan o deyil, Məsih onda yaşayır. «Əgər mən Qanunu yerinə yetirməklə Allah qarşısında bəraət qazana bilirəmsə, onda lütf nəyə lazımdır? Əgər xilası özüm qazana bilirəmsə, onda Məsih niyə öldü?» Paul bir şeyə tam əmin idi — İsa Məsih onun özünün heç vaxt edə bilməyəcəyi bir şeyi onun üçün etmişdi. Paulun təcrübəsini illər sonra Martin Lüter yaşamışdı. Lüter itaətkarlıq, özündən imtina və özünə işgəncə verməklə bağlı kilsə ayinlərinin yerinə yetirilməsinə dair nümunə idi. O deyirdi: «Əgər nə vaxtsa rahibliyi xilas edə biləcək bir adam varsa, o da mənəm». O, Romaya üz tutdu. Skala Sanktanın müqəddəs pilləkənlərini diz üstə qalxmaq böyük iman aktı hesab olunurdu. Lüter buna layiq olmaq üçün özünə işgəncə verdi. Orada birdən göydən gələn səs eşitdi: «Saleh imanla yaşayacaq». Allahla həyatı sonsuzadək məhvə məhkum edilən belə boş səylərlə əldə etmək olmaz. İsa Məsihin göstərdiyi kimi, Allahla olan həyatı yalnız Onun lütfünə tam arxalanaraq əldə etmək olar.

Məsih bizi Qanunun köləliyindən

Qan tökərək qurtardı,

Budur, əsl bağışlanma.

O, yaralarımızı daşıyıb əzab çəkdi,

Bizi əbədi qurtardı.

Paul İsa Məsihi Xilaskar kimi qəbul edəndə, Onun lütfü Qanunun lənətinin qaranlığını aradan qaldırdı.

Müqəddəs Kitab

Digər həvarilər Paulu qəbul edir
1 On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb yenə Yerusəlimə getdim. 2 Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında vəz etdiyim Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş yerə cəhd etməyim yaxud da cəhd etmiş olmayım. 3 Yanımda olan Tit də Yunan olduğu halda sünnət olunmağa məcbur edilmədi. 4 Bu iş aramıza gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar Məsih İsada malik olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə aramıza girdilər. 5 Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti sizinlə qalsın.
6 Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə artırmadılar. 7 Əksinə, sünnətlilərə Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər. 8 Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu. 9 Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin. 10 Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.
Paul Antakyada Peteri məzəmmətləyir
11 Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi. 12 Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Peter başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından çəkilib ayrı durdu. 13 Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı. 14 Amma mən Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsən?»
15 Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik. 16 Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz. 17 Əgər biz Məsihdə saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah xidmətçisidir? Əsla! 18 Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu pozan olaraq göstərirəm. 19 Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki, Allah üçün yaşayım. 20 Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram. 21 Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.
  • Giriş
  • 1
  • 2
  • 3
  • More pages
  • 6