Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Qalatiyalılara məktub: 3-cü fəsil

V. Barklinin şərhləri

3-cü fəsil

1-9

LÜTF ƏNAMI (Qalatiyalılara 3:1-9)

Paul daha bir dəlil gətirir ki, insanı Allah qarşısında saleh sayan Qanuna riayət etmək deyil, imandır. Erkən Məsihçi Cəmiyyətində imanlılar çox vaxt Müqəddəs Ruhu vizual qavrayış vasitəsilə qəbul edirdilər. Həvarilərin İşləri kitabının ilk fəsillərində biz bu fenomenlə qarşılaşırıq (Həvarilərin işləri 8:14-17; 10:44 ilə müqayisə edin). Onlar hər kəsin görə biləcəyi yeni bir həyat əldə etmişdilər. Həm həvarilər, həm də qalatiyalılar Paulun dediyi həyatı eyni şəkildə əldə etmişdilər: Qanunun normalarını yerinə yetirdiklərinə görə deyil (çünki o vaxtlar onlar Qanun haqqında hələ eşitməmişdilər), əksinə, Allahın məhəbbəti haqqında eşitdikləri Xoş Xəbər sayəsində əldə etmiş və buna əsl imanla cavab vermişdilər.

İdeyanı başa düşməyin ən asan yolu onun insanda təcəssüm olunmasıdır. Başqa sözlə, hər bir böyük söz təcəssüm olmalıdır. Bu səbəbdən Paul yəhudilərin düşüncəsində imanı təcəssüm etdirən İbrahimə işarə edir. Allah İbrahim peyğəmbərlə əhd bağladı və söz verdi ki, yer üzünün bütün qəbilələri onun vasitəsilə xeyir-dua alacaqlar (Yaradılış 12:3). O, Allah tərəfindən xüsusi olaraq seçilmişdir, çünki Onun gözündə lütf qazanmışdı. İbrahim peyğəmbər Allahın gözündə lütf qazanmaq üçün nə etmişdi? O dövrdə qanun və normalar hələ mövcud deyildi. İbrahim peyğəmbər Allahın Sözünə iman etməklə Onun gözündə lütf qazanmışdı.

Beləcə İbrahimin nəslinə Allahın lütfü vəd edildi. Yəhudilər məhz bu lütfə arxalanırdılar və hesab edirdilər ki, İbrahim peyğəmbərin fiziki nəsli olduqlarına görə onlar digər xalqlardan fərqli olaraq Allahın gözündə xüsusi yer tuturlar. Paul izah edir ki, İbrahimin həqiqi nəsli ət və qanla müəyyən edilmir. İbrahimin həqiqi nəsli imanla yaşayan adamdır. Buna görə də İbrahimə verilən vədi Qanunu səylə yerinə yetirərək Allahın məhəbbətini qazanmağa çalışanlar deyil, istənilən millətdən olan iman edənlər alacaqlar. Qalatiyalılar imanla başlamışdılar. Buna görə də Qanuna qayıtmamalı və miraslarını itirməməli idilər.

Bu hissədə mühüm tarixi əhəmiyyətə malik çoxlu yunan sözləri var. 3-cü fəsil 1-ci ayədə Paul qalatiyalıların tilsimlədiklərini yazır. Qədim yunanlar pis gözdən çox qorxurdular. Şəxsi məktublar çox vaxt belə bir cümlə ilə bitirdi: «Mənim ən böyük duam budur ki, pis gözdən uzaq olasan və həyatın firavan keçsin» (Milligan: «Yunan Papirusundan Seçmələr», 14).

Həmin ayədə Paul yazır ki, «İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu!» Yunanca proqrafeyin sözü afişa yapışdırmaq deməkdir. Bu söz atanın artıq oğlunun borclarına görə cavabdeh olmadığını bildirən elanlarda və ya satış elanlarında istifadə olunurdu.

3:3-də Paul soruşur: «Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz?» Bu cümlədə yunan dilində qurban gətirmə mərasiminin başlanğıcını və sonunu bildirən sözlər var. Birinci söz — yenarhesfay — qurbanın üzərinə və onun ətrafına arpa dənələri səpmək — qurban gətirmə mərasiminin başlanğıcı deməkdir; ikinci söz — yepiteleisfay isə onun tamamlanması deməkdir. Bu iki sözlə Paul göstərir ki, məsihçi həyatı Allaha müqəddəs qurban kimi təqdim olunmalıdır.

3:5-də Paul qalatiyalılara xatırladır ki, Allah onları Ruhla təmin edəcək. Bu sözün kökü yunan sözü olan xoregiya-dan yaranıb. Qədim Yunanıstanda böyük bayramlarda Evripid və Sofokl kimi böyük dramaturqlar öz pyeslərini səhnələşdirirdilər. Bunun üçün xorlara ehtiyac var idi. Belə xorun təlimi və hazırlanması baha başa gəlirdi. Buna görə də vətənpərvər yunanlar xorun hazırlanması və öyrədilməsi ilə bağlı bütün xərcləri səxavətlə qarşılayırdılar. Belə səxavət xoregiya adlanırdı. Sonralar müharibə dövründə vətənpərvər yunanlar dövlət xəzinəsinə könüllü ianə verirdilər, buna da xoregiya deyirdilər. Daha sonralar bu söz papiruslarda — nikah müqavilələrində ərin sevgi əlaməti olaraq həyat yoldaşına verdiyi vəsaiti təyin etmək üçün istifadə olunurdu. Bu sözlə Paul Allahın məhəbbətdən qaynaqlanan səxavətini vurğulayır. Bu səxavətin zəif əksi vətəndaşın vətəninə, ərin isə arvadına məhəbbəti ilə müqayisə olunur.

10-14

QANUNUN LƏNƏTİ (Qalatiyalılara 3:10-14)

Paul öz arqumentləri ilə başqa cür düşünənləri inandırmağa çalışır. O deyir: «Fərz edək ki, siz Qanunun qaydalarına riayət etməklə Allahın bəraətini qazanmağa çalışırsınız. Sizcə, bu, nəyə gətirib çıxaracaq?» Birincisi, bunu etməyə qərar verən şəxs Qanuna görə ya bəraət qazanacaq, ya da həlak olacaq. O, Qanunu seçməklə ona əməl edərək yaşamalıdır. İkincisi, Qanuna tamlığı ilə əməl edən heç vaxt olmayıb, gələcəkdə də heç kim Qanunun tələblərinə əməl edə bilməyəcək. Üçüncüsü, əgər belədirsə, o lənətlənəcək, çünki Müqəddəs Yazılarda deyilir ki, «Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!» (Qanunun təkrarı 27:26). Ona görə də kim Qanunla Allah qarşısında bəraət qazanmağa çalışırsa, axırda mütləq lənətə düçar olacaqdır.

Lakin Müqəddəs Yazıda təkcə bunlar deyilmir. «Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, amma saleh adam imanı ilə yaşayacaq» (Habaqquq 2:4). Tanrı ilə düzgün münasibət qurmaq üçün yalnız bir imkan var, bu da imandır. Amma iş burasındadır ki, Qanunun əsasları və imanın əsasları bir-birini təkzib edir; eyni anda hər iki xətt üzrə hərəkət etmək mümkün deyil. Onlar arasında seçim etmək lazımdır. Yeganə düzgün və məntiqli seçim Allahın sözünə və sevgisinə güvənərək, Qanun yolundan çıxıb iman yolu ilə getməkdir.

Bəs bunun belə olduğunu haradan bilək? Bunun son təminatını İsa Məsihdə görürük. Bu həqiqəti bizə çatdırmaq üçün O, çarmıxda ölməli idi. Müqəddəs Yazılarda isə deyilir: «... ağacda ...asılan adam Allahın lənətinə düçar olub» (Qanunun təkrarı 21:23). Beləliklə, bizi Qanunun lənətindən azad etmək üçün İsa Özü lənətləndi. Paul nə qədər öz ideyasına bağlı olsa da və oxucularını nə qədər çox inandırmaq istəsə də, o, Xoş Xəbəri almağın məsihçilərə baha başa gəldiyini heç vaxt unutmurdu. O, heç vaxt unutmurdu ki, biz İsa Məsihin həyatı və ölümü bahasına Allah qarşısında sülh, azadlıq və bəraət qazanmışıq. Əgər İsa Məsih Öz böyük məhəbbətini sübut etmək üçün çarmıxda ölməsəydi, insanlar Allahın, həqiqətən, belə olduğunu heç vaxt bilməyəcəkdilər.

15-18

DƏYİŞMƏZ VƏD (Qalatiyalılara 3:15-18)

Bu və ya növbəti hissələri oxuyanda biz yadda saxlamalıyıq ki, Paul ali təhsilli ravvin, akademiyada yəhudi ravvinlərə sxolastik üsullarla tədris edən mütəxəssis idi. Paul onların arqumentlərindən və sübut üsullarından istifadə edirdi. Çünki bu arqumentlər yəhudilərin nəzərində inandırıcı idi, baxmayaraq ki, bəzən onları anlamaq bizim üçün çətin olur.

Paul onlara lütfün Qanundan üstün olduğunu göstərməyə çalışır. Birincisi, Paul göstərir ki, vəd Qanundan daha əvvəl olub. İbrahim peyğəmbər imanla çağırışa tabe olanda, Allah ona böyük vədini verdi və onu yerinə yetirdi. Başqa sözlə, Allahın vədi birbaşa imandan asılı olmuşdur. Musa peyğəmbərdən əvvəl xalq heç bir Qanuna malik deyildi. Bu, İbrahim peyğəmbərə verilən vəddən dörd yüz otuz il sonra baş vermişdi. Paul mübahisə etməyə davam edib deyir ki, vəd qəbul ediləndən sonra onu dəyişdirmək və ya ona nəsə əlavə etmək olmaz. Ona görə də insanlara verilən Qanun ilk imanı dəyişdirə bilməz. Məhz iman sayəsində İbrahim peyğəmbər Allahla həqiqi münasibət qurdu. Bu günə qədər məhz iman insanın Allah tərəfindən saleh sayıla biləcəyi yeganə yoldur. Ravvinlər Müqəddəs Yazıların ayrı-ayrı sözlərinin təfsirindən irəli gələn arqumentləri çox sevirdilər. Bir söz üzərində onlar bütöv bir dini sistem qura bilərdilər. Paul da İbrahim peyğəmbərin hekayətindən bir kəlmə götürüb, arqumentini onun üzərində qurur. Yaradılış 17:7-8-də deyildiyi kimi, Allah İbrahimə demişdi: «Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam». Daha sonra onun nəsli haqqında deyir: «Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı — bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm». [Barkli nəsil əvəzinə toxum sözündən istifadə edir]. Paul iddia edir ki, Müqəddəs Yazılarda toxum (nəsil) cəmdə deyil, tək halda istifadə olunur. Buna görə də Allahın vədi böyük insan kütləsinə deyil, tək bir şəxsə aiddir. Allahın vədinin yerinə yetəcəyi həmin şəxs də İsa Məsihdir. Bu səbəbdən Allahla münasibət qurmağın yolu İbrahim peyğəmbərin seçdiyi iman yoludur. Biz də nəzərlərimizi İsa Məsihə imanla dikərək bu yolla getməliyik.

Paul dəfələrlə bu fikrə qayıdır. Həyatda ən vacib şey — Allahla düzgün münasibət qurmaqdır. Nə qədər ki, biz Ondan qorxuruq, sülhdən söhbət belə gedə bilməz. Bəs Allahla bu əlaqəni necə qurmaq olar? Qanuna dəqiq riayət etməklə, özünə işgəncə verib, Qanunun hər bir xırda tələbinə əməl etməklə nail olmaq mümkündürmü? Əgər biz Qanunu seçsək, daim məğlub olacağıq. Çünki qeyri-kamilliyimiz heç vaxt Allahın kamilliyini təmin edə bilməz. Amma bu mənasız mübarizədən çəkilib, bütün günahlarımızı etiraf etsək və Allaha üz tutsaq, Onun mərhəməti bizə qollarını açacaq. O zaman biz artıq Hakimimiz yox, Atamız olan Allahla barışacağıq. Paul iddia edir ki, Allah Özü ilə İbrahim peyğəmbər arasında əhdini məhz bu əsasda bağladı. Razılaşdırılmış və imzalanmış vəsiyyəti heç nə dəyişdirə bilmədiyi kimi, sonra baş verən heç nə də onu dəyişə bilməz.

19-22

GÜNAHIN ƏSARƏTİ ALTINDA OLANLAR (Qalatiyalılara 3:19-22)

Bu hissə Paulun yazdığı ən çətin hissələrdən biridir. Hətta o qədər çətindir ki, onun üç yüzə qədər müxtəlif təfsiri var! Əvvəla, unutmamalıyıq ki, Paul hələ də lütfün və imanın Qanundan üstün olduğunu göstərmək istəyir. O, Qanunla bağlı dörd məqamı qeyd edir.

1. Ümumiyyətlə, Qanun nəyə görə verilmişdi? Qanun cinayətlər çoxaldığına görə verildi. Bununla Paul demək istəyir ki, Qanun olmayan yerdə günah da yoxdur. İnsan nəyisə pozduğunu bilmirsə, pozuntuya görə məhkum edilə bilməz. Buna görə də Qanun günahı müəyyən etməli idi. Amma Qanun vasitəsilə günah müəyyən edilsə də, günahı aradan qaldırmaqda aciz idi. O, xəstəlikləri müəyyənləşdirən, lakin müəyyən etdiyi xəstəliyi sağalda bilməyən mütəxəssisə bənzəyir.

2. Qanun insanlara birbaşa Allah tərəfindən verilməmişdir. Çıxış 20-ci fəslə görə Qanunu Musa peyğəmbərə Allah Özü vermişdi. Lakin Paulun dövründə ravvinlər Allahın mütləq müqəddəsliyinə və məxfiliyinə o qədər inanırdılar ki, Onun insanlarla birbaşa ünsiyyət qurmasını tamamilə qeyri-mümkün hesab edirdilər. Buna görə də onlar Qanunun əvvəlcə mələklərə, mələklərin isə Musaya verdiyi nəzəriyyəni icad etmişdilər (Həvarilərin işləri 7:53; İbranilərə 2:2). Paul öz müasirlərinin — ravvinlərin nəzəriyyəsindən istifadə edir. Qanun Allah tərəfindən insanlara vasitəçilərlə çatdırılmışdı: əvvəlcə mələklərə, sonra isə başqa bir vasitəçi vasitəsilə Musa peyğəmbərə. İbrahim peyğəmbərə Allahın birbaşa verdiyi vədlə müqayisədə Qanun birinci əldən alınmamışdı.

3. İndi isə son dərəcə çətin bir cümləyə gəlib çatdıq: «Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir». Paul bununla nə demək istəyirdi? Qanuna əsaslanan müqavilə həmişə iki şəxsə — müqaviləni təklif edən və onu qəbul edənə aid olur. Hər iki tərəf ona əməl etdikcə etibarlı sayılır. Qanuna tamamilə arxalananların vəziyyəti belə olur. Qanun pozulduqda bütün müqaviləyə xitam verilir. Vəd isə yalnız bir nəfərdən asılıdır. Lütf yalnız Allahın iradəsindən asılıdır: bu Onun vədidir. İnsan onu dəyişdirmək üçün nəsə etməkdə acizdir. O, günah edə bilər, lakin Allahın məhəbbəti və lütfü dəyişməz olaraq qalır. Paul üçün Qanunun zəifliyi ondadır ki, o, iki şəxsdən — qanunverici və qanuna əməl edən şəxsdən asılıdır. Amma insan onu rədd etdi. Lütf isə yalnız Allahdan asılıdır; insan onu dəyişdirə bilməz. Şübhəsiz ki, əbədi Allahın lütfünə arxalanmaq, çarəsiz insanların ümidsiz cəhdlərinə güvənməkdən daha yaxşıdır.

4. Bəs onda Qanun lütfün əleyhinədirmi? Məntiqlə Paul bu suala müsbət cavab verməli idi, amma o, mənfi cavab verir. O deyir ki, Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan edib. Bununla o, Qanunun təkrarı 27:26-nı nəzərdə tutur. Orada deyilir: «Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!» Əslində, burada hər kəs nəzərdə tutulur, çünki heç kim Qanuna tam əməl edə bilməyib və bilməyəcək. Bəs onda Qanunun mənası nədir? Qanun hər bir insanı Allahın lütfünü axtarmağa təşviq etməlidir, çünki o, insana acizliyini göstərmişdir. Paul bu fikri növbəti fəsildə daha da inkişaf etdirəcək. Burada isə bu fikri təklif kimi ifadə edir: qoy insan Qanuna uyğun olaraq Allahla həqiqi münasibət qurmağa çalışsın, onda tezliklə bunu edə bilməyəcəyini başa düşəcək. O zaman onun yalnız bir seçiminin olduğuna razılaşmağa məcbur olacaq — İsa Məsihin insanlara göstərdiyi heyrətamiz lütfü qəbul etmək.

23-29

İMANIN GƏLİŞİ (Qalatiyalılara 3:23-29)

Paul hələ də Qanunun Allahın planlarında oynadığı mühüm rol haqqında düşünür.

Yunan evində qulluqçular arasında bir qulluqçu da var idi — mürəbbi — pedaqoqos. O, adətən, xoş xasiyyətli, sahibinin evində uzun ömür sürmüş qoca bir qul olurdu. O, uşağın mənəvi vəziyyətinə cavabdeh idi və uşağın kişi üçün vacib olan xarakter xüsusiyyətləri öyrənməsinə məsuliyyət daşıyırdı. O, hər gün uşağı məktəbə aparıb-gətirməli idi. Onun uşağı öyrətmək kimi birbaşa məsuliyyəti yox idi. O, ancaq uşağı sağ-salamat məktəbə çatdırmalı və müəllimə təhvil verməli idi. Paul deyir ki, Qanunun təxmini funksiyası da belə idi. Onun vəzifəsi insanı Məsihə gətirməkdir. Qanun insanı Məsihin hüzuruna gətirə bilməzdi, lakin onu Məsihə yönəldəcəyi yerə apara bilərdi. Qanunun məqsədi insanı Məsihə gətirmək, onun özünün Qanuna əməl etməkdə tamamilə aciz olduğunu göstərmək idi. Lakin insan Məsih tərəfindən qəbul ediləndə, onun artıq Qanuna ehtiyacı olmur. Çünki indi onun həyatı Qanunu yerinə yetirməkdən deyil, lütfdən asılıdır.

Paul deyir: «Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz». Qarşımızda iki aydın mənzərə var. Vəftiz yəhudilərin adəti idi. Yəhudiliyi qəbul etmək istəyən şəxs üç ayindən keçməli idi. O, sünnət olunmalı, qurban təqdim etməli və vəftiz olunmalı idi. Özünü natəmizlikdən və murdarlıqdan təmizləmək üçün yuyunma mərasimi yəhudilərin həyatında adi hal idi (Levililər 11-15). Yəhudilərin vəftiz edilməsi bu ardıcıllıqla həyata keçirilirdi: vəftiz olunan şəxs saçını, dırnaqlarını kəsir və soyunurdu. Vəftiz kupeli 480 litr su, yəni təxminən iki çəllək tuturdu. Bədənin hər yeri su ilə örtülməli idi. Vəftiz olunan adam kirvə adlandırılan üç nəfərin yanında imanını etiraf edirdi. Suda olarkən ona Qanundan ayələr oxunur, ruhlandırıcı sözlər söylənilirdi və o, xeyir-dua alırdı. O, sudan çıxanda artıq yəhudi icmasının üzvü idi və yəhudiliyi qəbul etmiş olurdu. İnsan vəftiz yolu ilə yəhudi dinini qəbul edirdi.

Məsihçi vəftizində insanlar Məsihə bürünürlər. İlk məsihçilər vəftizi Məsihlə həqiqi birliyə nail olduqları bir şey kimi görürdülər. Sözsüz ki, Müjdə eşidən insanlar bütpərəstlikdən Məsihə üz tutanda, vəftizi böyüklər qəbul edirdilər. Çünki böyüklər üçün bu, uşağın hiss etməyəcəyi bir proses idi. Yəhudi inancını qəbul edən şəxs yəhudiliyə daxil olduğu kimi, məsihçi inancını qəbul edənlər də Məsihlə birləşirdilər (Romalılara 6:3 və s.; Kolosselilərə 2:12). Vəftiz təkcə zahiri rəsmi mərasim deyildi. Vəftiz Məsihlə həqiqi birlik yaradırdı.

Paul deyir ki, onlar Məsihə bürünüblər. Bu, sonradan mövcud olan bir adət-ənənəyə işarə ola bilər. Vəftizdən əvvəl imanlılar daxil olduqları yeni həyatı simvolizə edən təmiz ağ paltar geyinirdilər. Yeni imanlı təzə ağ paltar geyindiyi kimi, onun həyatı da Məsihə bürünürdü. Buna görə də, erkən Məsihçi Cəmiyyətində onun üzvləri arasında heç bir fərq yox idi: onların hamısı Allahın övladları olurdular.

3:28-də Paul deyir: «Artıq yəhudi ilə yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur». Burada çox vacib bir fikir qeyd olunur. Yəhudi hər səhər etdiyi duada Allaha şükür edib deyirdi ki, «Yaxşı ki, Sən məni nə bütpərəst, nə qul, nə də qadın yaratmısan». Çox güman, Paul da məsihçilikdən əvvəlki həyatında belə dua edirdi. İndi isə Paul bu duanı dəyişdirmişdi. Əvvəlki fərqlər yox oldu: çünki Məsihə bürünənlərin hamısı bərabərdir.

3:16-da biz artıq gördük ki, Paul Allahın İbrahim peyğəmbərə verdiyi vədi Məsihdə yerinə yetmiş kimi şərh edir. Əgər hamımız Məsihdə biriksə, deməli, biz də bu vədi miras almışıq. Bu böyük İmtiyaz Qanuna diqqətlə riayət etməklə deyil, Allahın lütfünə güvənməklə əldə edilir.

İnsanla insan arasındakı kəskin fərqi yalnız bir şey əbədi olaraq aradan qaldıra bilər: hamımız Allahın lütfünə borclu olanda və Məsihə bürünəndə, ancaq onda bir oluruq. Bölünmüş dünyanı birləşdirə bilən insan gücü deyil, yalnız Allah sevgisidir.

Müqəddəs Kitab

Qanun və iman
1 Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu! 2 Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız? 3 Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz? 4 Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi? 5 Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir?
6 Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 7 İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. 8 Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. 9 Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
10 Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» 11 Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». 12 Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 13 Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» 14 Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
Qanun və Allahın vədi
15 Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz. 16 Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir. 17 Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin. 18 Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi.
19 Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. 20 Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
Qanunun məqsədi
21 Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi. 22 Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
23 Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. 24 Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. 25 Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.
26 Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız. 27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 28 Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. 29 Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.
  • Giriş
  • More pages
  • 2
  • 3
  • 4
  • More pages
  • 6